
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
EŞQ
Təsəvvüf ədəbiyyatında hüsn cahanı əks etdirən bir ayna, eşq isə hüsnün gözəlliyinin aşiqin qəlbində yaratdığı həyəcan, hüsni-təvəccöhdür. Hürufilər cananın hüsnünü həm də olduqca müqəddəs, eşqi də məhz bundan dolayı ilahi hesab edirdilər. M.Füzulidən xeyli əvvəl fədakar şair İ.Nəsimi yazırdı:
Ey camalın "Qülhüvəllahü-əhəd"
Surətin yazusu "Əllahüs-səməd"
Beləliklə də gözəlin, cananın hüsnü "Quran"ın ən müqəddəs giriş surəsinə, faktiki olaraq müsəlmançılığın təsdiqinə aid duasına bənzədilir. Əlbəttə ki, burada söhbət adi hüsndən yox, ali hüsndən gedir. Və bu hüsnə vurğunluq, onunla təmas təşnəsi sufi eşqin, o cümlədən Füzuli eşqinin əsasında dayanır. Şairin lirik qəhrəmanı yəni Füzuliyi-mübtəla dünyada eşqdən böyük əmək tanımır və qəzəllərindən birində "Ey Füzuli, nə əməl qılsan xətadır qeyri-eşq" deyir. Bu məqamda dahi şairin proqram, bəyanat xarakterli məşhur bir beyti gəlir dilə:
Məndən Füzuli istəmə əşari-mədhü zəmm
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
Şair açıq mətnlə məndən mədh şeiri və yaxud tənqidi-satirik şeir istəmə, mən aşiqəm və şeirlərim də həmişə eşq mövzusundadır deyir.
Beləliklə də eşq Füzuli şeirinin təkcə mövzusu yox, həm də bədii-estetik cövhəridir. Bəs bu hansı eşqdir, necə eşqdir? Biz "Azərbaycan füzulişünaslığı" monoqrafiyamızda bu suala cavab vermişik: Füzulinin eşqi əsasən sufi eşqdir, eşqi-ilahi, eşqi-mütləqdir. Füzulişünas S.Əliyev dörd cildlik "Füzuli qəzəllərinin şərhi"nə müqəddimədə yazıb: "Onun qəzəllərində aşiq və məşuq olaraq, əsasən, Allah təsvir edilir... Füzuli Allahı hər cür gözəlliyin təkcə yaradıcısı kimi yox, həm də sahibi kimi verir. İnsana xas olan yaxşı nə varsa, hamısı ilk növbədə mükəmməl şəkildə məhz Allaha məxsusdur". Elə buna görə də insan (şair) Füzulidə və aşiq Füzulidə dil və eşq üz-üzə gəlir.
Əql yar olsaydı, tərki-eşqi yar etməzmidim,
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim.
Tədqiqatçı çox dəqiq yazır: "Sufilər belə hesab edirlər ki, əql insanın istəyinin və idrakının məhsuludur. İnsan idrakı isə yaradılmış bir şey olduğuna görə məhdud və naqisdir. Buna görə sonsuz və hüdudsuz olan həqiqəti dərk etməkdə acizdir. Məcnun ona görə eşqi tərk edə bilmir ki, o, artıq mənəvi inkişafın daha yüksək mərhələsinə qədəm qoymuş, əqlin hökmündən qurtulmuşdur. Əql təsəvvüf ədəbiyyatında aşiqi yarı yolda qoyub qaçan vəfasız yoldaş rəmzində verilir" (N.Məmmədli). Füzulinin eşqdən aldığı - eşqə verdiyi birinci hiss əndişədir:
Mənim tək hiç kim zari-pərişan olmasın,
ya rəbb.
Əsiri-dərdi-eşqü daği-hicran olmasın,
ya rəbb.
Dəmadəm cövrlərdir çəkdiyim birəhm
bütlərdən,
Bu kafərlər əsiri bir müsəlman olmasın,
yarəbb!
Güman edirik ki, mətnin şərhinə ehtiyac yoxdur. Füzulini əndişəyə salan "birəhm büt" məhz bir vaxtlar "Heyrət, ey büt..." deyə hüsnünə vurulub surətə, şəklə çevrildiyi ilahi gözəldir.
Füzuli qəhrəmanın (məsələn, Məcnunun) eşqinin əzəməti onun sağalmazlığındadır. cünun olmadan Leylinin, ümumən Füzuli məşuqəsinin hüsnünün gözəlliyini dərk etmək mümkün deyil... Bir az sonra bu ölməz məhəbbət dastanına qayıdacağıq.
Füzulinin sufizmin hansı təriqətinə mənsub olması məlum deyil. Bundan tutan füzulişünaslar, məsələn, H.Mazıoğlu, B.Çobanzadə, M.Quluzadə, M.Cəfər və b. onun sufi olmadığını iddia edirlər. Türk füzulişünası H.Mazıoğlu "Nə Hafiz, nə də Füzuli təsəvvüf şairi deyillər, Füzulinin alimliyi, Hafizin isə rindliyi güclüdür" qənaətinə gəlir. Hələ XX əsrin 20-ci illərində B.Çobanzadə "Füzuli sufi, mistik deyildir" deyə yazırdı. Lakin elə o zaman Ə.Hüseynzadə "Həft cam" əsərini təhlil edərək, "Həqiqətə məcaz yolu ilə getdiyini iddia edən Füzuli həmən bu poemasında mütəsəvvüfanə fikirlər yürütmüşdür" - deyib.
Qeyd etdik ki, eşqin gözəlliyi sağalmazlığındadır, onun dərmanı yalnız sevməkdir. Füzuli onun eşq mərəzinə dərman etmək istəyən həkimə müraciətlə belə deyir:
Eşqdən canımda pünhan bir mərəz var,
ey həkim.
Xəlqə pünhan dərdim izhar etmə zinhar,
ey həkim.
Var bir dərdim ki, çox dərmandan
artıqdır mənə
Qoy mənim dərdimlə, dərman
eyləmə, var, ey həkim.
Eşq mərəzinə tutulmaq sufi üçün ali bir xoşbəxtlikdir. Və o istəmir ki, bu "pünhan mərəz"i - "pünhan dərdi" xəlqə izhar etmək günahdır. Bu elə bir dərddir ki, o, bütün dərmanlardan daha güclüdür, dərman adətən acı olur, bu isə ən şirin dərmandır.
Eşq dərdilə xoşam, ən çək əlacımdan,
təbib,
Qılma dərman kim, həlakım
zəhri-dərmanındadır.
Bəs eşqin əlacı, bu sağalmaz dərdin dərmanı varmı? Əgər varsa, bəs o nədədir? Bu suala böyük sufi M.Füzuli məhz sufi bir cavab tapır:
Eşq dərdinin dəvası qabili-dərman deyil,
Tərki-can derlər bu dərdin mötəbər
dərmanına.
"Tərki-can qılmaq" - yəni qəbr evinə girmək və ruhu bədəndən xilas edib Allah dərgahına göndərmək eşqin dərmanıdır. Ona görə də Füzulidə eşq salikin, təriqət yolunu tutub həqiqətə doğru can atan sufinin ən dürüst ünvanı hesab olunur. "Saliki-dahi-həqiqət eşqə eylər iqtida" - deyirdi Füzuli. "Ey Füzuli, intəhasız zövq buldun eşqdən, Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida" - Həqqin, Allahın adı ilə tutulan hər bir iş kimi, eşqdə də sonsuz, tükənməz bir zövq, həzz vardır.
Şübhəsiz ki, Füzulinin və dünya ədəbiyyatının eşq haqqında ən böyük əsəri "Leyli və Məcnun"dur. Ana dilimizdə ilk "Leyli və Məcnun" müəllifi Həqiri Təbrizinin belə bir mənalı fikri var: "Məhəbbət bütün insanları tərk edib mənim bədənimdə qərar tutmuşdur, ölsəm, onu mənim məzarımda axtarın". Əksər tədqiqatçılar bu fikirdədir ki, Füzuli Leylinin timsalında Allahın gözəlliyini, onun nurunu əks etdirmişdir. Ona görə də Leyli dünya sufi ədəbiyyatında ən kamil obrazdır. Məcnunu isə dahi şair bu ilahi nuru görə bilən bəsirət gözlü bir paklıq mücəssəməsi kimi işləyir. Məcnunun eşqi (cünunluq) Leylinin ilahi gözəlliyinin Məcnunun nurunda əks-sədasıdır. Leylinin Məcnundan ayrılması onun cəmiyyətlə bağlı bütün əlaqələri kəsməsi demək idi. Eşq Məcnun üçün hər şeyin meyarı idi. Başqa sözlə desək, Məcnun Leyli adlı ilahi varlıqda əriyib itir.
"Ən böyük Şekspir - Hamletdir" - deyirdi Yaşar Qarayev. "Ən böyük Füzuli - Məcnundur" deyə bilərik biz. Lakin Füzuli Məcnunu yaradır, onu aşiqliyin simvoluna çevirir, "aşiqi-mütləq" kimi şöhrətləndirir və sanki özü də sonra bu şöhrətə qısqanır:
Məndə Məcnundan füzun
aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun
ancaq adı var.
Yaxud:
Sürdü Məcnun növbətin, indi mənəm
rüsvayi-eşq,
Doğru derlər, hər zaman bir aşiqin
dövranıdır.
Beləliklə də, Füzuli öz lirik "mən"inə qalib gəlir, şair Füzulinin aşiq Füzulidən qüdrətli olduğunu poetik şəkildə əyaniləşdirir.
Ey Füzuli, dura məndən ala təlimi vəfa,
Nagəh ər mərqədi Məcnunə düşərsə
güzərim.
Leylinin hüsnü də, eşqi də, bundan dolayısı dərdi də daha böyükdür. Doğrudur, Leylini sevmək, onun varlığını dərk etmək Tanrını sevmək qədər çətindir. Lakin Leyliyə özünü sevdirmək daha çətindir. Məcnun Leylinin Məcnunudur. Fəqət, Leylinin Məcnunu olan Məcnunun Məcnunudur...
Leylinin anasının tövsiyə və təkidi ilə Məcnunun anası oğlunun canından cünunluq azarı çıxsın deyə oğlunu Beytullaha - Kəbəyə gətirir. Kəbə Məcnun üçün vüsal məqamı, xaliqlə məxluq arasındakı mənəvi əlaqənin rəmzidir" (N.Məmmədli). Məcnun diz çöküb Allaha yalvarır ki:
Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli dərddən,
Yəni çox bəlalara qıl mübtəla məni!
Olduqca mən götürmə bəladan iradətim,
Mən istərəm bəlanı, çün istər bəla məni!
Məcnun eşqə daha ziyadə mübtəla olmağı arzu edir. Çünki onun üçün eşqdən kənarda nə maddi, nə də mənəvi varlıq mövcud deyil. Füzuli deyirdi ki, heç kim canan üçün can verməyə cəhd etməsin. Çünki bu sifət ancaq Füzulinin şanına nəsib olub: "Canını cananə verməkdir kəmalı aşiqin, Verməyən can etiraf etmək gərək nöqsaninə".
Bu minvalla da "Məhəbbət Füzulinin qəzəllərində ən yüksək hiss kimi tərənnüm olunur. Özü də elə bir məhəbbət ki, insan həyatının məna və məzmununu təşkil edir. Elə bir məhəbbət ki, qarşısındakı bütün maneələri yıxıb dağıtmağa qadirdir. Elə bir məhəbbət ki, məğlubiyyət, məhrumluq çağlarında da əzəmətini, qüdrətini, qürurunu saxlayır" (Mir Cəlal). Deməli bu adi məhəbbət deyil, mayasını Tanrı nurundan almış ilahi bir məhəbbətdir. Füzulidə eşqin gücü bundadır ki, o müqayisəyə gəlməzdir, ancaq Füzuliyə məxsusdur. Elə olmasaydı şair yazmazdı:
Məcnun oda yandı şöleyi-ah ilə pak,
Vamiq suya batdı eşqdən oldu həlak,
Fərhad həvəs ilə yerə verdi ömrün,
Xak oldular onlar, mənəm imdi ol xak.
Bəzi füzulişünaslar bu rübaini yunan fəlsəfəsindəki dörd ünsürlə izah edib bu qənaətə gəlirlər ki, Füzuli bütün kainatı eşqdən, məhəbbətdən yaranmış bir aləm hesab edir. Füzuli bu rübaidə rəmzə çevrilmiş üç məşhur aşiqin adını çəkir - Məcnun, Vamiq və Fərhad və deyir ki, bunlar eşq yolunda hərəsi bir səbəblə ölüb torpağa çevrildilər. Mən onların üçündən də böyük aşiqəm, çünki onların üçünün də torpağı mənəm. Beləliklə, Füzuli bütün məşhur aşiqləri özündə əridib itirir, ədəbiyyatda yeganə aşiq - "aşiqi mütləq" kimi əzəmətlə ucalır. Qəzəllərinin birində şair yazır:
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min Bisütuni badə.
Beləliklə də, əgər hüsnün əks-sədası eşqdirsə, eşqin əks-sədası qəmdir. Eşqin nə olduğunu qəmdə dərk etmək mümkündür...
Akademik H.Araslı "Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyasında "Leyli və Məcnun" fəslini bu cümlə ilə başlayır. "Füzulinin çox zəngin, rəngarəng, eyni zamanda çox ziddiyyətli yaradıcılığında "Leyli və Məcnun" poeması xüsusi bir yer tutur". Böyük alimin "çox ziddiyyətli yaradıcılığı" ifadəsini məhz ölməz məhəbbət dastanını təhlilə başlarkən işlətməsi təsadüfi deyil. Ziddiyyət Füzulinin eşqə münasibətindədir. Şair Məcnunun anasının dilindən eşq haqqında - eşqi pisləyən "Qəzəli-ustad" adı ilə belə bir qəzəl verir.
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri cahandır!
Sud istəmə sevdayi-qəmi-eşqdə hərgiz
Kim, hasili-sevdayi-qəmi-eşq ziyandır!
Hər əbruyi-xəm qətlinə
bir xəncəri-xunriz,
Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə sərəncamı yamandır!
Yad etmə qara gözlülərin
mərdümi-çeşmin,
Mərdüm deyib aldanma kim,
içdikləri qandır!
Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
Göründüyü kimi burada eşqin ziyan olduğu bildirilir, məşuqənin qaşı aşiqini qətlə yetirən xəncərə, qara zülfləri aşiqi zəhərləyən əfi ilana, məşuqənin qara gözləri qan içən qartala bənzədilir. Buna görə də o gözəllərdə vəfa olmadığı, şair sözünün "yalan" olduğu qənaətinə gəlir. Füzulişünaslıqda "Aldanma ki, şair sözü, əlbəttə, yalandır" misrası mübahisəli məsələlərdən biridir.
Eşq Füzulini yaşadığı maddi dünyadan uzaqlaşdıran mənəvi aləmlə bağlayan ən ali duyğudur. E.Bertels yazır: "Məhəbbət onun dərin nifrət bəslədiyi bu dünyada yeganə məqsədidir". Bu məqsədin arxasında bu fani dünyanı tərk etmək Haqqə qovuşmaq kimi ali bir niyyət dayanır.
Füzulidə eşq məsələsinə münasibət əsasən ziddiyyətlidir. M.Quluzadə "Füzulinin lirikası" kitabının 242-ci səhifəsində yazır: "Füzulinin məhəbbət lirikasında, onun eşq anlayışında sufizm motivləri varmı? Biz bu suala qətiyyətlə mənfi cavab veririk: yoxdur." Onunla üzbəüz 243-cü səhifədə isə oxuyuruq: "Füzuli yaradıcılığı çox mürəkkəb və ziddiyyətli mahiyyətdə olduğu üçün, onun bəzi qəzəllərində və ayrı-ayrı beytlərində məhəbbət haqqında mistik pərdəyə bürünmüş tək-tək fikirlərə rast gəlmək olar".
Füzuli haqqında yazılmış, demək olar ki, bütün monoqrafiyalarda Füzuli eşqinə münasibət təxminən belədir. Çünki şairin həm qəzəllərində, həm "Leyli və Məcnun"da, "Həft cam", "Rindü-Zahid" və s. əsərlərində Füzuli sufizmi dünya əzabından qurtuluş yolu, eşqi isə haqqa qovuşmaq vasitəsi kimi tərənnüm etmişdir.
Bəzi müasir alimlər belə bir fikir irəli sürürlər ki, Füzulinin sufi olduğunu iqrar etmək onu heç də böyütmür, əksinə, bəlkə də kiçildir. Biz bu qənaəti yanlış hesab edirik. O, sufizmə 1000 ildən artıq tarixi və mükəmməl nəzəri sistemi olan bədii-fəlsəfi cərəyan kimi deyil, təriqət kimi baxmaqdan irəli gəlir. İkincisi də budur ki, tədqiqatlarda sufizmə ilkin formasında - zahidlik (asketizm) səviyyəsində yanaşılır, onun irfani bir cərəyan olduğu nəzərə alınmır. Bu ayrıca bir tədqiqat mövzusudur.
Biz demirik ki, Füzuli real eşqdən uzaq olub, biz deyirik ki, Füzuli real eşqi ilahiləşdirib, insana Allaha gedən nur yolunu - eşqi nişan verib. Bu Qeysdən Məcnuna qədər keçən ən ülvi, ən çətin və əzablı, ən ali və müqəddəs, pak bir yoldur.
E-mənbə \ link: http://www.525.az/new/2009/09/19/read=47647