
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Qabriel Qarsia Markes
"Patriarxın payızı"
Roman
Nobel mükafatı laureatı - dünyaşöhrətli yazıçısını şah əsəri azərbaycan dilində
Afaq Məsudun azərbaycanca çevirməsində
Romana ön söz
Qabriel Qarsia Markesin özü dediyi kimi, yaradıcılığında önəmli yer tutan bu məşhur romanı, mistik bir qoca haqqında - dünya durduqca duran, bütün vücudu və ruhuyla hakimiyyət zirvəsinin havasıyla qidalanan, bu «ecazkar ucalıqlarla» heç cür vidalaşmaq istəmədən, ölümünün astanasınacan mübarizə aparan qoca diktator haqqında, onun hakimiyyətinin qürub çağı - payızı haqqındadır.
Magik realizm məktəbinin parlaq nümayəndələrindən olan Markesin, özünəməxsus yazıçı qələmiylə ərsəyə gətirdiyi bu əsər - unikal təhkiyə üslubu - zaman və məkan ölçülərinin itirildiyi, müxtəlif dövrlərdə və məkanlarda baş verən hadisə və situasiyaların, eyni bir müstəviyə - yaşı və məkanı dəqiq bilinməyən, ilğımvari yaddaş ərazisinə sığışdırılması, təsvir olunan olaylara və insan talelərinə, guya təkrar-təkrar dönə-dönə, əslində isə, yazıçının nəzarət dairəsinə düşmüş bu mənzərələrə, ayrı-ayrı zaman və baxış bucaqlarından daxil olunması, insan obrazlarının markesvari təsviri, əsəri, ilk növbədə, yüksək bədii sənət nümunəsi kimi, iyirminci əsr ədəbiyyatının yetirdiyi ən parlaq romanları sırasına çıxarır. Yazıçının, xüsusi bir şövqlə, adi insan normalarına sığmayan sirli dünyasını zərgər incəliyi ilə açdığı patriarx obrazı, Yer üzünə tarixin müxtəlif dönəmlərində gələn, hakimiyyəti, taleyin acı hökmüylə ələ kesirib, sonradan heç bir vəchlə əlindən buraxmaq istəməyən diktatorların ümumiləşmiş, gerçək simasını gözlərimiz önündə canlandırır. Bu baxımdan əsər, xalqların və millətlərin azad, demokratik cəmiyyətə doğru irəlilədiyi ən həlledici tarixi dönəmlərdə, bütün işıqlı yolları və cığırları öz kasad dünyagörüşləri və əqidələriylə, ağır və keçilməz şlaqbaum kimi kəsən, zamanın bütün sınaqlarından - sui-qəsdlərdən və məhəlli savaşlardan, dünya müharibələrindən və inqilabi çevrilişlərdən, təbii fəlakətlərdən və xəstəliklərdən, anlaşılmaz xatasızlıqla ötüşən bu insanların mistik əbəliyini, dəfedilməzliyini fiksə edən sənədli səlnamə kimi də xüsusi əhəmiyyət kəsb edir.
Tarixinin müxtəlif dönəmlərində Yer üzünə sınaq kimi göndərilən bu oxşar taleli insanların gizli mahiyyətini mahir yazıçı qələmiylə ümumiləşdirməyə nail olmuş Markes, insanlıq üçün xüsusi təhlükə olan «ölməz diktator» obrazını yaratmaqla, insanlıq və vətəndaşlıq hüquqları əsrlər boyu tapdanan, zülm və haqsızlıq üzərində qurulmuş hakim rejimlərin basqısı altında inləyən dünya xalqları qarşısında öz haqq səsini ucaldaraq, müqəddəs yazıçılıq missiyasını yerinə yetirmiş olur.