
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Yaxın gələcək üçün ənənəvi enerjidən istifadənin azaldılması, tədricən alternativ enerji mənbələri hesabına hasilatı çoxaltmaq Avropa Birliyi ölkələri üçün hədəfə çevrilib. Avropa ölkələri enerji tələbatının 20-30 faizini alternativ enerji mənbələri hesabına ödəməyi planlaşdırır.
Azərbaycanın yerləşdiyi çoğrafi məkan alternativ və bərpa olunan enerji mənbələrinin bolluğundan xəbər verir. Bu halda Avropa ölkələrinin alternativ enerji hasilatında Azərbaycanın payı nə qədər ola bilər?
"Media forum" saytının suallarını cavablandıran Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Musa Rüstəmov, Sənaye və Energetika Nazirliyinin sözçüsü Azər Məsimli, iqtisadçı ekspert İlham Şaban Azərbaycanın potensialını yüksək qiymətləndirsələr də, bu istiqamətdə hələ az iş görüldüyündən Avropa ölkələrinin alternativ enerji hasilatında Azərbaycanın payının çox az olduğu qənaətindədirlər.
Alternativ və bərpa olunan enerji nə deməkdir?
Alternativ enerji ənənəvi enerji növlərini əvəz edə bilən enerji mənbələridir. Müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerjiyə alternativ, yaxud bərpa oluna bilən enerji deyirlər.
Ötən əsrdən başlayaraq enerjiyə qənaət, israfçılığın qarşısının alınması dedikdə əsasən alternativ enerji başa düşülür. Buna həm də yeni texnologiyalar imkan verir. Məsələn, əvvəllər evi ancaq 100 vatlıq lampa ilə işıqlandırmaq olurdusa, indi daha az enerji aparan, amma daha çox işıq verən lampalar var. Bu gün bazarda 100-lük lampa qədər işıq verən 20 vatlıq lampalar tapmaq mümkündür. Hazırda Almaniyada cəmi 1 vat elekrtik enerjisi sərf edən, amma 60-lıq lampa qədər işıq verən yeni lampa üzərində işləyirlər.
İri avtomobil istehsalçıları - "Mersedes", "BMW" şirkətləri də bəyan ediblər ki, onlar yeni benzin sərfini bir az da azaldacaqlar. Şirkətlər bu yeniliyi 2015-ci ilədək həyata keçirmək istəyir. 6 min kubsantimertlik mühərrik 1990-cı illərin ortalarına qədər 100 kilometr məsafəni qət etmək üçün 30 litr benzin "içirdi". Hazırda eyni gücdə olan mühərrik 100 kilometrə 18 litr benzin aparır. Yenilik ondan ibarət olacaq ki, 2015-ci ilə qədər bu rəqəm 10 litrdən də aşağı həddə salınacaq.
Dünyada günəş batareyası ilə işləyən ən böyük elektrik stansiyası ABŞ-ın Nevada ştatındadır. Hazırda Çinlə ABŞ Monqolustan çöllərində Nevadakından da böyük stansiya tikməyi müzakirə edir.
Avropa alimləri də beynəlxalq alternativ ekoloji yanacaq şəbəkəsi layihəsi hazırlayıblar.
Məsələn, Böyük səhrada quraşdırılmış günəş enejisi şəbəkəsi bütün Avropanı elektrik enerjisi ilə təmin edə bilər. Böyük Britaniya və Danimarkadan külək enerjisi, İslandiya və İtaliyadan geometrik enerji almaq mümkündür. Bu ideya alimlərin alternativ enerji mənbələrinin axtarılması sahəsində layihələrini maliyyələşdirməyə hazır olan bir çox siyasi lider arasında populyardır.
İngiltərənin baş naziri Qordon Braun, Fransa prezidenti Nikola Sarkozi Böyük səhradan günəş enejisi mənbəyi kimi istifadə olunması planını dəstəkləyiblər. Alimlər əmindirlər ki, Böyük səhraya düşən işığın təkcə 0,3 faizi Avropada enerji qıtlığı və bahalığı problemini həll etməyə imkan verər. Amma tədqiqatçılar onu da etiraf edirlər ki, günəşdən, küləkdən, sudan və vulkandan enerji alınmasına dair beynəlxalq şəbəkənin işə düşməsi üçün uzun illər və xeyli maliyyə vəsaiti lazımdır.
Azərbaycanda vəziyyət. Rəsmi nəticələr
Azərbaycan Sənaye və Energetika Nazirliyi 2015-ci ilə qədər elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin xüsusi çəkisini indiki 1 faizdən 15 faizədək artırmağı planlaşdırır. Bunu "Media forum"a nazirliyin mətbuat katibi Azər Məsimli deyib.
Onun sözlərinə görə, bunun üçün nazirlik Azərbaycanda günəş və külək enerjisindən elektrik enerjisi istehsal etməyə imkan verəcək Avropa şirkətlərinin layihələrini nəzərdən keçirir.
Artıq Azərbaycanda günəş enerjisinin elektrik enerjisinə çevrilməsi tətbiq olunur. "bp" şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir rayonunda günəş batareyaları quraşdırılıb. Bu batareyalar kəndlərdən birinin sutəmizləmə sistemini enerji ilə təmin edir. Sənaye və Energetika Nazirliyi mütəxəssislərinin hesablamalarına görə, Azərbaycan ərazisində 1 kvadratmetr sahəyə düşən günəş enerjisinin həcmi 1500-2000 kilovat/saat təşkil edir ki, bu da Avropadakı eyni göstəricidən çoxdur, ABŞ və Çinin göstəricilərinə isə bərabərdir.
Azərbaycan kimi neftlə zəngin olan bir ölkənin alternativ enerji mənbələrinə marağının və həm də ehtiyacının bu dərəcədə artması diqqəti cəlb edir. Mütəxəssislər bu əl-ayağa düşməni təsadüfi saymırlar. Hesablamalara görə, Azərbaycan 2024-cü ildən sonra istehsal etdiyi neftlə, bir qədər sonra isə qazla özünü tam təmin edə bilməyəcək. Yəni Azərbaycan həmin tarixdən neft ixrac edən ölkədən neft idxal edən ölkəyə çevriləcək. "bp"nin dəfələrlə yaydığı açıqlamalara görə, 2024-cü ildə Azəri-Çıraq-Günəşli yataqlarından çıxarılacaq neftin ümumi həcmi 4 milyon tonu keçməyəcək. Proqnozlara görə, həmin il Azərbaycanın ümumi neft hasilatı 9 milyon ton səviyyəsinə düşəcək.
O illərdə neftə olan tələbat isə indiki inkişaf səviyyəsi nəzərə alınarsa, 10 milyon tondan az olmayacaq. Lakin 15 ildən sonra Azərbaycanın iqtisadiyyatın bir neçə dəfə böyüyəcəyini, vətəndaşların gəlirlərinin artacağını nəzərə aldıqda neftə tələbatın da artacağı aydınlaşır. 10 milyon ton neft illik tələbatı ödəyə bilməyəcək. Belədə Azərbaycan ya milyardlarla pul xərcləyib xaricdən yanacaq almalıdır, ya da alternativ enerji resurslarıdan yararlanmalıdır.
Mütəxəssislər təkcə birinci varianta arxalanmağı riskli sayırlar. Bunu BMT-nin İqtisadi və Sosial İşlər Departamentinin davamlı inkişaf şöbəsinin müdiri Coanna Di Sanonun açıqlamaları da təsdiqləyir. Onun dediyinə görə, son illər ümumiyyətlə dünyada enerji mənbələri 28 faiz azalıb.
Dünya əhalisinin enerjiyə təlabatı isə əksinə - ilbəil artır və 15 ildən sonra daha da yüksələcək. Xüsusilə Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə enerjiyə tələbat çox artacaq. Bu səbəbdən iqtisadçılar vəziyyətdən çıxış yolunu indidən alternativ enerji mənbələrinin inkişaf etdirilməsində, iri neft gəlirlərinin bir hissəsini alternativ enerji mənbələrinin yaradılmasına yönəldilməsində görür.
Azərbaycanda alternativ enerji mənbələri arasında ən səmərəlisi kiçik su elektrik stansiyaları hesab olunur. Ölkənin ümumi hidroenerji potensialı 40 milyard kilovat/saat təşkil edir ki, bunun da 12 faizi kiçik su elektrik stansiyalarının payına düşür. Kiçik su elektrik stansiylarının tətbiqi layihəsinə Avropa İnkişaf Bankı 40 milyon dollara yaxın vəsait ayırmaq niyyətində olduğunu açıqlayıb. Azərbaycanda 50 kiçik çay var və onların 30-nun suyu boldur.
Hesablamalara əsasən, bu çaylardan 4,8 milyard kilovat/saat enerji istehsal etmək olar. Azərbaycandakı 9 kiçik su elektrik stansiyasından indi yalnız ikisi - Şəki və Muğan stansiyaları işləyir. Halbuki vaxtilə Azərbaycanda toplam gücü 25 meqavat olan 16 kiçik su elektrik stansiyası fəaliyyət göstərib. Bu, Azərbaycanda indi istehsal olunan enerjinin 25 faizi qədərdir.
Azərbaycanda su enerjisindən əsasən iri su elektrik stansiyalarında istifadə edilir. Ölkənin illik elektrik enerjisi istehsalının 10 faizi su elektrik stansiyalarının payına düşür. Kiçik çayların da potensialından yararlanmağa başlanması su elektrik stansiyalarının ümumi balansdakı payını artıra, enerji itkisini və qəza riskini azalda bilər.
Məsələ burasındadır ki, Şirvan şəhərindəki Dövlət Rayon Elektrik Stansiyası kimi nəhəng elektrik stansiyalarında qəza halları baş verəndə bunun əziyyətini on minlərlə abonent çəkirsə, kiçik stansiyalarda baş verə biləcək oxşar qəzalar böyük fəsad yarada bilməz.
Azərbaycanda potensialı olan başqa bir alternativ enerji mənbəyi külək enerjisidir.
Ölkədə külək elektrik stansiyaları vasitəsilə elektrik enerjisi istehsalı potensialı 800 meqavata yaxındır. Bu, ildə 4 milyard kilovat/saat, yəni indiki istehsalın 25 faizi qədər enerji deməkdir. Həmin enerji istehsal edilsə, ildə 1 milyon ton şərti yanacağa qənaət edilmiş olar. Lakin avropalı mütəxəssislər külək enerjisinin gücünün daha böyük olduğu qənaətindədir. Abşeron yarımadasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2002-ci ildə apardığı monitorinq nəticəsində külək enerjisinin texniki potensialının 3000 meqavat olduğu aşkar edilib. Bir neçə il bundan qabaq İqtisadi İnkişaf Nazirliyi Abşeronda pilot layihəsi kimi gücü 4 meqavat olacaq külək elektrik stansiyasının tikiləcəyi barədə məlumat yaymışdı. Lakin sonradan bu istiqamətdə işlər səngidi.
Göründüyü kimi, Azərbaycanda geniş alternativ mənbələr var. Sənaye və energetika naziri Natiq Əliyevin qənaətincə, alternativ enerji mənbələrindən istifadə hesabına Azərbaycanda istehsal olunan elektrik enerjisini 5-7, istilik enerjisini isə 10 faizə qədər artırmaq mümkündür.
Avropada ümumi enerji istehsalında alternativ mənbələrin rolu Azərbaycanda olduğu kimi 1 faizlik göstərici ilə ölçülmür. Məsələn, Portuqaliyada alternativ mənbələrin çəkisi 13 faiz, Belçikada 23 faiz, Finlandiyada 24 faiz, İsveçdə 32 faiz, Norveçdə 52 faiz, İslandiyada 73 faizdir.
A.Məsimlinin sözlərinə görə, Azərbaycanda bu istiqamətdə hökumət hələ 2004-cü ildən addım atmağa başlayıb. 2004-cü il oktyabrın 21-də "Alternativ və bəpra olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" qəbul olunub. Proqramın əsas vəzifələri elektrik enerjisinin istehsalında alternativ (bərpa olunan) enerji mənbələrinin potensialını müəyyənləşdirmək, bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə, ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək, yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etmək, Azərbaycanda ənənəvi enerji mənbələrinin mövcud ümumi gücü nəzərə alınmaqla, alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaqdır.
Proqramda Azərbaycanın alternativ (bərpa olunan) enerji potensialı kimi külək, günəş, biokütlə, geotermal (termal sular) enerjisi, kiçik su elektrik stansiyaları göstərilib.
A.Məsimlinin dediyinə görə, proqramdan irəli gələn xeyli iş görülüb: "İlk növbədə real resursları, potensialı müəyyənləşdirmişik. Aparılan hesablamalara görə, Azərbaycanda tam şəkildə bu enerjidən istifadə eləmək üçün real imkanlar mövcuddur. Hesablamalara əsaən, Abşeron yarımadasında ilin 300 günü küləkli olur və küləyin illik orta sürəti 7,2 metrdir. Küləkdən enerji alan qurğular üçün rentabellik isə illik 4 metrdir. Günəş enerjisinin istifadəsiylə bağlı imkanlar da genişdir. Azərbaycan qədimdən günəşli diyar kimi tanınır. İlin 300 günə qədəri günəşlidir. Azərbaycan bu potensialına görə, keçmiş MDB ölkələrində ilk yerlərdən birini tutur. Azərbaycanda daha çox Naxçıvanda ilin 2900 saatı günəşli olur və bu çox yüksək göstəricidir".
Bununla belə, nazirlik səlahiyyətlisi deyir ki, alternativ enerji istehsalı sahəsində Azərbaycanın təcrübəsi çox azdır: "Texnologiyanın həddən artıq baha olması, rentabelliyi uzun müddət qorumağın çətinliyi, sərf olunan vəsaiti geri qaytarmaq üçün çox vaxt getməsi, risklərin çoxluğu bu sahəyə marağı azaldır. Dövlətin özünün maliyyə dəstəyinə ehtiyacı var. Nəzərdə tutulub ki, həmin qurğuların ölkədə istehsalına başlansın. Eyni zamanda həmin texnologiyanın Azərbaycana gətirilməsi zamanı rüsumlardan azad olunması, alternativ və bərpa olunan enerji növünü istehsal edən müəssisələr, şirkətlər stansiyalar fəaliyyət göstərəcəyi təqdirdə müəyyən güzəştlər tətbiq edilməsi və sair təklifləri hökumət qarşısında qaldırmışıq".
2009-cu il iyulun 16-da dövlət başçısı İlham Əliyev Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Fərmana görə, bir ay ərzində qurumun əsasnaməsi hazırlanmalı, qüvvədə olan normativ hüquqi aktlar ona uyğunlaşdırılmalıdır. Agentliyin işçilərinin say həddi 25 ştat vahidi müəyyən edilib.
Fərmanın imzalanmasından iki ay ötüb. A.Məsimli deyir ki, hazırda agentliyin əsasnaməsi razılaşdırılma mərhələsindədir: "Lakin heç bir struktur formalaşdırlmayıb. Əsasnamə layihə şəklindədir, o, təsdiq ediləndən sonra agentliyin işçiləri barədə danışmaq olar".
Mətbuat katibi onu da bildirir ki, Azərbaycandakı alternativ enerji mənbələrinə Norveç, Almaniya, Koreya, İsveç hökuməti maraq göstərir, onların nümayəndələri tez-tez burda ezamiyyətdə olur. Həmçinin azərbaycanlı mütəxəssislər də onların təcrübəsinə yuyələnməyə çalışır.
Azərbaycanın potensialını yüksək qiymətləndirsə də, A.Məsimli dünya alternativ enerji hasilatında Azərbaycanın payının nə qədər ola biləcəyi barədə fikir söyləyə bilmir: "Alternativ enerji ənənəvi enerjini üstələyə bilməz, bu, mümkün deyil. Heç bir ölkə bu hədəfi qoymayıb və buna inanmaq saləlövlük olardı".
Ekspert rəyi
"Alternativ enerjidən istifadənin fəlsəfəsi - kiçik sahibkarlığın inkişafına imkan verməkdir". İqtisadçı ekspert İlham Şaban bu fikirdədir.
"Media forum"a açıqlamasında İ.Şaban yaxın 10 ilə Azərbaycanda alternativ enerjinin tətbiqinin mümkün olmadığını bildirib: "Bizdə hökumət daha çox ənənəvi enerjidən istifadəyə üstünlük verir. Amma qonşu Gürcüstanda hasil edilən elekrtik enerjisinin təqribən 89 faizi su elektrik stansiyalarının, Ermənistanda isə 40 faizi atom elekrtik stansiyasının payına düşür. Azərbaycanda düz 10 ildir eyni rəqəm təkrarlanır: ölkədə istehsal olunan elekrtik enerjisinin 90 faiz istilik elekrtik stansiyalarının payına düşür ki, burda da mazut və qazdan daha çox istifadə edilir.
Keçən il 5,5 milyard kubmert qaz, 500 min ton da mazut yandırılmışdı. Avropanın inkişaf etmiş ölkələrinin parlamentləri qərar qəbil ediblər ki, közərmə lampalarından istifadə edilməsin, çünki bu, israfçılıqdır. Amma bizdə bütün küçələr, binalar, binaların qarşısı közərmə lampaları ilə işıqlandırılır".
İ.Şabanın sözlərinə görə, Azərbaycanda hələ 1999-cu ildən Yaponiya şirkəti külək enerjisi almaq üçün fəaliyyət göstərmək istəyirdi: "Amma hökumətlə razılığa gəlinmədi. Alternativ enerjinin əsasını ölkədə kiçik sahibkarlığın inkişaf etdirilməsi təşkil edir. Başa düşmək lazımdır ki, alternativ enerji ənənəvi enerjidən bahadır. Bunu kompensasiya etməyə ehtiyac var. Misal üçün, mən bağ evimdə günəş enerjisi yarımstansiyası quraşdırıram. Onun gücü 2 kilovatdır. Mən isə maksimum 0,5 kilovatından istifadə edirəm. Bəs yerdə qalan 1.5 kilovat necə olsun? Bu anda dövlətlə vətəndaş arasında razılığa gəlinməlidir. Vətəndaşın istehsal etdiyi elekrtik enerjisi dövlətin şəbəkəsinə keçməlidir. Bu kimi kiçik sahibkarlıq nöqtələri nə qədər çox olsa, iri qəsəbələri, kəndləri elekrtik enerjisi ilə təmin etmək o qədər asan olar. Daha Novxanıya Sumqayıtdan, yaxud Xırdalandan elekrtik xətti çəkməyə, filan qədər itkiyə yol verməyə ehtiyac qalmaz. Bunun da nəticəsində iş prosesi rentabelli olar".
Ekspert hesab edir ki, ölkədə alternativ enerjini inkişaf etdirmək üçün hansısa dövlət proqramı, yaxud agentlik yaratmağa lüzum yoxdur: "Əgər Azərbaycan dövlət xətti ilə alternativ enerjini inkişaf etdirmək istəyirsə, onu sosialist dövründəki aqibət gözləyir. Dövlət büdcəsindən bu sahəyə, tutalım, 10 milyon manat ayrılacaq, nələrsə quraşdırılacaq, bir qədər işləyəcək, sonra texnika xarab olacaq və nəhayət, ona fikir verən də olmayacaq və sair".
İ.Şabanın fikrincə, bu sahəni güclü inkişaf etdirmək üçün iqtisadi imkanlar hələ çox genişləndirilməlidir: "Elə şirkətlər var ki, alternativ enerji almaq üçün lazım olan qurğuları Bakıya gətirir və satışını təşkil edir. Həmin qurğuların Türkiyədə qiyməti 400 ABŞ dolları olduğu halda, burda 1000 manatdır. Nə üçün?"
İqtisadçının verdiyi izahata görə, qiymətin bu qədər bahalaşmasına səbəb müxtəlif vergilərin qoyulmasıdır: "Eyni zamanda onların gətirilməsi inhisardadır. İnhisarın qarşısı alınmalı, idxal, Əlavə Dəyər Vergisi ləğv edilməlidir. Bunu etməsək, dövlət heç nə qazanmayacaq. Əsası odur ki, dövlət kiçik sahibkarlardan əldə olunan alternativ enerjini 3, yaxud 4 qəpiyə alacağını vəd etməli, bunun texniki şərtlərini hazırlamalı, rüşvət olmadan insanlarla müqavilə bağlamalıdır".
Akademik sözü
Akademik Musa Rüstəmov hesab edir ki, bu sahənin Azərbaycanda inkişaf etdirilməsi üçün çox işləmək, çox təcrübə toplamaq lazımdır: "Azərbaycanda alternativ enerjidən istifadə olduqca azdır. Bunu etmək üçün müxtəlif enerjilərdən səmərəli istifadə olunmalıdır. Bunun üçün isə Azərbaycanda çox iş görülməlidir. Yeni texnologiyalar qurulmalı, enerji əldə etmək imkanları genişləndiriməlidir".
Azərbaycanın potensialını yüksək qiymətləndirən M.Rüstəmovun bildirdiyinə görə, hasilatı Avropa səviyyəsinə qaldırmaq mümkündür: "Səmərəli istifadə edilərsə. Hörmətli prezident də bu sahə ilə bağlı öz fikirlərini söyləyib. Sadəcə, səslənən ideyaları həyata keçirmək, müxtəlif layihələr hazırlamaq lazımdır".
Aynur İMANOVA
E-mənbə / link: http://mediaforum.az/articles.php?lang=az&page=09&article_id=20090917101903383