Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Çağdaş Fransa bədii söz sənəti: sivilizasiyaların əlaqəsi". İmzalar, cərəyanlar, canlı proses...

Müəllif:

Sima Ənnağı


Kateqoriya:

Fransa



Qısa Təsvir:

Cavan yazarlardan Pyer Mişon, Kristian Boben, Paskal Kinyar, Daniel Pennak, Jan Eşnoz, Silvi Jermen, Fransua Bon, Jan Ruo, Jan-Filip Tussen kimi fərqli sənətkarlara diqqət etmək lazımdır. Onlar sözlə cox ehtiyatlı, diqqətli davranırlar. Mişel Uelbek ilə əlaqəli fransız ədəbiyyatında yeni termin yaranıb - depressionizm. Bu, yazarın özünün şəxsi problemidir. Uelbek sadəcə nəşriyyat brendinin tipik bir nümunəsidir....


Baxış sayı: 704
    
    


Fransız akademiyası mükafatı laureatı, tərçüməçi, filologiya elmləri namizədi V.Nikitinin verdiyi müsahibə mətnindən seçmələr.

"Literaturnaya qazeta, № 35, 2009

Sima Ənnağı təqdimatında...

...Nəşretmə siyasəti mədəniyyətlər arasında əlaqələrin genişlənməsinə yönəlməlidir. Əvvəlcə XX əsr fransız klassiklərinin əsərlərini çap etmək lazımdır, oxucu diliacı Sioranı, ahəngli Şardonu, zarafatcıl Emeni, narahat Jiononu, istehzalı Marsonu, sərt Düturu, epik d,Ormessonu, qəribə Turnyeni, zamanın labirintlərində dolaşan Modianonu, texnoloji sivilizasiyanın qəbahətlərini ifşa edən Leklezionu tanımalıdır.
Cavan yazarlardan Pyer Mişon, Kristian Boben, Paskal Kinyar, Daniel Pennak, Jan Eşnoz, Silvi Jermen, Fransua Bon, Jan Ruo, Jan-Filip Tussen kimi fərqli sənətkarlara diqqət etmək lazımdır. Onlar sözlə cox ehtiyatlı, diqqətli davranırlar. Mişel Uelbek ilə əlaqəli fransız ədəbiyyatında yeni termin yaranıb - depressionizm. Bu, yazarın özünün şəxsi problemidir. Uelbek sadəcə nəşriyyat brendinin tipik bir nümunəsidir. "Minimalizm" termini də var, amma o tam yerini tutmayıb. Bu termin həm üsluba, həm də məzmuna aiddir. Minimalçı-yazarlar gündəlik həyatın ən xırda detallarını bədii şəkildə, amma cox xəsiscəsinə, dəqiq təsvir edirlər. Məsələn, Reji Joffre insan qəbahətlərini və iztirablarını ustalıqla təsvir edir, onun miniatürlərini "Apatiya", "Divanəlik", "Qətl" adlandırmaq olar. "Maksimalçı" Antuan Volodin, Filip Giyot "minimalçılara" qarşı qoyulur, onların romanlarında siyasət, ideologiya daha qabarıq nəzərə çarpır.
Ədəbiyyatda məktəb və cərəyanlar, təbii ki, həmişə sosial-siyasi hadisələrlə bağlı olub. Bir zamanlar fransız ədəbiyyatı kommunistlərin əlində idi. Parallel olaraq, ekzistensializm inkişaf edirdi. Sartr solçu idi, o deyirdi ki, ədəbiyyat öz məsuliyyətini dərk etməlidir. 50-ci illərdə kommunistlərə və eksiztensialistlərə zidd olaraq, "qusar" adlanan qeyri-formal birlik yarandı, sağçı yazarlar böyük ümidlər doğuran Roje Nimyenin ətrafında birləşdilər, təəssüf ki, yazıçı avtomobil qəzasında həlak oldu. Fransuaza Saqan həmin "qusar" dalğasında ədəbiyyata gəlmişdı, onun yaradıcılığı "qusar" cərəyanı haqqında müəyyən təsəvvür yaradır.
Məhz o zaman "yeni roman" adlanan romanlar yaranmağa başladı. "Yeni romançıları" əvvəlcə bir səbəb birləşdirirdi - onların darıxdırıcı romanlarını heç bir naşir çap etmək istəmirdi. Lakin bir dahi menecer, "Minyui" nəşriyyatının direktoru Jerom Lendon bu məhsulu populyar edə bildi. Jan Dütur hesab edir ki, "yeni pomançıların" əsas problemi - onların deməyə sözü olmamasında idi. Təbii ki, Klod Simonu və Natali Sarrotu Alen Rob-Qriye ilə müqayisə etmək olmaz, lakin neoromançılar rəhbərinin kölgəsi həmin məktəbin bütün nümayəndələrinin üzərinə düşür. Maraqlıdır ki, Rob-Qriye hələ də "inkişaf etməyə" çalışır. İki il əvvəl o, pornoqrafiya və sadizmlə dolu elə roman nəşr etdirdi ki, markiz de Sad, yəqin, qəbirdə çevrilmişdi.
"Yeni romanın" tanınmasında universitetlərin struktural tənqidinin böyük təsiri oldu. Əsl bədii yaradıcılığın sirlərini açmaq çətin məsələdir, lakin reseptlərə əsasən yaradılmış məhsulu elementlərə ayırmaq daha asandır, fərq etməz bu sosrealizmdir, freydizmdir, yaxud linqvistikadır. Bədii dəyərindən asılı olmayaraq, bütün ədəbiyyatı yalnız "mətn" hesab etməklə strukturalçılar özlərini də yazarlar sırasına aid edirdilər. Tədqiqatçılar canlı ədəbiyyatla deyil, sxemlərlə işləməyi bəyəndilər. Filoloqların əməyi nəticəsində "yeni roman" Fransadan kənarda, xüsusilə amer
ikan universitetlərində populyar oldu. Amma indi Fransada hər şey dəyişib. Artıq nə məktəb var, nə də cərəyanlar, kim necə istəyir, elə də yazır. Və heç bir hadisə (məsələn, gənclərin qiyamı) ədəbiyyata təsir göstərmir.
Öz ədəbiyyatını xaricdə tanıtmaq üçün Fransa böyük işlər görür. XİN və Mədəniyyət Nazirliyi tərəfindən fransız ədəbiyyatını çap edən xarici nəşriyyatlara böyük vəsaitlər ayrılır.
Ötən il fransız yazarı Leklezionun Nobel mükafatı alması siyasi cəhətdən nəzakətli addım idi. Həmin mükafat 1985-cü ildə Klod Simona verilmişdi, demək, yenə fransızları xatırlamaq zamanı gəlib çatmışdı. Leklezio yaxşi yazıçıdır, ədəbi dairələrdə və oxucular arasında nüfuza malikdir.
Fransanın özündə iki mindən artıq mükafat var, onlardan ən əsası - Honkur mükafatıdır. Pul ekvivalentində cəmi 10 avro verilir, fəqət mükafat elə nüfuzludur ki, onu almış kitabın tirajı yüz minlərlə ölçülür. Həm naşir gəlir götürür, həm də müəllif. Honkur mükafatından sonra Renodo, Femina, Mediçi və s. mükafatları gəlir. Çoxsaylı mükafatlar ədəbi həyatda mühüm rol oynayır. Bununla kitab biznesi fəallaşdırılır. Maraqlıdır ki, mükafatlar fransızca yazan əcnəbilərə də verilir.
Fransız ədəbiyyatının sərhədləri keçmiş müstəmləkələrin hesabına genişlənir. Şərq ölkələri və Afrika köklü yazarlar fransız ədəbiyyatında öz sözünü deməyə çalışırlar. Məsələn, Seneqaldan Leopold Sedar Senqor Fransa akademiyasının üzvüdür, Əlcəzairli qadın Asi Cebar, çinli Fransua Çen də həmçinin. Rumıniyada doğulmuş, Fransada yaşayan Sioran isə XX əsr fransız ədəbiyyatının ən yaxşı üsluba malik yazarı sayılır. İndi fransız ədəbiyyatında misirlilər, belçikalılar, kanadalılar da var. Çex Milan Kundera, yunan Vasilis Aleksakis, kubalı Eduardo Mane, livanlı Amin Maaluf, ispaniyalı Mişel del Kastilyo və başqaları fransız söz sənəti ilə məşğuldurlar.
Fransa multietnik və multikonfessional (multidini) olsa da, onun mədəniyyəti vahiddir. Fransız dili bu mədəniyyətin "sementi"dir, adları çəkilən yazarlar fransızca yazsalar da, öz milli mədəniyyətlərindən nəsə gətirirlər ki, bu da fransız mədəniyyətini daha da zənginləşdirir, lakin hissələrə bölmür.
Əvvəllər qalın jurnallar Fransa ədəbiyyatına böyük təsir göstərərdi, məsələn, "Tan modern" jurnalı ekzistensializmin ruporuna çevrilmişdi. 1960-cı ildə Filip Sollers "Tel Kel" avanqard jurnalını təsis etdi. İndi avanqard sözü mənasını itirib, ədəbiyyatda ideoloji parçalanma, demək olar ki, nəzərə çarpmır, qalın jurnalların rolu da sıfra enib. Əvəzində nəşr biznesinə xidmət edən rəngli jurnallar səhnəyə cıxır - "Lir", "Maqazin litere" və s. Mond və Fiqaro qəzetlərinin həftəlik ədəbiyyat əlavələri hələ də nüfuzludur. Telekanallarda ədəbi verilişlər var, onların aparıcıları tanınmış yazarlardır.
Ədəbiyyatın populyarlaşmasında cib seriyalarının (kiçik formatlı kitablar) rolu var. İndi nəşr edilən kitabların təxminən 33 faizi cib seriyasına aiddir - onlar ucuz olduğu üçün populyardır. Kitabların yayılmasında kitab klubları da iştirak edir, klublar yaxşı tərtibatlı kitabları böyük tirajlarla əlverişli qiymətə satır. Fransada bələdiyyə kitabxanalarının rolu böyükdür. Məşhur "Paris kitab salonu"nun, kitab yarmarkasının adını çəkməmək olmaz. Fransızlar maraqlı əsərləri ekranlaşdırmağı sevirlər, bu da öz növbəsində həmin əsərlərin kitab variantına diqqəti cəlb edir.
Fransada şeir kitablarının çapı o qədər gəlirli sayılmasa da, naşirlər şairlərin kitablarını çap etməyi özlərinə şərəf bilirlər. Müasir fransız şairlərindən metafizika yönümlü filosof-şair İv Bonfuanın, mürəkkəb metaforalı Mişel Deginin, üsyankar romantik-şair Jak Redunun, kədərli Klod-Mişel Kluninin, faciəvi İv Maben-Şenevyerin, koloritli Frank Venayın, kosmik-zamandankənar Pyer Oster-Susuyevin adlarını çəkmək olar, yəni hər zövqə uyğun şair var.
Fransada ciddi kitabların satışı azalmır. Məsələn, 1958-ci ildə Jozef Kesselin "Aslan" romanı çap edilmişdi, 50 il ərzində pomanın tiraji 5 milyona catıb. 70 il ərzində Jorj Bernanosun "Kənd keşişinin gündəliyi" əsərinin milyondan artıq nüsxəsi satılıb. Marsel Emenin "Yaşıl madyan" kitabının tirajı da milyonla ölçülür.

E-mənbə / link: http://adyazar.az/qezet/index.php?newsid=709