Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Vaqiflər, Mehmanlar anasıyam mən!" Aprel döyüşlərinin qəhrəman şəhidlərinə ağılar. Zeynəb Bayramova. Şəhid Mehman və Vaqif Bayramovların anası poetik dillə qəhrəmanlara layla deyir...

Müəllif:

Bələdçi


Kateqoriya:

Orta ədəbi nəsil



Qısa Təsvir:

"Vaqiflər, Mehmanlar anasıyam mən!" Aprel döyüşlərinin qəhrəman şəhidlərinə ağılar. Zeynəb Bayramova. Şəhid Mehman və Vaqif Bayramovların anası poetik dillə qəhrəmanlara layla deyir...


Baxış sayı: 609
    
    


"Vaqiflər, Mehmanlar anasıyam mən!" Aprel döyüşlərinin qəhrəman şəhidlərinə ağılar. Zeynəb Bayramova.

Şəhid Mehman və Vaqif Bayramovların anası poetik dillə qəhrəmanlara layla deyir...


Vaqiflər, Mehmanlar anasıyam mən!

Adımı yerimi neynirsən sorub,
Bu elin, obanın balasıyam mən!
Özüm bir anayam, adım da "ana",
Azəri elinin balasıyam mən!

Naftalan, Xocalı, Tovuz, Goranboy,
Şuşa, Kəlbəcərin balasıyam mən!
Ağdərə, Xankəndi, Qazax, Füzuli,
Şəmkir, Gədəbəyin balasıyam mən!

İrəvan xanlığı, Göyçə mahalı,
Dəmir qapı Dərbənd balasıyam mən!
İgidlər qanıyla geri alınan,
Gözəl Ağcakəndin balasıyam mən!

Zəngəzur mahalı, Borçalı eli,
Təbriz, Naxçıvanın balasıyam mən!
Xəngəl tək kəsilib yada paylanan,
Bu odlar yurdunun balasıyam mən!

Bir millət iki ölkə olsaq da yenə,
Bütün türk elinin balasıyam mən!
Babam Əli, atam Əsgər, özüm də Zeynəb,
İslam ailəminin balasıyam mən!

Tomrislər, Həcərlər balasıyam mən!
Gülüstan, Əsgəran qalasıyam mən!
Düşməndən qisası alasıyam mən!
Bu yerdə də ölüb qalasıyam mən!

Düşmən gülləsinə sinəsin gərən,
Torpağı uğrunda canını verən,
Bütün mərd oğullar anasıyam mən!
Vaqiflər, Mehmanlar anasıyam mən!




Allaha yalvarış!


Mən sənə heç zaman şübhə etmədim,
İlahi sən mənim balama dəymə.
Nə qədər yandırdın, asi düşmədim,
Sən də insaf elə balama dəymə.

Vaqif həyatımdır, həm də nəfəsim,
Nəfəssiz yaşamaq çətindir çətin.
Belimi sındırdın, qəddimi əydin,
Sən də bir zəhm elə, balama dəymə.

Mehmanın dərdinə dözə bilmirdim,
Vaqifin dərdini mən necə çəkim.
İki ala gözlü bala itirdim,
Ey qadir Allahım balama dəymə.

Sənə qurban dedim dövlət, varımı,
Demədim balamın gəl al canını.
Sənə can gərəksə, gəl al canımı,
Amandı, amandı balama dəymə.
Üç körpə balalı Vaqifə dəymə!!!





Mən sülhə səs verirəm!


Mən sülhə səs verirəm!
Qoy cavan anaların
Bir gecənin içində
Saçları ağarmasın.

Mən sülhə səs verirəm!
Təzə gəlinlərimiz
Ağ donunun üstündən
Başa qara salmasın.

Mən sülhə səs verirəm!
Mehmanımın xınası
Əlinə, ayağına
Yasında yaxılmasın.

Mən sülhə səs verirəm!
Gəlinimiz Nuranə
Üç körpə balasını
Atasız saxlamasın.

Mən sülhə səs verirəm!
Gəlin inciyər deyə
Səhvini söyləməkdən
Qaynanalar qorxmasın.
Mən sülhə səs verirəm!
Qoy şəhid anaları
Tabutun qabağında
Tərsinə oynamasın.

Mən sülhə səs verirəm!
Oğlu ölən ananın
Gözaltı etdiyi qız
Yada qismət olmasın.

Mən sülhə səs verirəm!
Vaqif, Mehman anası
Bir oğul itiribsə
O birindən qorxmasın.

Mən sülhə səs verirəm!
Bosniya, İraq, Çeçen də
Bütün yer kürəsində
Bütün yer kürəsində
Müharibə olmasın!
Müharibə olmasın!