Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Əlif Şəfəq: "Mən yazarkən sərxoşlar kimi hisslərimlə yazıram..." (Müsahibə). "Selincerin özü - "Çovdarlıqda uçurumdan qoruyan". "Haruki Murakami - yaponun imtinası"...

Müəllif:

Bələdçi


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

Ədəbi qitələr. Əlif Şəfəq: "Mən yazarkən sərxoşlar kimi hisslərimlə yazıram..." (Müsahibə). "Selincerin özü - "Çovdarlıqda uçurumdan qoruyan". "Haruki Murakami - yaponun imtinası"...


Baxış sayı: 703
    
    


«Eşq»də bişən «Kağız halva»

   
   
   Yazar Əlif Şəfəq bu günə qədər yazdığı 9 kitabın əsasında tam yeni bir romanını oxuculara təqdim edərək yenidən gündəmə daxil olub. Onun əsərlərinin Azərbaycanda da sevildiyini və oxunduğunu nəzərə alaraq Türkiyə mətbuatına verdiyi ən son müsahibəsini oxuculara təqdim edirik.
  
   - "Kağız halva" haqqında bu bir həyat anlarıdır, qarın doydurmaq üçün deyil, deyirsiniz, bu kitabı yazmaq hansı zərurətdən doğdu?
   - Bütün kitablarım arasında bir körpü olacaq əsər ortaya qoymaq istədim. Bu həm sadiq oxucularımın, həm də məni yenicə tanıyanlar üçün xüsusi bir kitab hədiyyəsi olmalı idi. Eləcə də son işimin mənim üçün də xüsusi əhəmiyyəti var.
   - Bəs o ehtiyac nədən doğuldu?
   - Kütlənin sevgisini qazanmış "Eşq" romanımdan sonra dönüb geriyə baxdım. Haralardan keçdim, qələmim nələr yazdı deyə. Yolumun xəritəsini nəzərdən keçirdim. Buna ehtiyac vardı, çünki mən yazarkən sərxoşlar kimi hisslərimlə yazıram.
   - Bu kitabı həm özünüzün, həm də oxucunun kitabı adlandıraqmı?
   - Təbii...Oxucular imza günlərində kitabı mənə təqdim edirlər. Onların qeydlərini oxuyuram. Bir oxucu kitabın müəyyən hissələrini göstərərək dedi ki, bunlar mənim düşüncələrimlə o qədər üst-üstə düşür ki, sanki siz deyil, mən yazmışam.
   - Deməli, yazar kimi deyil, oxucu olaraq düşündünüz...
   - Oxucunu düşünərək yazdım. Mən oxucularımdan enerji alıram.
   - "Eşq" romanınızın eyforiyası hələ bitməyib...
   - Həm öz həyatımda, həm də qələmimdə mövzu olaraq eşqin xüsusi yeri var, "Eşq" buradan yarandı. Mənim üçün yazmaq da bir sevgi işidir. Amma söyləməliyəm ki, indiyə qədər yazdığım kitablar içində aparıcı sayacağım kitabım ortada yoxdur. Sadəcə "Eşq" son romanım olaraq gündəmə daxil olmuşdu...
   - Yazı prosesində özünüzü unutduğunuzu deyirsiniz, "Kağız halvanı" yazmaq üçün digər kitablarınızı nəzərdən keçirərkən mən bunları necə yazdım dediyiniz an oldumu?
   - Olur, özü də tez-tez. Oxucular bəzən romanlarımdan söhbət açanda hansısa hissənin mənim yazmış olduğuma belə inanmıram. Elə oxucularım var ki, kitablarımı məndən daha yaxşı analiz edirlər.
   - Özündə olmadan yazmaq, bu trans halıdır?
   - Açığı rasional vəziyyətdə yazmıram, əsərlərim mühəndis planı kimi ortaya çıxmır. Əsrlərdən gələn ənginlikləri duyaraq yazıram. Romançılıqda iki texnika var. Bu günə qədər rasional xarakterlər, fantastika və intriqaların əvvəldən təyin edildiyi texnikanın üzərində çox dayanıldı. Bu yöndə çox gözəl əsərlər də yazılıb. Amma ikinci yol da var, hisslərlə yazmaq. Ağılla yazmaq maddənin bərk halıdırsa, hisslə yazmaq maye halıdır. Axıcıdır, hər istiqamətə çevrilir, yazarın ruhi halını da dəyişir. Yazarkən ağladığım, güldüyüm, özümlə danışdığım anlar olur.
   - Oxucu da bəlkə bu səbəblə sizin kitablarınızı oxuyarkən ağlayır, gülür...
   - Yazarkən, yazdığım mətnlə öz aramda məsafə qoymuram. Özümü mətnin üzərinə yerləşdirmirəm, özümü o mətnin tanrısı zənn etmirəm. Bu əhəmiyyətli bir detaldır.
   - Xarakterlərin birimi olub yazırsınız?
   - Xeyr, xarakterlərin cəmi oluram. Bu, bir az da aktyorluq, onun ruhi halını duymaq üçün bu belə olmalıdır. Ədəbiyyat özünü izah etmək deyil. Bu günün ədəbiyyatında təəssüf ki, bu hal üstündür. Mən yazarkən özümlə maraqlanmıram, tam tərsinə, özümdən sıxılıram. Bu bədəndən çıxmaq və bir başqasının bədəninə girə bilmək, sonra bir başqasının, sonra bir başqasının... Məncə, sənətin gücü buradadır. Ədəbiyyatla təsəvvüf arasında bir paralellik var. İkisində də əsas olan, "mən" duyğusunu aşmaqdır. Yazarkən o "mən" olmaqdan çıxma halını sevirəm.
   - Oxucularınızla yaxın bir əlaqəniz var. Normal həyatda da insanlara belə yaxınsınız?
   - Gündəlik həyatımda, normal insan əlaqələrimdə çox yadam. Amma oxucularımla bunun tam tərsidir. Onları ruhdaşım olaraq görürəm, biz bir kitabda görüşürüksə mənanı birlikdə yaradırıq. Roman sənətinin, sənətin digər budaqlarında olmayan çox xüsusi bir tərəfi var; təklik. Yazarkən də, oxuyarkən də təksiniz. Oxucunun təkliyiylə yazarın təkliyi arasında qurulan ruhi bir bağ var. Bu səbəbdən oxucu mənim aynadakı əksimdir.
   - Türklər kitab oxumur - tezisinə də qatılmırsınız...
   - Çox qatılmıram. Bizdə elə romantik bir oxucu var ki , bir kitabı sevdiyi zaman onu ailənin bir parçası olaraq görür və götürüb ailə fərdlərinə oxudur, xaricdəki qohumlarıyla da paylaşır. Belə bir şeyi başqa yerdə görmədim.
   - Məşhur bir yazarsınız, bu sizin üçün nəyi ifadə edir?
   - Mənim üçün həqiqi, səmimi ədəbiyyat oxucusu çox qiymətlidir. Məşhuram deyə cəmiyyətə, oxucuya yuxarıdan aşağı baxa bilmərəm.
   - Kitablarınız nobelli Orxan Pamukdan daha çox satılır, bu hansı hisslər oyadır?
   - Türk ədəbiyyatı o qədər zəngin və çoxsəslidir ki!
   Yazar və sənətçilərimizin mükafatlar qazanması çox sevindiricidir, məncə, hamımız bu uğurlara sevinməliyik. Kiminsə uğuru kimdənsə oğurlanmış pay deyil.
   -"Eşq" romanınızın film variantı səbirsizliklə gözlənilir...
   - Bununla əlaqədar çox gözəl təkliflər edilib. Əsərimin gözəl bir filmə çevrilməsini çox istərdim. Amma filmin yaranmasının zamanını, bunun üçün lazım olanları gözləyirəm.
   - Sizin musiqiyə və filmlərlə, digər sənətlərə xüsusi məhəbbətiniz var...
   - Bir silsilə ssenari yazdım, bir film ssenarisi tam hazırdır, bir çox mahnıların sözlərimi yazdım... Xüsusilə sənətin bu iki budağı - musiqi və kino mənim üçün çox əhəmiyyətlidir. Çünki bunlardan təsirlənirəm. Yazarkən çox vizual düşünürəm. Bütün romanlarımda isə musiqinin bir proyeksiyası vardır. Ədəbiyyat digər sənət sahələrindən daha uca bir sənət deyil. Daha üstün bir qüllədə deyilik. Hər kəs kimiyik.
   - Əsərlərinizdə diqqəti çəkən "bacılıq" metaforası var...Qadını yalnız qadınmı anlaya bilər?
   - Bu, bəlkə də öz həyatımdan irəli gəlir. Boşanmış bir ana tərbiyəsində böyüməli olmuşam. Və qadın mübarizəsini görmüşəm. Ona dəstəyi isə verən qadının olmamağı təəssüfedicidir.
   - Bu, nəyi anladır, bacılıq nə deməkdir?
   - Çox sadə, bir başqa qadının xoşbəxtliyini duyub xoşbəxt ola bilirikmi? İkincisi, bir başqa qadının daha məhsuldar, daha xoşbəxt, daha müvəffəqiyyətli olması üçün dəstək veririkmi? Bunlarda təəssüf ki, geri qalmışıq.
   - "Biz analar oğullarımızı padşah kimi yetişdirdiyimiz üçün kişi hakimiyyəti üstündür" deyirsiniz. Oğlunuz Əmr Zahirlə əlaqəniz necədir?
   - İşi nəzəriyyədə tənqid etmək başqa bir şey, həyata keçirmək başqa... Təbii mən bu mövzulara nə qədər şüurlu yaxınlaşa biləcəyəm, bunu zaman göstərəcək. İndidən çox böyük iddia edə bilmərəm. Cəmiyyətdə oyuncaqlardan başlayaraq o qədər dəqiq bir təhlil etməli ayrıntılar var ki... Amma bundan başqa ictimai cinsiyyət kodları var, inandığımız, təəssüf ki, daxililəşdirdiyimiz və uşaqlarımıza öyrətdiyimiz kodlar. Qadınlar bu mövzuda şüurlarını dəyişdirsə hər şey dəyişər, onları yetişdirən biz analarıq. Kişi hakimiyyəti kişinin qadına tətbiqi deyil. Qadınların bir-birinə tətbiq etdiyi ayrıseçkilikçiliyə diqqət yetirməliyik.
   - Qız uşaqları da atalarına daha çox bağlı olur...
    Niyə belə, bilmirəm...Səbəbi açılmayan bir sirdir.
    - Uşaqlarınıza nağıl danışırsınızmı?
   -Bəli, onlar üçün nağıllar uydururam. Bəzən eyni nağılın sonunu dəyişdirirəm. Məsələn, bir şahzadənin, cadugərin baxımından hekayə yazıram.
   -Yaxşı, 2010-dan nələr gözləyirsiniz?
  - Ürəklərimizin yumşalmasını, şiddət yerinə söhbət olmasını və bir də eşqimizin və eşq axtarışımızın daim olmasını diləyirəm.
  

Selincerin özü - «Çovdarlıqda uçurumdan qoruyan»


   Yanvarda doğulub, yanvarda da vəfat etdi - 91 yaşında. Onu məşhur edən romanından çox danışdığım iş yoldaşımız Aliyəyə dəfələrlə söz vermişdim ki, oxuması üçün o kitabı mütləq gətirəcəyəm. Hər dəfə vədimə xilaf çıxanda, növbəti günü "sabah mütləq kitab səndədir" nidamın Aliyənin də yadına düşməməsinə çalışıram. Və budur, otağımızın qapısı soyuq qış günündə açılır və onun günahlandırıcı sözlərini eşidirəm. "Selincer də öldü, amma hələ də onun kitabını gətirib çıxarmırsan". Bu sözlərdən sonra qapının örtüldüyü bir dəqiqəlik «kadr» fonunda 12 yaşımda həmin əsəri oxuduğum vaxtdan kitabı nə üçün Aliyəyə verməməyimin elə Selincersayağı səbəbinə qədər, sürətlə sayrışan, bir filmə sığacaq kadrları yaşayıram.
  
   Bu kitabı 12 yaşımda Bakıda - indi mövcudluğuna rast gəlmədiyim böyük bir kitab mağazasından almışdım.
   Kitablarıma hətta kimsənin toxunmasına belə qadağa qoymuşdum. Həmin vaxt isə "Çovdarlıqda uçurumdan qoruyan" romanı kitablarımın şahına çevrildi.
   Bir gün qardaşım başımdakı papağa işarə edib, lağla "guya sən Holdensən?!" deyəndə başa düşdüm ki, kitablarımla bağlı qoyduğum qadağa pozulub. Onu da başa düşdüm ki, Selincerin qəhrəmanını ideallaşdırmaq bir yana, onun özünə çevrilmişəm. Əsərdə bir dollarını papağa verən gənc Holden onu başına necə qoyursa, mən də elə edir, üstəlik hətta orta məktəbdə də, evdə də davranışlarım tam ona bənzəyirdi. Elə də mənim Holdenə çevrildiyimi görməyə nə var - özümdən başqa bunu hamı görürmüş. Bu gün də qardaşımla söhbətimiz Selincerdən keçə bilir və illərdir aydınlaşdıra bilmirəm, onun gizlicə oxuduğu bu əsərin qəhrəmanına mənim daha çox oxşadığıma o vaxt paxıllıq edibmi? Axı, hansısa yeniyetmənin Selincerin məşhur romanını oxuyub da əsərin qəhrəmanı Holdenə oxşamaq istəyi qarşısıalınmazdır...
   Holden məni məktəbdə ən yaxşı inşa yazarına çevirdi. Əsərdə inşa yazmalı olan oğlan qos-qoca mövzuları qoyub qəribə bir mövzu seçir. Qardaşının boks əlcəyindən yazır. Onun təsirli inşası əslində hər şeyə tam fərqli baxmağı öyrədir. Fərqli baxa biləcəksənsə, deməli, fərqli yazacaqsan. Selincer bu əsərinin şöhrətindən qaçaraq təkliyə çəkilmişdi. Amma onun qəhrəmanı mənə o qədər doğma idi ki, fikirləşirdim yazıçıyla görüşmək nədir, hətta o, məni çox yaxşı tanıyacaq, bəlkə də gəlməyimi gözləyir. Selincerli kadrlarımı bir filmə sığışdıra bilərəm - bir yazıya yox. Əslində mən əsəri elə yalnız bir dəfə oxumuşam. Amma yaddaşıma sətir-sətir köçüb. Kitabı saxlamaq isə mənə lazım olmadı. 3 aydı bu kitabı Aliyəyə verə bilmirəm ki, əslində 12 yaşımdan sonra o məndə yoxdur. Amma əsər haqqında, bəlkə də, minlərlə adama danışmışam və tam əminəm; kim ki, harda ki, o kitabı görüb dərhal oxumağa başlayıb.
   O vaxt əsəri rahatlıqla həzm etməyimdə yüksək tərcümənin rolunu bilmirdim, eləcə tərcüməçinin adını - Tehran Vəliyev imzasının olduğuna fikir də vermirdim. Əslində, kitabın üzərindəki yazıçı adının Selincer olduğu da mənə lazım olmamışdı. Mənim üçün yalnız Holden vardı. İllərdir Tehran müəllimdən bu əsərin tərcüməsi ilə bağlı soruşmaq istədiklərimi - onu tez-tez görməyimə baxmayaraq - soruşa bilmirəm. Necə ki, illərdir "Çovdarlıqda uçurumdan qoruyan" əsəri haqqında yazmaq istəyimi həmişə nədənsiz təxirə salıram. Bu yazı isə artıq əbədi təkliyinə köçmüş yazıçı haqqında sadəcə məlumat xarakterlidir. Bəlkə də, Selincer qəhrəmanının arzuladığı bir yerdə bir işlə məşğuldur. O arzunu insanlar öz cəmiyyətlərində onu arzulamırlar ki, buna gülərlər. Arzunun nədən ibarət olduğunu bilmək üçünsə özünüz əsəri oxusanız, yaxşıdır.
  
   Qəhrəmanına xəyanət etməyən yazıçı
  
   Selincer yəhudi atanın ailəsində Nyu-Yorkda dünyaya göz açıb. Anası isə irlandiyalı katolik idi. Karyerasına Nyu-York jurnallarına kiçik hekayələr yazmaqla başlamış yazıçı, "Banan ovu üçün mükəmməl gün" hekayəsi ilə məşhurlaşır. Təhsilini isə ona şöhrət gətirmiş "Çovdarlıqda uçurumdan qoruyan" əsərində Pencey kolleci kimi təsvir etdiyi Milli Hərbi Akademiyada alır. Ümumiyyətlə, Selincer təhsildə həmişə müəllimləri tərəfindən ən müvəffəqiyyətsiz tələbə kimi qiymətləndirilib. İkinci Dünya müharibəsində hərbi rütbə ilə ABŞ-ın 4-cü piyada diviziyasının tərkibində xidmət edir. Həmin vaxt Heminqueylə rastlaşır. Xəsarət almasa da, müharibə ona psixoloji zərbəsini vurur. Müharibə bitdikdən sonra xəstəxanaya düşməsinin səbəbinin bununla bağlı olduğunu Heminqueyə məktubunda yazır.
   Nəhayət, 1951-ci ildə "Çovdarlıqda uçurumdan qoruyan" romanı nəşr edilir. Hələlik sakitlikdir. Tənqidçilər romana tərəf diqqətlərini belə çevirmirlər. Tufan qəfildən qopur. Oxucu sayı sürətlə artır, tənqidçilərin analitik yazıları mətbuatı bürüyür. Bir sözlə, Martin İdeni sarsıdan, Selincerin özünü isə cəmiyyətdən təcridə aparan şöhrət qapını açır. Roman, mühakimə qabiliyyəti cəmiyyətin ümumi fikrindən fərqli inkişaf etmiş bir uşağın - Holden Kolfieldin dilindən yazılıb. Romanda bəzi jarqon sözlərindən istifadə edildiyindən əsər müəyyən ölkələrdə qadağan edilib. Hətta indinin özündə də demokratiyanın məbədi adına iddialı ABŞ-ın bir çox kitabxanalarına bu kitab götürülmür. Hələ də xüsusilə orta məktəb və liseylərdə bu əsəri oxumağa icazə verilmir. Amma məsələ burasındadır ki, ən çox qadağan edilən bu əsər hələ də ən çox oxunan bir roman olaraq qalır.
   Selincer sonralar nə qədər əksini isbatlamağa çalışsa da, tənqidçilər əslində Holdenin insana baxışının məhz yazıçının öz dünyagörüşü olduğunu qəti şəkildə yazırdılar. Eyni zamanda bu, əsərin qəhrəmanının yaşadığı hadisələrə də şamil edilirdi. Qərar qəti idi, Holden Selincerin özüdür ki var.
   Bu romandan sonra yazıçının daha bir neçə kitabı nəşr edilir. Lakin söz açdığımız romanın şöhrəti onu hər yerdə təqib edir. Selincer məhz cəmiyyətin onun şəxsiyyətinə olan maraq və diqqətindən qaçmağı qət edir. Nyu-Yorkdan Hampshireyə köçür və öz ətrafında informasiya blokadası yaradır. Bu isə onun şöhrətini artırmaqla bərabər, xüsusi maraq dairəsində saxlayır.
   1965-ci ildən bu yana heç bir əsərini çap etdirməyən yazıçı, hansısa əsərinin yenidən nəşrini də hüquqi yollarla əngəlləməyə çalışır. İş o yerə çatır ki, birgə xatirələri ictimaiyyətin diqqətinə çatdırdıqları üçün sevgilisini və doğma qızını ətrafından təcrid edir. Selincerin hamıdan qaçmasının səbəbini isə məhz Holdenin düşüncələrində axtarmaqdan başqa yol qalmır. Əsərdə piano çalan qıza baxaraq düşünən Holdenin fikrindəki budur:
   «Əgər mən də bir pianoçu və ya aktyor olsaydım və bu giclər mənim də fövqəladə birisi olduğumu düşünsəydi, bu vəziyyətimə nifrət edərdim. Məni alqışlamalarını belə istəməzdim». Holden belə düşünürdü, Selincer isə məşhurluğunda bu addımı atır, cəmiyyətdən uzaqlaşır. 2000-ci ildə ikinci arvadından olan qızı Klaranın memuarında atasının qəribə hərəkətlərindən söhbət açılır. Memuar Selincerin hələ də yeniyetmə Holden olaraq qaldığını göstərir...
  
   Boks əlcəyi. Hollivud ssenarisi
  
   Əsər yeniyetmə Holdenin həyatının cəmi 3 günündən bəhs edir. Hadisələr onun oxuduğu kollecdən qovulmasıyla başlayır. Buna qədər isə daha bir neçə məktəbdən qovulmuş yeniyetmə ailəsi ilə üz-üzə gəlməmək üçün bu dəfə faktı gizlədir. Əvvəlcə keçmiş müəllimi Spenserin yanına gedir, amma müəllimin danışıqlarından bezib kollec yataqxanasına qayıdır. Burada isə qızların sevimlisi olan Stradlaterlə mübahisəsi düşdüyündən yataqxananı da tərk edir.
   Nyu-York küçələrini sərxoş halda dolaşan Holden tanışları ilə rastlaşır. Hər kəsin süni səmimiyyətini görüb nifrət edən yeniyetmə hoteldə otaq tutur və bir qadını bura dəvət edir. Lakin son anda əlavə pul ödəyərək qadınla əlaqədən imtina edir. Holden əsər boyu nə isə axtarır, hətta zen-buddizm fəlsəfəsinə yön çevirir. Öz cəmiyyətinin ideologiyası ilə bu fəlsəfəni qarşılaşdırır, Şərq-Qərb dəyərlərinin sintezində nicat axtarır. Sonra köhnə qız dostu Sallini konki sürməyə dəvət edən oğlan axırda onu da təhqir edir. Holden Yeni il gecəsi ona pul vermiş kiçik bacısını görmək üçün gizlicə evə yollanır. Müəllimi olmuş Antolinin evinə böyük ümidlərlə yollanan yeniyetmə onunla görüşdən sarsılaraq gecəyarısı buranı tərk edir və qərara alır ki, ümumiyyətlə insanlarla əlaqə saxlanıla bilinməyən bir məkanda yaşamaq lazımdır. Bu planı yerinə yetirməzdən əvvəl isə o, tək səmimi gördüyü insana - kiçik bacısına borclu olduğu pulu verməlidir. Bacısına tez-tez əsəbiləşsə də, məsumluğuna görə yeganə hörmət etdiyi adam da elə odur. Bacısı isə Holdenlə birgə getməyə - cəmiyyətdən uzaqlaşmağa hazırlaşır. Holden bacısına pis nümunə olduğunu düşünərək heç yerə getməyəcəyini söyləyib onu əyləncəli parka aparır. Bacısının burada necə əyləndiyinə tamaşa edən Holden, özünü o qədər xoşbəxt hiss edir ki, hətta sevincdən ağlamaq istəyir.
   Roman payızda Holdenin yenidən məktəbə gedəcəyi proqnozu ilə bitir.
   Əsərdə adıçəkilən Alli isə Holdenin kiçik yaşlarında ölən qardaşıdır və bu ölümün yeniyetməyə necə təsir etdiyi üzə çıxır. Holdenin qardaşının boks əlcəyinə yazdığı inşa əslində həzin bir xatirə mövzusudur. Böyük qardaşına isə Hollivuda ssenarilər yazdığına görə nifrət edir. Onun fikrincə, pul qarşılığında yazı, yalandan ibarət ola bilər. Elə gözəl pianino ifaçısı olan qıza da bu baxımdan yanaşır. Əsər boyu yeniyetmə oğlanın qarşılaşdığı adamlara qəribə münasibəti və mülahizələri ilə tanış oluruq. Məsələn, təsadüfən məktəb yoldaşı Ernestin anası ilə qatarda rastlaşır. Oğlundan zəhləsi getsə də, var gücü ilə Ernestin necə yaxşı adam olduğunu sübut etməyə çalışır. Taksi sürücüsüylə qışda ördəklərin hara uçduqları haqqında uzun-uzadı söhbət edir. Onun kollec, ailə, insanlar haqqında yanaşmaları yeniyetmə fəlsəfəsi ilə yanaşı, əslində həm də real mənzərədən doğur - insanlar səmimi deyil.
  
   Son
   
   Bu əsərdən sonra Selincerin başqa əsərləri də kitab şəklində nəşr olunur və bu kitablar da satışına görə fərqlənir. Fikrimcə, həmin əsərlərin də bazasında əslində Holdenin daha da inkişaf edən baxışlarıdır. Bir də, Holden hardasa cəmiyyətə yenicə boylanan 14-16 yaşlı yeniyetmələrin psixoloji və mənəvi böhrana daha həssas olduğunu obraz kimi nümayiş etdirir. Cəmiyyəti müşahidə etmək və özünəqapanmaq illəri. Bax, buna görə də yeniyetmələrlə səmimi olun, onların hər biri potensial Holdendir.

 

 


Haruki Murakami - Yaponun imtinası


      Haruki Murakami 1949-cu ildə Yaponiyanın Kyoto şəhərində dünyaya gəlmişdi. Atası bütpərəst keşiş, anası ədəbiyyat müəllimi olan Haruki erkən yaşlarından ədəbiyyata meyil göstərib. Tokionun Vaseda Universitetinin ədəbiyyat fakültəsini bitirmiş yazıçı təhsil illərində üslubların dərin sirlərini öyrənib və gənc yaşlarından kitablara, xüsusən Qərb ədəbiyyatına meyil göstərib. Tale yollarında nicat ümidi ilə yaşayan Murakaminin qəhrəmanları sanki daimi axtarışdadırlar. Onun qəhrəmanlarını ilk baxışdan sanki hər hansısa eyniyyət, ortaq məqsəd axtarışı birləşdirirmiş təəssüratı yaradır. Fəlsəfi-psixoloji janrın banilərindən sayılan Haruki Murakami 20-ci əsr ədəbiyatında özünü istiqamətləndirməyi tam mənasında bacarmışdır.
  
   İlk əsərdəcə uğur və beysbol
  
   İlk əsəri olan "Pinbol-1973" 1985-çi ildə işıq üzü görür və bir vizit kartı kimi onun adını müasir dünya ədəbiyyatına yazdırır. Elementar əşya və hadisələrdən dərin fəlsəfi məna çıxarması Murakaminin dünyada məşhur olmasının səbəblərindən biridir. Maraqlıdır ki, yazıçı "Pinbol-1973" əsərini 29 yaşında - beysbol matçını izləyərkən yazmağa qərar verib. Kiçikhəcmli "Tonu Takitani" əsərini isə həyat yoldaşı ilə Havay adalarını səyahət edərkən bir dollara aldığı, üstündə iri "Tony" yazısı olan sevimli köynəyindən və İkinci Dünya müharibəsi dövründə yaşamış musiqiçi Şizaburo Takitaninin həyat yolundan ilhamlanaraq ərsəyə gətirmişdir. İlk baxışdan uyğunsuzluq təşkil edən iki məfhum, digər tərəfdən isə ərsəyə gəlmiş gözəl əsər. Lakin yazıçını dünyaya tanıdan və özü haqda gen-bol danışdıran kitabı 16 dilə çevrilmiş "Qeyri-mümkünün mahnısı" olmuşdur. 1995-də nəşr olunan "Zemberək quşu" kitabı isə növbəti il Yomiuri Ədəbiyyat Mükafatını da qazanmışdır.
  
   Sürrealist
  
   Haruki Murakaminin bir çox əsərlərində sürrealist ideyaların qabarıqlığı aydın görünür. Yazıçı bir çox müsahibələrində bildirir ki, bəzən əsərlərinin nikbin və ya bədbin sonluqla bitməsinə qərar verə bilmir. Onun fikrincə, hər kəs reallığı onun əsərlərindən istədiyi, gordüyü formada tapmış ola bilər. Murakami qeyd edir ki, bir çox hallarda yazmağa başlayarkən, əsərin mövzusunu belə əvvəlcədən qərarlaşdırmır və ya bir mövzuda yazarkən qələmi onu tamamən başqa istiqamətə yönəldir.
   Yazıçının "Norveç meşəsi" əsərində həyat yolu, xüsusilə də tələbəlik dönəmi qiyabi təsvir olunur. Bu dönəmdə yazıçının keçirdiyi hisslər, yaşadığı haqsızlıqlar, cəmiyyətin əyər-əksikləri açıq-aydın göstərilir. Müəllif əsərlərində psixologiya, fəlsəfə, detektiv, elmi-fantastika kimi janrların sintezini yaratmaqla, kütləvi oxucu rəğbətini qazanmışdır. O, realist yapon yazıçılarını nəzərdə tutaraq deyir:
   "Onlar cavabları və gəlinən nəticələri sevirlər, lakin mənim hekayələrimdə bunlar yoxdur. Mən hekayələrimi hər cür nəticəyə açıq buraxmaq istəyirəm. Hesab edirəm oxucularım bunu anlayırlar".
  
   Qərb
  
   Yazıçının mürəkkəb ziddiyyətli düşüncələri, şərqli yazıçının Qərb dünyagörüşü çoxlarının marağına səbəb olur. Vətənində Murakami hər zaman qeyri-adiliyə aludə, (bunu fəlsəfi-psixoloji romanlarında da əks etdirir) həm Qərb, həm Şərq oxucusunu qazanmağı bacaran, daimi həqiqət axtarışında olan, yüksək mənəvi və fəlsəfi dəyərlərlə zəngin ədib kimi tanınır. Təkcə "Vəhşi qoyun təqibi" hekayəsini oxumaqla yazıçının dünyagörüşünün fərqliliyi üzə çıxa bilər. Hekayə məkanını Yaponiyadan götürür, qəhrəmanları yapondur, amma ortada yaponlara xas kimono geyən, geyşalar, bonzai kimi şeylər yoxdur. Əksinə, burada 20-30 yaşlardakı oxuculara ‘Sistemə uyğun gəlməyi rədd edən bir inkarçı" yazıçının qərbpərəst duyğuları hiss olunur. 1968-69-da ölkəsindəki tələbə hərəkatının iştirakçısı olan, hər hansı bir şirkətə və ya sistemə aid olmadan, müstəqil yaşamağı seçən Murakaminin ənənələrə bağlı yapon cəmiyyətində müstəqil yaşamaq istəyən gənclər tərəfindən sevilərək oxunması təəccüblü deyil.
   "Murakami amerikan romanları yazan bir yapon yazıçısıdır" qənaəti də elə onun bu tip fikirlərindən doğur. Bu "amerikalılıq" isə, əslində, Murakaminin əsərlərində alışdığımız ənənəvi yapon həyat formasının təsvir edilməsi ilə daha çox bağlıdır. Murakaminin qəhrəmanları ənənəvi yapon romanlarındakı qəhrəmanlardan fərqlidir. Onlar müstəqil, xəyal qurmağı sevən, ağıllı, amma içinə qapalı, yaşadıqları cəmiyyətdən ayrı dayanma meylində olan və ailə, sədaqət, işçi əxlaqı kimi ənənəvi yapon dəyərlərini mənimsəməyən kəslərdir. Murakaminin özü isə deyir:
   "Anamla atam daim yapon ədəbiyyatından bəhs edirdi. Buna nifrət edirdim. Ona görə xarici ədəbiyyatı - Çexovu, Dostoyevskini, Floberi, Dikkensi oxuyurdum. Daha sonra yüngül amerikan romanlarına maraq saldım, detektiv hekayələri, elmi-fantastik romanları oxumağa başladım".
  
   Caz və ədəbiyyat
  
   Murakami heç bir zaman Qərb mədəniyyətinə, xüsusilə musiqisinə heyranlığını gizləməyib. Musiqi onun həyatında və əsərlərində əhəmiyyətli bir yer tutur. Murakami uşaqlığından əldə etdiyi tranzistorlu radiosuyla Elvisi, Boysu, Bitlsi dinləyərkən istirahət etdiyini belə izah edir: "Bu həyəcanverici aləm mənim həyatımın bir parçası oldu".
   Hələ tələbəykən o, caz-kafe də açır, caz barədə məqalələr də yazır...
   Murakami caza sevgisinin yaradıcılığına təsir etdiyini bildirir.
   "Davamlı bir melodiya axtarışındayam. Başladığımda, bəzən dayana bilmirəm. Bu suyun qaynaqdan çıxması kimi bir şeydir. Təbii, asan bir şəkildə ortaya çıxır. Caz musiqisini çox diqqətli və sıx bir şəkildə dinlədiyim üçün bu ritm faktı mənim bir parçama çevrilir. Roman və hekayələrimi yazarkən də bir ritmi hiss edirəm".
  
   «Kafka sahildə»
  
   ''Dünyada bu qədər çox boş yerlər olduğu halda, var ola biləcəyin, sənə bəs edəcək kiçicik bir yer belə tapa bilməzsən. Səsləri axtardığın halda, qarşına çıxan səssizlik olur. Səssizliyi arzuladığında isə dayanmaq bilməyən uğultu başlar. Bu səs, zamanı gəldikcə, sənin beynindəki gizli düyməni basar''. ("Kafka sahildə" romanından)
   Haruki Murakaminin "Kafka sahildə" romanı üzvi surətdə bir-birinə bağlı insan hekayələrindən ibarətdir. Özünə Kafka adı qoyan 15 yaşlı Tamura bir gün evdən qaçır. O hələ ibtidai məktəb şagirdiykən atasının beyninə pıçıldadığı nəsihətlərdən çox uzaqlara qaçmağı qarşısına məqsəd qoyur. Lakin qaçdığını zənn edərkən nəsihətlər daim onu təqib edir. Qaçışdan sonra o, Kavamura kitabxanasına gedib daim kitab oxuyur. Bir müddət sonra kitabxanada vəzifəli, normal cinsi mənsubiyyəti olmayan Oşimayla tanış olur.. Oşima, Kafkanın içində olduğu çarəsiz vəziyyəti və lənətləndiyini anlaya bilən yeganə insandır. O, Kafkanın kitabxanada işə götürülməsini təmin edir. Gənc Kafka ani surətdə əsəbi vəziyyətə düşə bilir.
   Nakata adlı yaşlı bir adam pişiklərlə danışma qabiliyyətinə malikdir. Gündəlik həyatda insanlarla qura bilmədiyi ünsiyyəti pişiklərlə qurmaqdadır. Onun günlərlə şüursuz qalmasına səbəb uşaqkən yaşadığı və açıqlaya bilmədiyi bir hadisədir.
   Bu bir-birindən ayrı iki qəhrəmanın həyatı romanın bir yerində sirli bir cinayətlə kəsişir: bıçaqlı Nakatadır, əlləri qana bulaşan isə kilometrlərlə uzaqda olan Kafka.
  
   Murakami qaçışda
  
   Murakaminin həyatı illərinə nəzər saldıqda, təsəvvürümüzə daim qaçış vəziyyətində olan adam gəlir. Yazıçının fikirincə, insan iki ildən çox olmamaqla bir yerdə yaşamamalıdır. O özü bu fikrinə əməl edir. Murakaminin bu yanaşmasının bilvasitə öz əsərlərində də əks olunduğunu söyləyə bilərik. "Yaponiyada yaşayarkən yapon cəmiyyətini o qədər də sevmirdim və ölkə xaricinə çıxmaq istəyirdim".
  
   Bu "qaçışlar" ona həm də əsərlər yazdırır
  
   1987-ci ildə İtaliya və Yunanıstanda da olan yazar burada əvvəl "Qeyri-mümkünlüyün mahnısını", sonra "Dance Dance Dances" romanlarını yazır. "Qeyri-mümkünlüyün mahnısı" əsəri metafizik elementləri saxlamayan, sadə bir gənclik və romanıdır. Burada naməlum, amma hər şeydə hiss edilən bir həsrət duyğusu hakimdir. Bu kitabla özünü «test etmək» istədiyini söyləyən Murakami etiraf edir:
   "Heç belə real olan, sadə, romantik sayıla biləcək bir əsər yazmamışdım".
   Yazıçı Yaponiyaya qayıtdığı il bu əsəri 2 milyon nüxsə ilə satılır. Ona bu qədər maraq göstərildiyindən narahat olan yazıçı bu dəfə də Avropaya qaçır.
   Murakami 1990-ci ildə yenidən vətənə dönür və heç nəyin dəyişmədiyinin şahidi olur.
   "Şər iqtisadiyyatının zirvədə olduğu bir zaman idi və hər kəsin bəhs etdiyi tək şey pul, pul, pul idi. Biz belə bir cəmiyyətə nifrət edirik və buna görə Yaponiyada on ay qaldıqdan sonra ABŞ-a getdik".
    Amerikada keçirdiyi günləri isə bu şəkildə ifadə etmişdi:
   «Ölkə xaricinə çıxdığımda özümdən bir yazar olaraq nə olduğumu soruşmağa başladım. Yaponca yazdığıma görə, mən bir yapon yazıçısıydım, lakin şəxsiyyətim nə idi?»
   Bu fikirlə o, az qala dünyanın yarısını gəzib - elə öz əsərləri kimi...
  
   Ştrixlər
  
   - Yaponiyada yapon olaraq qəbul edilməyən yazıçının öz vətənində təkcə "Norveç ağaçı" əsəri 9,2 milyon nüsxə satılıb.
   - Murakaminin əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub.
   - Yaşayan yapon yazarları arasında dünya dillərinə ən çox çevrilən romançı adını da əlində tutan Haruki Murakaminin 5 illik fasilədən sonra üzə çıxartdığı romanı "1Q84" ilk gündə 480 minlik satışla qarşılanıb.
   - «Murakaminin əsərləri oxucuda asılılıq yaradır». ("Independent" qəzeti).
   Nəşriyyat rəhbəri: "Bu inanılmazdır. İnsanlar Murakaminin son romanı üçün ölür"
   Nəhayət, H.Murakaminin özü: "Mən əcaib hekayələr yazarıyam. Əcaibliyi yazmağı sevməyimin səbəblərini bilmirəm. Səhər 6-da oyanıram və axşam 10-da yatıram. Çox realist bir insanam. Lakin yazarkən əcaib şeylər yazıram. Bu, çox qəribədir. Mən ciddiləşdikcə, yazdıqlarım əcaibləşir. Cəmiyyət və dünya gerçəkləri haqqında yazmaq istədiyimdə ortaya əcaib bir şey çıxır. Bir çox insan məndən bunun səbəbini soruşur və mən buna bir cavab verə bilmirəm".
   

Müəllifi: Sabutay,  "Mədəniyyət" qəzeti