Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Nizami Cəfərov - 50. AYB təbriki. Anar. "Bir il sonra yazılası yazı". Şeir və ürək sözləri

Müəllif:

Bələdçi


Kateqoriya:

Yubiley



Qısa Təsvir:

Əməkdar elm xadimi (2000), AMEA-nın müxbir üzvü, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri (2001-ci ildən), Milli Məclisin üzvü və onun Mədəniyyət məsələləri üzrə daimi komissiyasının və Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə Milli komitəsinin sədri, "Füzulidən Vaqifə qədər", "Cənubi Azərbaycanda ədəbi dil; normalar, üslublar", "Azərbaycan türkcəsinin milliləşməsi tarixi", "Bəxtiyar Vahabzadə", "Türk dünyası; xaos və kosmos", "Genezisdən tipologiyaya", "Eposdan kitaba", "Azərbaycan mədəniyyət məsələləri", "Azərbaycanşünaslıq məsələləri", "Azərbaycanşünaslığa giriş", "Heydər Əliyev", "Ədəbiyyatdan siyasətə", "Qədim türk ədəbiyyatı", "Anar", "Klassiklərdən müasirlərə", "İlham Əliyev" və s. dəyərli kitabların çağdaş Azərbaycan təfəkkürünün formalaşması və inkişafında əhəmiyyətli rola malik Nizami Cəfərovun 50 illik yubileyi tamam olur...


Baxış sayı: 3160
    
    


 

 

 

 

 

 

 

Nizami Cəfərov - 50
  
     
  Hörmətli Nizami müəllim!


Sizi - görkəmli tənqidçi, ədəbiyyatşünas, dilçi alimimizi 50 yaşınızın tamam olması münasibətilə təbrik edirik.
Siz 1977-1982-ci illərdə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış, 1982-1985-ci illərdə universitetin aspiranturasında təhsilinizi davam etdirmiş, "Sadə cümlənin struktur semantik təkamülü" mövzusunda dissertasiya müdafiə etmisiniz. 1985-1987-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi, 1987-1991-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetində tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri vəzifələrində işləmiş, 1991-ci ildə "XVIII əsr Azərbaycan türk ədəbi dili" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almısınız. BDU-nun türkologiya kafedrasında baş müəllim, professor (1994-2001), ümumi dilçilik kafedrasının müdiri vəzifələrində çalışmısınız. 2001-2003-cü illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının Dilçilik üzrə doktorluq müdafiəsi Şurasının sədri olmuş, 2003-cü ildən orada filologiya elmləri üzrə ekspert Şurasının sədrisiniz.
Siz əməkdar elm xadimi (2000), AMEA-nın müxbir üzvü, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri (2001-ci ildən), Milli Məclisin üzvü və onun Mədəniyyət məsələləri üzrə daimi komissiyasının və Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə Milli komitəsinin sədrisiniz. "Füzulidən Vaqifə qədər", "Cənubi Azərbaycanda ədəbi dil; normalar, üslublar", "Azərbaycan türkcəsinin milliləşməsi tarixi", "Bəxtiyar Vahabzadə", "Türk dünyası; xaos və kosmos", "Genezisdən tipologiyaya", "Eposdan kitaba", "Azərbaycan mədəniyyət məsələləri", "Azərbaycanşünaslıq məsələləri", "Azərbaycanşünaslığa giriş", "Heydər Əliyev", "Ədəbiyyatdan siyasətə", "Qədim türk ədəbiyyatı", "Anar", "Klassiklərdən müasirlərə", "İlham Əliyev" və s. dəyərli kitablarınız çağdaş Azərbaycan təfəkkürünün formalaşması və inkişafında əhəmiyyətli rola malikdir.
Hörmətli Nizami müəllim!
Sizi bir daha yarıməsrlik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, çoxşaxəli elmi, ictimai-siyasi fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.

Azərbaycan Yazıçılar Birliyinin rəsmi Təbriki

 

 
Anar. "Bir il sonra yazılası yazı"


   
      
  2009-cu il sentyabrın 21-də görkəmli alim, ədəbiyyatşünas, dilçi, tənqidçi Nizami Cəfərovun 50 yaşı tamam olur. Mən bu yubileylə əlaqədar rəğbət və hörmət bəslədiyim "əlli yaşında cavan" dostum haqqında yazmaq niyyətindəydim. Amma onun haqqında kitab hazırlandığını bildim və bu kitaba yazı yazmaq təklifıni aldım. Yazdım. Bir il gözləməyə səbrim çatmadığı üçün bu yazımı mətbuata da verirəm. Qoy bir il sonra yazılmalı olan bu sözlər Nizamiyə əlli illiyi münasibətilə ilk təbrik olsun.
Nizami Cəfərovla ədəbi münasibətlərimiz mübahisədən başladı. Məqalələrinin birində o Molla Pənah Vaqifı Azərbaycan ədəbi dilinin banisi adlandırmışdı. Mən buna etiraz etdim. Çöx böyük şair saydığım və poeziyasına pərəstiş etdiyim Vaqifi ədəbi dilimizin banisi saymaq, zənnimcə, Dədə Qorquddan Molla Vəli Vidadiyəcən dilimizin inkişaf yolunu nəzərə almamaq deməkdi. Sonralar Nizamilə sıx ünsiyyətdə olduq, xoş münasibətlərimiz yarandı, birgə səfərlərdə yol yoldaşı kimi bir-birımizi daha yaxından tanıdıq, ədəbi döyüşlərdə çiyin-çiyinə addımladıq. Nizami mənim haqqımda dəyərli məqalələr, ayrıca kitab yazdı, Azərbaycanda və Türkiyədə nəşr etdirdi. Çox illər sonra İstanbulda (ya Ankarada, yadımda deyil) yenə bu mübahisəli məsələ haqqında söhbətmiz düşdü və yenə də Nizami öz fikrində, mən öz fikrimdə qaldıq. Bir bu məsələdən başqa ədəbiyyatımızın tarixi və bu günü haqqında bütün qeyri məqamlarda mövqeyimiz, anlayışlarımız, zövqümüz demək olar ki, əksər hallarda üst-üstə düşür.
Nizami Cəfərovun sanballı araşdırmalarında üç cəhəti vurğulamaq istəyirəm. Elmi fəaliyyətinə dilçi kimi başlayıb və sırf ədəbiyytşünaslıq tədqiqatlarında, ədəbi tənqidi yaradıcılığında dilçilikdən gələn təcrübəni - sözə, dilə önəm verilməsini qoruyub saxlayır. Əsərlərinin digər müsbət özəlliyi Azərbaycan, Türkiyə, rus və dünya filologiyasının çağdaş səviyyəsinə və tələblərinə yaxından bələd olması və onlardan üzvi şəkildə bəhrələnməsidir.
Nəhayət, üçüncü - bəlkə də ən vacib cəhəti - Azərbaycan ədəbiyyatına ümumtürk kontekstindən yanaşmasıdır.
Əvvəlki illərdə ədəbiyyat tariximizi müxtəlif qaynaqlarla bağlayır və sanki onun formalaşmasında ümumtürk ədəbi sərvətini görmür, ya görmək istəmirdilər. Son illər - bəlkə burda mənim də azacıq xidmətim var - ədəbiyyat tariximizi ortaq türk abidələri - Orxon yazıları, Mahmud Qaşqarlı "Divanı", "Qutadqu bilik"lə, min beş yüz illik Oğuz şerilə əlaqəlndirmək, qardaş Türkiyə, cığatay ədəbiyyatlarıyla paralel inkişaf yollarını araşdırmaq, ədəbiyyat salnaməmizi dilimizin ən möhtəşəm abidəsilə - "Kitabi-Dədəm Qorqud"la başlamaq meylləri artıq qanunauyğunluq kimi təsdiq olunur. Çox şadam ki, yeni "Ədəbiyyat tarixi"mizdə də, Azərbaycan Ensiklopediyasının yeni nəşrində ədəbiyyatımız haqqında icmalda da bu tendensiya müəyyən dərəcədə öz əksini tapıb.
Bu işdə ədəbiyyatımıza, ədəbiyyat tarixmizə ən böyük xidmətlər göstərənlərdən biri, bu meylləri dəqiq elmi mülahizələrlə əsasdandıranlardan Nizami Cəfərovdur. O da önəmlidir ki, ədəbyyatımıza ümumtürk kontekstindən yanaşan Nizami, eyni zamanda, bu ümumiliyin içində azərbaycanlılığın özəlliyini əritmir, azərbaycançılıq konsepsiyasını möhkəm elmi təməllər üzərində yüksəldən əsərlər nəşr etdirir. Onun azərbaycançılığa həsr etdiyi kitab məhz bu cəhətdən çox əhəmiyyətlidir. Türkçülük və azərbaycançılıq heç vəchlə bir-birini inkar etmir, əksinə, bir-birini tamamlayır. Nizami "Türk xalqları ədəbiyyatı" adlı 4 cildliyini meydana çıxararkən həm sırf Azərbaycan ədəbiyyatına, həm də bütün türk xalqlarının ədəbiyyatlarına böyük töhfə vermiş oldu. Alimin Azərbaycanda, Türkiyədə müxtəlif elmi toplantılarda, simpoziumlarda, konfranslarda böyük maraqla qarşılanan çıxışları, nəhayət, Bakıda Atatürk Mərkəzinin sədri kimi fəaliyyəti də bu məqsədlərə yönəlib.
Nizami Cəfərovun Milli Məclisin Mədəniyyət komissiyasınn sədri seçilməsi məni səmim-qəldbən sevindirdi. Ümid edirdim ki, Milli Məclisdə ədəbiyyatımızın, mədəniyyətimizin maraqlarını yetərincə müdafiə edə biləcək, xoşbəxtlikdən bu ümidlərim tamamilə doğruldu.
Ədəbiyyatımıza, incəsənətimizə qayğı, yazıçılara, sənət adamlarına diqqət unudulmaz öndərimiz Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətdir. Təəssüf ki, hələ də ədəbiyyatın əhəmiyyətini, onun yaşaması, inkişaf etməsi üçün dövlət dəstəyinin, o cümlədən, maddi dəstəyinin önəmini yetərincə dərk etməyənlər var. Mədəniyyətə qayğı dövlətin sədəqəsi yox, vəzifəsidir. Bunu ayrı cür yozanlar hələ də tapılır. Qəribədir ki, bu cür yozumlar həm bəzi müxalifət qəzetləri səhifələrindən səslənir, həm də Milli Məclisin iclaslarında, bəzi iqtidar nümayəndələri tərəfindən. Müxalifət qəzetlərində hesab edirlər ki, Yazıçılar Birliyinin büdcəyə salınması onun sərbəstliyinə xələl gətirir, onu asılı edir. Belə çıxır ki, dövlət büdcəsində olmayan, məsələn Teatr Xadimləri İttifaqı, Yazıçılar Birliyindən daha artıq sərbəstdir, daha az asılıdır. Yazıçılar Birliyinin büdcədə olması onun hansı sərbəstliyinə, müstəqilliyinə, öz fəaliyyətini yalnız ədəbi meyyarlarla, yaradıcılıq ölçüləriylə qurmasına haçan və necə mane olub? Eləcə də başqa yaradıcılıq təşkilatları. Dünya standartlarıyla müqayisəyə gəldikdə isə, dünyanın bütün ölkələrində yazıçıların müəllif haqları qorunur, biz isə nəinki qəzetlərdə dərc olunan saysız-hesabsız iri yazılarımız, müsahibələrimiz, çıxışlarımıza görə, televiziya kanallarında hər gün, ya günaşırı göstərilən filmlərimizə görə, hətta Prezident fərmanıyla 25 mim tirajla nəşr olunan kitablarımıza görə də bir qəpik qonorar almırıq. Qəribədir ki, bu qədər varlı-karlı adamlar arasında yalnız yazıçıların, guya ki, böyük gəlirlərinə qısqanclıqla yanaşılır. Həm də bu təzə şey deyil. Yadımdadır, hələ sovet vaxtında Mərkəzi Komitənin ideologiya katiblərindən biri böyük bir iclasda yazıçıların guya ki, yüksək qonorarlarından ağzı sulana-sulana danışırdı. Bu barədə Rəsul Rzanın elə həmin iclasdan sonra yazdığı bir şeri də var.

Qonorarı az olsun,
Ömrü uzun.
Şair qardaşlar,
vallah,
ən doğrusu budur,
dava-dalaşlı,
həyəcanlı, təlaşlı,
şərəfli yolumuzun.
Qoy şeir
Qısa olsun və dərin,
Yuxusu ərşə çəkilməsin,
Haqq-hesabımızı çəkənlərin.

1958

İndi Milli Məclisdə bu cür söhbətlər olanda Nizami Cəfərov bu iradlara məntiqli, bəlkə hətta həddindən artıq sərt cavab verir. Mən ədəbiyytımızın mənafeyini inadla qoruduqları üçün Nizamiyə də, Rafael Hüseynova da, başqa yazıçı-deputatlara da, ümumən bü məsələdə düşünülmüş, məsuliyyətli və ədalətli mövqe tutan bütün başqa deputatlarımıza da Yazıçılar Birliyi adından dərin minnətdarlığımı bildirirəm.
O ki, qaldı şəxsən Nizami Cəfərova, yadımdadır, Yazıçılar Birliyi təltiflər haqqında təkliflər hazırlayanda Nizamiyə müraciət etdim, onu hansı fəxri ada təqdim edə biləcəyimizi soruşdum. Nizami gülərək: - Çox sağ olun, Anar müəllim, - dedi, bütün adları almışam, doktor, profsessor, əməkdar elm xadimi, Elmlər Akademiyasının müxbir üzvü...
Nizaminin güclü yumor hissinə malik olduğunu bildiyimçün zarafatla: bəlkə bir iki şeir yazasan, səni xalq şairi adına təqdim edək, - dedim.
Bu, əlbəttə, zarafat idi. Zarafat olduğunu onunçün vurğulayıram ki, yumor hissindən məhrum olan bəzi bədxahlar: "Yazıçılar Birliyi bir-iki şeir yazana da xalq şairi adı verir" - deməsinlər.
Əzizim Nizami, sən ömrünün də, yaradıcılığının, ictimai və elmi fəaliyyətinin də ən gözəl, ən qaynar, ən məhsuldar dövrünü yaşayırsan. Əlli illiyinə də yeni ədəbi və elmi töhfələrlə gələcəyinə inanıram. Odur ki, səni bu başdan təbrik edirəm. Ancaq, şübhəsiz, bir ildən sonra səni Ağsaqqallar Şurasının üzvü olduğun Yazıçılar Birliyi adından da təbrik edəcəyik. İnşallah, hələ almadığın hansı adı almağın barədə də fikirləşirik.

Anar, AYB sədri, xalq yazıçısı,
sentyabr 2008

 

 

Görkəmli alim, böyük ziyalı

 

Professor Nizami Cəfərov Bakı Dövlət Universitetinin fəxri olan ziyalılarımızdandır. Tələbəlikdən dekanlığa, kafedra müdirliyinədək uzanan zəhmətsevərliyə, istedada söykənən şərəfli ömür yolunda çox çətinliklərlə üzləşsə də, iradəsi və mətanəti ilə həmişə qalib çıxmağı bacarmış, cəmiyyətdə halal nüfuz sahibinə çevrilə bilmişdir. Yaşına görə bizdən gənc olsa da, ağlına, məntiqinə, davranışına görə həmişə ağsaqqal təəssüratı oyatmışdı. Tale elə gətirib ki, mən onunla müxtəlif prizmalardan münasibətdə olmuşam. Tədris hissəsinin rəisi - tələbə, professor-həmkar, dekan-həmkar, rektor-dekan, deputat-həmkar və s. bəlkə bu siyahını uzatmaq da olar. Ancaq Nizami Cəfərovun böyüklüyü ondadır ki, o bütün mərhələlərdə tədbirli, təmkinli, ləyaqətlidir. Məhz ləyaqətini o heç zaman əldən verməyib və bu xüsusiyyətin onun kamil şəxsiyyət kimi yetişməsində böyük rolu olub. Mən Nizami müəllimlə dekan həmkar olarkən bir neçə dəfə xarici ölkələrdə səfərdə olmuşam, orda, xüsusən də Türkiyədə necə böyük nüfuz sahibi olduğunun canlı şahidiyəm. Ağsaqqal türk alimləri ilə 30 yaşlarında bu gənc istedadın fikir polemikasında qalib gəldiyini, türk ədəbiyyatını onlardan yaxşı bildiyini görəndə bir milli qürur hissi keçirirdim. Maraqlı idi ki, Nizami Cəfərov debatlarda heç vaxt güzəştə getmirdi, üzgörənlik eləmirdi, həmişə də qalib gəlirdi. Hərdən onunla bu səfərlərdə olarkən düşünürdüm ki, əgər Nizami müəllim istedadını dilçiliyə, ədəbiyyatşünaslığa deyil, deyək ki, şahmata istiqamətləndirsə idi, yəqin ki, dünya şahmat tacını Bakıya gətirərdi. Başqa elm sahələrində də daha çox inkişaf edə bilərdi və bəlkə də fizika, kimya, biologiya sahələrində Nobel mükafatına layiq görülə bilərdi. Bütün bunlara baxmayaraq, yalnız Azərbaycan, yaxud Türk dünyası çərçivəsində tədqiqat obyekti olan dilçilik sahəsində qazandığı uğurları daha müqəddəs, daha vacib hesab etdiyi üçün Nizami elə Nizamidir. Mən filoloq olmasam da, onun dilçiliyə, azərbaycanşünaslığa aid tədqiqatlarını böyük maraqla izləyirəm. Mənə elə gəlir ki, Nizami Cəfərov bu sahədə inqilabi dəyişikliklər etməyə qadir alimdir. Və indiyədək Azərbaycan dilçiliyində mövcud olan sterotipləri, klassik yanaşmanı dəyişdirməyə cəsarət edən ilk adamdır.
Cəsarət baxımından isə Nizami müəllimə çoxları həsəd apara bilər. Mən canlı şahidiyəm ki, o, yaşda, vəzifədə, səlahiyyətdə özündən çox böyük olanlarla əmin olduğu həqiqəti sübut etmək üçün necə polemikaya girir. Milli mənafe, ictimai mövqe naminə heç nədən çəkinmir və bu xarakter də Nizami Cəfərovu səciyyələndirən cəhətlərdəndir. Professor Nizami Cəfərovun bir parlaq xüsusiyyəti də var və mən ona görə parlaq deyirəm ki, bu xüsusiyyət də onu tanıyanların hamısı tərəfindən aydın görünür. O, hadisələrin, problemlərin fövqündə durmağı bacarır. Ən böyük narahatlığa da, ziyalı prizmasından təmkinli münasibəti var. Və şəxsən mən onun bu sakitliyinə həsəd aparıram. Mən dekan olarkən, o da filologiya fakültəsinin dekanı idi və iclaslarda tez-tez görüşürdük. Kimya fakültəsində baş verən ən kiçik bir hadisə belə məni möhkəm həyəcanlandırırdı. Bu məsələləri ən yüksək səviyyədə müzakirəyə çıxarmağa çalışdığım halda, filologiya fakültəsində olan problemlərdən heç nə eşitmirdik. Hərdən soruşurdum ki, "Ay Nizami müəllim, sizin fakültədə yəni heç bir problem yoxdur?" Cavab verirdi ki, "elə bir şey yoxdur. Olanda da elə özü-özündən düzəlir".
Mən rektor olandan sonra bu məsələni daha aydın hiss etməyə başladım. Yaxşı yadımdadır ki, 1999/2000-ci tədris ilinə hazırlıqla əlaqədar bütün yayı hamı möhkəm işləmişdi, elə mən özüm də daxil olmaqla bütün auditoriyaların təmir olunması, partaların rənglənməsi, yazı lövhələrinin dəyişdirilməsi (mənim rektor kimi fəaliyyətimin ilk ilində bütün lövhələrin təbaşirlə yox, flomastrla yazılan ağ lövhələrlə əvəzlənməsinə çalışdım) və s. kimi işlərin gərgin getdiyi vaxtlar hər gün saat 18-də keçirilən iclaslarda hamı problemindən danışar, hərə bir şey tələb edərdi. Nizami müəllim isə dünyanın qlobal problemləri fonunda parta rənglənməsini çox cüzi məsələ kimi dəyərləndirdiyini təbəssümündən hiss etdirirdi və doğrusu, çox ciddi keçən iclaslarda Nizami müəllimin bu çoxmənalı təbəssümü məni narahat edirdi. Ancaq sonra biləndə ki, tapşırılan işləri elə hamıdan səviyyəli filologiya fakültəsi icra edib, mən qəti əmin olurdum ki, Nizami Cəfərov dekan çərçivəsi üçün çox nəhəngdir və o, bu çərçivəyə sığışmır. Bir müddət sonra ulu öndərimizin sərəncamı ilə Beynəlxalq Atatürk Mərkəzinə rəhbər seçildi, bu mərkəzi bütün türk dünyasında çox böyük nüfuz sahibi olan quruma çevirə bildi və yaxud Milli Məclisə deputat, komissiya sədri kimi çoxşaxəli fəaliyyətə başladı, onda Nizami müəllimlə əlaqədar fikirlərimin həqiqət olduğuna əmin oldum. Həqiqətən çərçivələrə sığmayan nəhəng ideallar üçün yaranmış təfəkkür, insanlıq, ziyalılıq! Bütün xüsusi istedadlı adamlar kimi, Nizami Cəfərova da paxıllıq edən, dalınca bədxahlıq edənlər var, bu şübhəsizdir. Ancaq onlar nə desələr də heç bir nəfər də ona savadsız alim, yarımçıq şəxsiyyət, naqis ziyalı deyə bilməz. Çünki professor Nizami Cəfərov sözün bütün çalarlarında böyük alim, bütöv şəxsiyyət, yetkin ziyalıdır. Təkcə Bakı Dövlət Universiteti deyil, bütün xalqımız fəxr edir ki, onun sıralarında belə bir insan var.

Abel Məhərrəmov, BDU-nun rektoru, akademik, millət vəkili

 

Zəlimxan Yaqub

Təbrik əvəzi

Dostum Nizami Cəfərova

Məndən salam olsun Nizami adlı,
Atatürk ünvanlı türk oğlu türkə,
Təfəkkür arxalı, fikir qanadlı
Elmin hünərinə, ilhama, dərkə.

Oğuzun, qopuzun, kamanın, udun
Mübarək səsindən gələnim mənim,
Babam füzulinin, Dədəm Qorqudun
İsti nəfəsindən gələnim mənim.

Ən böyük dayağın istedad oldu,
Sözün yerindədi, fikrin dərində.
Büdrəmək, yıxılmaq sənə yad oldu
Elmin, alimliyin pillələrində.

Tanrının dilidi sən sevdiyin dil,
Kökün dağdan gəlir, qayadan gəlir.
Sənin alimliyin kitabdan deyil,
Allahın verdiyi mayadan gəlir.

Yüz də parıldasın rəngi, yanağı,
Dibçək güllərinin qoxusu yoxdu.
Dağ uçsa çiynində saxlayar dağı,
Palıdın heç nədən qorxusu yoxdu.

Su olub sellənən, sel olub axan,
Hey dolub boşalan buludum mənim.

Başında həmişə şimşəklər çaxan,
İldırım ötürən palıdım mənim.

Dövlət də, millət də, şöhrət də yükdü,
Bu yükü şərəflə daşıyanımsan.
Böyük adamların işi böyükdü,
Böyük amallarla yaşayanımsan.

Müdriklər sadədi, sadələr ulu,
Mən səni həmişə ulu görmüşəm.
Səsindən tanıyıb gözüyumulu,
Qəlbini hikmətlə dolu görmüşəm.

Mən yaxşı bilirəm halal ucalıq,
Sən yaxşı bilirsən əlli yaş nədir.
Ana bilməlidir kimə süd verir,
Vətən bilməlidir vətəndaş nədir.

Külüng də götürsən, qələm də tutsan,
Torpaq da becərsən, daş da daşısan,
Sən böyük ölkənin böyük övladı,
Sən böyük vətənin vətəndaşısan.

Köhnə kişilərin gözəlliyiydi,
Dostun dost yanında xətri var idi.
Sədaqət adlanan müqəddəsliyin
Güldən təravətli ətri var idi.

Bizim sevgimizin dərindir kökü,
Bizim dostluğumuz uzaqdan gəlir.
Səhralar dolaşan karvanlar təki
Borçalıdan keçir, Qazaxdan gəlir.

Xalqa yaxın oldun ilk addımından,
Saldın uzaqlara səda, Nizami.
Böyük Nizamini utandırmadan
Ucalıq gətirdin ada, Nizami.

Göynən gedənləri endir atından,
Xəbər ver tarixin min bir qatından.
Qalma gülməyindən, zarafatından,
Gətir damaqları dada, Nizami.

Dağdan möhtəşəmdi, qayadan mətin,
Haqqı öz yolundan döndərmək çətin.
Bağrından qopmusan sən bu millətin,
Doğmasan, baş qoşma yada, Nizami!

Zəlimxan Yaqub, xalq şairi

 

Ziyalıların ürək sözləri

 

25-30 il əvvəl universitetin 1-ci və 4-cü kurslarında mən Nizamiyə dərs demişəm. Eyni zamanda, onun dərsdə cavablarına qulaq asmışam, məruzələrin dinləmişəm.
Yadıma belə bir əhvalat da gəlir. Mənim 50 yaşım olanda "Bakı Universiteti" qəzetində Nizami bir məqalə yazıb çap etdirmişdi. Məqalədə yazmışdı ki, mənim mühazirələrimə, nitqimə, danışığıma qulaq asırdı və bilirdi ki, nə vaxtsa, gələcəkdə o da belə olacaq. Amma Nizami bilmirdi ki, mən də onun xüsusi kursda mühakimələrini, nitqini dinləyəndə onun gələcəyini görürdüm və həm də özümün gəncliyimi onda görürdüm.

Agamusa Axundov, akademik

 

O, istedad sahibidir

 

Nizaminin filologiya elminə, ədəbi tənqidə gəlişi dərhal diqqəti cəlb etdi. Elə istedadlı adamlar var ki, xeyli qələm işlətdikdən sonra özünü tanıda bilir. Ancaq Nizami Cəfərovun imzasının görünməsi ilə duyuldu ki, ədəbi mühitə yeni və orijinal düşüncə sahibi bir şəxsiyyət gəlir. Bu qədər sür'ətlə tanınmaq, etiraf olunmaq böyük istedadın nəticəsidir. Bəli, Nizami Cəfərov istedaddır, mükəmməl təfəkkür sahibidir. Nizami elmə dilçi olaraq qədəm basdı. Elmdə dilçi kimi ayaq tutmaq gələcək yaradıcılığında Nizaminin bütün düşüncə potensialının olduğu kimi gerçəkləşməsinə meydan açdı. Əslində əsl dilçi riyazi düşüncə ilə işləyir. Bu riyazi düşüncə Nizaminin istər ədəbi tənqid sahəsində, istər geniş filoloji tədqiqlərində analitik təfəkkürünü qidalandırdı, bir tərəfdən, onu bugünkü əhatəli yaradıcılığa gətirdi, bir tərəfdən də, bu yaradıcılıqdakı fikir dərinliyini formalaşdırdı. Bu dilçinin Azərbaycan yazıçılarının qurultayında tənqidçi kimi parlaq məruzəsi də, "Azərbaycan ədəbiyyatı tarixi"nin altıcildlik akademik nəşrindəki müəllifliyi də, ferdinand de Sössürün məşhur və mürəkkəb "Ümumi dilçilik kursu"nun dilimizə uğurlu tərcüməsi də, siyasi aləmdəki istedadlı fəaliyyəti də həmin riyazi-analitik qabiliyyətin nəticələridir. Onun orta məktəblər üçün həm Azərbaycan dili, həm Azərbaycan ədəbiyyatı dərsliklərinin müəllifi olması da yaradıcılığının hərtərəfliliyini bir daha göstərir.
Nizaminin fövqalədə yaddaşı var. Onun qeyri-adi nitqi var - rəvanlığı, aydınlığı, məntiqi ilə diqqəti çəkən bir nitq. Onun bu nitqi mərhum H.Əliyevin də diqqətini çəkmişdi. Mən çox vaxt onun nitqinə, rəsmi və qeyri-rəsmi söhbətlərinə bədii qiraət kimi aludə oluram.Təhsil auditoriyalarımızın onun müəllimliyinə ehtiyacı var.
Yaradıcılığına, fəaliyyətinə kifayət qədər bələd olduğum üçün hesab edirəm ki, o, başqa elm sahəsində olsaydı, filologiyamızda bir adamın çatışmadığı görünərdi. Yaxşı ki, o yeri Nizami özü tutdu.
Mən Nizaminin istedadlı tələbəliyinin şahidiyəm. O hələ tələbə ikən əski sovetlər dövründə SSRİ-nin sayılan-seçilən universitetlərində keçirilmiş tələbə elmi konfranslarındakı gözəl məruzələri ilə müəllimlərinin diqqətini çəkirdi. Mənim üçün xoşdur ki, bu gün Azərbaycan elmi və ictimai həyatında mötəbər şəxs kimi özünə yer tutmuş bu istedadın Təhsil Nazirliyinin pedaqoji təyinatından azad olub, bugünkü şərəfli həyat yolunun başlanğıcı kimi aspiranturaya gəlməsində rolum var. Mən Nizaminin diplom işinin rəhbəri olmuşam, namizədlik dissertasiyasına rəhbərlik etmişəm, doktorluğunun məsləhətçisi də mənəm. Ancaq bu gün Nizaminin elmi səviyyəsi o qədər mükəmməldir, yüksəkdir ki, müxtəlif sahələrdəki fəaliyyətində o dərəcədə intellektualdır ki, indi "Nizami mənim tələbəmdir" deməyə sıxılıram. O, öz genindəki istedadı ilə bu ucalığa yüksəlib.

Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü, professor

 

Nizami Cəfərov imzası, - şəxsən mənim üçün, - elmi-rəsmi titullarından xeyli əvvəl də ciddi maraq və ümid doğuran imza olub. Onunla "Ədəbiyyat qəzeti"ndə birgə işlədiyimiz günlərdə, qədim tarixə malik ədəbiyyatımızın zəngin dil materiallarının forma qanunauyğunluqlarını tədqiqlə yanaşı, həm də mən deyərdim, daha çox bədii-ruhi mahiyyətinə varmaq vurğunluğu diqqətimi çəkirdi. Bu vurğunluq Nizamini "millətin ruhu" olan ədəbiyyatın xəlqi keyfiyyətilərini, dünya xalqları söz sərvətinin ən dəyərli nümunələrindən sənətkarlıqla faydalanmaqla bərabər öz kökünə möhkəm bağlılığı fədakarcasına tədqiqə və müdafiəyə gətirib çıxartdı.
Onun çoxcildlik "Türk xalqları ədəbiyyatı" belə böyük məqsədin bəhrəsidir.

Ayaz Vəfalı, şair, "ədəbiyyat qəzeti"nin baş redaktoru

E-mənbə / link: http://www.edebiyyatqazeti.com/az/index.shtml