ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Məhəmməd Əsəd Bəy
"Son Peyğəmbər"
(Tarixi roman)
Bakı - 2005
"Nurlan" nəşriyyatı
"Son Peyğəmbər" (Tarixi roman). "Əli və Nino" romanının müəllifi sayılan imza sahibindən maraqlı bir əsər. Alman dilindən çevirəni Çərkəz Qurbanlı
Aydın Xan (Əbilov)
"Əli və Nino": ədəbiyyat, yoxsa kultur-siyasət? (ANS TV-nin "Dahilərin divanı": Qurban Səid. Ppolemika, şəkil, yazı, "Əli və Nino" romanı)
Beləcə, qarşıdakı həftə, noyabrın 7-də axşam saat 22 00-da ANS TV-nin "Dahilərin divanı" verilişində bizləri izləməyi unutmayın...
Bu bazar günü ANS TV-nin "Dahilərin divanı" verilişinin növbəti buraxılışının çəkildiyi məkanda mən Aydın Xan, Almaniyada yaşayıb-yaradan şairə-araşdırıcı Nuridə Atəşi, Azərbaycan-Almaniya Dostluq Cəmiyyətinin sədri, kulturoloq Çingiz Abdullayev (detektiv yazarla deyişik salmayın), nasir Həmid Herisçi və filoloq-mütərcim Çərkəz Qurbanlı Qurban Səid - Məhəmməd Əsəd bəy - Yusif Vəzir Çəmənzəminli problematik ədəbi duyununu açmağa çalışdıq və deyəsən, onu daha da dolaşdırdıq...
"Əli və Nino": ədəbiyyat, yoxsa kultur-siyasət?
(E-mənbə: http://artyazar.azeriblog.com/2007/10/17/eli-ve-nino-edebiyyat-yoxsa-kultur-siyaset-2-2-2)
Artıq qlobal kulturoloji hadisəyə çevrilmiş bu ədəbi-ictimai problemlə əlaqədar o qədər mübahisə, şifahi polemika, bir sözlə, düşüncə dartışması aparmışam ki, artıq deyəsi sözüm, anladası mənam qalmadığını zənn edirdim...
Fəqət, dünən yarımiştirakçısı olduğum kitab tanıtımı mərasimindəki söhbətlərim, fikirlərim və özüm üçün aydınlaşdırdığım yeni həqiqətlər bir daha məni vadar etdi ki, məsələyə növbəti kərə, özü də yazılı e-münasibətimi yükləyim buraya.
"Əli və Nino": ədəbiyyat, yoxsa kultur-siyasət? II (davamı)
(E-mənbə: http://artyazar.azeriblog.com/2007/10/18/eli-ve-nino-edebiyyat-yoxsa-kultu-siyaset-ii-davami-2-2)
Beləliklə, bu romanın müəllifi kimdir sualı və ardınca da kulturoloji problemin ətrafında illər uzunu gedən mübahisələr, mübarizələr və savaşlara münasibət bildirmədən bir sıra məqamlarla bağlı fikirlərimi bölüşmək istəyirəm.
İlkcə onu nəzərinizə şatdırmağı təkrar saymıram: fikir çoxluğu, düşüncə paylaşması həqiqətin obyektiv yönünü təyin etməkdən ötrü ən əsas faktorlardan, cəhətlərdəndir.
Məntiqi ardıcıllığı gözləməkdən ötrü - vaxtınızı çox öldürməmək şərtilə - qısaca məsələdən hali olmayanlara bildirirəm ki, ötən əsrin ikinci onilliyinin sonundaortabab sevgi romanlarına bənzər "Əli və Nino" əsəri naməlum yazar tərəfindən yazılıb (romanın e-variantı ilə buradan tanış ola bilərsiniz: http://www.kitabxana.org/site/?name=view&page=1&id=519), daha sonra isə kitab şəklində nəşr olunaraq Avropa və Yaxın Şərq ölkələri, ABŞ-da dəfələrlə, özü də böyük tirajla nəşr olunub (bu barədə mübahisəli materialla burada tanış olun: http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1487, http://ahiska.iatp.az/ahiska/m004.htm və http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1538 . Qeyd: bu yazı tenqid şöbəsi adından verilsə də, mənə heç bir aidiyyəti yoxdur və oradakı mövqeyi bölüşmürəm).
Daha sonrasını dinləyin: romanı Yusif Vəzir Çəmənzəminlinin adina çıxarmaqdan ötrü ölüm-dirim savaşına çıxanlara rəğmən, mən sona qədər iki ayağımı bir başmağa basaraq dirənmirəm ki, nə Məmməd Əsəd bəy, nə Qurban Səid, nə də (yanılmıramsa, vaxtilə Mirzə Xəzər də bu romanı dilimizə çevirəndə öz adına çıxmaq həvəsinə bulunmuşdu!!!) Lev Nussimbaum nə də filankəsdir...
Əksinə, hamının acığına, bu yazarın Məhsəti Gəncəvi, V.Şekspir, lap elə İradə Dəstərxanlı imzaları tək naməlum bir istedadlı qələm adamı kimi qəbul edilməsinin tərəfdarıyam və ədəbi-mədəni muhitdə bir kulturoloji qıcıqlandırma qaldırmaqla, həm o romana, həm də ədəbiyyata, oxu mədəniyyətinə tərəf maraqları sancmaq istəyirəm...
Görəsən, mənim millətim haçan oxumağa başlayacaq???
Sözsüzki, az qala hər vergülünün də əlyazması tapılaraq arxivə təhvil verilmiş, dövlət hesabına çoxsaylı kitabları çıxmış və indinin özündə də nəşr olunan, Azərbaycan peşəkar avropaistiqamətli bədii nəsr tarixində iz buraxmış (ilk milli Azərbaycan elmi-fantastik hekayənin - "Gələcək gün"ün müəllifi də bu sənətkardır), kifayət qədər istedadlı, həm də tanınmış ədib kimi Yusif Vəzir Çəmənzəminlinin ortasəviyyəli bellestrika nümunəsi sayılan "Əli və Nino" romanına müəllif çıxarmağın heç bir yeri yoxdur.
Ciddi tekstoloji təhlil (əsərdə dövrün adət-ənənələrinə, Şərq və milli mentallığa kifayət qədər zidd sayıla bilinəcək epizodlarla bol olan, təzə yazmağa başlayan yazarın naşılığı sezilən - burada bir neçə dillə çevriləndə tərcüməçilərin əlavə və ixtisarlarını, bir sözlə redaktələrini də unutmaq olmaz - və s. ), intellektual kulturolji araşdırma (əsər yazılaraq nəşr olunduğu vaxtlar qırmızı terrorun tuğyan etdiyi, faşızmın və Stalinizmin gücləndiyi, həm keçmiş SSRİ-də, həm də Avropada siyasi-ideoloji represiyaların şiddətləndiyi, hətta qardaş Türkiyədə kommunist ovunun genişləndiyi - Nazim Hikmət taleyini yaşamış solçu intellektualların acınacaqlı aqibətini nəzərdə tuturam - bir zamanda Yusif Vəzir Çəmənzəminlinin həyatına hər an son qoyulması qorxusu, yaxud Hüseyn Cavid kimi sürgündə çürümək, Mikayıl Müşfiq kimi güllələnməsi, ən pis halda əski Musavatçılar kimi yerli-dibli yox edilməsi təhlükəsi - onsuzda yazarın aqibəti çox faciəli oldu - məntiqli bir nəticəyə gəlməyə vadar edir...), ənənəvi tarixi-müqayisəli müşahidələr tədqiqatçıya imkan verir düşünsün: Yusif Vəzir Çəmənzəminlinin bu əsərə sahibliliyi böyük şübhə altındadır. Əlavə edək ki, fikrimiz aksioma deyil, yetərincə obyektiv sübutlar, ədəbi dəlillər, ən əsası isə mətnşünaslıq izahları qarşısında biz mövqeyimizi dəqiqləşdirə bilərik. Bu fikrimiz aşağıdakı düşüncə-polemika variantları üçün də işlək sayılmalıdır.
Qurban Səidin müəllifliyi bir qlobal nəşriyyat-ədəbiyyat brendi kimi hələ də "Əli və Nino" romanının müəllifi olaraq beynəlxalq ədəbi çevrələrdə qəbul edilir.
Bir məsələyə də toxunmaq istəyirəm: "Azərbaycan İnternəşnəl" jurnalının baş redaktoru Betti xanım Bleyerin yazdığına görə, (kitabın üz qabıqlarına "Azərbaycan İnternəşnəl"in veb səhifəsində - www.azer.com da baxa bilərsiniz. Hazırda həmin veb səhifədə 80 üz qabığı sərgilənməkdədir, orada həmçinin, kitabın tərcümə oldunduğu 27 dilin hamısı göstərilib) ərəb, azərbaycan (ingilis, rus və türkcədən çevrilmə variantları. - A.X.), benqal, katalan, çex, holland, ingilis (ingilis dilində kitabın həm də Breyl, korlar və oxuma əlilliyi olanlar üçün versiyaları, danışan kitab versiyası və iri çap nəşri də mövcuddur), fin, fransız, gürcü, alman, yunan, yəhudi, macar, indoneziya, italyan, yapon, norveç, fars, polyak, portuqal (Braziliya və Portuqaliya portuqal dilləri), rus, serb, ispan, isveç və türkcə "Əli və Nino" romanı nəşr olunaraq yüksək tirajla yayılıb. Deməli, bu əsər ortasəviyyəli oxucu dairələrinə hesablanmış romandır, eləcə də Məmməd Əsad bəy imzasıyla nəşr olunan digər iyirmidən çox kitab da həmçinin.
Bəlkə də Qərbdə ozamankı - ötən əsrin ilk yarisinda - Qafqaza və Azərbaycana lap elə indiki kimi maraq o qədər güclənib ki, bəzi işbaz naçirlər bir qurup uğursuz yazardan ibarət "ədəbi zəngilər"ə sirli vəsərgüzəştlərlə dolu Qafqaznamələr yazdırıb bir imza altında nəşr edib, qaz vurub, qazan dondurublar...
Hər halda mən nə azərbaycanlı Əsəd Bəyin yəhudiləşdirilməsinin, nə də yəhudi-belarus nikahından doğulan Lev Nussimbaumun musəlmanlaşdırılmasının - Azərbaycanlılaşdırılmasının tərəfdariyam. Tarix yalanı sevməz, ədəbiyyat tarıxı isə ümumiyyətlə saxtakarlığı qəbul etməz...
Olsun ki, bu mülahizələrim bir qədər mozaik - dağınıq alındı, mümkündür: ayrı-ayrı vaxtda, fəqrli əhval-ruhiyədə kompüterimə yükləyirəm fikirlərimi...
"Əli və Nino": ədəbiyyat, yoxsa kultur-siyasət? III (ardı)
(E-mənbə: http://artyazar.azeriblog.com/2007/10/23/eli-ve-nino-edebiyyat-yoxsa-kultur-siyaset-iii-ardi-2)
Maraqlıdır, 2007-ci ilin ilığ bir payızında - oktyabrın 16-da Nuridə xanım Atəşi Bakı ictimai-mədəni, ədəbi-filoloji mühitinin aktivlərini - bəli, bəli, fəallarını deyil, məhz aktivlərini - dağıdılmaqda kosmik sürətlə irəliyə can atan - qloballaşmanın Azərbaycansayağı bic gələcəyinə yüyürən İçəri şəhərdəki Muğam Teatrına (nədənsə, bildirişdə ortaəsrlər karvansarayında kultur-sığınacaq hələ ki, tapmış bu sənət ocağının adı "Muğam klubu yazılmışdır...) yığmağa səy göstərmişdi...
Çağdaş Azərbaycan diasporunun feminist və fəal nümayəndələrindən biri kimi liberal şairə imici ilə tanınan Nuridə Atəşinin dəvətini coxları saymazyana mövqe ilə cavablandırsalar da, hər halda kifayət qədər düşüncə adamı bir araya gəlmişdi.
Düzdür, mən indiyə qədər də anlaya bilmirəm ki, dünya etikasında dəqiqlik simvoluna çevrilmiş "alman dəqiqliyi" bu dəfə də Azərbaycanda niyə "iflasa uğradı": Almaniya Federativ Respublikasının Bundestaqının üzvü və Bundestaqın Qafqaz Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Steffen bəy Rayxe başda olmaqla, bu Avropa mərkəzi dövlətinin cənab səfiri (mən artıq öyrəşmişəm: səfir 20, 30 dəqiqə tədbirlərə gec gəlir - yəqin öyrəngildir, bilir ki, bizdə tədbirə saat 5-də çağırsalar, ən yaxşı halda 17 35-də, uzağı, həm də gərgin vaxtlarda 18 05-də məclis öz işinə başlayacaq) də təqdimata düz 40 dəqiqə gec təçrif buyurdular.
Səbəb izahları - bəhanələri də lap mənazərbaycanlisayağı oldu: yollarımızdakı tıxacların əsiri olublar: yaxşıdı da, II Cahan Savaşında babalarını bizim babalarımız əsir götürmüşlər, indiki almanları da avtoşlu-mavtoşlu küçələrimiz, neftimiz və qazımız (pis mənada yazmıram ha!?) əsiri-yesir etmişlər...
Razılaşıram ki, əsas və ikinci dərəcəli məsələlərdən çox qırağa çıxıram, bir qədər dözsəniz, mətləbi haraya qədər uzatdığımın ləzzətini siz də duyacaqsınız...
E-mənbə / link: http://artyazar.azeriblog.com/2008/11/03/ans-tv-nin-dahilerin-divani-qurban-seid-polemika-shekil-yazi-eli-ve-nino-romani
Vikipediya məlumatı
MƏHƏMMƏD ƏSƏD BƏY
Digər adları Lev Nissembaum, Qurban Səid
Doğum tarixi 1905
Doğum yeri Bakı
Ölüm tarixi 1942
Ölüm yeri İtaliya
Məhəmməd Əsəd bəy (Lev Nissembaum, Qurban Səid) (1905-1942) - Azərbaycan mühacir ədəbiyyatının böyük nümayəndələrindən biri.
Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Almaniyaya mühacirət etmiş, Avstriya və İtaliyada da məskunlaşmışdır. Ağır xəstəlikdən vəfat etmiş nasir İtaliyada Neapol yaxınlığında, Pozitano adlı yerdə dəfn olunmuşdur.
Avropa və ABŞ-da əsərləri müxtəlif dünya dillərinə tərcümə edilmiş və bestsellerlər sırasına daxil olmuşdur.
Təxminən 20 kitab müəllifi olan Məhəmməd Əsəd bəy öz adıyla yanaşı, "Qurban Səid", "Leo Nussimbaum" imzalarıyla da çıxış etmişdir.
"Əli və Nino"
"Şərqdə neft və qan",
"Qafqazın 12 sirri",
"Stalin:Fanatın karyerası",
"Qafqaz. Dağlar, xalqlar və tarix",
"Məhəmməd. Sonuncu peyğəmbər",
"Ağ Rusiya",
"Rusiya yolayrıcında",
"Maye qızıl",
"Lenin",
"Rza Şah- Başçı, padşah, islahatçı",
"II Nikolay. Sonuncu çarın əzəməti və sonu",
"Allah böyükdür. Əbdül Həmiddən İbn Sauda qədər islam dünyasının tənəzzülü və yüksəlişi",
"Mussolini",
"Sevgi və neft",
"Manuela "
http://az.wikipedia.org/wiki/M%C9%99h%C9%99mm%C9%99d_%C6%8Fs%C9%99d_b%C9%99y
Qurbanın çalması
Qurban Səid haqqında yeni məqalə
Azərbaycan ədəbi-ictimai fikrində xüsusi maraq oyatmış "Əli və Nino" romanının müəllifi kimdir? Uzun illərdən bəri ədəbiyyatşöünasları düşündürən, narahat edən bu məsələ hələ də özünün əsaslı cavabını gözləyir. Bəzi alimlər müəyyən mülahizələrlə "Əli və Nino"nun məşhur yazıçı Yusif Vəzir Çəmənzəminliyə məxsus olduğunu bildirir, başqa tədqiqatçılar bu fikri qeyri-obyektiv sayırlar.
Məncə, problemin ədalətli elmi həlli üçün ilk növbədə "Qurban Səid kimdir" sualının cavabı verilməli, onun ədəbi şəxsiyyəti müəyyənləşməlidir. Bu baxımdan fransız dilində nəşr olunan "Liberasyon" qəzetinin 23 may 2002-ci il tarixli sayında çap edilmiş "Qurbanın çalması" adlı məqalə ciddi maraq doğurur. Orada Qurban Səidin şəxsiyyətindən və yaradıcılığından xəbər verən ciddi və əhəmiyyətli məlumatlar vardır. Mən həmin məlumatları sadalamaq, orada deyilən fikirlərə, göstərilən faktlara şərh vermək, onları indiyə qədər deyilən mülahizələrlə qarşılaşdırmaq, yaxud yazıçının qəzetdəki şəklini təsvir etməklə oxucuları yormaqdan yan keçərək belə düşünürəm ki, ən yaxşısı Natali Levisalın yazdığı həmin məqaləni və Qurban Səidin şəklini mütəxəssislərin nəzərinə çatdırmaqdır. Qoy tədqiqatçıların özləri oxuyub münasibətlərini bildirsinlər.
Zaman Əsgərli, ədəbiyyatşünas
Qurbanın çalması
1937-ci ildə Vyanada "Əli və Nino" adı ilə nəşr olunmuş əsərin müəllifi, XX əsrin başlanğıcında bütün dini icmaların birgə yaşadıqları bir dövrdə, əslən Bakıdan olan, islam dinini qəbul etmiş bir nəfər yəhudidir. Əsəri alman dilindən Mişel-Fransua Demet fransızcaya tərcümə etmiş, əsər Nil nəşriyyatında 342 səhifədə, 21, 20 çap vərəqi həcmində nəşr olunmuşdur.
"Əli və Nino" rus inqilabı (1905-ci il inqilabı nəzərdə tutulur - Ş.Z.) ərəfəsində şiə məzhəbindən olan bir şahzadə ilə cavan gürcü qızı arasında Qafqazda baş vermiş məhəbbət əhvalatıdır. "Yevgeni Onegin" operasına baxmaq və yaxud xristian kilsəsinin yaşı 5000 ildən artıq olan Şuşada hava qəbul etmək üçün (bu da mümkündür ki, bəzi xalqlarda xristianlığın yaşı 2000 ildən artıq olmasın) çoxlu adam hərəmxananı tərk edir. Ancaq biz, Qarabağ xalqı Xilaskarın (İsa peyğəmbərdən söhbət gedir - Ş.Z.) işığını üç min il bundan əvvəl almışıq.
Qələmə alınmış əhvalatda ən həyəcanlı səhnə, bəlkə də bu Şərq hekayətinin və ya romanının ilk qələm təcrübəsi olmasıdır. Biz bunu müəllifin islam və Qərb arasındakı əlaqələri və ziddiyyətləri bu günkü region baxımından seyr edib onlar haqda tənqidi fikirlərini yürütməsində görürük.
Lakin mövzu istər romantik, istərsə aşiqanə olsun, özünün qeyri-adiliyi, sirri və dini ayinləri təsvirilə Qurban Səidi, kitabın müəllifini uzun müddət rahat buraxmamış, öz ardınca aparmışdır.
1937-ci ildə ilk dəfə olaraq alman dilində Vyanada nəşr olunan "Əli və Nino" bir müddət unudulmuş, sonra 70-ci illərin əvvəllərində Qurban Səidin kim olduğu haqda məlumat vermədən tərcümə olunaraq ingilis dilində işıq üzü görmüşdür. Vyanalı ziyalı, neft maqnatının oğlu, millətçi şair QULAQ-da (Dövlət cəzaçəkmə düşərgəsində - Ş.Z.) ölmüşdür. Bu gün "Növ Yorker" ("Yeni Yorker" - Ş.Z.) jurnalisti olan Tom Reysin sayəsində onun (Qurban Səidin - Ş.Z.) şəxsiyyəti hamıya aydındır.
1937-ci ildə imzalanan müqaviləyə görə, avstriyalı naşir Tal göstərir ki, Qurban Səid baron arvadı Elfreyd von Ehrenfelsin təxəllüsü idi. Tom Reys dərhal qeyd edərək vurğulayır ki, baron arvadı Elfreyd, əri Rolf kimi, Şərqə çox meylli və eyni zamanda fəlsəfə pərəstişkarı idi, özü də kiçik aristokrat qrupuna mənsubdu. İslam dinini qəbul edən Rolf dönüb Ömər von Ehrenfels olur. Elfreydə gəlincə isə, bu ölkədə (yəni Almaniyada - Ş.Z.) daha çox almanlaşmış qadın, Lev Nissembaum adlı birisinə istinadən yalançı (qondarma) addan istifadə etmişdir; Lev Nissembaum mənşəcə Bakıdan olan bu yəhudi yazıçısı özü də islamı qəbul etmiş və özünə Əsəd bəy adını götürmüşdür. Elə həmin bu adam (Əsəd bəy - Ş.Z.) Elfreydin məşuqu olur və işlərə bir az dolaşıqlıq salır.
Lev Nissembaumun həyatı haqqında demək olar ki, bunlar məlumdur: 1905-ci ildə Bakıda anadan olmuşdur və atası zəngin iş adamlarındandır. Əsrin əvvəllərindəki Bakıda ali cəmiyyətin bütün övladları - xristianlar, yəhudilər və müsəlmanlar bir-birinə qarışmışdılar; belə ki, onlar birgə seyrə çıxar, günorta yeməyini, yaxud ad günlərini birgə yeməklə keçirərdilər; onların valideynlərisə, eyni zamanda, əyinlərinə smokinq (xüsusi biçimli, döşü açıq qara pencək - Ş.Z.) geyinər, başlarına fəs qoyar, sinəsi açıq paltarda birgə operaya gedərdilər. Çox məhsuldar vahə kimi tanınan Lavrens Dürelin Aleksandriya kimi yadda qalan, neftlə zəngin Bibi-heybət çölləri bu gün də xatırlanır.
"... Mən hamar dənizi və düzənliyi sevirdim və bu qədim şəhərin (Bakıya işarədir - Ş.Z.) ortasında saray (Şirvanşahlar sarayından söhbət gedir - Ş.Z.) xarabalığa çevrilmişdi və hay-harayla neft axtarmağa gələn bəşər övladı burada varlanır, yenidən yola düşüb gedirdi; çünki boş səhranı sevmirdi" - Əli deyirdi. Gənc Nissembaum öz doğma şəhərini (yəni Bakını - Ş.Z.) tərk edib gedərkən onda vətən həsrəti olubmu? Bundan bir neçə il sonra biz onunla Berlində rastlaşanda o, artıq müsəlman olmuşdu və özünə Əsəd bəy adını götürmüşdü.
Şərqlisayaq tərbiyə almış bu oğlan "ənənəvi" geyimdə gəzir (qiymtəli daşlarla bəzənmiş çalmada, dəri papaqda və uzunətəkli kəndli paltarında) və başqa qafqazlılar kimi yatıb-dururdu. Son dərəcə qızğınlaşmış almanlar şərqlisayaq olan bu yəhudini Təbliğat idarəsinə satırlar; ancaq bir şey hasil olmur, Gebbels administrasiyası onun (Qurban Səidin - Ş.Z.) yəhudiliyinə inanmır, belə ki, onun dərc olunan hər bir kitabı Sovet İttifaqını opportunistcəsinə ifşa edir. Bax, buna görədir ki, Alman Yazıçılarının İmperial Həmkarlar Təşkilatı onu özünə üzvlüyə qəbul etmiş, vacib şərtlərlə onun III Reyx dövründə çap olunmasına icazə vermiş və həmçinin ona tutduğu mövqeyə görə gözəl karyera da bəxş etmişdir. "Şərqdə qan və neft" əsərini iyirmi üç yaşında yazandan sonra hələ Əsəd Bəy adı ilə on beşə qədər əsər yazacaqdı: Leninin, Stalinin, çarın tərcümeyi-halını, neft sənayesinin tarixini, Məxfi rus polisi... və onlarca başqalarını... Bu yazıçı 1935-ci ildə Amerika Birləşmiş Ştatlarında tanınanda faşist bürokratiyası onun əsl yəhudi olduğunu sübuta yetirir və bundan sonra o, qaçıb qurtarmaqdan savayı ayrı bir yol görmür: böyük inadkarlıqla ağılagəlməyən bir yer seçir, bu yer Vyana olur. Bu dəfə o, burada, çox çətinliklə də olsa, macal tapıb onu rahat buraxmayan "Məhəmmədin həyatı" və əlbəttə, "Əli və Nino" adlı əsərlərini yazır. 1938-ci ildə Anşlüs müqaviləsinə görə (Avstriyanın Almaniyaya birləşdirilməsi haqqında Hitler tərəfindən imzalanmış və 1945-ci ildə Almaniyanın məğlubiyyətindən sonra ləğv olunan müqavilə - Ş.Z.) onu Vyanadan qovurlar. İdeyasına, fikir ayrılığına görə çoxlu təqiblərə məruz qalan Nissembaum Aks ölkəsinə (1936-cı ildə Almaniya ilə İtaliya arasında təşkil olunmuş Aks-Roma-Berlin ittifaqı nəzərdə tutulur - Ş.Z.) mühacirət edir. Budur o, indi İtaliyadadır. Çox çətinliklə də olsa o, füsunkar Pozitanoya gəlib çıxır və bu kənddə məskən salır, ancaq həyatında həmişə ona həyan olan, əl tutan sehr artıq yox olmuşdur. Həyatdan, demək olar ki, tamamilə təcrid olunmuş, pulsuzlaşmış və qan təzyiqi xəstəliyinə görə əldən düşmüş xəstə yazıçı 1942-ci ildə, dəhşətli dərd-qəm içində otuz altı yaşında ölür. O, Pozitano kəndindəki müsəlman qəbristanlığının lap qurtaracağında dəfn olunur.
Əsərin (söhbət "Əli və Nino"dan gedir - Ş.Z.) işıq üzü görməsi üçün Tal Nəşriyyat Evini seçən naşirə xanım - onu 1938-ci ildə "ariləşdirmiş" Thereza Məql özü 1999-cu ilə qədər yaşamışdır. Onunla Vyanada görüşən, hələ ki, iti ağıllı, doxsan yaşlı Reys bir az qanıqaralmış halda təəssüflənir ki, onun nəşr etdiyi müəlliflərin əksəriyyəti 1938-ci ildə "Heç bir söz demədən, bütün görəcəkləri işləri mənim öhdəmə buraxaraq" yox olmuşlar. Ancaq, şəxsiyyətinə hörmət olaraq, artıq xəstə olan "Əsəd"i görmək üçün Pozitanoya gedib onunla görüşməyi özünə borc bilir. Tereza Meql Əsəd onun yanından geriyə yola düşərkən Əsəd Bəy 6 (altı) ədəd dəricildli gündəliyi, özünün son əlyazmasını, avtobioqrafik romanının ("Əli və Nino"nu - Ş.Z.) ona təqdim edir. "Ancaq, bu əsərlərin ifadə etdikləri qəm-qüssə, bəlalar daha güclüdür. O vaxtdan etibarən mən onları olduğu kimi saxlamışam və hələ də heç nə etməmişəm".
Natali Levisal
"Liberasyon" ("Qurtuluş") fransız qəzetinin 23 may 2002-ci il tarixli sayından tərcümə etdi: Şamil ZAMAN