Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Dəli Kür". Azərbaycan bədii nəsrinin görkəmli nümunələrindən birinin dəyərli bədii nəsr əsəri. Yazıçının yaradıcılığı barədə iki oxunaqlı material

Müəllif:

İsmayıl Şıxlı


Kateqoriya:

Azərbaycan ədəbiyyatı



Qısa Təsvir:

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmaqıl Şıxlının "Dəli Kür" romanı milli-mənəvi dəyərlərimiz, XIX əsr çar Rusiyasının tərkibində Azərbaycan millətinin avropalaşma dalğasına qərq olması, maarifçilik, yeni təhsil və yaşam tərzinin formalaşması problemlərinə həsr olunub. Roman ən çox oxunan 10 Azərbaycan bədii nəsr nümunələri arasına düşüb. Yazıçının yaradıcılığı barədə iki oxunaqlı material da eləvə edirik.


Baxış sayı: 30
    
    


XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmaqıl Şıxlının "Dəli Kür" romanı milli-mənəvi dəyərlərimiz, XIX əsr çar Rusiyasının tərkibində Azərbaycan millətinin avropalaşma dalğasına qərq olması, maarifçilik, yeni təhsil və yaşam tərzinin formalaşması problemlərinə həsr olunub. Roman ən çox oxunan 10 Azərbaycan bədii nəsr nümunələri arasına düşüb.

 

 

Orijinal rəqəmsal kitab formasının müəlliflik hüququ www.kitabxana .net portalına məxsusdur.

 

 

"Ədəbiyyatımızın Cahandar ağası"


Görkəmli nasir, ədəbiyyatşünas alim, publisist, tərcüməçi İsmayıl Şıxlı Azərbaycan Yazıçılar İttifaqının sayca doqquzuncu sədri olub. O, müxtəlif illərdə bu yaradıcılıq qurumuna rəhbərlik edib. İkinci dünya müharibəsindən sonra Azərbaycan Yazıçılar İttifaqının üzvü olan İsmayıl Şıxlı 1965-1968-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, katib, yenidən birinci katib, eyni zamanda SSRİ Yazıçılar İttifaqının katibi vəzifələrində çalışıb. 1991-ci ildən ömrünün sonuna kimi isə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olub.

O, 1919-cu ilin martında - baharın ən yaddaqalan məqamında - Novruz bayramında anadan olub. Atası Qəhrəman müəllim dövrünün mövqeli ziyalılarından, tanınmış pedaqoqlarından biri idi. Bu yaz unudulmaz yazıçımızın 90 yaşı tamam oldu. Qəribədir ki, Azərbaycan ədəbiyyatında xüsusi xidmətləri olan yazıçı və şairlərin əksəriyyəti ya yazda, ya da payızda dünyaya gəlib. Onların adlarını qeyd etsək, uzun bir siyahı yaranar.
Qazax rayonunun II Şıxlı kəndində dünya işığını görən İsmayıl Qəhrəmanoğlu ibtidai təhsilini Kosalar kəndində alıb. 1933-cü ildə Qazax Pedaqoji Məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra bir müddət doğma rayonun I Şıxlı, Daş Salahlı və Kosalar kəndlərində müəllim, dərs hissə müdiri və direktor vəzifələrində çalışmışdır. Gəncliyi dövrün çox çətin və ağır sınaqları ilə üzləşən İsmayıl Şıxlı Bakıya gələndə 1937-ci ilin repressiyaları bütün Azərbaycanı bürümüşdü. Belə bir məşəqqətli zamanda Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə qəbul olundu. İsmayıl burada Mikayıl Rəfili, Əli Sultanlı kimi şəxsiyyətlərdən dərs alıb. İsmayıl elə bir nəslin nümayəndəsi idi ki, o dövrün DTK-sı onu bir vaxt nəzarətsiz qoymazdı. Çünki Şıxlı ocağından sayılıb-seçilən övladlar çıxmışdı. "Rus artilleriyasının babası" adlanan general Əliağa Şıxlinski, general Cavad bəy Şıxlinski, dövrün ağır təqiblərindən qurtulmaq naminə ömrünü mühacirətdə keçirən hərbçi Qiyas bəy Şıxlinski və onlarca başqaları II Şıxlıda doğulub boya-başa çatıblar. Bəziləri "inski" soyad sonluğunu rusdangəlmə zənn etsələr də, əslində bu, XIX əsrin sonlarında dəbdə olan polyak soyad sonluğundan götürülüb. Beləliklə, Şıxoğlular Şıxlinski olublar. Məhz bu səbəbdən də hələ tələbəlik illərində İsmayıl Şıxlı dəfələrlə sorğu-suala çəkilib. Doğrudan da insanın olumu ilə ölümü arasında heç vaxt xarakteri dəyişmir. İsmayıl Şıxlı gəncliyindən ağsaqqal çağına kimi kişi ömrü yaşayıb. Heç vaxt satqınlıqla arası olmayıb. Xatirələrindən aydın olur ki, unudulmaz tənqidçimiz Mehdi Hüseyn Şıxlı ocağına ehtiram əlaməti olaraq İsmayıl Şıxlıya "Paşam" deyərmiş
Kim bilir, İkinci dünya müharibəsi başlanmasaydı və repressiyaların qılıncı qına girməsəydi, İsmayıl Şıxlı bu ac qurdun caynaqlarından xilas ola biləcəkdimi? Müasirlərinin, dostlarının xatirələrindən öyrənirik ki, "Qara taun"un növbəti qurbanı İsmayıl Şıxlı ola bilərmiş. Amma hər qaranlıq gecənin bir işıqlı səhəri olur deyənlər nə qədər haqlıdırlar. Bu mənada 1941-ci ildə başlanan müharibə Azərbaycan oğullarının həyatını alsa da, ailələri başsız qoysa da, repressiyaların tüğyan edən fırtınasının qarşısını aldı. Müharibə xofu daha dəhşətli idi. 1937-ci ilin caynaqlarından qurtulanları indi də ağır döyüşlər, soyuq səngərlər, ölüm-dirim meydanları gözləyirdi. 1941-ci ildə İsmayıl Şıxlı cəbhəyə göndərilib. Ön cəbhələrdə vuruşan İsmayıl Şıxlı Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüş yolu keçib. Qələmə aldığı "Cəbhə gündəlikləri"ndə beşillik müharibə həyatı öz əksini tapıb. Təkcə cəsur əsgər deyil, həm də əsl mərd, qürurlu azərbaycanlı kimi cəbhədə öz dostları arasında böyük nüfuzu və hörməti olub. Komandirini azğınlığına görə tərksilah etsə də, hətta ona güllə atsa da, o dövrün hərbi qanununa görə, İsmayılı nə "cərimə batalyonu"na, nə də Yaponiya ilə davaya göndəriblər. Üç sutka həbs kəsiblər, sonra da 5 gün artırıblar. Gündəlikdən oxuyuruq: "...Məni kazarmamızın zirzəmisinə saldılar. Uşaqlar gizlicə şinelimi verdilər, yeməyimi gətirdilər. Haradansa süd də tapdılar". Müharibədən qayıtdıqdan sonra İsmayıl Şıxlı bir qış günündə doğma kəndlərinə qayıdıb.
1946-cı ildə APİ-nin filologiya fakültəsinin aspiranturasına daxil olan İsmayıl Şıxlı bir müddət burada müəllim, baş müəllim, kafedra müdiri vəzifələrində çalışıb. Sonrakı iş bioqrafiyası Yazıçılar İttifaqı ilə bağlıdır.
İsmayıl Şıxlı yaradıcılığa tələbəlik illərində şeirlə başlayıb. "Quşlar" adlı ilk şeiri 1938-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunub. Müharibədən sonra isə nəsrə meyil göstərən İsmayıl Şıxlının 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında "Həkimin nağılı" adlı hekayəsi oxuculara təqdim edilib. Beləliklə, dövri mətbuatda İsmayıl Şıxlının əsərləri müntəzəm dərc olunmağa başlanıb. Onun yaradıcılığı olduqca zəngindir. Çoxlu hekayələri, folklor əsasında yazılmış nəsr nümunələri, povest və romanları var. Oçerkləri, ədəbiyyatşünaslıqla bağlı tədqiqat əsərləri kitab şəklində çap edilib. Xüsusilə də XX əsr xarici ədəbiyyatın tədqiqi ilə bağlı filologiya elmləri namizədi İsmayıl Şıxlı maraqlı araşdırmaların müəllifidir. Uzun illər ali məktəblərdə onun hazırladığı "XVIII əsr xarici ədəbiyyat tarixi", "XX əsr xarici ədəbiyyat tarixi" dərs vəsaiti kimi istifadə olunub.
"Ayrılan yollar" romanı ilə ədəbiyyat tariximizə dissident ədəbiyyatının yaradıcısı kimi daxil olan İsmayıl Şıxlı həm oxucuların, həm də ədəbi tənqidin diqqətini çəkdi. Həyat gerçəkliklərini olduğu kimi qələmə alan İsmayıl Şıxlı sanki bu əsərini yazmaqla özünün istedadını sınağa çəkərək qarşıda ona böyük şöhrət gətirəcək "Dəli Kür"ü yazmağa tələsdi. Bu, faktdır ki, böyük yazıçımız heç bir şey yazmasaydı belə, təkcə "Dəli Kür" əsəri ilə Azərbaycan ədəbiyyatında əbədi qalacaq bir mövqeyə sahib çıxacaqdı. Xalq yazıçısı Anar yazır: "Dəli Kür" nəinki nəsrimizdə, həm də ictimai şüurumuzda, milli özünüdərkimizdə dönüş yaradan əsərlərdəndir". Həqiqətən də "Dəli Kür" elə bir zamanda ədəbiyyat səmasında şimşək kimi çaxdı ki, sovet təfəkkür tərzinə xas olan bədii əsərlər oxumaqdan oxucular bezmişdi. Ədəbiyyatda bəyin, xanın pisləndiyi və təhqir edildiyi bir zamanda mərd, kişi xasiyyətinə malik bir bəy surəti -Cahandar ağa obrazını yaratmaq təkcə istedad deyil, həm də hünər və cəsarət idi. İsmayıl Şıxlı repressiyanı da, müharibəni də görmüşdü. Lakin buna baxmayaraq, o, həyat həqiqətinə söykənərək ədəbiyyata yeni nəfəs, yeni obraz gətirdi. Cahandar ağa kimi vüqarlı, əyilməz obraz yaratması əslində İsmayıl Şıxlının Azərbaycan bəylərini acı taleyə məhkum edənlərə bir yazıçı kinayəsi ilə meydan oxuması kimi səciyyələndirilməlidir. Öz qəhrəmanının müsbət keyfiyyətlərini, qeyri-adi məziyyətlərini və həm də nöqsanlı görünə biləcək ziddiyyətli məqamlarını təbii yaradan müəllif bütün bunları elə ustalıqla bacardı ki, Cahandar ağa ədəbiyyatımızın şah obrazlarından birinə çevrildi. Onun qüsurları da böyüklüyü, hünəri, cəsarəti, əsl bəyliyi qarşısında əriyib itdi. Cahandar ağa oxucular tərəfindən dərin rəğbətlə qarşılandı və sevildi. Əsəri hələ əlyazma şəklində oxuyan Mehdi Hüseyn ədəbi hadisəyə çevrilməmiş bu roman haqqında İsmayıl Şıxlıya göndərdiyi məktubunda yazırdı: "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazacağını (məhz indi, bu illərdə) gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə oxuduğum heç bir əsər məni bunca sarsıtmamışdı. Səni öpürəm və qələbəni birlikdə bayram edəcəyimiz günü səbirsizliklə gözləyirəm. Qardaşın Mehdi Hüseyn, 12 noyabr 1962-ci il". Bu məktubdakı "məhz indi, bu illərdə" ifadəsinin verdiyi işarə də aydındır.
Tənqidçi Bəkir Nəbiyevin fikrincə, "Dəli Kür" gərgin dramatik toqquşmalar, qüdrətli xarakterlər romanıdır". Bəlkə də elə buna görə əsər kitab şəklində çıxanda əl-əl gəzdi. Müxtəlif dillərə tərcümə edildi. Hətta 1970-ci ildə İsmayıl Şıxlının ssenarisi əsasında eyni adlı film çəkildi. Əlbəttə, "Dəli Kür" filmi roman kimi təsirli olmadı. Deyilənə görə, filmin bir neçə kadrını "sovet qayçısı" doğrayıb. Yazıçının dostları qeyd edirlər ki, İsmayıl Şıxlı arzulayırdı ki, "Dəli Kür" yenidən çəkilsin.
Əsərdə milli kolorit, adət-ənənəyə sadiqlik, əsl bəyzadə surəti, xanım obrazı, dəliqanlı cavanlar, Kür qırağının ələdüşməz təbiəti elə təbii, gözəl, yaddaqalan ştrixlərlə yazılıb ki, "Dəli Kür" romanı ədəbiyyatımızın qızıl fonduna daxil olmuş ən qiymətli nəsr nümunəsinə çevrildi. "Dəli Kür" XX əsr Azərbaycan ədəbiyyatının ədəbi hadisəsi idi. Bu hadisənin xoş sorağı illəri aşmaqda davam edir. Həqiqətən də İsmayıl Şıxlının bir müəllif və vətəndaş kimi ən böyük uğuru onun milli ruhlu yazıçı olmasıdır ki, bu məziyyət də əsərlərinə yol açıb.
Ötən əsrin sonlarında Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, ermənilərin Dağlıq Qarabağda törətdikləri olaylar, soydaşlarımızın Ermənistan adlanan yerdən, əslində tarixi dəbə-baba ocaqlarından vəhşiliklə qovulması, müstəqilliyimizlə bağlı ayağa qalxan xalqımızın təlatümlü günləri İsmayıl Şıxlının istər yazıçı, istərsə də vətəndaş kimi həm taleyindən, həm də yaradıcılığından izsiz keçmədi. O zaman İsmayıl Şıxlı Azərbaycan Ali Sovetinin deputatı idi. O, xalqla birlikdə meydanlara çıxdı. 20 Yanvar faciəsində, Bakı fövqəladə vəziyyətdə yaşadığı bir zamanda heç nədən çəkinmədən, qorxmadan Ali Sovetin iclas salonuna gəlməsi, rəyasət heyətində əyləşib həmkarı Bəxtiyar Vahabzadə ilə birlikdə məclisi təmkinlə idarə etməsi gözlərimizin önündən çəkilməyib. O zaman hər kəsin dilindən belə fikirlər qopurdu: "Halal olsun, İsmayıl Şıxlı əsl Cahandar ağadır. Heç nədən qorxub-çəkinmir". Bir də vaxtilə yada saldığı "sapı özümüzdən olan baltalar" atalar sözü dillər əzbərinə çevrildi. Kreslo naminə millətinin şəhid olmuş övladlarının meyiti üzərindən keçərək Moskvaya vəzifə dalınca qaçan, xəyanətkar "rəhbər" haqqında hirsimizi, qəzəbimizi məhz İsmayıl Şıxlının müdrik sözləri ilə ifadə edirdik. Ömrünün son günlərini şəkər xəstəliyinin ağır fəsadları ilə çarpışmaqda keçirən xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığından əlini çəkə bilmirdi. Onun son əsəri "Ölən dünyam" olub. Yaxın dostlarının, həmkarlarının yazdığına görə, yazıçının səhhəti imkan vermədiyindən onun bu əsəri diktə vasitəsilə ömür-gün yoldaşı Ümidə xanım tərəfindən kağıza köçürülmüşdür. "Dəli Kür" romanı kimi, bu əsər də milli özünüdərk, qüvvətli xarakterlər toplusudur. "Ayrılan yollar"da başlanan, "Dəli Kür"də davam edən məram "Ölən dünyam"da yeni zirvəyə ucalıb. Əslində bir neçə ailənin, insanın taleyinin timsalında xalqımızın dərdlərini dilə gətirən müəllifin sanki illərlə sinəsində yığılıb qalmış, lakin deməyə imkanı olmayan bir sıra etiraz və kinayələri bu əsərdə daha açıq şəkildə öz əksini tapmışdır. Uzaq keçmişə söykənən müəllif müasirlərimizin duyğu və düşüncələrindən, mübarizələrindən çıxış edərək yeni bir əsər ortaya qoydu.
Tənqidçi İntiqam Qasımzadə yazır: "İllər uzunu ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan, klassik roman janrının bütün qaydalarına riayət edən İsmayıl Şıxlı "Ölən dünyam"da çərçivələri dağıdaraq bəzən qəhrəmanlarının taleyi ilə bağlı bir epizodu Azərbaycan miqyasında baş verən qlobal ictimai-siyasi proseslərin təsviri əvəz edib. Və yaxud, aramla qələmə alınmış psixoloji vəziyyətdən sonraEsüjetin bir hissəsini sürətlə nəql edib keçir". Bu da maraqlıdır. Tufan yatandan sonra sakitlik başlayır. Elə bil yeri-göyü dağıdan çovğunlar olmamış, küləklər əsməmiş, həqiqətən də sovet imperiyasının başımıza gətirdiyi repressiyalar, sarsıntılar, düçar olduğumuz qondarma sistemlərlə bərabər, bu dünyanın var-dövləti də - hamısı gəldi-gedərdi. Qalan paralanan vətəndi, ağır əziyyətlərə düçar olmuş xalqdı və bunları heç nə olmayıbmış kimi seyr edən dağlardı, çaylardı.
Romanlarının şöhrəti bəzən bir məsələni unutdurur. İsmayıl Şıxlı həm də istedadlı hekayənəvis idi. İri əsərləri ilə bərabər onun hekayələrində də mənəvi-əxlaqi dəyərlər öz əksini tapırdı. "Məni itirməyin", "Köynək", "Namus qaçağı", "Namərd gülləsi", "Qızıl ilan" və başqa hekayələri mövzu və məramına görə romanları ilə bir yolda inamla addımlayan nümunələrdi.
İsmayıl Şıxlının hansı əsərini oxusan, gözlərinin qarşısında böyük bir mənzərə açılır, lövhələr yaranır. Sanki bu əsərləri yaradan iki müəllif olub. Yazıçı və rəssam. Çox maraqlı və qəribə ədəbi üsuldur ki, biz bunu İsmayıl Şıxlıda hiss etmişik. Təbiəti deyil, yaratdığı obrazların daxili və xarici aləmlərini elə təqdim edir ki, onun obrazları təkcə mənəviyyatları deyil, nurlu simaları ilə də yaddaşlara çökür. İsmayıl Şıxlının əsərlərində rəssam işi var.
İsmayıl Şıxlı ictimai-siyasi xadim kimi də fəaliyyət sahibi idi. Yuxarıda dediyimiz kimi, xalqımızın ağır günlərində həmişə meydanlarda olub. Müstəqilliyimizin qazanılmasında İsmayıl Şıxlının böyük əməyi var.
Yumşaq təbiətli, ağırtaxtalı və istedadlı yazıçı olan İsmayıl Şıxlı həqiqətən kişi ömrü yaşadı. Zahirən sakit təsir bağışlasa da, əsərlərini oxuduqca onun qəlbində hansı fırtınaların, üsyanların yatdığı bəlli olur. Həmkarları təsdiqləyirlər ki, Yazıçılar Birliyinə rəhbərlik etdiyi bütün dövrlərdə İsmayıl Şıxlı həmişə ağayana və mülayim təbiətli olub. Heç kəsi incitməyib, bir kimsənin yaradıcılığına qərəzli müdaxilə olunmasına yol verməyib. O qədər xeyirxah və nəcib adam olub ki, heç bir qalmaqalın, dartışmanın ləpələri onun sahilinə çata bilməyib. Bir insan kimi çalışdığı bütün vəzifələrdən yuxarıda dayanırdı İsmayıl Şıxlı.

Flora XƏLİLZADƏ, "Azərbaycan"

E-mənbə / link: http://www.azerbaijan-news.az/index.php?Lng=aze&year=2009&Pid=2641

 

İsmayıl Şıxlı - 90: "Ünvansız məktub"


   
      
  Əziz dostum! Sənin məsləhətinə əməl edərək istedadlı yazıçımız İsmayıl Şıxlının "Dəli Kür" romanını təzədən oxudum. Mən belə bir qənaətə gəldim ki, bu diqqətəlayiq əsəri hər dəfə yenidən oxuyanda əvvəl nəzərindən qaçmış olan təzə, təravətli keyfiyyətlər kəşf edirsən. Bəlkə bunun yeganə səbəbi ondadır ki, müəllif həqiqətə və xalq həyatının doğru təsvirinə sədaqət göstərmişdir. Etiraf edim ki, əsərin jurnal variantı məndə belə bir təəssürat oyatmışdı ki, məişət əhvalatlarının təsvirinə çox yer verilmişdir. Son fəsilləri diqqətlə nəzərdən keçirdikdə ictimai meyllərin üstünlüyü tədricən əvvəlki təəssüratı azaldır və səndə belə bir qənaət hasil olur ki, "Dəli Kür" romanı getdikcə ictimai romana çevrilir. Əsərin bədii məntiqi belə bir nəticə üçün əsas verir.
Əsərin pafosu, ruhu yeniliyin köhnəlik, maarifin cəhalət, həyat və mübarizə eşqinin itaətkarlıq və mütilik üzərində qələbəsini təşkil edir. Cahandarağalar, mollasadıqlar mühitinə yeni hava gətirən Əşrəf, Əhməd, firidun kimi gənclərin fəaliyyəti bir az sonra başlasa da, inanırsan ki, onların tam mənəvi qələbəsi yaxındadır. Xoşbəxtlikdən belə bir ümid tədricən, pillə-pillə möhkəmlənir.
Yəqin ki, bir məsələdə mənimlə tam şərik olarsan ki, İsmayıl Şıxlı istedadının ən qüvvətli cəhəti xarakterlər yaratmaq bacarığıdır. "Ayrılan yollar" romanından biz bu keyfiyyətə aid tutarlı, ibrətli misallar göstərə bilərik. Lakin "Dəli Kür"dəki ağıllı mühakimələr, həqiqət duyğusu və hər şeydən əvvəl sənətkar obyektivliyi yazıçının romandan-romana necə təkmilləşdiyini aşkar göstərir. Mən hələ bu əsərin müasir Azərbaycan ədəbiyyatının yeni bir nailiyyəti olması barədə qənaətimi əvvəlcədən söyləmək istəmirəm. Ona görə ki, müasir oxucu və dinləyici belə bir fikrə bütöv təhlildən sonra gəlməlidir...
...Mən "Dəli Kür"dəki yazıçı təsvirlərini, bədii təhkiyəni ona görə səmimi adlandırıram ki, burada öyrənilən və qismən də müşahidə olunan həyata heç bir bəzək vurulmamış, hətta cəsarət əlaməti olaraq bir sıra mətləblər kəskin şəkildə irəli sürülmüşdür. Üslubun aydınlığı, yığcamlığı və bunlarla yanaşı tərkibində nəcib bir duyğunu, incə bir əhval-ruhiyyəni saxlamaq qüdrətini demək olar ki, romanın hər səhifəsində görürsən.
..."Dəli Kür" romanında hadisələr, psixoloji vəziyyətlər, qəhrəmanların gərgin ruhi halları rəngarəng şəkildə təsvir olunmuşdur. Ancaq burada da bir cəhəti sənətkar dostumuz İsmayıl Şıxlının nəzərinə çatdırmağı lazım bilirəm. Bu da dildəki təkrarlardır. Sən bu fikirdəsən ki, təkrarlar çox zaman portretin aydınlığına, onun canlı şəkildə yadda qalmasına kömək edir. Cahandar ağanın qalın qaşlarını, qəzəbli gözlərini, həbəşi dodaqlarını dönə-dönə yada salmaqla yazıçı elə bil onun sifətini daşdan yonur, həkk edir. Tamamilə şərikəm. Bunlar portret çəkmək sahəsində yazıçının misilsiz ustalığıdır. Bir oxucu kimi bunları mən də bəyənirəm. Ancaq de görüm Kürün şırıltısını, ayaq altda qalan xırda daşların şıqqıltısını, kənd axşamının təsvirini, Cahandar ağanın papiros çəkməsini, tüstünün burulub qalxmasını, Mələyin, Zərnigarın, Güləsərin güzgü qarşısında öz görkəmlərini necə nəzərdən keçirdiklərini dönə-dönə eyni şəkildə təkrar etmək romanın dilinə ağırlıq, yekrənglik gətirmirmi? İsmayıl Şıxlı oxucuya ehtiram bəsləyən yazıçıdır və heç bir zaman onun yaddaşına etinasızlıq göstərməmişdir. Əgər portret cizgilərinin təkrarında oxucunun yaddaşı təzələnirsə, təəssüratı aydınlaşırsa, başqa qisim təkrarlar isə olsa-olsa marağın azalmasına imkan yaradır.
"Dəli Kür" xarakterlər romanıdır. Bu xarakterlər silsiləsində isə tənqidçi və oxucular Cahandar ağanın mükəmməlliyinə və bitkinliyinə daha çox üstünlük verirlər. Doğrudan da o əzəmətli bir surətdir. Bir tərəfdən özünün şəxsi istəklərini cilovlaya bilmir, Allahyarın qanuni arvadını götürüb qaçır və bununla da şərəfi tapdanmış ərin qısqanclıq və qisas duyğularını alovlandırır. Nəticədə ailədə bir soyuqluq və ikitirəlik yaradır. O biri tərəfdən öz bacısını müridlərə qoşulduğu üçün amansızcasına öldürür. Bir tərəfdən oğlu Əşrəfin özünə oxşamadığını, anası tərəfə çəkdiyini ürək ağrısı ilə xatırlayır, öz oğlunun seminariya tələbəsi libasında gözə görünməsini istəmir. O biri tərəfdən seminariya müəllimi Çernyayevskini və Rus Əhmədi kənd cəhalətpərəstlərinin hücumundan qoruyur. Bir tərəfdən Cahandar ağa öz sinfi təbiətini büruzə verərək indiki zamanda hökumətə arxalanmaq və öz ağalıq imtiyazlarını qorumaq istəyir, o biri tərəfdən bir sövq-təbii ilə hiss edir ki, bu pristavlar, bu kazaklar, bu rütbə sahibləri mahala xeyir iş üçün gəlmirlər. Buna görə də güman və tərəddüdlərdən sonra maarifə, nəcib insanlara öz ürəyində daha çox üstünlük verir. Cahandar ağa, Mələk, Molla Sadıq, Şahnigar, Əşrəf, Allahyar surətləri ona görə daha çox yadda qalır ki, yazıçı onların bir surət kimi təkmilləşməsini psixoloji sarsıntılar zəminində izləmişdir. Qocaman Tolstoyun bir sözü yadıma düşdü: "Mən hər dəfə qələmi mürəkkəbə batıranda ürəyimin bir parçasını mürəkkəb qabına qoyuram". Başqa sözlə desək, dahi yazıçı öz əsərlərini ürək qanı ilə yazdığını, daxilən yaşadığını və öz surətlərinin taleyinə, aqibətinə soyuqqanlılıq göstərmədiyini nəzərə çatdırmaq istəmişdir. İnsanı butövlükdə bütün qüvvətli və zəif cəhətləri ilə təsvir etmək İsmayıl Şıxlının ən çox sevdiyi və demək olar ki, həmişə müvəffəq olduğu priyomlardandır. Bu qəhrəmanlar sevinc və ehtirasla yaşayanda da, tutqun və kədərli görünəndə də, hətta yuxuda da bir teyfə, vahiməli kölgəyə çevrilib oxucunun ürəyinə soyuqluq gətirəndə də canlı və ibrətlidirlər.
Cahandar ağanın öz bacısı Şahnigarı öldürməyə apardığı səhnədə müəllifin həyəcanlı təhkiyəsi ilə gənc qadının ürəyindən keçən təsirli, qəribə, tükürpərdən duyğular arasındakı daxili vəhdətə diqqət yetirmisənmi? Öz daxili coşkunluğunun və ehtirasının qığılcımlarını sinəsində aparan, lakin bir söz belə pıçıldamağa cəsarət etməyən Şahnigarın daxili monoloquna diqqət yetirmisənmi? Məgər misal gətirəcəyim dilsiz, sözsüz səhnə həm Şahnigarın, həm də Cahandar ağanın bədii tərcümeyi-halı deyilmi?
Əziz dostum! Mən çox aydın təsəvvür edirəm ki, zəngin mənəviyyatlı obraz yaratmaq sənətkar üçün nə dərəcədə çətindir. Bu obraz təkcə gərgin zəhmətin, yuxusuz gecələrin məhsulu deyil, həm də əsl yazıçının sevimli övladıdır. Şahnigarın vaxtından əvvəl sıradan çıxmasını mən İsmayıl Şıxlı ilə söhbətimdə ona irad tutdum. Mənə elə gəldi ki, bu surət əsərin sonrakı fəsillərində daha çox rol oynaya bilər və "Dəli Kür"ün psixoloji səhnələrini ancaq zənginləşdirə bilərdi. İsmayıl müəllim mənə cavab verdi ki, Şahnigar yüzlərlə cəhalət qurbanlarından biri idi. Mən məhz cəhalət uçurumunun dərinliyini və qadınların hüquqsuzluğunun faciəli nəticəsini göstərmək istəmişəm. Öz-özümü inandırmağa çalışdım ki, həyatın məntiqi bəzən yazıçının iradəsindən asılı olmur. İlya Erenburqun "fırtına" və Şoloxovun "Sakit Don" romanlarında vaxtından əvvəl sıradan çıxan müsbət surətləri də xatırladım. Doğrudur, Şahnigar öldürüləndən sonra da bir surət kimi itmir, bir sıra psixoloji səhnələrin doğmasına imkan yaradır. O, Cahandar ağaya rahatlıq vermir: "Dağa havaxt köçürsünüz, dərdin alım? Bə məni aranda qoyursunuz? Demirsənmi bacım aranda istidən bişər? Yoxsa elə bilirsən, qara torpaq sərin olur?".
Əziz dostum! Ürəyimin çırpıntıları yenə də mənə pıçıldayır ki, hər halda əsərin əvvəlindən başlamış həyat eşqi ilə dolu bu nikbin obrazı, bu şux təbiətli insanı öldürməmək də olardı. Bəlkə də bu suala ağlabatan cavabı yenə də müəllifin özü verə bilər.
Mən əsərdən oxucunu doydurana qədər bir-birindən gözəl təsvir olunmuş surətlərdən ancaq birinin taleyini misal gətirdim. Bəs xəcalətindən xalq içərisinə çıxa bilməyən Allahyarın həyəcanları, öz taleyi ilə barışmalı olan, sarsıntılar keçirən Zərnigarın taleyi, könülsüz ərə verilən, lakin Cahandar ağanın qonaq otağında az-çox təskinlik tapan Mələyin taleyi, bəs ümidini azərbaycanlı uşaqların gələcək xoşbəxtliyinə bağlayan Rus Əhmədin taleyi? Bəzən öz-özünə fikirləşirsən ki, bu qədər rəngarəng həyat və mübarizə yolu keçən müxtəlif insanların bədii portreti həcmcə o qədər də böyük olmayan romanın çərçivəsinə necə də məharətlə sığışdırılmışdır?
Əgər desəm ki, "Dəli Kür" zəngin xarakterlər, qəribə talelər romanıdır, güman edirəm ki, mənimlə şərik olarsan?
Xalqımızın gözəl adət və ənənələrinə romanda yazıçının dərin məhəbbəti hiss olunur. Kəndli əməyinin müqəddəsliyinə ehtiram, xalq şənliklərinin həvəslə təsviri, Novruz bayramında tonqal qalayan, xonça gəzdirən, qapılara dinə çıxan, bacalardan heybə sallayan, camdakı suyun içərisində bir-birinə qovuşan iynələrin hərəkətində öz bəxtini və gələcəyini axtaran gənclər nə qədər də təbiidir. Hələ mən əsərin gözəlliyini bir qədər də artıran bayatıları və mahnıları demirəm. Bunlar gəlişi gözəl olmaq üçün deyilməmişdir. Bunları həyati və estetik bir zərurət doğurmuşdur.
...İsmayıl Şıxlının sənətkarlıq qüdrəti orasındadır ki, o öz oxucusunu indiki düşüncə tərzindən qopararaq köhnə kəndin qəribə, özünəməxsus mənzərəsini xəyalən təsəvvür etməyə, nəinki təsəvvür etməyə, həm də mütəəssir olmağa təhrik edir. Sən özün çox yaxşı bilirsən ki, oxucunu özü kimi düşünməyə, özü kimi duymağa bir növ məcbur etmək əsl istedad əlamətidir və bu cəhət onun talantının ən gözəl keyfiyyətlərindəndir.
Sən necə bilirsən? Mənə elə gəlir ki, yazıçı inqilabdan əvvəlki kəndin dözülməz faciələri ilə yanaşı, bunlara qarşı xalq içərisindən doğan narazı adamları da göstərə bilərdi. Romanda tanış olduğumuz ev qulluqçuları, nökərlər, kiçik bir işarə ilə ölümə də getməyə hazır olan adamların hamısı itaətkar, səbirli, dözümlüdürlər, onlarda öz bəxtləri ilə razılaşmaq, taleyin zərbələrinə heç bir müqavimət göstərməmək duyğusu güclüdür. Doğrudur, zəmanədən şikayət edənləri də vardır. Ancaq bu şikayətlər heç bir yerdə əhəmiyyətli bir etiraza çevrilmirlər. Əlbəttə, mən o fikirdə deyiləm ki, yazıçı sinfi şüurca aşağı səviyyədə olan adamları gözlənmədən bir inqilabçı kimi təqdim etsin və bununla da həyatın mənzərəsini təhrif etsin. Amma ürəyim mənə deyir ki, XIX əsrin son 25 ilində hakimlərin, ruhanilərin özbaşınalığından şikayətlənən adamlar da həyatın özündə var idi. İllərlə at belində mürgüləyən, "qaçağı xalq saxlayar" məsəlində deyildiyi kimi, uca dağlar qoynunda, çınqıllı dərələrdə, keçilməz meşələrdə zorakılardan qisas alan mərd adamlar da var idi. Mülkədardan təkcə namus qisası deyil, xalq adından ictimai intiqam alanlar da var idi. Məncə, yoxsulların pənah gətirdiyi belə adamların geniş təsvir olunması romanın ictimai dəyərini bir qədər də artıra bilərdi. Bu mənim öz şəxsi qənaətimdir. Onu da bilirəm ki, İsmayıl Şıxlının hafizəsində bu mövzuda nə qədər də qatı açılmamış və öz təravətini saxlayan həyati misallar vardır!
Şairanə bir dildə yazılmış "Dəli Kür" romanında ətraf aləm və təbiət ancaq hadisələrə bitərəf bir fon vəzifəsini oynamır, ya oxucuda ancaq estetik duyğular oyatmaq vəzifəsinə xidmət etmir. Başqa sözlə, ilk baharın ilıq nəfəsi, yamaclarda təzəcə çalınmış otun ətri, dəmyə yerlərin bol kəhrəba rəngli buğdası insan əməyinin şeriyyət və gözəlliyi ilə bağlı şəkildə təsvir olunmuşdur. Bu təsvirlərdə təbiət son dərəcə rəngarəngdir və yazıçı İsmayıl Şıxlının ilham çeşməsi olan Azərbaycan torpağına tükənməz məhəbbətini ifadə edir: "Üfüq şərq tərəfdə əvvəl maviyə çaldı, sonra süd kimi ağardı, nəhayət çəhrayı rəngə boyandı. Bu solğun qızartı getdikcə gücləndi, şəffaflaşdı və səmanın böyük bir parçası başdan-başa alovlanan kimi oldu. Kür tərəfdən olduqca sərin, lakin adamın bədənini üşürgələndirən bir səhər küləyi gəlib keçdi. Bu külək elə bil, günəş çıxmamışdan əvvəl gecənin son qalıqlarını qabağına qatıb uzaqlara qovdu". Bu təbiət təsviri Əşrəfin ürəyində baş qaldıran gənclik duyğuları ilə, onun hər şeydə gözəllik və təravət görən, insanlarda ancaq yaxşılıq və mənəvi təmizlik axtaran ehtiraslı ürəyinin döyüntüləri ilə həmahəng səslənir. Güləsərin xəyalları nə qədər dağınıqdır: "Bacadan seyr etdiyi səmanın bir parçası onun xəyalı tək gah tər-təmiz olur, gah da küləyin hardansa qovub gətirdiyi dumana bürünüb tutqunlaşırdı".
Misal gətirdiyim bu kiçik parçaların özündən belə aydın olur ki, təbiətlə insan duyğularının qarşılıqlı əlaqəsini görməkdə, psixoloji parallelizm nümunələri yaratmaqda İsmayıl Şıxlı doğrudan da təqdirəlayiq bir istedaddır.
İctimai romanın ilk böyük, təsirli səhnə və lövhələri yazılmışdır. Əvvəldən təqdim edilən bir sox surətlərin mənəvi inkişaf yolu aydın görünməkdədir. Lakin qüdrətli əllərində Azərbaycan torpağına maarif məşəli gətirən, xalqı gerilik və cəhalətin zülmətindən çıxarmağa çalışan xalq müəllimlərinin xeyirxah və alicənab siması da yavaş-yavaş görünməyə, bir obraz kimi tədricən bütövləşməyə, ətə-qana dolmağa başlayırlar. Onların mənəvi gözəlliyinin tərənnümündə İsmayıl Şıxlının nəcib təbiətindən gələn keyfiyyətlərdə özünü göstərməkdədir...

Əhəd Hüseynov

25.03.70 

E-mənbə / link: http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=2291