www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Orijinaldan bədii-filoloji tərcümələr” Kulturoloji-Tərcümə Layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 11
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 11 (132 - 2012)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
Harold Pinter
"Axşam məktəbi"
Pyes
Tərcümə: Ü.Nəsibbəyli
Nobel mükafatçısı Harold Pinterin pyesir.
Yazarın başqa bir əsəri - "Cırtanlar" romanı ilə burada tanış olun:
http://www.kitabxana.net/?oper=readBook&id=1617
Harold Pinter
Axşam məktəbi
İştirak edirlər:
ANİ
VOLTER
MİLLİ
SALLİ
SOLTO
TALİ
(Ani və Millinin evi. Qonaq otağı)
Ani: Plaşını götür.
Volter: İndicə onu asaram. Qoy, çamadanı yuxarı aparım.
Ani: Tələsmə, əvvəl bir çay iç
Volter: Əla pirojnadı.
Ani: Xoşuna gəlir? Mənsə artıq bu həzlərdən məhrumam. (pauza) Ürəyimi bulandırır. Birini də götür.
Volter: Çox dadlıdır. Buralar necə də təmizdir!
Ani: Qabağınca əməlli-başlı təmizləmişəm. (Pauza) Orda səni necə qarşıladılar, Villi?
Volter: Normal.
Ani: Bu dəfə səni belə tez gözləmirdim.
Volter: Hə, bu dəfə çox ləngimədim.
Ani: Son vaxtlar Milli özünü heç yaxşı hiss eləmir.
Volter: Niyə? Nə olub ona?
Ani: İndicə aşağı düşər. Bilir ki, gəlmisən.
Volter: Ona şokolad gətirmişəm.
Ani: Zəhləm gedir şokoladdan.
Volter: Bilirəm. Milli üçündür.
Ani: Yadındadı?
Volter: Bəs necə?
Ani: Yuxarıdadır. İstirahət edir. Mən də bütün günü aşağı-yuxarı vurnuxuram. Dünən pərdəni asanda yıxılıb möhkəm əzilmişəm. Milli isə deyir ki, mən onu düz asmadığıma görə yıxılmışam.
Volter: Pərdəni?
Ani: Hə. Deyir ki, pərdə düz asılmayıb. Deyir, bəzəklərindən görünür ki, mən pərdəni baş-ayaq asmışam. İndi yuxarıda uzanıb. Axı, mən ondan böyüyəm.
(Çay süzür)
Volter: (Köks ötürür) Bilirsən, orda işim-gücüm arzularla yaşamaq idi. Aylarla arzulamışam ki, qayıdıb çarpayıda uzanacağam, küləyin pərdələri oynatmağına tamaşa edəcəyəm. Yaxşı istirahət eləmişəm, elə deyil?
Ani: Aşağı düşür, eşidirsən? Sən yaxşı qaralmısan.
Volter: Əvvəlcə, bir az tənbəllik edəcəyəm.
Ani: Əlbəttə, sənə istirahət lazımdır. (Pauza)
Volter: Mister Solto necədir?
Ani: Buralarda onun kimi bacarıqlı ev sahibi yoxdur. Həmişəki kimi rayonumuzun ən yaxşı sahibkarıdır.
Volter: Heç sizin kimi kirayənişin tapmaq da asan deyil.
Ani: Elə xeyirxahdır ki! Lap elə bil doğma adamımızdır, amma ayrı yaşayır. Hərçənd, çoxdandır, bizə gəlmir.
Volter: Ondan bir az borc almaq istəyirəm.
Ani: Bu da bizim Milli.
Volter: Bir –iki yüzlük onun üçün nədir ki! Düz demirəm?
Ani: (Pıçıltı ilə) Onun yanında pərdədən danışma, yaxşı?
Volter: Nə?
Ani: Pərdə haqqında bir kəlmə də. Onun necə asıldığı barədə. Başa düşdün?
(Milli gəlir. Volter onu öpür).
Volter: Milli xala!
Milli: Sənə pirojna verdi?
Volter: Hə, çox dadlıdır!
Milli: Mən tapşırmışdım gedib alsın.
Volter: Doqquz aydır pirojna yemirəm.
Milli: Küçənin qurtaracağındakı dükandan alınıb. Yadındadır?
Volter: Əlbəttə. Xala, bax, sənin üçün şokolad almışam.
Milli: Gör ha! Şokolad sevdiyimi unutmayıb.
Ani: Mənim şokolad yemədiyimi də xatırlayır.
Milli: O! Özü də fındıqlı?!
Volter: Mən onu fındıqlı olduğu üçün seçmişəm.
Ani: Otur, Milli. Ayaq üstə dayanma!
Milli: O qədər oturmuşam, uzanmışam ki, hərdən ayaq üstə dayanmaq da lazımdır.
Volter: Özünü pis hiss edirsən?
Milli: Belə də!
Ani: Elə mən də.
Milli: O xəstədir.
Volter: Budur, mən qayıtdım.
Milli: Orda səninlə necə rəftar edirdilər?
Volter: Çox yaxşı. Lap əla.
Milli: Bəs nə vaxt qayıdırsan?
Volter: Qayıtmaq fikrim yoxdur.
Milli: Heç utanmırsan, Villi! Gör həyatının ən yaxşı illərini nəyə sərf edirsən! Bir fikirləş; ömrünün yarısı qazamatda keçib. Bu işlərin axırı yaxşı olmayacaq.
Volter: Sən də söz dedin də. Ömrümün yarısı. Cəmisi iki dəfə.
Ani: Bəs Borstel?
Volter: O sayılmır.
Milli: Yaxşı, əgər hərdən bəxtin gətirirsə, bununla barışmaq olar. Axı, sən ayağını çölə atan kimi səni qamarlayırlar!
Volter: Daha qurtardıq, xalacan.
Milli: Qulaq as, sənə neçə dəfə demişəm: əgər belə işlərdə səriştən çatmırsa, gərək özünə başqa məşğuliyyət tapasan. Deyək ki, yeni bir iş qurmalısan… Başlanğıc üçün sərmayəni Soltodan da almaq olar. Məncə, o, sənə borc verər.
Ani: Mürəbbəli piroq istəyirsən?
Volter: Əlbəttə.
Milli: (Yeyir) Bunları hardan almısan?
Ani: Tindən.
Milli: Neçə dəfə demək olar? Bazarlıq üçün küçənin sonundakı dükana getmək lazımdır.
Ani: Bu dəfə yox idi.
Milli: Niyə? Qurtarmışdı?
Ani: Deyəsən, bu səhər heç şirniyyat bişirməyiblər.
Milli: Necədir, dadlıdır?
Volter: Möcüzədir. (Bir piroq da götürür, yeyir. Pauza)
Milli: Amma, mən daha piroqlardan imtina etmişəm. Düzdür, Ani?
Ani: Piroq yeyəndə mədəsi qıcqırır.
Milli: Bax belə. Keçən pasxadan bəri piroq yemirəm.
Ani: Mərc gələrəm ki, qazamatda səni piroqla bəsləməyiblər, Villi?
Volter: Yox, canım. Orda piroqun nə işi var? (Pauza)
Milli: Ona demisən?
Ani: Nə deməliydim ki?
Milli: Deməli, hələ deməmisən?
Volter: Nəyi?
Milli: Yaxşı, Ani!
Ani: Yox, hələ deməmişəm.
Milli: Niyə?
Ani: Demək istəmirdim.
Volter: Söhbət nədən gedir?
Milli: Axı, deməyə hazırlaşırdın.
Ani: Cəsarətim çatmadı.
Volter: Deyin görüm, nədən danışırsınız? (Pauza)
Ani: Villi, bir peçenye də ye.
Volter: Sağ ol, bəsimdir.
Ani: Xahiş edirəm, bircəciyini də ye.
Volter: Sağ ol, doymuşam.
Milli: Hə də. Bir peçenye də ye.
Volter: Yeyə bilmərəm. Xirtdəyəcən doymuşam.
Ani: Gedim çay dəmləyim.
Milli: Yaxşısı budur, mən gedim.
Ani: Sənə çox hərəkət eləmək olmaz. Çayniki bəri ver. Sən özünü pis hiss edirsən.
Milli: Tərslik eləmə, çayniki ver. Eşidirsən, Ani?
Ani: Suyu mən qaynatmışam, niyə çayı da mən dəmləməyim?
Milli: Yəni mən mətbəxə keçib öz sevimli bacıoğluma çay dəmləyə bilmərəm?
Volter: Qulaq asın, mənə nə demək istəyirsiniz? Nə olub? Doqquz ay burda olmamışam, nəhayət, evə qayıdıram, istirahət etmək, sakitlik içində dincəlib özümə gəlmək istəyirəm. Deyin görüm nə olub axı?
Milli: Xülasə, biz sənin otağını kirayə vermişik.
Volter: Neyləmisiniz?
Ani: Otağını kirayə vermişik. (Pauza) Qulaq as, Villi. Sifətini belə turşutma. Bizə pul lazım idi.
(Pauza)
Volter: Niyə belə iş tutmusunuz?
Ani: Biz sənsiz darıxırdıq.
Milli: Belə isə günümüz şən keçirdi.
Ani: Əlbəttə, xeyli şən.
Milli: Pul da alırdıq.
Ani: Özün fikirləş, sən uzun müddət həbsdə olursan, nə vaxt qayıdacağınısa heç vaxt bilmirik.
Milli: Təqaüd hesabına yaşayırıq.
Ani: Başqa heç nəyə gümanımız yoxdur.
Milli: O isə, yaxşı pul verir. Həftədə 35 funt yarım.
Ani: Pulumuzu vaxtında ödəyir.
Milli: Hələ görsən, otağı necə təmizləyir! Bütün günü toz alır.
Ani: Mənə də evi təmizləməyə kömək edir.
Milli: Şənbə və bazar günləri.
Ani: Hələ vanna otağını demirəm. Adamın xoşu gəlir.
Milli: Hələ görsən, sənin otağını necə bəzəyib.
Ani: Hə. Otağın yaman dəyişib.
Milli: İndi elə gözəldir ki!
Ani: Hətta seçdiyi lampa da nəsə qeyri-adidi, düz demirəm Milli?
Milli: Hə. Bütün günü kitab oxuyur.
Ani: Həftədə üç dəfə axşam məktəbinə gedir.
Milli: Cavanca qızdı.
Ani: Özü də çox təmizkardı.
Milli: Sakit…
Ani: Ciddi qızdı. (Pauza)
Volter: Adı nədi?
Ani: Salli.
Volter: Salli… bəs sonra?
Milli: Salli Gips.
Volter: Çoxdan burdadır?
Milli: O burda… o nə vaxt gəlib?
Ani: Düz…
Milli: Düz dörd ay əvvəl.
Volter: Nə ilə məşğuldur? Çörək pulunu necə qazanır?
Milli: Məktəbdə dərs deyir.
Volter: Belə de. Məktəb müəlliməsi.
Milli: Elədir.
Volter: Müəllimə! Mənim otağımda? (Pauza)
Ani: O, sənin xoşuna gələcək, Villi, görərsən.
Volter: Mənim otağımda yatır. Günümə bax!
Milli: Divanın nəyi xoşuna gəlmir? Bu otaqda divanda yata bilərsən.
Volter: O isə, mənim çarpayımda yatır.
Ani: O, hələ gözəl bir örtük də alıb.
Volter: Örtük? Elə mən də indi gedib ondan da gözəlini alaram. Örtüyün mətləbə nə dəxli var?
Milli: Xalanın üstünə qışqırma, Villi. Onsuz da o eşitmir.
Volter: İnana bilmirəm! Qazamatdan evə qayıdıram… Doqquz ay həbsdən sonra!
Ani: Pula ehtiyacımız var idi.
Volter: Qoyub getdiklərim sizə bəs eləmədi?
Milli: Qətiyyən!
Volter: Daha bu mənim günahım deyil, əlimdən gələni eləmişəm.
Milli: Axırı nə oldu?
Volter: Məni nədə günahlandırırsan?
Ani: Xalan sənə tənə eləmir, Villi.
Milli: Yaşa, imkan ver başqaları da yaşasın. Mənim şüarım budur.
Ani: Mənim də.
Milli: Həmişə belə olub. Kimdən istəyirsən soruş.
Volter: İş bunda deyil. Bura mənim evimdir, başa düşürsən? Uzun illər bu otaqda yaşamışam.
Ani: Hərdən yaşamısan, hərdən yox.
Volter: İndi də sən istəyirsən ki, mən divanda yatım! Onda Qreysi xala güclə yatırdı. Elə ona görə də köçüb Amerikaya getdi.
Milli: Beş il Als dayı ilə divanda yatıb. Öz aramızdır, bir dəfə də dilindən şikayət eşitmədik.
Volter: Sən də söz danışdın! Als dayı ilə. Yeri gəlmişkən, bu Salli yatan çarpayı…
Ani: Hə, nə olub ki?
Volter: Heç nə. Sadəcə, o mənimdir. Mən onu öz pulumla almışam.
Ani: Düz deyir, Milli.
Milli: Doğrudan? Mənə isə elə gəlir ki, onu özüm almışam.
Ani: Doğrudur. Yaxşı yadımdadı.
Volter: Sən gedib onu seçmisən. Bəs pulunu kim verib.
Ani: Düz deyir, Milli. Çarpayının pulunu o ödəyib.
Volter: Bəs mənim zəhrimara qalmış əşyalarım hardadı? Çamadanım hardadı?
Ani: O icazə verdi ki, sənin əşyaların şkafda qalsın. Düzdür, Milli?
Volter: Məsələ, təkcə əşyalarda deyil. (Pauza) Görün nə deyirəm: gərək o, burdan rədd olub getsin.
Milli: O, heç yana getməyəcək.
Volter: Belə niyə?
Ani: Getmək istəməyəcək.
Milli: Məncə, istəməyəcək. (Pauza)
Volter: (yorğun) Niyə divanda o yatmır?
Ani: Belə gözəl qız divanda yatsın?! Qonaq otağında?!
Volter: Belə məlum olur ki, o hələ gözəldi də?
Milli: Sən bir görsəydin onun güzgüsünün qabağına nə qədər krem düzülüb.
Volter: (qaşqabaqlı) Mənim güzgümün.
Milli: Xoşum gəlir özünə fikir verən qızlardan.
Ani: Hər axşam bəzənir.
Milli: Səhər-axşam vannadan çıxmır. Məktəbə getdiyi günlər evdən çıxmazdan əvvəl, başqa vaxt isə yatmazdan qabaq vanna qəbul edir.
Volter: Daha yatağa girəndən sonra yuyunmayacaq ki! Kimdi bu qız?
Milli: Xarici dilləri öyrədir.
Ani: Qoxusu isə bütün evə yayılır.
Volter: Qoxuyur?
Ani: Əla ətirləri var.
Milli: Elə gözəl, incə ətri var ki.
Volter: Bir sözlə, yaxşı iydir.
Ani: Evdən gözəl ətir gəlməyin nəyi pisdi?
Milli: Biz ətirin əleyhinə deyilik.
Ani: Özü də yaman modabazdır.
Milli: Son dəbə uyğun geyinir.
Ani: Mənim cavan vaxtı geyindiyim kimi.
Milli: Ya da mənim.
Ani: Əlbəttə. Amma sən heç vaxt mənə çatmamısan.
Milli: Düz deyil. Mən həmişə dəblə geyinmişəm. (Pauza)
Volter: O bilir, mən harada idim?
Ani: Əlbəttə.
Volter: Ona demisiniz ki, məni qazamata basıblar?
Ani: Hər şeyi olduğu kimi danışmışıq.
Volter: Niyə tutulduğumu da?
Milli: Yox, bunu deməmişik.
Ani: Bu məsələni müzakirə etməmişik. Ümumiyyətlə o, buna o qədər də əhəmiyyət vermədi. Düzdür, Milli? Baxmayaraq ki, sənin başına gələnlər onu maraqlandırdı.
Volter: (qısa fasilələrlə) Maraqlandırdı? Belə de.
Ani: Hə, maraqlandırdı.
Volter: (Qəfildən ayağa qalxır) Çamadanımı hara qoyum?
Ani: Dəhlizə qoymaq olar.
Volter: Demək istəyirsən, hər dəfə mənə çamadan lazım olanda dəhlizə qaçmalıyam? (Pauza) Mən belə şəraitə çox davam gətirə bilmərəm. Mən tək yaşamağa öyrəşmişəm. O isə, gecə-gündüz istədiyi vaxt sallana-sallana o başa bu başa – gəzəcək. Axı, bura qonaq otağıdır. Bir də ki, mən tanımadığım adamla bir stol arxasında oturmaq istəmirəm.
Ani: O yalnız otağı kirayələyib. Bir də səhər yeməyinin pulunu verir, mən də yeməyi otağa aparıram.
Volter: Nə səhər yeməyi?
Ani: Qaynanmış yumurta və bir iri vetçina tikəsi. Ümumiyyətlə, iştahı yaxşıdır.
Volter: Hamısı da həftədə 35 funt yarıma ? Başqaları xidmət üçün üç funt, üstəlik də on şillinq alır. O, sizə kələk gəlib. İsti-soyuq su, hər cür şəraiti olan ev, rahat yataqda səhər yeməyi… O, sizi barmağına dolayıb!
Ani: Heç də yox!
Volter: Mən öz otağıma qalxmalıyam. Bəzi əşyalarımı götürməliyəm.
(Çıxır)
Volter ikinci mərtəbədə otağının qarşısında dayanıb. Salli vanna otağından çıxır.
Salli: Mister Strit?
Volter: Bəli.
Salli: Çox şadam. Sizin haqqınızda çox eşitmişəm.
Volter: Belə… (Pauza) Mən…
Salli: Gözəl xalalarınız var.
Volter: M… m… m… (Pauza)
Salli: Evə qayıtdığınız üçün sevinirsiniz?
Volter: Otağımdan bəzi şeyləri götürməliyəm.
Salli: Hə, əlbəttə. Ümid edirəm, tezliklə görüşəcəyik. Sağ olun!
(Otağına keçir).
Volter: (Arxasınca gedib dayanır) Olar?..
Salli: Nə?
Volter: İçəri keçə bilərəm?
Salli: İçəri? Ancaq… Əlbəttə, əgər istəyirsinizsə.
(Otağa daxil olurlar. Volter arxasınca qapını örtür. Sallini daban-dabana izləyir.)
Salli: Bağışlayın, otaq səliqəsizdir. Bütün gün məktəbdə oluram. Yır-yığışa vaxt qalmır. (Pauza) Deyəsən, siz də mənim dərs dediyim məktəbdə oxumusunuz. Elə deyil?
Volter: Tindəki? Hə, orda oxumuşam.
Salli: İnanmazsınız, sizin haqqınızda nələr eşitmişəm? Xalalarınız sizə məftundurlar.
Volter: Elə sizə də. (Pauza)
Salli: Bura mənim çox xoşuma gəlir. Xalalarınızla da yaxşı yola gedirik.
Volter: Bilirsiniz, mən burdan bəzi şeyləri götürməliyəm.
Salli: Burdan? Mənə elə gəldi ki, siz öz otağımdan dediniz.
Volter: Hə də. Bu, axı, mənim otağımdır.
(Pauza)
Salli: Bu?
Volter: Siz mənim otağımı tutmusunuz.
Salli: Doğrudan? Nə pis oldu? Heç ağlıma da gəlməzdi. Bu barədə heç nə bilmirdim. Mənə heç nə deməyiblər. Heyif! Otağa yerləşmək istəyirsiniz.
Volter: Etiraz etməzdim.
Salli: Ay Allah, nə pis iş oldu. Bura mənim çox xoşuma gəlir. Bəs mən harda yatacağam?
Volter: Aşağıda divan var.
Salli: Yox, mən o köhnə-külüşə etibar etmirəm. Bəs siz? Əlbəttə yaxşı divandır. Amma çarpayı əladır.
Volter: Bilirəm əladı. Mənim çarpayımdı.
Salli: Demək istəyirsiniz, sizin çarpayınızda yatıram?
Volter: Elədir ki, var!
Salli: O! (Pauza)
Volter: Burdan bir şey götürməliyəm.
Salli: Buyurun.
Volter: Amma… Bu… bu çox.. Qısası, mən tək qalmalıyam.
Salli: İstəyirsiniz, mən çıxım?
Volter: Hə. Etirazınız yoxdursa.
Salli: Tamam otaqdan çıxım?
Volter: Bir dəqiqəliyə.
Salli: Axı, siz nə axtarırsınız?
Volter: Bu… çox… məxfi məsələdi.
Salli: Tapança. (Pauza) İstəyirsiniz üzümü çevirim?
Volter: İkicə dəqiqə. Çox çəkməz.
Salli: Yaxşı iki dəqiqə. (Çıxır, arxasınca qapını örtür və pilləkənin yanında dayanır, aşağı düşmür).
Volter: (Burnunun altında) Buna bax, büzmələr, qırçınlar. Özü də mənim otağımda.
Salli: (Pilləkəndən) Vəssalam?
Volter: Bir dəqiqə də. (Şkafı açır, rəfləri axtarır, mızıldanır) Hardadı bu zəhrimar çamadan? Bu nədir? (Cırılan kağızın səsi eşidilir) Oho!
Salli: Hər şey qaydasındadır?
Volter: Hə, sağ olun.
Salli: Tapdınız?
Volter: Hə. (Qapıya tərəf gedir). Nə dərsi keçirsiniz, rəqs?
Salli: Rəqs? Yox. Qəribə sualdır.
Volter: Adi sualdır. Qadınların çoxu rəqs dərsi keçir.
Salli: Mən rəqs eləmirəm. (Pauza)
Volter: Bağışlayın. Deyəsən, axşamkı planlarınızı pozdum.
Salli: Yox, eybi yoxdur.
Volter: Gecəniz xeyrə qalsın.
Salli: Xeyrə qarşı.
(Qonaq otağı)
Ani: Bir tikə də limonlu pirojnadan yeyin, mister Solto. Görürəm, xoşunuza gəlir.
Solto: Məmnuniyyətlə. Təsəvvür edirsiniz, məni soymaq istəyirdilər. Düz üç yüz əlli funt… Gəlir vergisi. Vicdan haqqı şişirtmirəm. Deyirəm, dəli olmusunuz nədir? İstəyirsiniz, mən ölüm? Onda elə mənə bir tabut sifariş verin, özüm də gedim qəbrimi qazım. Siz bir fikir verin, üç yüz əlli funt! Deyirəm, axı harada yazılıb? Mən nə qədər pul qazanıram? Yox, siz mənə kağızı göstərin. Hesabdar çıxıblar mənim üçün! Kim hesablayıb bunu? Özünüz kimi tülkünün biri. Deyirəm ki, mən təqaüdçüyəm. Həftədə üç funt gəlirim olur. Bax belə.
Volter: Məlum məsələdi, bir dəstə yaramaz. Hamısı bir bezin qırağıdı.
Ani: Qocalara qayğı göstərən yoxdur.
Milli: Görürəm, siz enerjili adamsınız, mister Solto.
Solto: Necə adamam?
Milli: Enerjili.
Solto: Enerjili! Siz hələ mənim cavanlığımı – Avstraliyada işlədiyim vaxtları görəydiniz. Sizcə, o vaxt onlar üçün şimal zonasını kim kəşf edib. Əlbəttə, Solto!
Milli: Maraqlıdır ki, evli deyilsiniz, mister Solto.
Solto: Mən həmişə yalquzaq olmuşam. Birinci dəfə qadınlar məni yoldan çıxarmağa çalışanda öz-özümə dedim: dayan, Solto. Artıq bir addım da atma. Özünə gəl. Sərhədi keçmə. Sənin başını tovlamaq istəyirlər. Evlənmək – heç vaxt!
Volter: Bu fikir ağlınıza harda gəldi? Avstraliyada, yoxsa Yunanıstanda?
Solto: Avstraliyada.
Volter: Bəs Yunanıstana necə gedib çıxmışdınız?
Solto: Dənizlə. Bəs necə? Yol pulunu ödəyə bilmək üçün matros kimi işə düzəlmişdim. Bilirsiniz, necə gözəl səyahət idi! Yeniyetmə vaxtlarım idi. Yadımdadı, ilk dəfə necə adam öldürdüm. Bax, bu əllərimlə. Madaqasqarlı bir hindu idi. Zorba bir şey idi. Uzunluğu altı funt olardı.
Ani: Madaqasqardan?
Solto: Hə, dəqiq yadımdadı. Hindu idi.
Milli: Hindli?
Solto: Hindu. Madaqasqardan. (Pauza)
Volter: Deməli, əvvələr də başınıza belə hadisələr gəlib.
Solto: Gələcəkdə də yan keçməyəcək.
Milli: Bir tikə də İsveç kökəsindən dadın, mister Solto.
Ani: Mister Solto, mərc gəlirəm ki, özünüzə yaxşı bir arvad tapa bilərdiniz.
Solto: İstəsəydim, əlbəttə, asanlıqla tapardım. Ancaq mən – yalquzağam. Villi kimi.
Volter: Siz hələ də utillə məşğulsunuz, mister Solto?
Solto: Sakit. Bax, vergi müfəttişini də bu maraqlandırdı. Ona deyirəm, bu işi çoxdan tərgitmişəm. O isə deyir: bu vergi bəyənnamələrini doldurun. Onları hər ay sizə göndəririk. Deyirəm, mənim gəlirim- filan yoxdur. Nəyimə gərəkdi onlar ! O isə deyir, siz bu məhəllədə vergi bəyənnamələrini doldurmayan yeganə adamsınız. Siz, - deyir – qazamata düşmək istəyirsiniz? Qazamata, - deyirəm. Siz bu sözləri mənim kimi namuslu bir adama deyirsiniz? Məni – qoca təqaüdçünü qazamatla hədələyirsiniz? Sizin üçün don Bredmanı ifşa edən kim oldu? Biabırçılıqdır-deyirəm. Bütün Avropa üçün böyük biabırçılıqdır. Deyir, canım, burda çətin bir şey yoxdur! Deyirəm cavan oğlan, isəyirsinizsə kağızları doldurum, gərək əvəzində pul ödəyəsiniz. Yoxsa onları özünüz doldurun, məndən əl çəkin. Üç yüz əlli funt! Ay aldız ha!
Ani: Nə deyirsiniz deyin, mister Solto, amma sizə mütləq yaxşı bir qadın lazımdır. Bax, o, sizin vergi bəyannamələrinizi doldurardı.
Solto: Mən də elə bundan qorxuram.
Milli: Bir ekler də yeyin, mister Solto.
Ani: Onun iştahı da hələ yaxşıdır.
Solto: İştahımı xüsusi olaraq bu gün üçün itiləmişəm.
Volter: Burda axırıncı dəfə nə vaxt olmusunuz, mister Solto?
Milli: Səni apardıqları gün.
Solto: Yadımdadı, hələ nərgiz gülləri də gətirmişdim.
Ani: Doqquz ay keçib, amma hər şeyi xatırlayır. Yaddaşa bax!
Solto: Yeri gəlmişkən, onlar necədi?
Ani: Kimlər?
Solto: Nərgizlər.
Ani: Çoxdan solub gediblər.
Solto: Nə? (Ağzı dolu deyir)
Volter: Deməli, bizim kirayənişindən hələ xəbəriniz yoxdur?
Solto: Kirayənişin? Nə kirayənişin?
Volter: Hə.İndi onların kirayənişinləri də var.
Milli: Məktəb müəlliməsi.
Solto: Məktəb müəlliməsi? Bəs, harda yatır? Divanda?
Volter: Ona mənim otağımı veriblər.
Milli: Ani, kömək elə süfrəni yığışdıraq.
Solto: O vaxt Avstriyada məni yoldan çıxaran qadın da ərini evdən qovub, otağını mənə vermişdi. Xeyli keçəndən sonra onunla rastlaşdım. Hayd-parkda nitq söyləyirdi. İnsafən, pis natiq deyilmiş.
Milli: (Stoldan qab-qacağı yığışdırır) Villiyə bir az borc verə bilərsiniz?
Solto: Mən. Niyə də yox.
Milli: Siz onun dadına yetişmiş olardınız.
Solto: Yaxşı olar ki, o, Keçmiş Məhkumlara Yardım Cəmiyyətinə müraciət etsin. Orda ona kömək edərlər. Axı, sən iki dəfə həbsdə olmusan, Villi. Münasib göstəricilərin var.
Volter: Bir-iki yüzlük borc vermək sizə çətin olmaz ki, mister Solto?
Solto: Bir-iki yüzlük bura, üç yüz əlli ora. Məni bankir hesab edirsininz, nədi!
Milli: Pulları özünüzlə o dünyaya apara bilməzsiniz, mister Solto.
Volter: O, qəbiristanlığın ən varlı sakini olmaq fikrindədir.
Ani: O dünyada pul sizə o qədər də lazım olmayacaq, mister Solto.
Solto: Kim o tərəfə gedir? Siz nə danışırsınız?
Milli: Gedək, Anabel.
Ani: Hələ peçenye də var, mister Solto.
Solto: Bilirsiniz nə var, Ani. Özünüz yeyin.
Milli: Anabel!
(Ani və Milli qabları götürüb mətbəxə gedirlər).
Solto: İnan mənə, Villi, sənə kömək etmək istərdim. Ancaq indi vəziyyətim yaxşı deyil. Son vaxtlar heç bəxtim gətirmir. Bu günlərdə at yarışlarında da uduzmuşam. Pulumu «Dördüncü»yə oynadım, o isə, təsəvvür elə, axırıncı maneədən keçə bilmədi. Elə bil qəflətən radikuliti tutdu. İki gün boğazımdan çörək də keçmədi.
Volter: Mənə sizin köməyiniz lazımdı. Mən yeni həyata başlamaq istəyirəm.
Solto: Nə oldu belə, birdən-birə? Yorulmusan, nədi?
Volter: Yox. Tez-tez ilişirəm. Belə çox davam edə bilməz.
Solto: Hələ də əmanət kitabçaları ilə məşğulsan?
Volter: Hə.
Solto: Sənə demişəm axı. Bu, axmaq işdir. Saxta sənədlər düzəltmək üçün xüsusi istedad lazımdır. Bu işə ürəyini qoymalısan, başa düşürsən?
Volter: Mənimsə əlimdən gəlmir.
Solto: Aydın məsələdir. Hətta mən belə bu işi səndən yaxşı bacararam. Amma fikir vermisənsə, heç vaxt sənəd saxtalaşdırmaqla məşğul olmamışam.
Volter: İstedadım yoxdur.
Solto: Fırıldaqçı öz peşəsini sevməlidir. Sənsə işinə laqeyd yanaşırsan. Sənin bədbəxtliyin də bundadır, Villi.
Volter: Mənə bir-iki yüz funt borc versəydiniz, namuslu həyata başlayardım.
Solto: Nə danışırsan, Villi? Mən, axı, qoca təqaüdçüyəm.
Volter: Heç olmasa, otağımı qaytara bilsəydim! Hər şeyi yaxşıca götür-qoy edib yeni həyata başlayardım.
Solto: Qulaq as, axı nə məsələdi? Hansı məktəb müəlliməsi? Bir izah elə görüm.
Volter: İstəyirsiniz sizə bir şey göstərim?
Solto: Hə.
Volter: (laqeydcəsinə) Məndə bir fotoşəkil var.
Solto: (Şəklə baxır) Bu kimdir?
Volter: Bu qızı axtarıram.
Solto: O kimdir?
Volter: Mən də elə bunu bilmək istəyirəm.
Solto: Qulaq as, biz sənin peşəndən, otağından, məktəb müəlliməsindən danışırıq. Bu qızın mətləbə nə dəxli var?
Volter: Bura hansısa klubdur, elə deyil?
Solto: Əlbəttə.
Volter: Deməli, bu qız gecə klubunda işləyir?
Solto: Elədir.
Volter: Onu tapa bilərsiniz?
Solto: Mən? (Pauza)
Volter: Onun yanındakı kişiləri tanıyırsınız?
Solto: M… m… Bax, bunu, deyəsən, tanıyıram.
Volter: Bu qızı tapın mənim üçün. Bu çox vacibdir. Sizə minnətdar olaram. Siz mənə kömək edə biləcək yeganə adamsınız. Siz, axı, belə klubları tanıyırsınız.
Solto: Sən onu tanıyırsan?
Volter: (Pauzadan sonra) Yox.
Solto: Bəs bu şəkli hardan almısan?
Volter: Bu… vacib deyil.
Solto: Bəlkə şəklini görüb vurulmusan?
Volter: Hə elədir.
Solto: Hə, gözəl qızdır. Çox gözəldir. Yaxşı, Villi, çalışaram onu tapım.
Volter: Sağ olun.
(Çıxış qapısı açılıb-örtülür. Pilləkəndə ayaq səsləri eşidilir.)
Solto: Bu kimdir?
Volter: Kirayənişinimiz. Məktəb müəlliməsi.
(İkinci mərtəbə. Ani və Millinin otağı. Bacılar çarpayıya uzanıblar).
Milli: İstəmirəm. Qaynardır. Mənə soyuğunu ver.
Ani: Qaynar deyil.
Milli: Mənə elə gəlir ki, sən onu çox qızdırmısan.
Ani: Mən ora-bura vurnuxana qədər soyuyub.
Milli: Qazanda saxlamaq lazım idi. Qazanda gətirsəydin, soyumazdı.
Ani: Axı, indicə dedin ki, soyuq istəyirəm.
Milli: Soyuq istəyirəm.
Ani: Mən də deyirəm ki, soyuyub.
Milli: Bilirəm. Birdən mən isti istəsəydim necə? (Süd içir) Bir az da soyuq olsa, lap yaxşı olardı.
Ani: Bir tikə balıq verim? Ya da ki bulka?
Milli: Mən balıq istəyirəm. Bəs sən?
Ani: Aşağı düşüb bulka gətirərəm.
Milli: Bunu götür.
Ani: Lazım deyil. Aşağıda özüm üçün hazırlamışam. Bunu sən ye. Balıqdan sonra.
Milli: Bəs sən niyə balıq yemirsən?
Ani: Bilirsən, indi mən nə yeyərdim? Sardinaya yox deməzdim.
Milli: Mənsə siyənəyə. Bir iri siyənək tikəsini nə vaxt desən, yemək olar.
Ani: Bir- iki sirkəli sardina. Və bir fincan isti şokolad.
Milli: İsti şokolad?
Ani: Kalaktonda isti şokolad içməyimiz yadında deyil?
Milli: İsti şokolad siyənək balığı ilə?
Ani: Axı, mən siyənək balığı yemirəm. Mən sardina yeyirəm.
(Pilləkəndə addım səsləri eşidilir).
Ani: Eşidirsən? (Qapını azca aralayıb qulaq asır. Villi otağının qapısını döyür. Boğuq səslər eşidilir).
Salli: Bəli.
Volter: Mənəm.
Salli: Bir dəqiqə. Buyurun (Astadan açılan qapının səsi eşidilir)
Volter: Salam. İşlər necədir?
Salli: Əla. (Qapı örtülür)
Ani: Volter ordadı.
Milli: Volter ordadı nə deməkdir?
Ani: İçəri keçdi.
Milli: Hara?
Ani: Sallinin otağına.
Milli: Öz otağına.
Ani: Yaxşı, öz otağına.
Milli: Artıq otaqdadır?
Ani: Hə.
Milli: Qız da ordadır?
Ani: Hə.
Milli: Deməli, Salliylə bir yerdədi?
Ani: Hə.
Milli: Get qulaq as. (Ani çıxır)
(Sallinin otağı)
Volter: Dadına baxın. Sizin üçün gətirmişəm.
Salli: Bu nədir?
Volter: Brendi.
Salli: Nə münasibətlə?
Volter: Sadəcə… düşündüm ki... Bir-birimizi daha yaxından tanımalıyıq. Bir damın altında yaşayırıq.
Salli: Ancaq…
Volter: Siz içirsiniz?
Salli: Əslində yox.
Volter: Aradabir bir-iki qədəh də içmirsiniz?
Salli: Nadir hallarda.
Volter: Onda mənimlə də azca için.
Salli: Yaxşı, amma lap az. Nədə içəcəyik?
Volter: Narahat olmayın, özümlə gətirmişəm.
Salli: Əvvəlcədən hazırlıq görmüsünüz?
Volter: (Şüşəni açıb süzür) Sizin sağlığınıza.
Salli: Sağlığınıza.
Volter: İstəyirəm… Dünən sizinlə kobud danışdım. Bağışlayın.
Salli. Nə danışırsınız? Boş şeydir.
Volter: Məsələ burasındadır ki, mən hələ öyrəşməliyəm. Mənim otağımda yaşamağınıza.
Salli: Deyirəm, bəlkə otağı birtəhər bölüşdürək?
Volter: Bölüşdürək?
Salli: Demək istəyirəm, siz də bu otaqdan istifadə edə bilərsiniz. Deyək ki, mən evdə olmayanda.
Volter: Başa düşmürəm necə?
Salli: Çox sadə. Axı, mən bütün gün məktəbdəyəm.
Volter: Bəs gecə?
Salli: Bəzən elə gecə də. Həftədə üç dəfə məktəbə gedirəm.
Volter: Nə məktəb?
Salli: Mən axşam məktəbinə gedirəm. Xarici dilləri öyrənmək üçün. Sonra isə adətən rəfiqəmlə harasa gedirik. O, tarix müəlliməsidir. Musiqiyə qulaq asırıq.
Volter: Hansı musiqiyə?
Salli: Motsarta, Bramsa, yaxud bu qəbildən başqa müsiqiyə.
Volter: A…a… o qəbildən… (Pauza) Bir az da içərsiniz?
Salli: Mən…
Volter: (Süzür) Bircə qədəh.
Salli: Sağ olun. Sağlam olun. (Pauza)
Volter: Öz aramızdır, sizə qədər burda bir qadın da olmayıb.
Salli: Belə de.
Volter: Düzdür, uşaqlar, tez-tez gəlirdilər. Burda silahlı basqınlar üçün plan qururduq.
Salli: Doğrudan?
Volter: Xalalarım sizə deməyiblər məni niyə tutmuşdular?
Salli: Yox.
Volter: Məhz elə bu silahlı basqına görə. Axı, mən soyğunçuyam. Heç mənim kimilərinə rast gəlmisiniz?
Salli: Deyəsən, yox.
Volter: Əslində, pis həyat deyil. Çoxlu boş vaxt və əgər belə demək mümkünsə, ödənişli məzuniyyət. Yox, düz sözümdür. Bundan da pis məşğuliyyətlər var. Məndən qorxmursunuz ki?
Salli: Qətiyyən. Məncə, siz çox füsunkar soyğunçusunuz.
Volter: Bax , bunu düz deyirsiniz. Buna görə də dustaqxanada hamıyla yola gedirdim. Məndə anadangəlmə məlahət var. Bilirsiniz, mən orda nə ilə məşğul idim? Təsəvvür edə bilməzsiniz. Həbsxananın kitabxanasına rəhbərlik edirdim. Həbsxana tarixinin ən yaxşı kitabxanaçısı idim. Azadlığa çıxdığım gün həbsxananın rəisi şəxsən məni yola salmağa gəlmişdi. Düz darvazayacan ötürdü. Dedi ki, mən əl atandan kitabxana tanınmaz dərəcədə dəyişib.
Salli: Gözəl tərifdir!
Volter: (Süzür) Bir də dedi ki, soyğunçuluqdan əl çəksəm, Britaniya muzeyində işə düzəlmək üçün mənə tövsiyə məktubu verə bilər. Nadir əlyazmalar şöbəsində. Yəni öz fikrini bildirərdi, başa düşürsünüz?
Salli: Nə olar, məncə, çox münasib bir işdir.
Volter: Sağlığınıza! Deyirsiniz münasibdi hə? Hə, əlbəttə, maraqlıdır. Bilirsiniz, axı, mən nadir əlyazmalarla işləmişəm. Bir vaxtlar onları axtarıb tapan bir oğlan tanıyırdım.
Salli: Nə axtarıb tapırdı?
Volter: Nadir əlyazmaları. Qəbirlərdən. Mən də ona kömək edirdim. Hərdən yaxşı gəlir gətirirdi. Asan iş deyil. Əlyazmaları birbaşa ölülərdən qoparmalı olurduq. Böyük bir maqqaş götürürsən, çanaq sümüklərini aralayıb əlyazmanı götürürsən. Meyitdə əl izi qoymaq olmaz, başa düşürsünüz? Belə bir kilsə qətnaməsi var. Bilirsiniz, həyatımın ən böyük sarsıntısını nə vaxt keçirmişəm? Üstümə skelet aşanda. Az qala qulağımı dişləyəcəkdi. Çox qəribə hisslər keçirirdim. Mənə elə gəlirdi ki, mən özüm də skeletəm, o isə, gecə məni öpməyə gələn, itkin düşmüş əmimdir. Siz heç qəbrə girmisiniz? Tövsiyə edərdim. Ciddi deyirəm. Həyəcan keçirmək istəyirsinizsə.
Salli: Onsuz da hamımız bir gün qəbrə girəcəyik.
Volter: Bilmirəm, bilmirəm. Birdən dənizdə boğulsanız necə? Məgər ola bilməz?
(Ani və Millinin otağı. Ani barmaqlarının ucunda otağa daxil olur, qapını örtür, çarpayıya uzanır)
Milli: Hə,Nə oldu?
Ani: Söhbət edirlər.
Milli: Nədən?
Ani: Məndən soruşma.
Milli: Get, yaxşı-yaxşı qulaq as.
Ani: Niyə özün getmirsən?
Milli: Mən yerimə girmişəm.
Ani: Mən də.
Milli: Axı, mən səndən qabaq uzanmışam.
(Ani deyinə-deyinə ayağa qalxır, qapıya yaxınlaşır, açır və çıxır)
Volter: Şimaldansınız?
Salli: Əla! Mənsə düşünürdüm ki…
Volter: Ləhcələri asanlıqla ayırd edirəm.
Salli: Mənə isə elə gəlirdi ki, ləhcədən canımı qurtarmışam.
Volter: Gözlərinizdə də nə isə var… bunu yalnız lankaşırli qızların gözlərində görmək olar.
Salli: Doğrudan? Onların gözlərində nə var ki?
Volter: (Yaxınlaşır) Məncə, mənim yanımda nədənsə sıxılırsınız. Nədən?
Salli: Heç də yox.
Volter: Bəs, nə olub? Elə bil, nədənsə çəkinirsiniz?
Salli: Əksinə.
Volter: Bir az ürəkli olun. Dünən daha yaxşı görünürdünüz.
Salli: Mənə isə elə gəlir ki, dünən siz başqa cür idiniz. Bu gün isə özünüzə oxşamırsız.
Volter: Məndən qorxmaq lazım deyil. Soyğunçu olsam da, məni intelligent quldur hesab edirlər.
Salli: Qorxmuram. (Pauza)
Volter: Xalalarımın çox xoşuna gəlirsiniz. Mənə elə gəlir ki, onlar hətta bizi evləndirmək fikrinə düşüblər.
Salli: Nəə?..
Volter: Elədir ki, var. Məncə, onlar mənə münasib arvad tapdıqları üçün sevinirlər.
Salli: Maraqlıdır.
Volter: Sizi elə buna görə bura gətiriblər. Ancaq onlar bir şeyi unudurlar.
Salli: Nəyi?
Volter: Mən üç dəfə evli olmuşam.
Salli: Bu gün qəribə ovqatdasınız.
Volter: Gözlərinizin ucbatından. Mənə elə baxırsınız ki…
Salli: Elə sizin də gözəl baxışlarınız var.
Volter: Əsl şimallılara xas gözləriniz var. Alovlu baxışlarınız var.
Salli: Çox sağ olun.
Volter: (Süzür) Şüşənin axırına çıxaq? İrəli.
Salli: Gözlərimizin sağlığına.
Volter: Mən də düşünürdüm ki, siz həqiqətən, içən deyilsiniiz. Amma, siz möhkəm içirsiniz. Yəqin məktəbdə məşq edirsiniz. Tənəffüslərdə. Voleyboldan əvvəl. Bəlkə də axşam məktəbində, hə? Mərc gələrəm ki, orda vaxtınız pis keçmir. Danışın də, orda nə ilə məşğul olursuz?
(Ani və Millinin otağı. Ani qayıdır. Əsnəyə- əsnəyə yerinə girir).
Ani: Hələ də danışırlar.
Milli: (Yuxulu-yuxulu) Nə barədə?
Ani: Ayırd edə bilmirəm.
Milli: Gərək mən gedəydim. Sən əməlli-başlı karsan.
(Hər ikisi çaprayıda çevrilib yerlərini rahatlamağa çalışırlar. Taxtalar cırıldayır).
Ani: Bu bulka yenə də mənim mədəmi qıcqırdır. (sakitcə) Gecən xeyrə qalsın.
(Milli cavab vermir: xorultusu eşidilir)
(Sallinin otağı)
Salli: Bilirsiniz, axı, mən tək yaşayıram. Demək olar, heç kimlə ünsiyyət qurmuram.
Volter: Məndən başqa. Mənimlə ünsiyyət qurursunuz.
Salli: Hər cür əyləncədən uzağam.
Volter: Deməli, mən sizi mütləq əylənməyə aparmalıyam. Sizə bir-iki yer göstərərəm.
Salli: Oy, yox, mənlik deyil.
Volter: Bəs siz nə xoşlayırsınız? (Pauza)
Salli: Burda uzanmağı… təkcə…
Volter: Mənim çarpayımda.
Salli: Hə.
Volter: Bəs, siz burda nə edirsiniz?
Salli: Düşünürəm.
Volter: Təsadüfən dünən gecə, məni xatırlamadınız ki?
Salli: Sizi?
Volter: Otağı bölüşdürmək barədə təklifinizi götür-qoy edəcəyəm. (Pauza) Mərc gəlirəm ki, indicə mənim haqqımda düşündünüz. (Pauza)
Salli: Nəyə görə?
Volter: Mən isə sizi düşünürəm. (Pauza) Özüm də başa düşmürəm ki, bu otaqdan ötrü niyə belə hay-küy salmışdım. Otaqdır da, elə bir gözəlliyi də yoxdu. İçində yaşayan siz olmasaydınız, otaq haqqında danışmağa belə dəyməzdi. (Pauza) Niyə də burda qalmayasınız? Öz aramızdır, mən evli deyiləm. Elə-belə dedim. Mənim heç kimim yoxdur. Düzü… düzü, hələ də özümə yaxşı bir həyat yoldaşı axtarıram.
Salli: Deyəsən, mən burdan köçməli olacağam.
Volter: Hara gedəcəksiniz? (Pauza)
Salli: Bir yer taparam.
Volter: Bəlkə sahilə? Mən də sizinlə gedərdim. Birlikdə balıq tutardıq… Körpüdən. Hə, getmək olar. Ancaq burda da qalmaq olar. Bax, elə burdaca – bu yerdə.
Salli: Doğrudan?
Volter: Oturun.
Salli: Nə?
Volter: Oturun. (Pauza) Ayağınızı ayağınızın üstünə aşırın.
Salli: M-m-m-m?
Volter: Hə, qoyun ayağınızı ayağınızın üstünə. (Pauza) İndi götürün (Pauza). Bir də ayağınızı ayağınızın üstünə qoyun. (Pauza) İndi isə götürün. (Səssizlik)
(Gecə klubu. Boğuq musiqi səsi.)
Tali: Bilirsən, nə var: bu … bir dəqiqə gözlə, təxminən on il əvvəl. Mən axırıncı dəfə Riçmondda olanda.
Solto: Hə, Donki Klubda.
Tali: Hə, hə Donkidə. Əlbəttə, orada. Mən ordan üç il əvvəl çıxmışam.
Solto: Bəs neçə müddətdir buradasan? Axı, üç ildən çoxdur ki, buralara ayaq basmıram.
Tali: Belə çıxır ki, yollarımız ayrılıb. Mən üç il əvvəl bura qayıtmışam. Düz üç il əvvəl. (Ofisiantı çağırır) Çarli! (Çırtıq çalır)
Solto: Etiraf edim ki, sən gələnə qədər bura bərbad bir yer idi.
Ofisiant: (Stola yaxınlaşır). Təzələyim, mister Tali?
Tali: Hə. Özü də necə bərbad? Elə buna görə də məni bura dəvət etdilər: dəyərli bir iş görmək istədilər. Xahiş etdilər ki, burda səliqə-səhman yaradım. Bilmək istəyirsən nədən başladım? Üç il əvvəl ilk işim bu oldu ki, 10-15 əclafı burdan qovdum.
Solto: Bəs, əvəz çıxmaq istəmədilər?
Tali: Onlar mənim heç yanımdan da ötə bilməzlər. Yadımdadır, Blakxitdə nə oyun çıxartdım?
Solto: Hə, lap çoxdan.
Tali: Çoxdan dedin qoydun. Müharibə hələ başlamamışdı. Yadındadı, Blakxitdə neylədin?
Solto: Blakxit. Hə, Blakxiti yadımıza salsaq, söhbət uzanacaq.
Tali: Sağ ol, Çarli. Sənin sağlığına. (Pauza) Gördüyün kimi bura artıq bərbad vəziyyətdə deyil. Əvvəla, orkestrimiz var. Hə, ola bilər, orkestr bir az böyük səslənir: piano və kontrabas – amma musiqiçilərimiz əladır. Sonra müştərilərimiz. Çox dəyərli müştərilərimiz var. Çoxlu musiqiçilər gəlir… e…e… elə musiqiçilərin özləri də yaxşı müştərilərdir. Bir də ki, iş adamları, əlbəttə. Yüksək təbəqənin nümayəndələri. Elə bu yaxınlarda bir-ikisi ilə söhbət eləmişəm. Hempton – Koptdan gəlirlər… daha haralardan gəlmirlər… Tvikenhemdən, Datçetdən. Belə.
Solto: Hətta Datçetdən də?
Tali: Əlbəttə. Onlara nə var ki. Otururlar maşına… Uzun yoldur məgər? Axı, burda yaxşı istirahət edirlər. Bilirsən də, bizə gecə saat ikiyə qədər işləməyə icazə verirlər. Bir də ki, quşcuğazlarımızın üçü daim burda olur. Bəs, sən nə əcəb buralara gəlmisən?
Solto: Belə də, əslində elə bir səbəb yoxdur, Siril. Dediyin kimi, bir quşcığazı axtarıram.
Tali: Bizim tərəfdəki quşcığuzlardan?
Solto: Sözü göydə alırsan, dostum. Həmişəki kimi.
Fali: Deməli, nailiyyətlərimiz qulağına çatıb. Arxayın ol. Burda bizim elə gözəl bulkalarımız var ki! Əla növ! Çoxu məktəbi qurtaran kimi bura qaçır.
(Oradaca. Qadınlar üçün soyunma otağı).
Barbara: Bəs o, nə dedi?
Salli: Bir bazar günü yanıma gəl, - deyir. Əsl ailəvi yemək təşkil edək. Arvadımla tanış olarsan. Təsəvvür edirsən? Hə, - deyirəm, - mütləq. Bəs sən ona nə deyəcəksən. Deyəcəksən ki, bacınam? Narahat olma, - cavab verir, - o, müasir fikirli qadındır. O hətta sevinəcək. Səni gördüyünə çox şad olacaq.
Mevis: Mən belə sözləri çox eşitmişəm.
Salli: Elə mən də ona belə dedim. Dedim ki, belə sözləri çox eşitmişəm. İndisə, itil burdan, bildin? Nə qədər ki, polis çağırmamış, dur, itil.
Barbara: Hansı: O burnu uzun olan?
Salli: Aha.
Müdir: (qapıdan boylanır) Tərpənin, qızlar. Başlayırıq.
Barbara: Nə cürətlə bura baxırsınız? Axı, burda təkcə qadınlardı.
Müdir: Yaxşı, sakit ol. Tərpənin. Konkilərinizi geyinin. (Salliyə müraciətlə) Siril səni soruşurdu. Dedi ki, onun stoluna yaxınlaşasan. Özü də tez.
Salli: Bir gün buna bir qapaz ilişdirəcəyəm.
Barbara: Hə, bəs sonra?
Salli: Sonra da deyir ki, gəl, çay kənarına gedək. Səni yastıdibli qayıqda gəzdirərəm.
Mevis: Nədə?
Barbara: Yastıdibli qayıqda.
Mevis: O nə qayıqdır elə?
Salli: Mənsə ona: yastıdibli qayıqda? Səninlə? Sən dəli olmusan? Yox-dedim - Heç vaxt.
Barbara: Əvvəllər deyirdin ki, ondan xoşun gəlir.
Salli: Əvvəllər mənə elə gəlirdi. Axı, o, Avstraliyadan gəlib. Onun Avstraliyadan qalma çoxlu axmaq xasiyyəti var. Onun vərdişləri mənim lap ürəyimi qaldırır.
Müdir: Tez olun, qızlar! Bir sözü neçə dəfə deməliyəm? Özünüzü unutmayın. Bura sizin üçün Brayton çimərliyi deyil. (Salliyə müraciətlə) Siril səni masasına çağırır.
Salli: Bir gün mən bunun qulağını kəsəcəyəm. (Çıxır)
(Zal)
Solto: O dəqiqə öz-özümə dedim, lənət şeytana, bu qız çox gözəldir.
Tali: Elədir.
Solto: Düşündüm ki, bəlkə də onu tapa bildim.
Tali: Düz fikirləşmisən. Bu da özü. Bura gəl, əzizim. Tanış ol: köhnə dostum – Ambrouz Solto.
Salli: Çox şadam.
Tali: Əyləş, Ambrouz. İstəyirəm bu qızla yaxndan tanış olasan. Axı, o, burda işləyən qızların ən ağıllısıdır. Təsəvvür edirsən, üç dil bilir.
Solto: Hansı dilləri bilirsiniz?
Salli: Başlanğıc olaraq onu deyim ki, ingilis dilini bilirəm.
Solto: Bu qız həm də hazırcavab imiş ki!
Tali: Hazırcavab? Yox, ondan da artıqdır. O, mənim sevimlimdir.
Solto: Bəlkə deyəsiniz, adınız nədir?
Salli: Katina
Solto: Katina. Təsadüfə bax! Mənim ilk məhəbbətimin də adı Katina idi.
Tali: Ola bilməz.
Salli: Doğru deyirsiniz, mister Solto?
Solto: Hə. Afinada. Onda mən hələ uşaq idim.
(Ani və Millinin evi. Qonaq otağı)
Volter: Eletrik qatarı ilə Soutendə qədər getdim. Vəssalam.
Ani: Soutendə qədər? Nə münasibətlə?
Volter: Dənizə baxmaq, sahildə gəzmək istəyirdim. Məncə, yaxşı yerdir. Bir az orada gəzdim və qayıtdım. Bir az dəniz havası uddum. Vəssalam. (Pauza)
Ani: Bizdən nə isə gizlədirsən?
Volter: Heç nə?
Ani: Bəsdi, Villi. Düzünü de. Onun haqqında nə fikirdəsən? O, çox qəşəngdi, elə deyil?
Volter: Kim? Yuxarıda yaşayan qız? Doğrudan çox qəşəngdi.
Ani: Xoşuna gəlir?
Volter: Kim?
Ani: Məgər yox?
Volter: Kim? Yuxarıda yaşayan qızı deyirsən? Hə?
Ani: Nə nala - mıxa vurursan? Birdəfəlik sözünü de.
Volter: Nala - mıxa vurmadan… birbaşa düzünü desəm… bəli o, çox gözəldir.
Ani: İlk görüşdən o, sənin xoşuna gəlib. Düz demirəm?
Volter: Yox bir, ilk baxışdan… düz demirsən… yalnız ikinci dəfə baxdıqdan sonra hər şey dəyişir. Əlbəttə, əgər başa düşsən, mən nə demək istəyirəm.
Ani: Otağını da çox gözəl bəzəyib. Düzdü?
Volter: Hə, qiyamətdir!
Ani: Hər yeri necə sahmana salıb, gördün? Əsl qadın səliqəsi ilə.
Volter: Hə, bunu lap düz dedin.
Ani: Bir azdan qayıdacaq. Axşam məktəbindən. Məncə, yarımca saatdan sonra.
(Gecə klubu. Zal)
Solto: Necədi? Xoşuna gəldi?
Salli: Ritmi çox gözəl tutursunuz, mister Solto. Böyük həzz aldım.
Solto: Ritmi çox yaxşı duyuram. Bu, məndə anadangəmədir. Ayaqlarım öz-özünə rəqs edir. Öz-özünə. Düz sözümdü. Yadımdadı, onunla dəniz kənarında rəqs edərdik.
Tali: Hə, necəsiniz? Görürəm, yaxşı yola gedirsiniz.
Solto: Əla yola gedirik.
Salli: Çox gözəl.
Solto: Səhnədə bizi gördün?
Tali: Orda neynirdiniz?
Salli: Rəqs edirdik.
Solto: Eh, sən onu Blakxitdə görəydin! Yaxşı, Siril, get. Biz hələ bir az da əllaməlik edəcəyik.
Tali: Kef sizindi. (uzaqlaşır)
(Solto və Salli masaya qayıdırlar).
Solto: Sənə bir söz demək istəyirəm, Salli.
Salli: Hə.
Solto: Mənim kiçik bir çimərliyim var. Çayın cənub sahilində kiçik torpaq sahəsi. Orda kiçik bir evim də var. Ümumiyyətlə, o qədər də kiçik deyil. Düzünü desəm, böyük bir evdir. Divarları hind xalçaları ilə örtülüb. Pəncərələri dənizə açılır. Dənizin dalğaları düz artırmaya qədər gəlir. Divanda uzanıb dalğlaların yaxınlaşmağına tamaşa etmək olar. Necədi?
Salli: Nə deyə bilərəm… cəlbedici.
Solto: Onda bazar günü ora gedirik.
Salli: Axı mən…
Solto: Bəhanə eşitmək istəmirəm. Çimərlikdə tonqal da qalayarıq. İri bir donuz qızardarıq, söz verirəm!
Salli: Bəs, donuzu hardan alacaqsan?
Solto: Fransadan gətirdəcəyəm. lap təzə donuz əti. Qoy sənə bir sirr açım. Mən bura təsadüfən gəlməmişəm.
Salli: Necə yəni?
Solto: Səni axtarıb tapmışam. Təsadüfən sənin bir şəklini görmüşdüm. Bax bunu. Fotoqrafı tapdım, klubun yerini ondan öyrəndim. Və budur qarşındayam.
Salli: Bəs şəkli hardan götürmüsən?
Solto: Bunu demək istəməzdim. Bilirsən, əvvəl səni bir dostumun xahişi ilə axtarmağa başladım.
Salli: Hansı dostunun?
Solto: Narahat olma, səni harda tapdığımı ona demərəm. İcazə vermərəm ki, onun kimisi sənin kimi gözəl bir qıza sahib olsun.
Salli: Onun adı nədir?
Solto: Adı – Villi. Villi Strit. Tez-tez qazamata düşür. Saxta sənədlər, xüsusilə də əmanət kitabçaları üstündə. Adi kələkbaz. Onu tanıyırsan?
Salli: Yox.
Solto: Gülməlidir. Bilmirəm, o, nə… yaxşı. Unut getsin. Amma ona haqq qazandırmaq olar. Şəkli mənə göstərməsəydi, indi mən harda olardım hə? Bəs sən? Sən harda olardın?
Salli: Doğrudan da. Mən indi harda olardım?
(Ani və Millinin evi. Qonaq otağı. Qapının zəngi çalınır. Volter ikinci mərtəbəyə aparan qapıdan çıxır, qonaq otağından keçir. Zala açılan qapının arxasında gizlənir).
Solto: (Səhnə arxasından) Salam, Villi. Bir dəqiqəliyə gəlmişəm. Taksi məni gözləyir.
(Qonaq otağı)
Volter: Hə, işlər necədir? Qızı tapdınız?
Solto: Hansı qızı?
Volter: Qızı də. Yadınızdadır, sizə şəklini göstərmişdim? Unutmusunuz?
Solto: Həə. O qız! O tapmağa çalışdığım qızı deyirsən?
Volter: Hə onu. Qıza görə gəlmisiniz?
Solto: Düzdür, Villi. Ona görə gəlmişəm.
Volter: Elə belə də bilirdim.
Solto: Düz tapmısan.
Volter: Bəs, o hardadır?
Solto: Səninlə elə bu barədə danışmaq istəyirəm. Mən onu tapa bilmədim.
Volter: Tapa bilmədininz?
Solto: Sanki göyə çəkilib. Gəldim, bunu sənə deyim.
Volter: Sanki göyə çəkilib?
Solto: Hə.
Volter: Mənsə düşünürdüm ki, siz onu tapmısınız.
Solto: Heç izi-tozu da yoxdur. Hamıdan soruşdum. Madriqaldan, Pedrodan. Gördüm deyən olmadı. Dayan, amma, deyəsən, Pedro dedi ki, onu nə vaxtsa Madriddə «Şən evlər»də görüb. O, bir vaxtlar Madriddə olub. Xəbərin yoxdu?
Volter: Hardan xəbərim olsun? Mən onu tanımıram.
Solto: Elə bilirdim, onunla tanışsan.
Volter: Heç klubu da tapa bilmədiniz?
Solto: Hansı klubu:
Volter: Şəkildəkini.
Solto: Yox, tapa bilmədim. Əvəzində fotoqrafı tapdım, yanına getdim.
Volter: Nə dedi?
Solto: Evdə yox idi. Kanadaya gedib. Konfransa.
Volter: Hansı konfransa?
Solto: Diş həkimlərinin konfransına. Diş həkimi olmaq fikrinə düşüb.
Volter: Bəs fotoqraflıqdan niyə imtina edib?
Solto: Daha şəkil çəkməkdən xoşu gəlmir. Belə hadisələr tez-tez olur. Mənə bir fincan kofe süzüb, bütün həyatını danışdı.
Volter: Kim?
Solto: Qardaşı. Qabar cərrahı. Təsəvvür edirsən, oğlan elə böyük cəncələ düşüb ki, içkiyə qurşanıb. Özünü idarə edə bilmir.
Volter: Bura baxın, Mister Solto, yerinizdə olsam, daha özümü yormazdım.
Solto: Fikrimi bilmək istəsən, məncə, o şəkil saxtadır. Həqiqətdə nə belə bir klub, nə də belə bir qız var.
Volter: Mən də belə düşünürəm. (Pauza)
Solto: Doğrudan?
Volter: Eynilə bu cür düşünürəm. (Pauza)
Solto: Nə bilmək olar, bəlkə də haqlısan.
Volter: Şəkil də.. əlbəttə ki, saxtadır. Siz onu heç vaxt tapa bilməzsiniz.
Solto: Necə yəni saxta? Elə bilirdim, onunla tanışsan.
Volter: Mən belə söz deməmişəm.
Solto: Bəs mən nə deyirəm? Axtarmalı bir adam yoxdur. Sən onu görməmisən, mən görməmişəm. Onda bəs biz kimi axtarırıq?
Volter: Əslində heç belə bir adam yoxdur. (Pauza)
Solto: Hər halda! Axı bu şəkildir. Orda real adamlar əks olunub.
Volter: Mən onların heç birini tanımıram. (Pauza)
Solto: Məsləhətimə qulaq as, Villi. Bu şəkli yadından çıxart. Unut getsin.
Volter: Mən də sizə bunu məsləhət görürəm, mister Solto.
(Qapı açılır. Pilləkəndə ayaq səsləri)
Solto: Bu kimdi?
Volter: Məktəb müəlliməsi.
Solto: Bax, sənə onun kimisi lazımdır. Ali təhsillidir. Düzdür, evə tez qayıtsa yaxşı olardı. Hardan gəlir? Axşam məktəbindən?
(Volter ikinci mərtəbəyə açılan qapıdan içəri keçir. Pilləkənlə qalxır. Sallinin qapısını döyür)
Volter: Otaqdasınız? (Qapını özünə tərəf çəkir). Ordasınız? Sizinlə danışmaq istəyirəm. Bir dəqiqəliyə qapını açın. İcazə verin içəri keçim. Xahiş edirəm. Sizə nə olub? Lənət şeytana! Qapını açın. Sizinlə danışmalıyam.
(Sükut).
(Qonaq otağı. Ani və Milli içəri keçirlər)
Ani: Çıxıb gedib.
Milli: Necə yəni gedib?
Ani: Bu da məktub.
Milli: Hara gedib?
Ani: Məktub yazıb.
Milli: Oxu.
Ani: (oxuyur) Əziz ev sahiblərim. Təəssüf ki, gözlənilməz səbəblərə görə evi tərk etməli oldum. Nə vaxt qayıdacağımı bilmirəm. Ona görə qərara aldım ki, əşyalarımın hamısını aparım. Sizi oyatmağa qıymadım. Sağ olun. Görüşənədək. Villiyə hər şeyi özüm izah edərəm.
(Ani Villinin yatdığı divana yaxınlaşır.Milli pilləkənə açılan qapıya tərəf gedir.)
Ani: Oyan, Villi. (Pauza) O gedib.
Volter: Kim?
Ani: Məktub da yazıb. Bax.
(Volter məktubu oxuyur)
Volter: Hə… neynək… görünür getməli olub.
(Pauza)
Ani: Sən onunla dalaşmısan, Villi?
Volter: Yox.
Ani: Dünən axşam məktəbindən qayıdanda onu görmədin?
Volter: Yox.
Milli: (Gəlir) Budur. Bu şəkli onun otağından tapdım.
Ani: Bir bax, necə də sevimlidir! Əlində voleybol topu var.
Milli: Məktəbli qızların əhatəsində.
Ani: Heç bilmirdim, o, idman dərsi keçir. Bu barədə bizə heç nə deməyib.
(Pauza)
Milli: Görünür, o, həmişəlik gedib.
Volter: Hə, oxşayır.
(Son)
Tərcümə: Ülkər Nəsibbəyli
http://www.dilmanc.net/b399d304304-t399rcuumlm399l399r.html