ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan poeziyası”
Bədii-poetik e-kitablar seriyası. Elektron kitab N 18 ( 10- 2025)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan poeziyası” mövzusunda kreativ-ədəbi layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.
Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB
Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:
Rəsmi FB səhifəmiz:
https://www.facebook.com/groups/kitabxana
Poeziya kitabı
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Bakı - YYSİB - 2025
Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Redaktor: Zahid Xəlil filologiya elmləri doktoru, professor
Könül Həsənova Xarici Dillər Mərkəzinin baş müəllimi
Rəyçilər: Pəri Paşayeva filologiya üzrə fəlsəfə doktoru, dosent
Könül Səmədova filologiya üzrə fəlsəfə doktoru, dosent
Mahirə Nağıqızı. Lövbər adam. Bakı, ADPU-nəşriyyatı, 2022, 240 s.
AYB-nin üzvü, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova - Mahirə Nağıqızının növbəti poetik kitabı. Bu, şairin əsasən son üç ildə, müxtəlif mövzuları əhatə edən şeirlər toplusudur. İstedadlı şairənin bu kitabında da lirik-fəlsəfi duyğuların poetik təzahürü olan şeirlərində əbədiyaşar ideallarla baş-başa qalacağınıza şübhə etmirik. Ona da inanacaqsınız ki, insan duyğuları və məntiqinin tandemindən yaranan həmin ideallar bəşəriyyətin ömrü qədərdir.
Müəllifin digər elektron kitabları burada:
https://kitabxana.net/author.php?author=962
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, AYB-nin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının () Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvsabiqü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir.
1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, qızıl döş nişanı ilə təltif edilmişdir. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2004-cü ildə Azərbaycan Respublikasının “qaqbaqcıl təhsil işçisi” döş nişanı, 2007-ci ildə “Qızıl qələm” Media Mükafatı Laureatı, “İlin Alimi” Media Mükafatı Laureatı və s. mükafatlara layiq görülmüşdür.
2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kaferasının müəllimi kimi fəaliyyətə başlamış, 2004-cü ildən baş müəllim, 2015-ci ildən həm Müasir Azərbaycan dili kafedrasının dosenti , həm də həmin ildən həmin kafedranın müdiri vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının professoru adını almışdır. Həmin ilin dekabr ayının 10-dan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinin dekanı vəzifəsinə seçilmişdir.
2021-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə Prorektoru vəzifəsində çalışmışdır.
ADPU-nun müəllim və tələbələrin Orduya dəstək kampaniyasında fəal iştirakını təşkil etdiyinə görə 2020-ci il 4 noyabr Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyi tərəfindən Milli Ordu-100 medalı ilə təltif edilmişdir. Eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri Üzvü adına layiq görülmüşdür.
2021 – ci ildə “Səməd Behrəngi” Beynəlxalq mükafatını almış və həmin ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
M.Hüseynova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi olmuşdur. “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası” adlı layihə çərçivəsində Respublika daxilində və xaricdə xeyli məqalələr yazmış və dərc etdirmişdir.
Euroasia Journal of Social Sciences & Humanities jurnalında redaksiya heyətinin üzvü.
2020-ci ildən “Linqvistika problemləri” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktoru.
“Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalının redaksiya şurasının üzvüdür.
BDU-nun nəşr etdirdiyi “Türk filologiyası” jurnalının redaksiya heyətinin üzvüdür.
“Elmi iş” jurnalının redaktorudur.
“Mahmud Kaşğarlı” jurnalının təsisçisi və baş redaktorudur.
M.Hüseynova 2021-ci ildən Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədridir.
Elmi araşdırmaları ilə diqqəti cəlb edən Mahirə Hüseynova 2001-ci ildən Qərbi Azərbaycanın Dərələyəz mahalı üzrə tədqiqatlar aparmışdır. Həmin mahalın aşıq və el şairlərinin yaradıcılığı, onomastik vahidləri haqqında xeyli material toplamış, 2012-ci ildə başladığı işi uğurla davam etdirərək filologiya üzrə fəlsəfə doktoru elmi adını qazanmışdır. Bu məqamda o, həm görkəmli dilçi-alim Həsən Mirzəyevin filoloji görüşlərini, həm də Dərələyəzə aid olan dil faktlarını, poetik nümunələrini araşdırmışdır. Elə bunların nəticəsidir ki, o, 2017-ci ildə “XIX-XX əsr Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri” adlı dissertasiyasını yazmış və onu uğurla müdafiə edərək filologiya elmləri doktoru adını qazanmışdır.Alimin araşdırmalarının nəticəsi olaraq xeyli sayda kitab işıq üzü görmüşdür.
Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmaları ilə seçilən xanım Mahirə Hüseynova 28 elmi kitabın - monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqramın və 16 bədii (şeirlər) kitabın müəllifidir. Alimin Respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi məqaləsi çap olunmuşdur. Eynilə onun haqqında 300-dən yuxarı məqalə Respublika mətbuatında dərc olunmuşdur: Missiya (Ulu öndər Heydər Əliyevə həsr olunur). Bakı: ADPU-nun nəşri, 2020; Ulu öndərimizə məhəbbət ruhunda. Bakı: “Təknur” nəşriyyatı, 2008; Ulu öndərimizin natiqlik məharəti. Bakı: “Avropa” nəşriyyatı, 2009; Ulu öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir. Bakı: “Avropa” nəşriyyatı, 2011; Alim təfəkkürünün itiliyi (monoqrafiya). Bakı: “Vətən” nəşriyyatı, 2013; Dərdi dərin Həsən Mirzə. Bakı: “Vətən” nəşriyyatı, 2013; Azərbaycan poeziyasında “Dağ” obrazı. Bakı: “Vətən” nəşriyyatı, 2013; Ədəbiyyatşünaslığa xidmət əzmi ilə (Çapar Kazımlı ilə birgə). Bakı: Elm və təhsil” nəşriyyatı, 2013; Həsən Mirzəyev və Azərbaycan dilində fel. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014; Həsən Mirzəyəvin yaradıcılığnda filologiya məsələləri (dərs vəsaiti). Bakı: “Vətən” nəşriyyatı, 2014; Muxtar Hüseynzadə və Azərbaycan dilinin morfologiyası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014; Əbdüləzəl Dəmirçizadə və Azərbaycan dilinin fonetikası. (seçmə fənn), (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2014; Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə yenidənhazırlanma təhsili üçün. (proqram). Bakı: ADPU-nun mətbəəsi, 2016; Aşıq və el şairlərinin fonopoetikası (monoqrafiya). Bakı: ADPU-nun nəşriyyatı, 2015; XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə). ADPU-nun nəşriyyatı, 2015; Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə), (metodik vəsait). Bakı: “Vətən” nəşriyyatı, 2015; Aşıq və el şairlərinin leksikası (monoqrafiya). Bakı: ADMİU, 2016; Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017; Aşıq və el şairlərinin üslubi sintaksisi (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017; Müasir Azərbaycan dili: Punktuasiya məsələləri (dərs vəsaiti).Bakı: Afpoliqraf mətbəəsi, 2017; Aşıq və el şairlərinin üslubi morfologiyası. (monoqrafiya). Bakı: Afpoliqraf mətbəəsi, 2017; Aşıq və el şairlərinin poetikası. Bakı: 2017; Üslubi morfologiya. ADPU-nun mətbəəsi. Bakı: 2018; Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri. (Dərələyəz mahalı üzrə) Bakı: 2018; XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili (dərs vəsaiti). Bakı: “Avropa” nəşriyyatı, 2018; Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti. Bakı: ADPU-nun nəşriyyatı, 2018; Dilin elmi və estetik problemləri. Bakı: ADPU-nun nəşriyyatı, 2019; Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri. Bakı: ADPU-nun nəşriyyat2019; Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası. Bakı: ADPU-nun nəşriyyatı, 2020
Tələbəlik illərində bədii yaradıcılığa başlamış, şeirləri “Gənc müəllim” qəzetində çap olunmuşdur: Mənim anam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006; Su at dalımca, ana. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2006; Ana sevgisindən doğan nəğmələr. Bakı: “Avropa” nəşriyyatı, 2008; Yaşadacaq anam məni. (şeirlər). Bakı: “Qismət” nəşriyyatı, 2009; Ana kəndim Xalxalım. Bakı: “Avropa” nəşriyyatı, 2010; Ömrün çıraqdır sənin. Bakı: “Avropa” nəşriyyatı, 2010; Sözün hikməti. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2012; Analı dünyam. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015; Haqqa çağıran səs. (şeirlər) Bakı: “Vətən” nəşriyyatı, 2015; Bayatılar. Bakı: “Apostroff” nəşriyyatı, 2015; Bayatılar və üç şeir. Bakı: “Apostroff” nəşriyyatı, 2015; Ruhuna beşiksə, tanı, Vətəndir. (şeirlər) Bakı: Afpoliqraf mətbəəsi, 2017; Onun daş nağılı. (şeirlər) Bakı: ADPU-nun nəşri, 2019; Yanından keçmə dağların (bayatılar). Bakı: ADPU-nun nəşri, 2020; “Ümumtürk dillərinin qarşılıqlı inteqrasiyası”, Lövbər adam, Şeirlər kitabı, Bakı: ADPU-nun nəşri, 2022; Büyük Azerbaycan mütefekkiri Nizami, Kitab (türk dilində), Türk Ocakları Derneği Bursa Şubesi. – Bursa, 2022, Biblioqrafiya, Bakı: ADPU-nun nəşriyyatı, 2022, Sözün və əməlin yaratdığı tarix, Bakı: ADPU-nun nəşriyyatı, 2022, Mahmud Kaşğarinin “Divani-lüğət – it-türk” əsərinin qrammatik xüsusiyyətləri., Bakı: ADPU-nun nəşriyyatı, 2022, Bir təfəkkür tərzinə fərqli baxışlar. Mahirə Hüseynova: Alim və şair ömrünün detalları, Bakı: ADPU-nun nəşriyyatı, 2022, Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili, Bakı: ADPU-nun nəşriyyatı, 2023, Baxış bucağı: Heydər Əliyev və starteji azərbaycançılıq, Bakı: ADPU-nun nəşriyyatı, 2023, XX əsrdə Dərələyəzdə Urbisid və Etnosid Aktları, Bakı 2024
Respublika mətbuatında onun kitabları haqqında 300-dən çox məqalə dərc olunmuşdur.
15-16 dekabr 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında iştirak etmişdir.
M.Hüseynova ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin (Qrant № AEF – MCG -2022-1 (42)-12/12/5-M-12) “Pedaqoji kadr hazırlığında Avropa təhsil siteminin araşdırılması və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycanda pedaqojiyönümlü universitet və kolleclərin filoloji fakültələrində tətbiqi” adlı layihənin qalibi olmuşdur.
2023-cü ildə “Mahmud Kaşğari” Beynəlxalq Elmi Jurnalının təsisçisi və baş redaktoru olmuşdur.
30 yanvar 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin fəxri professoru seçilmişdir.
2 fevral 2024 cü il Özbəkistan Kokand universiteti tərəfindən fəxri diplomla təltif olunmuşdur.
7 fevral 2024 cü il növbədənkənar prezident seçkilərinin təbliğat və təşviqat qrupunun ən fəal üzvü olmuşdur.
2024-cü il mart ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yanında Ekspertlər Şurasının üzvü seçilmişdir.
16 aprel 2024 cü il tarixində Dünya Söz Akademiyasının Rəyasət Heyətinin fəxri akademiki seçilmişdir.
26 may 2024 cü il tarixində Maxpirat adına Turan Elmlər Akademiyasının fəxri akademiki seçilmiş və döş nişanı ilə təltif olunmuşdur.
31 avqust 2024-cü il tarixində Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki seçilmiş və döş nişanı ilə təltif olunmuşdur.
2024-cü il tarixində Mamun Universitetinin fəxri professoru seçilmişdir.
2024-cü il tarixində ADPU-Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin mətbu orqanı olan “Yurd həsrəti” qəzetinin təsisçisi və baş redaktoru olmuşdur.
30 sentyabr 2024 cü il Özbəkistan respublikası Daşkənd iqtisadiyyat və pedaqoji universitetinin fəxri professoru adına layiq görülmüşdür.
2024 cü il sentyabr tarixindən Taşkənt iqtisadiyyat və pedaqogika institutu elmi metodik jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.
27 sentyabr 2024 cü il Özbəkistanın Cizzax Dövlət Pedaqoji universitetinin fəxri professoru adına layiq görülmüşdür. 2025 ci ildə Azərbaycan Respublikası Milli Məclisi yanında Topnimiya komissiyasının tərkibinə üzv seçilmişdir.
Hazırladı: Ayxan – Hidayət Əbilli
Aynur QAFARLI, ADPU-nun "Türk araşdırmaları" bölməsinin kiçik elmi işçisi
Ədəbiyyat insanın özüdür. Onun duyğu və düşüncələrini ifadə edən, söz varlığının zənginliyindən xəbər verən mənəvi bir dünyadır. Elə bir dünya ki, bu dünyada hər nə varsa, qeyri-adi görünür, baxanda isə dünyanın özündə olan bütün qeyri-adiliklərdən seçilir. Böyük şairlərimiz, ədiblərimiz öz sözləri ilə həmişəlik xalqımızın yaddaşına, tarixinə düşərək özlərinə ölməzlik qazanıblar. Vətənimizi, millətimizi dünyada tanıtmaqla bərabər, həm də sözümüzün və dilimizin keşiyində durub, onu yad dillərin qatqısından qoruyublar. Onlardan sonra ədəbiyyatımızın keşiyində duranlar öz sələflərinin yolu ilə gedib, yazmış olduqları əsərlərdə Vətəni və milləti yüksək sevgi və istəklə tərənnüm ediblər. Sözümüzü və dilimizi sevgilərinə qataraq onu daha da lakonik və şirin etməyi bacarıblar. Çağdaş poeziyamızda da bu, özünü göstərməkdədir. Onlardan biri də poeziyamızda öz yolu, öz dəsti-xətti olan, bənzərsizliyi ilə seçilən şair xanım Mahirə Nağıqızı - Hüseynovadır.
Mahirə Nağıqızının poeziya dünyasından danışmamışdan öncə onu da qeyd etməyi özümə borc bilirəm ki, o, fədakar ana, təcrübəli pedaqoq, sanballı alim və yüksək keyfiyyətlərə malik insandır. Bu baxımdan da onu mən belə adlandırardım: insan-şair, insan-pedaqoq, insan-vətəndaş, insan-ana və ya qadın, insan-alim, insan-dost... Bunların başında isə birinci növbədə, Azərbaycan qadınına məxsus zəriflik, incəlik, gözəllik, saflıq və duruluq gəlir. Dediklərim şairin poeziyasına da hoparaq onun oxucusunu duyğulandırır. Bu mənada Mahirə Nağıqızı bütün əzəməti ilə poeziyasındakı ideyaların tərənnümçüsü rolunda çıxış edə bilir.
Şairin poeziyasını diqqətlə nəzərdən keçirəndə şahidi oluruq ki, onun yaradıcılığı mövzuca rəngarəngdir. Vətən və ana sevgisi isə onun yaradıcılığının ana xəttini təşkil edir. Fikrimizi istedadlı şairin yaradıcılığına müraciət etməklə əsaslandıraq:
Bitər sərhədlərin bu Yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
Gəmisən, üzürsən eşq dənizində,
Sənə məhəbbətim, Vətən, bitmədi.
"Onun daş nağılı" kitabında verilən "Vətən" şeirindən gətirdiyim bu nümunədə müəllifin Vətənə olan sevgisinin sonsuzluğu elə-belə, söz xatirinə deyilmir. Bu sevgi sonsuzluğun doğma, isti bələyinə çevrilərək onu üşüməyə qoymur. Həmçinin, bu şeirdə Vətən mövzusuna yeni yanaşma duyulur, yəni şair Vətənə Ana-Bala münasibəti ilə yanaşır. Başqa bir bənddə biz bunu daha aşkar surətdə görə bilirik:
Ana harayını eşidir hamı,
Qadınlar, qızlar da bir ərə dönər.
Oğullar seçəcək dost-düşmənini,
Hər biri uğrunda səngərə dönər.
Göründüyü kimi, şeirdən gətirilmiş bu misalda müəllif güclü bir yenilik edib. Buna metonimiya-addəyişmə və ya yerdəyişmə də demək olar. Bu yerdəyişmə nədir? Bilirik ki, müharibələr zamanı səngər igidləri-ərləri qorumaq üçün istifadə edilən sığınacaqdır. Ancaq bu nümunədə müəllifin ərə və səngərə baxışı başqadır. Ana harayını eşidənlər görür ki, burada qadın ər-igid yerində, əsl oğul-ər isə səngər yerindədir. Müəllifin yaratdığı, özü də bir ana-şair kimi yaratdığı qadın-ər və ər-səngər obrazı bu mövzuda yazılan əsərlər içərisində obraz olaraq bir yenilikdir. Mahirə Nağıqızının "Onun daş nağılı" kitabındakı başqa bir şeirindən gətirəcəyimiz nümunə ilə fikrimizi davam etdirək:
Atamla yanaşı daş qaldırırdı,
Deyərdi, bu daşlar ocaq daşıdı.
Bezmədi, qəlbində nə gücü vardı,
Anam sinəsində ocaq daşıdı.
Azərbaycan-Türk düşüncəsinə görə Vətən, torpaq, eləcə də dil Ana adı ilə tanınan varlıqlardır. "Ana Vətən", "ana torpaq", "ana dili" birləşmələri dediklərimizi təsdiqləyir. Yurd, ocaq, çıraq varlıqları isə birbaşa ata-baba adı ilə bağlıdır. Baba yurdu, ata ocağı, ata çırağı anlamları dediklərimizin gerçək olduğundan xəbər verir. "Onun daş nağılı" şeirində isə ana obrazı ata obrazı ilə bərabərləşir. Ana başa düşür ki, ocaq nə deməkdir. Ocağın istisinə istilik qatan ocaq daşının qeyri daşlardan fərqi nədir? Ömrü boyu sinəsində ocaq daşımaq da soyuğun istiliklə əvəzlənməsinə işarədir.
"Gedək uzaqlara" adlı şeirində də Mahirə Nağıqızı qadın olmağın müqəddəsliyini önə çəkərək bu müqəddəsliyi yaşamağın qadın üçün ən yüksək ad və şərəf olduğunu özünəməxsus şəkildə qələmə alır. Şeirin son bəndində bu müqəddəslik real şəkildə öz əksini tapır:
...Yenidən başlayaq həyatımıza,
Yenidən yazılsın ömür varağı.
Yenidən yanında müqəddəsləşim,
Yenidən öyrənim qadın olmağı.
Zənnimcə, qadına və qadınlığa bu cür münasibət təkcə şairin özünə məxsus deyil. Bu, bütünlüklə qadın və qadınlığa aid olan məsələdir. Müəllifin özü isə qadın və qadınlığın rəmzinə çevrilən qadın şair obrazıdır. Müəllifin digər yazılarında da həmişə döyünən, döyünməkdən usanmayan bir ürəyin kövrəkliklə baş-başa vermiş hayqırtısı duyulur.
"Şəhid nəğməsi" şeirində biz bu döyüntünü lap çılpaqlığı ilə hiss edirik. Həmin şeirində də müəllif öz üslubuna sadiq qalaraq Vətən torpaqlarının bütövlüyü yolunda özlərini qurban etmiş müqəddəs insanların şəhidliyini öz baxış bucağına uyğun olaraq istedadla təqdim edir. Şəhidləri sadəcə olaraq Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlar kimi yox, həm də onların hər birini Vətən torpağının bir parçası olaraq qələmə alır. Şairə görə onların hər biri bir ünvandır:
Boy vermiş məzarın qəbir daşları,
Bir ömrün daşlaşan arzu-kamıdır.
Onların sağlığı döyüşən əsgər,
Məzarı - Vətənin istehkamıdır.
Şəhidlər, şəhidlər! Öz canınızla,
Bizə yol açdınız, dövran verdiniz.
Millətə diz çöküb baş əymək üçün,
Şərəfli, müqəddəs ünvan verdiniz!
Şeirin bütün bəndlərində şəhidlərin və şəhidliyin ucalığı göz önünə gətirilir, əbədiyaşarlığı poeziyanın dili ilə qışqırıqsız, bağırtısız, sakit, ancaq yanğı və sevgi ilə qələmə alınır. Müəllif bu əsərində 44 günlük Vətən savaşının millətimizə gətirdiyi başucalığı ünvanının obrazlı olaraq şəhidlərin igidliyi ilə bağlı olduğunu mətnaltı şəkildə oxucuya çatdırır.
Bildiyimiz kimi, dövləti dövlət edən onun atributlarıdır. O atributların ən uca sayılanı isə bayraqdır. Harada dövlətin bayrağı dalğalanırsa, deməli, orada Vətən var, Vətən torpaqlarının azadlığı mövcuddur. Məncə, dünyada elə bir xalq olmaz ki, bayrağını sevməsin. Şairlər isə ona şeir həsr etməsin. Azərbaycan xalqı da burada xüsusi olaraq fərqlənir. Tarixdən məlumdur ki, Azərbaycanın söz ustaları üçrəngli müqəddəs bayrağımıza şeirlər yazmışlar. İlk olaraq bu sırada biz Əhməd Cavadın, Cəfər Cabbarlının adlarını xüsusi olaraq vurğulamalıyıq.
Bununla yanaşı, onu da deməliyik ki, çağdaş poeziyamızda da bir sıra söz adamları bayrağımıza böyük sevgilərlə şeirlər yazmışlar. Onlardan biri də xüsusi dəst-xətti ilə seçilən şair Mahirə Nağıqızıdır və şairin "Al bayrağım" şeiri öz poetik çəkisi ilə seçilən sənət nümunəsidir.
Müəllifin başqa mövzularda yazdığı şeirlərdə də çox sayda dəyərli tapıntılara, poetik yeniliklərə rast gələ bilərik. Şairin dünya poeziyasında əzəli və əbədi mövzulardan biri olan sevgi mövzusunda yazmış olduğu şeirlərindən birinə müraciət edək:
Sevgimizin yaşı varmı?
İçində möhnət qocalır.
Qəm yağışı yağır, kəsmir,
Verdiyin möhlət qocalır.
"Qocalır" adlı gəraylıdan gətirdiyimiz bu bənd özünün orijinallığı ilə seçilən bir nümunədir. Möhnətin və möhlətin qocalması isə Mahirə Nağıqızının poetik çəkisinə şirinlik qatan, işıq salan uğurlu tapıntıdır.
Ümumiyyətlə, Mahirə Nağıqızının, demək olar ki, bütün şeirlərində bu cür dolu, sanballı misralara rast gəlmək mümkündür. Bütün bunlar onun şairlik istedadının dərin, güclü və mükəmməl olduğundan xəbər verir. Çağdaş poeziyamızın qadın şairləri sırasında parlaq imzası ilə seçilən Mahirə Nağıqızına elmi və bədii yaradıcılığında bol-bol uğurlar arzu edirəm.
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.