ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
PLATONOV DILININ QATLARI
Andrey Platonov 1899-cu ildə Voronejin Yamskaya qəsəbəsində dünyaya gəlib. Çoxuşaqlı ailənin böyük oğlu olduğundan hələ yeniyetməlik çağlarından ən ağır işlərdə çalışıb. Atasına kömək olub. Çox yerlərdə, çox sahibkarlara qulluq edib. Odur ki, yazılarında "intiligent" obrazlarına az təsadüf olunur. Onun qəhrəmanları adətən sadə zəhmət adamları, kəndlilər, fəhlələrdi. Və bu insanlar daha çox torpağa bağlılıqları, həyatın bütün qatlarına dərindən bələd olmalarıyla son dərəcə müdrik, ağıllı, tədbirli, deməli, həm də əsil ziyalıdırlar. Platonov ayrıca filoloji təhsil almayıb. Sadəcə, yazı-pozuya yaşının erkən çağlarından başlayıb. Onun ötən əsrin 30-cu illər yaradıcılığına bələd olan Lev Qumilyov deyibmiş ki, Platonovda mühəndis ağlı, kəşflərə meyl var və əgər o mühəndis olmasaydı, onda yazıçı Platonov da olmazdı. Qumilyov bununla Platonov nəsrində boy göstərən xarakter bitkinliyinə, hadisələrin, vəziyyətlərin, insan münasibətlərinin sözlə, dialoqlarla ifadəsindəki heyrətamiz riyazi dəqqiliyə işarə vurudu.
A.Platonov Voronejdəki dəmiryol texnikumunu bitirir, atası ilə bərabər qatar sürücüsü işləyir, sonra elektrik stansiyası tikintişinə rəhbərlik edir. Bax, elə o illərdə də (1917-1918) müntəzəm yazılar yazır, oçerkləri, məqalələri qəzetlərdə çıxır.
Böyük Vətən Müharibəsi başlayanda onu əsgər aparırlar. 1942-ci ildən davanın sonuna kimi "Krasnaya zvezda" qəzetinin cəbhə müxbiri işləyir. Qəzetin redaktoru Ortenberq xatırlayırdı: "Platonovun cılız fiquru onu görənlərin təsəvvüründə heç də yazıçı obrazı canlandırmırdı. Əsgərlər onunla özlərini çox sərbəst aparır, ürəyindəkiləri ən xırda incəliklərinə qədər açıb tökürdülər ki, bu da Platonova misilsiz material verirdi".
A.Platonov rus yazıçıları arasında nəsr dili, üslubiyyət, ricət baxımından ən maraqlı, təkraredilməz sənətkarlardan sayılır. Onun bənzərsiz nəsri uzun illər geniş oxucu dairələrindən gizli saxlanılıb, az təbliğ olunub. Repressiya illərindən güclə yaxasını qurtarsa da, hələ 41-45-ci illər müharibəsində ağır xəstəliyə düçar olmuş, 1951-ci ildə, 52 yaşında dünyasını dəyişmişdir. Deyilənə görə, axır illərdə demək olar heç nə yazmayıb. SSRİ Yazıçılar İttifaqının təsərrüfat işləri idarəsində fəhlə işləyirmiş.
1950-cı ildə qələmə aldığı "Naməlum çiçək" adlı nağıl-hekayəsi qəribə bir sonluqla tamamlanır: "O (çiçək), ləçəklərini əsən küləyə sarı çevirdi və külək ona yetişcək səngidi, sakitləşdi... Çiçək bütün gecəni topladığı şeh damcılarını ləçəkləri üzərində hifz edib saxlamışdı... Ancaq onun yaşamağa ehtiyacı vardı, aclıq və yorğunluğa səbrlə üstün gəlməyə çalışırdı"... Bu çiçəkdə,-eləcə də müəllifin özündə yaşamağa kədərli bir istək, qəmli bit inadcıllıq var. Onların hər ikisi sanki həyata gəldiklərinə görə, başqalarına bənzəmədiklərinə görə utancaqlıqla üzr istəyirlər. Balaca qızcığaz Daşa elə bu cür də çiçəyə üz tutub xəbər alır:
-Sən niyə başqalarına bənzəmirsən?
Çiçək yenə nə cavab verəcəyini bilmədi. Amma o ilk dəfəydi ki, bu qədər yaxından insan səsi eşidirdi. Birinci dəfəydi ki, kimsə ona baxırdı, ona görə də öz qaradinməzliyi ilə istəmədi Daşanı incidə. Odur ki, dilləndi:
-Ona görə ki, mənə çətindir...
Platonovu oxumaq, eyni zamanda onun yazıçı priyom və sirlərindən halı olmaq çətindir. Bir rus ədəbiyyatşünası demişkən, Platonov nəsri həm də təhlükəlidir. Ən çox da təzə yazmağa başlayan, təsirlərə tez məruz qalan gənclər üçün.
Platonov nəsrini, başqa dillərə deyə bilmərəm, azərbaycancaya çevirmək olduqca çətindir. Özünün "Kədərli seçmələr" adlı kitabında: "Platonovu Azərbaycan dilinə tərcümə eləmək mümkün deyil. Söhbət dilin gücündən və ya gücsüzlüyündən getmir. Məsələ burasındadır ki, Platonovun rus dilində qaldırdığı bədii emosional qat Azərbaycan dilində hələ oyadılmayıb" - deyən Kamal Abdullaya haqq qazandırıram və istedadlı alim, yazıçı, tərcüməçi dostumun bu hökmündən sonra dönə-dönə oxuyub, Platonovun yalnız "Torpaqda çiçək"adlı kiçik bir hekayəsini dilimizə çevirməyə cürət etdim - bu dahi söz ustadının əsərlərinin Azərbaycan türkcəsində daha mükəmməl, daha möhtəşəm tərcümələrini oxumaq ümidi ilə...
İntiqam MEHDİZADƏ
TORPAQDA ÇİÇƏK
(Hekayə)
Yaşamaq Afonya üçün darıxdırıcıdır. Ata müharibədə, ana səhərdək axşamacan kolxozun süd fermasında işləməyində, babası Titsə sobanın üstündə yatmağında. Gündüz də yatır, gecə də yatır, səhərlər oyanıb südlü sıyığı yeyən kimi təzədən mürgüləyir.
- Baba, daha yatma da, nə olar, sən axı yatıb doymusan - bu sabah Afonya babasına dedi.
- Yaxşı, Afonyam mənim, daha yatmaram-baba cavab verdi. - Mən uzanıb eləcə sənə baxacam.
- Onda bəs niyə gözlərini yumursan, mənimlə kəlmə kəsmirsən?- deyə Afonya soruşdu.
- Daha gözümü yummayacam, - baba söz verdi. - Başlayacam işığa baxmağa.
- Niyə sən elə hey yatırsan, amma mənim yuxum gəlmir?
- Yaşım çoxdur, quzum... Doxsanıma üç il qalıb, gözlərim öz-özünə qapanır.
- Niyə qaranlıqda yatırsan, - dedi Afonya. - Həyətdə gün çıxıb, ot bitib, sənsə yatırsan, heç nəyi görmürsən.
- Mən hər şeyi görmüşəm, Afonyaçığım.
- Bəs niyə gözlərinin içi ağdır, onlarda yaş parlayır?
- Solublar, Afonya, işıqdan kor olublar, zəifləyiblər, mən axı, bu dünyanın işığına çox baxmışam.
Afonya babasına necə var, elə baxırdı. Qocanın saqqalının tükləri arasında çörək qırıntıları vardı, bir də orda bir hünü yaşayırdı. Afonya skamyanın üstünə çıxıb babanın saqqalındakı qırıntıları götürdü, hününü də qovdu-qoy başqa yerdə yuva salsın. Babanın əlləri masanın üzərinə sərilmişdi; iriydi, dərisi elə biləsən ağac qabığıydı və ömrü boyu torpaqla əlləşən bu əllərin dərisi altından yoğun, qara damarlar görünürdü.
Afonya babasının gözlərinə baxdı. Açıq olsalar da heç nəyi görmürmüş kimi, laqeyd-laqeyd baxırdılar və hər gözün giləsində də bir iri yaş damcısı parlayırdı.
-Yatma, baba! - Afonya yalvardı.
Ancaq baba artıq yuxulamışdı. Ana onu yuxulu-yuxulu götürüb sobanın üstünə qoymuş, üstünü adyalla basdırıb işə getmişdi. Afonya yenə komada tək qalıb darıxmağa başlamışdı. O, taxta masanın ətrafında dövrə vura-vura babasının saqqalından düşmüş çörək qırıntılarına daraşan milçəklərə baxırdı; sonra Afonya sobaya yaxınlaşdı, babasının nəfəs almasına dinşək kəsildi, pəncərədən kimsəsiz küçəyə göz gəzdirdi, sonra nə edəcəyini bilmədən eləcə stolun başına fırlanmağa başladı.
- Anam yoxdur, atam yoxdur, babam da ki, yatır, - Afonya öz-özünə deyindi.
Sonra saat əqrəblərinin hərəkətini izlədi. Onlar ağır-ağır, adamın ürəyini çəkə-çəkə irəliləyir, guya babasına layla çalırmış kimi çıqqıldayır, həm də sanki yorulub əldən düşmüş kimi hərəkətdən qalmaq istəyirdilər.
- Ayıl da, baba, - Afonya xahiş elədi. - Sən yatmısan?
- Hə? Yox əşşi, yatmamışam, -Tit baba sobanın üstündən səsini çıxardı.
- Sən fikirləşirsən?
- Hə? Burdayam, Afonya, mən burdayam.
- Sən orda fikirləşirsən?
- Hə? Yox, mən fikirləşib qurtarmışam. Afonyacığım, cavanlıqda fikirləşmişəm.
- Tit baba, sən çox bilirsən?
- Ço-o-x, Afonya, lap çox.
- Onda de də, nədir bu?
- Nəyi deyirsən, Afonya?
- Bütün bunlar nədi?
- Unutmuşam artıq, Afonya.
- Oyan, baba, danış hər şey barəsində mənə!
- Nə? - Tit mızıldadı.
- Tit baba! Ay Tit baba! - çağırdı Afonya. - Yadına salsana!
Amma baba rus sobasının üstündə yenidən dərin yuxuya getmişdi.
Bu səfər Afonya özü sobaya dırmaşıb babasını oyatmağa başladı. Babasa oyanmaq bilmir, sakitcə dodaqaltı anlaşılmaz sözlər pıçıldayırdı. Axırda Afonya da yorulub başını babasının ilıq torpaq ətri verən tanış, məhrəm sinəsinə qoyub yanındaca yatdı.
Yuxudan ayılanda Afonya gördü ki, babası gözlərini açıb harayasa baxır.
- Dur ayağa, baba, - dedi Afonya. Baba yenə gözlərini yumdu və yuxuya getdi.
Afonya fikirləşdi ki, o yatanda babası oyanır; ona görə də ən yaxşısı heç vaxt yatmayıb babasının nə zaman oyanacağını güdməkdir.
Və başladı pusmağa. Saat çıqqıldayır, çarxcıqları qıjıldayıb sanki oxuyur, ona layla çalırdılar.
Belədə Afonya sobadan düşüb saatın çarxını əliylə dayandırdı. Komaya sakitlik çökdü. Eşidilən təkcə çayın o üzündə ot biçən kəndlinin dəryazının xışıltısı, bir də komanın tavanı altında uçan mığmığanın zəif vızıltısıydı.
Tit baba gözlərini açıb soruşdu:
- Neynirsən, Afonya? Nə səs-küydür elə? Bu sənsən?
- Sən yatma, ay baba! - Afonya dilləndi. - Danış mənə bütün bunlar haqqında. Sən elə hey yatır, yatırsan. Axırda da öləcəksən - anam deyir ki, az qalıb ömrünə; sonra kim danışacaq mənə bütün bunlar haqqında?
- Dayan bir, mənə bir qurtum kvas ver içməyə, - dedi baba və sobadan düşdü.
- Yadına düşdü? - Afonya soruşdu.
- Düşdü. Gəl çıxaq həyətə, indi də işığa baş çəkək.
Qoca Tit kvasını içdi, Afonyanın əlindən tutdu və onlar komadan gün işığına çıxdılar. Ordasa günəş göyün ortasında dayanıb yetişmiş taxıl zəmisini, yol qırağında bitən çiçəkləri nuruna qərq eləyirdi.
Baba Afonyanı taxıl zəmisinin arasıyla uzanan yolla kövşənliyə, inəklər üçün şirin yonca, otlar, çiçəklər bitən yerə apardı. Baba təmiz, narın qumun içindən ürkək-ürkək boy atmış bir mavi çiçəyin yanında ayaq saxlayıb onu Afonyaya göstərdi, sonra əyilib əlini gülün ləçəklərinə toxundurdu.
- Bunu mən də bilirəm! - Afonya sözləri uzada-uzada dedi. - Sən mənə söylə ki, ən əsas olan nədir, sən mənə hər şey barədə danış! Nəyimə lazımdır mənim gül? Bu axı, hər şey deyil!
Tit babanın nəvəsinə acığı tutdu:
- Sənə nə lazımdırsa elə onda var!.. Bax, qumu görürsənmi, lal-dinməz, yerindəcə qalıb, daş ovuntusundan başqa bir şey deyil, daşsa nə yaşayır, nə nəfəs alır, ölü kül kimi bir şeydir. İndi başa düşdün?
- Yox, Tit baba. - dedi Afonya. - Burda başqa düşüləsi heç nə yoxdur.
- Deməli, anlamadın, anlamırsansa onda daha mən səni necə başa salım? Bu gülə bax bir, görürsənmi, zəif, yazıq canıyla özündə güc tapıb ölü torpağın bağrından pırtlayıb işığa çıxıb. Deməli o dənəvər, ölü torpaqdan çevrilib olur canlı bir bədən, üstəlik də başlayır ətrafına ən gözəl ətir saçmağa. Bu da səninçin dünyanın ən əsas işi, indi bildinmi hər şey hardan, nədən başlayır? Gördüyün bu çiçək dünyanın ən müqəddəs zəhmətkeşidir, o, ölümün içindən özünə həyat düzüb-qoşur.
- Bu çayır-çəmən, bu covdar da eyni işi görürlər? - Afonya soruşdu.
- Əlbəttə, - dedi babası.
- Biz də, eləmi?
- Biz də, mənim balam. Biz əkinçilərik, Afonyacığım, taxıl yetişdiririk. Bax, bu sarı çiçəkdən dərman alırlar, onu apteklər də götürür. Dərsənə onları, aparıb verərsən aptekçilərə. Axı, atan davadadır; birdən onu yaraladılar, yaxud azarladı. Bax, onda həmin dərmanla sağaldarlar.
Afonya otlar, çiçəklər arasında dayanıb fikrə getmişdi. Fikirləşirdi ki, onun özü də çiçək kimi bir şeydir və istəyirdi yoxdan, heçdən həyat yaratsın; dənəvər, lal-dinməz qum yatağından baş qaldıran mavi, qırmızı, sarı, xoşbəxt çiçəklər, onların göyə baxan zərif ləçəkləri, onların bu işıqlı dünyaya təmiz ətir yaymaqları barədə düşünürdü.
- Hə baba, indi daha mən də hər şeyi öyrəndim! - dedi Afonya. - Get evə, baba, sənin deyəsən yenə yatmağın gəlir, gözlərin ağappaqdı... Sən yat, babacan, ölsən qorxma, mən güllərdən öyrənəcəm ki, onlar ölü qumun içindən təzədən necə dünyaya gəlirlər. Onda sən də öz çürüntün içindən qalxıb yaşayarsan. Qorxma, baba!
Tit baba heç nə demədi. Öz ciyərparəsinə görünməz təbəssümlə gülümsündü, sonra yenidən komaya, sobasına döndü.
Balaca Afonya isə tarlada tək qaldı. Sonra sarı çiçəklərdən qucağı tutan qədər yığıb apardı aptekə ki, davadakı atası yaralanarsa ona kömək olsun. Aptekdə Afonyaya gətirdiyi dərman otlarına görə bir dəmir daraq verdilər. Onu evə gətirib babasına hədiyyə elədi: qoy bundan sonra babası saqqalını bu daraqla darasın.
- Sağ ol, Afonya, - dedi babası. - Bəs güllər sənə demədilər ki, onlar ölü torpaqda niyə ölmürlər?
- Yox, demədilər, - Afonya cavab verdi. - Sən özün bu qədər yaşamısan, yenə bilmirsən. Amma deyirdin hər şeyi bilirsən. Yox, bilmirsən.
- Haqlısan, - baba razılaşdı.
- Onlar lal-dinməz yaşayırlar, gərək yoxlayaq onları, - dedi Afonya. - Görəsən güllər niyə susduqlarını özləri bilirmi?
Baba xəfifcə qımışdı, nəvəsinin başını sığallayıb ona torpaqda bitən çiçəyə baxan təki baxdı. Sonra nəvəsinin ona bağışladığı dəmir darağı qoltuğunda gizlədib yuxuya getdi.
1945
Ruscadan çevirdi: İntiqam Mehdizadə
E-mənbə / link: http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=271