Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Tanınmış şair Rüstəm Behrudi ilə söhbət. "O, Daşkənddə bilet pulunu «Salam, dar ağacı»na verib..."

Müəllif:

Bələdçi


Kateqoriya:

Müsahibələr



Qısa Təsvir:

Şair Rüstəm Behrudinin ANS PRESS-ə eksklüziv müsahibəsi


Baxış sayı: 3235
    
    


Şair Rüstəm Behrudinin ANS PRESS-ə eksklüziv müsahibəsi

Sentyabrın 12-də millətçi şair Rüstəm Behrudinin ad günü idi, həyatının 53-cü baharına qədəm qoyurdu. ANS PRESS-in əməkdaşı həmin gün şairin yanındaydı. Söhbət «Salam, dar ağacı» müəllifinin ədəbiyyata gəlişindən və bütövlükdə ədəbiyyatdan idi.

- Rüstəm müəllim, istəyirəm söhbətimizə sizin bir şeirinizlə başlayım:

Sevəcək hər şeyi payız bir azdan,
Neyləsin bahardan yarımamışlar...

- Bildim hansı şeirimi deyirsiniz:

Gecikib payızda açan güllərə
Sonuncu xəbərdir köçəri quşlar.

Çox sevdiyim bir şeirdir, iyirmi il bundan qabaq yazmışam.

- Bu şeirdə bir nostalji yükü var, adətən payızda nostalji əhval-ruhiyyəsi güclənir. Siz də ad gününüzü payızın astansında qeyd edirsiniz. Ad günü sizdə kədərli hisslər yaradırmı?

- Doğrudan bu gün səhərdən sizin dediyiniz o kədərli hissləri keçirirəm. Bir də ki, mənim ikinci ədəbi təxəllüsüm «Payız adamı»dır. Bu yəqin ki, payızda doğulmağımla bağlıdır. Üzr istəyirəm bir az söhbətdən kənara çıxacam. İki il qabaq Vyetnama getmişdim, təsadüfən otelin qabağında bir şairlə tanış oldum. Bakıda Neft Kimya Akademiyasında oxumuşdu. Özü sifətdən məni oxşadıb yaxınlaşmışdı ki, «haradansan?»Mən də tanışlıq verdim. Şair olduğunu dedi, oradan-buradan söhbət etməyə başladıq. Cənubi Vyetnamda, Sayqonda idik. Orada fəsillər yoxdur. Cəmi iki fəsil var, birincisi yağmur fəsli, ikincisi də meyvə fəslidir. Mən ona zarafat etdim ki, «Doan, sən nə cür şair ola bilərsən ki, sən payızı görməmisən?».

Əslində, payız mənim fəslimdir. Nə qədər yazılarım var, hamısı payızın məhsuludur, şeirlərimin əksəriyyəti payızda yazılıb. Bu da bəlkə, Allahdan gələn bir şeydir. Bu gün ad günümdür və qardaşlarım təkid edirlər ki, bunu qeyd edək, oturaq, yeyək-içək... Amma mən bunu etməyəcəm, bağa gedəcəm və tək qalacam. Çünki ömrümün 52 payızının gətirdiyi hissələr bu dəqiqə içimdədir.

- 52 yaşınız var, amma siz ədəbi və bir az da necə deyərlər, siyasi fəaliyyətinizə çox gəncliyinizdən başlamısınız...

- Siyasi fəaliyyətə gəlincə... Siyasi fəaliyyətə mən rəhmətlik Əbülfəz Elçibəyin bir sözü ilə son qoymuşam. Prezident seçilməzdən bir az qabaq idi, mənə zəng vurdu ki, «səninlə işim var, gəl görüşək». Seçki qabağı idi, vaxtı da yox idi, haradan ağlına düşmüşdü, bilmirəm. Həmin gün də qəzetdə müsahibə vermişdi və demişdi ki, şair deyəndə Rüstəm Behrudi yadıma düşür, təpədən dırnağa bir şairdi. Durdum getdim yanına, dedim, görən, mənimlə nə işi ola bilər?.. Biz uzun müddət dost olmuşuq, mən 17 yaşımdan onunla dost olmuşam. Altı il də Kələkidə müəllim işləmişəm. Dedi: «Sənə işim düşüb». Fikirləşdim ki, «Bəyin mənə nə işi düşə bilər?..» Dedi ki, «bu gündən sən bu siyasət deyilən şeylə məşğul olma. Sən indiyə qədər nə eləmisən, eləmisən. İlk dəfə təkbaşına 100 min tələbəni meydana aparmısan. İndiyə qədər gördüyün bütün işlərdə bir şairin gücü çatacaq səviyyədə hər şeyi eləmisən. İndi sənə məsləhət verirəm ki, siyasətdən gedəsən». Əlavə etdi ki, «bu «Boz qurdu», «Şaman duaları»nı yazan şair bir də olmayacaq, bunu yazan adam gərək siyasətlə məşğul olmasın». Onun yanından çıxdım, nə qədər azad idim?.. Fikirləşirdim ki, bundan sonra ancaq sözlə məşğul olacam.

- Elçibəylə tanışlığınız barədə çox söhbətlər dolaşır. Eşitmişəm ki, 80-ci ildə siz Naxçvanda xəstəxanada yatarkən 18 yaşlı bir tibb bacısına vurulubsunuz. Nazirlər Sovetinin şöbə müdirinin qızıymış, Tibb İnstituna girmək üçün orada praktika yığırmış. Atası xəbər tutanda deyib ki, «mənim Əbülfəzin dostuna veriləcək qızım yoxdur». Belə bir şey olub?..

- Xatırlamıram, ola bilsin ki, elə bir şey olub.

- Elçibəyin sizi öz toyunda Vaqif Bayatlı Odərlə ilə tanış elədiyini də söyləyirlər...

- Çox qəribədir, o da bir tarixdir. Əbülfəz Elçibəyin toyu 1979-cu ilin sentyabr ayında olub, yadımdadır. Bakıdan çox qonaqlar gəlmişdi. Vaqif Bayatlı Odər, Kamil Vəli Nərimanoğlu yadımdıdır. Onda mən adicə bir kənd müəllimi idim, təzəcə institut qurtarmışdım. Bir də gördüm Elçibəy Vaqif Bayatlı Odərlə gəliblər, dedi ki, «Vaqif bu, istedadlı adamdır, kənddə müəllim işləyir, həm də şeir yazır». Vaqif məndən şeirlərimi istədi. Mən də ona bir dəstə şeir verdim. Bir aydan sonra gördüm ki, Vaqif mənim şeirlərimi «Ulduz»da çap edib, o vaxt «Ulduz»da çap olunmaq üçün gərək bir ay növbəyə duraydın. Bizim tanışlığımız oradan başlayıb. Amma dünyada qəribə işlər olur. 1986-cı ildə mən artıq «Yazıçı» nəşriyyatında redaktor işləyirdim.Necə ki, Vaqif müəllim mənim ilk şeirlərimi çap eləsmişdi, mən də onun ilk kitabını hazırladım və kitabının redaktoru oldum. Kitabın da adını özüm qoyudum - «Unudulacaq bütün sevdalar».

- O məhşur şeirini götürmüsünüz - «Unudulacaq bütün sevdalar, unudulacaq hər nə var...»

- Məhşur şeirdir. Sonradan Vaqifin başqa kitablarının da redaktoru oldum. Hətta onun imzasını da mən dəyişdim, o dövrdə təxəllüs dəyişmək çətin məsələ idi. Onun adını Vaqif Bayatlı qoyduq.

- Maraqlı taleyiniz var, həmişə öz məfkurənizə uyğun adamlarla rastlaşmısınız...

- Bu doğrudan da böyük xoşbəxtlikdir. Məsələn mənim Bakıya gəlməyimin səbəbkarı Sabir Rüstəmxanlıdır. 1979-cu il idi Bakıya gəlmişdi və şeirlərimi gətirmişdim. O vaxt Sabir Rüstəmxanlının «Gəncə qapısı» kitabı çap olunmuşdu, çox məhşur bir kitab idi. O kitabı oxuyandan sonra özümə demişdi ki, mütləq bu adamla tanış olmalıyam. Gəldim, tapdım. Sabir onda «Yazıçı» nəşriyyatının baş redaktoru işləyirdi. Qəbulunda gözlədim. Çox qəribə idi, o, kənardan gəlmiş adamları daha tez qəbul edirdi. Şeirlərimi verdim, mənə oturmağı təklif etdi, mən oturmadım. Şeirləri bir yarım saat oxudu, mən də elə ayaq üstə qaldım. Üzümə baxanda soruşdum: «Bilmək istəyirəm ki, bunlar şeirdir, yoxsa yox?» Sabirin sözlərini hələ də minnətdarlıqla xatırlayıram. Dedi ki, «bunlar şeir deyil, bunlar çox böyük şeirlərdir və sən də şair deyilsən, çox böyük şairsən». Bundan sonra Kələkiyə qayıtdım və 6 il müəllim işlədim. Sabirin sözləri mənə həmişə dayaq oldu. 1984-cü ildə yenə Bakıya gəldim və Sabirin yanına getdim. O vaxt Bakıda iş tapmaq çətin məsələ idi. Onda Sabir məni «Yazıçı» nəşriyyatında qarovulçu işə götürdü, sonra rəhmətlik Əjdər Xanbabayev də mənə kömək etdi, korrektor, kiçik redaktor, ən axırda redaktor oldum. Təbii ki, Sabirin məni işə götürməsi, Əjdər müəllimin mənə kömək etməsi məni bir mühitə çıxardı, yoxsa mən kənddə qalardım və bu kitabları heç yazmaya da bilərdim.

- «Şaman duaları» kitabınız böyük əks-səda doğurmuşdu.

- Həmin kitabı bir gündə Mərkəzi Komitə üç dəfə qadağan eləmişdi. «Şərq» mətbəəsinin anbarına yığmışdılar. Hərəkat zamanı camaat o kitabı oradan oğurlamağa başlamışdı, baha qiymətə satanlar da var idi.

- «Şaman duaları» bir yenilik idi. Çünki bizim ona qədərki türkçülük bilgimiz Səməd Vurğunun, Mikayıl Müşviqin şeirlərindəki, Cəfər Cabbarlının əsərlərindəki turançılıq idi. Onlar da sovet çərçivəsində bunu bacardıqları qədər verməyə çalışmışdılar.

- Düzdür, türkçülük, turançılıq, şamançılıq o kitablarla gəlib.

- Amma sizdə tam fərqli idi. Sizin hər hansı başqa bir qaynağınız olub?

- Yox. Bu evdə olan, dədəmlə olan söhbətlərin nəticəsi idi. Hətta yadıma gəlir ki, türk alimi Əhməd Bican Ərcülasun mənim bir kitabıma önsözü yazanda bildirmişdi ki, bunlar Türk Dünyasının beş min - altı min illik şüur altı dünyasıdır. Yəni Rüstəm Behrudi beş min il əvvəlki türk çadırının dünyasını olduğu kimi yaza bilir və istənilən türkoloq alim bunu olduğu kimi yaza bilməz.

Mən Naxçıvan Pedoqoji İnstitunu qurtarmışam. Orada hansı mühit ola bilər di ki, mən nəsə öyrənə biləm. Bir əyalət şəhəri idi, qapalı bir yer idi. İnstitut təzə təşkil olunduğundan bizə dərs keçən müəllimlərin əksəriyyəti orta məktəb müəllimləri, orta məktəb səviyyəsində müəllimlər idilər. Mənim ən yaxşı müəllimlərimdən biri İsa Həbibbəyli idi, indi Naxçıvan Universitetinin rektorudur. O, institutu qurtarıb orada da dərs deyirdi. Mən ondan türkologiyanı öyrənə bilməzdim ki... Mən ondan Aristoteli öyrənmişəm. Bu, bir ruh kimi gəlmişdi.

- Amma sizin «Salam, dar ağacı» şeirinizi başqa bir şeirdən təsirlənərək yazdığınızı iddia edirlər...

- Nədən təsirlənmişəm, qoy onu göstərsinlər. Mənim təsirləndiyim şeir mütləq mənim yazdığımdan yüksək bir şey olmalıdır, yüz dəfə təsirli olmalıdır. Amma məndən sonra yüz dənə dar ağacı şeiri yazılıb, amma buna bərabəri yoxdur. Mən bu şeiri necə yazmağımın tarixçəsini danışım. Özbəkistana bir tədbirə gedirdim, çox hörmətli bir dostum soruşdu ki, orada hara gədəcəksən. Dedim ki, Səmərqəndə Əmir Teymurun məqbərəsini görməyə gedəcəm. O adam da türkologiya ilə çox maraqlanırdı, çıxardı mənə Əmir Teymurun məqbərəsinin siluetini verdi və dedi ki, məndən Gor Əmirə salam de. İndi o təsvir mənim iş otağımda kitablarmını qarşısında ən əziz xatirə kimi dayanır. Çünki «Salam, dar ağacı» şeirimin yaranmasının əsas səbəbi də odur. Mən getdim və həmin şeiri o məqbərədən çıxandan sonra yazdım. Şeir o qədər xoşuma gəldi ki, telefonla dostuma zəng edərək, şeiri ona oxudum. O vaxt şəhərlər arası danışıqlar çox baha idi və Daşkənddən Bakıya uçmaq üçün biletin pulunu telefon danışığına verdim. Sonradan yol pulumu özbəklərin böyük yazıçısı Məmmədəli Mahmudovdan aldım. 1988-ci il idi. Sizə bir şey deyim. Əmir Teymurun məqbərəsi üzdən baxanda elə də qeyri-adi bir şey deyil, amma istənilən türk olan bir adam ora girən kimi sehirlənir. Mən ömrümdə ilk dəfə bədahətən şeir demişəm, o da ki, «Salam, dar ağacı»dır. Onu da məqbərənin içində demişəm. Sonra onu yazıya çevirmişəm. Hardasa 9-10 arası yazıya köçürdüm, saat 10-da Bakıya zəng elədim. Mən bilməzdim ki, telefon bu qədər pul apara bilər. Bilmirəm, sizin yadınızdadırmı? «Azərbaycan» qəzeti belə bərpa olunanda həmin «Salam, dar ağacı» şeiri ilə açılıb. Sabir Rüstəmxanlı o şeiri vermək üçün saatlarla general Tyaqunovla mübahisə edib. Həmin vaxt Bakıda fövqəladə vəziyyət idi. Buna görə Sabirə çox minnətdaram. Ən axırda inandıra bilib, deyəsən generala bir dənə tut arağı vermişdi.

Bir şeyi deyim. Mən sonradan doğrudan da böyük kitablar, şeirlər yazdım. Son kitabım «Yer üzü görüş yeridir» böyük bir əsər idi. Amma yerindən duran «Salam, dar ağacı»ndan, «Boz qurd»dan danışır. Görünür, bu da şair taleyidir.

- Hər halda, ağrıyan yerdən danışarlar...

- Düz deyirsiniz, nə qədər ki, türk milləti var, onun problemləri həll edilməyib, dar ağacı problemi aktual olaraq qalacaq.

Müsahibənin tam mətni "Hesabat" jurnalının 160-cı sayında oxuya biləcəksiniz.

Çingiz Rüstəmov, xüsusi müxbir

E-mənbə / link: http://www.anspress.ws/index.php?a=2&lng=az&nid=3066