Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"TALISTAN DASTANI, CAVANŞİR YURDU" (Modern Azərbaycan poeziyasının tanımış simasından yeni poema)

Müəllif:

Çingiz Əlioğlu


Kateqoriya:

Yeni ədəbiyyat



Qısa Təsvir:

  Çingiz ƏLİOĞLU. "TALISTAN DASTANI,  CAVANŞİR YURDU" (Modern Azərbaycan poeziyasının tanımış simasından yeni poema)


Baxış sayı: 715
    
    


 

  
 

 
 
 Dostlarım, yol yoldaşlarım Eynulla,
Rafiq, Babək, Aqil və o urvatlı torpağın
ağır camaatı üçün

1

Qədim bir dastandır dadlı Talıstan,
Əfsanə, nağıldır müqəddəs məkan!
Orda hər cığıra qədəm bas asta,
Hər qaya önündə kirimiş dayan...

Cavanşir qalası... Qafqaz qartalı,
Adında, yaşında sirli gümanlar...
Ağ-qara buludlar yapıncı-şalı,
Cəngində çözülür çəngə dumanlar.

O dağlar qəlbidir, qalxa bilməsən
Güneydə boylanıb quzeyi seyr et.
Yox, işdir, gücənib qeyrətə gəlsən,
Dırmanıb o qala-muzeyə bir get...

... Heç ağlı yox bizə torba tikənin,
Qurğunu özümüz qurmuşuq, qardaş.
Dərsini verməmiş qırıb-tökənin,
Qeyrəti muzeyə vermişik, qardaş...

Bu nırxı kim qoyub, dəbi kim salıb,
Bəxt belə gətirsə vaxt gedəsidir?!.
Qayanın qaşında qeyrət timsalı
O qala bir hünər abidəsidir.

Hər sözün yüz mətləb, min bir qayəsi...
Bizi kimlər sürüb, kim minəsidir?!
Sementi dəyanət, dözüm mayesi,
O qala güc-qüdrət nümunəsidir.
Üstünə qanadı duman-çən gərib,
Hər yazı bir sirdir əcdad izində.
Vaxt yorub, yorğundur hörgü-səngəri,
Gizli səslər yatır quyu gözündə...
... Döşən daş döşəyə, yastana yastıq,
Görək nə söyləyir o səda, o səs.
Astaca fısıldar qocaman fıstıq,
Palıdda pıçıltı, vələsdə nəfəs...
O kimdir dağlara yaşıl don biçib,
Hər cığır itmiş bir ölçü lentidir.
O dərzi baltaya sonradan keçib,
Biçib parça-tala... balta itidir!
"Kəsilmiş palıdın yarası yanır
Ocaq yeri kimi, köz yeri kimi.
Qırılmış talada kötük qaralır
Quru kəllədəki göz yeri kimi".
Qaralan hər kötük qırılmış pilək,
Qopulmuş düymədir çılpaq yaxada.
Doğranmış hər budaq kəsilmiş bilək,
O şırım talalar çapıq yaxada!..
Meşə qırıldıqca çırmanıb donu,
Ayağı bürküdə bişib dağların.
Ətəkdə ayna var bulaqlar sanı,-
Eynəyi gözündən düşüb dağların...
Mehrli, mehriban dostdur sübh mehi,
Sənə ürkək-titrək toxunar otlar.
Qarışqa gözündə yaş sandım şehi,
Hər şehdə min qövsi-qüzeh rəngi var.
Gün qalxar, dağların qarlı başları
Alışar, min gözdən min su qaynayar.
Sellənib dağ çayı qovar daşları,
Dağ özü-özüylə "beşdaş" oynayar.
Göydə bir parlaq gün, bir aydı cında
Doğmadır bir ayrı dəyərlər sənə.
Yarpaqlar şeh-muncuq tutub ovcunda,
Uzadıb "Tap görüm!" deyərlər sənə...
... Eh, nəsə, doğmadır Cavanşir yurdu,
Burda sən yenidən doğuldun əlbət!
Burda hər kəs sənə dost-qardaş, yardı,
Bitib-tükənməyir şirin söz-söhbət.
Enir asta-asta göylərin tağı,
Yoxsa bu göy tala göyə qalxırmı?!
Qaralır batdıqca gün Hasan dağı,
Titrəşir səmada ulduz salxımı...
...Axır ki boşalır o son yeşik də...
Bulaq gözündəki qab da tükənir.
Yığışır səs-səmir, hay-küy eşikdən,
Kətildə huşlanan hərdən səksənir.
Dağılıb gedən kim, yatıb qalan kim,
Hakim uduzubdu, daşları qatır.
Aradan çıxıbdı Aqillə həkim,
Sizin də Rafiqlə növbəniz çatır...
... Bu da şam qoxulu şahanə daxma,
Zövq ilə bəzənmiş xudmani otaq.
Yerinə girsən də yatmırsan amma,
Sanki tikanlıdır gen, rahat yataq.
Gözünə qor dolub, bilmirsən nədən,
Səbrində əsər yox tükcə qərardan.
Meşədə ayıdan sən xatircəmsən,
Nigaran qalmısan körpə maraldan.
Bir də nigaransan cavan çinardan,
Qocaya onsuz da cəza kəsilib.
O maşın qatarı daşdandır hardan,
Oğranıb-doğranır ormanın nəsli.
Orda sən qardaşsan bir qız qayına,
Söyüdlər ardınca saçın yolandır.
Meşəni baxımsız, yalqız qoyana,
Eh, deyən kimdir ki, get keşikdə dur.
Toxlara dərd olmur dərdi acların...
Ormanın dərdi var ağaclar sanı.
Bilsən əlacını qarağacların,
Canından keçsən də tapardın onu.
Qovağı qovsan da çətin qaçandır...
Həsrət yaxşı şeydir, düşmənin çəkə.
Alıb sorağını, gör bir haçandır
Çöküb bir cığıra gözləyir cökə.
Gözəllik təkcə boy-buxunda deyil,
Doğmadır gəndəlaş, qaratikanı.
Orda hər yulğuna, mamıra əyil,
Boşla, qoy fırlansın vaxtın sükanı...
...Beləcə, o gecə yaman uzandı...
Xalqı da qınamaq olmur bu yerdə.
Qıraqdan danışmaq, deyir, asandır...
Bir əlac tapılsın gərək bu dərdə.

Düzələn deyildir bu dərd öyüdlə,
Nə qonaq qınağı, nə dost danlağı.
Ağac cənazəsi, meşə meydilə
Təpili-doluydu maşın banları...

...Boşla yaxamı, çıxım gedim,
səhər küləyi!
Ay sübh mehi, boşla məni...
Boşla məni, ocaq daşı,
Boşla, boşla yaşıl meşə,
Saytal qaya, şıltaq çay
Boşla məni, çıxım gedim.
Vaxt çatdı, heyhat!
Mən sağ... mən sağ, siz də salamat!
O dağ sağ, o bağ sağ,
Bu sol sağ, o sağ salamat!
A mərcan boyunbağ gəlin həmərsin,
Sən verdin dəlinin yaxşı dərsini...
Sən də boşla məni, a çaytikanı,
Zoğaldan qırmızı təsbeh aparım.
Damar-damar yaşıl mamır,
Özümdən mən giley, tənbeh aparım...
Boşla məni, Hasan dağı!
Boşla məni, çıxım gedim.
Əlimdəki son badəni,
Sal daşlara çaxım gedim!
Axar suda çilik-çilik
Parçalanan öz əksimə
Qoy son dəfə baxım gedim...
Bəlkə, elə o şəkil də
Mənim əsl düz rəsmimdir,-
Ağız əyri, burun əyri, göz əyri...
O əkstək yüngüləm mən
Çəksən elə gözəyarı.
Yüngülləşdim... boşla məni,
Uçub gedim gecəyarı bir böcəyin qanadında.
Bu ocağın atəşindən inad alım,
And yerimsən Hasan dağı,
Göz yaşım Əlləz bulağı,
Çidar vurma ayağıma.
Sən nəfəs ver yelkənimə,
Ləpə göndər qayığıma,
Dönüm şəhərə,-
O havasız məskənimə, yel kəmimə...
Boşla məni, gedim, dostum,
Boşla məni, qədim dastan!
İstəyə bax, bax həvəsə,
Qoy könüllü qayıdım mən,
Dönüm o asfalt məhbəsə,
Atım özümü dəmir-beton qəfəsə...
Zirvəsində qar tarrayan,
Köklü tarım Talıstan,
Boşla məni... qal salamat.
Sən də kiri, ay dağ çağı,
Kiri... kiri...
Mən qalandım qəm oduna,
Yandım... yandım diri-diri...
Mən dizimlə yer eşmədim,
Dırmanmadım sal qayaya,
Kənardanca durub baxdım,
Görəmmədim, heyhat, piri...
Bu torpağın qeyrət piri
Qədim qala, boşla məni.
Heç bilmirəm neynir axı
O gur şəhər
İtirilmiş başla məni...
Boşla məni, qədim qala,
İzlərimi oda qala!
Bu dünyada dövlət sarı
Bircə kövrək ürəyim var,
Sən istərsən o da qalar...
Bu ocaqdan od aldım,
Qalada qəlb qalandı!
Enib getsəm ucalıqdan,
Qəlb qəlbidə qalandı...
Binələri ağ tala,
Qara tala Talıstan!
Əlvida de, vida de,
Bu qədim adama, bu qart qartala...
Boşla məni... boşla... boşla...
Yox, görsən ki, gedəmmirəm,
Dirənmişəm, insaf elə,
Çıx get denən, get denən...
Sən Allah, daşla məni... daşla... daşla...

2

GEDİRƏM

Bəzi kənd cavanları iş-güc ardınca doğma yurd-yuvalarını tərk edib gedirlər. Təəssüf ki, Talıstanda da bu mənzərənin şahidi olduq.

Gedirəm, ardımca hey çağır... çağır...
Nabələd yolçuyam, daşdı yol, cığır.
Sən ağla, sən çağla, ha çığır... çığır...
Bizim göz yaşından, axı nə çıxır...

Səki bay olmuşduq, duvaq qapmışdıq,
Yeni yurd salmışdıq, suvaq yapmışdıq.
Qoşa, min suala cavab tapmışdıq...
Sağırı yağır mən, sən yorğun fağır...

İndi günəş batıb, ay çopur-çopur,
Minib külək məni, yel çapır... çapır...
Əlimdən tikəni tufan, sel qapır,
Təpkeşi təpəmə kül təpən təpir.

Elə hey dağ aşdım, dərəsi yoxdur...
Bu azğın çayların bərəsi yoxdur.
Mən gedən yolların bərisi yoxdur,-
Qaçıb balam gəlsin yaz tıppır-tıppır!

Daş yağın, a göylər, hey səpir... səpir...
İzimi tutubdu qar ləpir-ləpir.
Yazdım bu naməni yar, sətir-sətir,
Selləndi gözümdən yaş şıppır-şıppır...

3

YAD ETSİN MƏNİ

Qürbətdə qəribəm, dağlara deyin...
Baxıb ağ yollara ağlara deyin.
Vətəndə sağolmuş sağlara deyin
Sadəcə soraqla yad etsin məni.

Mən qoyub gəlmişəm bəxt ulduzumu,
Yazan bəd yazıbdır alın yazımı.
Bir rəhmə gətirin yelmar qızını,
Quruca vərəqlə yad etsin məni!

Qadasın aldığım bizim ellərdən
Mən həsrət qalmışam şana tellərdən.
Bir axşam ismarıc alıb yellərdən,
Bir sabah daraqla yad etsin məni.

Mən ki heç deyildim qürbət aşiqi,
Yad eldə nə işi kənd uşağının?!
Bilirəm, tez sönür kəndin işığı,
Bir qara çıraqla yad etsin məni.

Yasəmən əkmişdim yarın bağında,
Çiçəklər partdaşır bahar çağında!
Üç salxım saxlayıb bir budağında
Yaz salxım budaqla yad etsin məni...

4

OVÇU AQİL

Deməyin qızışıb ustad sirr satır,-
Şair var yanşaqdı aşıqdan betər...-
Bir ovçu dostum var, silah-sursatı
Bəlkə də bir rota adama yetər!

Pompalı vinçestr, dəri patrondaş,
Zağlı polad qəmə, nə bilim, nələr.
Bakıdan tərpənib yola düşən baş,
Düşündüm, dağları qoyacaq mələr!..

Qalmaz Talıstanda ta ayı, fələk,
Qalmaz quş-filan da, qırıb-çatacaq!
Sonuncu maralı eyləyib tələf,
Nallayıb alnından qaban atacaq...

... Arxada gedirdim ondan mən ovda,-
Belə tələb edir hörmət, ehtiram!
Bu boyda ovçuynan bu boyda qovda
Axı mən kiməm ki, yanaşı duram...
Utandım, özümü sandım lap çağa
Dostum dırmananda qaya qaşına.
İlk atəş vəlvələ salanda dağa,
Dedim ki, ayını aşırdı aşnam!..

Titrədi atəşdən meşə, çöl-bayır,
Əmdiyin süd sənə halaldır, halal!
Bu sən öl, gözündən atıldı ayı,
Ən azı qabandı, ya da ki, maral...

Bilməzdim özümdə belə fərasət,-
Dostumun yanına dördayaq qaçdım!
Bəs necə, əlimə düşmüşdü fürsət,
Mən şəkil çəkdirib forslanacaqdım...

...Havayı əziyyət çəkmişəm, demə,-
Başımın üstündə fişəng açıldı.
Gül açıb gülləndi qəfildən səma,
Fişənglər güldən də qəşəng açıldı!..

...Sən demə, bu ovçu Piri sandığım
Heç quşa-heyvana qıyan deyilmiş!
Boşaldıb havaya fişəng sandığın,
Qımışıb gülürdü bığaltı bic-bic.

Qəsdənmi ürküdüb ovu meşədən,
Sakitcə oturub indi gülürdü?!
...Daha nə söylənib-deyəcəkdim mən,
O, sanki, nəsə bir sirri bilirdi...

5

NƏRD

Baş qatmaq istəsən, gedək nərd ataq,
Zər-zad tutmaq nədir, zəri mərd ataq!
Bizimki qumar yox, quru azartdı,
Bəlkə çiynimizdən bir az dərd ataq...

Lap bəri başdanca kəsək şərt, ataq,
Nə güzəştlə ataq, nə də sərt ataq.
Uduzan uduzsun mərdi-mərdanə,
Daha olmaq nədir dilxor, pərt... ataq.

Gətir stəkanı, bir az qənd ataq,
Uduzsan bənd olma, bilsin kənd, ataq.
Bizimki, hələ ki, bəduğur gəlir,
Bəlkə biz də bir gün uğur səmt ataq.

Di, bir az əlli ol, bir az cəld ataq,
Bəxtindən çox umma, etmə əhd, ataq.
Udmağa, sən məni uda bilməzsən,
Bəlkə, özüm edəm buna cəhd... ataq!..