Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Azərbaycan Cümhuriyyəti": BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!

Müəllif:

Məhəmməd Əmin Rəsulzadə


Kateqoriya:

Tarix. Tarix elmi



Qısa Təsvir:

Məhəmməd Əmin Rəsulzadə Türkiyədə və Almaniyada yaşadığı illərdə "Əsrimizin Səyavuşu", "İstiqlal məfkurəsi və gənclik", "Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" və b. əsərləri qələmə alıb.


Baxış sayı: 153
    
    


Məhəmməd Əmin Rəsulzadə

 

AZƏRBAYCAN CÜMHURİYYƏTİ

 

 


 MƏHƏMMƏD ƏMİN HACI MOLLA ƏLƏKBƏR OĞLU RƏSULZADƏ - 1884-cü ilin yanvarın

31-də Bakının Novxanı kəndində dindar ailədə dünyaya göz açmışdır. İlk təhsilini maarifpərvər ziyalılarımızdan S.M.Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci "Müsəlmani və rusi" məktəbində almışdı. Şer və məqalələri ilə o dövrün tanınmış qəzet və jurnallarından "İrşad", "Tərəqqi", "Füyuzat" və b. mətbuat orqanlarında fəal çıxış edirdi. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, Səttarxanın rəhbərliyi ilə İran monarxiyasını silkələyən milli-azadlıq mübarizəsinə rəğbət bəsləmiş, bu hərəkatın fədailəri ilə görüşmüşdür. O, 1910-cu ildə İran Demokratik partiyasının özülünü qoyanlardan biridir. 1911-ci ilin oktyabrında Bakıda Tağı Nağı oğlu, Məhəmməd Əli Rəsulzadə və Abbas Kazımzadənin yaratdığı "Türk ədəmi-mərkəziyyət Müsavat" firqəsinin tezliklə üzvü olur və onun liderlərindən birinə çevrilir. M.Ə.Rəsulzadə 1917-ci ilin oktyabrında Müsavatın Bakıda keçirilən 1-ci qurultayında partiya MK-nın sədri seçilir. Ondan əvvəl isə Rusiya Dövlət Dumasının deputatı vəsiqəsini daşıyırdı.

Zaqafqaziya Seymi 1918-ci ilin mayın 26-da Gürcüstanın özünü müstəqil elan etməsilə parçalandı. Seymin Azərbaycan nümayəndələri mayın 28-də Tiflisdə keçirilən iclaslarında Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsini elan etməklə yanaşı, M.Ə.Rəsulzadəni Milli Şuranın sədri seçdilər. Onun haqqında "Azərbaycan" qəzetinin 1918-ci il tarixli 35-ci nömrəsində belə yazılırdı: "Sevgili mühərririmiz, istəkli natiqimiz, millət yolunda canını nisar edən cəmaət xadimimiz Rasulzadə Məhəmməd Əmin cənabları 3 gündür şəhərimizə varid olmuşdur. Azərbaycan imarətinin binasını qoyan, bu uğurda qeyrətli həyatını təhlükəyə atmış olan Məhəmməd Əmin əfəndi biz Azərbaycan türkləri üçün işıqlı bir yıldız rolu oynayaraq, istiqlali-milli yolunun Nikolay və Protonov dövrünün zülm gecələrində belə millət müsafirlərinə yol göstərməsi, rəhbərlik etməsilə Vətənimizə böyük bir xidmət göstərmişdir. Hələ növcavan ikən 1905 inqilabından sonra meydani-siyasət və ictimaiyə atılaraq, o vaxt yenicə təsisə başlayan milli-siyasi təşkilatımızda mühüm mövqelər tutduqdan sonra irtica dövrünün hülulilə rus qaragüruhunun qəzəbinə giriftar olub, İrana qaçmış və orada dəxi müsəlmanların mənafeini canından əziz tutaraq, İran inqilabçıları ilə əl-ələ verərək bir tərəfdən "İrani-nou" qəzetəsi nəşrilə millətin fədailər zümrəsində Məhəmməd Əli şahın yaxıcı, yıxıcı keyf maişası müqabilinə mübarizə etmişdir... Bakının Rusiyayamı, Azərbaycanamı məxsus olması məsələsində Məhəmməd Əmin Əfəndi tarixi, mədəni, iqtisadi dəlillər ilə Bakının Azərbaycanın başı və gözü olduğunu isbata qalxmış və haqqımızda bunca haqsızlıq işləmiş olan dövlətlərə protesto vermişdi.

20 yaşından bu günədək 31 il müddətində türklük, islamlıq, hürriyyət və istiqlaliyyət uğrunda Məhəmməd Əmin əfəndi fövqəladə fədakarlıq ibraz etmişdir".

1920-ci ilin aprelin 27-də axşam saat 11-də Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanın fövqəladə iclasında səs çoxluğu ilə 7 bəndlik qərar əsasında hakimiyyət dinc yolla kommunistlərə təhvil verildi. Az sonra repressiyalar başladı, M.Ə.Rəsulzadə də gizlənməyə məcbur oldu. Lakin o, tezliklə həbsə alınmış, yalnız V.İ.Stalinin bu işə müdaxiləsindən sonra azad edilmişdir. Bir müddət Moskvada işləsə də, 1922-ci ildən Məhəmməd Əmin bəyin taleyinin mühacirət dövrü başlayır. Türkiyədə və Almaniyada yaşadığı illərdə "Əsrimizin Səyavuşu", "İstiqlal məfkurəsi və gənclik", "Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" və b. əsərlərin müəllifidir.

Azərbaycan xalqının vətənpərvər oğlu, görkəmli siyasi xadimi Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada - qürbət diyarda şəkər xəstəliyinin uzun müddətli əzabları içərisində üç dəfə "Azərbaycan!..." - deyərək gözlərini əbədi yumdu.