Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Bu da bir istəkdi". Poetik toplu (2008-ci ilin nəğməkar şairindən lirik könül pıçıltılar, şeirlər, poemalr, başqa maraqlı yazılar)

Müəllif:

Fəxrəddin Ziya


Kateqoriya:

Yeni ədəbiyyat



Qısa Təsvir:

"Bu da bir istəkdi" şeirlər toplusu mövzu dairəsi yetərincə geniş olan Fəxrəddin Ziyanın sayca altıncı kitabıdır. Şeirlərindəki məna dəqiqliyi, deyim sərrastlığı və fikir aydınlığı toxunulan mövzuların marağını artırır, şairin oxucu əhatəsini daha da böyüdür. F.Ziya ilk öncə vətəndaş şairidir, namuslu sözün övladıdır, xalqın ağrı-acısını yazır, düşündürən poeziya yaradır.


Baxış sayı: 715
    
    


FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu)

"Bu da bir istəkdi"

Poetik toplu. Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2008. 208 səhifə.
 

 

Naşir: Hacı İsmail


Redaktor: Tofiq Nurəli


Rəssam: Ədalət

 


"Bu da bir istəkdi" şeirlər toplusu mövzu dairəsi yetərincə geniş olan Fəxrəddin Ziyanın sayca altıncı kitabıdır. Şeirlərindəki məna dəqiqliyi, deyim sərrastlığı və fikir aydınlığı toxunulan mövzuların marağını artırır, şairin oxucu əhatəsini daha da böyüdür.
F.Ziya ilk öncə vətəndaş şairidir, namuslu sözün övladıdır, xalqın ağrı-acısını yazır, düşündürən poeziya yaradır.
Müəllifin xarakterindəki ciddiliyi, həzinliyi və lirik ovqatı yaradıcılığına bariz formada hopmuş, klassik, şərq poeziyamıza bağlılığı və İlahi Qüdrətə sevgisi müdrik yaş zirvəsindən kifayət qədər dolğun, səmimi və poetik deyimlə ifadə olunmuşdur.
Şairin görüşünə gələn, hər bir oxucunu əmin etmək istərdik ki, onlar bu kitabda öz könül pıçıltılarını eşidəcəklər.


İSBN: 9952 - 429 - 97 - 6

©  «NURLAR», 2008
 

 

 
 

 Dünyasını vaxtsız dəyişmiş dost-doğmalarımın əziz xatirəsinə - ruh aləminin insanlarına ithaf edirəm. Cənnətməkan olsunlar.

MÜƏLLİF

 

 

Cavanlıq duyğumdu, gənclik sevgimdi
çılğın hisslərimlə bu dolu şeirim.
Açmasan misramın fikir yükünü,
anlatmaz sirrini bu ulu şeirim.
Nə qədər ustadlar yetirər hələ,
azman insanların söz yolu şeirim.
Mən yaşa dolduqca o cilalanır,
düzülür incitək, ləl olur şeirim.
Əvvəl ürəyimdən qopub gəlirdi,
indi idrakımın məhsulu şeirim.


NAMUSLU SÖZÜN ÖVLADI

Təvazökarlıq yüksək insani keyfiyyətlərdən sayılsa da, o, bəzən istedadlı şairin tanınmasında və illah da ki, təbliğində əngələ çevrilir.
Mən bir neçə şeir kitabının müəllifi, istedadlı şair Fəxrəddin Ziyanın hələlik son çap məhsulu olan "Mənim şair anam" adlı şeirlər toplusunu oxuyandan sonra bu qənaətə gəldim.
Etiraf olunmalıdır ki, poeziya tənqidi, hazırda şeir nümunələrini təhlil və tənqiddən çox təriflə məşğul olur, nəticədə istedadla qrafoman arasında sərhədlər götürülür, hətta iş o yerə gəlib çatır ki, qrafoman efiri "zəbt" edir, tanınmış müğənnilər belələrinin sözlərinə yazılmış bəsit musiqi nömrələri ilə dinləyicilərin estetik zövqünü korlayırlar.
Hesab edirəm ki, poeziya təsərrüfatında olduğu kimi tənqiddə də səliqə-səhman yaradılmalı, "yağla şorun" qiyməti dəqiq müəyyənləşdirilməlidir.Əks halda, söz boğanağında əsl şeirin nəfəsi tıncıxacaq, işığı öləziyəcək.
"Mənim şair anam" kitabında ənənəvi mövzular yer alsa da, F.Ziya hər bir mövzuya məxsusi münasibətilə diqqəti özünə cəlb edə bilir. Məsələn, onun bayatı janrında qələmə aldığı aşağıdakı misralar yeni mənəvi-ekoloji mühitin ab-havası ilə nəfəs alır, dərin lirizmi ilə dərhal oxucu ürəyini qanadlandırır,bir qəlbin müsibəti haqqında bizdə emosinal təəssürat yaradır;

Qara il yaman gəldi,
vermədi aman gəldi.
Söndü ümid çırağım,
nə ağır zaman gəldi?

Bu isə milli müsibətin fərdi ağrıya çevrilmiş ifadəsidir:
Dağlar, daşlar qan ağlar,
üfüq yanar, dan ağlar.
Qarabağın dərdinə,
gör, neçə ünvan ağlar.

İ.Höte yazırdı: "Poeziya dərdin aynasıdır; hər bir əzab çəkən və ağlayan insan şairdir, hər damla göz yaşı şeirdir,hər bir ürək poemadır".
F.Ziya isə şairi, yaradıcılıq əzabını içindən keçirən, şeiri öz qanıyla bəsləyib ərsəyə gətirən qadınla müqayisə edir:

Ürəyi dəyirman daşı kimidir,
içində söz dəni üyütməlidir.
Şair də hamilə qadın kimidir,
şeirini qanıyla böyütməlidir.

Şairin kitabından nümunələrini verdiyimiz aşağıdakı poetik parçalar da müəllifin söz üzərində keçirdiyi ağrıların, yaşan-tıların əyani "illüstrasiyası" sayıla bilər.O, dünyasını dəyişmiş, doğmaların doğması olan ana haqqında belə deyir:

Sən həyatın qəsdinə bax, təzadına bax,
ayrılığın ölümü də sevdirdi bizə.

Ana haqqında milli poeziyamızda şeir yazmayan şairə təsadüf etmək çətindir. Şair bu çətinliyi nəzərə alıb, nəticədə öz sözünü deyə bilib.
yaxud:
 
Bir gözəl sevəndə yüz yol ölürəm,
bir gözəl görəndə dirilirəm mən!

Gözəldir, şairanədir.Sevginin iztirabları, onun ölümdən oluma və olumdan ölümə keçid forması olması fikri və əksinə, gözəlin dirilik mənbəyinə çevrilməsi lirik qəhrəmanın etirafında səmimi və olduqca məhrəm notlarla səslənir.
Aşağıdakı misralarda fikir təzə olmasa da ("Bayraqları bayraq edən üstündəki qandır, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir"), deyim tərzi yenidir.

Olduğun yer vətən deyil, öldüyün yer vətəndir.

Şairin əsasən cinas qafiyələr üzərində köklənmiş bayatısı da şirin və cazibədar səslənir.

Mən aşiq nərdivana,
nər deyil hər divanə.
Imkan düşüb namərdə,
qalıb yüz nər divanə.

Bayatının III-IV misraları dərin sosial məzmunla yüklənmişdir.
Kitabdan da göründüyü kimi şair onu qayğılandıran, bir insan və vətəndaş kimi düşündürən, narahat edən problemləri poeziyanın gündəminə çıxarır.
Şairin əsas mövzularına çevirilimş problemlər hansılardır?
İlk və son beşiyimiz olan təbiət, əzəli və əbədi məhəbbətimiz vətən, məhəbbət və gözəllik, ümummilli dərdimiz Qarabağ, həyatımızın faciəvi mənzərələri, məmur özbaşınalığının törətdiyi naqisliklər və s. mövzular şairin təqdimində həm heyrət və həm də hiddət doğurur.
Qeyd etmək xoşdur ki, müəllif Vətən haqqında ümumi danışmır, konkret bədii ifadə vasitələrindən və müxtəlif detallardan istifadə edərək kiçik bir lövhədə onun yadda qalan obrazını yaradır:

Cənnətdir Qarabağ,Qonaqkənd, Xanbulan,Hacıkənd,
ormanlar çəkibdir üzünə yaşıldan bir rübənd.
Dağ çayı zirvənin boynuna atılan bir kəmənd,
doymaram gəzsəm də mən səni evbəev,kəndbəkənd,
Vətən, Vətən!

 Mən F.Ziyanı klassik milli və Şərq poeziyasının bilicilərindən biri kimi tanıyıram.
Bu səbəbdən də onun şeirlərində həmin örnəklərdən gəlmə söz və ifadələrə rast gələndə təəcüblənmədim.Ona görə də aşağıdakı metonimiyaları - əvəzləmələri də təbii qəbul edirəm:

Mənim Kəbəm də sən, Mədinəm də sən,
bir daşın bəs eylər min heyrət üçün.

Bir ovuc torpağın yetər, ey Vətən
yüzlərlə zəvvara ziyarət üçün.

Ancaq təəssüf doğuran bir hal-qəziyə də bizi düşünməyə, duyğulanmağa vadar edir.
Necə olur ki, bu gözəl-göyçək Vətənin,qibləgaha və ziyarətgaha çevrilmiş torpağın nankor, nanəcib övladları vəzifə piramidasına dırmaşan kimi ölkəni talan edir, məğrur və uca millətin sinəsinə dağ çəkib, bu qədim yurdun halal sakinlərini dilənçiyə, didərginə çevirirlər? Bu haqqı onlara kim verib?
Şairə görə:

Ləyaqətdən danışmağa haqqımız varmı,
məmələkətin əsgəri də rüşvət verirsə?

Rüşvət kimi ağır mərəzin məktəbli balalarımızın əxlaqını, mənəviyyatını zədələməsi, kasıb uşaqlarının təhsildən kənarda qalması, işsizliyin dəhşətli bir bəlaya çevrilib həyatımıza daxil olması da ölkənin gələcəyi üçün məsuliyyət daşıyan hər bir vətəndaşı narahat etdiyi kimi, həssas şairi də dərindən sarsıdır və o öz dərdli düşüncələrini kövrək misralara büküb oxuculara təqdim edir:

İndi uşaq böyütmək də əzab, faciə,
bir aylıq maaş təkcə kitab - dəftərə yetmir.

Şagirdlərdən pul yığılır hər ay məktəbdə,
daha kasıb balaları məktəbə getmir.

Yerdəkilərdən əli üzülən və buna görə də bədbinləşən şair kömək üçün üzünü Allaha tutur, Ulu Yaradandan bədəməl sahiblərini cəzalandırmağı rica edir.("Sənin varlığına şübhəm var, Allah").
F.Ziyanın "Mənim şair anam" kitabına toplanmış şeirlər, qəzəllər və çeçen xalqının mücadiləsindən bəhs edən "Yenilməzlik simfoniyası" poeması göstərir ki, şair maraqlı və gərgin poetik axtarışlarını uğurla davam etdirməkdədir. "Yenilməzlik simfoniyası" poeması həm də bizim öz dərdimizdən, Qarabağ faciəsindən yazılmış uğurlu əsərdir.
O da qeyd olunmalıdır ki, bəzi şeirlərin sənətkarlıq və poetik səviyyəsi oxucunu qane etmir.
Ayrı-ayrı şeirlərdə dil və ifadə qüsurlarına rast gəlmək mümkündür. Məsələn:"Elə bil ciyərim köksümdən çıxır" (ürəyim əvəzinə) ("Keç günahımdan"), M.P.Vaqifin dəst-xəttini xatırladan "Nə gözəl" şeirində "Şirin ruhlu olan, xoş avaz ola" misrasında "Şirin" sözü yerinə düşməyib, "döyülə-döyülə qaçırıq müdam" misrasındakı "müdam" ifadəsi köhnədir. "Mənə dünyanı yenidən tanıtdın" deyimi poetik misraya dəxli olmayan nasiranə cümlədir və s.
Sözsüz, bu tipli xırda qüsurlar kitabdan alınan xoş təəssüratı korlamır.
Əsas məsələ odur ki, şair öz poetik qayəsini həyata keçirməyə nail olub.
Oxucunu düşündürən, duyğulandıran bir kitab ərsəyə gətirib.
Ona poetik axtarışlarında yeni uğurlar diləyirəm.

Mürşüd Məmmədli
Bakı, İyul, 2004

 

 

Söz ardı

 

 

Bu qeydlərin vaxtı ilə nəşr olunmasına baxmayaraq (525-ci qəzet, s.167, 27.08.2004-cü il), müəllifin ruhuna ehtiram əlaməti kimi hazırki kitabda da yer alması mənəvi ehtiyacdan doğdu.
Mərhum Mürşüd Məmmədli onu yaxından tanıyanların xatirində dəyərli ziyalı, filoloq,dilçi alim,azərbaycan və rus ədəbiyyatının gözəl bilicisi və tədqiqatçısı kimi həmişə yaşayacaqdır.
O həm də nəcib insan, maarifçi alim, tanınmış ictimai-siyasi xadim idi.Dərin mütaliəsi və geniş müşahidəsi vardı.Eyni zamanda sərt xarakteri və dönməz iradəsi ilə də seçilirdi. Dövrü mətbuatda mütəmadi nəşr olunan ədəbi və ictimai-siyasi yönlü yazıları oxucuları arasında tez-tez rezonanslı fikir müxtəlifliyinə səbəb olardı.
Mürşüd müəllim nəşr olunan şeirlərimə həmişə diqqətlə, tələbkarlıqla yanaşar, hər dəfə özünün peşəkar münasibətini bildirərdi.
Növbəti kitablarımdan birinə redaktorluq etməyə və ön söz yazmağa boyun olmuşdu.Lakin vaxtsız əcəl onu aramızdan qəfil apardı.Odur ki, onun bir neçə il əvvəl "Mənim şair anam" kitabımla bağlı yazdığı qeydləri bu topluya daxil etməyi özümə borc bildim.Və hər dəfə bu kitab varaqlanarkən o kamil söz xiridarının, xalqını çox sevən vətənpərvər alimin ruhuna rəhmət dilənməsini arzulayıram.

Müəllif
 


KÖNÜL PIÇILTILARI

"Həkim", "loğman", "doktor" - dilimizdə eyni mənanı daşısalar da, heç biri türkcə deyil. Bu söz rus dilində "vraç" adlanır ki, onun da kökü "vrat", yəni aldatmaq anlamına gəlir. Başqa sözlə, müalicə edən yox, "aldadan". Bu yandan da böyük klassikimiz deyir ki, "aldanma ki, şair sözü, əlbəttə yalandır". Deməli həkimlə şair az qala eyni işlə məşğuldurlar. Niyə belə yazıram? Axı əlimin altındakı qovluqdakı şeirlərin müəllifinin peşəsi həkimlikdir. Heç kəsə sirr deyil ki, başqa peşə sahiblərinə nisbətən ədəbiyyata bağlılıq həkimlər arasında daha çoxdur. Zənnimcə bunun bir səbəbi var. Ədəbiyyat demək olar ki, başdan-başa romantiklərin "vətənidir". Gənclik çağlarında həkimlik peşəsini özü seçənlər də adətən onun romantikasına vurulurlar. ("insanı yenidən həyata qaytarmaq", "şəfa vermək" və s.) Odur ki, həyati məsələlərdə həkimlərin də çox az bir hissəsi praqmatik olur. Romantikanın bir ucu isə mütləq və mütləq poetik duyğulara bağlanır.Deməli həkimlərin sırasında xeyli sayda yaradıcı ədəbiyyat adamının olması heç də göydəndüşmə deyil.
... 80-cilər adlandırdığımız ədəbi nəslin içərisində ədəbiyyata həkimlikdən gələnlər daha qabarıq göründülər və zənnimcə bu gün də ədəbiyyatımızın həmin nəslinin ən aparıcı simaları arasındadırlar.
Tamamilə yad bir adam hər-hansı tibb ocağına ayaq qoyan kimi birinci yod qoxusunu hiss edir və bir daha özünün harada olduğunu anlayır.
Fikrimcə, adlarını çəkmədiyim, ümumilikdə yuxarıda dediyim "ədəbiyyat həkimləri" bizim ədəbiyyatımızı xeyli zənginləşdirdilər, ən azından öz peşələrindən doğan müşahidələri ilə - cürbəcür qoxularla zəngin olan ədəbiyyat məbədinə bir "yod qoxusu" da gətirdilər.Güman edirəm ki, ədəbi havanı korlamadılar, bu məbədin daxili aurasını bir az da zənginləşdirdilər.
Bu yaradıcılarımızdan biri də həmişə öz baxış məsafəsi, baxış bucağı və deyim tərzi ilə seçilən şair Fəxrəddin Ziyadır. Məlum məsələdir ki, sahibi öz pis malını daha çox tərifləyər.Yaxşının isə qiyməti öz üstündədir, sadəcə "xiridar" olub onu qiymətləndirməyi bacarmaq lazımdır.Odur ki, mən Ziyanın yaradıcılığı haqqında elə də geniş danışmayacağam. Buna heç ehtiyac da yoxdur.Amma burada bir şeyi mütləq deməliyəm: Şeirin nə olduğunu tamamilə bilməsəm də, onu bilirəm ki, poeziya ilk-öncə duyma "sənətidir" və həm də bu, duyğuları ifadə etmək "sənətidir".Bütün yaradıcı adamlar bu "duymaq və ifadə etmək sənətində" həm birləşir, həm də müxtəlif səviyyələrə, cərəyanlara, özünə məxsusluqlara ayrılırlar. Fəxrəddin Ziyanın yazılarında bu "birləşmə və ayrılma" məqamlarının çox yüksək səviyyədə olduğunu isbatlayan istənilən sayda nümunələr var: -

...Əvvəl ürəyimdən qopub gəlirdi,
indi idrakımın məhsulu şeirim.

...Təbii seçmədə nəsil artırmaq
yalnız güclülərin payına düşür.

...Atanı bu ağrı içindən əzər
anasız qızlara toy çalınanda.

...Nə söyləsəm təsəllidir
daha özümdən-özümə...və s.

Uzun illər yaxından tanıdığım üçün yaxşı bilirəm ki, Fəxrəddin çox ciddi adamdır.Bu xarakter onun şeirlərinə də hopub. Onun bütün yazılarında, səviyyəsindən asılı olmayaraq, bir dəqiqlik, sərrastlıq və fikir ayadılığı var. Çünki, məqsəd aydın olan yerdə fikir aydın bildirilir.
Ciddi adamlar az-az hallarda dəb dalınca düşürlər. Çağdaş ədəbiyyatımızda müxtəlif forma və cərəyanlar yaransa da (mən bunları alqışlayıram) şair öz əvvəlki dəst-xəttinə, öz əvvəlki yoluna sadiqdir - bu yolu uğurla davam və inkişaf etdirir. Ümumiyyətlə onun yaradıcılığı daim yüksələn xəttlə gedir.
Fəxrəddin həm də klassik ədəbiyyatımızı çox gözəl bilir, ilahiyyatçılığa dərindən bəllidir. Çox uzun müddət ədəbiyyatımızda təsadüfən müraciət olunan əruz və qəzəl son zamanlar bir dirçəliş dövrünə qədəm qoymaqdadır. Ədəbiyyatımız üçün son dərəcə gərəkli olan bu işdə də Fəxrəddinin xidmətləri böyükdür. O uzun illərdir ki, yüksək səviyyəli, tam bitkin qəzəlləriylə mətbuatımızda ardıcıl olaraq çıxış edir, onları kitablarına daxil edir. Bu isə, ən azından sonrakı nəslin diqqətini istər-istəməz həmin istiqamətə cəlb etməkdir. Axı gənclik üçün qəzəl, az qala, ancaq tarixdə qalıb.Amma birdən-birə çağdaş zaman, çağdaş düçüncə, çağdaş dövrün qəzəli... Bunun özü elə ədəbiyyata edilən ən gərəkli xidmətlərdən biridir.
Adətən yaradıcı adamlarda hansısa bir mövzu aparıcı xətt olur. F.Ziyanın yaradıcılığının maraqlı cəhətlərindən biri də, onda belə bir aparıcı xəttin olmamasıdır. Yəni şairin mövzu dairəsi həddən ziyadə genişdir və bu mövzuların hər biri, artıq müdriklik yaşında olan müəllif tərəfindən, yüksək sənətkar ustalığı ilə şeirə gətirilir, ədəbiyyatın malına çevrilir. Bu isə hər şairə qismət olmur. Fəxrəddin həm də çox populyar olan bir çox lirik mahnıların mətn müəllifidir - nəğməkar şairdir.
Mən bu maraqlılığı və özünəməxsusluğu ilə seçilən şairin bir daha görüşünə gələn, yaxud onunla ilk dəfə görüşən hər bir oxucunu əmin etmək istəyirəm ki, əlinizdəki kitabda Sizin hər biriniz öz könül pıçıltılarınızı eşidəcəksiniz.Əsl sənətin sirri də elə bu "eşidilmədədir".

Tofiq Nurəli