ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
( 1973 ) Ukrayna poeziyasının yeni rusdilli nəslinə aid bu şair uzun müddət şeir yazmasına baxmayaraq əslində yeni çap olunmağa başlayıb; kitabı kifayət qədər səs-küy doğurub; peşəkar bizneslə məşğuldu və Kiyevin mədəni həyatında çoxlu uğurlu art-layihələrin müəllifidi.
***
Çıxmıram evdən çölə
Hətta heç eyvana da
Süd bənizli bardağın
Çaşqınlığı ağappaq.
Üç gündü göz yaşardan
Ağrı var boğazımda,
Sanki yorğun kişidi
Bir ağ damın altında.
O kandarda uzalı
Arvadına toxunur ,
Sözlərə əzab verir
Hələ yoxkən uşağı.
Qara yataq otağı
Heç nə ilə ağarmaz,
Bizə bir şey olmadı-
Biz ki yoxuyduq heç vaxt
Liman
Tərəzidə balıq laldı, bazar da laldı, dinməzdi
Yad azara yoluxmuşdu, cin içirdi dənizçilər.
Qəlbi istəyirdi deyə özbaşına car çəkirdi
Limanda aşbazın səsi, bərq vururdu diləkçələr.
O səbəbsiz duyğulardan qızlar çəkirdi qahqanaq
Qəpiklər aşıb-daşırdı, gəmilər də fit verirdi.
Elə bir zəhmət deyildi hər al yanağa vurulmaq,
Zaman saatla ötürdü, heç inanmaq istəmirdin .
***
Otel otağı. İri çarpayı.
Oklendin pişik tənbəlliyi.
Qıc olmuş ayağım,
İkiqat qatlanıb.
Yaşıllıq içində binalar -
Damsız. Küncü adamsız.
Kürəyimdə çibanlar
Sanki tale yarası.
Ağ limanda batıb qalan
kran ayağını zorla çəkir.
Kiçik şəhərlərdə çömbəlməyə
bəhanə nə gərəkdir.
Marianna Kiyanovskaya
(1973) Tanınmış Ukrayna şairəsi, tərcüməçi və ədəbiyyatşünas; Lvovda anadan olub; «Adamın kitabı» (2004), «Sonetlər çələngi» (1999), «Əsatirçilik»(2001) və başqa şeir toplularının müəllifidir; «Kiyevskaya Rus» jurnalındakı publikasiyalarına görə Nestor Letopisets mükafatına (2006) layiq görülüb
* * *
Ölümüm
gün uzunu axşam qədər
üstəlik sabahısı gün zəng eləməyən
o qadına görə ölümün kimidi
sən telefona yaxınlaşmayanda.
pərdə nəfəsi tutub saxlayacaq
təmas hissini
çılın-çılpaq ürəyə bağışlayacaq
çəkilmə başlayanda
sən telefona yaxınlaşmırsan axı
* * *
bu şəhərdə yeganə olan
ağ səmanın fonunda
ağ divarların yanında ağ paltarlı qadın
özü də daha kövrəkdi yapon saxsısından
* * *
Adamlar qəbiristana
hava işıqlıykən gəlirlər,
bölünürlər:
hər kəs
bədəninə yaxın
dayanır ölüsünün, mərhumun,
hər kəsə bədəni daha mərhəmdir
hələ qaranlıq düşməyib
* * *
ilk dəfə bu
Qalisiya ətrafında baş verdi
kofe
çox şirin idi
sən soruşdun ki,
saat neçədə çiçəkləyib
alma
mən bilmirdim
sonra yenə,yenə
sən eyni sualı verdin:
saat neçədə
mən bilmirəm deyə
and içdim
və o axşam kofedən başqa
heç nə
***
Hər bir cəhd iki dəfə baş verir
Sən boşluğu ölçürdün
Bilirdin ki, oranı dolduran oğlan olacaq
Uzun qaranlıq dəhlizdən də
yəqin xəbəin vardı-
aynaları, tabut və göz qapağı kimi açıq
içərisi bulanıq
qoxulu suyla dolu
Bu nədi?
Göz yaşı qırışlarda iztirab sərhəddini aşır
Desant
qəfil düşür
böyrü üstə yıxılır
***
Səsin diri izini saxlayan
qara səthin üzərində
hava o qədər azdır ki,
vaxtaşırı nəfəsim daralır.
***
Körpə çiçəklərin ləçəyini qoparır.
Qətlin bu növü astagəlliklə törədilir.
Torpaq sarsılır, küləyin nəfəsi çatmır,
Uşaq xoşbəxtdir, arxalıdıdır:
Yanında çobanyastığı dəstəsi tutmuş anası.
İnstitnktin qaba gücü azadlıqdadı.
Amma doğrudu ki, cinayətlər vardır...
***
Hamıya danışarsan ki,
gülüşü içəriyə boylanmış oyuncağam.
Düşünəndə danışa bilmirəm.
...Mən danışa bilmirəm.
Qarşımda payız görkəmli şəhər-
amma hər yaz və hər səhər.
Quşlar uçub gedirlər,
bəziləri həmişəlik.
***
sənə məxsusam,
qadın məxsus olmalıdı.
Herodot Atlantidaya necə səbəbdisə,
sən də mənim səbəbim oldun həm də
o vaxt yanında yatanda
mənim haqqında nə bilirdin
danışsana
elə indi
Dmitri Drozdovski
(1970) Odessada anadan olub; tanınmış şair və ədəbiyyatşünasdır; ispan və yunan ədəbiyyatı mütəxəssisidir; «Vsesvit» tərcümə jurnalının tənqid və publisistika şöbəsinin redaktorudur; dünyanın onlarla ölkəsində şeirləri və elmi məqalələri ilə məruzələr edib.
Külək yaman amansızdı,
Hey tökülür yarpaqlar.
Elə bil adam ağlayır,
Evdə yanğın olacaq.
Birisi xilas olacaq,
Odu bax, yolda durur.
İtəcək, yox olacaq.
Gecədi, Rəbbi görmür
Bu insan səsi deyilmiş,
Külək imiş, tufanmış.
Davanın, dərdin səsiymiş,
Təpələr də insanmış.
Ölüm və sütun heykəl,
Sükutun uğultusu;
nüsxələrdi adamlar;
alovsuz yanan odun.
Meditasiya deyil
Ulduzlar axır səmada
Boşluğa, mikroskopa yox.
Əgər dəniz yoxdusa da
Dalğalar kaleydoskopdu
***
Əl səmaya uzanmayıb
Gözüm asta səs axtarır,
Səmada- azaddı dərdlər,
Səmada- xaçlar, valetlər,
Ayrılığın əli bumbuz,
Mən isə sirli bir rebus.
Birisini görəcəksən
Bədən və yaddaş axtarır.
Qəlbin qanıyla dopdolu,
İçib özgəyə dönməkçün
Özgələrin arasında
Əlində piyalə-baxır.
Qışın ortasında yay var,
Ulduz kimidi xəyallar.
Maorilər adasında
Çımçılpaqdı qağayılar.
***
Soyuq gecə mərmər səthə
Yıxılmaqdan yorulmuşam,
Əl uzadın, dostlar, mənə
Tənhalıqdaq qıvrılmışam.
Günəş sönüb, ağzım dadsız,
Çəkir məni səyyarələr:
Aldebaran, ya da olsun
Başqa, odlu planetlər
Boz günlərin qəlpələri,
qəlbimin səssiz yarası
Damarımda lava axır,
Qanım milyon hers odlanıb.
O da sönür, can üstədi,
Mən də yarıcanam indi.
Alyona Malyuqa
(1984) Ukrayna şairəsi, tərcüməçisi, rejissoru və aktrisası; Kiyevdə yaşayır; bir çox poeziya və teatr festivallarının iştirakçısıdır
Uçur qar dənələri, yenə axşam közərir,
Səninlə içirik biz buzlu, tünd yalan.
Sarı şam axıdır mumlu zəhəri,
Ömrümüzü damcıyla ölçür metronom.
Bombozdu, xəyanətin tanıyıram rəngini,
Eh, o qədər görmüşəm sənin baxışlarında.
Yenə dağılır başım, yenə də sol təfəfi,
Əbədiyyət içinə düşür göz yaşlarım da.
Öz alovlu eşqinə and belə içəcəksən,
Sarışın saxtalıqla heca-heca bölünən
O gecəni min sözlə yenə bəzəyəcəksən.
Gürcü şərabı kimi basılacam sözünə.
Odu. bax, martinidə göyərir sulu zeytun
Həyatın bütün dadı canına çəkilibdi.
Yasəmənin, zanbağın ətri indi zəqqutun
Ehtirasın əsiri olmaq lap pisdi.
Üzüyümdə göz yaşı, ağzımda səbrin dadı
Sən mənə yaşatmısan bütün bunları.
Göl üstünə yayılıb dumandan bihuşdarı,
Ardından gümüşü Ay baxır, boylanır.
Başlamaqçün o mənə güc verəcək yenidən,
Üfiqdən o yandakı arzular qabaracaq.
Eyibin tikanını qəlbimdən çıxaracaq
Yellə əl-ələ tutub tərk edəcəm səni mən.
İnamın ağ valsını oynayıb, fırlanacam,
Əvvəlki rənglərini siləcəyəm ömrümün.
Və mən o qızıl tacı başımdan da atacam,
Ümidi gözləycəm mavi paltarda hər gün.
* * *
Çox gəzib dolandım sahildə
Axşamın şehində çimərək.
Qaçaraq gizləndim tünlükdən
Qumsall hörükdə gəzərək.
Qaranlıq salırdı tülünü
Yuxum da gəlirdi bir yandan.
Ulduzun işıqlı üzünü
Seyr etdim, səs gəldi səmadan.
Ayağım altda ot üşür,
Dəniz də şırhaşır oxurdu.
Buludlar aşağı sürüşür
Meşənin qoynuna düşürdü.
Astaca səs ilə o dedi:
Uzaqda ölkə var, gözəldi.
Dağları qardan ağappaq,
Küləyi qayada dincəlir.
Otlağı gərgədan doludu,
Göyündə şıltaq ulduzlar
İşıqlı yazılar yazırlar.
Çayları həmişə suludu
Mavigöz dənizin ətrini
Canına hopdurub avarlar.
Duyğulu başını yellədir
Küləkdə ucaboy çinarlar.
Sən məni götürsən o yerə,
Mən orda zəhər də içərəm.
Xəzrinin belinə atılıb
Cənnət bağına köçərəm.
Çox şey danışdım orada
Susurdu qapqara topalar.
Sonra da girdab çağırdı
Sırayla köç etdi buludlar.
İndisə baxanda səmaya
Salamlar alıram tez-tez.
Burda qoy qaranlıq hökm etsin
Amma ki Ayın dalında
İlğımdan gözəl bir ölkə var
Nə dəmir qapısı, nə dərdi.
Bilirəm ora yol çətindi
Xəyalçün keçilməz nə var ki.
Tərcümələr Səlim Babullaoğlunundur
İrina Əliyevanın sətri tərcümələrindən istifadə olunub