Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Söhrab Tahir AzərAzər. "Ata". Poema-epos. İki cildə. I cild. Xalq şairin Azərbaycan tarixi-multikultural dəyərlərin poetik ensiklopediyası...

Müəllif:

Söhrab Tahir AzərAzər


Kateqoriya:

Gənclərin Virtual Multikulturalizm Mərkəzi



Qısa Təsvir:

Söhrab Tahir AzərAzər. "Ata". Poema-epos. I cild. Xalq şairinin Azərbaycan tarixi-multikultural dəyərlərin poetik ensiklopediyası... Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən "Ata" poema-eposu qoşma şəklində yazılmış və çoxsaylı bölmədən ibarətdir. Əsər sadə xalq danışıq dilində olduğundan ərəb və fars sözlərindən istifadə edilməmişdir.


Baxış sayı: 2347
    
    


www.kitabxana.net

 Milli Virtual-Elektron Kitabxana

 "Gənclərin Virtual Multikulturalizm Mərkəzi".  Elektron kitab N 27 (91 - 2016)


Bu elektron nəşr  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (#AzGF) maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirdiyi  "Gənclərin Virtual Multikulturalizm Mərkəzi" kulturoloji-intellektual layihəsi çərçivəsində www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.


Kulturoloji layihənin bu hissəsini qismən maliyyələşdirirlər:


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu: 
http://youthfoundation.az


Yeni Yazarlar və Sənətçilər Qurumu: h
ttp://www.yysq.org


Söhrab Tahir AzərAzər


"Ata"


Poema-epos


İki cildə. I cild


Azərbaycan tarixi-multikultural dəyərlərin poetik ensiklopediyası


YYSQ tərəfindən e-nəşrə hazırlanıb. Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bakı - 2016

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq


Xalq şairi Söhrab Tahir AzərAzər. "Ata". Poema-epos. I cild. Azərbaycan tarixi-multikultural dəyərlərin poetik ensiklopediyası... Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən "Ata" poema-eposu qoşma şəklində yazılmış və çoxsaylı bölmədən ibarətdir. Əsər sadə xalq danışıq dilində olduğundan ərəb və fars sözlərindən istifadə edilməmişdir.


"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" silsiləsindəki e-kitablarla buradan tanış olun:

 http://kitabxana.net/?oper=e_kitabxana&cat=174


Feysbuk səhifəmiz:


Sosial şəbəkələrdə Azərbaycan multikulturalizminin və tolerantlığının təbliği ilə bağlı fəaliyyətlərin genişləndirmək, bu sahələr üzrə İnternet resurslarımızı - elmi-intellektual sərvətlərimizi,  araşdırma, tədqiqat işlərini təbliğ etmə üçün ayrıca virtual resurs burada:  
https://www.facebook.com/YeniYazarlar

 

DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Söhrab Tahir AzərAzər


Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.

Xalq şairi uzun illər şəkər xəstəliindən ziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənən sənətkarın hər iki ayağı amputasiya edilmişdir. Amma buna baxmayaraq görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir.[2]


Əsərləri


Vətənlə sevgi arasında (şeirlər və poemalar). Bakı: Yazıçı, 1986, 344 s.

Qonşu qızın məktubları (povest və roman). Bakı: Gənclik, 1985, 272 s.

Əmanət (povestlər). Bakı: Gənclik, 1991, 421 s.

Lirika. Bakı: Azərbaycan Respublikası "Kitab" cəmiyyəti, 1992, 85 s.

Sevgi əfsanəsi (şeirlər və poemalar). Bakı: Yazıçı, 1983, 284 s.

"Seçilmiş əsərləri" İyirmi cildə. I-XX cildlər.

"Ata" poema-epos. İki cildə. I və II cildlər


Haqqında olan ədəbiyyat


Arzumanlı V. 75 yaşın pillələri (Söhrab Tahir-75. Ömürdən yarpaqlar). Bakı: Qartal, 2001, 378 s.

Babayev A. Ölümdən güclü… (Söhrab Tahirin eyni adlı kitabı haqqında). "Kommunist", 1982, 22 avqust.

Duyğun R. Mübariz poeziya (Şair Söhrab Tahir haqqında). "Bakı", 1986, 7 iyun.

Əbilov A. Təbrizdən Turana gedən yol: Bu Söhrab Tahirin məslək və tale yoludur (esse). "Yeni Azərbaycan", 2001, 21 aprel.

Mütəllibov T. Yaş artıqca gəncləşən ürək (Şair S.Tahir haqqında). "Azərbaycan gəncləri", 1986, 26 iyul.



Gülxani Pənah


TÜRK-AZƏRİ EPOSU

Söhrab Tahir Azərbaycan poeziyasının inkişafında öz dəsti-xətti olan sənətkarlarımızdan biridir. İstər sövet dövründə, istərsə də sonrakı illərdə baş verən ictimai-smiyasi-mədəni hadisələr, demokratik inkişaf, şairin yaradıcılığında bu və ya digər şəkildə öz bədii əksini tapıb.
Söhrab Tahir yüksək poetik dillə qələmə aldığı əsərində eramızdan təxminən 9 min il əvvəl tarix səhnəsində mövcud olan, müxtəlif adlarla tanınan, Sakit okeandan Aralıq dənizinədək, Yaxın, Orta Asiyada, Sibirdən Çinə qədər böyük bir ərazilərdə özlərinin həm mədəni, həm də içtimai-tarixi izlərini qoruyub saxlayan türk tayfalarının yaşayışını, döyüş qabiliyyətini, ləyaqətini tərənnüm edir, mənsub olduğu Azərbaycan xalqının həyat və məişətinin bədii lövhələrini yaradır.
Söhrab Tahir Güneyli, Quzeyli Azərbaycanın taleyüklü məsələləri ilə yaşayan, yaradan ədibdir, şairdir. Azərbaycan xalqına, vətəninə, dilinə böyük məhəbbətlə yanaşan, bu dilin incəliklərinə dərindən bələd olan yaratdığı əsərlərdə bu saflığı qorumağa çalışan vətənpərvər ziyalıdır, dilinin keşikçisidir. Bütünlüklə yaradıcılığına nəzər saldıqda, onun əsərləri ilə tanış olduqda AzərAzər adının boyuna, əqidəsinə biçildiyinə şübhə etmirik.
Xalqına, soykökünə, onun yaratdığı milli-mənəvi dəyərlərə sadiq qalan Söhrab Tahir xalqımızın mənşəyini, ilk məskən saldıqları əraziləri, onların qədim həyat tərzini milli varlığını dərindən öyrənmişdir. Çünki onun dediyi kimi, «Azərbaycan xalqının varlığı, etnogenizi ilə əlaqədar elmi kitablarla yanaşı şamanizm, zərdüştizm haqqında kitablar, əsatir, əfsanə, dastan, nağıl, deyim və söyləncələr oxu»duqca, onun qədim varlığını özündə əks etdirən sənədlərlə, qəhrəmanlıq eposları ilə tanış olduqca «yavaş-yavaş dünyanın ən qədim, ən nəcib, ən döyüşkən, ən ləyaqətli və şücaətli xalqları olan türkdilli qəbilə, tayfa və ellərini, o cümlədən qədim Azərbaycan xalqının ən qədim tarixinin monumental mənzərələrini aydın şəkildə görməyə başla»mış və bunlar ona imkan vermişdir ki, milli-istiqlal hərəkatını özündə əks etdirən «Ata» kimi poema-eposu yarada bilsin.
Söhrab Tahirin qələminə məxsus olan bu poema-epos xalq şeiri üslubunda yazılmış poetik bir əsərdir. Bizə bir çox tarixi həqiqətləri özündə əks etdirən Dədə Qorqud, Koroğlu kimi epos-dastanlar- xalq ədəbiyyatında, xalqımızın soykökündə duran oğuz tayfalarının həyat və məişətini özündə əks etdirən mənbələr məlumdur. Yaranan hər bir epos-dastan o xalqın milli bədii təfəkkürünün məhsuludur. Onlar cilalanıb qiymətli sənət əsəri kimi tanınana qədər uzun, tarixi bir inkişaf yolu keçərək daha da püxtələşmiş, bu keçimlərdə daha da cilalanmış, qiymətli sənət əsərinə çevrilmişdir.
Söhrab Tahirin yaratdığı «Epos» biçimlənmiş zəngin türk- azəri təfəkkürünün məhsuludur. Mayasını özündən əvvəl yaranan xalq eposlarından götürüb.
Şair öz arzularını, düşüncələrini, bu əsəri yazmaqda məqsədini "4-cü giriş" də Allaha müraciətində açıq bir poetik dillə bildirir. Türk xalqlarının ilkin dövrlərini, əsrlərin, illərin yaddaşına həkk etdiyi tarixini arayan, araşdıran şairin məqsədi minilliklərin içərisində itib-batmış, müxtəlif xalqların, dövlətlərin ərazisində bu günə qədər də mövcud olmaqda, qalmaqda olan türk mədəniyyət dünyasının yaşantılarını inkar etməyin mümkünsüzlüyünü, xalqının çox qədim köklü-köməcli bir xalq kimi lap qədimdən təşəkkül tapıb, inkişaf etdiyini, tarixi, elmi araşdırmaların gəldiyi dəqiq qənaət zəmnində noetikaya çevirmək, xalqına, eləcə də bütün dünyada türk dünyasının qədimliyini, ilkinliyini inkar etmək istəyən düşmənlərinə çatdırmaq, yalançı uydurma ideyalarla xalqının haqqını əlindən almağa çalışanları geri oturtmaqdır.
Allah kömək elə, yollar dumandır.
İtən tarixləri arayım, tapım.
Allah kömək elə mənə, amandır,
Haqqımı haqsızın əlindən qapım.
Böyük türk dünyasına qələmi ilə səyahətə çıxan şair ilk dövlətini, soyunu, kökünü üzə çıxarmağa çalışır. İlk inamını, Zərdüştizmin onun xalqına, vətəninə aid olduğunu, Allahı yaradıcı qəbul edən ilk din-inam meyarlarına söykənərək yaşayan, inkişaf edən, yaradan bir soya, millətə mənsubluğunu sübut etməyə çalışır və bununla fəxr etməkdə haqlıdır. Çünkü onun dili, mədəniyyəti, tarixi doqquz min ildən də qabaq yaranmış olsa da, o yaşayır. Onu yaşadan varisləri, bu dilin sahibi olan müasir türk xalqlarıdır. Xalqın varlığı elə tarixin özüdür. Xalq özü bu tarixi kitabı, min illərin, minilliklərin maddi və mənəvi mədəniyyətini yaşadır, qoruyur, cilalıyır, püxtələşdirir. Dünya sivil mədəniyyət tarixinə bu xalq Dədə Qorqud, Nizami, Füzuli kimi böyük dühalar bəxş edib. Onlar öz kökü üstündə şaxələnib, qabiliyyəti, istedadının işığında yetişib. Hələ kağızlara köçürülməyib, sinədanlarında minilliklərin həyat hadisələrini yaşadan, qoruyan, istəyi düzlük, haqq-ədalət, insanlığa sevgi üzərində pərvəriş tapan, bu yolda çalışan, çarpışan Allah yolu tutan xalqımın parlaq, şərəfli əcdadlarından görüb, götürüb. Şerə, sənətə, sözə, hikmətə tanrı hikməti, tanrının göndərdiyi qüdrət kimi baxan, insana, insan ağlına, zəkasına, istedadına yüksək qiymət verən bu xalqın övladıdır AzərAzər də. Onu yaşadan, qoruyan var:
Tanrımdır, xalqımdır, birdə ki, bəşər,
Ölümdən, itimdən gözləyib məni
Yaradana yaxın, onu özünə əziz bilən, doqquz min ildir ki, düzlük yolunda əyrilərlə pəncə-pəncəyə olan xalqının ilkin yaradılışının ən qədimliyini misralarında şair poetik dillə tərənnüm edir, onun həyat vəsiqəsini, həyata gəlişi, doğum vəsiqəsini yazır, aşağıdakı bu dörd misra özü yazılmamış təğiətin qanunları kimi, həqiqət ölçüsü kimi oxucunun diqqətini özünə cəlb edir:
Göydən bir daş düşüb dənizə bir gün
Qoşaboğaz dəniz dibdən alışıb.
Mən onda anadan olmuşam, oğul,
Taleyim o gündən onda qarışıb.
Dünya yaranandan türk-azəri deyilən bir xalqın mövcudluğunu bu gün özünün varlığında da duyan şair daş kitabələrin, "Qobustan nağılı" deyilən qayaüstü naxışlar, cizgilər, "Ana hökmdar", "Sevgi əfsanəsi", "Qızıl qan" deyilən yadigarların o əsrlərdən, minilliklərdən xəbər verdiyini, o minillikləri bü gün də özündə yaşatdığını, indiyə kimi nəsildən-nəsilə ötürülərək saxlanılıb, canlı kitablara çevrildiyini və özünün də onları gələcək nəsillərə çatdırma borcunu başa düşür. Yaratdığı «Epos»u xalqının, soyunun tarixini, mədəniyyətini, milli mənəvi dəyərlərini, onunla bağlı müxtəlif əsrlərdə deyilən qiymətli tarixi məlumatları, mənbələri, xüsusi ilə də sinədəftər xalqının keçdiyi həyat yolunu, həqiqətləri özündə yaşadan folklorunu dərindən öyrənməklə, ömrünün müdrik çağında əlinə qələm götürüb xalqının, millətinin dastanını yazmağa cürət edən, istədiyinə nail olan və bu yolda böyük bir sənət əsəri yaratmaqla indiyə qədər fikirlərini, yazdıqlarını bir nöqtəyə toplayıb xalq, vətən, millət mənafeyini əsas götürən vətən ziyalısının öz ulusuna, uruq-turuğuna hörmət və məhəbbətin ifadəsi kimi qəbul etsək, onun gələcək nəsillərə soyuna, kökünə bağlılığa çağırışı kimi qiymətləndirsək səhv etmərik.
Tarixi, elmi, bədii mənbələrə, qaynaqlara söykənməklə yazılan ilk 10 söylənclərdə vətənə məhəbbət, yurda sevgi güclüdür. Yurd sevgisi hər şeyə qalib gələndir. Doğma balalarını, dünyalar qədər sevdiyi gözəl ailəsini, uşağını qoyub Gücəri yollara salan yurd sevgisidir. Gücər türk övladıdır. O, ən qədim türkün inamlarını özündə yaşadır. O, qurd dərisinə bürünmüşdür. Qurd döşü əmməsi ilə, gücünü, qüdrətini qurddan almaqla, "qolum qurddan güc- hey alıb" deməklə Gücər həm cəsurluğunu, həm geyimini, həm də düşmən qarşısında məğlubedilməzliyini bildirir.
Dartımlarım qatdam-qatdam,
Hər bir yanım dəri kalta
Məni tutmur bıçaq, balta,
Süd dirriyin anasıdır.
Söhrab Tahir türk inanclarının qədim, ilkin ilmələrinə toxunur. Qədim türklərdə atalarına-əcdadlarına tanrı səviyyəsində baxış mövcuddur. Onlar atalarına daşlardan heykəllər qoyardılar, böyük məzarlarının üstündə yazılı daşlar ucaldardılar, onların qoyduğu qaydalara əməl edərdilər.
İlk əcdadlar tayfanın və ya qəbilənin əsasını qoyan nəsil hesab olunur. Gücərdə ilkin türk övladları kimi atalara dərin hörmət hissləri vardır. O, öz yurdunu, ata-anasını, bacı-qardaşını, şəxsi əzizlərindən üstün tutur. Qədim türk yazılı abidələrində, dastanlarında türklər atalarını qurda bənzədir, "qurd ana"-dan törəmiş olduqlarını bildirirlər. Boz qurd məfhumu türk inanc sistemində uğur, ucalıq, cəsurluq rəmzidir. Bu inam hunlarda, sonralar göytürklərdə geniş yayılmış, zamanlarda, dövürlərdə boz qurdlarla bağlı əfsanələr dəyişilmiş, müxtəlif variantlar yaranmış, yayılmış, bu günümüzə qədər gəlib çatmışdır. Çin mənbələrində boz qurdla bağlı əfsanələr yaşayır. Şair bu əfsanələr əsasında Gücərdə, onun inancında höküm sürən boz qurd missiyasına sədaqətli qalır. Cəsurluğuna, qolundakı gücə, təpərə, möhkəmliyə inanan Gücərin məğlubedilməz duyğuları o inanclar üstündə köklənməklə tərənnüm olunur. Qədim türklərdə boz qurd uğur rəmzidir, ilk türklərin inancında ataları qurda bənzədilir: Əfsanəyə görə hunların soyundan olan göytürklər tayfa şəklində yaşayarkən onların ölkəsinə düşmən basqın edir. on yaşında uşaqdan başqa hamısını öldürürlər. Düşmənlər uşağın ayaqlarını sındırırlar və bir bataqlıqda qoyüb gedirlər. Balalarını itirmiş bir dişi qurd bu uşağı bəsləyir. Uşaq böyüyəndən sonra qurd ondan hamilə qalır. Düşmənlər onun sağ qaldığını eşidib onu öldürmək qərarına gəlirlər. Qurd oğlanı ölümün pəncəsindən alır. Onu bir mağarada gizlədir. Burada onların on uşağı dünyaya gəlir. Uşaqlar böyüyür. Rast gəldikləri qızlarla evlənir, tez bir zamanda çoxalırlar. Yaşadıqları yer dar olduğundan ordan çıxıb Altay dağlarının ətəklərində məskən salırlar. Aşina adlı qardaş onlara xaqan olur. Qurd soyundan olduğunu bildirmək üçün xaqan çadırının üzərində qurd başı olan bayraq ucaldır. Bir sıra tədqiqatçıların fikrincə «aşina» «canavar» deməkdir.
Boz qurd türklərin totemidir, «boz qurd mədəni qəhrəman, əjdad-xilaskar, iki dünyanı birləşdirən mediator, ritual-mifoloji səciyyəli həmin ruh, nəhayət, döyüş və qəhrəmanlıq simvoludur...qurd bütün türk xalqlarının yolgöstərənidir». O türkləri qoruyandır.
Boz qurdla bağlı əfsanələrin birində deyilir ki, Hun soyundan olan Göytürklərin başçısı Kapanpunun 16, bəzi mənbələrdə 17 qardaşından birinin anası qurd idi. Düşmən tayfaları onların hamısını məhv etmiş olsalar da qurddan doğulan cəsur, güclü qardaş sağ qalmış, Yaz və Qış ilahələrinin qızları ilə evlənmiş, hərəsindən iki övladı olmuşdur. Uşaqların böyüyü olan Notuluşə xaqan seçilmiş və "türk" odını almışdır. Sonralar türk adlandırılan Notuluşənin on arvadı olmuş, onun uşaqlarından birinin anası "dişi qurd" deyilən Aşina adını daşımış və ondan olan uşaq xaqan olmuş, o, da "Aşina" adlanmışdı. Göytürkləri bu "Aşina" soyuna aid edirlər.
Şair bu əfsanələrin türk xalqlarının böyük Qobi səhrasının cənub qurtaracağında yaşadığı dövrdə meydana çıxdığı fikirindədir. Qurd döşü əmmiş, "vuruşbatmaz", "bıçaq, balta tutmaz, qurddan qolu, güç-hey" olan Gücər ilkin göytürklərinin nəslindəndir. O, Qobi səhrasının cənub qurtaracağında yaşayan türk tayfasına mənsubdur. Xilaskar, əcdad, yol göstərən funksiyasını yerinə yetirən boz qurd türk anlamında qurd türklərini mühafizə etmək, qorumaq üçün göylərin göndərdiyi sakral heyvandır. Bu müqəddəslik inamlarını qurd dərisi geymiş Gücər özündə yaşadır. S.Tahir ən qədim əfsanələrdən gələn mövzu, obraz və motivləri əsərinin ideya və məzmunu ilə bağlamaqla, onlardan əsərlərin poetik təsir gücünü artırmaq məqsədi ilə istifadə edib.
Şair xalq ədəbiyyatına dərin köklərlə bağlı olan bu əsərinin çox hissələrini folklor mövzuları üzərində kökləmiş, türk təfəkkürünün, inanclar sisteminin poetik mənzərisini nəzmə çəkmiş, mənsub olduğu xalqının milli-mənəvi dəyərlərinə hörmət prinsiplərinə əməl etmişdir.
Onun qələmə aldığı "Qayaquş söylənci" mövzusu türk xalqının mənşəyi ilə bağlı xalq içərisində yayılan, müxtəlif mənbələrdə bu günə qədər qalmaqda olan əfsanələrdən gəlmədir. Gücər öz doğmalarını axtarmağa gedərkən "adamıydıq quşlaşmışıq", "qançılımız adamlardır" deyən quş qanadlı gündüzlər quş, gecələr insana çevrilən, Gücərin çətin anlarında ona kömək olan, qayğılarını çəkən Gücər dilli, Gücər qəlbli məxluqatlarla qarşılaşır. Gündüz quş, gecələr adam olan bu varlıqlar türklərin mifoloji baxışlarını özündə yaşadır.
Əfsanələrdə, mifoloji mətnlərdə türkün mənşəyi ilə bağlı olan türk tayfalarından olan So tayfasını düşmənlər qırır, yalnız onlardan dörd nəfər canını qurtarır. Bunlardan biri qu quşuna çevrilir və digər üçü Abu və Qyan çayının arasında və Cənubi Altay ərazisində məskən salır...
Şair bu nəsillərə mənsub türk tayfalarının məskunlaşdığı ərazilərdən öz qəhrəmanlarının yolunu salır. Bir növ öz qəhrəmanlarının timsalında minillik tarixləri özündə yaşadan türk xalqlarının qədimliliyi, ululuğu, yaşadıqları əraziləri, onların etnogenezisini çözələyir, üzə çıxarır, yatmış yaddaşları oyatmağa çalışır.
Bu xalqın yaşaması, artması və bu artım, çoxluq, nəticəsində yerdəyişməsi, qarşılaşdığı bəlalar, üzləşdiyi müsibətlər və onların öz bədii təfəkkürünün məhsulu olan mifik mətnlərdə, əfsanələrdə bir növ "tarixiləşdirmə" prinsiplərinin "söylənci" şəklində yeni nəsilə çatdırmağa, keçmişini öyrənməyə, tədqiq etməyə, mənsub olduğu xalqın tarixini üzə çıxarmağa, bir çox qaranlıq qalan məsələlərə aydınlıq gətirməyə, bu xalqın çox böyük tarixə malik olduğunu bütün dünya xalqları qarşısında sübut etməyə çağırış var.
Söhrab Tahir şer dilində poetik gözəlliyə söykənməklə bir çox tarixin acı həqiqətlərini görüb, yaşayıb-duyduğundan, millətinin gələcəyindən narahat olduğundan, bu böyük türk dünyasının düşmənlərinin çoxluğundan təşviş keçirdiyindən, "dünyanın tarixi Şumerdən başlayır." - deyən böyük karifeylərin, tədqiqatçıların həqiqi mənbələrə istinadən söylədikləri fikirlərini də əsas tutaraq onları bir eposda ümumiləşdirib, "türk eposu", "mükəmməl türk eposu" şəklinə salmağın gərək olduğunu duyduğundan öz vətəndaşlıq borcunu yerinə yetirmək məsuliyyətindən doğan duyğular, hisslər üzərinldə köklənərək qələmə aldığından bu qiymətli sənət əsərini nadir bir sənət əsəri, minilliklərin yaratdığı tarixi həqiqətlər üzərində qurulmuş dolğun, bitkin bir sujetə malik nadir sənət eposu kimi qiymətləndirsək biz də yanılmarıq.
Şair türk dünyasıyla bağlı bütün elmi araşdırmaların gəldiyi qənaətə və xalqımın yaratdığı mənəvi sərvətlərə, bədii təfəkkür məhsullarına əsaslanaraq çox dolğun, bitkin bir epos yaratmışdır. Elə bir epos ki, onda bədii sənətkarlıq qüdrəti, sujet bitkinliyi, məzmun dolğunluğu, forma gözəlliyi, güclü poetika, lirizm vardır. Yaşının müdrik çağında yaratdığı bu əsər vətənə, torpağa, mənsub olduğu millətə, xalqa sevgi, insanlığa məhəbbət, keçmişinə, uruğuna-turuğuna hörmət prinsiplərini özündə əsas tutan, əsərində ilkin türkün dünyasından üzü bəri minillikləri özündə yaşadan, onun qoyub getdiyi şanlı tarixi, qəhrəmanlıq tarixini özündə əks etdirən, türkün ululuğunun tərənnümüdür. Şair onun qədimliyini istifadə etdiyi mifin, əfsanə və rəvayətlərin işığında daha da mənalandırır, soykökünün ilkin və sonuncusunun bir ilmədə qoşalaşdırmaqla ona zərif naxışlar atır. Bu naxışların içərisində dilə məhəbbət, vətənə sevgi, doğmalara həsrət, ürəklərdəki doğmalıq sevgisi, qorxmazlıq, cəsurluq, oxbatmazlıq, mərdlik, şücaət, unutduğum, bəlkə də yazsam milyonlarla sətirlərə sığmayan bəşəri hisslər yaşayır.
Bunun üçün şair elə bir ana xətt qurur ki, o ana xəttin ilkin nöqtəsində ulusu, onun təktanrılıq inamı, türk dünyasının ilkin, tarixi və unudulan tarixi, zorla unutdurulan tarixi durur. Burada e. 9 min il və bəlkə də daha çox əvvəldən onların şücaətindən, qurd cəsarətindən qorxan düşmənlərinin bu xalqa qarşı törətdikləri cinayətlərdən, torpağı sevən onu əkib-becərən, torpaq kimi məhsuldar olan, artan, çoxalan, dünyaya yayılan, əcdadından, ulusundan, ilkindən od, su, torpaq, hava-dördlüyündə özünü tapan, bu dördlükdən onu yaradan göy tanrısı, yer tanrısı inamını yaşadan zərdyştlükdən də bəhs edir. Hər tarixi, keçdiyi həyat yolunun ilkin yaşantıları olan "daş" yaddaşları dilə gətirir. Çətinə düşəndə "Göy tanrısı"nı köməyə çağıran ulu babasının ilkin inam və etiqadlarına söykənərək qələmini işə salır. Göy tanrısı qədim türk mifalogiyasında allahlar panteonunda birincidir. Göy tanrısı və yaxud Tenqri qədim türk xalqlarının ana kultu idi. Tanrı kainata hakim olan göyün üzüdür. Şair kökünün inam və etiqadlarına hörmət və ehtiramla yanaşır.
7-ci əsirdə yaşamış Bizans tarixçisi Simokattas hələ o zamanlar türklərin bu inamı ilə bağlı olaraq yazırdı ki, "Qədim türklər yalnız kainatın yaradıcısı olaraq bildikləri və tək ulu qüdrət qəbul etdikləri Göy tanrıya tapınmışlar."
Türklərin baş allahı Göy tanrıdan- yaşadan, ona uğurlar gətirən, xöşbəxtliklər nəsib edən, onu cəzalandıran, yaranan insanın taleyini müəyyənləşdirən, onu dünyaya gətirən qüdrətdən Gucər dözüm, duruş istəyir. İlkin dünyanın güclü, təpərli qüvvələri qarşısında insan öz acizliyini hiss edəndə Allahına yalvarır. Hələ dinozavrlarla, digər dəhşətli heyvanlarla bir dövrdə yaşamaq qismətinə düşən Gucər ilkin dünyanın ilkin insanıdır. Bu türk övladıdır. Türkün qədimliyini, ululuğunu özündə yaşadan göylə yerin birləşməsi, ayrılması günündən mövcud olan türk oğludur:
Göydən bir daş düşüb dənizə bir gün
Qoşaboğaz dəniz dibdən alışıb.
Mən onda anadan olmuşam oğul,
Taleyim o gündən onda qarışıb.
Şair tarixi həqiqətlərin real təsvirini vermək, xalqının lap qədimlərdən mövcud olduğunu bildirmək üçün qəhrəmanı Gucəri nəhəng dinozavrlar, quşlar, vəhşi kəllər dövründə təsvir edir. Onun yaşadığı aləmdə qartallar ovunu diri-diri udur, göydə quşlar elə nəhəng görünür ki, "kölgələri örtür yeri."
O dövrün qədim insanlarını niendertallar dövründə, onların inamlarını, türkün mifoloji baxışlarını, mifoloji təfəkkürlərini şair realist baxışlarla təsvir edir. Şairin əsərində öz əksini tapan qədim türk tayfalarında mövcud olan totemizm (qurd, quş, qartal inanclığı) animizm baxışları, türkün mifik təfəkkürü, türkün ilkinliyini sübut edən inanclardır. Türkün ilkin dini, gerçək inam bəslədikləri səmadır. Türk mifologiyasında ən yüksək yerdə Tenqri durur. Bu səma və allah mənasında olub, qədim türk mətnlərində yaşayır. Əski türk yazılı abidələrində Səma kultu Çin tarixi xronikalarında eramızdan əvvəlki 2-ci və 1-ci əsrlərdə Hunlara aid olan təsvirlərdə öz əksini tapmışdır. Orxon kitabələrində də Səma kultuna geniş yer verilir: "Üstdə mavi göy, altda qonur yer yaradıldıqda ikisinin arasında insan övladı yaranmış". Altayda yaşayan türk xalqlarında səma kultuyla bağlı hadisələr bu gün də öz varlığını qoruyub saxlayır. Harada yaşamasından aslı olmayaraq türk xalqları müxtəlif ərazilərə köç edərkən özləri ilə bərabər dilini, inam və etiqadlarını da daşımış, milli təfəkküründə bu və ya digər formada kökündən ayrılmamaq şərti ilə qoruyub saxlamışlar. İlkin türk dünyasının qəhrəmanı Gucər Göy tanrısının onu çətinliklərdən qurtaracağına, özündən güclü vəhşilərə qalib cələ biləcəyinə inamında öz mifik dini inamlarına söykənir. O əlindəki qaya ilə neçə kəli yıxır: Çətin anında yaxşı ruhların simvolu olan quş onu qanadları üstünə alıb ölümdən qurtarır.Türk mifik inam və baxışlarına dərindən bələd olan sənətkar burada hadisələri elə qələmə alır ki, sehr realizmin içində əriyir. Əfsanəvi obraz və motivlər eposun bədii dəyərini, estetik duyumunu artırır.
S.Tahirin qəhrəmanını ölümlərdən qurtaran, itirdiyi doğmalara qovuşdurmağa can atan Qaya quş Qızuçan-quşlarla bağlı motivlər, obrazlar türk etik təfəkküründə mühim yer tutur.Qədim inamlarında türk xalqları, xüsusi ilə də Oğuzlar daşa, ocağa, torpağa, heyvana, quş ailələrinə inanmış, bu inamı onlar totem səviyyəsinə qədər yüksəltmişlər.
Gucəri çətinliklərdən çıxaran Qızuçarda Humay xüsusiyyətləri var. Humay türk mifologiyasının nanteonunda mühüm yer tutur. Humay ana, uşaqların qoruyucusu, ailənin mühafizəçisi kimi bir çox türk xalqlarının mifologiyasında vardır.
Söhrab Tahirin yaratdığı qəhrəmanların çətinə düşdükdə üz tutduğu kömək dilədiyi Göy tanrı yuxarıda səmayla bağlıdırsa, mifologiyada Humay yerlə bağlıdır. Humay insana yaxın olan allahlardandır. O, insana mərhəmət göstərən, hamilik edən, çətinə düşəndə yardım göstərən insanların həyat və ölüm problemlərini həll edən obrazdır. Qaraquş Gücəri qanadlarına alıb qaranlıqlarla Qobuyerdən Qobuçölə qədər aparır. Gücərə bu yolda kömək duran Qızuçar gəncliyini başa vurub, ömrünü, həyatını igid övladlarına ötürən qəhrəmanının həyat, ölüm problemlərinin həll olunmasına kömək edən Humaya bənzəyir. Türk xalqlarının yaşayışını, inkişafının, nəsillərin artımını, yerdə insanlığını qoruyuycusunu, artımını şərtləndirən ana ilahə Humay obrazını türk xalqlarından inamından, ilkin baxışlarından götürülüb obraz şəklinə salınması, oxucuya təqdim olunması «Epos»a vurulan bədii naxış, verilən estetik ruh, əsərə gətirilən bədii gözəllikdir. Üç yüz yaşa çatan Humay ana onu qoruyur, Gücər müxtəlif türk tayfalarının qızları ilə evlənir, övladları olur, tayfaların arasındakı doğmalıq, birlik daha da möhkəmləndirilmiş olur. Gücərin keçdiyi yol əski türklərin ana yurdundan keçir. Türk xalqlarının bəşər sivilizasiyasının inkişafında öz sözü, öz izi olan xalqlar arasında olduğunu sübut edən ən dəqiq elmi, tarixi mənbələrə söykənərək yazılan bu eposda Sakit okeandan Aralıq dənizinədək, Orta Asiyadan Sibir və Çinə qədər və digər ərazilərdə öz mədəni, tarixi izlərini qoymuş türk tayfalarının tarixinin Böyük Hun imperatorluğu ilə başlanması əleyhinə çıxan Söhrab Tahir sanki türk tədqiqatçısı Rəfiq Özdəkin «bir millətin varlığı müstəqil dövlət halına gəlməsindən, hələ bir cahan imperatorluğu qurmasından başlaya bilməzdi» fikrini təsdiq edir. Əslində isə Söhrab Tahirin əsərində təsvir etdiyi kimi türk tayfalarının tarixi onların köçləri ilə əlaqədar araşdırılmalıdır. İctimai, iqtisadi siyasi səbəblər üzündən öz ata-baba yurdlarından köç etmiş türk xalqlarıyla bağlı dünyanın müxtəlif ölkələrində saxlanan tarixi dəlillər və mənbələr, miflərdə, folklorda yaşayan reallıqlar çox qaranlıq məsələlərə aydınlıq gətirməyə kömək edə bilər. Türk xalqlarının etnik tarixinə tendensiyalı yanaşma, onların keçmişinin təhrif edilməsi, inzibati-amirlik sisteminin hökm sürdüyü Sovetlər dövründə bu ərazidə yaşayan türk xalqlarının tarixinə, abidələrinə bəslənən ögey münasibət, «türk xalqlarının ümumdünya tarixində heç vaxt yüksək yer tutmayacaqdır» siyasətinin müdafiəçilərinin bu xalqların keçmişini təhrif etməklə yazılan yalançı tarixi əsərlərə qarşı Söhrab Tahirin bu «Epos»u dəyərli, mükəmməl bitkin cavabdır. Bu əsər bütün dünya alim və tədqiqatçılarının türk xalqlarının tarixi, mənşəyi, yeri haqqında deyilmiş yazılmış əsərləri əsasında yazılmış ən sanballı əsərdir.
Türk xalqlarının birliyini, bütövlüyünü istəyən şair bu ayrılmanın, parçalanmanın tük xalqlarına nə kimi qurbanlar bahasına başa gəldiyini, bunun türk dünyasına vurduğu zərbənin acı nəticələrini, tayfalararası vuruşların türk birliyinin parçalanmasında ilkin mənfi rolunun bu gün nələrə gətirib çıxardığını, acı nəticəsindən nəticə çıxarmağın vacibliyini bildirir: «Təkbuynuzlular söylənci»ndə Gücər otlaqlar üzərində bir-biriylə vuruşan türk tayfyaları ilə rastlaşır. Gücər «Daşdalaşlar» yurdundan keçərkən daşa tutulur, öz əslini, tayfasını axtarakən «tük papaqlı, xəz əlçəkli, mal dərisi geyən» Sibir yakut türklərinə rast gəlir. Onlar arasındakı tayfalararası vuruşmanın şahidi olur. Türk bahadırı «qurd dərili» öz ata-baba qurd dərililərinin tayfasını gəzən Gücər vuruşan bu iki eyni dilli xalqları barışığa çağırır. Ağsaqqalların toplanıb məsələni sülh yolu ilə həll etməsini istəyir, güclü, mərd bir elatın igidlərini «ölüb-öldürməkdənsə» barışığa çağırır.
Gücərin rast düşdüyü türk ellərində torpağa, yurd yerlərinə sevgi, dədəsinin «sümükləri» uyuyan torpağa məhəbbət, onu yaddan, yavaşdan qorumağa üstünlük qüvvətlidir:
Bu yerləri çox-çox belə
Qorumuşuq ölə-ölə.
Daldan gələn iti gələr,
Bu yan -yövrə bizim yerdir.
Torpağa, vətən bağlılıq, ölüsünə-dirisinə hörmət, ata-anaya sevgi türk xalqlarının qanında, canındadır. Dalaşqan, oddan alovlu, sudan coşqun igidlərlə rastlaşan Gücər onları öz gücüylə qolunun qüvvəsiylə, mərdliklə qələbə çalmaq üçün döyüş meydanına çağırır. «Gəl güləşək, güc yoxlayaq»-deyən Gücər xalqının ən qədim adətinə uyğun hərəkət edir. Bir eli-obanı öz qolunun gücüylə qanlı döyüşdən uzaqlaşdırmağa çalışır:
Bassan məni, bağla, götür,
Basıldınsa geri otur.
Yoxsa burda bir el batır,
Gəl güləşək, güc yoxlayaq.
Gücərin cəsarətini, qəhrəmanlığını görən «mal bəsləyən yastı üzlər», «at səyirdən qıyıqgözlər» yalvarıb-yaxarıb onların yanında qalmasını xahiş etsələr də, doğmalarını axtaran, onların elindən keçib elinin arasınca gedən, «öz yeri»nin bahadırı olmaqla fəxr edən Gücər, eyni zamanda xalqına, millətinə doğma olan bu türk qardaşlarını görüb sevindiyini, onların yerlərini bəyəndiyni, gücdə onlara güvəndiyini, bununla belə, burada qala bilməyəcəyini doğmalarının arxasınca gedəcəyini bildirir. Qurd dərili Gücər oğuz tayfalarındandır. Ə.Əlizadə «çıxıram görməyə böyük dünyanı» başlığı altında əsər haqqında yazdığı fikirlərdə düzgün olaraq qeyd edir ki, «əski türklərin ana yurdu Orta Asiyada Altay, Ural dağları arasındakı, anayurddan Çinin şimal-qərbinə doğru olan bozqırlar və Qara dəniz quzey bozqırları olmuşdur. Şair köçəriliyi, yayılmanı, tayfalar, qəbilələr adı ilə, xüsusilikdə fərdi obrazlarda, mücərrəd, ümumi poetik təsvirlərdə, şair məqsədini izləyən şəkildə təcəssüm etdirmişdir. Gücər, Qaraquş, Təkbuynuzlular, Daşdalşlar, Durudaşlar, tacar, turər və s».
Söhrab Tahir «Epos»unda bir xalq aşığını xatırladır. Yaratdığı Qoşar obrazı türk xalqlarının ilkin ozanı, topuz çalanı, söz deyəni, qəhrəmanın şərəfinə nəğmələr söyləyən, yeri gələndə qıfılbəndlər açan, bağlamalar söyləyən Dədə Qorqud ağızlı, dilli bir ozandır. Hikmətli söz sahibidir. «dili bir, könlü yuxa» ellərin düyünlü sözlərini açan Qoşar dınqırıyla ortalığa çıxır, köməyinə çatdığı bir elin ozanın sirli bəndlərini açır:
O nədir ki, göydən enər, fışıldar.
O nədir ki, buna bənzər qıjıldar.
İkisinə bənzərlisi işıldar,
Qoşar açsın bu düyünlü sözləri.
Minilliklərdən bəri yaranmış, inkişaf etmiş saz-söz-musiqi üçlüyü aşıq yaradıcılığında elə bir yüksək zirvəyə çatıb, azərbaycan-türk ədəbiyyatının elə bir zirvəsini fəth edib ki, orda Dədə Qorqud, Manas, Koroğlu, Kərəm, Tufarqanlı, Üunis İmrə, Aşıq Veysəl, Aşıq Ələsgər, Dədə Şəmşir adını çəkmədiyim neçə-neçə el sənəkarı var.... Kamil ustad, kamil söz sərrafı aşıq sənətinin incəliklərini dərindən bilən söz ustadlarımız kimi Eposun qəhrəmanı Qoşar da tilsimli qapıları, bağlı müəmmalı bəndləri öz dınqırının sehrində açır:
Ay dilibir, qılınc tutan igidlər,
O qılıncdır enən çağı fışıldar.
O birisi Dəclə, Fərat çayıdır,
Axar-axar enişlərdə qıjıldar.
İkisinə oxşayanı günəşdir.
Qılınc kimi, çaylar kimi işıldar.
Qoşar təkcə aşıq deyil, o döyüş meydanlarında öz qılıncıyla, dınqırıyla birlikdədir. Xalqın ağır sınaq imtahanlarına qaıtılıb torpağını, elini yağmalayan yad tayfalara qarşı cəngi meydanında şücaət göstərən qəhrəmanın igidliyini vəsf edən şairdir-ozandır, dədədir. Həmişə türk xalqları sözə, onun qüdrətinə inanımş, döyüş meydanlarında zəfər çalacaqlarına kömək edən dınqırlarınnı qüdrətinə sığınmış, özləri ilə döyüşə saz aparmış, onun səsinin sehrində keçiləmz sədləri aşmış, alınmaz qalaları almışlar. Aşıq söz sənəti türk dünyasının milli mənəvi sərvəti olub, kökü çox-çox qədimlərin, şairin qələmə aldığı minlilliklər dövründən də qabaqkı-tarixin qapalı qalan, hələ sirləri açılmamış dövrlərindən səsi gələn bir zamanın yadigarıdır. Müxtəlif adda, imzada sözünü cilalaya-cilalaya gələn məclislərimizin bəzəyi musiqi sənətinin beşiyinin qurulduğu dövr məhz o qapalı qalan tarixin səhifələrindədir. Çünki S. Tahirin «Epos»unda Qoşar dünən əlinə birddən-birə saz alıb el içinə çıxmayıb. Onda kamil bir saz ustalığı qabiliyyəti, sənətkar qüdərti var. Belə bir qüdrətli sənətkar kimi yetişmək üçün kamil bir sənətdən, sənətkardan dərs almalısan. Qoşar o nəslin yetişdirdiyi ustaddır. Onun yaratdığı bağlamalar elmdən, fəlsəfədən, güclü məntiqdən, sənətkar yetkinliyindən, dərin savaddan xəbər verir:
O nədir ki, gözü, başı, üzü yox.
Doğduqları köçər gedər ölümlə.
Doğub artıb yaşadıqca o ölmür.
Doğduqları köçüb gedər ölümlə.

-O yer üstə səpələnmiş elimdir.
Doğub artar, yaşadıqca o ölməz.
Doğduqları ölər onun yolunda,
Doğub artar yaşadıqca o ölməz.
Atasının apxasınca səfərə çıxan, əski kökünə, keçmişinə bağlı Turun əsarətdən, ölümün pəncəsindən qurtardığı Qoşar sözünə, onun hikmətinə inam qədimdir. Tanrıların qapısına çatan sözü, sözün yiyəsini Tanrılara çox yaxın bilən Tur Qoşara «söz incisi bizə tanrıdan"»-deyir, onun işığından, nurundan aldığı qüvvəni, ilhamı duyur:
Qoşar yatırt, dınqırına sözləri.
Söz incisi gəlib bizə Tanrıdan.
İşıqlandır tanrı kimi üzləri
Söz incisi gəlib bizə Tanrıdan.
Şairin qəhrəmanlarının həyatında şamanlar mühüm rol oynayır. Qəbilənin başçısı, çox zaman onun dini başçısı olan şaman türk ellərinin sevimlisidir. Şairin qəhrəmanları şamanı görən kimi sevinirlər, ona hörmət və ehtiramlarını bildirirlər, şaman duasına, alqışına ehtiyac duyulur. O gələcəyi əvvəldən görən, Tanrıya yaxın qüvvədir, el içindədir, tanrı istəklərini xalqına çatdırandır. Şamançılıqla bağlı məsələlərin də əsərə daxil edilməsi şairin əski türk təfəkkürünə, inam və etiqadına hörmətin ifadəsidir. Xristianlıqdan, islamiyyətdən öncə mövcud olan əski türk-azəri xalqının soykökündə duran qəbilə birləşmələri içərisində qam-şaman dini, ona inamla bağlı məsələrin əsərdə real boyalarla verilir. Xalq şamanını Göy Tanrıya yaxın bilir.
Milli-mənəvi tarixinə, mədəniyyətinə bağlı Tur atasının arxasınca gedir, ellər keçir, obalar adlayır, türk dilli doğmalarıyla rastlaşır, tez-tez türk tayfalarına hücum edən sapandla, biz ucla silahlanmış acıqanlarla döyüşür, başçısı qadın olan bir türk elinin çətin anda köməyinə çatır. Elə basqın edən daşqıranlarla döyüşür. Bu döyüşdə əsir düşür. Ağaca bağladılmış türk oğlu ağacı kökündən çıxarıb daşqıranları məhv edir. Yada Dədə Qorqud dastanlarından tanıdığımız Qaraca Çoban düşür, azman oğuz türkləri düşür. Şairin əsərində «minellilər» kimi təqdim etdiyi türk tayfalarının birliyi nəticəsində yaranmış bu yerlərdə Turun binə salıb bu elləri qorumaq üçün qalması təbii idi. Çünki türk tayfaları birləşərək icmalar yaradır, bununla da həm iqtisadi, həm müdafiə cəhətdən özlərini möhkəmləndirirdilər. Türk xalqlarında qadına, qıza hörmət tanrıçılq əlaməti kimi qəbul edilir. Qədim türk tayfalarında qadın cəmiyyətin, ailənin məxsus olduğu tayfanın rəhbəri olmuşdur. Tomiris bir zamanlar massagetlərin bizim ulularımızın mənsub olduğu tayfanın rəhbəri olmuş, tarixə öz ədalətli, ağıllı işləri ilə düşmüşdür. Turun gəlib çatdığı elatın başçısının qız olması, bu elatın çatıqqaşlı, yastı baş, dikburun acıqanların hücumuna məruz qaldığını görüb döyüşə qatılması türk oğlunun ləyaqətini, vəfasını, qeyrətini göstərir. Başçısı qadın olan elin köməyinə bütün türkdillilərini çağırır:
Ay minelli, Dirielli, Birelli.
Tut oğrunun boğazından beş əlli.
Damarına güc yığ yüz il, min illik
Tanrılıqdır qız qadına əl tutmaq.
Ələ keçirilən mirası Tur Dəclə, Fərat çayları sahillərində yaşayan ellinlər tərəfindən qaçqın salınmış türkdilli doğmalarına paylanmasını xahiş edir. Minellilər çoxluq təşkil edən böyük bir türk icması olduğundan Dəclə-fərat sahillərindən qovulan türklərin köməyinə çatır. Şair burada xalqımızın dədə-babadan qalma çox gözəl bir adətini- köməksizə əl tutmaq prinsiplərini tərənnüm edir. Minellilər türk ellərinə basqın edən hər kəsi düşmən sayır, qəzəblənir:
Minellilər bu soraqdan odlanır.
Turla birgə yaraqlanır, atlanır.
Görən kimdir, o acıqan yad sanır
Dəclə, Fərat qırağında elləri.
Çaylar, göllər, körfəz boyunca məskunlaşmış türkdillilər bu xəbəri eşidib, yaraqlanıb, birləşib daşqıranlıları məhv edirlər. Türk ellərinin birliyi-onun gələcək qüdrətindən dünyaya hökmran ola biləcək qüvvətindən xəbər verir. Turun ilkin yürüşləri, minilliklərlə böyük türk icmasına rəhbərliyi, igidliyi, bahadırlığı, düzlüyü onların birliyinə, bir qüvvə ətrafında birləşməsinə, möhkəmlənməsinə gətirib çıxarır. Şair bu birliyi bu gün -türk dünyasının bu gününə arzulayır. Dünya xalqları içərisində tarixə şanlı səhifələrini yazmış türkün şərəfli keçmişini xatırlatmaqla yanaşı, bugünkü türk dünyasının parçalanması nəticəsində nə kimi acılıqlara məruz qaldığını sanki yada salır. Keçmişinə baxmağa, bu gün yenidən birləşməyə, birlikdə olmağa bu birliyin sayəsində itirilmişləri bu günkü «daşqıranların»-türk düşmənlərinin əlindən almağa, onları doğma türk ellərindən qovub çıxarmağa, mənimsədikləri türk milli mədəni yadigarlarını öz xalqımıza qaytarmağa, onların mənfur simasını açmağa çağırır. Düşmənlərin, bu acıqanların türk torpaqlarına həris gözlərlə bu gün də baxdığını -o zamanda da, bu zamanda da mövcud olduğunu unutmamağa, ayıq, ehtiyatlı olmağa səsləyir:
Biz Minelli minillərin sayıyıq.
Dədələrin yer üzündə payıyıq.
Qardaşlığın, toplaşlığın tayıyıq.
Acıqanlar bura bir də gələcək.
Tur türk dünyasını birləşdirib, onun qüdrətini artırmaqda, möhkəmləndirməkdə cəsur türk savaşçılarının, xaqanlarının, qüdrətli bahadırlarının ümumiləşdirilmiş obrazıdır. Türkün keçdiyi tarixi inkişaf yolu, onun dünya dövlətləri içərisində tanınması, başqa qeyri-türk xalqların onlara münasibəti, tarixin bir çox pozulmaz səhifələri yada salınır.
Söhrab Tahirin «Epos»unda türk xalqlarına məxsus olan ən gözəl adət-ənənələr tərnnüm olunur. Türk övladı həmişə əlsizə əl tutmağı özünün mənəvi borcu, haqq yolu bilir. Bu xalqın gözündə ana-qadın müqəddəsdir, qadın nə qədər zərif, gücsüz olsa da türk qəhrəmanı bilir ki, «ev-eşiyi dolandıran qadındır».
Qonağa hörmət bu xalqın ən qədim adətlərindən biridir. Turər, Gücər, Bacar keçdiyi türk ellərində həmişə qonaqpərvərliklə qarşılanır, hörmət edilir, əzizlənir.
Şair sevgini, saf məhəbbəti, sədaqəti, düzlüyü vəsf edir. Ana haqqı Tanrı haqqına bərabər tutulan türk oğlunun nəzərində hər bir şeyin əzəl kökü anadır. Çünki:
O Tanrıdır, ya Tanrının kölgəsi,
O doğubdur, yer üzündə hər kəsi.
O yaradıb minellilər ölkəsi
Yeri yurdu o yaradıb, o qurub.
Ana gələndə ayayğa durmaq, əl yetirmək, istəyinə əməl etmək övlad borcudur. «çıxa bilməz heç kəs ana borcundan» -deyən şair türk övladının qəlbində yaşayan əzəli-əbədi ana məhəbbətinin böyüklüyü, ucalığı qarşısında diz üstədir. Ana-ata məhəbbəti, keçmişə, soykökə məhəbbət, qoyub getdiyinə sədaqət motivləri üzərində qurulmuş bu "Epos"da türkün qoyub getdiyi, qoruyub saxladığı torpağı minillər keçəndən sonra da ondan qalan övladlar «sonev» bilir. Gücərin nəvəsi axtarıb nənəsi Düzəri tapır. «Turbax» adını qazanmış, illərlə gözü yolda qalan əri Gücəri, oğlu Turəri gözləyən, dildən, ağızdan, gözdən məhrum olan anaya sevgi, məhəbbət dolu misralarda türk övladının anaya bəslədiyi əbədi, sonsuz sevgi duyğuları ümumiləşdirilmişdir:
Bu kimsəsiz son evinə baş qoyur.
Göz yaşımla başdaşını mən yuyum.
Sənə hansı borclarını mən sayım.
Çıxa bilməz heç kəs ana borcundan.
Çindən Misirə, oradan Hindistana qədər uzanıb «bizim dilbir, qanbir dədə kökümüz» -deyən Gücərin nəvəsi gəlib nənəsini tapıb, dədə-baba torpaqlarına sahib durur:
Mən Gücərin nəvəsiyəm.
Bu yurd mənə sonev olsun.
Vuruşlarda ölsəm, qalsam
Bu yurd mənə sonev olsun.
Öz yurduna sahib duran türk xalqları nə qədər sülhsevər olsalar da tarix boyu qonşu dövlətlərlə vuruşmağa, onlardan müdafiə olunmağa məcbur olmuşlar.
«Epos»da uzun illər çinlilərlə müharibə aparmağa məcbur olmuş türk xalqlarının yaşadığı tarixi məqamlar təsvir olunur, bu mübarizələrdə türkün qəhrəmanlığı, şücaəti, özünü qorumaq, türkçülüyünü qorumaq prinsipləri də öz əksini tapır. Tarix boyu türklər çinlilərlə mübarizələrdə olmuşlar. Türkəlrin ən böyük dövləti dağıldıqdan sonra bu dövlətin tərkibindəki türk boyları Çinin hakimiyyəti altına düşsələr də öz müstəqilliklərini qoruyub saxlamışlar. Tabğaclar adlanan bu dövlətə monqollar, tunğuzlar, çinellilər də tabe idi. Müxtəlif dövrlərdə, Mete xaqanın dövründə də Çin-türk dövlətləri arasındakı qanlı toqquşmalar olmuş «Epos»da da bu öz əksini tapmışdır:
Çinellilər gəlib dünən.
Qılınc çəkib elə birdən.
Qan töküblər hər bir yerdə
Hamı qara geyinmişdir.
Çinlilərlə döyüşdə düşündükləri ağıllı döyüş planları nəticəsində türk bahadırları çinelliləri özünə ram edir. «Sarı Xaqan söylənci»ndə minellinin torpaqlarını, var-yoxunu zəbt etmək üçün planlar quran Sarı xanın aqibəti, çinellilərlə minellilərin döyüş səhnələri təsvir olunur. Qonşuluqla sülh içində yaşamaq istəyən türk bahadırları nə qədər güclü, qorxmaz olsalar da qan tökmək, öldürmək arzularından uzaqdırlar. Qeyri türk xalqların xaqanlarının ədalətsiz müharibələrə sürüklədiyi türk xalqları sakit, qonşuluqda etibarlıdırlar:
Min illərdir biz qonşuyuq.
Qonşuluqda biz yaxşıyıq.
Toy-düyündə yanaşıyıq.
Çinellilər, əl saxlayın.
«Epos»da yüz illərlə yanaşı, mehriban yaşyaıb, qardaşlaşan, qız alıb qız verən, torpaqları bölməyən qurub yaradan çinelliliərdən, minellilərdən danışılır.
Söhrab Tahir türk xalqları arasında ən geniş yayılmış əfsanə və rəvayətlərdən gözəl süjetlər qurur. «Epos»a daxil edir. Heredotun «Tarix» kitabında Astiaqla bağlı rəvayətdə deyilir ki, böyük bir türk dövləti yaratmış Astiaq yuxu yozanların sözünə inanıb gördüyü yuxunun təsiri altında qızı Mandananı fars nəslindən olan sakit bir gəncə ərə verməklə taxt-tacını qurtarmağa çalışır. Qızı ərə verəndən sonra yenə yuxu görən Astiaq yenə fəlakətin qızı tərəfindən olacağını düşünüb onun dünyaya gələcək övladının aradan götürülməsini tələb edir və bu işi vəzirinə tapşırır. Şaha qohum olan vəzir uşağın ölümündə özünü günahkar etməmək üçün uşağın öldürülməsini çobana tapşırır. Təsadüfən uşağı ölən çoban uşağı övladlığa götürür və öz ölmüş uşağını Mandananın uşağı kimi basdırır. Onun uşağını isə böyüdüb ərsəyə gətirir. Bir zadəganın şikayəti nəticəsində Astiaq şübhələnib uşağın özünə oxşar cəhətlərini görüb sirri zor gücünə açdırır. Uşağı sarayına gətizdirir, vəzirdən heyfini almaq üçün onun oğlunu doğratdırıb ətindən kabab bişitdirib məclisə gətizdirir. Vəzir bu qisası Astiaqda qoymur. Mandananın oğlunun gələcəkdə hakimiyyətə gəlməsi üçün çalışır və Astiaq taxtdan salınır.
Söhrab Tahir minilliklərin tarixini öyrənərək, körpəlikdən eşidib yaddaşına köçürdüyü xalq nağıllarının, dastanlarının ruhunda böyüyərək, vətənə, torpağa, elə, xalqa məhəbbət üzərində köklənərək onun mənəvi mədəniyyət tarixinə də yiyələnərək, əldə etdiyi qənatələrə əsasən milli-mənəvi dəyərlər üzərində poetik bir dillə xalqını, onun keçmişini, mədəni irsini təsvir edir, tərənnüm edir. lirik bir dillə, poetik bir incəliklə bədii boyalarla, estetik çalarlarla gözəl bir sənət səri yaradıb. Elə bir əsər ki, doqquz min il əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayan, döyüşən, varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusilə, Azərbaycan xalqının eramızın əvvəllərinə qədərki həyat və məişətini əhatə edir. Dünya-bəşər-torpaq-insan-həyat fəlsəfəsi ilə köklənən, gəlimli gedimli dünyanı nəzərdən keçirən şair öz şair təfəkküründə dünyanın elmi-fəlsəfi-nəzəri təhlilini poetik bir dillə aparır; Günəşin yerdə bir anının bir ilə bərabər olduğunu, dünyanın fırlandığını, Yaradanın dünyanı olum-ölüm qanunu üzərində köklədiyini, bu qanunauyğunluqlara tabe olan insan həyatını dünya daxilində yerlə birdlikdə hərəkətdə olduğunu çox gözəl, poetik bir şəkildə ifadə edir.
Əsərin əvvəlindən məlum olur ki, öz azadlığı uğrunda çalışan, çarpışan Azərbaycan xalqı XX əsrin sonunda tarixin ən ağır, ən çətin, ən kədərli, eyni zamanda ən şərəfli dövrünü yaşayıb. Haqq-ədalət uğrunda mübarizə aparıb. Bu mübarizədə uğuru, uğursuzluğu olub. Yıxılmayıb, diz çökməyib. Xalqın ən çətin, təhlükələr başının üzərində dolaşdığı zamanda zamanın yetişdirdiyi sərkərdəsi hakimyyət başına gələrək, Azərbaycan xalqının bir dövlət, bir millət kimi yox olması təhlükəsinin qarşısını almaqla dünyaya sübut edir ki, Azərbaycan həmişə ən ağır, təhlükə içərisində qaldığı bir zamanda öz köməyinə mərd, ziyalı, vətənpərvər oğullarını çağırıb, onlara ümid bəsləyib və onlar da xalqının ümidlərini, inamlarını doğruldub. Şərəfli bir tarixi olan millətinin tarixini, qədimliyini nəzmə çəkməyi şairdən xahiş edən H. Əliyev olub.
Əsərin əvvəlində şair xalqının qədimliyini, ululuğunu özündə yaşadan dilinin qədimliyini vurğulayır, ana dilini «bəşərin körpəlik dili» kimi qiymətləndirir, soyuna bağlı dilinin:
İtirmə, ey dilim, öz türk soyunu,
Qal yenə bəşərin türk ayətində.
Bəşərin ən gözəl, incə duyumu,
Qalıbdır dilində, xasiyyətində
-misraları ilə nəvazişlə oxşayır.
Şairin qurd dərisi geyinmiş qəhrəmanı Gücər vətənini, xalqını, torpağını sevən cəsur türk oğludur. Burada şairin qəhrəmanı:
Məni doğan ana olub.
Mən bir qurd ana olub.
Qolum qurtdan güc-hey alıb,
Süd dirriyin anasıdır-deyir.
Söhrab Tahirin qəhrəmanı Gücər qurd südü əmməsiylə fəxr edir. Çünki bu süd onun qollarına qüvvət, dözüm, mərdlik verib. Qurd çevikliyin, cəsarətin, hücumun, qüvvətliliyin rəmzi kimi türk mifoloji mətnlərində, dastanlarda yaşayır. Orxon abidələrində də gücünü Tanrıdan alan türk övladı döyüş meydanlarında özünü qurd kimi cəsarətli, düşmənini qoyun kimi qorxaq, hürkək gördüyü üçün fəxr edir. Qurd südüylə bəslənmiş Gücər də yenilməz gücə malik «vuruşbatmaz», dartımları «qatdam-qatdam», cəldliyi ilə «bıçaq, balta» tutmazdır.
Gücər Oğuz xanı xatırladır. Gücərdəki oğuz-qurd paralelləri dastanlardan gəlmədir. Bu dastanlarda Tanrı övladı funksiyasını boz qurdla-oğuz yerinə yetirirsə, burada Gücərlə boz qurd yerinə yetirir. Şair burada ilkin qaynaqlardan yararlanır. Köçəri türk xalqları arasında geniş yayaılmış qurd-boz (ağ) qurd miflərindən, onların boz qurd dastanları kimi formalaşmadığı ilkin epos dövrlərdən gəlmə motivlərdən poetik bir dillə yararlanır.
Gücərin qəhrəmanlığı, cəsarəti, düşmən üzərinə qorxmadan atılması, döyüş meydanında göstərdiyi cəsurluq, düşməninə bəslədiyi nifrət hissləri xalq ədəbiyyatından gəlmədir. Qədim türk abidələrində, dastanlarda türk xalqları öz əcdadlarını, ata-babalarını qurdla ilişgəli necə təsvir edirlərsə, dastanlarda, abidələrdə igidlər «qurd anadan törəmiş» olduqlarını bəyan edirlərsə şair də o ənənələrə sadiq qalmaqla fikir və duyğularını ifadə edir.
Əsərdə doğmalara, əzizlərə məhəbbət güclüdr. Gücər ov ovlayarkən vurduğu ovun arxasınca gedir, yaralanmağına baxmayaraq vurduğu erkək maralın arxasınca düşərək bir obaya gəlib çıxır. Çoxlu qan itirmiş ovçu yıxılıb heysiz qalır. Bir gözəl qız yaralı qəhrəmanı görür, yaralarını sarıyır, ona vurulur, qonşu eldən gələn bu gənc oğlanla ailə qurur. Üç il qayalıqlar arasında qalan Gücər doğma ellərini bir an unutmur, onun həsrətiylə ana, bacı, qardaş, ata həsrətiylə çırpınır, el oba onu özünə çəkir. Gücər vətənə dönür, elini, elatını, doğmalarını qoyub getdiyi yerdə tapmır, axtarmaq üçün yola düşür.
Söhrab Tahir türk ellərinin bir yerdə qərar tuta bilməyib, məişətlə əlaqədar olaraq yaşyış yerlərini tez-tez dəyişməsini, doğma yerlərindən ayrı düşməsini, doğmalarının bir-birini axtarmasını, bir-birindən ayrı düşmənin doğurduğu kədəri, qəmi həzin, lirik bir dillə verir. İtkin düşmüş doğmalarını axtaranların kədəri, «adamcıl quş»lara dönənlərin həsrətini poetik misralarda ümumiləşdirir.
Uç Qayaquş qadan mənə,
Mən yorulsam, sən yorulma.
Məni çatdır itkinlərə,
Mən yorulsam, sən yorulma.
Əsərdə əski yer adları unudulmur. Gücərin yaşadığı Qobi Altaydadır. Qobi adıyla bağlı Qobustan da azərbaycan ərazisində mövcuddur.
Gücərin keçib getdiyi torpaqlarda ona doğma olan, dili bir, qanı bir insanlar yaşayır. Bu yerlərdə elini, elatını, əzizlərini axtaran qəhrəman -«doğma olluq sənə bunca» -deyən o insanların qayğıkeşliyi ilə qarşılanır.
Əsərdə ölüm səhnələri, həyatla vidalaşma, bu səhnələrdəki bədii təsvir çox təbii bir dillə verilir. Qəhrəmanların cəsarəti, cəldliyi, döyüşlərdə, müharibələrdə qələbələrinin tərənümü güclüdr.
Misralardakı dolğunluq, onun bədii və məna dəyəri, yığcamlıq, poetik fikir türk-Azərbaycan poeziyasına məxsus zəngin keyfiyyətlər «Epos»da vardır. Əsərdə çoxlu məcazi fikirlərdən, ifadələrdən istifadə olunur ki, bu da qəhrəmanların psixoloji vəziyyətini, daxili aləmini daha qabarıq şəkildə ifadə etməyə xidmət edir.
Ov zamanı yaralanıb elindən uzaq düşən Gücərin, onun arxasınca gedən ata axtaran Turərin, Bacarın düşmən qoşununa əsir düşən türk bahadırlarının psixoloji gərginlikləri, həyəcanları, həsrət və arzuları öz bədii ifadəsini şairin qələmə aldığı misralarda-xalq şeiri üslubunda yazdığı misralarda tapır. Xalq ədəbiyyatında olduğu kimi hər şeyin axırı xeyirdir, işıqlıdır, aparılan müharibələr uğurla qurtarır, doğmaların nigarançılıqları onlaırn xeyirxahlığı nəticəsində aradan götürülür, döyüşlərdə öz gücünə, təpərinə güvənən igidlərin önündə məğlub edilmiş düşmən diz çökür, aman diləyir, türk döyüş ənənələrinə uyğun olaraq bahadırlar basdığını kəsmir, dəfələrlə bağışlayır. Düşmənlə üz-üzə gələndə insan qırğınının qarşısını almaq, qan tökməmək naminə qəhrəman döyüş sərkərdəsiylə təkbaşına ölüm-dirim meydanına atılır. Qoşunun tələfat vermədən geri çəkilməsinə öz şəxsi gücü, şücaəti sayəsində nail olur.
Türk ellərində əsirlərə güzəşt edilir. Kaşğarlının «Divanı»nda tanqutlarla döyüşlərə həsr olunmuş nəğmələrdə olduğu kimi şairin «Epos»unda da əsir düşmə əsirlikdə qul kimi işləmək eyib deyil. Başevin xaqanı Turər döyüşdə əsir düşür, ayaqlarına qandal vurulur, illərlə qul kimi düşmən qabağında işləyir. Hətta ağlı, işgüzarlığı qabiliyyəti ilə düşmənlərini də heyrətdə qoyur. yük daşımaq, başqa ağır işlər görməklə bərabər, Turər ölkəsinin, elinin, obasının narahatçılığını çəkir, onda əsirilikdən qaçıb xalqının köməyinə yetmək arzusu güclüdr və bu istək, güc ona yurduna başçı qoyub gəldiyi xanımının ən ağır dəqiqələrində köməyinə çatmasına imkan verir.
«Epos»da fikirlər ardıcıl, bir-birini tamamlayır. Məzmun, vahid süjet xətti üzər gedir. Qəhrəmanın ölümünə həsr olunmuş misralar Alp Ər Tonqanın ölümünə aid olan ağılara, miladi tarixli V1-V111 yüzilliklərə aid olan döyüş nəğmələrinə üslubca yaxındır. Şair əsərdə poetikanın qədimliyini də qoruyub saxlamağa çalışır. Səkkiz hecalı, barmaq hesabı ilə düzülüb qoşulan dörd misralı şeirlərində üç misra qafiyələnir, dördüncü sərbəst olur və bu sərbəst qafiyə növbəti bəndin dördüncü, ondan sonra gələn bəndlərin dördüncü misrasıyla qafiyələnir. Eyni zamanda burada bir maraqlı cəhət də bəndlərin dördüncü misrasının eynilə təkrarlanmasıdır:
Qızı oldu, sevinmədi.
Oğlu oldu, öyünmədi.
Duruqızı bəyənmədi,
Qurd dərisi geyən oğlan.

«Qayıt» dedi könlü ona.
Yada düşdü ata-ana.
Qaldı belə yana-yana,
Qurd dərisi geyən oğlan.
Belə bəndlər «Epos»da çoxdur. Bu qədim ənənələr, E. Əlibəyzadənin dediyi kimi «sözü, fikri dönə-dönə demək, bununla da ön plana çəkmək vərdişi» ən qədim eposlardan, xüsusilə, «Bilqamıs» dastanından gəlmədir.
Kaşğarının «Divanı»ında da belə bəndlər var:
Ərən alpı okuştılar.
Qınır gözin baxıştılar.
Qamuğ tolmuş tokuştılar
Qılınc qınqa gücün sığdı.

Telim başlar yuvaldımat.
Yağı andın yavaldımat.
Güci anın gəvildımat
Qılınc qına gücün sığdı.
Kaşğarının «Divan»ına daxil etdiyi bu poetik misralar görkəmli tədqiqatçının dediyi kimi, «X1 əsrə qədərki, təxminən min, min beş yüz illik bir dövrün söz sənəti, nümunələri və şeir inciləri toplusu idi. Bunlar xalqın əsrlər boyu yığılıb gələn folklor sərvəti idi ki, qələmə alınmışdı».
Şairin belə qədim şer şəklini, ölçüsünü, rədiflərini-qədim türk-Azərbaycan şeirin məzmun və şəkillərini, düzümünü «Epos»a gətirməsi, onlara yeni məzmun, ruh verməsi, bugünkü şeirin Azərbaycan şeirinin qədim əsasları bu köklərə qırılmaz tellərlə bağılıdr faktının təsdiqidir.
Türklərin döyüş təcrübəsi, yad və doğma tayfalarla döyüşü, müstəqil dövlətini qurmaq uğrunda apardığı mübarizə səhnəlrini şair elə bir dillə tərənnüm edir ki, sanki minilliklər öncə yaranmış mənbələrdə saxlanmış türk poetik təfəkkürünün məhsulunu görürüsən. O dövrün bütün dərinliklərinə, tarixinə, mədəniyyətinə, bədii sözünə yaxından bələd olan, onu bütün incəlikləri ilə qavrayan əsərini o şəkildə qələm alan Şairin «Epos»u yabakularla, tanqutlarla, uyğurlarla döyüşlərə həsr olunmuş nəğməlri, Orxon-Yenisey mətnlərini xatırladır.
Bu «Epos»da xalqımızın bütün mənəvi, xəlqilik keyfiyyətləri qorunub saxlanılır. Min illər boyu qazanılmış, qorunub saxlanılmış, qanunlaşmış, biçimləşmiş, qeyrət, saflıq, mərdlik, ailəcanlıq, vətən, torpaq çevgisi, müqəddəsliyi, qonaqpərvərlik, bütünlükdə bütün milli-mənəvi dəyərlər əsərdə güclüdr.
İlkin tayfaların həyat tərzi, məşğuliyyəti, maldarlığı, ovçuluğa meylliyi əsrdə təsvir olunur. Gücər ov zamanı yaralanır, yol boyu rast gəldiyi türk tayfalarının at, qoyun, maral saxladığını-maldarlıqdla, bağçılıqla bağlı məşğuliyyətlərini görür.
Əsərdə bir sıra adətlər xatırlanır. Günəşə at qurbanı kəsmə adəti qədim türklərdə necə mövcud olmuşdursa o şəkildə bədii boyalarla əsərdə öz əksini tapması, bir çox türk inanclarının xatırlanması, bunların bədii təsviri könüloxşayandır. Əski türk xalqlarında atı günəşlə bağlamışlar. Avestada (Mitra tanrısı at şəklində təsəvvür edilir), Azərbaycan-alban maddi mədəniyyət abidələrində at təsvirləri, saklarda ata inam mövcuddur və bunların qələm alınan türk xalqlarınnı həyatında bədii boyalarla təsviri əsərin estetik tutumunu artırır.
Səhər ellər al Günəşi hayladı,
Od qalayıb at kəsdilər Günəşə.
O qovmuşdu acıqanı bu yerdən
Od qalayıb at kəsdilər Günəşə....
Suya qurban vermə, yuxuyozma kimi ənənələr də türk mifik təfəkkürünün məhsulu kimi əsərdə poetik bir dillə təsvir edilir. Əsərdə öz əksini tapan yamanlıq, pislik simvolu Alpis obrazı mifoloji düşüncənin məhsuludur.
Ailə münasibətləri burada xüsusi bir mövzudur. Oğul valideyn haqqını itrimir, yaralandığı üçün ailəsindən uzaq düşən Gücər sonra qayıdıb elini tapmır. Ata-ana, bacı həsrətiylə bütün türk ellərini dolaşır. Doğmalarını soraqlayır:
Doğmalarım mənim harda,
Ovdadırlar, yoxsa darda.
Dilə gəlin dilsiz yollar
Meşə susdu, tala susdu.
Vahid hakimiyyət, yenilməzlik, bahadırlıq təbliğ edilən, elin birliyinə, türk dünyasının bütövlüyünün, qədimliyinin, ululuğunuun, böyüklüyünün tərənnümünə həsr olunan «Epos»da sülh, birlik, əmin-amanlıq təbliğ olunur. Xalqımızın yüksək insani keyfiyyətləri, həyat və mübarizə eşqi, ən yüksək ali hissləri bədii təsvirini tapır. Şair əsərdə türk xalqlarını birliyə, mənəvi sərvətləri, adət-ənənələri, igidliyi qorumağa, sülhə, əmin-amanlığa, müstəqillik, birlik və azadlıq uğrunda mübarizə aparmağa, yaşamağa, yaratmağa, firavan yaşayışını təmin etməyə səsləyir.
Bu əsərin ən yüksək keyfiyyətlərindən biri də sırf ana dilimizdə yazılmasıdır. Ərəb, fars və digər yad ünsürlərdən uzaq, dilimizə həm məna, həm qrammatik cəhətdən yatımlı dürlü-dürlü sadə, ifadələr gətirən şairin ana dilinin saflığına, müstəqilliyinə bu dərəcədə yüksək bir insanpərvərliklə yanaşması, irihəcmli bu böyük ədəbi əsərdə azərbaycançılığın bütünlüklə gözlənilməsi təqdirəlayiqdir.
Türkçülüyümüzün tarixini bədii şəkildə axıradək sırf türk-azəri dili, ləhcəsi üzərində kökləməsi, millilik koloritinin bu şəkildə ustalıqla gözlənilməsi, əsərə gətirilən orijinal sözlər ifadələr, xalq dilinin şeiriyyətindən yararlanma şairin sənətkarlıq imkanlarının zənginliyindən xəbər verir. Təravətli, obrazlı ifadələr könül oxşayır. Bədii dildəki şirinlik, axıcılıq əsərin bədii keyfiyyətlərini daha da artırır. Kitabın müqəddiməsində çox gözəl və yerində deyilmiş fikirlərə biz də şərikik: « Söhrab Tahir Azərbaycan-türk dilinin leksik-morfoloji, morfoloji-sintaktik, ümumən söz yaradııcılığı prosesinin inkişaf meyllərini söz-morfem, söz-sintaqm, şəkilçi-leksemlərlə davranmaq, təmas qurmaq xüsusiyyətlərini yaxşı bilir, bütün bunlar bədii mətnə fərdi dil və üslub dəyərləri gətirir. Ümumən götürdükdə ar-2, ıq-4, aq-2, qın-4. Iş-4 an-2, -ıltı-4, -tı-4, ın-4, mış-4, ım-4 kimi morfoloji vasitələr substantların, orijinal leksemlərin yaradılmasında əhəmiyyətli rol oynamış, bədii dilə şirinlik, təbiilik aə özümlülük gətirmişdir».
Əsərdə istifadə olunan ucarsu, kəsi, görüm, vurumları, dartımları, doğduları, görgör, bozucu, acıqan, bağış, tutuğ, sonev, başev, başəy, bacar, örtümlü kimi ifadələr bədii mətnə yaraşıqdır. Saf dilimizin öz imkanları sayəsində yaradılan, əsərə daxil edilən bu sözlər azərbaycançılığımızın inkişafına, dilimizin saflığının qorunmasına, yad sözlərdən öz sözlərimiz hesabına təmizlənməsinə çalışan minlərlə ziyalılarımızın, alimlərimizin yolunun davam etdirilməsinə xidmət edir.. Yaratdığı bədii əsərin bədii imkanlarını zənginləşdirmək üçün dilimizin imkanlarından istifadə edə bilmək qabiliyyəti də hər sənətkara nəsib olmur. Söhrab Tahir əsrimizin eposunu yaradıb. Elə bir epos ki minilliklərlən rişəsini götürüb. Ot kök üstündə bitər hikmətini əsas götürərək yaratığı əsərin bədii qayəsində millət, xalq, dövlət atributlarını gözləməklə Azərbaycan xalqının milli mənəvi dəyərlərinə sadiq qalmaqla yaradılan bu böyük sənət əsəri əvəzsiz incilərimizdəndir.
«Hər bir xalqın özünə məxsus epik təfəkkürü olsa da bunlarda bəşərilik güclü olduğundan, insanlığa xidmət etdiyindən bütün dünya xalqları tərəfindən hörmətlə qarşılanır." Beynəlmiləl, ümumbəşəri dəyərlərə hörmət hər bir xalqın mükəmməliyini, mədəni səviyyəsinin yüksəkliyini göstərir.( Nizami Cəfərov.) Ümumiyyətlə, Söhrab Tahirin «Ata» poema-eposu türk xalqının nəzmə çəkilmiş tarixi, bədii lövhələrlə verilmiş təsviri olmaqla yanaşı, miflərlə, folklor qaynaqları ilə zənginliyi cəhətdən qiymətli əsərdir. Folklorşünaslıq baxımından zəngin təhlil və tədqiq obyektidir...