
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təqdimatında
"Azərbaycan bədii nəsri" kreativ-innovativ layihəsi seriyası N 11
Elektron kitab N 59 (11 - 2025)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən "Azərbaycanın bədii nəsri" kreativ-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayımlanır.
Kulturoloji layihənin maliyyələşdirən qurum: kitabxana.net və YYSİB
Rəsmi FB səhifəmiz:
www.facebook.com/groups/kitabxana
Ənvər Məmmədxanlı
"Seşilmiş əsərlər"
Bədii-fəlsəfi, tarixi nəsr nümunələri
"Babək"
Roman
Hekayələr
Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb
Milli Virtual-Elektron Kitabxananın e-nəşri - 2025
Virtual redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan Əbilov
YYSİB sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü
Müəllifin digər e-kitabları burada:
https://kitabxana.net/author.php?author=974
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
XX əsr ədəbiyyatımzın görkəmli nümayəndəsi, istedadlı nasir, ədəbi-estetik düşüncəmizin tanınmış nümayəndəsi seçilmiş əsərlərinin elektron variantı. "Azərbaycanın ədəbi-kulturoloji sərvəti" silsiləsindən olan bu e-nəşr YYSİB ilə www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın müştərək kreativ-innovativ layihəsi çərçivəsində yayımlanır. Kitaba müəllifin milli bədii-tarixi nəsrimizin orijinal nümunəsi sayılan "Babək" romanı və müxtəlif illərdə qələmə aldığı hekayələri daxil edilib.
Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay (Azərbaycan) şəhərində doğulub. Şair Rəsul Rzanın həm əmisi oğlu, həm də xalası oğludur. Göyçayda ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikumunda təhsil alıb (1926-1931). Sonra Bakıda mexaniki zavodda energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib (1931-1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934-1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936-1938), "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub.
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. "Şərqin səhəri" bədii ədəbiyyatın tematikasında, növ və janrında, üslubunda, həyatı inikas formasında bir sıra yeni, əsaslı dəyişikliklər əmələ gəldi. Dinc quruculuq illərində ədəbiyyatımızın əsas qəhrəmanı olan qurucu, yaradıcı insan öz yerini vətəni yadelli işğalçılardan müdafiə edən qəhrəman döyüşçüyə verdi. Onun müharibə illərində qələmə aldığı hekayələrdə ümumən, o dövr publisistikamızda olduğu kimi zamanın, günün təxirəsalınmaz tələbləri, adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapırdı.
Ədibin üslubunda təmkinli hekayəçiliklə mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edirdi: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulub. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülüb. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.
Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olub. İki dəfə "Şərəf nişanı" (1946-1949), "Qırmızı Əmək bayrağı" (1980-1983) və "İkinci Dünya müharibəsi" (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunub.
Ənvər Məmmədxanlı “Şərqin Şekspiri” Hüseyn Cavidin qızı Turan xanımı sevib. Lakin Hüseyn Cavidin "xalq düşməni" elan edilməsinə görə bu evlilik baş tutmayıb. Və bir-birini sevən cütlük heç zaman evlənməyib. Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:
ANAR. “HƏYATIM AĞRIYIR”
“Həyatım ağrıyır”... Ənvər Məmmədxanlının ifadəsidir.
Uşaqlıq illərimdən xatırlayıram, bəzən xoş məclisdə, ya şirin bir söhbət əsnasında Ənvər (atamla anamı öz adlarıyla çağırdığım kimi, mən Ənvərə də sadəcə Ənvər deyirdim) birdən-birə öz iç dünyasına qapılar, elə bil gözlərinə hansısa uzaq bir xatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: “Nə olub sənə, nə var?”, dalğın-dalğın cavab verərdi: “Həyatım ağrıyır”.
Bu abzas 1993-cü ilin yanvar ayında Ənvər Məmmədxanlıya həsr etdiyim essemdəndir. Cəmisi iki-üç dəfə Ənvərin dilindən eşitdiyim, Ə.Məmmədxanın heç bir nəşr olunmuş yazısında olmayan bu ifadə mənim essemdən sonra ədəbi dövriyyəyə daxil oldu. Xalq yazıçısı Elçin bu ifadəni öz “Baş” romanına epiqraf qoydu.
Bəzi Ənvər Məmmədxanlıya o qədər də yaxın olmayan adamlar mənim yazımdan sonra deməyə başladılar ki, bu ifadəni guya yazıçının öz dilindən eşidiblər. Ənvər yetərincə qapalı, yetərincə qürurlu və məğrur insan idi, hər rastına çıxan adamın şablon: “necəsən?” sualına “həyatım ağrıyır” deyə cavab verməzdi...
Rəsul Rza və Ənvər Məmmədxanlı həm əmioğlu, həm də xalaoğludurlar.
Rəsulun atası İbrahim Məhəmməd oğlu Məmmədxanlı və Ənvərin atası Qaffar Məhəmməd oğlu Məmmədxanlı doğma qardaş, Rəsulun anası Məryəm Abbas qızı Rzayeva və Ənvərin anası İmmihanı Abbas qızı Rzayeva doğma bacıdırlar.
Beş yaşındaykən atasını itirmiş Rəsul dayısı Məhəmmədhüseyn Abbas oğlu Rzayevin himayəsiylə böyümüş və sonralar onun familini qəbul etmişdir.
“İKİ ÖMRÜN İŞIĞI” xatirələr kitabına yazdığı Ön sözdə Ənvər Məmmədxanlı deyir: “Rəsul Rza bir ömür boyu mənim üçün nəinki bir dost, bir yoldaş və böyük qardaş idi, o, eyni zamanda, uşaqlıq illərindən mənə müəllimlik etmişdi və həmişə mənim üçün örnək idi”.
Mən də uşaqlıqdan Ənvəri əmim kimi tanımışdım və bəlkə də o, atamın atabir-anabir qardaşı olsaydı belə, mən onu sevdiyimdən artıq sevə bilməzdim, ona qəlbən bağlandığımdan artıq bağlana bilməzdim. Mənə bağışladığı kitabının üstündə “Əzizim Anara, ürək dostuma” sözləri mənimçün ən təmtəraqlı “izhari məhəbbətdən” daha qiymətlidir.
“Ayrıldılar” hekayəsinin qəhrəmanı İlyas ömrü boyu həsrətində olduğu atı – dayısının atını çapıb məhv eləməsi, “Babək” romanında da eyni çılğın ehtirasla köhlənin belinə sıçrayıb uçuruma atılan gəncin aqibəti Ənvərin gənclik xatirələri ilə bağlıdır. Dayıları Məhəmmədhüseyn Rzayevin Qaragöz və Ceyran adlı atlarını çapmaq istəyən yeniyetmə Ənvərin arzularının əksidir.
“Uşaqlıq illərimizin ən böyük arzusunu yada salmaq istəyəndə hafizəmdə iz salan budur ki, bizim ən böyük arzumuz səyahət idi. Və bir dəfə Göyçayın üstündəki Boz dağa yemlik, turşəng, quşəppəyi yığmağa gedəndə hansı bir təpə başındasa uzaqlara baxarkən Rəsul mənə dedi ki, heç kəsə demə, bu yaxınlarda evdən qaçarıq, baş alıb gedərik, bütün dünyanı gəzərik”.
Elə bil öz gözümlə görürəm bu səhnəni – Göyçayın quru, boz təpələrinin birinin başında iki uşaq dayanıb – biri qıvrımsaçlı, o biri ondan üç yaş böyük, göygözlü – harasa uzaqlara baxırlar və içəri aləmlərində uzaq ölkələri – böyük-böyük şəhərləri, dənizləri, okeanları, gəmiləri görürlər. Bu romantik xəyalpərvərlik onların hər ikisinin xislətində idi. Hər ikisi dünyanı gəzmək, çeşidli ölkələri görmək, aləmi dolaşmaq eşqiylə yaşayırdılar. Hər ikisi mühitlərində darıxırdılar və hər ikisini yaşadıqları dar məkan çərçivəsi sıxırdı. Atamın “Darısqallıq” şeiri elə bu barədədir. Bu narahatlıq, çəpərlər, hüdudlar içində darılmaq hissi Ənvərin də bir çox hekayələrində əks olunub – onun qəhrəmanları karvanlara qoşulur, baş götürüb uzaqlara getmək istəyi ilə çırpınırlar. Gəncliyində yazdığı “Karvan dayandı” hekayəsində də, qocalıqda tamamlamadığı “Babək” romanında da.
“Ayrıldılar” hekayəsində insanı sıxan, bıkdıran adiliklər mühitinə qarşı etiraz sevginin zahiri səbəbsiz, izahsız pozulmasıyla, ilk baxışda məntiqsiz görünən ayrılmaqla nəticələnir.
Sonralar Ənvər “Ayrıldılar” hekayəsini yenidən işlədi, əsaslı dəyişdi və bəlkə bu son variantda “Axı niyə ayrıldılar” sualına daha məntiqli cavab tapmaq olar, amma məncə, hekayənin birinci variantına xas olan yarımtonlar, kövrək və incə aura itirilib. Ənvər Məmmədxanlının sağlığında çap olunmuş ikicildliyini oxuyanda təəssüf hissi ilə gördüm ki, uşaqlığımdan, demək olar ki, hafizəmdə başdan-ayağadək diri yaşayan bir çox süjetlər, o cümlədən, “Bakı gecələri”, “Ay işığında” hekayələrini də yazıçı yenidən işləyib və yeni variantlar, zənnimcə, əvvəlki mətnlərdən bədii cəhətdən üstün deyillər. Amma onu da deyim ki, “Bakı gecələri”ni yenidən oxuyanda bir yerdə diksindim. Axı eyni epizod – küləkli havada dam üstündə paltar sərən qara paltarlı qızın rüzgarla, ağlarla rəqsi mənim “Gürcü familiyası” hekayəmdə və onun əsasında çəkilmiş “Gün keçdi” filmində də var. İstəyirsiz inanın, istəyirsiz yox. Bu hekayəni yazanda mən ondan azı 20-25 il qabaq oxuduğum “Bakı gecələri”ndəki bu səhnə əsla yadımda deyildi. Bəlkə özümün belə dərk etmədiyim şüuraltı yaddaşımda yaşayırmış. Qəribədir ki, Ənvərin köhnə hekayalərini yenidən oxuyanda mənim nəslimdən olan başqa yazıçıların – Elçinin, Əkrəm Əylislinin bəzi əsərlərində də “Ənvər motivləri”nə yaxın parçalar tapdım.
“Ayrıldılar” hekayəsində kənd qırağında görüşüb soyuq daş üstündə söhbətləşən gənc oğlanla gənc qızın münasibətləri, bu səhnənin ümumi aurası Yusif Səmədoğlunun eyni ruhda köklənmiş “Soyuq daş” hekayəsini xatırladır. Bütün bu bənzəyişlər, əlbəttə, təsadüfi də ola bilər, gənclik mütaliəmizin şüurlarımızda ilişib qalmış qəlpələriylə də izah edilə bilər.
Məhz bu mənəvi və üslub yaxınlığına diqqət çəkmək üçün Ənvər Məmmədxanlının “Ayrıldılar” və Yusif Səmədoğlunun “Soyuq daş” hekayələri bu kitaba daxil edilir.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)