Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Yazarlığın iki qızıl qaydası". Çağdaş Türkiyənin ünlü xanım yazarından çox maraqlı bir yazı!

Müəllif:

Elif Şafak


Kateqoriya:

Türkiyə



Qısa Təsvir:


Elif Şafak. "Yazarlığın iki qızıl qaydası". Çağdaş Türkiyənin ünlü xanım yazarından çox maraqlı bir yazı!


Baxış sayı: 4000
    
    



Elif Şafak. "Yazarlığın iki qızıl qaydası"

 


Hər imzalama günündə, getdiyim hər ədəbiyyat məclisində qarşıma çıxan qəribə bir durum var:

Türkiyə gizli ədəbiyyatçılar ölkəsiymiş.

Bura potensial yazarlar, potensial şairlər ölkəsidir.

O qədər çox insandan buna bənzər sözlər eşidirəm ki... "Mənim qızım da hekayə yazır", "ərim illərdir şeir yazır, heç əl çəkə bilmir" ya da "mən də cavanlığımdan bir az cizma-qara edirəm".

Tələbələr, evdar qadınlar, sərbəst peşələrin sahibləri, doktorlar, məmurlar...

İlk baxışda ədəbiyyatla ilgisi olmadığını zənn edtdiyimiz bir insan qəfildən eyni şeyləri söyləyir:

"Mən də yazıram". Nələr yazdıqlarını soruşduğumda bir az utancaqlıqla sirr açırmış kimi "esselər, hekayələr, şeirlər... Dəftər dolusu!" deyirlər.

"Nə gözəl" deyirəm, "qələminizə qüvvət.

Bəs nədən yazdıqlarınızı ədəbiyyat dərgilərində, yaxud saytlarında çap etdirməyə çalışmırsız, çap evlərinə göndərmirsiz?

Niyə yazdıqlarınızı özünüzdə saxlayırsız?" soruşuram.


Yazmanın ilk düsturu fərdin narazılığı və qəzəbi ilə bağlıdır...

Yalqızlıq olmadan, yazarlıq olmaz.
 Araya səssizlik çökür. Yazdız, amma onları paylaşmaq çətindi. Bir gənc qız çox açıq şəkildə etiraf edir:

"Yazdıqlarımı qəbul etməmələrindən qorxuram".

"Qəbul etməyə bilərlər. Kimsə buna qarantiya verə bilməz. Ancaq qəbul edilməyə-edilməyə başarılı olan o qədər yazar, şair var ki dünyada".

"Düzdü, ancaq yazdığım çap edilsə yaxşı olar, yoxsa edirlməsə?", - soruşur asta səslə - "Yazdıqlarım çap edilsə, məni tanıyan hər kəs oxuyacaq, o zaman hər kəs məni müzakirə edəcək".

Müzakirə edəcək, ancaq sən yenə də özünü qapatma.

Əgər xəyallarını və hekayələrini həmişə qapalı qutuda saxlasan, inan ki, qutunun havası çatmayacaq kəlmələrinə.

Hərf azadlığı sevər. Hərf sonsuzluğu sevər. Qapılar, pəncərələr açıq olsun istər.

Sərin yel əssin, dörd tərəfi yeddi iqlim qədər sonsuzluq olsun istər kəlmələr.

Nə qutu, nə siyirtmə, nə sandıq yetər.

İnan ki, havasız qalar ilham pərisi qapalı saxlandığı yerdə. Qanadları uçmaqdan yadırğar, bənizi ağarar.

Sən aç ruhunun qapılarını. Paylaş yazdıqlarını bütün məxluqatla.

Aç özünü kainata.

"Müzakirə edilərəm, aman, düz başa düşülmərəm" deyə qorxma.

Müzakirə də edilərsən, yanlış da anlaşılarsan, düzdü. Ancaq başqa cür necə böyüyər ki, insan?

Başqa cür necə tərbiyələnər ki nəfs, mürəkkəbinə necə qovuşar ki qələm?

Müzakirə edilə biləcəyinizdən çəkindiyiniz üçün yazmağa dair ən təməl, ən insani həvəs və xəyallarınızı belə basdırırsınız.

Zehinlərimiz təxirə salınan kitab projelərilə doludu.

Halbuki çoxumuzun könlündə bir kitab yazmaq var.

Günlərin birində, işlər bir az yerbəyer olan kimi bir kənara üç-beş quruş pul qoyub işləmək məcburiyyətindən azad olan zaman oturub yazılacaq bir kitab...

Kimisi həyat hekayətini yazmaq istəyir, kimi bir tanıdığının başına gələnləri.

Kimi keçmişin intiqamını kitablarla atmaq istəyir, kimi qalıcı bir əsər yaratmaq.

Fikirlər gözəldi, ancaq yubadılır nədənsə.

Halbuki kitab yazmağın gələcəklə işi yoxdu. Yazmağın tək bir zamanı var: "İndi, bu dəqiqə".

Yazarlığın qəlibi yoxdu. Düsturu da yoxdur. Hər insanın həyatı, şəxsiyyəti, mayası, kimyası necə fərqlidirsə, yazı üslubu da o qədər fərqlidir.

Kimi 40-ından sonra yazmağa başlayar, kimi ən gözəl əsərlərini gəncliyində yazar.

Kimi bir kitabı beş ilə tamamlar, kimi beş aya. Heç bir yol digərindən üstün deyil.

Ən əsası ortaya çıxan əsərin dərinliyidir. Başqalarına baxaraq deyil, öz içimizi görərək yaza bilərik.

Hər işdə olduğu kimi burada da təməl ideya içəridən gəlir insana, kənardan deyil. Ancaq yenə də düstur arayanlara deyə biləcəyim bir şey var:

İki təməl qaynaqdan qidalanır yazı. Bir-birinə zidd, ancaq ikisi də qüdrətli iki ana axın olaraq yoldaşlıq edir ədəbiyyatçıya.

Birinci düstur: (Hirs/Qəzəb vur Əmək üstəgəl Intizam) böl (Yalnızlıq).

Yazmanın ilk düsturu fərdin narazılığı və qəzəbi ilə bağlıdır.

Bəzi yazarlar, şairlər - küskünlükdən, nəyəsə qəzəbli olduğundan, haqqının tapdandığından, ya da qiymətinin yetərincə verilmədiyi duyğusundan, hansısa məsələdə heç kimin onun qədər peşəkar olmadığı inancından, ya da bir-birlərinə bir şeylər qandırmaq istəyindən, bəzən də davadan, davakarlıqdan qidalanır.

Narazılıq, hirs və qəzəb... Üçü də qüdrətli çarxlardır. Yanında mütləq əmək və intizam lazımdır, bir də təbii ki yalqız qalmaq.

Yalqızlıq olmadan, yazarlıq olmaz.

Bu düstür qısa zaman üçün başarılı görünsə də, üzun zaman üçün keçərli deyil. Hirs tünd sirkədir, qabını çatladar. Qəzəbdən güc alan insan sonda oturduğu budağı kəsməyə başlar.

İkinci düstur: (Eşq-Vurğunluq vur Əmək üstəgəl Dəlilik) böl (Yalqızlıq). Burada təməl söykənəcəyin - eşqdir.

Gördüyün işi sevdiyin üçün və sevərək etmək. Ağıl və məntiqlə açıqlanmayan bir özgə aləmdə gəzişmək.

İnsan niyə aşiq oldugunu bilə bilirmi? Tək bildiyi aşiq olduğudur. Niyəsi deyil.

Yazıya da aşıq olmaq olar. Adam sevərək və vurulub yazar.

Gördüyü işi o qədər mənimsəyər ki, yazmadan yaşamağı düşünə bilməz.

Intizamın da yerini dəlilik tutar. Yazmaya başladımı durmadan, dura bilmədən, gecə-gündüz yazar.

İçindən cin çixarırmış kimi. Saatlar, günlər, aylar və illərcə misqal-misqal toplanan əmək.

Bir də təbii yazarlığın "olmasa olmaz"ı: yalqızlıq. Yazarlığın iki qızıl düsturu budur.

Bu ikisindən hansını seçəcəyi insanın özünə, onun ruhunun rənginə qalır.

Haber-türk on-line qəzeti


(Azərbaycan türkcəsinə Aygün Muradxanlı uyğunlaşdırdı)