ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
TƏNBƏLLƏR
Uşaqlar bağçada oynayırdılar. Gördülər ki, çiçəklərin yarpaqları sallanıb. Başa düşdülər ki, güllərə su vermək lazımdır. Amma heç kəs bu işi görmədi. hərə bir bəhanə gətirdi.
Bir azdan yağış yağdı. Güllər doyunca su içdilər. Tənbəllər isə başlarını aşağı salıb utandılar.
DOSTUM MANAF
Manaf mənim dostumdur. O da ikincidə oxuyur. Yaxşı şəkillər çəkir. Amma həmişə mənimlə zarafat edir. Kağıza günəş, ot və inək çəkib deyir ki, guya mənim şəklimi çəkib. Mən inanmıram. O, deyir ki, sən buradasan, ağacların arxasında gizlənmisən.
SƏRÇƏ VƏ CÜCƏ
Sərçə budaqda tut yeyirdi. Hərdən tut dənələri sürüşüb yerə düşürdü.
Ağacın altında bir cücə yerə düşən tutları dənləyir və sərçəyə deyirdi:
- Sağ ol, qardaş, çox şirin tutdur!
DƏCƏL ÇƏPİŞ
Gölməçə donduğu üçün güzgüyə oxşayırdı. Bir çəpiş onun üstünə çıxıb baxdı. Buza düşən şəklini başqa çəpiş hesab edib ona bir buynuz vurdu. Gölməçə sındı. Çəpiş suyu süzülə-süzülə anasının yanına qaçdı.
ZARAFATCIL QOCA
Qoca bir kişi uşaqlarla zarafat edirdi. O, Fəridin başını sığallayıb dedi ki, sən çəpişə oxşayırsan. Böyüyəndə keçi olacaqsan.
Fərid isə çox fikirləşmədən ondan soruşdu ki, əmi, sən böyümüsən, niyə keçi olmamısan?
Həmin kişi daha heç kəslə zarafat etmədi.
KƏLƏKBAZ
Balaca bir uşaq gözəl bir şəkli göstərib deyirdi:
- Baxın, bunu mən çəkmişəm.
Ona ağ kağız və rəngli karandaşlar gətirib dedilər ki, həmin şəkli bir də çəksin. Uşaq bir qədər fikirləşib dedi:
- Axı mən belə şəkilləri cəmi bircə dəfə çəkə bilirəm.
FƏRİD
Fərid bərk hirslənmişdi. Deyirdi ki, bu saat gözümü yumaram. Hamımız qaranlıqda qalarsınız. O, gözlərini yumdu. Amma təkcə özü qaranlıqda qaldı.
ARABA KÖLGƏSİ
Ot yüklənmiş araba yol kənarında dayanmışdı. Onu aparan ulaq dincini alırdı. Bir it gəlib arabanın kölgəsində uzandı. Birdən o, ulağa hürdü. Ulaq qorxdu. Arabanı çəkib apardı. Kölgə də araba ilə getdi. Ağılsız it başqa bir kölgə axtarmağa başladı.
GÜNƏŞ VƏ BULUDLAR
Bir dəfə buludlar sözü bir yerə qoydular ki, günəşin qabağını kəssinlər, dünya qaranlıq olsun.
Səhər günəş doğdu. O, elə mehriban gülümsündü ki, qabağını kəsən bütün buludlar əriyib yox oldular. Otlar, çiçəklər, ağaclar sevinclə günəşə boylandılar. Çaylar, dənizlər, meşələr əvvəlki kimi nəğmə oxudular.
KİRPİ VƏ DANA
Bir kirpi meşədə tək gəzirdi. Onu dana gördü. Kirpi dananın xoşuna gəldi. O, kirpini öpmək istədi. Kirpinin tikanları dananın dodağına batdı. Dana fikirləşdi ki, yəqin, belə tikanlı olduğuna görə heç kəs onunla dostluq etmir.
DƏLƏ VƏ BALIQ
Gölün qırağında dələ ilə balıq görüşdü. Onlar dost olmaq istədilər. Əvvəlcə balıq dələni evinə dəvət etdi. Amma dələ suda boğulacağından qorxub onun evinə getmədi. Sonra dələ təklif etdi ki, balıq onun evinə gəlsin. "Ağacda qəşəng yuvam var, qoza yeyərik". Balıq isə ağaca çıxa bilmədi. Onların dostluğu pozuldu.
AYILAR
Bir dəfə ayılar belə qərara gəldilər ki, günəşi qoparıb evlərinə aparsınlar. Baba ayı qabaqda, o birilər də onun ardınca dağa dırmaşdılar. Amma nə qədər əlləşdilərsə, əlləri Günəşə çatmadı. Onlar yenidən yuvalarına qayıtdılar.
QUQU QUŞU
Ququ quşu uçub göyərçinin yuvasında yumurtladı. Göyərçin yuvadakı yumurtanı özününkü bilib onun üstündə yatdı. Bir neçə gündən sonra yumurtadan balaca Ququ quşu çıxdı. Bala böyüdü. Körpə Ququ quşu uçub öz anasını axtarmağa getdi. Yazıq göyərçin onun ardınca baxa-baxa qaldı.
HİYLƏGƏR TÜLKÜ
Bir tülkü hinə girmişdi. It toyuqların səs-küyünü eşitdi və hürməyə başladı. Tülkü itin qorxusundan meşəyə qaçdı. O, quyruğu ilə qarın üstündə qalan izini süpürürdü ki, it gəlib onu tapmasın.
DƏVƏ VƏ QANQAL
Çəmənlikdə bir qanqal bitmişdi. Onun iti tikanları olduğuna görə bərk lovğalanırdı. Bir dəvə qanqala yaxınlaşdı. Qanqal dəvəni qorxutmaq üçün tikanını onun ayağına batırdı. Dəvə otların arasından qanqalı tapıb yedi.
QAZ TÜKÜ
Qazın bir tükünü külək havaya qaldrmışdı. Quşlar ondan soruşurdu ki, sən kimsən? Qaz tükü lovğalanırdı ki, mən də quşam. Hara istəsəm, uçaram.
Birdən yağış yağmağa başladı. Qaz tükünün üstünə su damcıları düşdüyü üçün o daha uça bilmədi.
SÖHBƏT
Rafiq dedi:
- Mən əllərimin üstündə gəzə bilirəm.
Orxan dedi:
- Mən tirin üstündə gəzə bilirəm.
Manaf dedi:
- Mən kəndirlə tavana dırmaşa bilirəm.
Zahid dedi:
- Mən də at arabasına minə bilirəm.
GİZLƏNQAÇ
Manaf, mən və Toplan gizlənqaç oynayırdıq. Manaf bir kolun, mən də başqasının dalında gizləndik. Toplan gah mən gizlənən tərəfə, gah da o birinə hürürdü.
Manaf dedi:
- Toplan cığaldır, ikimizi də birdən tapır.
Mən də onun sözünü təsdiq etdim.
BALİNA
Çayda çimirdik. Bizə tərəf nəhəng bir şeyin üzdüyünü gördük:
- Balina, deyə kimsə qışqırdı.
Biz qaçdıq.
Bir azdan Toplan suyun sahilə çıxardığı nəhəng bir kötüyə hürürdü. Ona deyirdi:
- Axı sən balina deyilsən. Amma uşaqları qorxutdun.
ŞEH DAMLASI
Lalənin yarpağına şeh düşmüşdü. Balaca mirvariyə oxşayırdı. Çiçək onu günəşə göstərdi:
Bir bax gör nə gözəldir.
Şeh bir anda yox oldu. Lalə onun hara uçduğunu bilmədi, qanı qaraldı. Günəş isə gülümsünürdü.
AĞACDƏLƏN
Mən ağacdələnlə danışa bilirəm. O, uzun dimdiyi ilə ağacı döyəcləyir.
- Tuq, tuq, tuq. - Qış getdi, gəlmişəm. Mən də çubuğu ağaca döyəcləyirəm:
- Tuq, tuq, tuq. - Xoş gəlmisən.
O yenə taqqıldadır.
- Tuq, tuq, tuq - işim çoxdur. Ağacları həşərat basıb. Hamısını dənləməliyəm.
Mən cavab verirəm:
- Tuq, tuq, tuq. Işini gör, sənə mane olmaram.
CIRCIRAMA
Bağçada bülbüllər oxuyurdu. Haradansa bir cırcırama gəldi. O, elə cırıldadı ki, quşlar səsini kəsdi. Sonra cırcırama yoxa çıxdı. Mən fit çalıb quşlardan üzr istədim. Onlar yenidən oxumağa başladılar.
DƏNİZİN SƏSİ
Atam deyir:
- İstəsək, biz balıqların səsini eşidə bilirik.
O çimərlikdən gətirdiyi balıqqulağının birini mənə verir, birini də özü qulağına yaxınlaşdırır. Biz dənizdən uzaqda onun səsini eşidirik. Amma balıqların nə dediyini başa düşmürük. Dənizin uğultusu qoymur.
KARUSEL
Dünən qardaşımla karuselə minmişdik. O, qabaqdakı fili sürürdü. Mən də ata minmişdim. Amma atı nə qədər bərk çapdımsa, filə çata bilmədim. Biz sabah da karuselə minəcəyik. Bu dəfə mənim atım fili hökmən ötəcək.
RİKİ
İtimin adı Rikidir. Qəndi çox sevir. Mən qəndi göyə atıram, Riki tullanıb onu göydə tutur və yeyir. Sonra da quyruğunu bulayır, sağ ol, çox ləzzətlidir demək istəyir.
FUTBOL
Bir dəfə gördüm ki, Məstanla Toplan top-top oynayır. Məstan daha çevik tərpənib topu Toplandan alıb qaçırtdı. Toplan da onun qulağından bir dişdəm aldı. Oyun qurtardı.
DONDURMA
Hər dəfə heyvanxanaya gedəndə dəvəyə dondurma verirəm. Amma o doymur. Fınxırıb yenə istəyir. Anam deyir ki, mənim işim şuluqdur. Gərək özümə başqa dost tutum. Dəvəni doydurmaq olmaz.
Atam deyir ki, adam dostluqda sədaqətli olar.
Sabah heyvanxanaya yenə dondurma aparacağıq.
MƏN "2" İSTƏMİRƏM
Orxan məktəbdən qanıqara qayıtmışdı. O saat bildim ki, "2" alıb. Bir dəfə də belə olmuşdu. Onda "1" almışdı. Orxan "2" alanda evdə hamının qanı qaralır.
Mən məktəbə gedəndə "2" versələr, götürməyəcəyəm.
MƏŞQ
Velosiped yarışında məktəb üzrə birinci yerə çıxdım. Amma tirin üstündə gəzə bilmirəm. Atam deyir ki, idman məşq etməyi sevir.
İdman məşqi sevir, mən də idmanı. Deməli, mən məşqi də sevməliyəm.
PİŞİK
Biz bağdan köçəndə qonşumuzun pişiyi Məstan yanımıza gəldi. Özünü ayaqlarımıza sürtdü. Bu, "sizə yaxşı yol" demək idi. Biz də onu sığalladıq və söz verdik ki, gələn il yenə də görüşəcəyik.
Məstan bizi başa düşdüyü üçün iki dəfə milyoldadı.
NƏRGİZ
Nərgiz ikiyə kimi saymağı öyrəndi. ona görə də bir boşqab sıyığı yedi. Sonra birini də istədi. Yeməyini qurtarıb dedi:
- Bir boşqab sıyıq, bir boşqab sıyıq, elədi, iki boşqab sıyıq.
E-mənbə / link: www.medeniyyet.az