Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Tolstoya, Prusta, Borxesə, Nabokova niyə Nobel mükafatı verməyiblər? Herta Müllerin "PASSPORT"u... O.Pamuk dövlətin yardımından imtina etdi... Prezidentin verdiyi "Xalq artisti" adını almadılar

Müəllif:

Bələdçi


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

Tolstoya, Prusta, Borxesə, Nabokova niyə Nobel mükafatı verməyiblər? Herta Müllerin "PASSPORT"u: Diktaturanın "bac aldığı" namus... Orxan Pamuk dövlətin yardımından imtina etdi... Prezidentin verdiyi "Xalq artisti" adını almadılar...


Baxış sayı: 679
    
    



Tolstoya, Prusta, Borxesə, Nabokova niyə Nobel mükafatı verməyiblər?


Ədəbiyyat üzrə Nobel Mükafatı dəfələrlə tənqid hədəfi olub.

Məşhur yazıçılar istedadlı şəxslərin bir çoxuna Nobel Komitəsinin qiymət qoymadığını etiraf ediblər.

Məsələn Marsel Prust, Ezra Paund, Ceyms Coys, Vladimir Nabokov, Xorxe Luis Borxes, Avqust Strindberq, Artur Miller, Yannis Ritsos və başqaları bəzən siyasi, bəzən də ədəbi səbəblərə görə mükafatdan kənarda qalıblar.

Rus yazıçılarından Lev Tolstoyun Nobel almamasının isə başqa səbəbləri olub. Bəziləri hesab edir ki, burada tarixən İsveçdə Rusiyaya bəslənən antipatiyanın rolu olub.

"MƏN DOKTORLUQ DİSSERTASİYAMI ARTIQ YAZMIŞAM"

İkinci dünya müharibəsindən sonra Nobel Komitəsi neytrallıq siyasəti yolunu tutdu və münaqişə aparmayan ölkə yazıçılarına üstünlük verməyə başladı.

Çex yazıçısı Karel Çapekin "Tritonlarla müharibə" əsəri məhz həmin dövrün məhsuludur.

Xorxe Luis BorxesƏsərin alman hökumətini təhqir etdiyi hesab edilirdi, ancaq yazıçı mükafat naminə ona dəyişiklik edib, daha yumşaq ifadələrdən istifadə etməkdən boyun qaçırmışdı. "Mən doktorluq dissertasiyamı artıq yazmışam" demişdi.

1964-cü ildə Jan Pol Sartra Nobel Mükafatı veriləndə yazıçı bundan imtina edib və deyib: "Jan Pol Sart" və "Nobel mükafatçısı Jan Pol Sartr" imzaları arasında fərq var. Heç bir yazıçı özünün instituta, təşkilata çevrilməsinə razılıq verməməlidir, hətta çox hörmətli şəkildə baş versə belə".

Nobel Ədəbiyyat Mükafatının tənqidçilərinin əsas gətirdikləri məqamlar aşağıdakılardır:

- Nobel komitəsi Qərbin tarixi-mədəniyyət ənənəsi olduğundan, təəccüblü deyil ki, Nobel ədəbiyyat mükafatını əsasən Avropa və ABŞ yazıçıları alır. Uzun əsirlik tarixi olan Asiya, o cümlədən Afrika ədəbiyyatının təmsilçilərinə mükafat nadir hallarda çatıb.

- Qərb ədəbiyyatı nümayəndələri arasında Skandinaviya ölkələri - Norveç, İsveç, Finlandiya və Danimarkanın çəkisi daha artıqdır. Xüsusilə 20-ci əsrin 30-cu illərində Skandinaviya yazıçıları üstünlük təşkil edib.

- 20-ci əsr ədəbiyyatının inkişafına töhvəsini vermiş yazıçıların çoxu mükafat almayıb. Onların əvəzinə daha az tanınanlar seçilib. Bir çox Nobel mükafatçıları öz mühazirə və müsahibələrində mükafat almayanların "Nobel"ə daha çox layiq olduğunu bildiriblər.

Sinkler Lüis və Con Steynbek Şervud Andersonun, Xuan Ramon Ximenes - Federiko Qarsia Lorkanın, Fransua Moriak - Avqust Strindberqin, Ulyam Folkner - Tomas Vulfun, Elias Kanetti - Roberto Muzilin, Pablo Neruda - Pol Valerinin, Günter Qrass Alfred Dyöblinin adlarını çəkiblər.

- Bir çox hallarda mükafat ideoloji əsaslarla verilib, ya da eyni əsasla verilməyib. Məsələn, Azadlıq Radiosunun rus xidmətinin bu yaxınlarda dünyasını dəyişmiş əməkdaşı, yazıçı Pyotr Vayl hesab edirdi ki, "Nobel Komitəsi istənilən ziyalı cəmiyyəti kimi sol düşüncəli insanlardan ibarətdir.

Məhz buna görə 20-ci əsrin görkəmli yazarı Borxesə Nobel mükafatı verilməyib. Belə ki, Pinoçetlə görüşüb, onun əlini sıxan yazıçı kommunistləri devirdiyinə görə Pinoçeti tərifləyib. Borxesin yazıçı kimi böyüklüyünü dərk etsələr də, Pinoçeti ona bağışlamadılar".

"DAR DÜŞÜNCƏLİ" TOLSTOY?

Rusiya yazıçılarına münasibətə gəlincə, İsveç akademiyası Lev Tolstoyun namizədliyini qəbul etməkdən imtina edib. Akademiyanın katibi Karl Virsen demişdi ki, "bu yazıçı sivilizasiyanın bütün formalarını pisləyir və əvəzində özlərinin yüksək mədəniyyətdən ayrılmış primitiv həyat tərzini qəbul etməyi təkid edir... Heş kim belə baxışlarla həmrəy ola bilməz".

Orhan PamukNobel mükafatına layiq görülən rusiyalı yazıçıların əksəriyyəti sovet rejimi ilə münaqişədə idi. Bunin və Brodski mühacir idilər. Soljenitsın dissident idi. Pasternak isə xaricdə nəşr edilən romana görə Nobel mükafatına layiq görülüb.

Hindistan əslili Britaniya yazıçısı Salman Rüşdinin də indiyə qədər "Nobel"siz qalmasını haqsız sayanlar var.

1989-cu ildə "Şeytan ayələri" kitabına görə Rüşdinin ölümünə İranın ali dini lideri Xomeyni tərəfindən fitva veriləndən sonra Nobel Komitəsi onu dəstəkləməkdən imtina etmişdi və buna görə komitənin iki üzvü istefa vermişdi.

2005-cü ildə mükafat Elfred Yelinekə veriləndə komitənin daha bir üzvü Knut Ahnlund istefa verdi.

Onun fikrincə, az tanınan və yaradıcılığında pornoqrafik təsvirlərə yol verən Yelinekə mükafat vermək Nobel Komitəsinin imicinə "bərpası mümkün olmayan zərbə vurub".

2006-cı ildə türk yazarı Orhan Pamuka Nobel mükafatı veriləndə bunu onun "erməni soyqırımı"nın tanınmasına çalışanlarla əlbir olması ilə əlaqələndirənlər oldu.


Sevinc Hüseynzadə

 

Herta Müllerin "PASSPORT"u: Diktaturanın "bac aldığı" namus


"DÜNYA NƏDƏN YAZIR" SİLSİLƏSİNDƏN

...Dəyirmançı Vindiş günləri, ayları, illəri sayır. Hər gün dəyirmana gedən yolda - düz "müharibə memorialı"nın yanında velosipedinin təkəri eyni çuxura düşür, hər gün dəyirmanın qapısını açanda qıfıldan eyni şaqqıltı gəlir...

Ətalət, perspektivsiz həyat...

Dəyirmançı baş götürüb Çauşesku diktaturasından qaçmaq qərarı verib, artıq 221 gün sayıb...

"Passport" povestində təsvir etdiyi bu mənzərə Nobel mükafatlı alman yazıçısı Herta Müllerə elə "doğma"dır ki...

Onun özü də əslən Rumıniyadandır və sosialist düşərgəsinin "can verən vaxtı" nəhayət ki Almaniyaya mühacirət edə bilib.

Dəyirmançı Vindiş də milliyyətcə almandır.

Müharibədən sonra Qərbi Almaniya sürətlə inkişaf edir, ora köçənlərin ağ günə çıxması haqda söhbətlər rumıniyalı almanlarının "ağlını başından çıxarır", danışırlar ki, "orda azadlıq var, pensiyalar yaxşıdır, lüt qadınlarla dolu jurnallar satılır"...

Kommunist Rumıniyasında isə... gəlib dəyirmançı Vindişin həyətindəki toyuq-cücəni sayırlar, "artıq olanlar"ı müsadirə edirlər, "cəmi bir uşağınız var, bu qədər toyuğu neyləyirsiz" deyirlər...

VƏTƏNİN ATASI

Dəyirmançinin qızı Amalia uşaq bağçasında tərbiyəçidir, uşaqlara izah edir ki:

"Hər bir uşağın ata-anası var. Yaşadığımız evdəki ata bizim atamız olduğu kimi yoldaş Nikolae Çauşesku da bizim Vətənin atasıdır. Deməli, Yoldaş Nikolae Çauşesku bütün uşaqların atasıdır..."

Amma baş götürüb ölkədən qaçmaq asan deyil. Hətta pulun olsa da.


Diktaturanın hər bir insanın qarşısında qoyduğu dilemma var: Ya mən dediyim kimi yaşa, ya da getmək istəyirsənsə... haqqı var...

"Kal gavalılar diyarı" əsərində də Herta Müller diktatura rejimində yaşayan insanların xoş güzərana qovuşmaq istəyindən yazır.

Bunun üçün bircə yol var: şər simvolu olan diktaturanın "vintciyi" ol. Kənddən paytaxta gələn Lola adlı kasıb qız da dərhal Kommunist Partiyasına keçir!

Amma həm də əlavə pul qazanıb "abırlı palto" və "kalqotka" geyinmək üçün gecələr işdən qayıdan yorğun kişiləri tramvayda "qarmağa keçirib" kimsəsiz parka çəkir... Bir gün kimsə onu satır.

Kommunist Lola karyerasının məhv olacağını anlayır və "Mən gələcəkdə övladlarımın qırmızı ayaqlı qoyun otarmasına razı ola bilmərəm" - deyib özünü asır...

"Passport"da da oxşar dilemmanı görürük.

BAZAR GÜNÜ MİLİSİONERLƏ GÖRÜŞ

Hər bir almanın Rumıniyadan Almaniaya mühacirət etməsi üçün almalı olduğu paspport üçün iki arayış tələb olunur - biri milisionerdən, biri də keşişdən.

Dəyirmançı daim ağzından şnaps iyi gələn milisionerin evinə elə hey çuval-çuval un daşıyır.

Amma bu rüşvətlər bəs eləmir, milisoner işi yubatmaqda davam edir.

Kənddə yaşayanların hamısı "haqq"ın nə olduğunu bilir, bunu dəyirman gözətçisi də zarfata salıb dəyirmançıya xatırladır.

"Milisioner mühacirətə getmək istəyən qadınları poçt idarəsinin döşəməsindəki döşəkdə gözləyir... Keşişin isə kilsədə - cübbələrin saxlandığı otaqda dəmir çarpayısı var...

Gözətçi gülür və dəyirmançıya deyir ki, "Sənin arvadın onlar üçün çox qocadır, amma sənin qızının da növbəsi çatacaq".

Vindiş hirsindən dəyirmanın qapısını təpiyilə açıb deyir. "Bacarmazlar. Onlar məndən un çuvalı qopara bilərlər, amma qızımı görməyəcəklər".

Amma passportu almağın başqa yolu da yoxdur. İş uzanır...

Bir bazar günü Amalianı mühacirətə gedənlərin hamısı kimi milisionerin yanına müsahibəyə dəvət edirlər...

HERTA MÜLLERİN TƏRSLİYİ


Herta Müller Nobel Mükafatının təqdimat mərasimində. Stokholm, 10 dekabr 2009Vindiş tərsliyindən əl çəkmir, amma hətta arvadı da onu məzəmmət edir, "Sən öz un çuvallarınla uzağa gedə bilməyəcəksən" deyir...

Yenə də dəyirmançının velosipedinin təkəri "müharibə memorialı"nın yanında eyni çuxura düşür, hər gün dəyirmanın qapısı açılanda eyni şaqqıltı eşidilir...

Və nəhayət günlərin bir günü Amalia da "müsahibəyə" gedir və "boynunda dişlək izi" qayıdır. Vindiş daha evdən bayıra çımamağa, kilsəyə, dəyirmana getməməyə qərar verir...

İndi yol açıqdı, passportunu götür, yeni həyata qovuş...

Rumıniyada Çauşesku rejiminin çökməsindən 20 il keçir, amma Herta Müller hələ də diktaturanın insan ləyaqətini necə alçaltmasından yazır...

Ona Nobel mükafatı veriləndə də "kor tutduğunu buraxmayan kimi" dünya ictimaiyyətini Çinə, Rusiyaya, İrana qarşı sərt olmağa çağırmışdı. Bəlkə haqlı deyil?

 

 

Orxan Pamuk dövlətin yardımından imtina etdi

 


Nobel mükafatlı türk yazarı Orxan Pamuk onun İstanbulda yaratmaqda olduğu "Məsumiyyət muzeyi"nə dövlət tərəfindən ayrılan puldan imtina edib.

Büdcədən muzeyə pul ayrılması qalmaqal yaratmış, "Pamuk özü varlı adamdır, dövlət onun muzeyinə niyə pul ayırır, həmin pul şikəstlərin probleminin həllinə ayıra bilərdi" tipli fikirlər səslənmişdi. (Mübahisələr haqda ətraflı burda oxu).

"2010 İstanbul Avropa Mədəniyyət Paytaxtı" layihəsi çərçivəsində İstanbulda bir sıra layihələr gerçəkləşdirilir və Pamukun son romanının adını daşıyan muzeyin tikilməsi də həmin layihələrdən biridir.

Muzeydə şəhərin axır 50 ildəki tarixi müxtəlif əşyalar, fotolar, rəsmlərlə anladılacaq.

Muzeyin yaradılması üçün xərcin 70 faizini Pamuk özü çəkib, qalan 750 min lirəni isə yazıçının xahişi ilə dövlət verməyi boynuna götürmüşdü.

Amma Pamuk layihə rəhbərlərinə məktub yazaraq istəyindən imtina etdiyini və indiyəcən muzeyin tikintisinə ayrılan pulun faizi ilə geri qaytarılacağını bildirib.

"2010 İstanbul Avropa Mədəniyyət Paytaxtı" layihəsinin rəhbəri Şekib Avdagiç Pamukun layihədən imtinasına səbəb olan tənqidlərə münasibətini bildirib, onun qərarından üzüldüyünü qeyd edərək Nobel mükafatlı yazıçının hədsiz töhmətlərə məruz qoyulmasının səbəbini anlamadığını dilə gətirib.

"Orxan bəyi arayıb 20-25 dəqiqə danışdım, birtəhər inandıra bildim, amma ikinci dəfə əleyhinə yazılar çıxanda layihədən tamamilə imtina etdi. Əlimizdən bir şey gəlmədi".

Şekib Avdagiç muzeyin yazarın öz vəqfi tərəfindən tikilib tamamlanacağını deyib.

 

Prezidentin verdiyi "Xalq artisti" adını almadılar...

Mais Əlizadə


TÜRK SƏNƏTÇİSİ DƏMİRƏLİN FƏRMANINDAN MƏHKƏMƏYƏ ŞİKAYƏT ETDİ

Hər halda, şair təbiətli Bülent Ecevitlə də anlaşmışdı ki, Türk siyasətinin "6 dəfə gedib 7 dəfə gələn" duayeni, ağsaqqalı Süleyman Dəmirəl 1999-cu ildə 100 sənətkara "Dövlət sənətçisi" adı verən fərmanı imzalamışdı.

Siyahıda müğənni Ajda Pekkandan keramikaçı Jalə Yılmabaşara, Dəmirəli ən çox təqlid və tənqid edən komediya ustası Ləvənt Kırcadan rəssam Orhan Taylana qədər Türk sənətinə illərdən bəri xidmət edən tanınmış simalar vardı.

Başda Sezen Aksu olmaqla sənətçilərin bir qismi prezidentin verdiyi "Dövlət sənətçisi" adını almaqdan imtina etdi.

Rəssam Məhmət Güləryüz isə məhkəməyə ərizə verərək prezident fərmanının icrasını dayandırdı.


 Arifləri dindir ki,
nədir şeir ilə sənət?

Şair yaranan əmrə peşiman ola bilməz.

     Səməd Vurğun
 Məhkəməyə verdiyi ərizədə Məhmət Güləryüz, "Dövlətin sənətçisi ola bilməyəcəyini" iddia etmiş, məhkəmə rəssamın bu iddiasını haqlı saymışdı.Güləryüzə görə:

1) Dövlətin kimin onun sənətçisi olduğunu, kimin olmadığını müəyyənləşdirməyə haqqı yoxdur;

2) Bu seçimi edərkən dövlət obyektiv davranmayaraq vətəndaşlar arasında ədalətsizliyə yol verəcəkdir;

3) "Dövlət sənətçisi" ünvanı dövlətlə yaradıcı insan arasındakı çizgini aradan qaldıracaq ki, bu da ölkənin diktatorluğa sürüklənməsinə təkan verən önəmli bir faktor olacaqdır.

AZƏRBAYCANDAN BİR ÖRNƏK

Məhmət Güləryüzü yaxşı tanıyıram - bir gün İstanbuldakı "Artist" sənət qalareyasında tablosunun yanında azərbaycanlı bir rəssamın tablosunun asıldığını görəndə "Mənim əsərimi divardan endirin"-deyə biləcək qədər "qırmızı" adam olduğunu bilirəm...

 

Söz Azərbaycandan düşmüşkən - məmləkətdən də bir örnək verməyi "məqsədə uyğun" sayıram.

2006-cı ilin mayında Səməd Vurğunun 100 illik yubileyi keçirilirdi.

Vaqif Səmədoğlunun humanist diləklərlə dolu çıxışından sonra kürsüyə gələn bığlı xalq şairi "Azərbaycan" şeirinin müəllifinin yubileylərinin həmişə yüksək səviyyədə keçdiyini isbat etmək üçün belə deyirdi:

" Çünki onun 70 illik, 80 illik, 90 illik yubileylərinin yüksək səviyyədə keçirilməsi üçün fərmanı "O Kişi" verib".

Bığlı şairin "Azərbaycan dilinin ən əzbər şeiri"nin (sərrast ifadə Vaqif Səmədoğlunundur) müəllifinin bir əsrlik yubileyindəki bu çıxışından sonra məni qorxu hissi sardı.

Çünki bığlı şair kürsüyə çıxandan sonra Səməd Vurğunun şairliyi bir tərəfdə qalmışdı; bığlı şair vahiməli bağırtısına ahəngdar şəkildə barmaqlarını tək-tək ovcunun içinə qatlayırdı - 70, 80, 90...

Xalqın qəlbini fəth etmiş bir şairin yubileyi mütləq fərmanla qeyd edilməlidirmi?

Fərman az imiş kimi, yuvarlaq yubuley günlərində yaradıcı adama bir də "zaslujennı" və ya "narodnı" adı lütf edilməlidirmi?

Fərman sahibi bir tərəfdə qalır - fürsəti fövtə verməyənlərin əlindən göz açmaq mümkün olmur ki?

ORXAN PAMUKUN XALQ YAZIÇISI ADINA EHTİYACI VARMI?

Bu "fəxri adlar" məsələsinə Türkiyədə münasibət necədir?

Avropa ilə 150 illik "kontakt"ın Türk toplumu üzərində yaratdığı sərbəstlik havası "fəxri adlar"a münasibətdə necə təzahür edir?

Nobel mükafatı laureatı Orhan Pamukun "Xalq yazıçısı" tituluna ehtiyacı varmı?

İlk sualı Türkiyənin Avropada ən çox tanınan yazıçılarından biri, Paris kitab yarmarkasının şərəf qonağı Minə Kırıkkanata veririk:

- "Dövlət sənətçisi" adına sizin münasibətiniz necədir?

- Dövlət ölkəni içəridə və qıraqda uğurla, ləyaqətlə, yurdsevərlik nümayiş etdirərək təmsil edən şəxslərə fəxri ad verə bilər. Fransada da bunun bəzi örnəkləri var. Ancaq bu adlar verilərkən sənətkarlara üstəlik maaş da verilmir. Mən Avropada sənətçisini maaşa bağlayan bir dövlət tanımıram.

- Niyə maaş vermirlər - bu, ölkəni diktatorluğa doğru apararmı?

- Eynilə elədir. Bu, kommunist iqtidarlarda olur. İqtidarları tərifləyən, qələmlə onların muşketyorluğunu edən adamlara mükafatlar, maaşlar verilir ki, bu da yaradıcılıq işində ayrı-seçkilik etməkdir. Dövlətin yaradıcı işdə ayrı-seçkilik etməyə haqqı yoxdur.

- Türkiyədə də bəzi yaradıcı adamlara verilib - ancaq həm onlar, həm də dövlət fəxri ad məsələsini o qədər də qabartmır...

- Türkiyədə də "hörmətli" və "ciddi" məfhumlarına uyğun gəlməyən bəzi adamlara da "dövlət sənətçisi" adı verilmişdir. Hökumətin başındakıların səviyyəsi fəxri ad vermək üçün seçilən sənətkarların keyfiyyətini də ortaya qoyur.Ona görə də Türkiyədə verilən "dövlət sənətçisi" adının mənim üçün heç bir hörməti yoxdur.

 

Orhan Taylanın bir rəsmi- Sizin əsərlərini saziş imzaladığınız nəşriyyat çap edir. Əgər əsərlərinizi dövlət çap edib müəyyən qədər pulun da əvəzində susmağı təklif etsəydi, bunu qəbul edərdinizmi? Yoxsa əsərlərinizi özəl nəşriyyatda çap etdirmək sizi daha çox məmnun edir?

- Bu, başqa məsələdir. Mədəniyyət nazirliyi kitab çap etməlidir. Mənim yaxından tanıdığım Fransada da mədəniyyət nazirliyi kitablar çap etdirir, sərgilərin açılmasına dəstək verir. Ancaq bu, o demək deyildir ki, mənim kitabımı çap edən dövlət məndən ziyalı mövqeyimdə dəyişiklik istəsin. Və ya "dövlət sənətçisi" adı verib məni susdurmağa çalışsın. Gördüyü işə hörmət edən heç bir adam bunu qəbul etməz. Kitabın çapına dəstək verilə bilər-ancaq bunun yazıçının iqtidarı tənqid etməsi ilə heç bir əlaqəsi yoxdur.

- Bir də iqtidarlar o pulu ciblərindən vermirlər ki? Dövlətin puludur..

- Təbii ki.Onlar kitablarımızdan alınan vergilərdir. İqtidarlar bu pulu xərcləyib yaradıcı adamları özlərinin şeypurçuları edə bilməzlər. İqtidarla bu cür "saziş" imzalayanlara yaradıcı aləmdə heç vaxt yer olmayacaqdır. Dövlətin yaradıcı insanlarla münasibəti "mərhəmət" və "bağlılıq" məfhumları üzərində qurula bilməz.

"MƏNİM ÜÇÜN ƏN BÖYÜK MÜKAFAT İCTİMAİ RƏYDİR"

99-un "Dövlət sənətçiləri" siyahısında olan Roma incəsənət akademiyasının məzunu rəssam Orhan Taylan:

"Məhkəmənin qərarından sonra hökumət yeni bir sistemləşdirmə ilə "Dövlət sənətçisi" adını yenidən versə də, şəxsən mən gedib o fərmanı almadım. Üstündən çox keçəndən sonra bacım mənim yerimə gedib almışdı.

Sənət adamları olaraq biz mədəniyyət naziri kreslosunda mədəniyyəti sevən və ondan başı çıxan adamların oturmasını istərdik.

Ancaq bu bizə ölkənin mədəni siyasətinin düzgün istiqamətləndirilməsi baxımından lazımdır - fəxri adlar vermək üçün yox.

Mən Ecevitin 77-dəki mədəniyyət naziri Talat Halmanı hörmətlə xatırlayıram. Dediyim kimi, dövlətin sənətkarlara fəxri ad verməsinin əleyhinəyəm - bu, ölkədə sənətə baxışı dəyişdirdiyi kimi, dövlətlə yaradıcı insan arasındakı çizgini də ortadan qaldırır.

Bu durumda isə tərəflərin şəxsi mənafeləri tədavülə girir. Dövlətin də, yaradıcı adamın da vətəndaşlara qarşı ciddi məsuliyyətləri vardır. Bu məsuliyyət duyğusu tərəflər bir-birinin fəaliyyət sahələrinə girəndə aradan qalxır.

Öz adımdan bunu deyə bilərəm: mənim üçün ən böyük mükafat - ictimai rəy sorğularında sənətsevərlərin mənə verdiyi qiymətdir.

Buyursun, 2 nəfər küçəyə çıxıb ictimai rəyi yoxlasın -əsərlərim tanınırsa və sənətkar şəxsiyyətimə hörmət edilirsə-mənim üçün bundan böyük mükafat ola bilməz. Dövlətin əsas işi vətəndaşların sənət əsərləri ala bilmələri üçün milli gəliri artırması və düzgün bölüşdürməsidir.

Əgər belə olarsa, dövlət öz funksiyasını yerinə yetirə bilər.

Yoxsa fəxri adlar paylayıb yaradıcı adamları öz tərəfinə çəkməyə cəhd etməklə yox. Əslində fəxri ad alaraq özünü sənətkar hesab edənləri toplum heç vaxt sənətkar kimi qəbul etməyəcək".

TÜRKİYƏDƏKİ DÖVLƏT SƏNƏTÇİSİ NƏ DEYİR?

"Dövlət sənətçisi" adını daşıyan Türk klassik sənət musiqisi ifaçısı Tuncay Yılmazın fikirlərini öyrənərkən önəmli bir nüansla da tanış olduq. Məlum oldu ki, Tuncay Yılmaza bu ad fəxri titul kimi yox, dövlətdən maaş aldığı üçün verilibmiş.

- Dövlət sizə niyə maaş verir?

- Mədəniyyət nazirliyi ilə imzaladığım kontrakt var. Nazirliklə müəyyənləşdirdiyimiz təqvimə görə, il ərzində Türkiyənin müxtəlif yerlərində və ya əcnəbi ölkələrdə verdiyim konsertlərin əvəzində müəyyən qədər maaş alıram.

- Aldığınız maaş çoxdurmu?

- Çox deyil.Biz bu sahədə 11 nəfər musiqiçiyik. Mən dövlətdən aldığım pulun əvəzini xalqıma geri qaytarıram. Xalqıma layiq olmaq üçün çalışıram.

- Dövlət sizə mənzil, müvəqqəti yaşamaq üçün ev və ya bağ veribmi?

- Yox, qətiyyən. "Dövlət sənətçisi" statusunda imzaladığımız kontrakta uyğun olaraq öhdəliklərmi yerinə yetirirəm. Xaricdə yaşasam belə, Türkiyədə nəzərdə tutulan konsertlərimi vermək məcburiyyətindəyəm.

Mənə verilən titul və ya maaşın əvəzində iqtidarları tərifləməyimdən və ya "dövlətə bağlılığımı isbat"dan söhbət gedə bilməz. Məncə, dövlət-sənətkar münasibətlərində hər iki tərəf üçün məqbul sayıla bilinən bu status inkişaf etdirilə bilər.

Məsələn, mənim xaricdəki konsertlərimin təşkili üçün menecerlik sistemi yaradıla bilər ki, bu da hər şeydən əvvəl, Türkiyənin tanınması baxımından faydalı olardı. Mən bu işləri şəxsi əlaqələrimdən istifadə edərək görürəm. Məqsədim - dövlətdən aldığım müəyyən qədər pulu xalqıma sənət yolu ilə geri qaytarmaqdır...

Şərhə ehtiyac varmı, ey "dövlətinə bağlılığını" bağıraraq deklarasiya edən bığlı şair?

Bu fani dünyada şairə verilən əmr - şeir yazmaqdır; Allahın qullarından büt yaratmaq yox.

Unutma ki, sonuncu Peyğəmbər də bütləri qırmaq üçün göndərilmişdi və vəzifəsini ləyaqətlə yerinə yetirdi.

Yaratmaq qabiliyyətinin kimə məxsus olduğunu bilmirsənmi?

Allah - Taalanın bu qabiliyyəti verib tarixdə yaşatmaq istədiyi insanın bundan öz məqsədi üçün istifadə etməsi ən böyük günah və hətta suç deyilmi?

Eşitmirəm, ay qağa.

Bağırsana!!!!!!!!

Həmişə "70, 80, 90 illik" yubileylərdə.

Mən barmağımı qatlaya bilmirəm.

Ancaq Səməd Vurğunun epiqrafdakı şeirini əzbər bilirəm...


azadliq.org

 

Puşkinin can verdiyi divan tapıldı


Dahi rus şairi Aleksandr Puşkinin dueldə ölümcül yaralanandan sonra can verdiyi divan tapılıb.

Bu barədə "Interfaks" agentliyi Leninqrad vilayətinin məhkəmə ekspertizası bürosunun rəis müavini Yuri Molinə istinadla məlumat yayıb.

Tapıntı şairin Sankt Peterburqda - Moyka çayı sahilində yerləşən ev-muzeyinin əməkdaşlarının xidmətidir.

Onların istəyilə məhkəmə ekspertizası mənzildəki divan üzərindəki qan ləkələrinin dahi şairə aid olub-olmadığını yoxlayıb.

Məlum olub ki, həmin ləkələrdəki qanla şairin yaralanan zaman əynində olmuş jiletindəki qan eyni qrupdandır.

Bundan başqa divandakı qanla şairin hazırda ev-muzeyində saxlanan baş tükləri eyni morfoloji əlamətlərə malikdir.

Divandakı qan izlərinin şairin bədənindəki yaraların yerinə uyğun gəlməsi də aydınlaşıb.

"Biz yaşı və bədən quruluşu Puşkinə uyğun olan bir həkimimizdən analoji divana uzanmasını xahiş etdik və bu bizim gümanlarımızı bir daha təsdiq etdi" - deyə Molin bildirib.

Sözügedən divan uzun müddət Dövlət Ermitajında saxlanıb, onu 1937-ci ildə ev-muzeyinə veriblər.

Amma divanın Puşkin ailəsinə məxsusluğu və şairin Moykadakı evindəki inventara aid olması ilə bağlı uzun zaman idi ki şübhələr vardı.

Məhkəmə ekspertizasının qərarı fevralın 8-də - Puşkinlə Dantesin duelinin ildönümü günü keçirilən konfransda açıqlanıb.

Aleksandr Puşkin (1799-1837) Moyka çayı sahilindəki mənzildə ömrünün son bir neçə ayını keçirib.

Danteslə duelə də həmin mənzildən gedib və ağır yaralı vəziyyətdə həmin mənzilə gətirilib. O fevralın 10-da öz kabinetində vəfat edib.

 


"525 kitab" seriyasIndan daha iki kitab nəşr edildi


Azərbaycan Yazıçılar Birliyində "525 kitab" seriyasından növbəti layihə çərçivəsində işıq üzü görmüş iki yeni nəşrin təqdimatı keçirilib.

Bunlar xalq yazıçısı Çingiz Abdullayevin "Etiraflar vadisi" və "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlunun "Polkovnikə heç kim yazmır" kitablarıdır.

Tədbirdə giriş sözü ilə çıxış edən seriyanın rəhbəri, "525-ci qəzet"in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid bu seriya çərçivəsində indiyədək bir çox nəşrlərin işıq üzü gördüyünü vurğulayıb:

"2008-ci ildə Səlim Babullaoğlu və Elxan Zal Qaraxanlı bu istiqamətdə ilk uğurlu addımları atıblar. Biz də bu işdə onlara hər baxımdan dəstək olmağa çalışmışıq.

O zaman həmin seriyadan 8 kitab işıq üzü görüb. Sonra isə seriya çərçivəsində "Bank of Azerbaijan"ın "Ədəbiyyata sevginizi dəstəkləyirik" devizi ilə qadın yazarlarımızın yaradıcılığını əhatə edən daha beş kitabın nəşrinə nail olduq.

İndi də bu seriyadan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə daha bir layihəyə start verilir.

Xalq yazıçısı Çingiz Abdullayev və şair Səlim Babullaoğlunun kitabları yeni layihə üzrə işıq üzü görən ilk nəşrlərdir".

R.Məcid min tirajla çap olunacaq kitablardan 600 nüsxənin ölkə kitabxanalarına, 300-nün "525-ci qəzet"in abunəçilərinə, 100-nün isə müəlliflərə təqdim ediləcəyini bildirib.

O, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu layihə çərçivəsində kitabı çap olunacaq müəlliflərə müəyyən miqdarda qonorar verilməsi nəzərdə tutulduğunu da qeyd edib.