Zəngin tarixi faktlar, matеriallar əsasında yazılmış bu samballı tədqiqat əsərində Günеy Azərbaycan azadlıq hərəkatı ardıcıllıqla izlənmiş, 1939-1945-ci illərdə baş vеrmiş hadisələr hərtərəfli surətdə araşdırılmışdır. Sovеt İttifaqının və bir sıra başqa böyük dövlətlərin müdaxiləsinə baxmayaraq, Təbrizdə gеniş vüsət alan milli-azadlıq hərəkatı kitabın ayrı-ayrı fəsillərində bütün dolğunluğu ilə öz əksini tapmışdır. İlk dəfə işıq üzü görən, açıqlanan arxiv sənədləri əsasında Tеhran, Moskva, London və Vaşinqtonun Günеy Azərbaycandakı siyasəti, Sovеt Azərbaycanının bu prosеsdəki iştirakı ətraflı öyrənilmişdir.
M.F.Axundovun ustadı, Azərbaycan mütəfəkkiri, şairi və pedaqoqu Mirzə Şəfeh Vazehin Nəğmələr ("Seçilmiş əsərləri") kitabına onun istedadla yazdığı Azərbaycan, fars və sonralar almanca tərcümə edilmiş şeirlərinin ana dilimizdəki variantları daxil edilib. Vaxtilə bu şair bütün Avropanı heyran etmişdi!!!
Əsrlərin yaddaşından süzülüb gəlmiş el dastanlarımızın - xalq romanlarının bir hissəsi "Azərbaycan dastanları" (Beş cilddə. I Cild) antologiyasında toplanıb. Burada əsrarəngiz təbiət mənzərəsindən tutmuş, tarixin kodları, aşıq şerinin gözəl nümunələri, bədii nəsr, igidlik, qəhrəmanlıq, eşq səhnələri, ölməz məhəbbət rəvayətlərindən söhbət gedir...
Filologiya elmləri namizədi Sədaqət Məmmədovanın bu kitabında "Mədəniyyətşünaslıq" fəlsəfə elminin müstəqil bir sahəsi kimi təqdim olunur. Kitabda mədəniyyətin formalaşma tarixinə nəzər salınır, dünya və Azərbaycan filosoflarının irsinə istinadən Azərbaycanda milli-mədəni şüurun formalaşması, mədəniyyət və sivilizasiya, dövlət və mədəniyyət, mədəniyyət və cəmiyyət problemlərinin ətraflı şərhi verilir. Dərs vəsaiti əsasən ali məktəblərin bakalavr mərhələsi üçün nəzərdə tutulsa da, ondan magistrlər, aspirant və doktorantlar, ümumiyyətlə geniş oxucu kütləsi də istifadə edə bilərlər.
"Seçilmis əsərləri" Bes cilddə. II cild. Bu cilddə qüdrətli sairin 1938-1955-ci illərdə yazdığı xalq şeri səpkisində yazdığı qoşmaları, əruz vəznində lirik qəzəlləri, ictimai-siyasi və fəlsəfi mövzulu şeirləri daxil edilib...
"Təzadlar". Tanınmış şair, elm xadiminin dünyanın aparıcı dörd dilinə - rusca, ingiliscə, türkcə və farsca tərcümə edilmiş, xarici ölkələrdə nəşr olunmuş poetik toplusu... Aydın Xan (Əbilov). "Nəsrəddin Tusi - Hamlet İsaxanlı: elm və ədəbiyyatdan yoğrulmuşların ikisi..."
Monoqrafiyada türk bədii təfəkkürünün ən möhtəşəm abidəsi sayılan "Dədə Qorqud kitabı"nın əslinə uyğun oxunub açıqlanmasında fikir ayrılığı yaradan mübahisəli məqamlar araşdırılmış, ilkin yazılış əsas götürülməklə tarixi leksikanın verdiyi faktlara istinadən bəzi söz, deyim və soylama parçalarının arxaik mənası şərh olunmuşdur.
Oxuculara müxtəlif ölkələrin - əsasən də Asiya xalqlarının nağıl, əsatir və əfsanələri təqdim edilir. Fərqli yaşam və düşüncə tərzinə malik millətlərin folklor nümunələri dünya sivilizasiya tarixinin qatı açılmamış səhifələri sayılır.
Kitabda klassik Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Məhsəti Gəncəvinin müxtəlif mənbələrdən götürülmüş rübailəri toplanmışdır. Bu rübailər dövrünün humanist poeziyası - Xaqani, Nizami yaradıcılıgı ilə yaxından bağlı olmaqla dünyəvi hisslər tərənnüm edir, insanı, onun gözəlliyini, arzu və istəklərini ifadə edir, onun həyat eşqinin, rəngarəng duyğularının poetik ifadəsi kimi özünü göstərir.
Azərbaycan xalq nağılları dünya və Şərq nağıllarının ən dəyərli nümunələrindən sayılır. Sehirli, möcüzəli hekayətlər, eyni zamanda, milli-etnik şüurun daşıyıcıları, "genetik arxivi" də sayıla bilər... Bu beşcildlikdə indiyə qədər toplanmış nağıllarımız da sizlərə təqdim edilir.