Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Dahi qadınlar" silsiləsindən: Roza Lüksemburq və Frida Kahlo. ("Alma" qəzetinin təqdimatında)

Müəllif:

Bələdçi


Kateqoriya:

Gərəkli məlumatlar



Qısa Təsvir:

"Dahi qadınlar" silsiləsindən: Roza Lüksemburq və  Frida Kahlo. ("Alma" qəzetinin təqdimatında) 


Baxış sayı: 3676
    
    


"Dahi qadınlar" silsiləsindən

Roza Lüksemburq
 

   Məğlubedilməz qadın...
  
   Bu dəfəki yazımı tarixin ən maraqlı simalarından birinə həsr etmək istəyirəm - cinayətlər və ölümlər, xəyanət və işgəncələrlə dolu olan XX əsr siyasi arenasında ideya və davranışlarındakı dürüstlük, xüsusilə təhlükəli olduğuna baxmayaraq düşüncələrindəki səmimiyyət və hətta rəqiblərinə qarşı belə, hiyləgərlikdən imtina edən böyük şəxsiyyətdən söz açmaq.
  
   Dünya tarixində, xüsusilə də siyasi solun bir çox nəzəriyyəçi və praktikləri arasında istər fərdin, istərsə də cəmiyyətin azadlıqları və beynəlxalq problemlərin həlli mövzusunda çox işlər görmüş şəxsiyyətlər mövcuddur. Amma eyni zamanda, bu gün dünyanın harasında olursa olsun bir yürüşə gediləndə bu tarixi yazanların çox azının təsvirlərinə rast gəlinir. Başda Karl Marks olmaqla, demək olar ki, hər yerdə şəkilləri ilə rastlaşdığımız 3 insan da var: Almaniyada qətlə yetirilən polşalı yəhudi qadın, 1967-də Boliviyada qatillərin əlinə düşən argentinalı və 1937-də faşistlər tərəfindən öldürülən bir italiyalı - Roza Lüksemburq, Ernesto Çe Qevara və Antonio Qramski. Hər üçü çox az təsadüf edilən nəzəriyyə və onun praktik tətbiqinin bütünlüyünün örnəyi olmaqla yanaşı, heç bir zaman heç bir doktrinanın boyunduruğu altına girməyən azad düşüncənin təmsilçiləridir. Bu 3 şəxsiyyət haqqında vurğulanmalı olan çox mühüm bir məqam da var- hər üçü düşüncələri və əməllərinin bədəlini həyatları ilə ödəmiş, XX əsr üçün nadir təsadüflərdən olan öz cəbhələrindəki düşmənləri deyil, qarşı cəbhədəkilər tərəfindən öldürülmüşdülər.
   Bu günün mənzərəsində Ernesto Çe Qevara gəncliyi həyəcanlandıran, ruhlandıran şəxsiyyətdir. Fərqli gəncliyin və gənc düşüncənin idoludur. Antonio Qramski onilliklərdir ki, xüsusilə intellektuallar arasında böyük sayğı ilə xatırlanan və haqqında danışılan şəxsiyyətdir. Bu üçlüyün bəlkə də ən maraqlı simalarından olan Roza Luksemburq isə təəssüf ki, nisbətən az tanınır. Bu yazıda daha çox şəxsi həyatını və qadın-kişi münasibətləri kontekstində təsvir etməyə çalışacağım Roza Luksemburqu gəncliyin həm də sol ideoloq olaraq, "Kapitalın akkumulyasiya nəzəriyyəsi" kitabının müəllifi olaraq araşdırmasını, tanımasını istərdim. Çünki Roza haqqında və ya Rozadan öyrənməli çox şeylər var - yazı tərzi və kəskin dili ilə dünya tarixinin ən güclü polemikaçılarından biri və marksizmin ən yaxşı davamçılarındandır. Bir faktı da qeyd edim ki, Rozanın ölümündən sonra onun bütün əsərlərinin çap olunmasına göstəriş verən V.İ.Lenin də onun haqqında belə demişdi: " Müxtəlif məsələlərlə bağlı düşüncələrimiz eyni olmasa da Roza Luksemburq bir "Qartal" idi."
    Belə... İndi isə keçək şəxsi həyatdakı Rozanın təsvirinə. Tarix səhifələrinə adı qızıl hərflərlə yazılan, inqilabi hərəkatda "Qızıl Roza" və ya "Qırmızı Roza" deyə çağırılan Rozanın öz, şəxsi həyatına. İlk olaraq, Roza Luksemburq və Leo Jogiches barədə. Onların məhəbbətini və münasibətini fərqli edən ən mühüm faktor hər ikisinin həyatını inqilaba həsr etmiş olmaqları idi. Söhbət o insanlardan gedir ki, lap gənc yaşlarından seçimlərini etmiş və ömürlərini inqilab ideyasının reallaşdırılmasına həsr edəcəklərinə qərar vermişdilər. Onları ömürlərinin sonuna qədər birləşdirən ən böyük bağ da bu ideyanın özü idi. Münasibətlərində iki güclü şəxsiyyət tipinin birlikdəliyi və ya daha dəqiq desək, birlikdəliyinin uğursuzluğu görünür. Hərçənd ki, bir az bədiiləşdirsək ilkin mərhələ üçün sevgidən daha ötə - simbiotik bağlılığı görürük. İsveçrəyə təhsil almağa gedən Roza çox güclüdür - diqqət çəkən iti zəkaya, atəşli və ironik danışıq tərzinə malikdir. Bundan əlavə, həyat eşqilə dolu bir qadındır. Onun haqqında qeydləri oxuyanda heyrətlənməmək olmur- yaradıcı ruh, böyük maraq və enerji daim axtarışdadır. Və mənə ən xoş gələn, işdə olduğu qədər əyləncədə də, sevgidə olduğu kimi, nifrətdə də həmişə həyəcanı dərindən yaşayan bir insan olmasıdır. Roza Leonu sevir. Baxmayaraq ki, bir çox baxımdan Leodan daha üstündür - mükəmməl təhsil alıb ( Leo ömrünü inqilaba həsr edəcəyi üçün təhsili önəmsiz hesab edir), ingilis, fransız, polşa, italyan və alman dillərini gözəl bilir. Leo Roza üçün həyatına girən ilk kişi olmaqla yanaşı, həm də müəllimi, örnək götürdüyü insan və inqilabçı yoldaşıdır. Bu münasibətini heç vaxt dəyişmir və üstünlük hissilə yanaşmaq bir yana qalsın, məcburi məsafə ayrılıqlarında Leoya yazdığı uzun məktublarda hisslərini, onsuz tək qalmağın ağrısını ifadə edir. Bu məktubları Leo tez-tələsik oxumaqla kifayətlənir və əlbəttə ki, Roza gözlədiyi və istədiyi, arzuladığı kimi cavablar ala bilmir məktublarına. Bunun səbəbi əslində Leonun xarakteri və "inqilabçı olduğun təqdirdə hissləri mümkün qədər soyutmalısan" kimi cəfəng düşüncələri ilə bağlı deyildi. Çünki istərsə bir inqilabçı kimi Roza ondan çox daha güclü olmasına baxmayaraq hisslərini də istədiyi kimi yaşaya biləcək bacarıqda biri idi. Leonun xarakterindəki avtoritarlıq xüsusiyyəti Rozaya necə davranmalı olduğu ilə bağlı öyüd-nəsihətlər verməsinə gətirib çıxarır. Bütün bu faktorlar aralarındakı davalara səbəb olur. Almaniya vətəndaşlığı alıb orada qalmalı olan Rozanın formal evliliyə getməsi Leonun daha fərqli xarakterlərini üzə çıxarır. Bu günədək Rozanın ona verdiyi özgüvən səbəbindən Leo Rozanın öz təsiri altından çıxacağını düşünmədən yaşaya bilmir. Xüsusilə də, Rozanın məcburiyyətdən dolayı olsa belə başqa bir şəhərdə yaşaması və formal evliliyi Leonun qısqanclığını daha şiddətli həddə gətirib çıxarır. Rozanın mükəmməl təhsili və marksist nəzəriyyə istiqamətindəki işləri bir müddət sonra Leonun "müəllim"liyini də tamamilə aradan qaldırır. Leo bunu anlayanda Roza üzərində hər hansı bir üstünlük əldə etmək üçün əlindən gələni edir. Amma bütün cəhdləri uğursuzluqla nəticələnir. Bu məqamda Rozaya qalan sadəcə kədərlənməkdir. Yazdıqlarının Leonu xoşbəxt edəcəyi isə məsum arzulardan başqa bir şey deyil...
    Burada dayanmaq istəyirəm... Çünki sonu əvvəldə qeyd etmişdim onsuz. Hər ikisi bu mübarizənin sonunda öldürülürlər. Bura qədərki təsvirlərdə isə çox şeylər var - qadın- kişi münasibətlərindəki açar məqamlar. Qeyd etdiyim kimi, əvvəllər nisbətən yaxşı olan münasibətləri Rozanın artan uğuru və ictimai mövqeyi ilə birlikdə tamamilə korlanır. Çünki kişi qadından fərqli olaraq, temperamentdən gələn avtoritarlığa malikdir. Roza lazım gəldiyində, bəlkə də ehtiyac olduğundan daha çox tabe olmağı bacarırdı, çünki güclü idi. Çünki dahi qadının özünü isbat etmək üçün həyatının insanı üzərindəki ağalığa ehtiyacı yoxdur, o, sadəcə sevir və sevməyi bacarır. Qadın münasibətlərdə qurucudur, kişi isə dağıdıcı. Qadının təbii gözəlliyinə, emosionallığına bir də elmi və təhsili də qoşulanda o, mükəmməl olur. Roza haqqında bir gün yenə yazmaq istəyirəm - daha geniş..."Dahi qadınlar" rubrikasının bir siması kimi deyil, inqilab tarixinin görkəmli nümayəndəsi kimi. İndi fikirləşdiklərimsə başqa suallar üzərində düşündürür məni. Bunu, bu yazını oxuyan hər bir azərbaycanlı gəncin düşünməsini istərdim. Görəsən, Azərbaycan kişisi necə - Leodan daha fərqlidirmi? Görəsən, Azərbaycan qadınının Roza Lüksemburqdan fərqli və ona oxşar tərəfləri hansılardır? Bəlkə, "leoları" itirmək qorxusunu uzaqlaşdırıb "rozalar" olmaq yaxşıdır, hə? Necə düşünürsüz? 
 
E-mənbə / link:
http://almaqezeti.com/index.php?mod=view&id=4983

 

 

"Dahi qadınlar" silsiləsindən  

Frida Kahlo
 

    I hissə
  
   Budəfəki "Dahi qadınlar" rubrikasında çox maraqlı bir qadın haqqında söhbət açmaq istəyirəm - Frida Kahlo. Əminəm ki, onun haqqında çox insan eşidib, oxuyub və ya ən azından "Frida" adlı Hollivud filmini izləyib. Yəni, oxucu bu şəxsiyyətlə az-çox tanışdır. İlk olaraq, Frida haqqında filmdən onu tanıdığını düşünən oxuculara bir-iki sözüm var. Qeyd etməliyəm ki, təsvir etməyə çalışacağım "dahi qadın"ı mavi ekranda canlandırmaq və ya təsvir etmək bir o qədər də asan deyil. Xüsusilə, tipik Hollivud ssenarisi və rejissor işi, nə qədər təvazökarlıqdan uzaq səslənsə də, heç vaxt bu cür qadını olduğu kimi - yaşadığı, hiss etdiyi kimi canlandıra bilməz. Zənnimcə, bilməyib də. "Frida" filmini izləyərkən düşüncələrimdə Ağalar müəllimin təbiri ilə desək, bir "çirklənmişlik" hiss etdim. Bəli, bunu başqa cür adlandırmaq mümkün deyil. Rejissor onun həyatına öz yanaşmasını qoyub ortalığa bu və ya digər şəkildə sanki öz fikrini, mövqeyini tamaşaçıya yedirtməyə çalışır. Əlbəttə ki, burada nəzərə alınmalı olan çox faktorlar var. Yəni, kinonun uğursuzluğunun obyektiv və subyektiv səbəbləri mövcuddur. Mövzudan uzaqlaşmadan bir balaca bunlara elə "Frida" filmi kontekstindən nəzər salaq. Öncədən xatırladım ki, bu, mənim fikrimdir və razılaşmamaqda sərbəstsiniz. Amma xüsusilə bu filmdən sonra fikrimdə lap qətiləşdim - kinonun, mavi ekranın imkanları romanın, bədii əsərin və ümumiyyətlə, yazının imkanlarından çox kasaddır. Əgər yazıda obrazın, xarakterin çoxsaylı tərəflərini qabartmaq və ya təhlil etmək mümkündürsə, kino bunu birtərəfli etməlidir. Məsələn, necə? Sizcə, rejissor Fridanın içindəki "yalquzağ"ı (Hessenin "Yalquzağı" - red.) necə təsvir edə bilər? Rejissor onun ayrı- ayrı vaxtlarda yaşadığı mənəvi böhranları, necə özünü ələ aldığını, ağrılardan yaranan yaradıcılıq gücünü, gündəliyində yazdığı sentimental notları, duyğuların qiyamını, bir qadının nələrdən keçib sürrealist əsər yarada biləcəyini necə göstərə bilər ki? Hələ bunların ardından ərinin həyatından fraqmentlər göstərməyə məcburdursa... Hələ burada tam kəşf olunmamış bir individum dura-dura başqa obrazları da arda-arda ekranlaşdırmaq məcburiyyətindədirsə... Yox, mənim əzizlərim, bu heç cür mümkün deyil. Rejissorun göstərə biləcəyi yalnız zahiri görünənlərdir. Yalnız kənardan izləməklə tanıya biləcəyin qədər görə bilərsən obrazı, daha çox yox. Bax, bu səbəblərdən filmi izləməyiniz hələ sizə heç nə vermir. Ona görə də bu yazı ilə onu daha yaxından tanımağa çalışacağıq sizinlə. Həm bir şey də çox vacibdir, yazar oxucu ilə dinamik kontaktda olur. Burada yazılanlar yeni fikir, düşüncə sferası açır, sadəcə bir qapı, bir yol kimi. Gerisi verilir oxucunun öz ixtiyarına. Düşüncələrin bir növ "istehsalçı"sı oxucunun özü olur.
   Lap başdan başlayaq: Frida yaşadıqlarının çox hissəsinə ömrünün sonuna qədər bir növ şahid olmuş "Mavi ev"də doğulur. Doğum tarixi 1907-ci il 6 iyun olmasına baxmayaraq, sonradan 7 İyun 1910-cu il Meksika inqilabının baş vermə tarixini öz doğum günü kimi elan edir. Uşaq ikən poliomielit xəstəliyi keçirir və sağ ayağı axsaq qalır. O zaman Meksikanın ən güclü ali məktəblərindən biri olan "Beynəlxalq hazırlıq məktəbi"nin ilk qız tələbələrindən biridir. Tibb fakültəsini seçir. Fridanın şəxsiyyətinin ən maraqlı və cəlbedici tərəflərindən biri olan ideoloji mövqeyi hələ lap gənc çağlarından formalaşıb. Hələ 15 yaşında ikən gündəliyində etdiyi qeydlərdə maraqlı analizlər görürük. Frida bir çox yeniyetmənin tapmaqda çətinlik çəkdiyi "Mən kiməm?" sualının sıxıntısını heç vaxt yaşamadığını, atdığı hər addımda formalaşmış düşüncənin olduğunu qeyd edir. Geyməyə məcbur olduğu ortopedik ayaqqabısına mənasız alçaltma niyyətilə atılmış daşların səsini belə, eşitməyəcək qədər böyük hisslər və düşüncələrlə yaşadığını yazır. "İnqilab bizim süd anamızdır! Biz inqilabın uşaqlarıyıq!" deyə birləşdikləri 9 nəfərlik anarxist qruplaşmada 2 qızdan biri olur. Hansı ki gələcəkdə Meksikanın önəmli mütəfəkkirləri, tanınmış intellektualların bir çoxu bu qrupdan çıxmış olacaq. Elə bu qrupdan olan Alexandroya da vurulur. İlk və ona çox şey öyrədəcək məhəbbəti belə başlayır. Fridanın bir qadın kimi təsvirinə bundan sonra başlamaq olar. Hissləri ilə birlikdə bütün həyatı dəyişir. Yeri gəlmişkən, bu münasibətdə Fridanın xasiyyətinin çox maraqlı bir digər tərəfi də ortaya çıxır. Alexandro ilə yaşadıqları sevgini ailəsindən gizli tutmağa çalışır. Səbəbsə konservativ ailənin qınağından qaçmaq deyil. Çünki Fridanın ailəsi, xüsusilə də atası dövrünün ən modern düşüncəli insanlarından biri idi və təbii ki, qızının seçiminə sayğı ilə yanaşacaqdı. Sadəcə Frida üçün "gizli" münasibətin adrenalini daha maraqlıdır, hisslərin coşğunluğuna və təhlükə hissinə ən azı, hissin özü qədər dəyər verir.
   Gecələr Alexandroya məktublar yazır - məktublarında coşğun və səmimidir, çəkingənlikdən uzaq... Öpüşlərlə bəzəyir yazdıqlarını, dəli-dolu və spontandır. Ancaq Alexandro ilə keçirdiyi nəqliyyat qəzasından sonra sevmək tərzindən tutmuş, özünü ifadə formasına qədər Fridanın həyatında hər şey alt-üst olur, dəyişir. Avtoqəzadan onurğa sütunu, qabırğalar, körpücük sümüyünün, çanağın sınığı, sağ ayağında 11 sınıqla çıxır. Yaralanmayan yalnız üzüdür. Bundan sonra xəstəxanada uzun müddət müalicə alır. Həkimlər yaşamağını belə, böyük uğur hesab edir... Frida uzun müddət gips və karsetlərlə yatağında uzanmağa məhkum olur.
   Bu hadisədən sonra ömür boyu yaşayacağı fiziki ağrıları, əzabları var... Amma ağrıyan bədəni, yatağa məhkumiyyəti nə qədər ağır olsa da Frida üçün ən böyük zərbə Alexandro ilə ayrılıq olur. Gündəliyində təsvir etdiyi ilk məhəbbətinin, ruhuna pişik kimi səssizcə yayıldığını yazan Frida indi bu vəziyyətdə ondan uzaq qalmaq və ya imtina etmək məcburiyyətindədir. Uzaq səfərə çıxan Alexandroya olan hisslərini ona yazdığı məktublarda təsvir edir. Nə qədər uyğun cavablar almasa da, nə qədər gözləntiləri mənəvi əzablarını dərinləşdirsə də, bu məktublar onu təhqir etmək, zəiflətmək gücündə deyil. Çünki bu sadəcə səmimi hisslərin etirafıdır. Bunlar insanı alçaltmaz, əksinə, zənginləşdirər. Bütün bu enerji, bu duyğular çox keçmədən özünü göstərməyə başlayır. Valideynlərinin daha maraqlı olsun deyə yataq otağının tavanına yerləşdirdikləri güzgü Frida üçün əzabların hasili olsa da, yaradıcılığında böyük rol oynayır. Gündəliyində bunu belə qeyd edir: "İçəridəki Frida, bayırdakı Frida... Hər yerdə, sonsuza qədər Frida vardı..." Burada şəxsən mənim üçün çox maraqlı olan bəzi məqamlar var. Frida bunu yazmaqla ikiləşmiş deyil, sonsuz sayda şəxsiyyətini kəşf etdiyini göstərir. Sanki bu qadın bu qədər gənc yaşında H. Hessenin Höte ilə müqayisəli şəkildə təsvir etməyə çalışdığı "dahiliyə" (dəliliyə) gedən yolda özünün çoxsaylı tərəflərinin dərki - daxilində daşıdığın çoxsaylı şəxsiyyətlər, xarakterlər məsələsinə toxunur. O, meşşanların əsiri olduğu "mən"ini sındıra bilmiş və həyata başqa gözlərlə baxmaq iqtidarındadır. Elə buna görə də yaratdıqları, çəkdikləri dövrün məşhur rəssamlarının görə biləcəklərindən daha fərqlidir - sürrealistdir. O, hadisəyə, gerçəkliyə, ağrılara, gözlərə yeni anlam verir. Onları hamıdan fərqli görə və göstərə bilir. Fridada rəssamlıq istedadı bütün bu hadisələrin məntiqi davamı və ya nəticəsi kimi yaranır, ya da kəşf olunur.
   İlk rəsmini Alexandroya həsr edir. Burada gecələr boyu yaşadığı ağrıların, göz yaşlarının yükü var. Uzanmış əllərlə Frida təsvir edilir - ilk avtoportret. Rəsmdə Frida mükəmməl bir qadındır. Əynində yaxası işləməli şərab rəngli don və mükəmməl baxışlar. Gözlərindəki ifadə birbaşa və dikdir. Uzanan əlləri ilə Alexandronu çağırır. Burada artıq Frida meydan oxuyur. O yalvarmır, əyilmir, sınmır. Şux qaməti, özünə güvənli baxışları ilə Alexandroya əl uzadır. Alexandro isə coğrafi baxımdan çox uzaqdadır...
   Bir də gənclik xəyallarının ağrısı var. Alexandro ilə başqa ölkələrə getmək, birlikdə gəzmək, səyahət etmək xəyalları olan Frida sevgilisinin Meksikadan tək getməsi ilə bütün gənclik xəyallarıyla vidalaşır, amma onu hələ də sevir. Bədəninin imkanlarını zorlayaraq rəsmlər çəkməyə davam edir. Çəkmədiyi müddətdə isə rəsm haqqında mütaliə edir. 1927-ci ildə Alexandro Avropadan qayıdır. Bu vaxt Fridanın səhhətində xeyli irəliləyiş var. Böyük iradə gücünün hesabına yeriyir, ağrılarına baxmayaraq oturur. Aylar keçdikcə münasibətləri əvvəlki dərinliyinə qovuşur. İkisi də bir-biri üçün çox dəyərlidir. Baxmayaraq ki, Alexandroya görə bu, mükəmməl dostluq, Frida üçünsə məhəbbətdir. Frida ikisi birlikdə bir insandırlar kimi düşünərkən, Alexandro başqa birinə vurulur. Bütün cəhdlərə rəğmən ilk məhəbbətini qoruya bilmir və beləcə eşqdə ilk zərbə aldığı insan Alexandro olur...
   1928-ci ildir və Frida artıq sənət çevrələrinə girməyə başlayır. Bütün əhatəsindəkilər kommunist müqavimətin ölkəsindəki təmsilçiləridir. Frida kubalı kommunist Xulio Antonio Mella ilə tanış olur. Mella həmin vaxtlar İtaliya kökənli Tina Moditiylə birlikdə yaşayırdı. Bu iki qadının tezliklə bir-birinə simpatiyası yaranır. Frida yaxın rəfiqəsi Tina ilə birlikdə siyasi görüşlərə gedir, sənətçilərin təşkil etdiyi əyləncəli mərasimlərə qoşulur. Qısa müddətdə Kommunist Partiyasının üzvü olur və dostları ilə ideya ətrafında birləşir, yeni yoldaşlar qazanır. Frida həyatının ən mühüm insanı olacaq 25 illik həyat yoldaşı Diyeqo Rivera ilə də beləcə, ölkəsindəki siyasi vəziyyətin müzakirə olunduğu, sənət haqqında mübahisələr edildiyi bir toplantıda tanış olur...
   Burada dayanırıq sizinlə... Hələ Frida haqqında çox şeylər danışacağıq. Bu sadəcə başlanğıc idi. "Dahi qadın"ın həyatından bir fraqment...

E-mənbə / link: http://almaqezeti.com/index.php?mod=view&id=5027