Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Məntiq elmi. Fəlsəfə elmləri Ensiklopediyası. I cild. (Hegel ."Birinci nəşrə sözardı"). Bütöv kitabın e-mətni

Müəllif:

Georq Vilhelm Fredrix Hegel


Kateqoriya:

Fəlsəfə, fəlsəfi mətnlər



Qısa Təsvir:

"Məntiq elmi" Hegelin "Fəlsəfə elmləri ensiklopediyası"nın birinci bölümüdür. Bu bölümdə Hegelin fəlsəfi sisteminin ümumfəlsəfi məsələləri tədqiq edilir. Müəllif "Məntiq elmi"ndə dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin vəhdətini əsaslandırır, dialektik məntiq təlimini irəli sürür və onun formal yaxud ənənəvi məntiqə münasibətini şərh edir.


Baxış sayı: 134
    
    


Portalın oxucularından xahişi: bu mətn yalnız oxumaq üçün burada yerleshdirilib, mütərcimin intellektual hüququna sayqıyla yanaşın!!! Sürətini artırmaq, hər hansı formada yaymaq, çoxaltmaq yalnız tərcüməçinin razılığıyla mümkündür!!!

 

MƏNTİQ ELMİ

FƏLSƏFƏ ELMLƏRİ ENSİKLOPEDİYASI. I cild

 

Bakı - 2005


Çevirəni: BDU dosenti, fəlsəfə elmləri namizədi ARİF TAĞIYEV

Elmi redaktoru: akademik FUAD QASIMZADƏ

 

 

"Məntiq elmi" Hegelin "Fəlsəfə elmləri ensiklopediyası"nın birinci bölümüdür. Bu bölümdə Hegelin fəlsəfi sisteminin ümumfəlsəfi məsələləri tədqiq edilir. Müəllif "Məntiq elmi"ndə dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin vəhdətini əsaslandırır, dialektik məntiq təlimini irəli sürür və onun formal yaxud ənənəvi məntiqə münasibətini şərh edir.
   Kitab varlıq haqqında, mahiyyət haqqında, anlayış haqqında təlim adlanan üç bölümdən ibarətdir. Kitabın bütün məzmunu bu üç bölümdə araşdırılan məsələlərin dialektik əlaqələrinin, məntiqi bağlarının tədqiqindən və onun nəticələrindən ibarətdir. Hegelin "Məntiq elmi" onun fəlsəfəyə və bütün bəşəriyyətə bəxş etdiyi təfəkkürün dialektik metodunun yetkin nümunəsidir. Kitab mənəvi-mədəni yaradıcılıqla məşğul olan bütün insanlar üçün masaüstü kitab və tələbələr üçün dərslik ola bilər.

 

 


Georq Vilhelm Fredrix Hegel


BİRİNCİ NƏŞRƏ SÖZARDI

   Dinləyicilərimə mənim fəlsəfi mühazirələrimə dair dərslik hazırlamaq tələbatı bu əhatəli fəlsəfi icmalı zamanından öncə nəşr etdirməyimin əsas səbəbi oldu.
   Xülasənin (Qrudrisses) təbiəti ideyanı məzmun baxımından yetərli şərh etməyi nəinki istisna edir, həm də (özəlliklə) ideyanın sistematik inkişafını məhdudlaşdırır. İdeyanın sistematik inkişafı isə digər elmlərdə sübut adı altında düşünülən anlamı əhatə etməlidir, heç elmi fəlsəfə də sübutsuz mümkün deyil. Bu kitabın adı həm onun bütün fəlsəfəni əhatə etdiyini. Həm də xırdalıqları şifahi icmallarda şərh etmək istəyimizi göstərməlidir.
   Xülasədə məzmunun öncədən müəyyənləşdirildiyini, bəlli olduğunu və yığcam şərh olunmalı olduğunu nəzərə alaraq materialın düzülüşü və yerləşdirilməsinin zahiri məqsədəuyğunluğuna daha çox qayğı göstəririk. Lakin bu kitabda biz şərhin bu üsulu ilə hərəkət etmədik və fəlsəfəni onun metodu sarıdan yenidən işlədik və mən ümid edirəm ki, bu metodun məzmunla eyni olduğu qəbul ediləcək.
   Hər halda bu xülasədə şərhi məzmunun təsəvvürə və elmi məlumatlara yaxınlaşması yönündən məhdudlaşdırmağı lazım bildim, amma yalnız vasitəli, anlayışla şərtlənən keçidlərə gəlincə onları yetərincə anlaşıqlı etmişəm ki, bu xülasədə işlədilən metodun yalnız digər elmlərin istifadə etdiyi zahiri qaydalardan və eləcə də fəlsəfi mühakimələrdə adət etdiyimiz materiallardan fərqini göstərə bilim; adət etdiyimiz fəlsəfi mühakimələrdə öncədən qəbul edilmiş bir sxemdən çıxış edirlər və onun köməyi ilə baxış materialını digər elmlərdə istifadə edilən üsuldan daha artıq dərəcədə ixtiyari və zahiri qaydalar üzrə paralel sıralara yerləşdirirlər və olduqca qəribə anlaşılmazlıqla anlayışın zəruri inkişafını təsadüfi və ixtiyari bağlantılarla əvəz etməyə çalışırlar.
   Biz bu özbaşınalığın fəlsəfənin məzmununu necə mənimsədiyinin, ən riskli avantüraların fikirlərə hopduğunun və müəyyən bir müddət namuslu və xeyirxah insanları özünə çəkdiyinin şahidi olmuşuq, bu özbaşınalıqdakı həyasız kələkbazlığı görənlər də vardır. Ancaq bu özbaşınalığın məzmunu nə əzəmət, nə də ağılsızlıq deyildir, orada hamıya bəlli bayağı müddəalar görmək olar; eynilə bunun kimi onun forması da yalnız qəribə, əcaib ilişgilərin müəyyənləşdirilməsində və süni qəribəlikdə (bu formada ciddi maska altında özünü və kütləni aldatma gizlçnir) özünü göstərən niyyətli, metodik və ucuz hazırcavablığın dayaz manerasından ibarətdir. O biri tərəfdən, biz gördük ki, fikirlərin dayazlığı və yoxsulluğu iddiasız ağlın ağılsız skeptisizmi və tənqidi ilə özü-özünü necə məzəmmət etdi, gördük ki, boş ideyalarla birlikdə necə lovğalıq və mənasızlıq yarandı. Ruhun bu hər iki istiqaməti uzun zaman alman ciddiliyini tənqid etdi, daha dərin fəlsəfi fikri əzdi və bunun sonucu fəlsəfə elminə elə bir etinasızlıqdan və hətta nifrətdən ibarət oldu ki, hazırda saxta ciddilik də idrak forması nə zamansa sübut sayılmış dərin fəlsəfi məsələlərin ağıllı dərki imkanını rədd edərək onların haqqında rəy söyləməkdə özünü haqlı sayır. Burada sözü gedən lovğalığa yeni epoxanın həm elmi, həm də politika sahəsində özünü göstərən gənclik coşqunluğu kimi baxmaq olar. Bu coşqunluq yeniləşmiş ruhun şəfəqlərini alqış və fərəhlə qarşıladı, dərin araşdırmalar aparmadan yeni ideyadan məst oldu və bəlli bir zaman içində onun vəd etdiyi ümid və görüntülərdən həzz aldı və biz onun ifratçılığı ilə asanca barışırıq ona görə ki, onun özülündə sağlam özək, nüvə vardır, onun bu özülü bürüyən dumanı isə öz-özünə dağılmalıdır.
   Yaranmış mənasızlıq isə böyük ədavət aşılayır, çünki o öz gücsüzlüyünü və zəifliyini büruzə verir və bunu şübhə və təfəkkürlə ört-basdır etməyə çalışır, bütün əsrlərin fəlsəfi dühalarına öyüd verərək tənqid edir və həm onları, həm də özəlliklə özü-özünü təhrif edilmiş halda anlayır.
   Ancaq görmək və deyilənlərə əlavə etmək xoşdur ki, ruhun bu yönünün əksinə olaraq yalnız rəylərə və faniliyə inanmayan fəlsəfəyə maraq və ali idraka ciddi sevgi yaşamaqdadır. Əgər bu maraq bəzən bilavasitə bilik və hissi formadan daha çox yapışırsa da hər halda o, ağıllı anlayışa dərin iç tələbatını büruzə verir, çünki yalnız təfəkkürlə anlama insana öz ləyaqətini, bu maraq üçün bilavasitə bilik və hisslər nöqteyi-nəzərinin yalnız fəlsəfi biliyin sonucu kimi yaranmasında və deməli, onun görüntüdə rədd etdiyini (heç olmazsa şərt kimi) qəbul etməsində ifadə olunan tələbatı göstərir.
   Bu kitabı giriş və vəsait kimi həqiqətin dərkinə olan marağı ödəməyə həsr edirəm; qoy bu məqsəd bizim xülasəmizə xeyirli yol olsun.
  
Heydelberq, may 1817-ci il.

 

 

 

İÇİNDƏKİLƏR

- Birinci nəşrə sözardı
- Giriş

BİRİNCİ BÖLÜM MƏNTİQ ELMİ

- İlkin anlayış
- Fikrin obyektivliyə birinci münasibəti
- Metafizika
- Fikrin obyektivliyə ikinci münasibəti
- I. Emprizm
- II. Tənqidi fəlsəfə
- Fikrin obyektivliyə üçüncü münasibəti
- Bilavasitə bilik
- Məntiqin və onun bölgüsünün müəyyənləşdirilməsinin davamı
- Birinci bölüm
- Varlıq haqqında təlim
- A. Keyfiyyət
- a. Varlıq
- b. Mövcud varlıq
- c. Özü-üçün varlıq
- B. Kəmiyyət
- a. Xalis kəmiyyət
- b. Müəyyən kəmiyyət
- c. Dərəcə
- C. Ölçü

İKİNCİ BÖLÜM

- Mahiyyət haqqında təlim
- A. Mahiyyət mövcudluğun əsasıdır
- a. Xalis reflektiv təriflər
- alfa) Eyniyyət
- beta) Fərq
- gamma) Əsas
- b. Mövcudluq
- c. Şey
- B. Hadisə
- a. Hadisələr dünyası
- b. Məzmun və forma
- c. Münasibət
- C. Gerçəklik
- a. Substansial münasibət
- b. Səbəbiyyat bağlantısı
- c. Qarşılıqlı təsir

ÜÇÜNCÜ BÖLÜM

- Anlayış haqqında təlim
- A. Subyektiv anlayış
- a. Anlayış necə varsa
- b. Mühakimə
- alfa) Keyfiyyət mühakiməsi
- beta) Refleksiya mühakiməsi
- gamma) Zərurət mühakiməsi
- delta) Anlayış mühakiməsi
- c. Əqlinəticə
- alfa) Keyfiyyət əqlinəticəsi
- beta)Refleksiya əqlinəticəsi
- gamma) Zərurət əqlinəticəsi
- B. Obyekt
- a. Mexanizm
- b. Ximizm
- c. Teleologiya
- C. İdeya
- a. Həyat
- b. İdrak
- alfa) İdrak
- beta) İradə
- c. Mütləq ideya
- Qeydlər və şərhlər