Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Seçilmiş əsərləri. İki cilddə. Birinci Kitab. Xalq şairinin ömrünün müxtəlif dövrlərini əhatə edən şeirləri

Müəllif:

Məmməd Araz


Kateqoriya:

Azərbaycan ədəbiyyatı



Qısa Təsvir:

Görkəmli Azərbaycan şairi Məmməd Arazın bu kitabına bütov bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən şeirləri toplanmışdır.  Yüksək poetik ilhamla yazılmış bu şeirlərdə Azərbaycan təbiətinin gözəllikləri canlandırılmışdır. Böyük vətəndaşlıq qayəsi, Vətən torpağının əzabına, ağrısına qatlaşmaq, şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək - Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır.


Baxış sayı: 3665
    
    


Məmməd Araz. Seçilmiş əsərləri. İki cilddə. Birinci Kitab. Bakı, "Lider nəşriyyat", 2004, 224 səh.

Ön sözün müəllifı: Yaşar Qarayev

Tərtib edəni: Gülxanım Fətəli qızı

 


Görkəmli Azərbaycan şairi Məmməd Arazın bu kitabına bütov bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən şeirləri toplanmışdır. Hər bir fərdi Vətənin kiçik bir daşı sayan şairin qələmə aldığı bu şeirlərin hər misrasında düşüncələr çırpınır. Yüksək poetik ilhamla yazılmış bu şeirlərdə Azərbaycan təbiətinin gözəllikləri canlandırılmışdır. Böyük vətəndaşlıq qayəsi, Vətən torpağının əzabına, ağrısına qatlaşmaq, şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək - Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır.
Fikirlərin sanki sözlərin boyuna biçildiyi bu şeirlərdə doğma kökə bağlılıq, qoynunda ərsəyə çatdığı torpağa vurğunluq, xalq taleyinin dolanbac yolları haqqında fəlsəfi düşüncələr öz dolğun bədii əksini tapmışdır.

ISBN 9952-417-21-5

© "LİDER NƏŞRİYYAT", 2004

 


Yaşar Qarayev


ÖN SÖZ

Deyirlər, Günəşin işıgı və istisi kimi insanın əsəbi və ağrısı da mənəvi zərrələrə çevrilib Planetə, Efirə yayılır. Ən etibarlı mənəvi yaddaşda - Kosmosda bütün dövrlərin ağrı və əsəb impulsları - dalğaları yaşayır. Odur ki, sənətkar bütün dövrlərin agrısını qəbul edə və bizə göstərə bilir... böyük sənət əsəri də sənətkar dünyaya yayılan o ağrını və əsəbi səhvsiz ədəbi dalğada tutan zaman və poetik haraya çevriləndə yaranır...
Azərbaycanın xalq şairi Məmməd Araz (İbrahimov Məmməd İnfil oğlu) 1933-cü il oktyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində təhsilini davam etdirmişdir (1950-1954).
Əmək fəaliyyətinə doğma kəndlərindəki orta məktəbdə müəllimliklə başlamış, sonra Bakıya köçüb burada Azərbaycan SSR Nazirlər Soveti yanında (1957-1959) işləmişdir. Moskvada keçmiş SSRİ Yazıçılar İttifaqı nəzdində müdavim (1959-1961), Bakıda "Maarif" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1963-1967), "Ulduz" jurnalının məsul katibi (1967-1970), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında baş redaktorun müavini (1970-1972), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini (1972-1974) olmuş, 1974-cü ildən "Azərbaycan təbiəti" jurnalının redaktoru vəzifəsində işləmişdir. "Ulduz" jurnalı redaksiya heyətinin üzvüdür. Azərbaycan Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1971- 1981). Azərbaycanın xalq şairi adına layiq görülmüşdür (1992).
Məmməd Araz ədəbi yaradıcılığa 1952-ci ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunan "Yanın, işıqlarım" adlı ilk şerilə başlamışdır. "Vətən torpağı", "Şerə gətir", "Necə unudum səni?", "Mən Araz şairiyəm" "Məmməd İbrahim" imzası ilə nəşr etdirdiyi bu şeirlər hələ ənənəvi məhəbbət, vətən və təbiət lirikasının tanış nümunələri idilər.
"Mən də insan oldum", Əsgər qəbri haqqında ballada", "Atamın kitabı" artıq epik formada, lakin eyni fəlsəfı-psixoloji səpkidə yazılmış poemalardır.  Fərariliyin ən bədnam çeşidi - əcdaddan üz çevirməkdir, kökdən, mənşədən, "mən"dən fərar  eləməkdir, milli hafizədə, mənəvi yaddaşda (yəni əsəbdə, qanda, kökdə!) "skleroz" olmaqdır.
Yaddaşı olmayan ədəbiyyat yalnız yaddaşı olmayan xalqın nəsibidir, siması olmayanın tarixi taleyi, zatı və nəsli, əsli və nəcabəti olmayanın alın yazısıdır. Üfüq, səma, göy daş saxlamadığı kimi, mənəvi və əxlaqi boşluq da yaddaş saxlamır.
Millət - genetik səviyyədə, yaddaş - ağrı səviyyəsində dərk olunmuş vəhdətdən və bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var. Əslində nəinki təbiət və insan, ekologiya və poeziya da yaddaşdır. Şəhid - ölümü ilə, şair ağrısı ilə yaddaşa qaynayıbqarışır.
Və yaddaşın ömrü bir vicdana və haqqa xidmətin qədərindən, bir də qədir-qiymətə, qeyrətə çevrilən anların cəmindən yaranır. Artıq gör neçənci əsrdir ki, İsa da və Məhəmməd də, Qorqud da və Şekspir də bir haqqın, bir də yaddaşın dərgahında yaşayır. Daha doğrusu, tarix, zaman hər yerdən axıb, sürüşüb gedir, bir yaddaşa ilişəndə iz qoyur, qeyrətdə əbədiləşir və abidələşir.
Əsl, həqiqi, böyük Poeziya isə ümumbəşəri yaddaşdır. Və məncə, Məmməd Arazın şeri də düşüncədə, əxlaqda və qeyrətdə belə yaddaşın şeirdə ifadəsidir.
Poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq və paralı sahilindən ayrılıb gəldi, özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi. Özü də tarixdən və təbiətdən, ana dilindən, bayatıdan, folklordan axan bir Araza döndü - Məmməd Araz!
O, hələ yeniyetmə ikən ilk dəfə Arazı və Şahbuzu "Anamın nəğməsi" kimi dinlədi, torpağı və təbiəti "Atamın kitabı" kimi oxudu. Dərslik yox, dağ-daş özü ekologiya - əlifba kitabı oldu. Lap uşaqlıqdan mehrini və meylinı nəbatat elminə saldı, qələmi də bir pöhrə kimi çəməndən, çöldən, meşədən göyərdi, ədəbiyyat yox, çoğrafiya fakültəsinə daxil oldu. "Azərbaycan" yox, "Azərbaycan təbiəti" dərgisinə redaktor oldu! Poeziyada yeni təbii iqlimin - çağdaş ekoloji təfəkkürün ilk təməl daşlarını qoyanlardan biri Məmməd Araz oldu.
Belə ki, Məmməd Arazın hələ "Atamın kitabı" poemasında, həmçinin, "Babək qılıncı" və "Qarabağ düzü" şeirlərində təbiət xəyala dalır, düşünür, dil açır və danışır. Vətənin tarixi və taleyi kimi, əbədi, müqəddəs ana kimi, insanlığın özü və rəmzi kimi təhlil və tərənnüm olunur. Xüsusən "Atamın kitabı" yalnız sərlövhəsi ilə yox, məzmununun müəyyən məqamları ilə də məşhur bir əsərin adını yadımıza salır. "Anamın kitabı"nda (Cəlil Məmmədquluzadə) təhlil olunan milli və ictimai ideallar təbii, gur işıq axarı kimi burada məhz "təbiət" adlanan aynada "sınır" və eyni vaxtda həm də təbiətdən "qayıdan" şüa kimi müştərək, qoşa "yaddaş yükü"nü özündə cəm edir:

Mən uca dağlara babam demişəm.

Çünki şairə görə, məhz:

Çaylar Bethovenə, Üzeyir bəyə,
Dağlar babalara vüqar veribdi,
Simfoniya veribdi,
Qatar veribdi.

"Vətən torpağı", "Şerə gətir", "Necə unudum səni?", "Mən Araz şairiyəm" - hələ "Məmməd İbrahim" imzası ilə nəşr etdirdiyi bu şeirlədə də ədəbiyyatın "bioloji gücü" artıq hiss olunurdu. Ənənəvi məhəbbət, vətənpərvərlik lirikasına ekoloji mentalitet, dağ-daş simvolikası getdikcə daha artıq nüfuz edirdi. Lakin bu duru poeziya bulağının daha gürşad və bol axara Araza çevrildiyi ərəfə - "Məmməd Araz" dövrü isə yetmişinci illərin lap əvvəlindən başlayır. "Vətən və dünya" silsiləsindən lirik və epik nümunələri, xüsusilə, bədii proqram, fəlsəfi-əxlaqi leytmotiv səciyyəli "Məndən ötdü" şerini misal gətirmək olar:

Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Məndən, səndən ötən zərbə
Vətən, vətən, sənə dəydi.

"Eyfel qülləsində", "Araz yadıma düşdü", "Qoruyun dünyanı", "Nobel mükafatı", "Azərbaycanım mənim" - həm şairin, həm də Azərbaycan poeziyasının təkamülündə yeni mənəvi iqlimin və tarixi mərhələnin, "hava və qan dəyişiminin" əbədı məqamları və bədii sənədləri olan şeirlər idilər. Bu seirlərdə şair bir ənənənin yox, min illik əxlaq, fəlsəfə, hünər və poeziya irsinin (yaddaşının!) varisi kimi çıxış edirdi: insan, təbiət, tarix, tale - bir assosiasiyada qovuşub kəsişirdi:

Bir taleyin əllərində cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik
-Dünya sənin.
Dünya mənim,
Dünya heç kəsin!

"Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya" - bu kəlamı və ovqatı Qorquddan sonra bu qədər tutarlı şəkildə ifadə edən uğurlu bədii misralara çox az nümunə gətirmək olar...
...Həqiqətən yaddaş - ağrı səviyyəsində dərk olunmuş vəhdət və bütövlüyün özüdür. Yalnız yaddaş olan yerdə tamlıq var, əsrlər və nəsillər arasında bağlılıq var.
Əsl, həqiqi, böyük Poeziya olan Məmməd Araz sözü də düşüncədə, əxlaqda və qeyrətdə belə yaddaşın şeirdə ifadəsidir.

2002