ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual Kitabxananın təqdimatında
Bu elektron nəşr http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan romanı” Kulturoloji-bədii Layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 03
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 03 - 67 (2012)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
Varis
"Sənə inanıram"
Roman
Bellestrik kitablar müəllifindən növbəti sevgi romanı... Lirik bədii nəsr əsərində yenə məhəbbət, ayrılıq, duyğu fontanı... Əsər romantik hissləri yaşamaq istəyən oxuculara ünvanlanıb...
Varis haqqında
Başqa xalqlarda «haralısan?» məfhumunun xırdalıqlarına rast gəlməzsən. Tutalım, bir ingilis başqa ingilisdən yalnız qürbətdə, onu özününkülərə oxşadaraq haralısan soruşur, o da ingilisəm deyir. Vəssalam. Amma biz qürbətdə deyil, elə öz ölkəmizdə bir-birimizdən haralısan soruşub öncə şəhər və rayonunu, sonra məhəllə və kəndini, sonra da küçəsini öyrənirik. İngilis üçün ingilis olan şəxs həmyerlidir. Bizimçünsə məhz bizim küçədən olan şəxs.
Odur ki, dərhal ondan başlayıram ki, azərbaycanlıyam. Ziyalı ailəsində dünyaya göz açmışam. Ulu babalarım Ənis və Yolçu ötən əsrin əvvəlində erməni-Azərbaycan münaqişəsində bolşevik istilası zamanı şücaət göstəriblər. Bu yaxınlarda tədqiqatçıların aşkarladığı bu faktları görəndə qürur hissi keçirmişəm. Ana babam İsmayıl isə İkinci Dünya müharibəsi dövründə Qazax bölgəsində böyük bir uşaq evi açaraq bütün ətraf bölgələrin, hətta Rusiyanın Rostov, Kuban əyalətlərinin kimsəsiz uşaqlarına çörək verib.
İlk oxuduğum məktəb Sumqayıtın 17 saylı məktəbidir. Ali təhsilimi Bakı Dövlət Universitetində almışam. Bütün sovet uşaqları kimi, oktyabryat, pioner və komsomolçu olmuşam, amma partiyaçı olmamışam. Gəncliyim Qarabağ müharibəsi dövrünə düşüb, ən gözəl illərimə müharibənin soyuq və amansız silləsi çırpılıb. Biz hətta futbol belə oynaya bilməmişik ki, müharibədir. Tələbəliyim Sovet dövründən başlayıb, müstəqillikdə bitib...
Uşaqlıqdan bədii ədəbiyyata böyük marağım olub. 5 yaşımda çap hərfləri ilə özümçün kitab da yazmışam. Adı belə olub: Varisin romanları, povestləri, hekayələri, şeirləri. Ədəbiyyata sevgimin formalaşmasında atamın – dövrünün tanınmış filoloqu və ədəbiyyatşünası Musa Yolçuyevin böyük rolu olub. Mən özümü tanıyandan ətrafımda minlərlə kitab görmüşəm. Mənim ilk oyuncağım kitablar olub. Oynaya-oynaya bir də görmüşəm ki, hərfləyərək onları oxuyuram... 90-cı illərdə Azərbaycan Xalq Yazıçısı, nəsrimizin patriarxı İsmayıl Şıxlıdan ədəbiyyat dərsi almışam, onun uğurlu yol diləyi ilə ilk hekayələrim «Ulduz» jurnalında dərc edilib.
Amma müharibə, cəmiyyətin həddən artıq siyasiləşməsi və bədii ədəbiyyata sevginin tükənməsi məni jurnalistikaya aparıb. «7 gün» qəzetinin redaktoru, «168 saat» qəzetinin baş redaktoru, Azərbaycan Televiziyasının «Gecə kanalı» proqramının həmmüəllifi olmuşam. Jurnalistika fəaliyyətim heç də pis alınmayıb. Bu illərdə 5 beynəlxalq və saysız-hesabsız yerli mükafatlara layiq görülmüşəm. 2008-ci ildə isə içimdəki ədəbiyyat sevgisi vulkan kimi oyanıb, 10 minlik tirajla «Sonuncu ölən ümidlərdir» kitabı ilə meydana atılmışam. Növbəti illərdə – 2009-un sonunda «Bir ovuc torpaq», 2010-un sonunda «Sənə inanıram» kitablarını ortaya qoymuşam. 2011-in sonunda isə «Yetmiş yeddinci gün» adlı 4-cü kitabımla oxucularımın görüşünə gələcəm.
Xoşbəxtəm ki, yazıçı kimi dərhal sevilmişəm. 2011-ci ilin mayında ədəbiyyat sahəsində Ali hökumət mükafatını almağım isə, məni daha da ruhlandırıb. Yazacağım kitablar sıraya düzülüblər, Tanrı qismət eləsin, daha gözəl kitablarla oxucularımın görüşünə gəlməyi hədəfləmişəm. İş yerim ölkənin dövlət teleradiosudur. Burada Dövri nəşrlər və sosioloji araşdırmalar departamentinə başçılıq edirəm. Xüsusən vurğulamaq istəyirəm ki, dünyanın hər bir yerinə səpələnmiş milyonlarla həmyerlimizi bir araya gətirən bu qurumda işləməyimdən qürur duyuram. Ən çox sevdiyim məşğuliyyət səyahətə çıxmaq, müxtəlif sivilizasiyalarla, mədəniyyətlərlə tanış olmaqdır. Dünyanın 14 ölkəsinə yolum düşüb indiyədək.
Təbii ki, mütaliə etməyi də çox sevirəm. Ən çox sevdiyim yazıçılar Markes, Anar, Paolo Koelyo, Orxan Pamuk və əlbəttə ki, Fyodor Dostoyevskidir. Bəyəndiyim şairlər isə Axmatova, Vaqif Səmədoğlu, Vahid Əziz və Adil Mirseyiddir. Asudə vaxt tapanda rəsm çəkməyi, futbol oynamağı və bir də royalda ifa etməyi qaçırmıram. Musiqi zövqüm çoxşaxəli musiqinin hər qatından nələrisə dinləməyə hesablanıb. Bethovenin «Moonlight’14 op» və Şopenin «Classique» əsərləri dönə-dönə dinlədiyim əsərlərdir. Amma Qədirin «Sona bülbülləri»ni, Aşıq Ədalətin saz havalarını, muğamlarımızı da dinləməkdən doymuram. Eyyub Yaqubovun, Arzu Rzayevin, Ədalət Şükürovun, Hüseyn Manavovun, «blatnoy» mahnı ifa edən və bu qəbildən digər müğənnilərin də öz dinlənilmə saatları olur. Bir televiziya əməkdaşı kimi vaxt tapanda maraqlı televiziya proqramlarını da qaçırmıram. Azərbaycan Televiziyası ilə yanaşı ORT, HTB, Euronews, Eurosport, Discovery telekanallarını da izləməyə çalışıram. Ailəliyəm. İki oğlum, bir qızım var: Murad, Cavad və İşıl. Həyat devizim isə budur: Daim irəli!