
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
MİRZƏ RƏHİM FƏNA. "TARİXİ-CƏDİDİ-QÄRABAĞ"
BAHARLI. "ƏHVALATİ-QARABAĞ"
HƏSƏN İXFA ƏLİZADƏ. "ŞUŞA ŞƏHƏRİNİN TARİXİ"
HƏSƏNƏLİ QARADAĞİ. "QARABAĞ VİLAYƏTİNİN QƏDİM VƏ CƏDİD KEYFİYYƏT VƏ ÖVZALARL..."
ABBASQULU AĞA BAKIXANOV. "GÜLÜSTANİ-İRƏM"
Tərtib edəni: Nazim Axundov
Elmi redaktoru: Akif Fərzəliyev
Qarabağnamələr. III kitab. Bakı, "Şərq-Qərb" nəşriyyatı, 2006, 248 səh.
"Qarabağnamələr"in üçüncü kitabında Azərbaycanın XX əsr salnaməçiləri Mirzə Rəhim Fənanın, Baharlının, Həsən İxfa Əlizadənin, Həsənəli Qaradağinin, Abbasqulu ağa Bakıxanovun Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanmışdır.
ISBN10 9952-34-070-2
ISBN13 978-9952-34-070-9
© "ŞƏRQ-QƏRB", 2006
TƏRTİBÇİDƏN
"Qarabağnamələr"in üçüncü kitabına Qarabağ tarixi haqqında Azərbaycan dilində yazılmış aşağıdakı salnamə və materiallar daxil edilmişdir: Baharlının "Əhvalati-Qarabağ", Mirzə Rəhim Fənanın "Tarixi-cədidi-Qarabağ", Həsən İxfa Əlizadənin "Şuşa şəhərinin tarixi" əsərləri, Həsənəli Qaradağinin "Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, Pənah xan, İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin əksər vəqaye və hekayətləri" əsərindən iqtibas, A.Bakıxanovun "Gülüstani-İrəm" əsərinin V fəsli. Bu əsərlər tarixi, coğrafi, etnoqrafik, onomastik məlumatlarla yanaşı, zəngin dil materialları verən abidələrdir.
Kitaba daxil edilən əsərlərin əlyazmaları aşağıdakı arxiv və fondlardan toplanılmışdır.
Baharlının yazdığı "Əhvalati-Qarabağ" əsərinin yeganə nüsxəsi Ermənistan Əlyazmaları Fondu - Matenadaranda saxlanılır. Həmin əsərin fotosurəti Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunda FS-455 nömrəli şifrlə saxlanılır.
Həsən İxfa Əlizadənin "Şuşa şəhərinin tarixi" əsəri müəllifin Respublika Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondunda saxlanan əlyazması əsasında çapa hazırlanmışdır. Nəzərə çatdırmaq lazımdır ki, Həsən İxfa başqa Qarabağ salnaməçilərindən fərqli olaraq Türkmənçay müqaviləsindən (1828) sonra Şuşada baş verən siyasi və mədəni hadisələri də qələmə almışdır. Həmin nəşrdə isə Həsən İxfanın 1828-ci ıldən sonrakı dövrə aid fikir və mülahizələri əvvəlki "Qarabağnamə"lərin xronolojisinə uyğun gəlmədiyindən hələlik ixtisar olunmuşdur. Tarixi mənbələr göstərir ki, Həsənəli Qaradaği də "Qarabağ tarixi" yazmışdır. Hələlik həmin əlyazma əldə yoxdur. Qaradağinin oğlu həmin əlyazmasını oxumuş və 1936-cı ildə oradan bəzi iqtibaslar edib əsərin qısa xülasəsini vermişdir. Bu iqtibas Əlyazmaları İnstitutunda B-1949 nömrəli şifrlə mühafizə olunur. Qaradağinin əldə olan təzkirəsi də aydın şəkildə göstərir ki, o, Qarabağ tarixinə yaxşı bələd imiş. Buna görə də Həsənəli Qaradağinin "Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları" adlandırdığı əsərdən iqtibası həmin kitabda vermək məqsədəuyğun sayılmışdır.
Mirzə Rəhim Fənanın "Tarixi-cədidi-Qarabağ" əlyazması da Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılır.
Əvvəllər rus, Azərbaycan və fars dillərində çap olunmuş A.Bakıxanovun "Gülüstani-İrəm" əsərində Qarabağ xanlığının tarixi və onun başqa Azərbaycan xanlıqları ilə əlaqələrindən bəhs edən, dəyərli fakt və fikirlər olduğundan V fəsli əlavə şəklində bu kitaba daxil edilmişdir.
Bir küll halında "Qarabağnamələr" yalnız adi tarixi salnamələr deyildir. Bu əsərlərdə etnoqrafik materiallara, tarixi-memarlıq abidələrinin təsvirinə, Qarabağın bir çox maraqlı şəxsiyyətlərinə, adət-ənənələrinə dair zəngin faktlarla, vəqf mülkiyyətinin Qarabağda geniş vüsət tapmasına dair tutarlı sübutlarla rastlaşırıq.