
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Xarici televiziyaların Azərbaycan milli tezliyində yayımı dayandırılandan bir az sonra ölkəmizdəki əcnəbi diplomatların biri əməkdaşımızla söhbətində maraqlı məqama toxunmuşdu. Əcnəbi diplomat bildirmişdi ki, artıq onlar öz ölkəsinin televiziyasının Azərbaycan milli tezliyində yayımında heç maraqlı da deyillər. Səbəbini soruşanda isə bildirib ki, indiyə qədər onların televiziyası yayım üçün Azərbaycana pul ödəyib. Amma indi Azərbaycanda fəaliyyət göstərən 4 kabel televiziyası hər biri ayrı-ayrılıqda o kanalın Azərbaycana ödədiyi qədər pul xərcləyərək, yayım hüququnu alıb. Yəni, anlayacağınız, yayım üçün Azərbaycana, məsələn, illik bir milyon dollar pul ödəyən kanal, indi buna görə 4 milyon dollar qazanır. Etibarlı tamaşaçı auditoriyası da öz yerində!
Mən xarici kanalların və televiziyaların Azərbaycan milli tezliyində yayılmasının qəti əleyhdarlarındanam. Azərbaycanın milli tezliyi bizim milli sərvətimizdir və orada hansısa media quruluşunun böyük dövlətlərə məxsus olması səbəbindən at çapmasına da qəti etiraz edirəm. Milli tezlik milli efirə məxsus olmalıdır və çox yaxşı ki, bu, artıq təmin olunub.
Bu hadisəni yazmaqla diqqəti başqa bir məqama cəlb eləmək istəyirəm.
Demək ki, xarici televiziya və radioları milli tezliklərdən məhrum etmək onlara olan ehtiyacın aradan qaldırılması anlamına gəlmir. Və xarici televiziyalar gedincə çoxlu tamaşaçı qazanacağını düşünən bəzi televiziya "strateqləri"nin doğru hesablama aparmadıqları ortaya çıxdı. Adamların evinə girmək, zorla onların məcbur edib, televiziyaya baxdırmaq mümkünsüzdür.
Adamlar istədikləri, ehtiyac duyduqları informasiyanı almaq istəyirlər, televiziyanın ona vermək istədiyi xəbəri, ya da xəbərsizliyi yox. Və müasir insan istədiyi informasiyanı əldə etmək üçün vasitələr axtarır, bir qisim kabel televiziyalarına, peyk antenalarına, bir qisim internetə üz tutur. Nəhayət, adam xəbər ehtiyacını ödəmək üçün yollar axtarır və tapır.
Televiziyanın konsepsiyanı bir gündə dəyişib, Nisə Qasımovadan Pişik Günelə qədər geniş bir arealda yeni "aparıcı nəsli" formalaşdırmaq tam mümkündür, hətta deyərdim ki, çox asan bir şeydi. Efiri şoulaşdırmaq olar, amma bunu bacaranların adamları, informasiya almaq istəyən ziyalını şoulaşdırması mümkün deyil axı. Xəbər ehtiyacı olan insan hardan olsa, o informasiyanı tapacaq, oxuyacaq, yemək, geymək, gəzmək ehtiyacı qədər zəruri olan informasiya ehtiyacını ödəyəcək. Məsələnin ən təhlükəli yanı məhz o "hardan olsa" hissəsidir.
Çünki dünyanın ən müstəqil televiziyası, internet resursu, yazılı KİV-i belə, hadisələrə durduğu, olduğu nöqtədən, deməli, olduğu məkanın ab-havasından baxır. Məsələn, müstəqil bir Türkiyə kanalı dünyada, regionda baş verən bir hadisəni şərh edir, deyək ki, bir Azərbaycan telekanalı da eyni işi görür (təbii ki, ikinci hissə xəyalidir - V.M,). Belə bir müqayisə aparmaq imkanımız olsa, onda tamaşaçı rahatca eyni məsələyə və ya fakta iki fərqli baxışı asanlıqla fərq edə biləcək. Çünki Türkiyənin müstəqil kanalının aparıcısı hadisələrə İstanbuldan, deməli, elə İstanbul reallığı ilə baxır, Bakıdan olan aparıcı isə hər fakta Xəzərin üstündən, Qafqazın bugünkü reallıqları və təfəkkür tərzi ilə yanaşır. Bu isə mütləq və mütləq xəbərin təqdimatında özünü göstərir. Problem də o baxışdadır, çünki baxmaq üçün mütləq üzünü baxacağın tərəfə çevirmək lazımdı. Üz çevriləndə, mütləq onu üstündə daşıyan baş da həmin səmtə dönür. Bir ölkədə vətəndaş çoxluğunun başı hansı yana dönürsə, həmin ölkənin də qibləsi avtomatik olaraq həmin tərəf olur. Məncə, heç nəyi qəliz yazmadım.
İndi bizdə vəziyyət təxminən belədi: Ölkənin bir hissəsi Rusiya televiziyalarına baxır, gəncliyimiz üçün kumir Türkiyə televiziyalarındakı serialların qəhrəmanlarıdır, cənub regionlarımız ibadət saatlarını İran telekanalları ilə qururlar. Bu cəmiyyətin gələcəyinə nəsil yetişdirən və peyksiz, kabel televiziyasız kənd rayonlarında yaşayan evdar qadınların bir qismi də sabah bir dəstə artistin iki saat o ayağını götürüb, bu ayağını qoyaraq zülm çəkə-çəkə yola verdikləri ad günü şoularına, günorta uşaqları ilə birlikdə hər şeydən əlini üzüb ancaq cənnət üçün yaşamağı təbliğ edən, o dünyadan xəbər verən, ya da varlını kasıb, kasıbı varlı edən "qüdrət"in təbliğinə həsr olunmuş mənasız seriallara (həm də gülünc dublyajda), axşam isə sözün bütün mənalarında çal-çağıra baxırlar. Ya rayon icra hakimiyyətlərinin dəstəyi ilə olan konsertlərdi, ya hansısa aktrisanın evinin, qarderobunun nümayişi, ya da bişirdiyi yemək çeşidləri, ondan -bundan iki saatlıq kirayələdiyi evlərdə aparılan çəkilişlər...
Azərbaycan televiziya məkanının, deməli, həm də ölkənin ictimai, milli şüurunun formalaşmasındakı bugünkü vəziyyət belədi. Bütün olanların içində İTV-ni istisna eləməyi vicdan borcu sayıram. Çünki İTV hazırkı Azərbaycan kanalları arasında informasiya almaq və düşündürə bilmək bacarığına görə fərqlənən yeganə televiziyadır.
***
Azərbaycan televiziyalarından niyə olayları, hadisələri dərhal efirə vermədiklərini soruşanda cavab istisnasız belə olur: "Xalqı ajiotaja salmaq istəmədik" (?!) Bu işarəni ona görə yazdım ki, heç mən də bu cümlənin nə demək olduğunu bilmirəm.
İkinci "daşdan keçən arqument" isə şou verilişlərin gündən-günə artması ilə bağlıdır. Bunun səbəbini soruşanda da cavab dəqiq belə olur: "Tamaşaçı şou-veriliş istəyir, ciddi verilişə baxmır". Düzünü desəm, bu arqumenti də anlamıram. Nədən ki, belə arqumentdən sonra ortaya sual çıxır: tamaşaçı şou istəyirsə, onda niyə sabah saat 8-dən gecə yarısına qədər şou yayımlayan televiziyalara deyil, xarici kanallara baxır, kabel televiziyası, peyk antenası axtarır? Niyə baxmır o "istədiyi" şoulara?
***
... Bu qədər uğursuz olmağın, 24 saatlıq, hər saniyəsi qızıla bərabər efirə dəvət etməyə bəzən qonaq tapa bilməməyin günahkarı təkcə televiziyalardırmı? Hər şey televiziyalardanmı asılıdır?
Təbii ki, yox!
***
... Çox şey televiziyaların öhdəsindədirmi?
Əlbəttə, hə!
E-mənbə / link: http://lent.az/news.php?id=31466