Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Azərbaycanın müqəddəs yerləri. İnanc ocaqlarımız - inam məkanlarımız: Diri baba» türbəsi. Bababağ - müqəddəs zirvə

Müəllif:

Bələdçi


Kateqoriya:

İslam



Qısa Təsvir:

Azərbaycanın müqəddəs yerləri. İnanc ocaqlarımız - inam məkanlarımız: Diri baba» türbəsi. Bababağ - müqəddəs zirvə.  Əsrlər uzunu xalqımızın müqəddəs bilib ziyarət etdiyi daha bir misilsiz abidə - «Diri baba» türbəsi. Abidə orijinal memarlıq forması, mütənasibliyi, dekorativ bəzək elementlərinin zərifliyi, ətrafdakı təbii mənzərə ilə harmoniya təşkil etməsi və başqa keyfiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindəndir.


Baxış sayı: 710
    
    


Diri baba» türbəsi

 

      Əsrlər uzunu xalqımızın müqəddəs bilib ziyarət etdiyi daha bir misilsiz abidə - «Diri baba» türbəsi. Abidə orijinal memarlıq forması, mütənasibliyi, dekorativ bəzək elementlərinin zərifliyi, ətrafdakı təbii mənzərə ilə harmoniya təşkil etməsi və başqa keyfiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindəndir.
   
   
   Orta əsr Şirvan-Abşeron memarlığına aid olan abidə Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsinin yaxınlığında yerləşir. Türbə 1402-ci ildə qayada oyulmuş mağarada əhəng daşından tikilib. Abidənin cənuba baxan bir fasadı var. O biri tərəfləri isə qayanın içindədir. Türbə ikimərtəbəlidir. Birinci mərtəbə səkkizguşəli, günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağtavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir. Salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır. Salon qayanın daxilindəki balaca bir mağara ilə birləşir. Bəs türbə kimin şərəfinə tikilib? Bu barədə fərziyyələr, mülahizələr müxtəlifdir. Azərbaycan Sovet Ensiklopediyasında verilmiş məlumat isə belədir: «Ehtimala görə, mağarada «Diri baba» türbəsinin memarı basdırılıb». Bu fərziyyə inandırıcı görünmür.
   F.Deminski yazır: «Ərəbqədimlilər Qafqaza ilkin gəlişləri ilə əlaqədar belə söyləyirlər ki, Məhəmməd özünü peyğəmbər elan edən zaman onun əmisi Əbu Ləhəb, əmisi oğlanları Əbu Cəhl və Əbu Sufyan onu öldürmək qərarına gəldilər. Bunun ardınca Allah Qurana «Abtar» surəsini göndərdi. Əbu Ləhəbin oğlu Əmir müsəlmanlığı qəbul etmişdi. Onun Məhəmmədə yaxın hesab edilən Atam və Akam adlı iki oğlu var idi. Peyğəmbərin Məkkədən Mədinəyə qayıtmasından sonra Atam başçılıq etdiyi dəstə ilə Şirvana gəlmişdi. Atam burada ölüb, cəsədi isə Mərəzə kəndinin yaxınlığındakı «Diri baba» türbəsində uyuyur. Şirvanda, xüsusilə də, Şamaxı-Qobustan ərazisində ərəb mənşəli kəndlər çoxdur. Ərəbqədim də belə kəndlərdən biridir və kəndin bir qolu indinin özündə də İbn Əmirlər adlanır. Tarixi mənbələr, görkəmli alimlərin apardıqları tədqiqatlar ərəbqədimlilərin Atam ibn Əmir ilə bağlılığını rəvayət yox, həqiqət olduğunu söyləməyə əsas verir. Bütün bunlara əsasən belə bir qənaət yaranır ki, Atam ibn Əmir yaxın qohumu Məhəmməd peyğəmbərin yolunu tutmuş, peyğəmbərin şəcərəsinə mənsub adamlar tərəfindən əsası qoyulan və geniş yayılan sufiliyin Xəlvətiyyə təriqətinin nümayəndələrindən olub. O da Xəlvətiyyə adəti ilə öz qohumu Məhəmməd peyğəmbər kimi yaşadığı ərazinin yaxınlığındakı mağaraya çiləyə çəkilirmiş. Növbəti çilə vaxtı vəfat etdiyinə görə, onu qəlbən Allahla tək qaldığı məkandan ayırmamış, oradaca dəfn etmişlər. Bundan sonra bura ziyarətgaha çevrilib.
   Bu nadir maddi-mədəniyyət incisi haqqında el-oba camaatı arasında müxtəlif rəvayətlər hələ də dolaşmaqdadır. Məlum həqiqət isə budur ki, «Diri baba» müqəddəs bir məkandır və bütün Şirvan eli əsrlər uzunu bu ocağa tapınıb. «Diri baba» bu gün də əzəmətlidir. Ətrafında əsaslı abadlaşdırma işləri aparılıb, yolu qaydaya salınıb, ciddi şəkildə mühafizə olunur. «Diri baba» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

E-mənbə \ link: http://medeniyyet.az/site/?name=content&content=3773

 

Bababağ müqəddəs zirvə

   Ona el arasında Həzrət Baba ziyarətgahı da deyilir
   
   Qarlı zirvəsi olan dağların əhatəsində insanların yüz illərdir ki, müqəddəsliyinə tapınıb pənah gətirdiyi bir məkan var. Bu, dəniz səviyyəsindən 3629 metr yüksəklikdə yerləşən Babadağ və ya Həzrət Baba ziyarətgahıdır. Həzrət Baba İsmayıllı rayonunun Lahıc kəndindədir. Ziyarətgahın yaranması ilə bağlı xalq arasında maraqlı rəvayətlər dolaşır. Rəvayətlərdən birində deyilir ki, Həzrət Baba Allahın ən çox sevdiyi qullarından biri olub. O, bu dağlarda çobanlıq edirmiş. Həzrət Baba öz ögey anasını çox sevirmiş. Bir dəfə zəmidə bir buğda dənəsi onun ayağı altında qalıb. Həzrət Baba isə çox kədərlənib. O, ögey anası ilə Babadağına çıxıb və Allahdan bağışlanmağını istəyib. Ögey anası dağın ətəyində, Həzrət Baba isə dağın zirvəsində dua edir. Deyilənlərə görə, Həzrət Baba dağın zirvəsində qeyb olub.
   Başqa bir rəvayətə görə, Həzrət Baba Səudiyyə Ərəbistanında yaşayırmış. Sonralar söhbət gedən məkana gəlib. Həzrət Babanın Babadağa gəlişi Ərəbistanda İslamın meydana gəlməsindən sonra baş verib. Deyilənlərə görə, bir məclisdə necə olursa görmür, ayağının altında bir düyü dənəsi qalır. Düyü də bərəkətdir. Elə həmin gecə də Allah yuxusuna girir. Günahını yumaq üçün ona Babadağa getməyi tapşırır. Yolu da başa salır. Elə həmin gecənin səhəri Həzrət Baba ailəsini də götürüb yola çıxır.
   Danışırlar ki, Həzrət Babanın anası Babadağa qalxmaqdan imtina edir, bacısı Ağabikə isə qardaşından ayrılmır, Babadağın zirvəsində məskunlaşırlar.
   Şair Musa Yaqub "Babadağın ağ dumanı" poemasında Həzrət Babanın əvvəlcə Babadağın ətəyində yaşadığını yazır. O vaxtlar tufan, qasırğa bu tərəflərdən - dağların ətəyinə sığınmış kəndlərdən əl çəkmirmiş. Camaatın əkin-biçinini zay edirmiş. Bu işin başında duran da şeytan imiş. Adamlar Həzrət Babanın yanına xahişə gedirlər. Həzrət Baba şeytanı öldürmək üçün onun yaşadığı dağlara qalxır. İndi dəfn edildiyi yerdə yurd salır (belə fikir də var ki, Həzrət Baba qeybə çəkilib. İnsanların ziyarət elədiyi bu qəbir rəmzidir). Həzrət Baba şeytanı öldürə bilməsə də, dağ kəli, dağ keçisi və qartalların köməyi ilə onu qovub ən dərin bir dərəyə salır - camaatı bəladan xilas edir. Şeytanın gizləndiyi həmin dibsiz dərədən indi də uğultu gəlir. İnsanlar o gündən şeytanın yaşadığı həmin dərəyə daş atırlar. Sonra qartal, kəklik, İsgəndər quşları dimdiklərində neçə gün dalbadal dən daşıyıb gətirirlər. Həzrət Baba yer əkir, taxıl yetişdirir. Əkində-biçində dağ heyvanları onun köməyinə gəlir. Sonra Həzrət Babanın ömür-gün yoldaşı Güllü və qızı onun dalınca bu zirvəyə gəlib çıxırlar. Deyirlər ki, ana və qızı ziyarətgahın yamacında, Həzrət Baba isə zirvəsində dəfn olunub.
   Bu dağ ilboyu qarlı olur. Ona görə də bu dağa bəzən Qarlı baba da deyirlər. Ziyarətgahı 7 dəfə ziyarət edən şəxsə «həzrət» deyirlər.
   Həzrət Baba ziyarətgahına yalnız iki tərəfdən - İsmayıllıdan və Qubadan yol var. Bakıdan Lahıc qəsəbəsinə kimi 170 km-dir. Həzrət Baba ziyarətgahına gedən yol Qurbangah deyilən yerdən başlayır.
   Babadağ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

E-mənbə \ link: http://medeniyyet.az/site/?name=content&content=3650