Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Azərbaycandakı əksər qeyri-ənənəvi dinlər və təriqətlər... Qeyri-ənənəvi din və təriqətlərlə bağlı inanılmaz faktlar...

Müəllif:

Bələdçi


Kateqoriya:

Dini polemika



Qısa Təsvir:

Azərbaycandakı bütün qeyri-ənənəvi dinlər və təriqətlər... Qeyri-ənənəvi din və təriqətlərlə bağlı inanılmaz faktlar... 


Baxış sayı: 4197
    
    


Qeyri-ənənəvi din və təriqətlərlə bağlı inanılmaz faktlar 


Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin, dinlərin olması barədə adətən ümumi danışılır. Əslində isə ölkədə qeyri-ənənəvi İslam təriqətləri və cərəyanları, ənənəvi olmayan qeyri-İslam təriqətləri və qeyri-ənənəvi dinlər var.
Lent.az bu yazıda Azərbaycandakı qeyri-ənənəvi təriqət, cərəyan və dinlərin bütün siyahısını təqdim edərək, onlarla bağlı qısa məlumat verir. Həmçinin, onlardan ən populyarı olan vəhabilik barədə ayrıca yazıda geniş məlumat verəcəyik. Yazıdan gəlinə biləcək ümumi qənaət bu olacaq ki, qeyri-ənənəvi dinlər və təriqətlərin hamısının arxasında müxtəlif maraqlar var. Lakin onların arasında zərərsizi, nisbətən az zərərli və dəhşətli dərəcədə zərərlisi var ki, oxucular yazını oxuduqdan sonra bunu ayırd edə biləcəklər.

Azərbaycandakı bütün qeyri-ənənəvi dinlər və təriqətlər

Azərbaycanda mövcud olan qeyri-ənənəvi İslam təriqətləri və cərəyanlarına vəhabilik, xaricilik, nurçuluq, süleymançılıq, qadirilik, nəqşibəndilik aiddir.

Ənənəvi olmayan qeyri-İslam təriqətlərinə isə protestantlıq, o cümlədən Azərbaycanda tarixən yayılmış və yerli mühitə müəyyən qədər uyğunlaşmış, ekstremizmdən əsasən uzaq olan adventizm, babtizm və ölkənin müstəqillik illərində yaranmış, bir çox hallarda qanuna zidd olaraq dini üstünlük mövqeyindən çıxış edən "Həyatverici lütf" (Qreyter Qreys), "Həyat sözü", "Mədh kilsəsi", "Yehovanın şahidləri" və "Nehamiya" aiddir. Adları ikinci çəkilən dini icma və təriqətlər bu gün Azərbaycanda mövcud dini dözümlülük ənənəsinə laqeyd olan dini icmalar və təriqətlərdir.

Qeyri-ənənəvi dinlərə isə bəhailik, krişnaizm, munçuluq və ibrahimilik daxildir.

Qeyri-ənənəvi İslam təriqətləri və cərəyanları

Xaricilik. Bu cərəyanın yaranması İslam xilafətində hakimiyyət uğrunda siyasi mübarizənin gücləndiyi, ictimai ziddiyyətlərin kəskinləşdiyi dövrə təsadüf edir. Bu təriqətlə bağlı maraqlı olduğu qədər də ziddiyyətli bir məqam var: xaricilər insanları savadsızlığa dəvət edərək, təhsilə qarşı mübarizə aparır, İslami, yaxud qeyri-İslami universitetləri "Tağut tikililəri" adlandıraraq bu təhsil ocaqlarını "Zərər məscidi"nin tərkib hissəsi sayır, orada oxumağı qadağan edirlər...

Nurçuluq. Banisi Səid Nursi 1873-cü ildə Türkiyənin Bitlis vilayətində anadan olub. O, qeyri-adi yaddaşa və biliklərə malik olub. Ancaq ardıcılları daha da irəli gedərək Səid Nursini müqəddəsləşdirib, onunla Məhəmməd Peyğəmbər (s) arasında nə isə ruhani bir əlaqə, bağlılıq tapmağa çalışıblar. Hətta Nursinin haqqında rəvayətlər də var. Guya o, atının ayağı altında qalaraq ölmüş uşağı suya salıb-çıxararaq dirildir...

O, "Risaleyi-Nur" külliyyatının müəllifdir. Həmin külliyyatı 23 ilə yazıb. Müxtəlif vaxtlarda həbsxanaya düşən və sürgün edilən, heç vaxt evlənməyən, bütün ömrü boyu tək yaşayan Səid Nursi 24 mart 1960-cı ildə Urfada vəfat edib. Nursi heç vaxt dialoq tərəfdarı olmayıb. Hətta xristianlarla müsəlmanlar arasında arasında bir uçurumun olduğunu və qarşı tərəflə dialoq aparan İslam nümayəndələri üçün "ya həmin uçuruma yuvarlanacaqlar, ya da xaçpərəstlərin tərəfinə keçəcəklər" söyləyib. Səid Nursidən fərqli olaraq onun davamçısı, nurçuların hazırda özlərinə lider kimi qəbul etdiyi Fətullah Gülən dialoq tərəfdarıdır. O, hazırda ABŞ-da yaşayır. Fətullah Gülən qrupu Orta Asiya ölkələrində və Azərbaycanda bir çox liseylərin fəaliyyətini maliyyələşdirir. Azərbaycanda geniş xeyriyyəçilik aparırlar. Fətullah Gülənin Türkiyədə kütləvi nəşr etdirdiyi "Zaman" qəzeti Moskvada, Kazanda, Urfada, Bakıda və digər yerlərdə çıxır.

Fətullah Gülənin xütbə və moizələri, müsahibə və məruzələri yazılmış disklər, kitablar başqa yerlərdə olduğu kimi, Azərbaycanda da yayılır. Azərbaycanın bəzi özəl ali məktəblərində fətullahçı müəllimlər dərs deyir, onlar nurçu ədəbiyyatını yaymaqla da məşğul olurlar. Bu gün Azərbaycanda çalışan türk iş adamları, universitet və lisey müəllimləri, ölkədə təhsil alan türk tələbələr, habelə yerli "Nur" məktəblərindəki minlərlə şagird arasında nurçuluğun daşıyıcıları çoxdur.

Süleymançılıq 1888-ci ildə Osmanlı imperiyasının Silistrə bölgəsinin Fərhadlar kəndində anadan olmuş Süleyman Helmi Tunahanın adı ilə bağlıdır (1959-cu il oktyabrın 17-də İstanbulda vəfat edib). Süleymançılığa görə, qadın-kişi münasibətlərində "bərabərlik"dən danışmaq mənasızdır. Onlara görə, kişilər özlərilə yanaşı, analarını, bacılarını və xanımlarını himayəsində saxlamağa borcludurlar. Qadınların işləməsinə gəlincə, dinə zidd olmayan hallarda zərif cinsin nümayəndələrinin çalışmasında problem yoxdur. Lakin süleymançılar bu qənaətdədir ki, müasir dövrdə qadınların işləyə biləcəyi mühit yox dərəcəsindədir. Süleymançılar qız uşaqlarının oxumasına da müsbət baxmırlar.

Türkiyədə geniş yayılmış Süleymançılıq Azərbaycanda əsasən 2000-ci ildən etibarən təbliğ olunmağa başlayıb. Ölkəmizdə qeydiyyatsız fəaliyyət göstərən süleymançılar (onlar əsasən qeydiyyatsız fəaliyyət göstərməyə üstünlük verir) ilk vaxtlardan paytaxt Bakı ilə yanaşı, Şamaxı, Xaçmazda da aktiv olublar. Sonradan isə təbliğat ancaq paytaxt Bakı ilə məhdudlaşıb.

Qadirilik. Bu təriqətin qurucusu böyük İslam alimlərindən hesab olunan Əbdülqadir Geylani 1078-ci ildə İranın Gilan əyalətinin Nif kəndində anadan olub (1116-cı ilə Bağdadda vəfat edib). Qadirilik təriqətinə görə, təsəvvüf səbr, işarə, qürbət, səyahət və suf (yun paltar) geyinmək mənalarını daşıyır. Bu təriqətin ən geniş yayıldığı ərazilər İraq, Türkiyə, Yəmən, Suriya, Hindistan və bəzi Afrika ölkələridir. Azərbaycanda az da olsa bu təriqətin mənsublarına rast gəlmək olar. Yeri gəlmişkən, yazını hazırlayarkən qadirilik təriqətinin radikalizmi dəstəkləyən, yaxud hansısa bir ziyanlı tərəfinin olmasıyla bağlı qeydlərə rast gəlmədik.

Nəqşibəndilik. Bu təriqətin banisi Məhəmməd Bəhaəddin Nəqşibənd 718-ci ildə Buxaranın sonralar Kəsfi-Arifan adlanan kəndlərindən birində anadan olub (nəqşibənd - "naxış vuran" deməkdir). Əhli-sünnə məzhəbinə bağlı olan nəqşbəndilik təriqətində müxtəlif elmlərlə məşğul olmağa, moizə və söhbətlər vasitəsilə bu elmləri təbliğ etməyə böyük əhəmiyyət verilir. Elmlə məşğul olmağın, dəqiq elmlərdən, xüsusilə fizika, kimya, biologiya və s. kimi Haqqın qüdrət və əzəmətini dərk etməyə vəsilə olan elmlərdən faydalanmağın bir növ zikr olduğu qəbul edilir. Bu təriqətin mənsubları şəriət əsaslarına riayət etməyə və ona bağlı olmağa da son dərəcə böyük əhəmiyyət verirlər.

Vaxtilə Livan, İran, İraq və Misirdə geniş bir əraziyə yayılmış təriqətin qolu olan xalidilik Osmanlı Dövləti və Türkiyə Cümhuriyyətinin siyasi və mədəni həyatında aktiv iştirak ediblər.

Tarixən Azərbaycanda mövcud olmuş nəqşibəndilik hazırda ölkədə nisbətən geniş yayılan təriqətlərdən biridir. Bu təriqətin Azərbaycanda həm mülayim, həm də radikal qanadı fəaliyyət göstərir. Radikal qanadının tərəfdarları çox deyil. Nəqşibəndiliyin mülayim qanadı Bakı ilə yanaşı, Zaqatala, Şəki, Ağdaş, Göyçay, Qəbələ və digər rayonlarda geniş yayılıb.

Ənənəvi olmayan qeyri-islami təriqətlər

Xristianlıq eramızın III əsrinə qədər müxtəlif dindaxili söz-söhbətlərə baxmayaraq, əsasən bir dini istiqamət kimi fəaliyyət göstərib. Bununla belə, bu hal çox çəkməyib, kilsələrarası ziddiyyətlər və çəkişmələr xristianlığı Şərqi və Qərbi kilsələr birliyi adında iki coğrafi ərazi mühitinə ayırıb. Zaman keçdikcə bu soyuq münasibətlər daha da dərinləşib. ermənilərin Qriqoryanlıq adı ilə xristianlığı qəbul etməsi bu dində ilkin separatçılığın əsasını qoyub və bəzi mənbələrdə onların bu hərəkətləri çox aparıcı kilsələr tərəfindən tənqid edilməklə yanaşı, həm də lənətlənib.

Beləliklə kilsələrarası müqəddəs ittifaqın zəifləməsi və bir-birinə nifrət hissi xristianlığı rəsmən 1054-cü ildən provaslıq və katolikliyə ayırdı. Sonralar - XVI əsrdə isə adıçəklən patriarxlarla yanaşı. Moskva və Ümumrusiya Patriarxlığı da yarandı. Bununla da xristianlıqda gedən proseslər protestantlığın yaranmasının əsasını qoydu. Yazının əvvəlində dediyimiz kimi, protestantlıq, o cümlədən Azərbaycanda tarixən yayılmış və yerli mühitə müəyyən qədər uyğunlaşmış, ekstremizmdən əsasən uzaq olan adventizm, babtizm və ölkənin müstəqillik illərində yaranmış, bir çox hallarda qanuna zidd olaraq dini üstünlük mövqeyindən çıxış edən "Həyatverici lütf" (Qreyter Qreys), "Həyat sözü", "Mədh kilsəsi", "Yehovanın şahidləri" və "Nehamiya" aiddir. Adları ikinci çəkilən dini icma və təriqətlər bu gün Azərbaycanda mövcud dini dözümlülük ənənəsinə laqeyd olan dini icmalar və təriqətlərdir.

Məsələn, onlardan "Həyatverici lütf" kilsəsinə mənsub olanlar özlərini humanist və xeyirxah insanlar kimi qələmə verir, kimsəsiz və yaşlı insanlara yardım göstərirlər. İcma üzvləri təbliğat işini ianə nəzir qutularından toplanmış vəsait hesabına apardıqlarını bildirsələr də bu, inandırıcı deyil. Çünki ianələr hesabına xeyli sayda insana maddi yardım göstərmək qeyri-mümkündür. Maddi imkanların genişliyinə görə bu icma digər xristian icmalardan fərqlənir.

"Mədh kilsəsi" dini icması isə paytaxt Bakı ilə yanaşı, ölkənin bölgələrində də iş aparır. İcmanın əsas kontingentini orta yaşlı qadınlar təşkil edir. Aparılan müşahidələrin nəticələrinə görə, icmanın rəhbərliyi icma üzvlərinin şəxsi işlərinə, hətta ailə münasibətlərinə (!) də müdaxilə edir. Onlar üçün önəmli olan ailə yox, icma üzvləri arasındakı münasibətlərdir. İcmanın xarakterik xüsusiyyətlərindən biri də odur ki. İcma rəhbərliyi qazanc əldə etmək üçün qalmaqallı məsələlərə müdaxilə edir.

"İncil"ə iman edən məsihçilərdən "Nehemiya" dini icmasına üzv olanlara milli hislərdən uzaq və tolerantlıq münasibətlərini kəskin şəkildə rədd etmək təlqin olunur. Maddi imkanları geniş olan icma rəhbərliyi üzvlərə, loru dildə desək, tez-tez pul paylayır.

"Məhəbbət kilsəsi" Azərbaycanda dini icması rəsmən qeydiyyatdan keçib, lakin 2002-ci ildə bu icmanın qeydiyyatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilib. Buna baxmayaraq, icma hələ də qeyri-qanuni fəaliyyətini sürdürərək qanunazidd fəaliyyət metodlarını davam etdirirlər. Bu icma əsasən azərbaycanlı olan gənc oğlan və qızlarla iş aparır. Bu icmada fala baxma halları geniş yayılıb. "Məhəbbət kilsəsi" icması İslam dininə qarşı yüngül desək, xoşagəlməz münasibətilə də seçilib. Onların 2002-ci ildə dövlət qeydiyyatına səbəb olan amillərdən biri icma üzvlərindən birinin İslamı təhqir etməsi olub.

"Şərqdə ulduz" xristian dini icmasının isə üzvlərini əksəriyyətini yaşlı insanlar təşkil edir. Bu icmaya Almaniyadan maliyyə dəstəyi gəlir.

"Yehovanın şahidləri" xristian-sinkretist hərəkatıdır. Hərəkatın əsasını 1896-cı ildə Çarlz Teyz Rassel (1852-1916) qoyub. Hərəkatın adı "İncil"dəki "Siz mənim şahidlərimsiniz - deyir Yehova" cümləsindən götürülüb.

Hərəkatın lideri Rassel isə fikirlərinin cəlbedici görünməsinə və özünü ideal göstərməsinə rəğmən, ən alçaq hərəkətlərinə görə dəfələrlə mühakimə olunub. O, ilk dəfə 1879-cu ildə ailə qurduğu Mariya Françiz tərəfindən özündənrazılığa, müştəbehlik, qadın düşkünlüyü və əxlaqsızlıqda ittiham olunaraq məhkəməyə verilib. Məhkəmə zamanı Rassel övladlıq qızı olan Roz Boll ilə cinsi münasibətlərini etiraf edib. Lakin bu, heç də hamısı deyil. O, əxlaqsızlığıyla yanaşı, yalançılıqda da dəfələrlə ittiham olunub. Hətta ittihamlar arasında "həddən artıq bol məhsul verən" bir ovuc "möcüzəvi buğda"nı 60 dollara sadə adamlara satmaqla camaatı aldatmaq kimi ittiham da var.

İndiyədək dünyanın müxtəlif ölkələrində əməllərinə görə minlərlə "Yehova şahidləri" həbs edilib, sürgün olunub və öldürülüb.

"Yehovanın şahidləri"nin maraqlı psixoloji üsulları və təsir metodları var. Məsələn, qorxu içində saxlamaq, iş və mənfəət qazanmaq üçün şərait yaratmaq, aylıq əməkhaqqı vermək və digər maddi vasitələrlə insanları cəlb etmək və s.

Onların inancına görə, Tanrı təkdir və onun adı Yehovadır. Din yalnız "Yehovanın şahidləri"nə məxsusdur, digər dinlər saxtadır. Ağızdan və ya hər hansı başqa yolla bədənə qanın qəbul olunması (hətta, tibbi nöqeyi-nəzərdən qan köçürmək belə) Tanrının qanunlarının pozulması deməkdir. "Yehovanın şahidləri" milli marşı, milli duyğuları, milli sərhədləri qəbul etməzlər və s.

Bu adda icma Azərbaycanda 2002-ci ildə dövlət qeydiyyatından keçib. "Dini etiqat azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərdən sonra isə təkrar qeydiyyatdan keçmədiyindən, hazırda qeydiyyatsız sayılır. Ölkədə onların minlərlə, bəlkə də on minlərlə tərəfdarları var.

Adventizm 1831-ci ildə ABŞ-da Vilyam Miller (1782-1849) adlı fermer tərəfindən qoyulan protestant təmayüllü xristian dini cərəyandır. Millerin "hesablamalarına" görə həzrət İsa 21 mart 1843-cü ildə zühur etməli idi. Ancaq həmin vaxt bu zühur olmasa da, Miller özünü sındırmayaraq deyir: "Axı mən sizə demişdim ki, əgər İsa 1843-cü ildə zühur etməsə, deməli o, növbəti il görüşümüzə gələcək..."

Bir ildən sonra isə Miller məyus olur və etiraf edir ki, hesablamaları səhv aparıb, hətta aldanıb.

Sonradan adenstistlər bir neçə qrupa bölünürlər: "Yevangilst adventistləri", "Allah kilsəsi", "İkinci günün adventistləri", "Yeddinci günün adventistləri" və s. Adıçəkilənlərdən sonuncusu adventizmin ən böyük missioner qolu sayılır. Onlar xristianlıqda ibadət günü hesab edilən bazar günü əvəzinə, ibadət üçün şənbə gününü seçirlər. "Yeddinci günün adventistləri"nin əsas mərkəzi Vaşinqton şəhərində yerləşir, təxmini rəqəmlərə görə dünyada 2,5 milyon tərəfdarı var. Eyniadlı dini icma Azərbaycanda da fəaliyyət göstərir.

Baptizm. Dünyada 30 milyona yaxın olan baptistlər öz tarixlərinin Yəhya peyğəmbər və İsa Məsihin dövründən başladığını iddia edirlər. Tarixi qaynaqlara dair faktlar isə baptizmi XVII əsrin əvvəllərində ortaya çıxmış protestantlığın bir qolu kimi təsbit edir. Baptizmin qurucusu isə Con Smit sayılır.

Baptistlərin inancına görə, inanan insanın Allahın varlığına sübut gətirməsinə ehtiyacı yoxdur.

Baptistlik XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda yayılmağa başlayıb. 1894-cü ilin sentyabrında çar II Nikolay baptistlərin dövlətçilik üçün təhlükəli olduğunu əsas gətirərək onların ətraf bölgələrə, xüsusən Qafqaza və Azərbaycana sürgün edilməsi haqda qərar qəbul edib. Həmin vaxt sürgün edilənlər əsasən Tərtər, Şuşa və digər rayonlarda məskunlaşıblar. 1899-cu ildə onlar Bakıda böyük baptist icmasını və dua evini qurmağa nail olublar. Hazırda Azərbaycanda 3 baptist dini icması fəaliyyət göstərir. "Dini etiqat azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərə qədər onlardan ikisi dövlət qeydiyyatından keçib.

Bəhailik. Bəhai dini XIX əsrin ikinci yarısında İranda yaranıb. Seyid Məhəmməd adlı şəxs 12-ci imamın babı (qapı), yəni nümayəndəsi olduğunu iddia edir. Sonra isə daha da irəli gedərək 12-ci imam - Mehi olduğunu elan edir. Bab yazıdığ "Bəyan" adlı kitabında öz düşüncələrini açıqlayıb.

"Həzrət Bab" adı ilə məşhurlaşan Seyid Əli Məhəmməd ətrafına müəyyən qədər tərəfdarlar toplasa da, hakimiyyət tərəfindən kəskin münasibətlə üzləşir. 1842-1852-ci illərdə Babilər üsyanı olur. Üsyan yatırılır və İran hakimiyyəti Seyid Əli Məhəmmədin edamına qərar verir. Sonralar onun çağ qalan davamçılar yolunu davam etdirirlər.

Bəhai dinində üç namaz mövcuddur, mömin həmin namazlardan biri seçib qılır. Bəhai qibləsi İsraildəki Əkka şəhərində yerləşir. Bəhailər müsəlmanlar kimi oruc tutaraq səhər günq çıxandan axşam gün batana qədər yemir, içmir. Ancaq onlar orucu martın 2-dən 20-dək 19 gün müddətində tutur.

Bakı və Sumqayıt da daxil olmaqla ölkədə bəhailərin iki dini icması və bir mərkəzi fəaliyyət göstərir. Hər üç qurum "Dini etiqat azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərə qədər qeydiyyatdan keçib. Qanuna əlavə və dəyişikliklərdən sonra isə onlardan biri təkrar qeydiyyatdan keçib.

Krişnazim. "Beynəlxalq Krişna şüuru cəmiyyəti" (Hare Krişna) hinduizm ənənələrinə uyğun Şərq kultudur. Cəmiyyət "İlahi A. Ç. Bxak-tivedanta Svami Prabxupada" (əsl adı Abxai Şaran De) tərəfindən yaradılıb. Bu hərəkat dünyanın bir çox ölkəsində, eləcə də Amerika və Qərbi Avropada geniş yayılıb.

Krişnaizm kütləyə hinduizm fəlsəfəsini yeritmək üçün yaradılıb. Hinduizmdə Tanrı simasız və görünməzdir. Krişnaçılar isə Tanrını şəxsləndirib və Krişna kimi şəxsləndirilmiş Tanrının simasına sitayiş edirlər.

Krişna tərəfdarlarının həyat tərzi çox sərtdir. Onlar ət, balıq yeyə bilməz, Krişnaya aid olmayan söhbətlər apara bilməzlər. Qəzet və jurnal oxumaq, televizora baxmaq isə qəti qadağandır. Qohumlarla, dostlarla əlaqələr çox nadir hallarda baş verir. Krişnaçının şəxsi mülkü ola bilməz. Şagirdlər məbəd təklif edən yeməkdən və yaşayışdan tam asılıdırlar. Krişnaçılar Hindistandan gətirilmiş palçıqdan bədənlərinə hər gün 13 işarə vururlar.

Kişilər peysərində bir dəstə tük saxlayaraq başlarını qırxmalıdırlar və s.

Azərbaycanda krişnaçılar "Bakı şüuru" dini icmasında bir araya gəliblər. İcmanın fəaliyyət dairəsi əsasən Bakı şəhəridir.

Munçuluq. Rəsmi adı Dünya Xristianlığının Vəhdəti uğrunda Müqəddəs Ruh Cəmiyyəti olan və "Vəhdət kilsəsi" kimi tanınan munçuluq bu gün dünyada aktual dini cərəyanlardan birinə çevrilib. Cərəyanın banisi San-Myen Mun 1920-ci ildə Şimali Koreyada kəndli ailəsində dünyaya gəlib. Sonradan - 1950-ci ildə Cənubi Koreyaya gedib. O, Cənubi Koreyada başlatdığı dini hərəkatını yaymaq üçün dünya səyahətinə çıxıb, 1965-ci ildə çıxdığı ilk səyahət 40 ölkəni əhatə edib. İkinci səyahətə isə 1969-cu ildə çıxıb. 1971-ci ildə ABŞ-a köçüb. 1992-ci ildə o, özünü yeni bəşəriyyətin "Həqiqi Atası" adlandırıb. Onun fikrincə, 1993-cü ildə dünya üçün Mun dövrü gəldiyini bəyan edib.

Cərəyan maddi qaynaq əldə etməkdən ötrü ticarət işinə başlayaraq balıqçılıq və müalicəvi bitki kökləri biznesindən zənginləşmək imkanı əldə edib. 80-ci illərin əvvəllərində isə "Vəhdət kilsəsi" artıq bir çox ölkədə müxtəlif sənaye müəssisələrinə sahib idi. Bu biznes şəbəkəsinə müxtəlif istehsal və xidmət sahələrilə bağlı müəssisələri birləşdirən 150 korporasiya daxildir.

Munçuluq bir tərəfdən sərmayə qazanmaq üçün çalışıb, digər tərəfdən isə elm, təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərib. Ali təhsil tədqiqatları üçün iki "İlahiyyat məktəbi" yaradılıb. Onlar KİV sahəsində də fəaliyyət göstərərək Tokio, Nyu-York və Vaşinqtonda qəzet və jurnallar təsis ediblər, informasiya agentliyi yaradıblar.

Munçular xristian terminologiyasını öz dini təlimlərinə uyğunlaşdırıblar. Yəqin buna görədir ki, xristianları birləşdirmək cəhdlərinə baxmayaraq, onlar ənənəvi mənada xristian sayılmırlar. Munun tərəfdarları "təslis" inancını, İsa Məsihin çarmıxa çəkilməsini onun missiyasının iflasa uğraması kimi qiymətləndirirlər. Yazdığı əsərlərin əksəriyyətinin Koreya dilindən Qərb dillərinə tərcümə olunmaması Munun dünyagörüşünü dəqiq tədqiq etməyə mane olur.

"Vəhdət hərəkatı" San-Myen Munun fikirlərini yaymaq məqsədi daşıyan və onun yaratdığı bir sıra dini, siyasi-ictimai və mədəni təşkilatların birliyidir. "Vəhdət hərəkatı"na bir sıra fond, təşkilat, federasiya və assosiasiyalarla yanaşı, dəzgəhqayırma, gəmiqayırma, balıq emalı, hərbi silah və texnika istehsal edən müəssisələr də daxildir. Cərəyanın xüsusən təhlükə doğuran cəhətlərindən biri də ölkə daxilində siyasi hakimiyyəti və ölkəni idarə edən iqtisadi mənbələri ələ keçirməyə can atmaqdır.

SSRİ dağıldıqdan sonra munçuların fəaliyyəti digər postsovet məkanlarında olduğu kimi, Azərbaycanda da yayılmağa başlayıb. Azərbaycanda əsasən qocalar, kimsəsizlər və uşaq evlərinə yol tapan munçular keçirdikləri "xeyriyyə tədbirləri" altında Mun ideyalarını yaymağa çalışırlar. Munçular əsasən gəncləri öz tərəflərinə çəkməkdən ötrü onları maraqlandıra biləcək seminarlar təşkil edib, müəyyən psixoloji testlər vasitəsilə meyarlarına uyğun gələnləri sıralarına qatırlar.

İbrahimilik. İbrahimilər təriqətinin təməli XIX əsrin əvvəllərində Hindistanda yaşamış Əhməd Qədyan adlı şəxs tərəfindən qoyulub. Onlar özlərini İbrahim peyğəmbərin davamçıları adlandırıb, Məhəmməd Peyğəmbərin (s.) hədislərini qəbul etməyib, "Qurani-Kərim"ə İslamda qəbul olunduğundan fərqli təfsir veriblər. Sonralar bu təriqət Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb. Ehtimallara görə, təriqətin yaranmasında İngiltərə xüsusi xidmət orqanlarının müstəsna xidmətləri olub.

Bu təriqətin Azərbaycanda ilk özəyini ixtisasca riyaziyyat müəllimi olan Ələsgər Musayev yaradıb. O, hələ Sovetlər dönəmində şiə kimi fəaliyyətə başlayıb, sonralar vəhabiliyə meyllənib. 1995-ci ildə isə fəaliyyətində kəskin dəyişiklik edərək İbrahimilər adlı qeyri-İslam təriqətini yaradıb.

İbrahimilər (sonralar Ələsgər Musyevin adına uyğun olaraq "ələsgərilər" adlandırıblar) ibadətlərini Azərbaycan dilində icra edir, dinlərini İbrahim Peyğəmbərin dini adlandırır, milliyyətcə azərbaycanlı deyil, İbrahim millətindən olduqlarını söyləyirlər.

Ələsgər Musayev 1996-cı ildə Suraxanı rayonunun (Bakı) Əmircan qəsəbəsində "Şeyx Nizaməddin" məscidi dini icmasını yaradıb və qeydiyyatdan keçirib. İki il sonra "Dini etiqad azadlığı haqqında" qanunun müddəalarını pozduğuna görə icmanın dövlət qeydiyyatı ləğv edilib.

Daha sonra Ələsgər Musayev özünü peyğəmbər elan edib, ətrafına topladığı həmfikirlərini isə ümmət adlandırıb. Təriqət üzvləri qiblə kimi Məkkəni deyil, Əmircan qəsəbəsində yerləşən "Şeyx Nizaməddin" məscidini seçiblər.

Təriqətin əsas dini kitabı Ə.Musayevin Azərbaycan dilinə tərcümə etdiyi "Quran"dır. İcma üzvləri öz qazanclarının beşdə biri qədər zəkat verir, bu isə icmanın büdcəsini formalaşdırır. İbrahimilər şeytanı mələk adlandırır, ona lənət etməyi isə günah sayırlar.

İbrahimilər çoxarvadlılığı məqbul sayır, 9-10 yaşlı qızlarla ailə qurulmasını təqdir edirlər. Onlar ilin istənilən günündə cəm halında yığışaraq "qədr gecələri" keçirirlər. Bu zaman icma üzvü olan qadınlar və azyaşlı qızlar kollektiv şəkildə özlərini icma rəhbəri və ya digər icma üzvlərinə "hədiyyə" edərək, intim əlaqəyə girmə ritualını həyata keçirirlər.

Bu və digər səbəblərdən Ələsgər Musayevin fəaliyyəti yerli dindarların hiddətinə səbəb olub, 1998-ci ildə icma üzvləri döyülərək Əmircan qəsəbəsindən qovulublar. Bundan sonra Ə.Musayev Mərdəkan qəsəbəsindəki bağ evinə köçərək fəaliyyətini orada davam etdirib. O, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmasına və yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girdiyinə görə bir müddət həbsdə olub. Belə ki, o, yaşadığı qadının qızı da daxil olmaqla, 3 azyaşlı qızla qeyri-rəsmi evlənəndən sonra tutulub. İstintaq zamanı o, hərəkətini dini baxışları ilə izah etməyə çalışıb (onun "kəbinli arvad" adı altında cinsi əlaqəyə girdiyi qızlardan biri ürək xəstəsi olduğundan ölüb. Həmin qız Ə.Musayevin arvadlarından birinin 11 il əvvəl ölmüş anasının qəbrində basdırılıb). Lakin azadlığa çıxan kimi fəaliyyətini yenidən bərpa edib.

Ələsgər Musayevin qardaşı oğlu Əlixan Musayev "Nərimanov dindarları" dini icmasının aktiv üzvlərindən olub, sonradan o həm icmadan, həm də "Əbu bəkr" məscidindən uzaqlaşdırılıb.

Hazırda icmanın əsas özəyi Bakıda fəaliyyət göstərir, həmçinin, bölgələrdə, əsasən də Bərdə, Xaçmaz, Salyan və Qubada təbliğat aparırlar. Onların başqa maraqlı özəlliyi də var: ölüyə yas keçirilmir, ağlaşma qadağandır, qəbrin üzərinə ad yazılmır və s.

 
 

20 yaşlı oğlan necə vəhabi oldu?

...T.-nı 13-14 yaşlarından tanıyıram. Həmin vaxt o, "Quran" kursuna gedirdi. Əslən sünnilərin məskunlaşdığı yer kimi tanınan Şəmkir rayonundan olsa da, T. Bakının şiələrin sıx olduğu yerdə yaşadığından, o da məhz şiə namazı qılırdı. Onun artıq şiə olduğunu demək olardı. T. 18 yaşı olanda hərbi xidmətə getdi. Hərbi xidmətdən gədəndən sonra təxminən üç-dörd ay (bəlkə də daha çox) işsiz, bekar gəzdi. Günlərin birində isə yaşadığımız məhəllədə hər kəsin dilindən "T. vəhabi olub" xəbərini eşitdim. Deyirdilər ki, o, qısa şalvar geyinir və saqqal saxlayır. Bir də deyirdilər T. özünə iş tapıb (əslində iş tapmasıyla vəhabi olmasının üst-üstə düşməsi bu iki məqam arasında əlaqənin olmasından xəbər verirdi).

Yalnız T.-nı görəndən sonra deyilənlərin yüz faiz dəqiq olduğuna inandım. Sonralar o məhəllədə cavan uşaqlar yığışarkən "sələfi olduğunu" və artıq düz yola gəldiyini deyirdi. O, məhəllə uşaqlarına düz yolda olmadıqlarını deyərək, onları da sələfiliyə çağırırdı. Məhəllə cavanları isə (onlar arasında həm sünni, həm də şiələr vardı) onunla mübahisə edirdilər. Bu mübahisələr bəzən hətta əlbəyaxa dava səviyyəsinə də çatırdı. Ancaq qurtarmırdı.

T. cümə namazlarını həmin vaxt fəaliyyət göstərən "Əbu-Bəkr" məscidində qılır, məscidin imamı Qamət Süleymanovun xütbələrini dinləyir, sonra da əhalinin vəhabilik adlanlırdığı, özünün təbirincə desək sələfiliyin təbliğatını aparırdı. Yeri gəlmişkən, o, tərəfdaşlarına "qardaş", "qardaşlar" deyirdi...

Vəhabilik necə və hansı məqsədlə yaradılıb?

Cabir İskəndərli "Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər" kitabında yazır ki, müasir cəmiyyətdə İslam sünni təriqətinin cərəyanlarından biri kimi tanınan vəhabilik XVIII əsrin ortalarında Ərəbistan yarımadasının mərkəzi ərazilərindən olan Nəcddə meydana çıxıb və tezliklə bölgədə güclü, siyasi hərəkata çevrilib. Bu cərəyanın yaranması XIV əsrin din alimlərindən olan ibn Teymuriyyənin müəllifi olduğu "İslamın təmizlənməsi və ilkin ənənəvi İslama qayıdış" konsepsiyasını genişləndirmiş Məhəmməd İbn Əbdülvəhab ilə bağlıdır. Vəhabilik cərəyanın qurucusu sayılan Məhəmməd İbn Əbdülvəhab İbn Süleymanın (1703-1792) uzun səyahətləri (Bəsrə, Bağdad, Qum, İsfahan, Həmədan, Dəməşq, Qahirə) və İlahiyyat elmilə təkidlə məşğul olması onun dünya görüşünün formalaşmasında böyük rol oynayıb.

O, İslam dinini "Quran" və Peyğəmbərin sünnəsi özülünə qaytarılması zərurətini irəli sürüb. Onun fikirləri Nəcddəki dindarlar tərəfindən yaxşı qəbul edilmədiyindən Əbdülvəhab anadan olduğu doğma əl-Üyeynə qəsəbəsinə qayıdır. Buraya gəldiyi gündən qəsəbənin əmiri Osman ibn Müəmmar, eləcə də çox görkəmli ərəb şeyxləri ilə dostluq əlaqələri qurmağa nail olur. Əbdülvahab yerli əmir Osman ibn Müəmmara belə bir təklif verir ki, əgər fikirlərini yaymaqda ona kömək edərsə, Allahın yardımı ilə Əmiri Nəcd ərazisinin hakimi elan edəcək. Artıq həmin dövrdə müəyyən qədər təşkilatlana bilmiş vəhabilər bütpərəstliyə qarşı mübarizə adı altında səhabələrin, mötəbər övliyaların, tanınmış şeyxlərin qəbirləri üzərində ucaldırmış türbələr sökür, müsəlmanların müqəddəs saydıqları yerləri - ziyarətgahları, pirləri, məqbərələri dağıdırdılar.

Vəhablərin hərəkətləri bir çox qəbilə başçılarını narahat edirdi. Onlar yeni təlimlə barışa bilmir, buna qarşı sərt müqavimət göstərirdilər. Osman ibn Müəmmarın himayəsi altında özünü o qədər də təhlükəsiz hesab etməyən Məhəmməd İbn Əbdülvəhab Əmir Məhhəməd ibn Səudun (1726-1765) hakimiyyəti altında olan Dəryə şəhərinə köçür. 1744-cü ildə ibn Səud vəhabiliyi qəbul edir və Əbdülvəhabla "Dəriyyə ittifaqı" adlı bir ittifaq bağlayır. Yeni ittifaqın açdığı imkanlar sahəsində ibn Əbdülvəhab öz təlimini təbliğ edir, ətrafına ardıcıllar toplayır, ibn Səud isə şan-söhrət qazanaraq Ərəbistanı öz hakimiyyəti altında birləşdirmək fürsəti qazanır. Həmin vaxt Əbdülvahabın dediklərini qəbul etməyən müsəlmanlara "kafir" damğası vurulurdu. İbn Səudun başqa əmrlikləri Səudilər dövlətinə tabe etməsi üçün başladığı qarşıdurmalar isə xüsusi amansızlığı ilə fərqlənirdi. XVIII əsrin 40-cı illərinin ortalarından etibarən Əbdülvahab açıq-aşkar siyasi mübarizəyə qoşulur. Onun təlimi Ali-Səud sülaləsinin Ərəbistan yarımadasında apardığı mübarizənin bayrağına çevrilir. Təxminən 20-25 il ərzində bir çox əmrliklər Ali-Səuda həvalə edilir. Məhəmməd ibn Əbdülvahabın vaxtında onun dediklərini qəbul etməyən müsəlmanlara "kafir" damğası vurlurdu. Onun sağlığında və ölümündən sonra bir sıra dəhşətli cinayətlər edildi: insanlar öldürülür, məqbərələr qarət edilir və s. Məsələn, 1802-ci ildə baş vermiş dəhşətli cinayət: Nəcəfdə şiələrlə baş verən bir mübahisə nəticəsində bəzi vəhvabilərin öldürülməsini bəhanə edərək Əbdüləziz ibn Səudun başçılığı altında 1802-ci ildə (Məhərrəm ayının 10-u, yəni Aşura günü) Kərbəlanı ziyarət edən minlərlə insan qılıncdan keçirildi və Həzrət Hüseynin (ə.) məqbərəsi qarət edildi...

Vəhabilikdən Məhəmməd ibn Əbdülvəhabın, Səudilər nəslinin qazancı və davamçılar

Bütün bu qeyd olunanların davamı haqda tarixi mənbələrdən daha ətraflı məlumat toplamaq olar. Bu istiqamətdə son olaraq bildirək ki, baş verənlər 18 sentyabr 1932-ci ildə Səudilər nəslinin nümayəndələrindən olan Əbdüləzizin hazırkı Səudiyyə Ərəbistanı Krallığının əsasını qoyması ilə sonuclandı (ölkənin adındakı "Səudiyyə" sözü məhz Səudilər nəslinin adıyla bağlıdır). Yekun olaraq demək olar ki, Məhəmməd ibn Əbdülvəhabın yaratdığı təriqət özünə davamçı yığmağa, Səudilər nəslinə isə XVIII əsrdən başlayaraq genişlənməsi XX əsrdə başa çatmış, ömrü hələ də davam edən bir hakimiyyət qazandırdı. Səudiyyə Ərəbistanı vəhabiliyin beşiyi sayılsa da, sonralar Məhəmməd ibn Əbdülvahabın davamçıları digər müsəlman ölkələrdə, hətta qeyri-İslam öldkələrində də təbliğatlarını yaymağa başladı. Bu təbliğat indinin özündə də davam edir, davamçılar missionerliklə vəhabiliyi yayır. Vəhabilik isə erkən İslam dövrünün qayda-qanunlarına qayıtmağı, təkallahlılıq prinsipinə ən ciddi şəkildə riayət etməyi, müqəddəslərə və müqəddəs yerlərə sitayişdən, başqalarından götürülən yeniliklərdən imtina etməyi təbliğ edən dini-siyasi cərəyandır. Bu cərəyanın tərəfdarlarının xarici görünüşü isə başqalarından qısa şalvar geymələri və uzun saqqal saxlamaları ilə fərqlənir.

Milli vəhabilər

Bu cərəyan Azərbaycanda var. Ölkə cəmiyyətində vəhabiliklə bağlı maraq, daha çox isə qorxu var. Maraq bəlkə də vəhabilərin öz adlarını belə etiraf etməkdən çəkinmələrilə bağlıdır. Qorxu isə yəqin onla bağlıdır ki, bir sıra hallarda bu cərəyanın adının qarşısına "radikal" sözü də əlavə olunur: radikal vəhabi, radikal vəhabi qruplaşması və s.

Vəhabilər isə özlərinin nəinki radikal, heç adicə "vəhabi" adlandırılmasının da qəti əleyhinədir. Onlar özlərinə "sələfi", yaxud "əhli-sünnə və cəmaət" deyir və məhz belə adlandırılmasını istəyir.

Qamət Süleymanov Azərbaycandakı, özlərinin təbirincə desək, sələfilərin lideridir. Ancaq o, özünü tərəfdarlarının lideri yox, sadəcə "Əbu Bəkr" məscidinin imamı sayır. Həmin məscidin ki, 2008-ci ildə orada terror hadisəsi baş verdi, məscid partladıldı. Həmin vaxtdan indiyədək "Əbu Bəkr" məscidi hələ də bağlıdır. Qamət Süleymanovun vəhabiliklə bağlı, daha doğrusu vəhabiliyin ümumiyyətlə olmaması ilə bağlı öz arqumentləri var: "Ümumiyyətlə, İslam dinində vəhabilik adlı firqə yoxdur. Sadəcə, başqa təriqətdə olanlar - hansı ki onlar dindən əlavə özlərindən uydurma şeylər çıxarıblar - bu sözü atıblar ortaya. Bunun yayılmasının səbəbi isə dini savadsızlıqdır. Çünki Azərbaycanda dini maarifləndirmə sıfır səviyyəsindədir".

Qamət Süleymanov əslində Allahın adlarından birinin də Vahab olduğunu deyir: "Əslində, vəhabi insan adından, yəni Məhəmməd Əbdülvahabın adından götürülən söz deyil. Vəhabi - tək Allaha ibadət edən deməkdir. Biz vəhabi deyilik. Əgər vəhabi olsaydıq bunu deyərdik. Axı niyə də deməyək? Biz heç kimdən qorxmuruq".

"Dini etiqad və vicdan azadlığı haqqında" qanuna edilən əlavə və dəyişiklikdən sonra Qamət Süleymanovun rəhbəri olduğu "Nərimanov dindarları" dini icması dövlət qeydiyyatından keçməyib (buna qədər onların dövlət qeydiyyatı var idi).

Yeri gəlmişkən, Qamət Süleymanov əvvəlcə Sudanda (bu Afrika ölkəsi vəhabiliyin yayıldığı yerlərdən biridir), sonra isə Səudiyyə Ərəbistanında (bu ölkə isə yazının əvvəlindən göründüyü kimi, vəhabiliyin beşyidir) təhsil alıb. Maraqlıdır ki, o, hələ ilk dəfə Sudana gedəndə artıq sələfi imiş: "1992-ci ildə Sudana getmişəm. Ancaq hələ Bakıda olarkən - 1988-ci ildə, 18 yaşımda sələfi oldum. Həmin vaxt cürbəcür firqələr var idi. Eşitdim ki, sələfi əqidəsi də var. Oxuyandan sonra gördüm ki, bu əqidədə sırf din təbliğ olunur, artıq şey yoxdur, bəyəndim. Elmimi artırandan sonra da arxayın odum ki, haqq yolu budur".

Qamət Süleymanov vəhabilərin (özlərinin təbirincə desək sələfilərin) görünüşünün fərqli olmasını isə belə əsaslandırır ki, əslində digər təriqətlərdə saqqal saxlamaq var, lakin onlar buna əməl etmir: "Məsələn, sufilərdə, şiələrdə də saqqal saxlamaq var, şalvarın qısa olması var. Ancaq onlar saqqal saxlamır, şalvarlarını da qısa eləmir. Sələfilər isə edir".

Sual çıxır: niyə? Axı məsələn, şiəlikdə uzun saqqal saxlamaq tələb olunursa, onlar niyə saqqallarını uzatmır? Qamət Süleymanov sualı belə cavablandırır: "Mən oxuyuram, Allah və rəsulun qanunu var, belə olmalıdır. Mən, sadəcə, qanuna tabe oluram".

Onlar terrorçudur?

Cabir İskəndərli "Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər" kitabında vəhabliyə yaxın olan və cinayət törətmiş təşkilatlar barədə yazıb. Məsələn, qeyd olunub ki, 1999-cu ildə Azərbaycanın təhlükəsizlik orqanları bir sıra ağır cinayətlər törətdiyinə görə vəhabiliyə yaxın olan "Ceyşullah" ("Allahın ordusu") təşkilatının 14 üzvünü həbs edib. Onlar Azərbaycan Ekstrasenslər Birliyinin sədri Etibar Erkin və iki oğlunu qətlə yetirməkdə, Avropa Yenidənqurma və İnkişaf Bankının ofisini qarət etməkdə və "Krişna şüuru" dini icmasının Bakı qərargahını partlatmaqda məhkəmənin hökmü ilə təqsirləndirilərək, həbs olunublar.

Qamət Süleymanov isə deyir ki, məsələn, sünnilərdən ibarət hansısa quldur dəstəsi bir cinayət törədirsə, bu, bütün sünnilərin cinayətkar olması anlamına gəlməməlidir: "Cinayəti şiə də, sünni də, başqaları da törədə bilər. Biz belə şeylərin əleyhinəyik. Ona görə də məhz biz terrora məruz qaldıq (O, sonuncu cümləni "Əbu Bəkr" məscidinin partladılmasını nəzərdə tutaraq deyir - P.A.)". Qamət Süleymanov vəhabilərlə bağlı olduğu iddia edilən və bir sıra cinayətlər törətmiş "Ceyşullah", həmçinin "Hizbu-t-təhrir" təşkilatlarının əleyhinə olduqlarını söyləyir.

Cabir İskəndərlinin kitabından: "...Digər məscidlərdən fərqli olaraq "Cümə" məscidi günün 24 saatı vəhabilərin üzünə açıq oldu. Bura onların həm ibadət, həm də görüş yerinə çevrildi. Çeçenistan, Dağıstan, Özbəkistan və digər respublikalardan gələn vəhaiblərlə görüşlər məhz bu məsciddə keçirildi. Məscidə toplaşanlar arasında "Çeçen press" agentliyinin bülletentləri yayılırdı..."

Qamət Süleymanov deyir ki, məscidin 24 saat açıq olması normaldır, çünki məscid Allahın evidir: "O ki qaldı çeçenlərin bizim məscidə gəlməsi, onlar başqa məscidlərə də gedirdilər. Ancaq hansısa bülleten yayılmırdı, təbliğat aparılmırdı. Bunlar hamısı qərəzli mövqedir, cəfəngiyyatdır".

Əhalinin vəhabi kimi tanıdığı, özlərinə isə sələfi deyən şəxslərin Azərbaycandakı sayı barədə dəqiq məlumat yoxdur. Ancaq onların sayının on minlərlə olduğunu təxmin etmək olar. Çünki vəhabilərin təbliğat və idarəçilik metodları çox sadə və effektlidir: İdeologiyanı mənimsəyən şəxslər digərlərini də bu yola dəvət edirlər. Hər yeni cəlb olunan şəxs yeni adamlarla ünsiyyətə yaradır. Əvvəl ailə üzvləri, sonra qohumlar və qonşularla müvafiq söhbətlər aparılır, onlar qrupun yeni üzvlərinə çevrilirlər. Beləliklə, vəhabi şəbəkəsinin zəncirvari həlqəsi formalaşır (bu cümlələrdən sonra yazının əvvəlindəki "20 yaşlı oğlan necə vəhabi oldu" yarımbaşlığındakı sonuncu abzası oxusanız daha çox şey aydın olacaq). Vəhabiliyin yayılması üçün müxtəlif adlar altında ayrı-ayrı mənbələrdən (məsələn, Küveyt İslam İrsinin Dirçəlişi Təşkilatı kimi) hesabına pul vəsaitləri də cəlb olunur.

Qamət Süleymanov özü tərəfdarlarının sayını bilmədiyini deyir: "Bu cür hesablama aparmamışıq..."

Pərvin ABBASOV

pervinabbasov@mail.ru