ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
İslam dini ilə dolğun tanışlığı olmayan və onun haqqında daha çox "müsəlmançılıq" iddiasında olanların söz və rəftarından təsir alıb, İslam dinini tənqid atəşlərinə tutan bəzi yazarlar bu ilahi dində söz azadlığının olmadığı, İslam dininin demokrasiya ilə müxalif olduğunu iddia edirlər.
Halbuki əsil İslam dini kimi insanlara dəyər və azadlıq verən alternativ bir dini ideologiya göstərmək olduqca çətin bir məsələdir. Bu həqiqəti əldə etmək üçün İslam dininin əsil qaynaqları sayılan Qurani-Kərim və mötəbər Sünnədə azad və elmi araşdırma aparmaq kifayətdir.
Ölkəmiz uzun illər boyu ateizm ideyasına qulluq edən Sovet rejiminin hakimiyyəti altında olmuş və həmin rejimin süqutundan sonra böyüklərimizin zəhməti və el oğullarının qanı sayəsində öz azadlığı və müstəqilliyini əldə edə bilmişdir.
Müstəqillik qazandıqdan sonra indiyədək həm şirin, həm də, acı hadisələrin şahidi olmuşuq. Əlbəttə, dünya həyatında yaşadığımız üçün bütün bunlara təbii yanaşmaq lazımdır. Dünyanın həm kədəri, həm də, sevinci olar deyiblər.
Ölkəmiz günbə-gün inkişaf edir, regionda ən qabaqcıl ölkələrdən birinə çevrilir. İqtisadi və sosial baxımdan xalqın ümumi vəziyyəti get-gedə yaxşılaşır. Təcavüzkar ermənilərin işğalı altında olan torpaqlarımızın geri qaytarılması üçün siyasi gedişatlar dəyişmək üzrədir...
Bununla yanaşı bərbad halında qalmış məsələlər də, az deyil. Onlardan daha önəmlisi dini sahəyə aiddir. Hələ də, ölkəmizdə maarifpərvər və ziyalı ruhanilər sayca çox azdır. Hələ də, bəzi səlahiyyətsiz şəxslər "molla", "din xadimi" və ya "ilahiyyatçı" adı altında İslam dinindən öz dünyəvi hədəfləri uğrunda sui-istifadə edir, İslam dinini olduğu kimi deyil, düşündükləri və maraqlarına uyğun olan tərzdə təbliğ edirlər.
Bu arada daha acınacaqlı məsələ son zamanlar ziyalı və ya bu qəbil adlar altında əlinə qələm alıb, din əleyhinə amansız hücum edənlər, Qurani-Kərim ayələrindən birtərəfli istifadə edib, İslam dini barədə yanlış və həqiqətə uyğun olmayan fikirlərdir. Bu yazıda məhz həmin mövzu ilə bağlı bir sıra mühüm qeydləri təqdim etmək istərdim.
Kim kimdir?
İlk öncə öz haqqımda bir neçə cümlə yazmaq məcburiyyətindəyəm. Məqsədim, özümü tərifləmək deyil, məhz yazılarımı oxuyan hörmətli oxuculara öz ixtisasımı bəyan etməkdir.
Doğrusu mən nə filosofam, nə də, siyasətbaz. Ümumiyyətlə, öz çılğın hədəfləri naminə siyasətbazlığa əl atanları sevmirəm. Əlbəttə, məqsədim heç də, hörmətli filosoflarla siyasətbazların eyni olduğunu iddia etmək deyil.
Özümü tanıdığım gündən indiyədək olduğum kimi görünmək və göründüyüm kimi də, olmaq ideyasını qarşımda əsas vəzifə qoymuşam. Bu vəzifəni ağıl və vicdan hökmündən əlavə, müqəddəs dinimdən də, əldə edirəm.
Bu məqaləni qələmə aldığım zaman (31.12.2009) artıq 20 ildir ki, İslam elmləri barədə xüsusilə də, Quran sahəsində təhsil, tədris və elmi araşdırma ilə məşğulam. Buna görə də, 4-5 il ilahiyyat fakultəsində dərs oxuyan və ya digər dillərdən doğma dilimizə tərcümə edilmiş 5-6 dini kitabı oxuyandan sonra ozunu "ilahiyyatçı" adlandıranlardan deyiləm. Bilgilərini onun-bunun söhbətlərindən eşidib, kor-koranə tərzdə özünə sarsılmaz etiqad formalaşdıranlardan da, deyiləm.
Heç bir şəxsin və ya dəstənin sözçüsü deyiləm və yiyələndiyim dini bilikləri olduğu kimi insanlara çatdırmağı özümə vəzifə sayıram.
Butun fikirlərim və yazılarım uçun tam cavabdehəm. Müxtəlif sahələrdə təqdim etdiyim fikirlər üçün əlimdə dəlil-subut var. Hər hansı bir yazımda hər bir fikir və mülahizəm üçün əlimdə dəlil-sübut olmasa danışmaram, ən azı mövzunun müzakirəyə ehtiyaclı olduğunu bildirib, susaram.
Bundan əlavə, etiqadı, dini və fikirindən asılı olmayaraq hər bir şəxsə hörmətlə yanaşır, ixtisasım sahəsində elm və məntiq çərçivəsində olan elmi bəhslər və müzakirələrə üstünlük verirəm.
İslam dini barədə danışmağın hədəfi
İslam dinini müdafiə etməyim, onun xeyrinə olaraq əlimə qələm almağım yazılarımla tanış olan hər bir kəsə bəllidir. İslam dini barədə yazıramsa, bu mənim ixtisasımdir. Aydın məsələdir ki, bu gün Kant və Hegelin elmi fikirləri ilə dolğun və hərtərəfli tanışlığı olmayan hər hansı bir fərd onların nəzəriyyələri barədə tənqid yönümlü çıxış edərsə, bu sahədə dərin elmi araşdırma aparmış hər bir savadlı alim, həmin tənqid yazısına qarşı çıxacaqdır.
Sözün əsil mənasında mən də, İslam dini haqqında az məlumatlı olanların onu böyük təm-təraqla və heç kəsə məhəl qoymadan tənqid etdiyini görəndə, istər-istəməz narahat oluram. Narahatçılığımın ən böyük məqamı isə həmin yazarlar tərəfindən özünü "müsəlman" adlandıran bəzi üzdəniraq şəxslərin fikir və rəftarlarının İslam adına yazılmasındadır.
İslam dininin xeyrinə danişmağım ilk növbədə onun ilahi bir həqiqət olduğuna inamımdan, daha sonra isə onun haqqında dərk etdiyim bir çox həqiqətlərdən, həmçinin, onun əyri fikirli fərdlər və adını "müsəlman" qoyan bəzi üzdəniraq adamlar tərəfindən ləkələndiyini müşahidə etdiyimdən doğur. Yoxsa mənə nə qalıb ki, əsası olmayan hansısa bir məfkurə, məktəb və ya din barədə yalandan müdafiəçi mövqeindən çıxış edim? Bəs onda vicdanımıza, bu günkü və gələcək nəsillərə nə cavab verə bilərik?
Elmi bəhsin əsas şərtləri barədə
Elmi bəhs və müzakirənin özünəməxsus şərtləri, qaydaları var. Həmin şərtlər və qaydalara əməl edilmədikdə, haqqında danışılan mövzu elmi məsələdən xaric olub, bir sıra xoşagəlməz hadisələrlə nəticələnir. Təhqir, hədə-qorxu, cəmiyyətdə, fitnə-fəsadın yaranması və s. o cümlədəndir. Burada həmin qaydalardan bir neçəsini qeyd edirik:
1. Dini və elmi mövzularda bəhs edən hər bir kəs ilk növbədə öz ixtisasına nəzər salmalı, yürütdüyü fikir barədə diqqətli olmalıdır.
2. Bu sahədə qarşı tərəfin etiqadı və fikirinə hörmətlə yanaşılmalı, hər növ təhqiramiz söz və ifadədən ciddi şəkildə pəhriz edilməlidir. Hər bir insanın hörmət və şərəfi qorunmalı, heç bir vəchlə həqarət edilməməlidir.
3. Kimsə özünü qarşı tərəfin "başının ağası" kimi təsəvvür edib, istədiyi kimi davranmamalıdır.
4. Elmi bəhslərdə iştirak edən hər bir kəs təəssübkeşlik və inadkarlıqdan çəkinməlilir.
5. Hər hansı bir media vasitəsində (qəzet, jurnal, telekanal, sayt və s.) tənqidi fikir dərc edilibsə, onun haqqında yazılan tənqid və mülahizələrin də, məhz həmin yerdə azad və demokratik şəkildə dərc edilməsi üçün münasib şərait yaradılmalıdır.
6. Din barədə danışmazdan öncə elmi sahəni dəqiqləşdirmək. Yəni, dinin Quran və Sünnə, tarix və ya fəlsəfə baxımından araşdırılması hər şeydən öncə dəqiqləşdirməli, elmi bəhs zamanı təyin edilmiş hüduddan xaric olmamağa çalışmaq lazımdır.
Bu barədə təəccüblü məqamlardan biri də, budur ki, bəzən ilahi dini "cəfəngiyat" adlandıran müəyyən şəxslər İslam dininin əsası sayılan Quran ayələrindən birtərəfli formada istifadə edir, onun fikirinə tənqid olaraq Qurani-Kərimin digər ayələrindən sitat gətirdikdə, İslam dininin həmin yazarın tənqid etdiyi mövzu barədə baxışını olduğu kimi təqdim etdikdə isə Quranın onun yanında mötəbər dəlil olmadığı, məsələyə məhz fəlsəfi baxışla yanaşdığını iddia edirlər! Halbuki mövzuya fəlsəfi yanaşmaq iddiasında olan bir şəxsin hansı əsasla Quran ayələrindən birtərəfli istifadə etməsi heç kimə məlum deyil!
Əfsuslar olsun ki, ölkəmizdə dini mövzular barədə bəzi qəzet və saytlar tərəfindən təqdim ediən tənqidi yazıların əksər hissəsində bu qaydalara riayət edilmir. Çünki bəzən İslam dini barədə dolğun məlumatı olmayan şəxslər onun haqqında necə gəldi danışır, həmçinin istər milyonlarla müsəlmanın, istərsə də, tənqidçi şəxsin etiqadı, hörməti və şərəfinə toxunulur. Bu söz hər iki tərəfə aiddir. Çünki bəzi hallarda din adından danışan bəzi şəxslər də, öz yazılarında qarşı tərəfin fikiri və şəxsiyyətinə qarşı nəzakətsiz davranır, əsil hədəfi insanları əxlaq və ədəbin yüksək zirvələrinə çatdırmaq olan İslam dinini müdafiə etmək hədəfi ilə əxlaq, ədəb və etika qaydalarından xaric olurlar!
Bəzən də, özünü qarşı tərəfin "başının ağası" kimi təsəvvür edib, istədiyi kimi davranan, hər bir mövzuya yuxarıdan aşağı baxan inadkar və təəssübkeş şəxsləri müşahidə etmək olar. Belələri cəmiyyətdə cəhaləti aradan aparmaqdan daha çox qalmaqal yaratmaq və bunun sayəsində gündəmdə qalmaq, məşhurlaşmaq hədəfini izləyirlər. Doğrudan da, belələrinə türk qardaşlarımız demişkən, "yazıqlar olsun!" deməliyik.
Təəssüflər olsun ki, tənqidi məqalələr və fikirlərə yazılan cavabları adətən tənqid məqaləsinin dərc edildiyi mediada yaymaq imkanı olmur. Belə ki, bir çox hallarda dinlə bağlı təqdim edilən yazıya tənqid cavabı digər yerlərdə işıq üzü görür. Buna görə də, cəhalət cəhalət olaraq yerində qalır və aradan getmək əvəzinə daha da, güclənir.
Tənqidçilərin nəzərinə!
Etiraf etməliyik ki, ilahi din inkaredilməz bir həqiqətdir. Onu aradan aparmaq və məhv etmək əsla mümkün deyil. Əgər belə bir iş mümkün olsaydı, yetmiş ildən çox yer kürəsinin bir çox əraziləri və regionlarına hakim kəsilmiş keçmiş Sovetlər birliyi buna nail olardı. Hamıya məlum olduğu kimi gecə-gündüz müxtəlif yollarla din və etiqadı tənqid və məsxərə atəşinə tutan bu rejim hətta, sinələrində "Partiya bleti" daşıyan bir çox insanların öz evlərinin zirzəmisində gizlin ibadətinə, qəlblərində olan ilahi məhəbbətə və Allah xovfuna mane ola bilmədi və nəhayət həmin rejim dağıldıqdan sonra muzeylərə, kinoklublara və anbarlara çevrilmiş məscidlər, kilsələr və monastrlar yenidən təmir edilib, Allahpərəstlərin ixtiyarına keçdi.
İlahi dini məhv etmək mümkün olmasa da, onu təhrif etmək və bərbad hala salmaq labüd bir məsələdir. Bu sahədə prinsipial olmamaq isə indiyədək bir sıra əsas problemlərə səbəb olub.
Bu günlərdə müxtəlif media vasitələrində İslam dini əleyhinə tənqid fikirləri yürüdən yazarların əsas nöqsanı onların bu sahədə prinsipiallığı unutmasıdır.
Əfsuslar olsun ki, bəzilərinin İslam maarifinin nə olduğunu bilmədikləri bir halda din adından danışdığı, dinə qarşı istədikləri təhqir və ittihamlar vurduğunu görürük. Təəccüblü məsələdir ki, bu qəbil nəzakətsiz və cahilanə hərəkətlər "cəhalətlə mübarizə" şüarı altında həyata keçir!
Halbuki, din barədə fikir yürütmək istəyənlər məsələyə prinsipial yanaşmalı, öz tənqidlərini İslam dini əleyhinə deyil, İslam dininin mahiyyəti və həqiqətini düzgün tərzdə tanımadan din adından danışanlara, onu öz səviyyəsiz və dünyəvi hədəfləri uğrunda bərbad hala salanlara, həmçinin, öz irticaçı və ifratçı fikirləri və rəftarları ilə ilahi dini ləkələyən şəxslərə qarşı yönəltməlidirlər.
Çox dəyərli ustadlarımdan biri deyirdi: "Bu günlərdə dünyada Allahı və həqiqi olan ilahi dini inkar edən bir şəxsi tapmaq mümkün deyil. Çünki bu adla tanınanlar Allahı və ilahi dini deyil, əslində Allah və ilahi din barədə yanlış tərzdə xalqa təqdim edilənləri inkar və tənqid edirlər..."
Əgər həmin yazarlar və özünü düşüncəli sayanlar sözün həqiqi mənasında cəmiyyətdə mövcud olan cəhalətlə mübarizə aparmaq istəyirlərsə, onda hər şeydən öncə İslam dininin mahiyyətini olduğu kimi əldə etməyə çalışmalıdırlar.
"Dindarlıq" və "müsəlmançılıq" iddiasında olan bir sıra əyri fikirli, mürtəce və səviyyəsiz şəxslərin nalayiq hərəkətlərini din adına yazmamalı, bu sahədə olan tənqidləri dinə deyil, həmin mürtəce və səviyyəsiz şəxslərin özünə aid etmək daha düzgün və həqiqətə yaxındır. Əks təqdirdə, heç bir problem həll olmayacaq, əksinə problemlərimizin sayı daha da artacaqdır.
E-mənbə / link: http://news.qaynar.info/34198.html