Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Həmid Herisçi və İlhamə Rzayeva. "Səttərxanın təsbehi"... Gülnarə Rəfiq. İki maraqlı yazı: "İmperator Neron" və "Gəldi gedər Bakı"

Müəllif:

Bələdçi


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

Həmid Herisçi və İlhamə Rzayeva. "Səttərxanın təsbehi"... Gülnarə Rəfiq. İki maraqlı yazı: "İmperator Neron" və "Gəldi gedər Bakı"


Baxış sayı: 693
    
    


 

Həmid Herisçi və İlhamə Rzayeva. "Səttərxanın təsbehi"   


 

(Təbriz fədaisi Həmid Qəvaminin gündəliyindən)


KADR ŞÖBƏ MÜDİRİ

1941-42-ci ilin soyuq qışı Tehran əhlini küçələrdən yığışdırıb-hərə, əlini-əlinə sürtərək öz evində qızınır. Kürsü-sobaların tüstüsü, deyirsiz, hər bacadan göyə yüksəlir, hə? Yox...Şəhərdə kasıbçılıqdı, nöyüt lampalarının gözü belə kor qalıb...Tehran küçələrində gəzişən birgə sovet-britaniya patrulları hərdən silahı işə salır, bir də eşidirsən ki, gecənin bağrından, dərinliyindən güllə səsi gəldi, az sonra kiminsə bədəni şarappıltıynan yerə sərildi. Vay-şivən, ağlamaq səsi bu mənzərələrə əlavə olunmur-hərə öz hayındadır. Həbsə atılmış alman mütəxəssis, zabitlərinin sahibsiz qalmış cins köpəkləri xam xəyala düşüblər-elə bilirlər ki, Tehran küçələrində gecələr şahlıq edən it xılı, hə, bu bədbəxtləri gec-tez öz sıralarına qəbul edəcək. Əbəsdir bu çiy xəyallar-milli İran köpəkləri də sanki qəsbkarların-ruslarla ingilislərin!-tərəfinə keçib- alman cins köpəklərini qəfil təkləyib anında parçalayırlar.
Novruza qədər bu köpəklərin birisi belə diri qalmayacaq...
Novruza qədər sağ qalmaq istəyərək Tehrana sığınmış Təbriz fədailərin içində bir gənc var, Qafar Herisçi ismində. O, Tehranı başa-baş gəzib axırda bir qapı önündə dayanır- "Pişəvərinin nəşr etdiyi "Ajir" qəzeti redaksiyası, hə, bildim, burda yerləşər yəqin ki. İkinci mərtəbədə. Seyid özü işdə olar indi. Mən ona bir amanat gətirmişəm. Onu görüncə bilər mən kiməm"...

***
Qəzetin çapa gedəcək son nömrəsini Pişəvəri elə oxuyub təzəcə bitirmişdi ki, xidmətçi Qulamrza kişi qapını taqqıldatdı:
-Seyid, Təbrizdən qonağımız var, Herisçilərdəndi, Qafardı adı.
Ucaboy, çox cazibədar bu gənc içəri keçincə ətrafını diqqətlə gözdən keçirib lap axırda Pişəvəriyə qısaca salam verdi. Pencəyi cibindən çıxardığı ağır kəhraba təsbehi masa üzərindəki "Ajir" qəzetinin son nömrəsi üzərinə qoydu. Sonra sakitcə dilləndi:
-Siz ki bu təsbehi yaxşı tanıyarsız, yoldaş Pişəvəri.

***

Pişəvərinin adətiydi-gözünə zərrəbin keçirib köhnə "Bekker" saatını söküb-yığar, bu zaman, cari siyasi məsələləri beynində canlandırar, sanki dərindən fikirləşməkçün bax bu öz saatından vaxtı borca götürərdi. Yalnız haman saatı sazladıqdan sonra son qənaətə gələrmiş.
İndi də bu təkrarlandı.
Pişəvəri saatını sazlayıb keçdi işin ikinci hissəsinə-təsbehi zərrəbinlə gözdən keçirib qəfildən gözlərini bərəltdi:
-Nə? Ola bilməz! Gözlərimə inanmıram, Səttərxanın təsbehi? Sizi...- Pişəvəri, qarşısındakı gəncə heyrətlə baxdı:
-Sizi Təbriz fədailərinin "Mərkəzi-qeybi"si (gizli təşkilatı) bura ezam edib?
-Bəli. Fədailərin sizə məxfi məktubu var. Yarısı sükutla, yarısı şifahi...
-Necə yəni sükutla?
-Elə beləcənə sakit-səssiz baxacam üzünüzə, siz isə bir müddət sonra onu eşidəcəksiz... Qaldı şifahi söhbətimiz. Onu harda aparaq ki, Allaha xoş getsin?
Pişəvəri, qıçı lax bir stulu əlinə alıb gözləriylə yoldaş Herisçiyə işarə ötürdü-"sən də bir stul götürüb arxamca gəl".

*** 

Yoldaş Kəndli əvvəlcə tarixi mövzulara müraciət etdi:
-Təbriz ətrafında bir qədim pir var, "Həzrət İsmayıl piri" adında. Həzrət İsmayıl da ki, bilirsiniz kimdir-İbrahim peyğəmbər bu sevimli oğlunu Allah-təalaya qurban vermək istəyirmiş, lakin bıçaq İbrahimin boğazına dirənincə, gö ydən mələklər yerə enmiş, İbrahimin qolundan yapışıbmışlar ki, "bəs, sakit ol, biz sənin Allah eşqini sınağa çəkirdik, burayacan gəldiyin yetər, bildik, sən haq aşiqisən, oğlunun qanını axıtma, qurbanını qansız qəbul edirik"...
Pişəvəri, razılıq əlaməti olaraq başını bir-iki dəfə tərpətdi:
-Mən də bu pirdə olmuşam. Davam edin yoldaş Herisçi.
-Təbrizin baş ziyarətgahı, ana nüvəsi, onun gizli bətni bax bu dərgahdadadır-ta qədimdən fədailər öz övladlarını bu pirə gətirər, onları qurban verəcəklərini səslə-nitqlə deyil, sükutla Allaha çatdırarmışlar...
Bu fədailər, bu "İsmayıl qurbanları" böyüyüb boya-başa çatdıqdan sonra  "İsmayıl qala"larına əsgər göndərilərmişlər. "İsmayıl qala"sına təyanat alanlar son damla qanınadək döyüşməli, haq yolunda şəhid olmalıymış. Adətən bu qalaların sayı 7 olardı. Osmanlı imperiyasının "yeniçeri" qoşunu da elə haman quruluşa malikmiş-bu ordunun Avropa sərhədlərində 7 "İsmayıl qalası" varmış. 18-ci əsrin sonunda rus sərkərdəsi Suvorov, Dunay çayının Qara dənizlə birləşdiyi nöqtədə yerləşən belə bir "İzmail (İsmayıl) qalası"nı fəth etmək fikrinə düşür. Nəhəng qan bahasına bu İsmayıl qalasını zəbt edir də... Sonra, Britaniya şiriylə rusun ikibaşlı qartalı fədailərə qarşı gizlin saziş qururlar. Dərk edirlər ki, Şərqi, Türkiyyə ilə İranı fəth etməkçün, yeniçəri ordusu ilə Təbriz fədailərini eyni vaxtda qətlə yetirmək lazımdır.
Qafar Herisçinin məntiqini hiss edən Pişəvəri, həmin mövzuya sakitcə müdaxilə edir:
Yəni assasinləri,- bu vaxt gözlərini yumub açan Pişəvəri, əlini dizinə çırpıb fikrini bitirir:
-1826-cı ilin sentyabrında İstanbulda yeniçeri qoşunu ucdantutma qətlə yetirilir, eynən həmin vaxtda da Paskeviçin ordusu Təbrizə daxil olur-fədailərin, assasinlərin paytaxtı Təbriz, Qərb masonluğu tərəfindən süquta uğradılır...Sizin məntiqi düz anladımmı yoldaş Herisçi?
-Bəli, Qərb imperializmi əvvəlcə Şərqin hərbi təbəqəsini, yəni assasinləri, yeniçeriləri, fədailəri məhv etmək istəyir. Sonra yapışır qocaman padşahların xirtdəyindən.
Pişəvəri öz adətincə dodaqlarını büzüb pencərəyə yaxınlaşır, küçədə gəzişən ingilis-sovet hərbi patrullarına baxır:
-1826-cı il yenidən dirilib. Ruslarla ingilislər yenə də birləşiblər...
Qafar Herisçi astaca pıçıldayır:
-Almaniya biz fədailərə, Təbrizin gizli İmam Mehdi ordusuna yardım edir. Biz bütün İranda nəhəng üsyan hazırlayırıq. Ancaq, almanlar müharibədə yenilsələr, biz guya ki, rusların tərəfinə keçəcəyik. Təbriz fədailərinin "mərkəzi-qeybi"si belə olarsa, sizə müraciət edəcək ki, Azərbaycana qayıdıb biz fədailərin köməyi ilə hakimiyyəti götürəsiz. Ruslar buna o qədər də sevinməyəcəklər. Britaniya ilə Sovetlərin arası dəyəcək-bizə də elə bu gərəkdir.
Pişəvəri bu vaxt əl atır Səttərxanın təsbehinə:
-Siz heç bilirsinizmi bu təsbeh nə deməkdir, yoldaş Herisçi?

***

-Əlbətdə. Təsbehin 99 daşı eyni saylı seçməTəbriz fədaisinə işarədir. Fədailərin bu məxfi quruluş, "əsma ül-hüsna"dan, yəni, Allahın müqəddəs Quranda sadalanan 99 sifətindən qidalanır- fədai, Allahın bu sifətlərinə uyğun bir ad alır-olur Əbu Həmid, Əbu Əli, Əbu Məcid, Əbu Axir, Əbu Əvvəl və s.

Yoldaş Herisçinin sözünə bu vaxt Pişəvəri yavaşcana müdaxilə edir:
-Dediyimiz bu 99 fədai üç dəstəyə bölünür,-Pişəvəri, təsbehi üç qismə bölən xüsusi daşları bir-bir Qafar Herisçiyə göstərir. Təbrizli qonaq gülümsəyib, sonra ciddi görkəm alır:
- Bu üç dəstənin ikisi hücum, yaxud müdafiə vaxtı sağ-sol cinahları təşkil edir. Digər dəstə isə mərkəzi qoruyur, lazımı anda irəli atılır. Hər üç dəstədə 32 əsgər, üstəgəl bir sərdar olur. Səttərxan lazım gələndə bu təsbehi açır, 99 daşı qum üzərinə düzür, yəni, döyüşün məşqini-xəritəsini bax bu cür göz önündə candandırırmış. Təsbehi göz önünə tutub qarşıdakı düşmənin hansı məsafədə olduğunu da dəqiq öyrənmək olar-bu, həmin mənzərənin neçə daşla ölçüyə gəlməsiylə əlaqədardır. Hər daş 10 metr məsafəni təyin edir. Təsbehi tut gözünün önündə, düşmənə tərəf bax-mənzərə beş daşla ölçüyə gəlirsə demək onlar səndən 50 metr uzaqdadırlar.
Pişəvəri təsbehi əlinə alıb Qafara deyir:
-Sizin daşınız bu təsbehdə varmıdır?
-Bəli. Lakin seçmə 99 fədaini hələ tam hazırlaya bilməmişik. Siyahı tam oldusa, qədim qanundu bu- Təbrizdə üsyan başlayacaq, həmin vaxt siz Təbrizdə olmalısınız, yoldaş Pişəvəri.

 

***

Pişəvəri təsbehi yoldaş Herisçiyə qaytardığı vaxt:
-Sizi Azərbaycan Demokrat partiyasının kadr şöbə müdiri vəzifəsinə təyin edirəm, kadrlarımızı bu qədim fədai qanunuyla seçin, lazımı vəzifələri onlara həvalə edin.
Həə, bax bu söhbətdən sonra Qafar Herisçi Təbrizə dönür, 99 fədaini "əsma ül-hüsna"ya uyğun şəkildə yetişdirib onları 1945-ci il 21 Azər üsyanına hazırlayır.
1946-cı il məğlubiyyəti zamanı bu siyahı pozulur. Təzə üsyan üçün isə həmin 99 fədai yenidən hazırlanmalıdır. Yeni fədai ordusunun təşkili 60-cı illərin əvvəlində təzədən atam Qafar Herisçiyə həvalə olunur. Səttərxanın təsbehi də elə həmin vaxt özünə yeni həyat qazanır.
Qafar Herisçi- "yoldaş Kəndli" kod isimli atam ilk dəfə bax o vaxt mənə, 8 yaşlı övladına bu təsbehi göstərir.

***

Bu dəfə, fədailərin gizli təşkilatlanma qanunu Şərqi Alman kəşfiyyatı "Ştazi"nin böyük marağına səbəb olur. İran Kommunist Partiyasının Leypsiqdəki iqamətgahına Markus Volf, Erik Xonekkerin özü tez-tez qonaq gəlməyə başlayır. Partiya rəhbəri İyrəc İskəndəri, yazıçı Bozorq Ələvi, inqilabçı Davud Münşizadə, atam Qafar Kəndli, yoldaş Əgahi, bir sıra başqa partiya silahdaşlarımız bir gün Səttərxanın təsbehini onların qarşısına qoyurlar:
-Bu təsbehdə İran inqilabının, müsəlman Şərqinin sirri yatır,-deyirlər.
Markus Volf, Erik Xonekker həyəcan içində həmin təsbehi bir-birilərinə ötürüb axırda qəti qərərlarını söyləyirlər:
-Biz bu daşları yenidən diriltmək gücündəyik, yoldaşlar. İran inqilabı yenidən bu təsbehdən doğacaq. Qoca Şərqin sosializm günəşi görünür bu təsbehin canında uyuyur. Gəlin onu oyadaq!
Hamı ayaq üstə qalxıb əl çalır.
Həmin oyanışın necə olduğunu indi gəlin mən sizlərə danışım.   

 

ÜSYANA DOĞRU

1978-ci ilin yanvarında Təbriz əhalisi arasında min cür söz-söhbət yayılır-"bəs, şükür sənə ay Allah, fədailər şəhərdə növbəti  üsyan hazırlayırlar! Ayıq olun, növbəti "əl-Fəcr" dövrü gəlir... Qədim kitablarda yazılıb ki, hicri-qəməri 1400-cü ildə (miladi tarixlə 1979) yəni gələn il, Qeyb İmam zühür edəcək".

***

Bələdiyyə binasınındakı nəhəng saata baxıb fikrə dalanların sayı başlayır günü-gündən artmağa.

***
 
Xalq, dəstə-dəstə şair Şəhriyarın qapısına tökülür. Qapı astanasındakı çəkmələr bir-biri üstə qalanır, içərdən isə eşiyə eyni sözlər sızır-bəli, necə deyərlər, "gedib çoxu, qalıb azı, yetişib sübh namazı!".
Hələ xalq küçələrə tökülüb üsyan etməyib, 19 fevral 1978-ci il qiyamına hələ bir ay vaxt qalıb, lakin Şəhriyarın şerləri artıq dillər əzbəridir-"Biz bir dərya qan vermişik, meydanlarda can vermişik, qırx nəsil qurban vermişik...Başlara sovrulur saman, gözləri doldurur duman, ya Əli! Sahib əz-zaman!...Biz etisab (tətil) etdik tamam, əliyalın etdik qiyam, qoyun gəlin Naib-İmam, cəhad desən, dartılarıq, qırılsaq da qırılarıq"...  
İlk dəfə, "Ədəbiyyat və İncəsənət" qəzetinin 1978-ci il noyabr sayında çap olunmuş bu şer, aldanmayın, İNQİLAB zamanı deyil, ondan xeyli əvvəl yazılıb. Demək, Şəhriyar bu inqilabı kənardan müşahidə edənlər sırasında yox...bəli, bir də "bəli!- onu hazırlayanların cərgəsindəymiş! Həmin qiyamı təşkilatlandıran Təbriz "xəlvətiyyə"sinə, "mərkəzi-qeybi"yə daxilmiş.
Tezliklə bir başqa xəbər də Təbriz bazarından çıxıb hamını həyəcanlandırır-"Bəs, Allahın İmam Mehdi ordusu artıq Təbrizdədir! Cahad başlayır! Fədailər döyüşə hazırlaşırlar"... (2000, 21 sentyabr).

***
-Ata, "C..." ordusu nədir belə?
Atama verdiyim bu sualın cavabını bir müddət gözləməli oldum. O, kitab taxçalarımıza yaxınlaşıb ordan bir-iki nüsxə əlyazması çıxardı. Qədim, qup-quru vərəqlərin xışıltısı qulaqlarımı oxşadı.
-Bizim Allahın 99 sifəti var, onların cəminə "əl-Əsma ül-Hüsnə" deyirlər. Allah-təalanın adı isə kimsəyə bəlli deyil. Qədim Şərqdə, Təbrizdə indi belə, oğlan uşaqlarının adını həmin "əl-Əsma ül-Hüsnə"dən seçirlər. Məsəlçün, məni Allahın "Qəffar", yəni "bağışlayan, əfv edən" sifətinə layiq biliblər. Sən isə Allahın "Həmid", yəni "qəbul edilmiş" sifətini öz həyatınla sübut etməlisən. Qardaşlarımın Məcid, Rəşid, adları da həmin siyahıdan götürülüb.
Əlyazmalarının quru vərəqləri yenidən xışıldadı:
-Quranda  Allahın "C..." ordusundan danışılır. Bu isə...-
Atam, üzünü əlyazmalarından ayırıb, mənə tuşladı:
-Bu isə, eşit, ancaq kimsəyə demə...- ani sükut araya girdi, biz, ata-bala, diqqətlə bir-birimizə baxdıq. Baxışlarımızdakı lal mənanı sözə çevirmək necə də çətin idi...
-Elə bizim 99 nəfərlik fədai ordusu deməkdir.
Əlyazmalarını qapayıb fikrə dalan atam, sonra öz bildiklərini daha aydın şəkildə mənə çatdırdı:
- Allahın 99 sifəti, sıraynan, 99 fədai arasında bölüşdürülür-biri, "əl-Cəbbar" olur, digəri "əl-Hadi", bir ayrısı, "əl-Mübdi"-yəni, "başlayan"...Döyüşü məhz bu adı daşıyan fədai başlamalıdır...Allahın "əl-Axir" sifətini özünə ad seçmiş fədai döyüşün lap axırıncı, ən çətin anında meydana girməlidir. "ər-Rakib" (izləyən) adlı fədai, özün de kimdir?- fədailərin kəşfiyyatçısı! "əl-Hafid", "əl-Mumid" adlı fədailərin qılıncından düşmən gərək aman gözləməsin! "əl-Hafiz" (qoruyan) fədai cəbbəxanasına cavabdehdir. O, cangüdən də ola bilər. "əl-Mətin"( bərk),  adını seçmiş fədai, müdafiə xəttinin önündə durmalı, əl-Muid (qaytaran) isə əldən getmiş səngəri geri qaytarmalıdır...
Ancaq, bu adlar nisbidir. Kimin hansı ada layiq olduğunu döyüş özü göstərir.
-Qədim Təbrizin fədai ordusu bu qanunla təşkilatlanırmış?-beynimdə çalxalanan fikirlərin içindən yalnız birini dilimə gətirdim.
- Bəli.
-Mən də Allahın bir adına layiq görülmüşəm. Demək...-çətinliklə sözümü davam etdim, -demək, mən də fədaiyəm?
- Təbrizdəki bütün kişi xeylaxları bu cür adların sahibidir. Ancaq, onlar bunu dərk edirmi, iman savaşına qatılıb öz adını doğruldurmu? Hə, burda tale yolları haçalanır-nadir, tək-tük adamlar öz adının sirrini öyrənmək arxasıca düşür, fədailərə  qatılırlar. Özü də, biz özümüz belələrini gəlib tapırıq. O, özü heç vaxt bizim xəlvətiyyəni ("mərkəzi-qeybi"ni) tapa bilməz.
Hər "Hafiz" adlı kəs, Allah yoluna düşüb ilahi sirləri, Quranı, yaxud cəbbəxananı qorumur ki...Bəlkə o, öz pulunu qoruyur ancaq...
Lakin, Təbriz fədailərinin idealda baş məqsədi o dediyim " Əsma ül-hüsna"nı yaratmaqdır. O yarandımı, vəssəlam, bütün Təbriz titrəyəcək.
 Atamla bu söhbəti, bilirsiz nə vaxt?-1978-ci il Təbriz qiyamından bir-iki həftə öncə etmişdim. Az sonra yer titrədi, göy guruldadı, şimşək çaxdı-fədailərin  ordusu Təbrizi, bütün İranı titrətdi.
99 nəfərlik bu gizli İmam Mehdi ordusu üç hissəyə bölünürdü-hər biri 33 fədaidən ibarət (32 əsgər+1 rəhbər) üç dəstənin ikisi, döyüş zamanı sağ-sol cinahları qoruyur, bir dəstə isə mərkəzdən  düşmənin ön xəttinə sarsıdıcı zərbə endirirdi. ( 2006, 5 iyun).    

***
Şirin söhbətimizi burda yarıda kəsək. Sizə kimdən danışım, kimdən xəbər verim?-sovet jurnalisti Mixail Krutixindən! 70-80-ci illər Tehranında TASS informasiya agentliyinin müxbiri işləyən cənab (ona "yoldaş" deməyə dilim gəlmir) Krutixin adını çək, üzünü görmə-L. Şabarşin, V. Kuziçkin, Leonid Rassadin kimi onun da Tehranda çox qəliz, xəyanətkar fəalliyyəti olub-bilin, İran solçularının faciəli taleyində bu kəslərin əməyi az  deyil! Bax bu Krutixin indi "əməli" fəaliyyətini kənara atıb, İran solçuları, bizim "Tudə" partiyası haqda dişinin dibindən çıxanı yazır. Ona qulaq assan belə bəlli olacaq ki, hə, neynək, Tudənin qədim tarixində üzağardan heç nə yoxdur-biz əclaf, satqın, qeybətcil nakişilərik, vəssəlam. İran fədailəri haqda da onun bəzi qeydləri var-o, iddia edir ki, bəs, Fələstin "Fəth" hərəkatı düşərgələrində 400-600-dək bizim fədai təlim keçərək sonra İrana göndərilib.
İndi söhbəti mən davam edim, siz də eşidin.

***

Yəmən, Livan,Liviyadakı hərbi düşərgələrdə təlim keçmiş fədailərin sırasında bizim Təbriz, İran mücahidləri sayca bəlkə hamıdan çox idilər. Bu düşərgələrdə yaranmış məxfi fədai ordusu dörd pilləli quruluşa malik idi:1. "A"-kütləvi xalq hərəkatı. 2. "B"-xüsusi təyinatlı fədai ordusu. 3. "V" ( yəni, Allahın qanı) - bu iki təşkilatın siyasi rəhbərliyi. 4."Q"-yəni, fərdi şəkildə, təşkilatdan kənarda fəaliyyət göstərdiyi tək-tənha əsgərlər...
Mustafa Çamran, Musa Xiyabani...Məhz bu iki əfsanəvi fədai, Şərqi Almaniya "Ştazi"sinin Livandakı təlim düşərgələrində dərs keçdikdən sonra, 1977-78-ci illərdə gizlincə İrana qayıdır, gələcək İslam inqilabının (sonra bu qiyam sosializm pilləsinə keçməliymiş) ilk sınaq meydançasını Təbrizdə həyata keçirmək qərarına gəlirlər.
KİÇİK HAŞİYƏ:Yəməndəki hərbi düşərgələrdə təlim keçən Təbriz fədailəri qarşısında o zaman Azərbaycan SSR xalq artisti Zeynəb Xanlarova bir neçə dəfə konsert vermişdi. Lakin bu konsertlər elə-belə sadə deyildi-milli Azərbaycan nəğmələrini dinlədikcə duyğulanan fədailərimiz öz hissiyyatlarını üzə çıxarmamalı, gözlərinə yaş gələndə öz duyğularını cilovlamalıymışlar. Yəni, bu bir növ imtahanmış ki, görək, yad ölkələrdə olarkən bu nəğmələr sizi diksindirməyəcək ki! Diksindiz, gözləriniz yaşla doldusa, heç, qanınız getdi, NATO, Amerika, İsrail cəsusları sizləri aşkarlayacaq!
Bizim fədailər də bu mahnıları dinlədikcə öz hissərini qəti büruzə vermirdilər. Axı...
Deyilənə görə müğənni Zeynəb Xanlarova ona qarşı olan bu cür davranışa, soyuqluğa görə öz narazılığını bildiribmiş...
Yazıq hardan biləydi ki, onun işi tamam başqa məqsədə xidmət edirmiş...
Ayrıca olaraq qeyd edirəm- qədim Bakının 32 kəndi, Qarabağ elatının bir vaxt "32 Cavanşir" adıyla tanınması müəyyən mənada onu sübut edir ki, bu ordu modeli əski Azərbaycanda çox məşhur imiş. Onun əsasında kəndlər salınır, el-oba təşkilatlanırmış. Bir başqa nümunə-Eldar Quliyevin məşhur "Bir cənub şəhərində" filmində də Bakı cayılları öz düşmənlərini neyçünsə məhz "Xrebtovı küçəsi 32" saylı mənzilin önündə qətlə yetirirlər. Bakı cayılları bilirsiz kimlərdir?- vaxtilə Qız qalası kimi 32 digər kənd qalalarını qoruyan fədai nəsillərinin indiki övladları! Beləysə, təəccüblənməyin, düşmən bu kinofilmdə təsadüfən 32 saylı mənzil qarşısında qətlə yetirilməyib...
Qan yaddaşı dirilib orda!
O filmdə Bakı fədailərinin gizli, tam məxfi quruluşu çox gözəl təsvir edilir. KQB-nin bu təşkilatı bir rus qızı vasitəsiylə necə dağıtması isə, vallah, ürək ağrıdan bir haldır.
Lakin, mən məsləhət görərdim ki, kinoşünaslar bu filmi xaricdə "assasin" (fədai) filmi kimi təqdim etsinlər. Xarici tamaşaçılara başa salsınlar ki, o filmdə ən qədim assasinlərin indiki Bakı övladları, onların faciəli sonluğu təsvir edilib!
Dediyimə əməl edin, görün xaricdə bu filmə necə maraq artar. Axı assasinlərin taleyi indiyəcən bütün dünyada böyük maraqla izlənilir! 

HƏLƏ EŞİDƏCƏKSƏN...

1983-cü ildə Təbriz inqilabı özünün ən ağır dövrünü yaşayarkən, atam mənə dedi:
-Səttərxanın təsbehi məndədir hələ...Çətinə düşdümmü, onu sənə ötürəcəm...Qoruyarsan haa onu öz göz bəbəklərin kimi...
1997-ci ildə atam ölüm ayağındaykən ona tərəf dilləndim:
-Ata, bəlkə nəsə demək istəyirsən, bildiyin sirlər çoxdur axı. De mənə, saxlaram onları özümdə, kimsə bilməz.
-Mən sənə bütün sirləri demişəm, oğul, - o, başını yana çevirdi. Sinəsi hey qalxıb enirdi. Bakı kəndlərindəki bir mənzərəni xatırladım-bir sərçə, nar ağacının tikanları içində çarpınır, sinəsi yaralanır, lakin, qəfil güc edib ordan qurtulur, uçub gedir tək minarəli bir kənd mənzərəsinə doğru...
Həə, atamın sinəsi bax beləcənə çırpınırdı. Qəfildən o, tam ayıldı, aydın səslə:
-Mən sənə bütün sirləri demişəm bala,-dedi. - Hələ eşidəcəksən.
Bəli, "hələ eşidəcəksən"...
Hələ eşidəcəksən!
İndi, tam yalqızlıq içində Binəqədi xarabalıqlarında yaşayıram. Səttərxanın təsbehi hələ də məndədir...Hərdən çıxarıb baxıram ona...
Atamın sözləri yadıma düşür-"hələ eşidəcəksən...hələ eşidəcəksən"...
Həə, eşidirəm indi bu sirləri. Təsbehin daşları ovcumu isidir. Tənhalığım köhnə neft quyularının dərinliyinə çevrilir hərdən. Çəkib aparır məni bilmədiyim əcaib ünvanlara. Qədim Təbriz dərvişləri, deyilənə görə, öz gənc müridlərinin üzünə xüsusi bir baxışla nəzər yetirər, ən gizli mətləbləri bu nəzərlə gələcək nəsillərə ötürər, axırda söylərlərmiş:
"Hələ eşidəcəksən"...

***
Səttərxanın təsbehini Təbrizə ötürmək...tək bu fikirdir indi məni yaşadan. 
 
http://bizimyol.az/?mod=news&act=view&nid=37495

 

Gülnarə Rəfiq. İki maraqlı yazı: "İmperator Neron" və "Gəldi gedər Bakı"

 

Bakı dünyaya nə verdi və nə aldı

Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan...

Bayırda gün qızdırır. Günəşin şüaları Bakıın torpağının olan-qalan suyunu buxarlandıranda bakılılar çox da fikir eləmir. Qoy dəniz qızışsın, hamı özünü Xəzərin sahilinə atacaq. Qoy əcnəbilər yol çantalarını qablaşdırıb Baham adalarına, Haitiyə, bəd ayaqda Antaliyaya getsinlər. Amma vaxt vardı hamı bura axışırdı. İş üçün gələnlər mafal tapıb bir yol istirahət etməyə də vaxt ayırardılar. Bakının isə göstərəsi çox nəsnələri var. Ölkəmizin Avropa və Asiyanın kəsişməsində yerləşməsi, coğrafi və iqlim şəraiti beynəlxalq turizmin inkişafı üçün əlverişli şərait yaradır. Deyirlər ki, 2020-ci ilədək Böyük İpək yolu dünyanın bütün turistlərinin üçdə birini qəbul edə bilən marşruta çevriləcəkdir.

«Bakıda yaşamaq yaxşıdı»
20 -ci əsrin simvolu sayılan rəssam Salvador Dalinin «Geopolitik uşaq» əsərində təsvir olunan adam barmağını qlobusa uzadıb Bakını göstərir. «Bu təsadüfdür, yoxsa rəssam bunu bilərəkdən belə çəkib?» mövzusunda çoxlu mübahisələr olub. Bəlkə rəssam bu şəhərin gələcəkdə dünyanın mərkəzi şəhərlərindən biri olacağına eyham vurur?. Hazırda Bakı dünyanın ən bahalı şəhərlərin yüzlüyündə 99-cu yerdədir. Bunu «Economist Intelligence Unit» ingilis agentliyi öz tədqiqatlarında təsdiqləyib. Bakının tutduğu yer təxminən San-Paulu və Rio-de-Jeneyro ilə bir səviyyədədir. Amerikanın Notr-dam Universitetinin simpozium iştirakçıları isə «Bakıda yaşamaq yaxşıdı» nəticəsinə gəldilər. Sən demə şəhərimiz Yoxannesburq, Karaçi, Barselona və Bombey kimi meqapolislərtək sakitliyi və stabilliyi ilə  seçilirmiş.

Bakı Şərqin Parisi
Sovet dövrünün ən çox baxılan filmlərindən sayılan «Budulay» filmində belə bir kadr var: qəhrəman köşkdən xanımına hədiyyə axtarır. Satıcı isə ona deyir ki, «Tərəddüd eləmə, Bakı malı götür. Bakı malı Paris malından keyfiyyətli olur». Təbiətcə pissimist olanlar «Parisi bütün dünya tanıyır, bəs Bakını kim tanıyır ki?» deyib sual edə bilər. Necə olurdu ki, eramızdan 2-3 min il əvvəl Misirdə Bakını nəinki tanıyır, hətta «Ölülər kitabı»nda adını da çəkmişdilər? İngilis arxeoloqu Vimdan Petri yazını «Zühur edən günəşin şəhəri» Baxau (Bakhay) kimi tərcümə etmişdi. Artıq formalaşmış şəhər kimi Bakının adına 5-8-ci əsrlərdən  rast gəlinən 70-dən çox yazılı mənbələr var. Bir də ki, İçərişəhər yalan deməyə qoymaz. İçərişəhər hələ də qiymətli memarlıq irsinin açılmayan sazlanc yeridir.
Bakı şəhəri dünya sivilizastyasının beşiyi sayılan Yunanıstan və İtaliya ilə eyni paraleldə yerləşir. Buranın nəinki iqlimi, insanlarının temperamenti, hətta ərazilərdə tapılan abidələr də eyni üslubdadır. Bütün dünya Roma imperiyasının qalıqlarını seyr etməyə oralara axışan zaman biz tarixi abidələrimizi şəxsi həyətlər üçün paylaşdırır və dağıdırıq. Qobustanda Roma ordusunun Bakıda olmasını təsdiqləyən sənədlər var. Bizim eranın 80-90-cı illərinə aid yazı Böyükdaşın ətəyindədir. «İmperator Domisian Sezar Avqusta Qermanikanın zamanı. Lutsiy Yuli Maksim, 12-ci senturionun leqionu». Ramana kəndinin adı da Roma ordusunun şərəfinə qoyulduğu ehtimal edilir. Düzdü, o vaxtlar «qonaqlarımız» silahla gəlmişdi.

Hardan başlanır Vətən?
Qobustan abidəsi ən qədim insan məskənlərindən sayıldığı kimi bir çox hələ açılmamış sirrləri də özündə gizləyir. Dünya tarixinə sağ döşü olmayan (onlar döşlərini uşaq ikən bağlayırmışlar ki, böyüyüb ox atmağa mane olmasın) döyüşkən qadın tayfaları kimi girmiş  Amazon qadınların məskəni Qobustan qayalıqları olub. Şairə Nuridə Atəşi bu fikri sübuta yetirəcək çoxlu faktlar toplayıb. Amazonlar 10 min il boyunca bütün Qafqazda, Xəzər, Qara dəniz sahillərində və Kiçik Asiyada yaşayaraq, öz cəngavər savaşları ilə tarix yaradıblar. Xəzər dənizinin sahillərindən baş alıb gələn bu cəngavər xalq Qara dəniz sahillərinə yayılıb, bütün Kiçik Asiyanı öz tabeliyi altına alıblar. Amazonların saldığı ilk "şəhər" - Qayalar yurdu - əzəmətli Qobustan olub! Yunanıstanda olan Tamnos, Lemnos və Lesbos adaları zaman-zaman "Qadın adaları" adlanıb. Amazonlar Qafqazdan Qara dəniz sahillərinə, oradan isə Egey sahillərinə,Türkiyəyə, Yunanıstana və bütün dünyaya yayılıblar.
Abşeronda tapılmış kurqanlar (qəbirlərin üzərində 8 rəqəmi şəklində dairəvari tikinti) Şotlandiyadakı kurqanlarla eynidir. Maraqlıdır ki, Şotlandiyanın qədim kelt adı Albaniyadır. Şotlandiyanın dağlıq adalarından birinin adı Arrandır. Ola bilər ki, oranın adamları Arrandan gəlmə idilər. Onlar müqəddəs yeri «vatan» (azərbaycanca vətən) adlandırırlar, lap bizim kimi.
 Məşhur norvecli alim səyyah və antropoloq Tur Xeyerdal təkid edir ki, qədim vikinqlərin də vətəni indiki Azərbaycan olub və dediklərinin sübutunu Qobustan qayalıqlarında tapıb. Şotland saqasına görə vikinqlərin əcdadı Odin «Aser» adlı ölkədən gəlib. Odin, yəni \"od canlı\", \"od ruhlu\", ya da \"od məskəni\". İslamdan öncə azərbaycanlıların oda sitayişi etməsini nəzərə alsaq Odin adının bu cürə izah  olunmasına inanmaq olur. Yurdumuzun qədim sakinləri olan asların İrlandiya, Danimarka, İsveç, İslandiya xalqlarının inkişafında mühüm rol oynaması barədə də faktlar var. XVIII əsr və müasir İrland tarixçiləri qeyd edirdilər - «Biz Aser torpağının davamçıları və nəsliyik.» İrlandiya və Şotlandiya arasında kiçik \"Azer\" adasının olması bunu təsdiqləyən faktdır. Danimarka, İsveç və Norveçin mifologiyasında  yazılıb ki, xalq  Odin adlı allahdan başlanğıc götürür. Odin allahlar nəslindən imiş. Şaman kimi maqik məşğələləri ilə ətrafdakıları heyrətə salarmış. Tur Xeyerdan deyir ki, çox guman ki, vikinqlər Xəzər dənizi ilə Volqa çayına keçmiş , sonra Novqorod və Kiyev tərəfdən Qərbə yollanmışlar. Məhz onlar İngiltərə, Şotlandiya, Fransa, İrlandiyanın ilk krallarından olmuşlar. Azer ölkəsindən çıxmış dəfn mərasimini norveclilər uzun müddət, xristianlığı qəbul edənədək saxlamışdılar.

Yalnız Bakıda...
Caz muğam yalnız Bakıda doğula bilərdi. Bununçün muğamı ana südüylə canına çəkmiş bir adam cazın sehrinə düşməliydi. Caz azad adamların musiqisidir. Muğamda olan azadlıq isə heç bir musiqi formasında yoxdur. Təbiətcə azadlıq sevər bakılılar həm cazsevər, həm də muğamsevər insanlar kimi ad çıxarıb. Bakı kəndlərində bu yaxınlaracan toylarını muğamla keçirərdilər. Sovetlər zamanında Bakı ölkənin caz mərkəzlərindən biri idi. Bakıda ilk caz orkestri artıq 1920-ci ildə yaranıb.
Bütün dünya simfonik muğamlardan bayılır. Şərq və Qərbin qovşağında olması və mədəniyyətlərin sintezi ilə Bakı bu tövhəsini dünyaya verə bildi. Dünyada analoqu olmayan musiqi formasını muğam bilicisi və Avropa musiqi məktəbini keçmiş adam yaza bilrdi. Bu hadisə isə yalnız Bakıda baş verə bilərdi. Şərqin ilk operası da Bakıda yaranıb, ilk Konservatoriya və ilk sirk də eləcə.
Hər il dünya səbirsizdliklə Nobel mükafatının nəticələrini gözləyir. Yəqin hamı bilir ki, məşhur milyonçu Alfred Nobel varidatını Bakı neftindən toplayb. Hesablamalara görə bu məbləğ Nobel mükafatının 12 faizini təşkil edir. Təsəvvür edin ki, hər il mükafat alanlara bizdən də pay düşür. Hələ hamının tanıdığı mükafat təsis edilməmişdən əvvəl Bakının öz Nobel mükafatı vardı. Onu Alfred Nobelin qardaşı oğlu Emmanuel Lüdviqoviç Nobel 1904-cü ildə Rus imperator Texniki cəmiyyətinin Bakı şöbəsində təsis etmişdi. Ümumi kapitalın gəlirindən nəzərdə tutulmuş 1000 manatlıq bu mükafat hər ilin 25 mayında neft, texniki üsullar və neftə yaxın elmlərin inkişafı sahəsindəki uğurlara görə verilirdi.
Dünyada ilk kinomatoqrafçı kimi tanınmış Lümyer qardaşlarından biri Mişon ilk sənədli filmi Bakda Bibiheybət buruqlarında çəkib. Film «Bibiheybət buruqlarında yanğın» adlanırdı. Təqvimdə 1898-ci il görünürdü. Lümyer qardaşları möcüzələrinin dünyaya göstərəndə Bakıdan da yan keçməmişdilər. Filmləri Parisə aparmamışdan əvvəl avqustun 1-də Vasilyev sirkində bakılılara göstərmişdilər. Burada Bibiheybət buruqlarında yanğın, Buxara əmirinin qarşılanması, knyaz Aleksandrın gəlməsi və bir neçə komediya səhnəsi göstərildi.
İlk dəfə neft buruğu Bakıda qazılıb. Dünyada ilk neft tankeri Bakıda suya salınıb. 1878-ci ildə Xəzərdə Nobel qardaşlarının tidirdiyi «Zərdüşt» adlı tanker üzürdü. 1823-cü ildə Bakıda dünyanın ilk parafin zavodu tikilib. Bakı-Krasnovodsk telefon xətti dənizin dibiylə aparılanda hələ 1879-cu il idi.
1930-cu ildə Bakı alimləri indi bütün dünyada tətbiq edilən neft çıxarma üçulunu kəşf elədilər. Bu üsulla neft buruğunu şaquli yox, maili qazırlar. Ona görə də buruğu yataqdan uzaqda quraşdırmaq mümkün olur. Bakıda bu üsulla nefti yaşayış məntəqələrinin altından da çıxara bilirdilər. Həmin üsulun davamı kimi 10 -12 buruğun kol kimi budaqlaşmış şəkildə çıxarılması üsulu da Bakıda kəşf edilib. Bu üsulla 5 min metr dərinlikdə buruq işləri aparmaq olur. Sovet zamanı bu yeni texnologiyalar geniş işlədilmirdi. Amma dünya neft çıxaranlarının nəzərindən qaçmayıb. Məsələn Şimal dənizində neft çıxaran norveclilər yeni üsula görə bakılılara minnətdar olmaqdan çəkinmirlər.

Yolçu yolda gərək
Hər il 12 milyon quş yolunu burdan salır. Onlardan 5 milyonu qışı burda keçirir. Yəni onlar buranın havasını, suyunu, yəqin ki, insanlarını də bəyənirlər. Bakı gəldi gedər Bakıdı. Nədənsə Yeseninin Mərdəkanda qonaq qaldığı vaxt harda olmasını bilməməsi barədə əhvalat daha çox yayılıb. Bəlkə də burda yaranan əsər «Fars motivləri» adlandığındandır. Amma o, «Bakı və bakılılarsız yaşaya bilmirəm» deyirdi və hər dəfə bura qayıtmağı arzulayırdı.
Məhəmmədi kəndi yaxınlığındakı Yanar dağ hələ Aleksandr Makidonskinin vaxtından yanırmış. Bunu o dövrün yazılarından oxuyuruq. Deməli Makedonski özü olmasa da əhatəsindən kimsə buralara təşrif buyurub.
Nargin və Volf adalarının adını 1-ci Pyotr qoyub. İsveçlə müharibədən təzəcə çıxmış Pyotr Narqin adalarının quruluşunu Fin körfəzindəki Revel adasına oxşatdı. Həmin adanın Narqin- alman forması, Nartinqen eston formasıdır. Dar boğaz deməkdir. Vulf isə almancadan qurd, qurd adası deməkdir.  Bulla adasının adı isə Stepan Razindən qalıb. Yəni ki, «Bıl ya», rusca «Burda mən olmuşam» deməkdir.
Məşhur bariton Şalyapin Tiflisə gedərkən yolunu Bakıdan salıb. O, Mailov qardaşlarının teatrında konsert verib. Çaykovski isə bura lap tez-tez gəlirdi. Onun qardaşı Bakıda çinovnik vəzifəsində idi: «Bu şəhər hər cəhətdən yaxşı imiş. Daha doğrusu səliqəli, gözəl tərtib edilmiş, təmiz və bununla yanaşı çox qeyri-adi xasiyyətli».
Mendeleyev «Bakı çox səliqəli şəhərdir. Dənizə mənzərə və dənizdən görünüşü də əladır» deyirdi. O, Suraxanıdakı kimya zavodunda bir müddət işləyib. Amma deyilənə görə kimya zavodu işə düşəndən sonra Atəşgahın təbii odu sönməyə başlayıb.
Mayakovski isə yazırdı: «Bakını çox sevirəm. Burda nəsə var ki, onu heç vaxt unuda bilmirsən». Onun Bakı nefti haqqında bir şeri  də var. Orada təxminən belə fikir yazılıb ki, Bakı qanı, yəni nefti başqa şəhərlərin damarlarına donor qanı kimi yeridilir ki, onlar da yaşaya bilsin. Düzdü Bakı Qorkinin gözünə bir az tutqun görünmüşdü. «Tutqun cəhənnəm lövhəsinin dahiyanə şəkildə çəkilmiş mənzərəsi» deyib Bakı proletariatının təsvir etmişdi.
1943-cü ildə kinorejisyor, Stalin mükafatının laureatı Aleksandrov Q.B. Bakı studiyasında faşizm üzərində qələbəyə həsr edilmiş «Bir ailə» adlı böyük filmi bitirdi. Çarli Çaplin bu münasibətlə Bakıya teleqram vurdu: «Sovet İttifaqının xalqlarının ümumi düşmənimizə qarşı cəsarətli savaşından iftixar duyuram. Sizin yeni işinizlə çox maraqlanıram. Çarli Çaplin»
Pakistanın prezidenti Pərviz Müşərrəf multanı karvansarasına hədiyyələr edib. Axı Pakistanda da belə şəhər var. «Pakistanın Multanı şəhərindən mətbəx ləvazimatı» adlı dolabda dəvə dərisindən lampa, gül vazası, keramik kasa və piyalələr, boşqab, su qazanı, çay dəsti, qazança və güzgü indi də saxlanlır. Britaniyanın keçmiş baş naziri Marqeret Teççer də həmən multanı karvansarasının qonağı olub.

«Mən Bakıda doğulmuşam!»
Zaman belə gətirib, Bakı dünyanın ən beynəlmiləl şəhərlərindən biri olub. Son illərin hadisələrinə baxmayaraq burda 72 millətin nümayəndəsi yaşayır. Harda yaşamasından asılı olmayaraq burda doğulanlar fəxrlə «Mən Bakıda doğulmuşam» ifadəsini işlədirlər. Elmdə Nobel mükafatçısı, riyaziyyatçı Lütfizadəni, futbol arbitrı Tofiq Bayramovu, sahibkar Vaqit Ələkbərovu, bəstəkar, dirijor Vaynşteyni, partizan Mehdi Hüseynzadəni, kəşviyyatçı Rixard Zorgeni, kinodramaturq Rüstəm İbrahimbəyovu, kinorejisyor Qusmanı, şaxmatçı Kasparovu, kosmos tədqiqatçısı Kərim Kərimovu, fizik Lev Landaunu, müğənni Müslim Maqomayevi, cazmen Vaqif və Əzizə Mustafazadəni, beynəlxalq qroysmester Teymur Rəcəbovu, violonçel çalan və dirijor Rostrapoviçi, yazıçı Çingiz Hüseynovu, rəssam Tahir Salahovu hamı həm də sadəcə bakılı kimi tanıyırlar.
***
Bu yaxında məşhur rus şoumeni Dmitri Malaxovun «Baku» jurnalına müsahibəsində oxudum ki, o, şəhərimizin qonağı olubmiş. Bizim boğanaq saydığımış şəhərin havasında o, duyduğu sehrli qoxuları təsvir edirdi. O, deyirdi ki, gözlədiyim şərq şəhəri əvəzinə artıq formalaşmış meqapolislə rastlaşdım. Bakı çox təmiz şəhər imiş və onu qonaqlardan gizləmək günahdır. Deyəsən şəhərimizə qonaqların gözülə baxmaq zamanıdır...

 
Gülnarə Rəfiq. "İmperator Neron"


Yatağını anasıyla bölən oğul hakimiyyəti onunla bölmək istəmədi

Onun qüsurları adi romalıların dilindən düşmürdü. Onu məsğərəyə də qoyurdular, sataşırdılar da. Amma onlardan heç biri imperator tərəfindən cəzalanmadı, çünki onun taxt-tacına gözə dikməmişdilər. Taxtını isə anasından qorumalı idi. Bu qəddar, əxlaqsız və ikiüzlü qadın ona mane olurdu. Bu qadın hakimiyyətə aparan yolda heç nədən iyrənmirdi. Qatillik, xəyanətkarlıq, onun öz oğlunu yatağına salmaq istəyi qarşısında sönük görünürdü. Neron da anasının layiqli balası kimi bu münasibətə müqavimət göstərmirdi. Onsuz da o, uzun illərdir ki, Allahın və insanların qoyduğu qanunlara tüpürmək belə istəmir.
Aqrepina oğlunu dünyaya gətirəndə astroloq xəbərdarlıq etmişdi: «Hökmdar olacaqsa öz anasını öldürəcək». Cavabında Aqrepina «Eybi yox, qoy məni öldürsün, təki hökmdar olsun»- dedi.

Kürən saqqallılardan

Neron doğulanda atası təbriklərin cavabında demişdi: «Aqrepina və məndən insanlara dərd və əzab cətirəgək bir şeydən başqa kimsə doğula bilməz». İmperator Tiberiyanın ölmündən sonra taxta Neronun dayısı, Aqrepinanın qardaşı Kaliqula çıxdı. Hiylə və hədələrlə qardaş Romanın ən murdan ənənələrinə yğun olaraq bacısını yoldan çıxarır. Bezdirəndən sonra isə həyasızlıq və əxlaqsızlıq damğası vuraraq devriliş hazırlamaqda ittiham edib sürgünə göndərir. Saray devrilişindən sonra divanə, həyasız Kaliqula cəzasını alan kimi taxta onun əmisi, Klavdiy çıxır. O, hökmdar  olan kimi Aqrepinanı sürgündən qaytarır. Romaya qayıdan kimi Aqrepina Qay Krispa Passienə ərə gedir. O, yaxşı insan və yaxşı ər idi amma bir çatışmazlığı vardı, şöhrətpərəst deyildi. Hakimiyyət yolunda aqrepianya maneə olan ərini zəhərləyib öldürəndən sonra onun bütün varidatı oğlu Neronun ixtiyarına keçir. Maddi durumunu stabilləşdirəndən sonra Aqrepina saray intriqalarına baş vurur. Əmisinin arvadı, imperatorun xanımı Messalina ilə intriqalara qoşulur. Bu dəfə də onun istədiyi baş verir. Messalina əxlaqsızlıqda iitham edilərək edam edilir. Əmisinin arvadınnı külünü külək hələ sovurmamış o artıq onu yoldan çıxararaq oğlunu hakimiyyət tərəf itələyirdi. Onların münasibətinə, eləcə də qan qohumluğuna baxmayaraq evlənməsinə hətta senat da göz yumdu.
Hakimiyyətə çatan kimi cəmi 1-2 addım atıb Messalinanın uşaqlarını və hakimiyyətə əsil hüququ çatan Britaniki aradan götırmək qalırdı. Neronun hakim olması üçün atılan növbəti addım o oldu ki, imperator Neronu oğulluğa götürdü.  Neronu imperatorun qızı ilə evləndirəndən sonra imperator olmağa nə qalırdı ki? Hamı bilirdi ki, imperator Klavdiy ağ göbələyi çox sevir. Ona görə də onun zəhərlənməsi heç kimi təccübləndirmədi. Neron imperator elan edildi.

Bəşəriyyətin atası

Neron artıq laxlayan imperiyaının başında dayanmışdı. Ölkədə tez-tez dəyişən hakimiyyət, rüşvətxorluq, qohumbazlıq, az qala romalıların həyat normasına çevrilmiş ailə xəyanətləri, aramsız müharibələr ölkəni viran qoyurdu. Neronun bioqrafiyasının ən tam əhatə etmiş Tatsit və Svetoniy yazırdı ki, o, yaxşı monarx və qanun keşikçisi ola bilərdi. Çünki Neron uşaqlıqdan ağıl və dərrakə nümayiş etdirirdi. Aqrepina isə ona yaxşı təhsil vermək üçün əlindən gələni əsirgəməmişdi. Dövrünün mütəfəkkirləri Burr və Seneka onun müəllimləri idi. Uşaqlıqdan rəsm, heykəltaraşlıq, oxuma, şer yazmaqla məşğul olur, at sürməyi öyrənirdi.
17 yaşlı Neron senatdan hakimiyyəti alan günü yaşının azlığındanmı, yoxsa təvazokarlığından «bəşəriyyətin atası» titulundan imtina etdi. Amma romalılar tezliklə Neronun əsil üzünü görəcəkdi. Ən birinci bunu anası hiss etməyə başladı. O, inana bilmirdi ki, oğlu hakimiyəti onunla bölüşdürmək fikrində deyil. Ona «anaların ən yaxşısı» titulu vermiş bu oğlanın özünün ambisiyaları anasınınkından daha böyükmüş. Aqrepina narahat idi, çünki əsil varis Britanikin artıq yaşı çatırdı, tədbir tökmək lazım idi. Cavabında Neron sadəcə gülümsədi. Naharların birində nəsə yeyib kötük kimi yerə sərilən Britaniki görən Aqrepina deyəsən anladı ki, növbə artıq onundur.
Əvvəllər tədricən ortaya çıxan həyasızlığı və qəddarlığını yaşıyla bağlayırdılar. Bəzən o, heyvan dərisi geyib sanki qəfəsdən buraxılmış kimi sütunlara bağlanmış qadın və kişilərin üstünə atılır. Sərhədsiz nəfsini eybəcər şəkildə doyurandan sonra Dorifor adlı  təhkimli nökərə «ərə gedərək» zorlanan qız kimi çığıraraq o baş bu başa qaçırdı. Dünyanın bütün əxlaqsızlıqlarını görmüş Roma əhalisi Neronu anası ilə eyni təxtirəvanda birlikdə görəndə heyrətindən donub qalırdı. İnsan təbiətinə zidd münasibətlər uzun müddət davam edirdi.  Yalnız Poppeya Sabinaadlı dövrün gözəli  Neronu arvadı Oktaviya və eləcə də anasının ağuşundan qopara bildi. Aqrepina əvvəl saraydan uzaqlaşdırıldı. Oktaviyanı sonsuzluqda ittiham edib boşanandan 12 gün sonra Neron artıq Poppeya ilə evləndi. Oktaviyanın əxlaqsızlıqda ititham edib saraydan uzaqlaşdırıb sonra öldürdülər.
Poppeya Neron ilk övladını bəxş edəndə o, son dərəcə xoşbəxt idi. Qızın adını Avqusta qoyurlar. Amma ikinci hamiləlikdə Poppeya bir az xəstəhal olduğundan tez-tez qısqanır və dava-dalaş salırdı. Növbəti davaların birində Neron Poppeyanın çığırtılarına dözməyib onu təpiklə qarnından vurdu. Bir neçə saatdan sonra Poppeya öldü. Özünə gəlib nə törətdiyini anlayanda Neron imperatriçənin meyitini balzamlayaraq Yuliylərin famil məqbərəsinə yerləşdirdi. Dəfn mərasimində Neron mərhum arvadının gözəlliyini və məziyyətlərini fasiləsiz vəsf edirdi.
Arvadınnı ölmündən sonra ürəyini ovuda bilməyən Neron sarısaç oğlan Spora qadın paltarı geydirib adını Poppea Sabina qoyur və rəsmi şəkildə ona evlənir. Bu zaman bütün Roma zarafat edirdi ki, Neronun atasının belə arvadı olsaydı hamıya daha yaxşı olardı. Romanın bütün imperatorları homoseksual münasibətlərilə ad çıxarıb. Amma Neron ilk imperator idi ki, öz məşuquyla toyunu qeyd etmişdi. Başqa bir toyunda isə o, Dorifora ərə gedərək qadın rolunda çıxış edirdi. Deyirdilər ki, Neron o qədər pozulmuş idi ki, onun bədənində murdarlanmamş bir  orqanı da qalmamışdı.

«O məni öldütdürə bilməz!»

Əlbəttə, Neron anasını zəhərləmək istəməzdi, axı onun da prinsipləri vardı. Hər şey bədbəxt hadisə kimi görünməli idi. Anasının yataq otağının tavanı töküləndə Aqrepina otaqda deyildi. Məxsusi olaraq anası üçün tikdirdiyi gəmi suya düşəndə kağız gəmi kimi parçalanda da Aqrepina sağ qalıb üzə-üzə sahil çıxmışdı. Bundan sonra Nepron bütün prinsiplərə tüpürərək anasının yanına qatil göndərməli oldu.
Qatillər içəri girəndə Aqrepina dedi: «Əgər mənfur bir işiniz varsa mən inanmıram ki, bunu sizə oğlum tapşırıb. O, məni öldürməyi əmr edə bilməzdi!». Sualın cavabında sükut eşidən Aqrepina hər şeyi anlayır. Qatillərdən biri onu başından vurur. Aqrepina qınından çıxarılan qılıncı görəndə əynindəki paltarı cırıb qatillərin qarşısında çılpaq dayandı: «Mənim bətnimdən vur! Çünki mən orda Sezoru gəzdirmişəm!». Aqrepinanın gecəylə yandırılıb basdırılması onun mövqeyinə uğun deyildi. Neron dərdi oğul rolunu da parlaq ifa etdi.
Neronun senata müraciətində deyilirdi ki, anasının hakimiyyəti ələ keçirmək cəhdi boşa çıxandan sonra özünü öldürmək qərarına gəlib. Neronun çıxışlarının hamısını yazan Seneka bəyəm bilmirdi ki, nə vaxtsa növbə ona də çatacaq? Az keçməmiş Neron onun sürgünə göndərəcək, sonra isə özünü öldürmək əmri verəcəkdi. Seneka sevimli şagirdinin sözündən çıxa bilərdimi? O biri himayədarı sərkərdə Burranın taleyi də buna bənzər oldu. Onun boğazı ağrıyanda Neron ona dərman əvəzinə zəhər göndərdi. Cazasızlıq insanı azğınlaşdırır. Sonra növbə arvadı Oktaviyaya çatdı. Onu öldürəndən və varislikdə yecanə olmaqdan ötrü Neron bir vaxilar evində yaşadığı bibisi Lepidanı da öldütdürdü.

Neron yalnız səhnədə xoşbəxtdi

Başqalarınını əliylə öldürməkdən bezəndə Neron maska salıb cani kimi gecənin qaranlığında Romanın küçələrinə çıxır, yoldan keçənləri qarət edir, bəzilərini döyüb öldürürdü. Həmin bu canavar təbiətli adamı romalılar tez-tez göz yaşları içində görə bilirdi. Amma bu yalnız teatr səhnəsində baş verirdi.
Neron özünü son dərəcə gözəgəlimli sayırdı. Amma müasirləri yazır ki, Neronun ləkəli və çox pis iy verən dərisi vardı. Boynu yoğun idi və çox nazik ayaqları yekəpər qarnını güclə saxlayırdı. Həmişə də adam arasına səliqəsiz, pinti görkəmdə, ayaqyalın çıxması mənzərəni lap korlayırdı. Ağla sığmazdı, amma o boyda imperianın hökmdarı alqışlar eşitmək ehtirasını ödəməkçün ölkə üzrə qastrollara gedirdi. O vaxtlar adamlar aktyor peşəsinə yaxşı yanaşmırdılar. Ona görə də öz imperatorlarını səhnədə şer deyən, oxuyan və oynayan yerdə görəndə utandıqlarından baxışlarını gizləməyə çalışırdılar. Səhnə yeganə yer idi ki, Neron burada xoşbəxt idi.
Neron həmişə diqqəti cəlb edə bilən adamlara həsəb aparırdı. Təbəələrinin hər hansı sahədə uğurunu az qala dövlət səviyyəsində cinayət kimi qiymətləndirirdi. O vaxtlar yunanlar tez-tez müsabiqələr təşkil edirdi. Orada paylanan mukafatlar sezarın yuxusunu qaçırmışdı. O özünü Romaya «periodonik» (o vaxtlar bu rütbəni silsilə müsabiqələrin hamısında qələbə çalmaqla almaq olardı) ritbəsində təntənəli şəkildə qayıtmasını təsəvvür edirdi. Roma aristokratiyası da bu müsabiqələrə qatılmaq məcburiyyətində idi. Vəzifəsi, cəmiyyətdə yerindən asılı olmayaraq hamı oxumalı, oynamalı, qladiatorluq etməli və ən aşağı səviyyəli adamlar kimi səhnədə təlxəklik etməli olurdular. Neron tamaşada baş rolda oynayanda qalanları onun sevimli qadınlarna uyğun qrimlənirdilər. O, oxuyan zaman heç kimin yerindən durmağa hünəri çatmırdı. Müsabiqələr zaman o rəqiblərini təhqir edir, alçaldırdı ki, uda bilsin. Onlar da bilərəkdən mümkün qədər xaric və pis oxuyurdu ki, kimsə cəsarət dib onları imperatorla müqayisə etməsin. Neron özü bir balaca səhv edən kimi kağız kimi ağarardı. Onu özünə yalnız sürəkli alqışlar qaytarırdı. Hər səfərdən geri qayıdanda onun müşaətçilərinin şəhəri girməsi üçün divarlar sökülürdü. Neronnu Romaya gətirdiyi 1808dənə əklili yerləşdirib nümayiş etməkçün Böyük sirkin bir tərəfini sökməli olmuşdular.

Roma alov içində

Neron ölkə tarixinə islahatçı kimi düşmək fikrindəydi. O, əvvəl özünü memarlıqda sınadı. Bir birində daha əzəmətli və mənasız tikintilər xəzinəni boşaldırdı. İmperator 10 kilometrlərlə uzanan, analları, içində qoyun sürüləri olan üstübağlı dəniz hamamı tikdirir. Roma bir şəhər kimi Neronnu zəhləsini tökəndə o, şəhəri yandırıb yerində Neronopol tikmək fikrinə düşür. Deyirlər ki, əbədi şəhər alovlananda Neron hündür qüllənin başında durub mənzərəy tamaşa edərək Troyanın məhvinə ithaf edilmiş şeiri deklomasiya edirdi. Sonsuz göylərə müraciətlə oxuduğu bu şeirdə təssüfedici an onda idi ki, onu eşidən və alqışlayan publikası yoxuydu. Alov artıq bir-neçə gün idi ki, sakitləşmirdi. Bəzi məhəllələr başdan-başa yanmışdı. Kürən saçları küləkdə dalğalanarkən boz gözləri divanə işıqla parıldayırdı. İndi o, təkgə aktyor yox, həm də tamaşanın rejisyoru idi. O, Romanı həm sevir, həm də nifrət edirdi. İndi Roma onun gözləri qraşısında məhv olurdu.
Neronun şəhəri yandırması xəbəri çox tez yayıldı. Şəhərin yandırılmasını  o vaxtlar sekta sayılan xristianların boynuna atdılar. Onun əmrinə əsasən Afrikada yerli camaatın iştirakı ilə heyvanlara böyük ov başlandı. Asiyada tutulmuş pələnglər, Nil çayı ətrafından timsah və qippopotamlar, Atlantadan şirlər, Pirineydən canavar və ayılar, moloss itləri Epirdən, Almaniyadan isə kəl və vəhşi öküzlər Romaya gətirildi. Bu heyvanları 2 suika yeməksiz saxlamışdılar. Heyvanların bircə səsi bəs idi ki, onu eşidənlərin qorxudan rəngi kağız kimi ağarsın. Təyin edilmiş gün tamaşa başlandı. Mifoloji qəhrəmanlar, ya da vəhşi heyvan dərisi geyindirilmiş xristianlar sirkin arenasına çıxarıldı. Sonra vəhşi heyvanlar ora buraxıldı. Təsvirə gəlməz dəhşətli qırğında ac heyvanlar bir saniyədə xristianları parçalayırdı. Bütün bu səhnələri qızılı və qırmız rəngdə bəzənmiş paltarda müşahidə edən Neron az keçməmiş darıxdı. Düzdü, o, arabir «Bu heyvanlar necə olur ki, bu qədər soyuqqanlı ola bilirlər?» soruşurdu. Amma xristianlar gözlənildiyidən çox idi. Türmələr hələ də ağzınacan dolu qalmışdı. Onda Neron «yanan tunika» adlandırılmış yeni cəza növünü təklif edir. İmperatorun iri, əla bağları vardı. Həmən gün o, burada hamıya gəzməyi icazə verdi. Xristianlar uşaq, qadın, qoca, fərq etmədən uzun dirəklərə bağlanmışdı. Onların palotarları yağ və mum ilə hopdurulmuşdu. Hər dirəyin qarşısında daha bir ayac basdırılmışdı ki, əzabkeşin başını aşağı salmağa mane olsun və hamı onun əziyyətini sifətindən oxuya bilsin. Dirəklərin ətrafındakı çır-çırpı axşam düşəndən sonra yndırılmalı idi ki, tamaşaçılar daha  effektli səhnələri seyr etsin. Tüstü və alov içindən çıxan insan qışqırıqları gülüş və mahnı səslərinə qarışırdı.
Yanğından sonra «Neronun qızıl sarayı» tikilməliydi. Tikinti yarımçıq qaldı. Yanğından sonra taun xəstəliyi və Neronun memarlıq ideyaları ölkənin iqtisadiyyatını tamam çökdürdü. Xəzinə yalnız öldürülüb talan edilmiş adamların hesabına zənginləşirdi. Nəhayət ki, bir payız 30 min insan qurban gedəndən sonra senat Neronu xalq düşməni elan etdi.

***
Bütün bu «əyləncələrin» sonu onunla bitdi ki, heyranlıy gözlədiyi tamaşaçılardan biri onu «yaramaz qışqırıqçı» adlandırıb qiyam qaldırdı. Romadan qaçmaqdan başqa əlac yoxuydy. Qiyamı yatırmaq üçün heç barmağını da tərpətməyən Neron nökəriylə şəhərkənarı villada gizləndi. Onu həbs etməyə gələn əsgərlərin addımlarını eşidəndə «İlliada»dan bir neçə sətri sonuncu dəfə deklomasiya etdi. Əgər o, özünü öldürməsəydi onu biabırç şəkildə edam edəcəkdilər. Əvvəl lüt soyundurub, başına taxta keçirib şəhəri gəzdirəcək, qamçılayacaq, sonra öldürəcəkdilər.
Neron tərəddüd edirdi və boğazını kəsməyə əli gəlmirdi. Təqibçilər gələndə Neron hələ də sağ idi. Qan içində uzanmış tiran ömrünü «Necə dahi aktyor məhv olur» sözləriylə bitirdi. 31 yaşında Yuliylər sülaləsindən olan axırıncı Roma imperatoru ömrünü belə bitirdi.
 
http://bizimyol.az/?mod=news&act=view&nid=37224