ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Şahin Musaoğlu "On altı ilin savaş hekayəsi"
...Düz on altı il mücadilə etdi. On altı il sərasər o, ağır sürən xəstəliyə sinə gərib,tab gətirdi...
Səbrlə, təmkinlə, addım-addım üstünə yeridi "xərçəngin". Yorulmadı, bezmədi, geri çəkilən vaxtları da oldu, əlacsız, çarəsiz qalan anları da. Amma ümidini, inamını itirmədi. Arxa çevirib boyun əymədi düşmənə. Göz-gözə, döş-döşə, döyüşə-döyüşə dirəndi,dayandı və durdu. Nə az, nə çox - on altı il...
I
Artıq vəziyyət dəyişmişdi. Amansız xəstəlik bütün əzalarını sarmışdı. Danışmağa belə taqəti qalmamışdı. Bir yandan da yaşı...Sanki qocalığı,əlbəyaxa olduğu xəstəliklə birləşib,ikinci cəbhə açmışdı ona.
Durumunun fərqindəydi. Amma "ağ bayraq" qaldırıb təslim olmağı ağlına gətirmirdi. Təkcə ağrıkəsici dərmanların qəbulundan savayı,həkiminin tövsiyə etdiyi bütün prosedurları vaxtlı-vaxtında,canla-başla yerinə yetirirdi. Çifayda hər ötən gün,öncəki gündən daha ağır ,daha məşəqqətli keçirdi.
...Onsuz da həyatı ağrı-acılar içindəydi. Hələ xəstələnməmişdən iki il əvvəl çox sevdiyi iki əzizini itirmişdi. Dost və övlad yarası göynədirdi qəlbini. Dostunu dəfn etdiyi gün Hamburqdan gələn teleqramda qızı Sofiyanın ümidsiz durumda xəstəxanaya çatdırılması xəbərini aldı. Sarsılmışdı. Çünki qızının yanına gedib,ona baş çəkə bilməyəcəkdi. Nasistlər tərəfindən təqib olunduğu üçün Almaniyaya gedə bilməzdi. Iki gün nə yedi,nə içdi,nə də yatdı. Qızının bu ağır günündə yanında ola bilməməsi sıxırdı onu...
"Qara xəbər tez çatar"- deyiblər. Üçüncü gün bu "xəbər"i də aldı. Dəfn mərasiminə qatılmaq üçün izn istədi. Amma bu ricası da cavabsız qaldı...
ll
"Basdırılmış" duyğularımızı "ekskumasiya" edən, psixoanaliz nəzəriyyəsinin banisi Ziqmund Freyd 6 may 1856-cı ildə Avstriya imperatorluğunun Freyburq şəhərində ( bu gün Çexiya sərhədləri içində) dünyaya göz açdı.
Yəhudi kökənli bir yun tacirinin tək oğlan uşağı idi-Freyd. Əvvəlcə planladığı kimi hüquq fakultəsinin tələbəsi oldu. Qısa sürə sonra təhsilini yarıda qoyub universiteti tərk etdi.
1873- cü ildə Vyana Universitetinin tibb fakultəsinə qəbul oldu.
1876-da Vyana fiziologiya İnstitutunda işləməyə başladı.
Anatomiya və fiziologiyanın sirlərinə yiyələndi.
Beyin anatomiyası üzərində araşdırmalar apararaq kakainin klinik farmakalogiyasını öyrəndi.
Uşaqlarda beyin iflici ilə əlaqəli araşdırma və tədqiqatlara imza atdı
Hipnozla təlqin nəzəriyyəsini inkişaf etdirdi.
1896-cı ildə psixoanaliz terminini ortaya çıxardı.
Psixoanaliz nəzəriyyəsinin banisi oldu.
Nevrologiyanı,psixiatriyanı,psixologiyanı,parapsixologiyanı, psixoterapiyanı inkişaf etdirdi.
Alfred Adler,Viktor Frankl,Ernest Yones,Karl Yunq,Melenne Klein,Otto Rank,Maud Monnon kimi önəmli isimlərə müəllimlik etdi.
lII
1923 ilin aprel ayı. Doktor Ziqmund Freyd öz otağına çəkilib,qeydlərini edirdi. Bir müddət sonra iş otağının qapısı aramla döyüldü. Xidmətçi idi. Şəxsi həkimi Feliksin gəldiyini bildirdi.
Qələmini yazı dəftərinin üstünə qoyub gündəliyinə nəzər saldı. Proqrama görə görüş və qəbullar nəzərdə tutulmamışdı. Bu təsadüfi bir vizit idi... Freyd işini yarıda qoyub,qonaq otağına keçdi.
Xeyli söz söhbətdən sonra Feliks onun sağlamlıq durumu ilə maraqlandı. Freyd heç bir şikayətinin olmadığını, lakin son vaxtlar ağız boşluğunda əmələ gələn kiçik bir yaranın onu narahat etdiyini dilə gətirdi. Əslində Freyd bu yaranın səssiz-səmirsiz gəldiyi kimi, səssiz-səmirsiz ötəcəyini də güman edirdi. Əlbəttə öz karyerasının zirvəsinə doğru gedərkən sağlamlığının ona əngəl olacağını heç ağlına belə gətirməzdi.
...Feliks müayinə zamanı Freydin ağız boşluğunun sağ yarısında damaq ilə çənənin birləşdiyi yerdə olan bu yaranın çənə xərçəngindən şübhəli olduğu qənaətinə gəldi. Amma bu qənaətdən doğan təlaş və həyəcanını isə gizlədə bilmədi.
Israrli təkidlərdən sonra Feliksin ona həqiqəti deməsindən başqa bir yolu qalmadı. Freyd bu durumu yalnız onunla bölüşməyi tələb etdi. Birlikdə əlavə müayinələrə baş vurdular. Nəticə dəyişmədi. Diaqnoz təsdiqlənmişdi. "Çənənin xərçəngi".
Təcili əməliyyat təyin olundu. Əməliyyat olunana qədər isə bundan həkimdən savayı heç kimsə,hətta ailəsi belə xəbər tutmamalı idi.
Ilk əməliyyatı elə Freydin şəxsi həkimi doktor Feliks Denta həyata keçirdi. Əməliyyat uğursuz oldu. Qısa müddət sonra şişin təkrar böyüməsi aşkarlandı. Yeni əməliyyata ehtiyac vardı. Bu əməliyyat isə daha geniş və daha böyük sahəni əhatə edəcəkdi...
Lakin ikinci əməliyyat 6 ay sonra gerçəkləşdi. Çünki Freyd qızı Anna ilə çoxdan bəri planlaşdırdığı Roma səfərinə hazırlaşırdı. Səfərdən döndüklərində əməliyyatla bağlı o dövrün məşhur həkimi olan doktor Rixlerə baş vurdular. Dok.Rixler əməliyyatı bir həftə fasilə ilə iki mərhələdə edəcəyini söylədi. I mərhələdə alt çənə tamamilə,damağın isə böyük bir hissəsi (ağız və burun boşluğunu ayıran bölgə) çıxarılmalı idi. Bu zaman Freydin qida qəbulu və danışması mümkünsüz olacaqdı. Bu müddət ərzində o,burnundan qida borusunadək salınan xüsusi zond vasitəsilə qidalanmalı idi. Yaralar sağaldıqdan sonra isə II mərhələ- Freydin qida qəbulu və danışa bilməsi üçün kəsilib götürülmüş əməliyyat sahəsinə süni protezin yerləşdirilməsi gerçəkləşəcəkdi.
Qərar verildi.Əməliyyat ağırlaşma və fəsadsız ötüşdü. Lakin II əməliyyatdan sonra sağ qulağının eşitməsini itirdi, Freyd. Sonralar o, bu protezə "ucube" adını verəcəkdi.
IV
Aylar ötür,illəri qovurdu. Tələsən isə təkcə zaman deyildi.
Freyd də tələsirdi,amansız xəstəliyi də. Qovhaqov, tuthatut başlamışdı. Təslim olmaq olmazdı.
Elmi işlər,araşdırmalar,tədqiqatlar bir yanda,dava dərman stasionar,ambulator müayinə və müalicələr başqa bir yanda. Hamısına vaxt tapırdı... Özünə aid hər işi kontrolda saxlamağa çalışırdı...Və bir gün qızı Annnanı yanına çağırıb: " Nə qədər mən sağam, ölüm qorxusunun qəlbimə girməyinə əsla izn verməyəcəyəm"- dedi. Bu sözləri deyərkən xəstəliyi üzündən oxunurdu Freydin.
Gözləri çuxura düşmüş,üzünün rəngi solmuşdu... O, Annadan savayı bütün yardımçı və xidmətçilərdən imtina etdi. Anna onu başa düşürdü. Həm də onların arasında bir anlaşma vardı. Bu anlaşmaya görə doktorun xəstəliyi nə qədər dramatik və əzablı keçirsə keçsin,hər ikisi güc və iradə nümayiş etdirərək, soyuqqanlı olacaqdılar. Anlaşmanın yeganə şərti -sağalmaq ümidini itirməmək və bu ümidə rəğmən atanı"aşırı mərhəmətlərdən"uzaqda saxlamaqdan ibarət idi. Əslində bu anlaşmanın özəl tərəfi psixi amillərə daha çox söykənəcəkdi. Çünki Freyd getdikcə ağırlaşan bu xəstəlik nəticəsində başlayan dəhşətli ağrılara hazır olmalı və dözməli idi. Bunun üçün o, ağrıkəsici kimi istifadə olunan narkotiklərdən imtina etdi. Məqsədi narkotik əsiri olmaqdan qorunmaqdı. Həqiqətən də hər ikisi bu anlaşmanı sonadək pozmadılar...
Ömrünün son 16 ilini 30-dan çox əməliyyat keçirən Freyd sözün əsl mənasında GÜCÜN, İRADƏNİN,VƏDİN,SƏBRİN VƏ MÜBARİZƏ ƏZMİNİN nələrə qadir olduğunun bariz nümunəsini göstərdi.
V
1933 -də iqtidara gələn Hitlerin ona olan mənfi münasibətindən daha çətin və zor duruma düşdü. Bu o dönəm idi ki,Hitlerin əmri ilə onun kitablarını və yazıları dərc olunan dərgiləri meydanlarda yandırıb,məhv edirdilər. 1936-da 80 yaşını qeyd edəndə də,dünyanın hər bir yerindən ona gələn təbrik teleqramlarını və çiçək bağlamalarını alanda da gestapo öz çirkin əməllərindən əl çəkməmişdi,hələ .
1938-də Hitler Avstriyanı ilhaq etdi.Artıq burada qalmaq ona böyük təhlükələr yaşadacaqdı. Tərəddüdlərdən sonra Freyd qatarla Fransaya ,oradan da İngiltərəyə gedir. Londonda onu əslzadələr kimi qarşılayırlar.Bir yandan heyranları, həmkarları və bir də dünyanın dörd bir yanından axışıb gələn jurnalistlər ordusu ... digər tərəfdən görüşlər,ziyafətlər,müsahibələr onun sağlıq durumuna problemlər yaradır və get-gedə yormağa başlayır.
Nəhayət,1938-ci ilin sonlarına yaxın əməliyyat sahəsində yeni bir yara açılır. Yenə vizitlər,konsultasiyalar,yeni-yeni təyinatlar və müayinələr...
"Dərman dediyin içində nə olduğunu bilmədiyin,udduqda sağalacağına ümid etdiyin və inandığın bir şey olmalı" Amma onun bu dava -dərmana ümidi qalmamışdı. O üzdən də yazılan həblərin tez-tez dəyişilməsini yeni həblərlə birlikdə ümidlərinin də təzələnməsini istəyirdi.
Çox götür-qoydan sonra yenə bir əməliyyat olunması qərara alındı. Bu onun sayca 33-cü əməliyyatı idi...
İl 1939. Londonun yağışlı günlərindən biri. Dr.Ziqmund Freyd yuxudan erkən oyanıb,pəncərədən bayırı seyr edirdi. Qayğılıydı. Gözlərində ümidlə həsrətin hüznü ,dodaqlarında vədlə duanın pıçıltısından doğan bir kədər vardı... İndi o,sonu başa çatmamış bir savaşın on altı yaşının içində idi. Otuzdan çox savaşın içindəydi Freyd. Bu gün, məhz bu gün 83 yaşında on altı illik savaş köynəyini əyninə geyinib, "ölüm, Mən gəldim deyəcəkdi". Bu onun son döyüşü, son cəhdi idi.
Əslində o, ölümü ilə deyil, xəstəliyi ilə savaşırdı. Və çox gözəl anlayırdı ki, ölüm onun öz bətnində doğulacaq çağa kimi böyüyə-böyüyə vaxtını,vədəsini gözləyir.
O, Ziqmund Freyd- hər gün yuxularında öz tabutuna uzaqdan baxan adam. O , Dr. Freyd - hər gün gerçəkdən öz cənazəsini çiyninə alıb,həkimlərə daşıyan adam...
O... döyüşdən-döyüşə girən, əzab, ağrı, işgəncələr çəkmiş bir ordunun yorğun sərkərdəsi,div səbrinin üstündə yatan müdrik bir ilan"... O, dəfn etdiyimiz hiss və duyğularımızın" babası ... həyatın nə qədər boş və mənasız olduğunu bilə-bilə ona dəyər verməyə çalışan bir pərvanə!...uzun mücadilədən sonra 83 yaşında ən son məktubunu yazdı və əməliyyat öncəsi ona baş çəkən həkiminə verərək dedi: " Bu çilə nə qədər sürər bilmirəm. Amma mən sonun yaxınlaşdığını duyuram. Bu məktubu son yolçuluğumda məni yalqız buraxmaq istəməyəcək qızım Annaya verərsiniz. Amma sizdən rica edirəm,tələsməyin, vaxtı çatanda."
... Təəssüf ki,bu əməliyyat da uğursuzluğa düçar oldu. Çünki xəstəlik qarşısı alınmaz dərəcədə inkişaf etmiş və bütün daxili orqanlara qədər yayılmışdı.
Əməliyyat sonrakı günlərini daha ağır və dözülməz ağrılarla yaşadı. Artıq neçə gün idi ki,bir-iki dəqiqə olsun belə gözünü yumub,yata bilmirdi. Nitqini itirmişdi. Təkcə "gözləri" danışırdı.
Həkimi və qızı Anna bir an olsun belə onun yanından çəkilmirdilər. Hələ ki,qızı ilə bağladığı saziş öz qüvvəsindəydi.
Nə həkimi,nə də qızı Anna bu anlaşmanı pozmaq istəmədilər. Elə Freydin özü də bu anlaşmanı pozacaq bir bəhanə vermədi onlara...Hamı gözləyirdi .Freyd o böyük ayrılıq gününü,qızı Anna atası ilə bağladığı bu sazişin pozulmamasını,həkimi isə Freydin verdiyi məktubun Annaya təqdimatını...
VI
Hər şeyin sonu vardır. Əbədi nə var ki bu dünyada. ..
Freyd gözləri ilə həkimini aradı. Vaxt çatmış, vədə yetişmişdi.
Həkim günlərdir yanında gəzdirdiyi o kağız parçasını Annaya uzatdı. Anna təlaş və həyəcanla məktubu açdı və titrək səslə oxudu:
"O böyük ayrılıq günü gəldi. Qəlbimdə ölüm qorxusu yoxdur. Ölüm nəğməmi söyləyib,bir qəhrəmanın evinə dönüşü kimi gözlərimi yumub, ölümə gedirəm... Əbədi yatmam üçün mənə morfin vurulmasını rica edirəm".
O günədək narkotik almağa dirənc göstərmiş Freyd az miqdarda morfindən rahatlandı və uzun zamandan bəri həsrət qaldığı yuxusuna daldı. Bu yuxu onun son yuxusu idi və Freyd 23 iyun 1939-da illərdir çəkdiyi acıları geridə buraxaraq əbədiyyətə köç etdi.
P.S. Bu gün Freydin dünyasına və ərsəyə gətirdiklərinə sayğı duyanlar arasında sadəcə psixoloq və psixiatrlar deyil,filosoflar,sənətçilər,din adamları,hətta siyasətçilər də vardır.
Villiam Şekspir(Arden), İsaak Nyuton(Aysough), İohan Sebastian Bax(Lammerhirt), Lyudviq Van Bethoven(Reverich),Albert Enşteyn (Roch) kimi dahilərlə birgə Freyd də anasının soyadını götürənlərdəndir. Dünya şöhrətli elm adamı əgər atasının soyadını qəbul etsəydi,tarixə Ziqmund Nathanson kimi düşəcəkdi.
Dr.Şahin Musaoğlu, Sh.musaoglu@rambler.ru
E-mənbə / link: http://525.az/view.php?lang=az&menu=7&id=4184
Gülnarə Rəfiq. "Ziqmund Freyd - psixoloq-dedektiv"
İnsan psixikasında «eşələnən» alim özündə kəşf elədiklərindən daha çox heyrətlənirdi
Psixoanalitikin kim olduğunu bilməyən çətin ki, tapılar. Amerikada hər 7 adamdan biri, Avropada hər 5 adamdan biri psixoanalitik yanına gedir. Belə pul qazanmaq tərzini Ziqmund Freyd tapıb. Onun nəzəriyyələrini hamı bilir.
- Yazanların hamısından zəhləm gedir! - deyərək əlindəki bioqrafiyasını yellədərdi. - Min dəfə demişəm, ictimaiyyətin mənim şəxsi həyatıma soxulmağa haqqı yoxdu! Ölərəm, sonra özünüz bilərsiz. Freydin bioqrafları isə çiyinlərini çəkirdilər, bunu başqalarının həyatında eşələnməyi peşə seçmiş adam deyir? Axı o, bəşəriyyətin ən alçaq saydığı instinkti ən vacib şey bilir! O, təkid edir ki, hər kişi anasıyla, hər qadın atasıyla yatmağa can atır?! Belə sualların heç birini Freyd cavablandırmaq istəmirdi. O, öz şüurunun zirzəmisinə heç kimi buraxmaq fikrində deyildi.
Edip kompleksinin kökləri
Sigizmund (22 yaşında olanda adını dəyişib Ziqmund qoyur) Freyd Frayberqdə yəhudi ailəsində doğulub. Onun atası Yakob anasından - sayca üçüncü arvadından 20 yaş böyük idi. Əvvəlki evliliyindən böyük oğlanları olduğuna görə Freydin ilk dostu ondan bir yaş böyük olan qardaşı oğluydu. Atası yun satmaq biznesiylə qazanmağa cəhdlər eləsə də, deyəsən, ticarətdə əli gətirən deyildi. Atasının bu işdə fərsizliyi Freydin xasiyyətində dərin izlər buraxmışdı. Çünki bu balaca uşaq qəti qərara gəlir ki, atasının uğursuzluğunu öz nailiyyətləriylə ört-basdır edəcək.
3 yaşında olanda ailəsi antisemit sıxışdırmaya görə Leypsiqə, daha sonra Vyanaya köçməli olur. Bir az böyüyən kimi bacıları kiçik otaqda sıxışmalı olsalar da, Freydə ayrıca otaq verdilər. 8 uşaqlı ailədə hamı dərslərini şam işığında öyrənməli olduqları vaxt yalnız Ziqmunda neft lampası ayrılmışdı. Başqa uşaqlara musiqiylə məşğul olmaq qadağan idi, axı səs Ziqmundun dərslərinə mane ola bilərdi. Məktəbdə oxuyanda müəllimlərin tərifindən hiddətlənən yaşıdları qara, buruqsaç uşağı tez-tez ağlamağa məcbur edərdi. Başqasının gözünə baxa bilməmək kompleksini Ziqmund məktəb illərindən ömrü boyu özüylə daşıyıb.
Əvvəl soxulcan, sonra insan rüşeymi, sonra isə it və pişiklər...
Uşaqlığında vəkil olmağı arzulayan Freyd universitetə qəbul olunanacan Hötenin elmi araşdırmaları və Darvinin əsərlərinin təsiri altına düşərək özünü biologiya və fəlsəfəyə həsr eləməyə qərar verir. Triyestanın elmi laboratoriyasında ilk tədqiqatı soxulcanların cinsi orqanlarının axtarılmasına həsr edilmişdi. Görünməz inadkarlıqla yüzlərlə soxulcanın qarnını yortandan sonra, nəhayət ki, cinsiyyət vəziləri tapmağa nail ola bilir: «Belə çıxır ki, məndən başqa heç kim soxulcanın cinsi orqanını görməyib?!» Bu, Freydin ilk uğuru idi.
Sonra o, fiziologiya ilə maraqlanaraq Freyd neyronlarını üzə çıxarır, amma tədqiqatını sona çatdırmadığına görə bu tapıntının da müəllifliyi başqalarına qismət olur. Ahıl yaşlarında artıq məşhur psixoloq olduğu vaxtlarda dostlarından birinə yazırdı ki, mikroskop altında heyvanların onurğa beynini öyrənərkən o, dünyanın ən xoşbəxt adamı olurdu. Balıqlar, sürünənlərlə əlləşməkdən bezəndən sonra o, insan rüşeymini, pişik, it və insan balalarının beynini öyrənməklə başını qatır. Amma bu, pul gətirən sahə deyildi. Yazdığı kitabları alan olmurdu: 9 il ərzində 257 kitab satılmışdı.
30 yaşlı bakir
Ziqmund intelligent yəhudi ailəsindən olan Marta Bernesə vurulur. Ailə qurmaqçün lazımi maddi durumu olmadığından o, istəməsə də, xəstəxanada işləməliydi ki, evlənə bilsin. Həmin dövrdə o, kokainin ağrıkəsici təsirini tapmışdı. Nişanlısıyla istirahətə getdiyi qısa müddətdə gətirdiyi dərmanın keyfiyyətlərini dostları Keninqsten və Koller kəşf edib işi bitirməyə də macal tapırlar deyə bu kəşf Freydin adına biğlı deyil. Narkotikə öyrəşmə barədə isə Freyd bir qədər sonra xəbər tutacaqdı, çünki pasientlərdən bir neçəsi narkomana çevrilmişdi.
Nişanlısına yazdığı məktublarında Freyd ondan bütün sevgisini tam tələb edirdi: «Bundan belə öz ailənizdə yalnız qonaq kimi yaşaya bilərsiz... Əgər mənə görə ailənizdən imtina edə bilmirsizsə, məni itirəcək, öz həyatınızı heçə döndərəcək, ailə həyatında xoşbəxt ola bilməyəcəksiniz... Mənim xasiyyətimdə tiranlıq hiss olunur». Martaya yazdığı məktubların sayı 1500 ədədi adlayıb. Qonşuluqda yaşamasına baxmayaraq, gecə-gündüz məktublaşan bu iki gənc yalnız 4 ildən sonra evlənə bildi. Pulsuzluğun ucbatından 30 yaşına qədər gözləməli olan Freyd deyilənə görə, zifaf gecəsinə kimi bakir insan kimi yaşamışdı. Seksual pozuntular üzrə mütəxəssisin hər hansı «seksual azğınlığından» heç söhbət gedə bilməzdi. 10 illik evlilik ərzində onların 6 uşağı dünyaya gəlir. Uşaqlarından cəmi birisi - qızı Anna atasının yolunu davam etdirib uşaq psixoanalitiki olur.
Əxlaqsızlıq, yoxsa terapiya?
Freyd qadınları bioloji cəhətdən natamam və keyfiyyətsiz saydığına görə feministlərin qəzəbinə gəlmişdi. Amma Freyd isteriyanın yalnız qadın xəstəliyi olması barədə fikirləri darmadağın da eləyə bilmişdi. Bu isə kişilərin heç xoşuna gəlmirdi.
Evlənəndən sonra ailəsini saxlamaqçün qəzetə elan verir: «Müxtəlif əsəb xəstəliklərini sağaldıram». Evinin bir otağını kabinetə uyğun bəzəyir. Freydin pasientlərinə rahat taxtda uzanıb beyninə gələn ilk fikri nə qədər absurd və ədəbsiz olsa da, dilinə gətirmək təklif edilirdi. Bununla da o, içində qalmış mənfi emosiyalardan və xəstəliyinin səbəblərindən canını qurtarmış olurdu. Amma xəstələrin saatlarla danışdıqlarını dinləməkdən ağır nə ola bilər axı? Axı o, insanların gözünə baxmağı da sevmir! Daha sonra xəstəni uzandırmaq və gözlərinə baxmamaqçün guya pasientin rahatlığıyçün arxada oturmaq qərarına gəlir. Ən vacibi isə bir dənə də sual verməməkdi, qoy nə istəyirsə, onu da danışsın! Bir də ki, seans mütləq baha olmalıdı ki, xəstə onu hiss etsin. Gün ərzində cəmi bir nəfəri havayı qəbul etmək olar. Həmin xəstə, demək olar ki, heç vaxt sağalmırdı. Saatlarla danışan xəstələrin qabağını almaqçün o, seansı 40-50 dəqiqəyə endirir. Artıq əsrlərin qovşağında cahanı başına almış ateizm onunçün çoxlu pasient ordusu hazırlayırdı. Tənqidçilər Freydi nə qədər çox söysələr, pornoqrafiya və əxlaqdan danışsalar, onun yanına axışanların sayı bir o qədər artırdı.
İnsan qəlbində obraz və açar axtarışı
Yuxulara böyük yer ayıran Freyd ilk tədqiqatını öz yuxularından başlamışdı. Ona görə də özünü daha yaxşı başa düşməyə başlamışdı. Psixoanalizin inkişafına Freydin atasının ölümü çox böyük təsir göstərib. Çünki o, analizə böyük yer ayırmışdı. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi nəticədə vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. Belə ruhi «eşələnmələri» o, «insan qəlbində obraz və açar axtarışıyçün qazıntılar» adlandırırdı. 1900-cü ildə o, belə nəticəyə gəlir ki, insan qəlbinin bütün problemləri uşaqlıqda keçirdiyi dramlarla əlaqədardır. Edip kompleksinin də açılışı həmin ilə təsadüf edir. Ən böyük açılışlar elədiyi ildə onun məruzələrinə rekord vuracaq qədər adam qulaq asıb: cəmi 3 nəfər!
Psixoterapevtliyi davam etdirərək Freyd mədəniyyətdə - miflər, nağıllar, adət-ənənələrdə komplekslərin izlərini axtarmaq cəhdləri edir. Freyd bununla bağlı belə bir qanunu elan edir ki, insan bir yaşdan o birinə keçdikcə bəşəriyyətin keçdiyi inkişaf yolunun əsas etaplarını daha tez zamanda keçir. Ona görə də uşağın fantaziyalarından bizim əcdadlarımızın cilovlanmamış instinklərini duymaq olar. Hər bir şeyi seksuallıqla bağlamaq nəzəriyyəsinin bəzi məqamlarını müəllif özü korrektə eləməli oldu. Çünki dünya müharibəsinin yaratdığı nevrozların səbəbini seksuallıqda yox, müharibədə axtarmaq lazım gəlmişdi. Ölümlə üzbəüz qalmış xəstələrin fəaliyyətini öyrənən alim indi ölüm instinkti terminini dilinə gətirərək onu ən vacib instinktər sırasında yerləşdirir.
Ağzından qaçırdığın söz sənə baha başa gələ bilər?!
1902-ci ildə professor rütbəsini alması onun nailiyyətlərinin tanınması deyildi. Yaltaqlanmağı sevməyən Freyd ömründə ilk dəfə pasienti baronessadan bu rütbəni almaqçün imperatordan xahiş eləməyi rica eləmişdi. Onun kolleqaları anlamır və qəbul eləmirdilər. Freyd deyir ki, təhtəlşüur, yəni şüursuzluq ağızdan təsadüfən qaçırılmış sözlərdə, təsvirlərdə, yalançı xatirələrdə özünü büruzə verir.
Freyd öz tədqiqatlarında din, mifologiya, ədəbiyyat, mədəniyyət və cəmiyyət məsələlərinə də toxunurdu. Xüsusilə də lətifə toplamağı sevirdi. Onun dediyinə görə, ürəkdə boğulmuş hissləri tam azad eləməkçün bu, çox yaxşı vasitədir.
Kitabların autodafesi
Faşist diviziyaları şəhərə daxil olandan sonra qızı Anna Freyd Gestapo tərəfindən tutulur, amma tezliklə buraxılır. Freydin özünü, demək olar ki, faşistlərin pəncəsindən güclə qurtarıb Londona aparmaq mümkün olub. Freydə Avstriyanın sərhədlərini tərk eləməkçün icazə almağa görə tərəfdarları 20 min funt sterlinq həcmində rüşvət verməli olurlar. Bu pulu onun pasienti, yunan şahzadəsi Mari Bonapart ödəmişdi. Freyd son dəqiqəyə kimi inana bilmirdi ki, ölkə nasizmə qədər deqradasiyaya uğraya bilər. Qardaşı bütün sərvətindən məhrum olur, 4 xəstə və qoca bacısı isə tutulub konslagerdə məhv edilir.
«Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi»
«Ailədə bir-birinə incə sözlər deməyənlər tədricən münasibətlərin təravətini itirir və paslı qıfıla çevrilirlər» deyən Freyd 52 yaşına çatanda öz ailə həyatından bezməyə başladı. İşi başından aşan alim hətta bazar günlərini də yalqızlıqda, yaxud baldızı Minna ilə keçirirdi. «Biz ikimiz də Martadan (arvadı) fərqli olaraq itaətsiz və pis adamlarıq» deyən Freyd, deyəsən, yenidən vurulmuşdu. Tezliklə Minnaya qarşı da soyuduğundan qadın onu tərk edir. Bundan sonra Freyd intim münasibətlərdən tamamilə imtina eləyir.
Amerikaya məruzə üçün getdiyi dövrdə Freyd dostlarından birinə şikayət edir ki, nədənsə amerikalı fahişələr haqqında gördüyü yuxular onu narahat edir. Bu məsələni təbii yolla həll etməyi məsləhət görən dostuna «Sən nə danışırsan? Mən axı evliyəm» demişdi. Seksual qüvvənin şəxsiyyəti formalaşdırması barədə fikirləri bütün dünyaya başa salan Freyd özünə qarşı çox tələbkar idi. Freyd deyir ki, mədəniyyət insanın seksual instinktini boğaraq onun şəxsiyyətinin formalaşmasına xidmət edir. Freydin öz həyatı buna çox cözəl misaldır: «Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi».
«Mən özümün ən əsas pasientim olmuşam»
7 yaşından siqaret çəkməyə o qədər aludə olmuşdu ki, yaşlı vaxtında çənəsində bədxassəli şiş əmələ gəlmişdi. Dözülməz ağrılardan əziyyətinə son qoymaqçün Freyd dostu Maks Şurdan özünü öldürməkdə ona kömək etməsini xahiş edir. Həkim ona üçqat dozada morfin iynəsi vurduqdan sonra alim dünyasıyla əbədi vidalaşır.
Freydin şərəfinə qoyulmuş xatirə lövhəsində cəmi iki hərf var: yunan əlifbasının psi və alfa hərfləri. Freyd onları psixoanalizi qısa şəkildə ifadə etməkçün istifadə edərmiş.
Lətifə:
Doktor Freydin kabinetində:
- Doktor, mənim oğlum sadistdir: heyvanları təpikləyir, yaşlıları yıxır, kəpənəklərin qanadlarını qoparır və qaqqıldayıb gülür!
- Onun neçə yaşı var?
- 4 yaşı
Onda qorxusu yoxdur, tezliklə hər şey yoluna düşəcək. O, nəzakətli və xeyirxah insan olacaq.
- Doktor, siz məni sakitləşdirdiz, sağ olun!
- Dəyməz, frau Hitler...
E-mənbə / link: http://www.bizimyol.az/index.php?mod=news&act=view&nid=5782