Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Çağdaş elmi-ictimai fikrimizin Nizamisi" (Elmi-ictimai fikrimizin, humanitar düşüncənin ən azı bir neçə sahəsində peşəkar N.Cəfərov - 50)

Müəllif:

İsa Həbibbəyli


Kateqoriya:

Yubiley



Qısa Təsvir:

 Son yarım əsrdə Azərbaycanda humanitar düşüncə sahəsində universal zəkaya malik olan bir neçə nəfəri xüsusi fərqləndirmək mümkündür. Əli Sultanlı, Mikayıl Rəfili, Yaşar Qarayev, Aydın Məmmədov... Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov da humanitar elmlər üzrə universal zəka nümayiş etdirən görkəmli alimlərdən biridir. Ən maraqlı cəhət ondan ibarətdir ki, Nizami Cəfərov elmi-ictimai fikrimizin, humanitar düşüncənin ən azı bir neçə sahəsində tam professionaldır...


Baxış sayı: 3217
    
    


    Son yarım əsrdə Azərbaycanda humanitar düşüncə sahəsində universal zəkaya malik olan bir neçə nəfəri xüsusi fərqləndirmək mümkündür. Əli Sultanlı, Mikayıl Rəfili, Yaşar Qarayev, Aydın Məmmədov... Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov da humanitar elmlər üzrə universal zəka nümayiş etdirən görkəmli alimlərdən biridir. Ən maraqlı cəhət ondan ibarətdir ki, Nizami Cəfərov elmi-ictimai fikrimizin, humanitar düşüncənin ən azı bir neçə sahəsində tam professionaldır: Azərbaycan dilçiliyi, türkologiya, azərbaycanşünaslıq, ədəbiyyatşünaslıq, mədəniyyətşünaslıq, folklor və sair. Bu mənada Nizami Cəfərov humanitar düşüncənin demək olar ki, əksər istiqamətlərində özünü yeni elmi düşüncə və fikir adamı kimi təsdiq etmişdir. Nizami Cəfərov dilçiliklə bir sırada folklordan və etnoqrafiyadan, tarixdən və mədəniyyətdən, hətta siyasətdən və fəlsəfədən də professional səviyyədə söz açmaq, bəhs etmək imkanlarını Azərbaycavn ictimaiyyətinin gözü qarşısında dönə-dönə və böyük uğurla sınaqdan çıxarmış, nümayiş etdirmişdir. Geniş mənada ziyalı mühitimiz Nizami Cəfərovu universal düşüncəyə malik görkəmli alim kimi qəbul edir.
    Heç şübhə yoxdur ki, Nizami Cəfərov hər şeydən əvvəl dilçidir. O, "Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı" (1985) mövzusunda namizədlik, "XVIII əsr Azərbaycan ədəbi dili" (1991) probleminə həsr olunmuş doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki elmi əsər Azərbaycan dilçilik elmində, hətta geniş mənada türkologiyada dərin iz buraxmış, Nizami Cəfərovu peşəkar bir dilçi-türkoloq kimi tanıtmışdır. Bu gün Azərbaycandan yetərincə kənarda tanınan, qəbul olunan üç-beş nəfər dilçi alimimiz varsa, onlardan biri, bəlkə birincisi Nizami Cəfərovdur. Nizami Cəfərov türk dünyasının tanınmış dilçi alimlərinin də önündə gedir. Dilçiliyin bir neçə ən aktual probleminin işlənməsində və həllində Nizami Cəfərovun da imzası vardır. Nizami Cəfərovun elmi düşüncəsinin və qələminin bəhrəsi olan "Cənubi Azərbaycanda ədəbi dil: normalar, üslublar" (1990), "Azərbaycan türkcəsinin milliləşməsi tarixi" (1995), "Türk dünyası: xaos və kosmos" (1998), "Türkologiya tarixinə ümumi bir baxış" (2000), "Azərbaycan: dil, ədəbiyyat və mədəniyyət" (2001), "Rusdilli Azərbaycan poeziyasında Azərbaycan dili elementləri" (2003), "Azərbaycanşünaslığın əsasları" (2005) kimi sanballı elmi əsərləri ona həm Azərbaycanda, həm də geniş mənada ümumi türkoloji aləmdə böyük nüfuz qazandırmışdır. Bu əsərlərdə Azərbaycan dilinin və ümumiyyətlə türk dilinin ən zəruri, aktual, həlli vacib olan ciddi problemləri öz əksini tapmışdır. Nəhayət, Nizami Cəfərovun orta məktəblər üçün hazırlayıb, müxtəlif illərdə nəşr etdirdiyi Azərbaycan dili dərslikləri və proqramları bir neçə nəslin milli dünyagörüşünün, dil mədəniyyətinin, dilçilik təfəkkürünün formalaşmasına və inkişaf etdirilməsinə sanballı töhfə vermişdir.
    Azərbaycan ictimaiyyəti Nizami Cəfərovu həm də professional ədəbiyyatşünas kimi qəbul edir. Orta məktəblərin IX, X və XI siniflərinin Ədəbiyyat dərsliklərinin müəllifi kimi o, klassik, yeni dövr və çağdaş ədəbiyyat mərhələlərinin hər birində əsaslı, tutarlı, dəlilli-sübutlu fikirlər irəli sürməyi, dərin təhlillər aparmağı, ümumiləşmiş nəticələr çıxarmağı bacaran professional ədəbiyyatşünas kimi qabarıq nəzərə çarpır. Ədəbiyyat tarixinin elmi şəkildə dövrləşdirilməsi, ədəbi fikrin cərəyanlar üzrə təsnif olunması, ayrı-ayrı ədəbi-tarixi mərhələləri və istiqamətləri təmsil edən sənətkarlar qruplarının müəyyən olunması kimi ciddi nəzəri-tarixi məsələlərdə Nizami Cəfərovun qənaətləri obyektivliyi, əsaslı arqumentləri ilə ümumiləşmiş tezislər şəklində səslənir. Möhtəşəm folklor abidələrimiz - "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanları, Aşıq Ələsgərin yaradıcılığı Nizami Cəfərovun təhlillərində orijinal mövqedən qiymətləndirilmişdir. Azərbaycanda ədəbi-ictimai intibah haqqında yeni elmi konsepsiyanın da müəllifi Nizami Cəfərovdur. Azərbaycan intibahını XII əsr ümumşərq, müsəlman intibahının üzvi tərkib hissəsi hesab edən çoxsaylı tədqiqatçılardan fərqli olaraq Nizami Cəfərov XVII-XVIII əsrləri məhz Azərbaycan intibahı mədəniyyəti dövrü kimi qəbul etməyin zəruriliyi ideyasını meydana qoymuşdur. Bu, təkcə Azərbaycanda deyil, ümumiyyətlə intibahşünaslıqda yeni baxışın ifadəsidir. Beləliklə, Nizami Cəfərov Azərbaycan intibahşünaslıq nəzəriyyəsini yeni ideyalar və baxışlarla zənginləşdirmişdir. Bundan başqa, müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, İsa Hüseynov, Ayaz Vəfalı, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Yunus Oğuz, Aqil Abbas, Elçin Hüseynbəyli haqqında ən tutarlı, səviyyəli elmi söz demək məharəti də Nizami Cəfərova məxsusdur.
    Nizami Cəfərovu elmi ictimaiyyət Azərbaycanşünaslıq təliminin elmi əsaslarını sistem halına salan cəmiyyətşünas bir alim kimi də yaxşı tanıyır. "Azərbaycançılıq ideya, azərbaycanşünaslıq elmdir" - deyən Nizami Cəfərov məlum ideyanın elmi prinsiplərini müəyyən etməklə əslində həm də ictimai xadim kimi çıxış etmək imkanlarını nəzərə çarpdırır. Son vaxtlarda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət məsələləri üzrə daimi Komissiyasının sədri kimi apardığı fəal və səmərəli iş də sözün böyük mənasında onun ciddi surətdə məşğul olduğu Azərbaycanşünaslıq təliminin davamı kimi səslənir və bir-birini tamamlayır. Hələlik ölkəmizin ən möhtəşəm elmi Azərbaycannaməsinin müəllifi Nizami Cəfərovdur. "Azərbaycanşünaslığa giriş" yeni dövrdə azərbaycançılıq elminin manifestidir.
Xalqımızın soykökü, mənşəyi, etnik tərkibi məsələlərinə də baş vurması Nizami Cəfərovun geniş dünyagörüşünün əhəmiyyətli faktlarındandır.
Universal düşüncə ilə yanaşı, obrazlı dünyagörüşə malik olmaq da Nizami Cəfərovun elmdəki fərdi simasının təzahürlərindəndir. Bir çox məqamlarda Nizami Cəfərov dilçiliyin, yaxud ədəbiyyatşünaslığın şairi kimi çıxış edir. Elmi enerciyə poetik rəng verməyi bacarmaq üçün müəllifin özünün də nə vaxtsa şeir yazmaqla məşğul olmasının zəruriliyini nəzərə alsaq, Nizami Cəfərovun şairlik qabiliyyətinin olduğunu da müəyyənləşdirmək mümkün olur. Bəlkə vaxtında məşğul olsa idi Nizami Cəfərovdan yaxşı bir şair çıxa bilərdi. Və ya bəlkə nə vaxtsa üzə çıxacaq ki, Nizami Cəfərovun filan qədər sandıq şeirləri var imiş. Hətta mən buna da inanmaq istəyirəm ki, Nizami Cəfərov nə vaxtsa yenidən şeir də yazacaq. Bunlar bir qədər Nizami Cəfərovun adından danışmaq, yaxud vəd vermək kimi çıxır. Ancaq bu qənaətlərə gəlməyimizə əsas verən Nizami Cəfərovun elmi düşüncələrinin bətnində, cövhərində aşkar nəzərə çarpan şeiriyyətdir. Bütün hallarda şeiriyyət elmi düşüncənin, məntiqi təfəkkürün estetik mahiyyət daşımasına qol-qanad verir. Məsələ burasındadır ki, Nizami Cəfərovun elmi qabiliyyəti və bədii düşüncəsi arasındakı daxili rəqabətdə elm qalib gəlmişdir. Lakin bədii obrazlı düşüncə heç də məğlub olmamış, qafiyələnmiş misralar şəklində yox, obrazlı elmi düşüncələr biçimində yaşadılmışdır.
    Hələlik Nizami Cəfərovun ən böyük elmi əsəri dörd cilddən ibarət olan "Türk xalqları ədəbiyyatı"dır. Antologiya-monoqrafiya formasında düşünülmüş bu möhtəşəm əsər Nizami Cəfərovun çoxillik və çoxcəhətli elmi axtarışlarının ən uğurlu və sanballı yekunudur.
    Nizami Cəfərovu bir elm adamı kimi səciyyələndirən xüsusiyyətlərin sırasında geniş elmi dünyagörüş, orijinallıq, hadisə və faktlara mütəfəkkircəsinə baxış, yüksək nitq mədəniyyəti ilə yanaşı, həm də bənzərsiz üslub, özünəməxsus yazı tərzi üstünlük qazanır. Bütün bunlar Nizami Cəfərovun dörd cildlik "Türk xalqları ədəbiyyatı" adlı əsərində daha qabarıq şəkildə nəzərə çarpır. Bu vaxtadək çap olunmuş elmi əsərləri tanınmış alimin imkanlarının ayrı-ayrı, müəyyən aspektlərini bəyan edirdisə, "Türk xalqları ədəbiyyatı" Nizami Cəfərovu tam ifadə edir. Türk xalqlarının ədəbiyyatını ən qədim zamanlardan çağımıza qədərki bütün əsas inkişaf mərhələlərini və görkəmli yaradıcılarının yaradıcılığını əhatə edən bu möhtəşəm əsər Nizami Cəfərovu da bir elm adamı kimi bütün gönləri ilə meydana çıxarır, onu alim-şəxsiyyət kimi ümumiləşmiş şəkildə mənalandırır. Ən azı tarixçi-türkoloq, folklorçu-ədəbiyyatşünas və hətta mətnşünas olmadan bu nəhəng elmi-ədəbi salnaməni ərsəyə gətirmək mümkün olmazdı. Bu iri həcmli əsərlə indiyədək daha çox Azərbaycan ədəbiyyatı və ictimai fikrinin Nizami Cəfərovu kimi tanıdığımız müəllifin geniş mənada türk xalqları ədəbiyyatının fədakar araşdırıcısı, alim-Nizamisi olduğu da isbata çatır.
    "Türk xalqları ədəbiyyatı" Nizami Cəfərovun böyük bir coğrafiyanı əhatə edən ümumi ədəbi fikir fonunda türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mənşəyi, etnogenezisi haqqında konkret fikirlər irəli sürməsinə münasib imkan yaradır. "Türklərin mükəmməl bir etnos-xalq olaraq formalaşmasını eramızdan əvvəl I minilliyin ortalarına" şamil edən müəllifin həmin formalaşma prosesinin "etnokulturoloji, sosial-siyasi baxımdan iki-üç min illik bir dövrü əhatə etməsi" qənaəti Azərbaycan etnogenezisşünaslığı baxımından əhəmiyyətli hadisədir. Nizami Cəfərovun mərhələ-mərhələ Türküstan və Altay türkləri, Hun-türk siyasi birliyi, Göytürk imperatorluğu, habelə karlıq türkləri, qıpçaklar və oğuz türkləri haqqındakı yekdil elmi mülahizələri onun milli ruhlu və yüksək elmi səviyyəyə, geniş dünyagörüşə malik etnogenezisşünas olduğunu təsdiqləyir. Türk xalqları ədəbiyyatının mənşəyi, əhatə dairəsi, inkişaf yoluna dair Nizami Cəfərovun gəldiyi nəticələr dərin və əsaslandırılmış elmi-nəzəri təyinat kimi səslənir. "Qədim türk ədəbiyyatı onu yaradan xalqın, etnik-mədəni sistemin xarakterinə uyğun olaraq dünyaya açıq bir ədəbiyyatdır: eramızdan əvvəl I minilliyin ortalarından eramızın birinci minilliyinin sonu, II minilliyinin əvvəllərinədək türklərin yaşadığı coğrafiyada baş vermiş ictimai-siyasi hadisələr onların ədəbiyyatında özünün kifayət qədər dərin izlərini qoymuş, eyni zamanda, dünyanın müxtəlif dini düşüncələrinin, ideologiyalarının təsiri ilə yaranmış əsərlər türkcəyə tərcümə edilərək qədim türklərin ədəbiyyatını zənginləşdirmiş, dünyanın ən beynəlmiləl, ən ümumbəşəri ədəbiyyatlarından biri səviyyəsinə qaldırmışdır".
    Bəlli olduğu kimi, ən müxtəlif səbəblərdən türk xalqlarının ədəbiyyatı uzun bir dövr ərzində Nizami Cəfərovun sözləri ilə desək "lazımi genişlikdə" təhlil-tədqiq edilib, layiq olduğu səviyyədə dəyərləndirilməmişdir. Yaxın dövrlərə qədər türk xalqları ədəbiyyatı ətrafında Türkiyədə çalışanlar turançılıqda, Azərbaycanda və Orta Asiyada fəaliyyət göstərən araşdırıcılar isə türkçülükdə və milliyyətçilikdə ittiham olunmuşlar. Müstəqillik dövründə yaranmış münasib şəraitdə isə meydana çıxan təşəbbüslər hələlik daha çox müntəxəbatçılıq, yaxud mətnşünaslıq müstəvisində davam etməkdədir. Bu mənada Nizami Cəfərovun "Türk xalqları ədəbiyyatı" adlı dörd cildlik sanballı kitabı Avrasiya coğrafiyasında yaranıb-yayılan böyük bir ədəbiyyatın tam, bütöv elmi mənzərəsini yaradan, mövcud boşluğu aradan qaldıran birinci ümumiləşmiş əsərdir. Bu möhtəşəm çoxcildlik türk xalqları ədəbiyyatının üç min ilə yaxın dövrdə keçdiyi inkişaf yolunun mükəmməl elmi salnaməsidir. Dördcildlikdə türk xalqları ədəbiyyatının ayrı-ayrı dövrlərinə həsr olunmuş fəsillərdən hər biri problemlə bağlı iri həcmli müstəqil monoqrafiyalara sığa biləcək ideyalardan və informasiyalardan yoğrulmuş müstəqil elmi əsər təsiri bağışlayır.
    Ümumtürk ailəsinə daxil olan ayrı-ayrı xalqların ədəbi gedişatının keçdiyi inkişaf yolunun dövrləşdirilməsinə dair müəyyən mülahizələr mövcud olsa da bütövlükdə türk xalqları ədəbiyyatının dövrlərə ayrılmasına dair dəqiq elmi təsnifat Nizami Cəfərov tərəfindən aparılmışdır. Alimin təsnifatında qədim dövr türk ədəbiyyatı "türklərin Altay birliyindən ... ayrılıqları zamandan başlayaraq eramızın ikinci minilliyinin əvvəllərinə" qədərki mərhələni, orta türk dövri ədəbiyyatı orta əsrlərin sonlarınadək davam edən ictimai-tarixi prosesdə yaranan ədəbiyyatı əhatə edir. Nizami Cəfərovun dəqiq, elmi cəhətdən əsaslandırılmış qənaətlərinə görə "türklərin orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən başlayan yenidən diferensiasiyası müasir türk xalqlarının yaranması ilə nəticələnir" və bu dövr XVII əsrdən XX əsrin əvvəllərinə qədərki mərhələdən ibarətdir. Tarixi etnik yaddaşın pozulmasına gətirib çıxarmasa da yeni dövr türk ədəbiyyatı monoqrafiya-salnamədə "daha çox türk xalqları ədəbiyyatı", yəni konkret olaraq hər bir türk xalqının özünün yaradıcılıq məhsulu olan ədəbiyyat kimi dəyərləndirilmişdir.
Əsərdə türk xalqları ədəbiyyatının son dövrü XX əsrin əvvəllərindən çağımıza qədərki mərhələni əhatə edən ən yeni dövr türk ədəbiyyatı kimi səciyyələndirilmişdir. Bu elmi təsnifat türk xalqlarının uzun əsrlər boyu yaşadıqları tarixi-ədəbi proseslərin demək olar ki, ən xarakterik xüsusiyyətlərinin, ümumi cəhətləri və prinsiplərinin nəzərə alınması, dərin elmi təhlildən keçirilməsi əsasında meydana çıxmışdır. Bu, türk xalqları ədəbiyyatının dövrəlşdirilməsinin Nizami Cəfərova mənsub konsepsiyasıdır və qeyd olunan mərhələlər ümumtürk ədəbiyyatı ilə yanaşı, ayrılıqda konkret olaraq hər bir türk xalqının ədəbi təsərrüfatının inkişaf yolunun dövrləşdirilməsinə də aid edilə bilər.
    Nizami Cəfərovun əsaslandırılmış elmi qənaətləri türk xalqları ədəbiyyatının müxtəlif inkişaf dövrlərinin əsas ana xətlərini, qüdrətli yaradıcılarının əsərlərinin, həmin mərhələlərinin ən mühüm tezislərinin müəyyən olunmasına şərait yaradır. Nəticə etibarilə tədqiqatçının problemə dərindən bələdliyini qabarıq ifadə edən "fəsillər" həm də oxucular üçün türk xalqları ədəbiyyatının keçdiyi çətin, mürəkkəb və şərəfli inkişaf yollarının öyrənilməsinə etibarlı surətdə bələdçilik edir. Bu mənada qədim dövr türk ədəbiyyatının "Altay-protürk-türk mifologiyasından türk tanrıçılığına qədər gəlib çıxan proses" kimi dəyərləndirilməsi, ortaçağ türk ədəbi hadisəsinin "türk xalqlarının həyatında etnocoğrafi parçalanmalar, sülalə dövlətlərinin, imperiyaların yaranması, islam dininin etnososial təfəkkürdə möhkəmlənməsi, kütləviləşməsi" tipində təqdim olunması, ədəbi-siyasi proseslərin vəhdətdə alınaraq təhlildən keçirilməsi ilə müəyyən olunur. Buna uyğun olaraq yeni dövr ədəbiyyatının "milli bütövlük kompleksi nümayiş etdirən türk xaltlarının formalaşması" prosesinin bədii düşüncəsinin qanunauyğun məntiqi nəticəsi səviyyəsində bəyan edilməsi, nəhayət, ən yeni dövrün "türk xalqlarının tarixində milli ideologiya axtarışları, siyasi özünüdərk, respublika idarəçiliyi" mərhələsinin ədəbiyyatı kimi səciyyələndirilməsi Nizami Cəfərovun təsnifat-təyinatlarında tarixi-ədəbi və siyasi-ideoloji düşüncəni incəliklərinə qədər nəzərə aldığını nümayiş etdirir.
    Tam halda çoxcildliyin elmi bölmələri türk xalqları ədəbiyyatının təkamülü və inkişaf yoluna işıq salan ciddi bir tədqiqat əsəridir. Həm də təqdim olunan elmi bölmələr problemə Nizami Cəfərovcasına yanaşmanın uğurlu elmi ifadəsidir. Qədim türk ədəbiyyatından bəhs edən bölmələrdə Nizami Cəfərov dilçi-mifoloq və mətnşünas, bu ədəbiyyatın orta əsrlər dövründən söz açan məqamlarda ədəbiyyatşünas-ideoloq səviyyəsində diqqəti cəlb edir. Sadalanan istiqamətlərin hər birinin tədqiqində böyük bacarıq, professionallıq, özünəməxsusluq nümayiş etdirən Nizami Cəfərov yalnız çoxaspektli yanaşma ilə geniş bir coğrafiyanın əhədiyyatını bütün əsas yönləri və ən səciyyəvi cəhətləri ilə təqdim edə bilmişdir. Buna görədir ki, türk xalqları ailəsinə daxil olan ayrı-ayrı xalqların hər birinin əhədiyyatının ən xarakterik xüsusiyyətləri tamın, ümuminin üzvi tərkib hissəsi kimi diqqət mərkəzinə çəkilmişdir. Eyni zamanda, müəllif ayrı-ayrı türk xalqları ədəbiyyatından seçilmiş sənətkarları təqdim edərkən də həmin görkəmli ədəbi şəxsiyyətlərdən hər birinin fərdi özünəməxsusluğunu müəyyən edə bilmişdir. Bundan başqa, Nizami Cəfərov çoxcildliyə daxil etdiyi sənətkarların türk xalqları ədəbiyyatındakı, ümumtürkoloji məkandakı yerini və mövqeyini, onların ədəbi təsirinin üfüqlərini də düzgün təyin etmişdir. Bundan başqa, əsərdə türk xalqları üçün səciyyəvi olan janrların təhlili prosesində də yüksək elmilik, nəzəri dəqiqlik əsas meyara çevrilir. Eposdan, manidən, türkülərdən, ağılardan, ilahi şerlərdən, tuyuqlardan kitabələrə, mənzum romana, klassik şeir şəkillərinə, çağdaş ədəbiyyatın carlarına qədər istinad olunan bütün bədii formalar Nizami Cəfərovun təyinatında özünün dəqiq və münasib elmi qiymətini almışdır. Xüsusən, qədim dövr türk eposu, şeri və nəsrinin bu vaxtadək az öyrənilmiş janrlarına dair təhlillərdə və şərhlərdə alimin məsələnin nəzəri cəhətlərinin öyrənilməsinə böyük əmək sərf etdiyi qabarıq şəkildə göz önünə gəlir. Bir çox məqamlarda Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslığında bəzi janrların, yaxud sənətkarlıq məsələlərinin ədəbiyyat nəzəriyyəsi baxımından ilk tədqiqatçısı kimi çıxış edir. Lakin əsərdə bu sıradan ifadə olunan mülahizələr ilk olmasına rəğmən təcrübəli bir ədəbiyyatşünasın yetkin qənaətləri səviyyəsində ümumiləşir. Əsərdən aldığımız "qədim türk eposunun əsasında protürk-türk mifologiysı dayanır... Tanrıçılıq türk eposunun ...ideya-məzmun əsaslarını müəyyənləşdirən generator olmuşdur" tezisi başlanğıc mərhələdəki türk törəyiş-təsəvvür dastanlarının fəlsəfəsini dəqiq ifadə edir. Yaxud "qədim türk şeirinin ...ikinci qolu dini-mistik poeziyadır... Türk dini-mistik poeziyası iki istiqamətdə - maniçi və buddist şeir istiqamətlərində inkişaf etmişdir. Bu şerlər türk şerlərindən (türkülərdən) yalnız ideya məzmununa görə deyil, poetik formasına görə də əsaslı fərqləir. Ən mühüm fərqlər ondan ibarətdir ki, ikincilərdə 1) həcm böyükdür. 2) bəndlər bəzən dörd yox. Səkkiz misradan təşkil olunur, 3) misralar uzundur, 4) qafiyələnmə adətən misraların sonunda deyil, əvvəlindədir" kimi nəzəri qənaətlər Nizami Cəfərovun əsərindən süzülüb "Ədəbiyyat nəzəriyyəsi" dərsliklərinə keçə biləcəkdir.
    "Türk xalqları ədəbiyyatı" dördcildliyinin özü də strukturuna, quruluşuna, "janrına" görə orijinal əsərdir. Çoxcildlikdə elmi-nəzəri bölmələrdə bədii mətnlər növbələşir və biri digərini tamamlayır. Fikrimizcə, "Türk xalqları ədəbiyyatı" əsərinin ədəbiyyatşünaslıq baxımından monoqrafiya - salnamə və ya "monoqrafiya-müntəxabat adlandırılması daha münasibdir. Salnamə, yaxud müntəxabat qismində verilmiş ədəbi nümunələr türk dünyası üçün ortaq sayıla bilən, yaxud ideya-bədii dəyəri etibarilə ümumtürk səviyyəsinə yüksələn qiymətli əsərlərdir. Bu bədii nümunələrdən bəzilərinin mətnləri ilk dəfədir ki, Azərbaycan elmi ictimaiyyətinə və geniş oxucu auditoriyasına çatdırılır. Məsələn, kitabdakı çoxvariantlı "Boz qurd dastanları", "Oğuz kağan dastanı", "Alp Ər Tonqa dastanı", "Ərgənəkan dastanı", "Köç dastanı" və ya "Türk maniçi və buddist şeirləri haqqında müxtəlif mənbələrdə az-çox söz açılsa da həmin örnəklərin tam mətnləri toplu halında, sistemli şəkildə çap edilib elmi dövriyyəyə daxil edilməmişdir. Belə məqamlarda Nizami Cəfərov həm də istər-istəməz mətnşünas kimi də çıxış edərək təqdim etdiyi bədii mətnlərin quruluşu, elmi-tənqidi şərhi, saxlandığı salnamə və cünklər haqqında da məlumat verməli olur. Bundan başqa, yuxarıda adları qeyd olunan miflərin, şeirlərin böyük əksəriyyəti ilk dəfə "Türk xalqları ədəbiyyatı"nda Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq oxucuya ünvanlanır. Türk dastanlarını çoxcildlikdə "Kitabi-Dədə Qorqud", "Manas" və "Koroğlu" kimi ümumtürk xarakterli dastanların təmsil etməsi tamamilə təbii görünür. Ümumtürk ədəbiyyatı səviyyəsində çoxcildlikdə təqdim olunan sənətkarların müəyyən olunması məsələsində də Nizami Cəfərov obyektiv mövqe tutmuşdur. "Türk xalqları ədəbiyyatı"nda təmsil olunan Yusif Balasaqunlu, Əhməd Yuqnəki, Əhməd Yasəvi, Nizami Gəncəvi, Yunis Əmrə, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Baqi, Nadim, Molla Pənah Vaqif, Məhtumqulu, Mirzə Fətəli Axundov, Abay, Tofiq Fikrət, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Nazim Hikmət, Mustay Kərim, Musa Cəlil, Qafur Qulam, Qaysın Quliyev, Əziz Nesin, Məhəmməd Hüseyn Şəhriyar, Çingiz Aytmatov və Oljas Süleymanov kimi adlı-sanlı, məşhur sənətkarlar türk dünyasının hər yerində tanınmaqla bərabər, ümumbəşəri dəyərlərlə yanaşı, mənsub olduqları xalqların milli-tarixi taleyini ən yüksək sənət səviyyəsində əks etdirmişlər. Adları çəkilən çoxcildlikdə yer almış sənətkarlar yalnız Azərbaycan baxımından deyil, digər türk xalqları tərəfindən də türkoloji məkanda eyni səviyyədə qəbul olunur. Bəlkə bu pleyedanı bir qədər də artırmaq arzusu meydana çıxa bilər, ancaq onlardan kimisə ixtisar etmək xeyli dərəcədə çətindir. Aparılan ciddi elmi təsnifat ayrı-ayrı dövrlər üzrə təqdim olunan sənətkarların türk xalqları ədəbiyyatındakı, ümumtürkoloji məkandakı yerini, sırasını, mövqeyini və rolunu aydın təsəvvür etməyə imkan verir. Eyni zamanda təqdim olunan sənətkarlar ayrı-ayrı türk xalqlarının ümumtürk ədəbiyyatında hansı səviyyədə təmsil oluna bildiklərini əyani surətdə göz önünə gətirir.
    Fikrimizcə, "Türk xalqları ədəbiyyatı" kimi ümumiləşmiş bir əsərin Azərbaycanda meydana çıxması burada türkologiya sahəsində ən azı bir əsrdən artıq bir dövrdə qazanılmış mühüm nailiyyətlərin, əldə edilən qiymətli nəticələrin, formalaşmış sabit ənənələrin mövcudluğu ilə əlaqədardır. Klassik türkologiya ənənələri zəminində yetişib formalaşmış, Azərbaycan türkologiyasının qüdrətli nümayəndələrinin istedadlı davamçısı Nizami Cəfərovun çoxcildlik "Türk xalqları ədəbiyyatı"nı ortaya qoyması onun ən yeni dövr türkologiya elmində tutduğu mövqe ilə üzvi surətdə bağlıdır. Belə ki, "Türk xalqları ədəbiyyatı" dördcildliyi müasir mərhələdə azərbaycanşünaslığı və türkologiyanı respublikamızdan kənarlarda layiqincə təmsil edən Nizami Cəfərovun hər iki istiqamətdəki çoxillik elmi fəaliyyətinin uğurlu məntiqi davamı və nəticəsidir. Bizə görə, "Türk xalqları ədəbiyyatı" Azərbaycan ədəbiyyatşünaslıq elminin müstəqillik dövründəki mühüm nailiyyətlərindən biridir. Çoxillik araşdırmaların və böyük elmi təfəkkürün məhsulu olan bu dəyərli əsər geniş mənada müasir türkologiyanın da uğuru sayılmağa layiqdir.
    Nizami Cəfərov ədəbi tənqid sahəsində də səmərəli və ardıcıl fəaliyyət göstərməkdə davam edir. Onun tənqidçilik fəaliyyəti üçün geniş dünyagörüş səviyyəsində dəyərləndirilmə və obyektivlik ön mövqeyə çıxmışdır. O, ədəbi faktı və ya şəxsiyyəti sadəcə təqdim etməklə kifayətlənmir, əksinə, müasirlik işığında dərindən təhlil etməyi bacarır. Ən müasir Azərbaycan romanı və yeni çağ Azərbaycan şeiri Nizami Cəfərovun elmi-nəzəri təhlillərində özünün əsl qiymətini tapır. Son vaxtların elmi-ədəbi mübahisələrində də ən çox iştirak edən, hətta bəzən təkbaşına çarpışmalı olan Nizami Cəfərov milli mövqeyi, azərbaycançılıq amalını hər şeydən uca tutması ilə fərdiləşir. Belə məqamlarda müşahidə etdiyim təmkin və analitik düşüncə "əlli yaşında cavan" Nizami Cəfərova məxsusi bir müdriklik gətirir. Və həmin ümummilli müdrikliyin işığında sadəcə Nizami Cəfərovun üstünlüyü deyil, dözümünün, iradəsinin və istedadının da miqyası aydın görünür. Ümumilikdə Nizami Cəfərov XXI əsr Azərbaycan ziyalısının tam, bütöv obrazını özündə cəmləşdirir.
    Özünəməxsus yazı tərzinə malik olmaq baxımından da Nizami Cəfərov xoşbəxt elm xadimidir. Onun yazılarını müraciət etdiyi problemlərdən, ədəbi şəxsiyyətlərdən başqa, həm də bənzərsiz yazı tərzinə görə, üslubuna əsasən çox asanlıqla tanımaq mümkündür. Bu cəhətdən o, qibtəediləcək yaradıcı şəxsiyyətdir. Sanballı elmi-ictimai xidmətlərinə, ardıcıl, yorulmaz və səmərəli fəaliyyətinə, habelə özünəməxsus yazı tərzinə görə Nizami Cəfərovu istənilən dilçidən və ya ədəbiyyatşünasdan asanlıqla fərqləndirmək mümkün olur. Onun çox əsaslı və bənzərsiz yazı möhürü vardır. Müdriklik, obrazlı dəyərləndirmə qabiliyyəti, geniş dünyagörüş, iti və yetkin məntiq və bütün bunların hamısının ifadə vasitəsi olan yüksək yazı vərdişləri, üstün nitq mədəniyyəti Nizami Cəfərovu fərdiləşdirir.
    Nizami Cəfərov ən yeni dövr Azərbaycan elmi-ictimai fikrinin aparıcı siması, görkəmli nümayəndəsidir. O, milli humanitar düşüncənin çağdaş elmi mühitdəki Nizamisidir. Nizami Cəfərovun alim obrazı "alimdir gözümdə ən böyük insan" deyən böyük Nizami Gəncəvinin elm və alim haqqındakı poetik təsəvvürlərinin yeni tarixi mərhələdə gerçəkləşdirilməsinə uğurla xidmət edir. O, əlli yaşını ədəbi mübahisələrin, elmi axtarışların, yaradıcı düşüncələrin axarında qeyd edir. Bu mənada onun indiki "yubiley ovqatı" hesabatdan çox prosesi xatırladır. Uğurlar arzulayıram.

İsa HƏBİBBƏYLİ Naxçıvan Dövlət Universitetinin rektoru, akademik

E-mənbə / link: http://525.az