Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Doğmalar da yadlaşarmış

Müəllif:

Mehman Rasimoğlu


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

İstedadlı, məhsuldar şairin bu poeziya toplusunda müxtəlif üslubda qələmə aldığı şeirləri toplanıb: sevgi, insana, vətənə, doğma yurda məhəbbət, həyata maraq kimi duyğular bu lirik əsərlərin əsas motivlərini təşkil edir. Müəllifin özünəxas poetik baxışları, maraqlı dəst-xətti, fərqli deyim tərzi, ifadə zənginliyi bu kitabda əks olunub. “İlk məhəbbətim” , “Könlüm məhəbbətin harayındadır” və “Doğmalar da yadlaşarmış” adlı şeirlər kitablarınının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Nəsimi” poeziya diplomu mükafatçısı, çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsinin elektron poeziya kitabı.


Baxış sayı: 784
    
    


Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi


www.kitabxana.net


Mir Cəlal Paşayev adına


 Milli Virtual Kitabxananın təqdimatında


“Çağdaş Azərbaycan poeziyası”


Bədii-poetik e-kitablar seriyası. Elektron kitab N 10 (07 - 2025)



Təqdim olunan bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən “Çağdaş Azərbaycan poeziyası” mövzusunda kreativ-poetik layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.



Kreativ-bədii layihənin maliyyələşdirən qurum: YYSİB



Silsiləyə daxil edilən elektron nəşrləri buradan izləyin:


https://kitabxana.net


Rəsmi FB səhifəmiz:


 https://www.facebook.com/groups/kitabxana




Mehman Rasimoğlu


 Doğmalar da yadlaşarmış



Poeziya kitabı



Elektron kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. Bakı - YYSİB - 2025


Milli Virtual-Elektron Kitabxananın e-nəşri


Virtual redaktoru və e-nəşrə hazırlayanı: 



Aydın Xan Əbilov, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü



Redaktor və korrektor: Şəfa Vəli Mehman


Rasimoğlu. Doğmalar da yadlaşarmış. Bakı, "Elm və təhsil", 2019, 168 səh.



İstedadlı, məhsuldar şairin bu poeziya toplusunda müxtəlif üslubda qələmə aldığı şeirləri toplanıb: sevgi, insana, vətənə, doğma yurda məhəbbət, həyata maraq kimi duyğular bu lirik əsərlərin əsas motivlərini təşkil edir. Müəllifin özünəxas poetik baxışları, maraqlı dəst-xətti, fərqli deyim tərzi, ifadə zənginliyi bu kitabda əks olunub. “İlk məhəbbətim” , “Könlüm məhəbbətin harayındadır” və “Doğmalar da yadlaşarmış” adlı şeirlər kitablarınının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Nəsimi” poeziya diplomu mükafatçısı, çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsinin elektron poeziya kitabı.



ÖN SÖZ


 Heç “Necəsən?” sualına “özüm kimi...” deyə cavab verən olubmu? Məncə, yox...

İnsan özü kimi olmaqdan qorxur çünki. Uşaqkən üzümüzə baxıb “necə də nənəsinə oxşayır”, “elə bil əmisinin uşaqlığıdır” deyə-deyə bizi özümüz olmaqdan uzaqlaşdırıblar. Yox, elə güman etməyin ki, özümə oxşamadığım üçün kimisə günahlandırıram, əsla! Sadəcə, insan övladının özü olmaqdan qorxmasının səbəbini axtarmaq istəyirəm...Tapacağımdan əmin olmasam da...

Yenə də təsəlli yerim var; şairlər bir ömrün içində yarım ömür özləri ola bilirlər... Məhz o “özü kimi” olduğu anlarda şeirlərini dilə gətirməkdən qorxmur, utanmır, kiməsə yox, elə özünə oxşamağa çalışır... Və bundan sonra özünü yenidən kəşf edir...

Mehman Rasimoğlu da özünə oxşamağı bacaranlardandır; şeirləri necədirsə, o da elədir. Bəzən ömrə bələdçidir, dostdur, həmdərddir, bəzən zamanın səsidir Mehman Rasimoğlunun şeirləri.

“Lirik nəğmələrin ilhamıyam mən” deyir Mehman Rasimoğlu... Onun sevgi şeirlərini oxumağa tələsir adam. Onun sevgisinə şahid olan, həsrətinə qucaq açan misralarından yapışıb buludlanan gözlər üçün rüzgar olmağı diləyirsən Tanrıdan... Sevgini tanıyan birinin gözlərində yaş aksiomdur, amma sən bu gerçəyi dəyişmək istəyirsən...

Şeir-şeir çırpınırsan, misra-misra vuruşursan, axırda özünü çarəsizcə yaşlı gözlərin qarşısında “İki” almış şagird kimi boynubükük dururkən görürsən...

Mehman Rasimoğlunun həsrətini “naxış” adlandırması şeiriyyətə yeni bəzəkdi. O, “Həsrət naxışlım” şeirində deyir:


İllərdi qönçədir, niyə gül olmur,

Sonra da qurumur həsrət gülşəni?!


Həsrətin varoluşunu qönçəyə bənzətmək də Mehman Rasimoğlunun heç kimə bənzəməyən düşüncəsidir...

O, bu deyimlə özü olduğunu etiraf edir. Amma, insan təbiəti, inkar etməyə nə var ki?! “Rəssam olmaq istədim” şeirində özünü arzusunda gizlədir. Yenə də hicranını boyatlamağa qoymur:


Hicran qələmilə əl əsə-əsə

Odunu çəkmişəm, külünü deyil.


Şairlər təbiətin nəğməkarı kimi anılır folklor nümunələrində. Çünki, özləri kimi qəbul edilmirlər. Ona görə də çox zaman şairlər pessimistlikdə günahlandırılır. Mehman Rasimoğlu şairin kədərinin ölçüsünü anlatmaq istəyəndə nəğmələrə üz tutub, duyğularını, hisslərini bircə-bircə seçib ayırmaq istəyib və görüb ki, “Nəğmələr üşüyür qəm pərdəsində...” Ardınca da qürurla etiraf edir: “ Hər sətir başında min dərd oymuşam.” 


 Mənim ürəyimdən keçən fırtına

Sənin gözlərinə mehmi görünür?!


Fırtına-meh təzadını da Mehman Rasimoğlu şeirə fərqli ahənglə gətirib; sevilənin sevəninin kədərinə biganəliyini bu cür anladıb. Şeirlərindəki qəmginliyin səbəbi də fırtına-meh fərqliliyindən qaynaqlanır. Şairin özünün dediyi kimi:


Mehman tək yaşayır illərdən bəri,

Sirdaşı şeirdə gözyaşı oldu.


“Eşqin ormanında tənha aslanam”, “Bitməz xəyalların məzar daşıyam” söyləyən lirik qəhrəmanın “Zirvələrdə ədaləti gəzirəm!!!” deməsi oxucuya bir az qəribə görünə bilər. Amma, həqiqət o deyilmi ki, ədalət həmişə əlçatmaz, ünyetməz zirvələrdədir?! Düzdə-düzəngahda olsaydı, əl atıb tutmağa nə vardı ki...


Bir də “Sən gedəndən dünya inciyib məndən” deyə bir misrası var Mehman Rasimoğlunun...


Tanrının bizə olan sevgisinin

qətrəsini yaşayırıq sevda adına...


Və bu dünyadan böyük sevginin bircə misrayla söylənməsi şair hünəridir.


Sən mənim bitməmiş sevda romanım,

Səni vərəq-vərəq ötürmədim ki!


Tanış tablodur hər sevdanın roman olması... Amma, bir şairin kitab rəfindəki kitabların hicran rəngində olmasını Mehman Rasimoğlu etiraf edir: 


Bütün xəyalları qaldırdım rəfə,

Sənli kitablarım hicran içində.


Və siz də bu etirafı ilk dəfə eşitdiyinizi etiraf etməkdən çəkinməyin, məncə... Şair də ədalət haqqına sahibdir!

Mehman Rasimoğlunun yeni şeirlər kitabında oxucular onun təkcə sevdasından bəhs edən şeirlərini yox, qəzəllərini və satirik qələm nümunələrini də görəcəklər. “Bomboş çərçivəyəm, içimdə xəyal...” misrasının burulğanını yaşayacaqlar. Nəhayət, hər bir şeirdə özlərini axtarmağa çalışacaqlar... Həmişə olmasa da, hərdən tapacaqlarına ümidim var...

Uğurlar, Mehman Rasimoğlu! Yerlin, Tovuzun Qoşa kəndini adıyla qoşa gəzdirən, Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri Başqanı Əkbər Qoşalı demiş: “Kitablı günlərdə görüşək!”


Şəfa Vəli (AYB və DGTYB üzvü) 


Müəllifin digər elektron kitabları burada:



https://kitabxana.net/author.php?author=965



Şair Mehman Rasimoğlunun poetik aləmi



AYB üzvü, Prezident təqaüdçüsü, "Qızıl qələm" və "Nəsimi" mükafatı lauratı, istedadlı şair Mehman Rasimoğlu (Rzayev Mehman Rasim oğlu) - 1983-cü il mart ayının 27-də Tovuz rayonunda ziyalı ailəsində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olub. 2004-2005-ci illərdə hərbi xidmətdə olub. Aşıq Əsəd Rzayevin nəticəsidir.

Mehman Rasimoğlu tələbəlik illərindən BDU-nun Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən “Jurnalist” qəzetində, “Azad Azərbaycan”, “525-ci qəzet”, “Azad qələm”, “Palitra”, “Tovuz” və başqa qəzetlərdə, “Bölgələrdən səslər-2” (2014), “Qazax mahalının şairləri” (2016), “Varislər”dən gələn səslər - 1” (2017) almanaxlarında, “Ulduz”, “Yurd”, “Telli Sənəm” jurnallarında, “Dünyaya yayılsın anamın adı - 1”, “Dünyaya yayılsın anamın adı - 2”, “Qeyrətdən gələn haray” antologiyalarında (2020), “Vətən”, “Canım Azərbaycanım”, “Turan”, “Xarıbülbül” ədəbi məcmuələrində (2022) “Zirvə” ədəbi-bədii, elmi-publisistik məcmuəsinin “Poeziyamızın Nizami Gəncəvi Zirvəsi” adlı xüsusi buraxılışında şeir və məqalələri dərc olunub.

“İlk məhəbbətim” , “Könlüm məhəbbətin harayındadır” və “Doğmalar da yadlaşarmış” adlı şeirlər kitablarınının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Nəsimi” poeziya diplomu mükafatçısıdır.



Hazırladı:


Ayxan – Hidayət Əbilli,

YYSİB sədr müavini, publisist/bloger



DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.