Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Güman olunan müəllif". «BAŞQA RƏNGLƏR» kitabından bir hissə

Müəllif:

Orxan Pamuk


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Orxan Pamuk. "Güman olunan müəllif". «BAŞQA RƏNGLƏR» KİTABINDAN BİR PARÇA


Baxış sayı: 169
    
    


Artıq otuz ildi yazıram. Bu sözləri də çoxdan təkrarlayıram. O qədər çox təkrar söyləmişəm ki, daha həqiqətə oxşamırlar, çünki artıq yazıçılığımın otuz birinci ilidi. Amma hər halda demək ləzzət verir: artıq otuz ildi romanlar yazıram, amma bu da tamam doğru deyil. Aradabir başqa şeylər: oçerklər, tənqidi məqalələr, İstanbul, yaxud siyasət haqqında qeydlər, nitqlər yazıram... Bununla belə, məni həyata bağlayan əsas həvəsim romanlar yazmaqdı. Bir çox böyük yazıçılar məndən daha uzun müddətdi yazırlar, bu prosesə xüsusi fikir vermədən yarım əsrdən artıqdı yazırlar... Dönə-dönə, vəcdlə, sevgiylə oxuduğum Tolstoy, Dostoyevski, yaxud Tomas Mann kimi böyük yazıçıların yaradıcılıq həyatısa, ümumiyyətlə, otuz il yox, əlli ildən artıq çəkir. Mən yazıçılıq fəaliyyətimin otuz ilinə niyə böyük əhəmiyyət verirəm? Bunu ona görə eləyirəm ki, kitabın yazılması, xüsusilə də adətim kimi romanın yazılması prosesi barədə danışmaq istəyirəm.

Özümü xoşbəxt eləmək üçün mən hər gün müəyyən ədəbiyyat dozası almalıyam. Bu məsələdə hər gün bir qaşıq dərman qəbul eləməli olan xəstəyə oxşayıram. Uşaqlıqda öyrəndim ki, şəkərli diabet xəstələrinin normal həyat tərzi keçirmələri üçün hər gün onlara iynə vurmaq lazımdı, buna görə də belələrinə çox yazığım gəlirdi, hətta mən elə bilirdim, yarıölüdülər. Mən də ədəbiyyatdan asılılığıma görə yarımçıq yaşayıram. Əvvəllər, xüsusilə gənclikdə fikirləşirdim ki, məni real həyatdan uzaqda, buna görə də yarıölü vəziyyətə məhkum sayırlar. Bəlkə də bu vəziyyəti yarıkabus vəziyyət saymaq daha düzgün olardı. Hətta tez-tez mənə elə gəlirdi, ölüyəm, öz cəsədimə ədəbiyyatın köməyilə həyat verməyə çalışıram. Ədəbiyyat mənim üçün dərmandı. Qaşıqla, yaxud inyeksiya təki qəbul olunan ədəbiyyat, hər gün «qəbul eləməli olduğum» ədəbiyyat - belə demək mümkünsə, mənim «dozam» - müəyyən xüsusiyyətlərə və müəyyən tərkibə malik olmalıdı.

Hər şeydən qabaq «dərman» yaxşı olmalıdı. Keyfiyyət altında mən səmimiyyəti və siqləti başa düşürəm. Mənə dünyasına inana bildiyim hər hansı dərin romandan bir parça oxumaq qədər başqa heç bir şey xoşbəxtlik gətirmir, məni həyata səsləmir. Eyni zamanda azacıq həsəd kölgəsi heyrətimi korlamasın deyə, artıq müəlliflərin sağ olmamalarına üstünlük verirəm. Yaşlandıqca görürəm ki, ən yaxşı kitabları artıq ölmüş yazıçılar yazıblar. Əgər onlar hələ sağdılarsa, gözəgörünmədən, kabus kimi bizim arxamızda dolaşırlar. Ona görə də böyük yazıçıları küçədə görəndə həyəcan keçiririk, elə bil kabuslar görürük və gözlərimizə inanmadan onları uzaqdan seyr eləyirik. Çox az cəsarətli adamlar kabusa yaxınlaşıb ondan avtoqraf istəyir. Bəzən öz-özümə deyirəm, bir müddətdən sonra bu yazıçı da öləcək onun kitabları bizi daha qüvvətlə həyəcanlandıracaqlar. Amma əlbəttə ki, həmişə belə olmur. Əgər yazıramsa, mənə hər gün tamamilə başqa ədəbiyyat «dozası» lazımdı. Çünki mənim xəstəliyim kimi xəstəliyə tutulmuş adamlar üçün ən yaxşı dərman, ən böyük xoşbəxtliyin mənbəyi hər gün yarım səhifə yaxşı mətn yazmaqdı. Artıq otuz ildi, mən demək olar, hər gün iş otağımda, masamın arxasında ən azı on saat yazıram. Əgər yazılanlardan layiqli hesab edilib çap olunanları hesablasaq, otuz il ərzində orta hesabla gündə bir səhifədən az alınır. Üstəlik də yazdıqlarım «layiqli» saydığım səviyyədən bir qədər azdı. Bu da özümü bədbəxt saymağımın iki vacib səbəbidi. Amma istəyirəm, məni düzgün başa düşəsiniz: ədəbiyyata bu qədər bağlı olan mənim kimi yazıçı yaratdığı kitabların sevincini hiss eləyəcək, yaxud onların uğuru, ya da sayıyla qürur duyacaq qədər səthi adam deyil. Ədəbiyyat ona öz həyatını xilas eləmək üçün yox, yaşadığı ağır gündən canını qurtarmaq üçün lazımdı. Günlərsə həmişə ağırdı. Əgər siz yazmırsınızsa, həyat çətindi. Çətindi, ona görə ki, yaza bilmirsiniz. Bir də ona görə ki, yazırsınız, axı yazmaq çox çətindi. Başlıcası, bu çətinliklərin arasında ümid qazanmağı bacarmaq günü yaşamaqdı, əgər kitabla onun səhifələri sizi başqa aləmə aparırsa, həmin gün sevinmək , özünü xoşbəxt hiss eləmək baş tutub.

Yaxşı işləyə bilməyəndə, yaxud hər hansı kitabdan zövq almayanda nə hiss elədiyimdən söz açmaq istəyirəm. Əvvəlcə dünya mənə xoşagəlməz, hətta bir qədər iyrənc görünür; məni tanıyanlar dərhal bunu sezirlər, çünki bu dünyaya oxşamağa başlayıram. Məsələn, axşam qızım üzümün kədərli görkəmindən dərhal başa düşür ki, gündüz istədiyim kimi işləyə bilməmişəm. Bunu ondan gizləməyə çalışıram, amma bacarmıram. Belə çətin dəqiqələrdə mənə elə gəlir, ölümlə həyat arasında fərq yoxdu. Heç kəslə danışmaq istəmirəm, bu vəziyyətimi görənlər də mənimlə danışmaq istəmirlər. Ümumiyyətləsə, hər gün günortadan sonra, saat birdən üçəcən buna bənzər, ancaq yüngül formada bir şey keçirirəm, amma artıq bilirəm ki, bunun ən yaxşı dərmanı işləmək, oxumaqdır, əgər vaxtında hərəkətə gəlməyə başlayıramsa, tamamilə canlı meyitə çevrilməzdən əvvəl vəziyyəti xilas eləyə bilirəm. Əgər səfərlər, qazpulu ödəmək, orduda xidmət (bu, çoxdan olub), siyasi hadisələr (bu yaxınlarda olub) və müəyyən bir maneələr üzündən uzun müddət mürəkkəb - kağızdan dərmanımı qəbul eləmirəmsə, dərddən daşa dönürəm. Cismim özümə çətinliklə tabe olur, ayaqlarım keyləşir, başım dördkünc vəziyyət alır, hətta deyəsən, tərim də nəsə başqa cür qoxu verir. Bu əzablar da uzun müddət sürə bilər: həyat adamı ədəbiyyatdan uzaqlaşdıran cəzalarla doludu. Mən tünlük siyasi yığıncaqda iştirak eləyə bilərəm; universitetin dəhlizində dostlarımla söhbətləşə bilərəm; bayram günündə qohumlarımla şam yeməyi yeyə bilərəm; televizorda gördükləriylə beyni dolu olan baxışlarımız bir-birinə düz gəlməyən yaxşı bir adamla söhbətə girişməyə cəhd göstərə bilərəm; vacib işgüzar görüşdə iştirak eləyə, yaxud vizaya şəkil üçün fotoqrafın yanına gedə bilərəm - qəfildən göz qapaqlarım ağırlaşır, günün günorta çağı yuxuya gedirəm. Bəli, yəqin mənim əsas tələbatım ədəbiyyat yox, arzulara daldığım otaqda tək qalmaqdı. Tək olanda bütün bu yığıncaqlar, ailə və universitet görüşləri, yaxud bayram ziyafətləri orda iştirak eləyən adamlar kimi, mənə çox xoş gəlir. Bu bayram ziyafətlərini xəyalımda canlandırdığım təfərrüatlarla tamamlayıram, adamlarısa daha əyləncəli eləyirəm. Mənim xəyallarımda əlbəttə ki, hər şey maraqlı, sirli, həqiqi olur. Bu yaxşı tanış olan aləmdən yeni aləm yaradıram.
İndi ən başlıca şeyə çatdıq. Yaxşı işləmək üçün çox darıxmalıyam; çox darıxmaq üçün həyatın bulaq kimi qaynadığı yerdə olmalıyam. Məhz orda, səs-küyün ortasında, bir yığın telefonun zəng çaldığı bir ofisdə, yaxud günəşli dəniz qırağında doğmaların, əzizlərin əhatəsində, yaxud yağışlı havadakı dəfndə, yəni tezliklə özümü hadisələrin lap ortasında hiss eləyəcəyim bir vaxtda qəfildən duymağa başlayıram ki, əslində baş verən hadisələrdə iştirak eləmirəm, əksinə hər şeyə qıraqdan baxıram. Xəyala dalmağa başlayıram. Əgər ovqatım pisdisə, yalnız nə qədər darıxdığım barədə düşünürəm. Əgər yaxşıdısa, daxili səs mənə otağa qayıdıb masanın arxasında oturmağı əmr eləyir. Belə halda başqalarının özlərini necə apardıqlarını bilmirəm, amma mənimkimilər yalnız bu cür yazıçı olurlar. Həm də mənə elə gəlir, bu halda adətən poeziya yox, nəsr, roman yaranır. Beləliklə, hər gün mütləq qəbul elədiyim dərmanın başqa keyfiyyətləri barədə də öyrənirik. İndi aydındı ki, onun fəal komponentləri darıxmaq, adi həyat və xəyal gücüdü.
Bu etirafdan aldığım zövq, özüm barədə səmimi danışanda duyduğum qorxu məni haqqında danışmaq istədiyim çox ciddi, vacib məqamın dərkinə aparır. Mən kitab yazma prosesinin çox sadə nəzəriyyəsini təklif eləyirəm, bu ondan başlayır ki, birinci mərhələdə iş ən azı mənim kimi yazıçılar üçün təskinlik, dərmandı; biz romanlarımızın mövzu və formalarını gündəlik xəyal tələbatımıza uyğun seçirik. Romanın yaradılmasına fikirlər, ehtiraslar, hiddət, arzu təsir göstərir, bütün bunları bilirik. Sevdiklərimizi sevindirmək, düşmənlərimizi alçaltmaq, vəcdə gəldiyimiz şeyləri tərifləmək, sevdiyimiz barədə danışmaq, qəti bilmədiyimiz şey barədə məmnunluqla mülahizə yürütmək, nəyisə ləzzətlə xatırlamaq, ya da ümumiyyətlə, xatırlamamaq, sevilməyi arzulamaq, oxumağı arzulamaq, siyasətlə maraqlanmaq, kiminsə tələbatını ödəməyi istəmək, şəxsi məhvedici ehtiraslar - bunlar, çoxlu digər anlaşılmaz, mücərrəd istəklər bizi gizli, ya açıq yönəldir... Elə həmin istəklər də haqqında danışmaq istədiyimiz xəyallarımıza təsir göstərir. Biz istəklərimizin hardan yarandığını və xəyallarımızın nə olduğunu dəqiq bilməyə bilmərik, amma yazmağa başlayanda istəyirik ki, onlar bizi yönəltsinlər, hardan əsdiyi məlum olmayan külək kimi, arxadan itələsinlər. Hətta demək olar, bu gizli qüvvələrin iradəsinə tabe oluruq. Biz hara üzəcəyini bilməyən gəmi kapitanına oxşayırıq... Amma şüurumuzun bir tərəfiylə hər halda harda olduğumuzu hara üzmək istədiyimizi dərk eləyirik.

Mən hətta küləyin iradəsinə tamam tabe olanda da, tanıdığım vəcdə gəldiyim başqa yazıçılarla müqayisədə öz əsas istiqamətlərimi təxmini bilirəm, hara getdiyimi ehtimal eləyirəm. Mən yola çıxmazdan qabaq plan tuturam: yazmaq istədiyim hekayəni gəminin hansı limanlara yol alacağından, hansı yükü götürəcəyindən, hansı yüküsə boşaldacağından, səyahətimin təxminən nə qədər sürəcəyindən asılı olaraq, hissələrə bölürəm, bütün bunları xəritədə qeyd eləyirəm. Amma bununla belə, yelkənlərim qabarıb hekayəmin yönünü dəyişməyi qərara alanda buna müqavimət göstərmirəm. Əslində, qabarmış yelkənlər altında gedən gəmi tam, bütöv olmalıdı. Elə bil bir-birinə axan, hər şeyin öz aralarında bağlı olduğu, hər kəsin hər şeyi bildiyi xüsusi yer və zaman axtarıram. Külək də get-gedə sakitləşir, mən də sakitliyin içində durduğumu görürəm. Bununla belə hiss eləyirəm ki, duman bürümüş bu sakit sularda da romanımın asta-asta irəli üzüb gedəcəyinə kömək eləyəcək bir şey gizlənib...

Mən hər şeydən çox istəyirəm ki, «Qar» romanında haqqında söz açdığım poetik ilham mənə də gəlsin. Bu bir vaxt «Xan Kubla» poemasını yazanda Kolricin keçirdiyi, barəsində danışdığı ilhamın bir növüdü... Mənə parlaq və təəssürat oyadan, daha yaxşısı, dərhal romana daxil edilməsi mümkün olan hazır səhnələr, situasiyalar formasında belə ilham gəlməsini (Kolricə poeması, «Qar»ın qəhrəmanı Kayasa şeirləri gəldiyi kimi) çox istəyirəm. Əgər səbrlə, diqqətlə gözləyirəmsə, arzum həyata keçir. Kitab yazmaq - bu istəklərə, günlərə, ilham həmləsinə, şüurun sirli guşələrinə, dumanlı tutqunluq və durğunluq dəqiqələrinə açıq olmaq deməkdi.

Romansa - bu küləklərin qabartdığı yelkən altında gedən tarixçədi; o ilhamın müxtəlif formalarını əks etdirir, xəyalımızda canlandırdıqlarımızı şüurumuzda yaratdıqlarımızı ümumi mənayla birləşdirir. Amma roman hər şeydən qabaq - hər an dalmaq imkanına malik olmaq istədiyimiz həyatla dolu xəyalda canlandırılan aləmi özündə ehtiva eləyən damardı. Romanlar bizə kitab aləminə dalmağa, yeknəsəq real aləmi mümkün qədər tez unutmağa yardım göstərən fantaziyalarımızın fraqmentləridi. Biz nə qədər çox yazırıqsa, bu fantaziyalar o qədər zəngin, o qədər geniş, mükəmməl, dolğun və gözəl olur. Biz yazdığımız müddətdə bu aləmi dərk eləyirik, onu nə qədər yaxşı öyrəniriksə, şüurumuzda saxlamaq o qədər asan olur. Əgər mən romanın ortasındayamsa, iş asan gedir, onun fantaziyalar aləminə asanlıqla daxil oluram. Axı romanlar onları oxuyanda daxil olduğumuz yeni aləmlərdi və yəqin ki, biz onları yazanda mövcud oluruq: yazıçı kitablara forma verir, istəyir, kitablar fantaziyanı, onun fantaziyasını ifadə eləsinlər. Diqqətli oxucuya onlar xoşbəxtlik bəxş eləyirlər, yaxşı yazıçıya etibarlı möhkəm aləm bəxş eləyirlər, onlar bu aləmdə gizlənib günün istənilən vaxtı xoşbəxt olacaqlar. Əgər üstündə dəftərlərim, qələmim olan yazı masasına yaxınlaşıramsa, həmin möcüzəli aləmin heç olmasa, kiçicik bir hissəsini yarada biləcəyimi hiss eləyirəmsə, xoşbəxtəm. Bir anda adi, bayağı aləmdən çıxıb başqa geniş və azad aləmə düşürəm - adətən nə gerçək dünyaya qayıtmaq, nə romanı bitirmək istəyirəm, çünki bu, hər dəqiqə daha da çoxcəhətli olan aləmi yaratmaqdan əl çəkməyim olacaq. Hisslərim mənə: «Lütfən, qoy yeni roman daha uzun olsun!» deyən bəzi oxucuların xahişlərinə oxşayır. Fəxr eləyirəm ki, bu sözləri naşirlərin elə hey dedikləri «Lütfən, bir qədər qısa yazın!» sözlərindən min dəfə çox eşidirəm.

Necə olur ki, bir adamın vərdişi, istəyi başqa adamlarda maraq doğurur? «Mənim adım Qırmızı»nı oxuyanlar xatırlayırlar ki, romanın axırında Şəkurə hər şeyi izah eləməyə çalışan adamın axmaq olduğunu deyir. Mən bu halda anasını ələ saldığı adaşımın, Orxan adlı balaca qəhrəmanımın yox, Şəkurənin fikrini bölüşürəm. Amma əgər icazə versəniz, hər halda axmaqlıq eləyərəm, özümü Orxan kimi apararam, yazıçı üçün dərman olan fantaziyanın başqa adamları da sağaltdığını da izah eləmyə çalışaram: çünki əgər bütövlükdə öz romanıma dalmışamsa, iş yaxşı gedirsə, -  əgər telefon zənglərindən, suallardan, tələblərdən və gündəlik problemlərdən boyun qaçıra bilirəmsə - onda öz kitabımla olduğum və havada sərbəst qanad çalmaq mümkün olan cənnətimin mövcudluq qaydaları mənə uşaqlığımın oyun qaydalarını xatırladır. Hər şey başqa cür olur, elə bil hər evə, maşına, gəmiyə baxa biləcəyim, hər şeyin şüşədən düzəldiyi aləmdə oluram; bütün əşyalar mənə öz sirrini açır. Mənim gördüyüm yeganə iş - bu qaydaları tapmaq, onlara tabe olmaqdı; evlərin içində baş verənləri ləzzətlə seyr eləməkdi; qəhrəmanlarımla avtobuslarda, maşınlarda İstanbulu gəzməkdi; əgər qəfildən darıxıramsa, gördüklərimə dəyişə-dəyişə baxmaqdı; gördüyüm yeganə iş - heç nəyin fikrini çəkmədən xoşbəxt olmaqdı, axı uşaq kimi şənlənəndə yeni  bir şey öyrənirəm.
Əgər təxəyyül istedadı varsa, yazıçının işinin əsas üstünlüyü uşaq kimi, dünyadan yayınıb, onu unutmaq, bütün qəlbiylə sevinib, məsuliyyəti yaddan çıxarmaq bacarığından ibarətdir; sadəlövh sevinc, sərbəst təxəyyül uçuşu duya-duya adi dünyanın qanunlarıyla oyuncaq kimi oynamaq bacarığında, bununla belə, məsuliyyət hissi duymaqdadı. - axı bir müddətdən sonra oxucular bu aləmə daxil olacaqlar. Yazıçı bütün günü oynaya bilər, amma qəlbinin dərinliklərində o, başa düşür ki, hamıdan ciddi olmalıdı. Şeylərin mahiyyətini yalnız uşaqların gördükləri kimi görmək məhz onun bəxtinə düşüb. O öz oyun qaydalarını qoya-qoya hiss eləyir ki, oxucular da onun qaydalarının, dilinin, cümlələrinin cazibəsinə, hekayəsinin cazibəsinə tabe olacaqlar, arxasınca gedəcəklər. Yazıçı olmaq - oxucunu «Mən də məhz bunu söyləmək istəyirdim, amma bu cür sadə ifadə eləyə bilməzdim» deməyə məcbur eləməkdi.

Mən naməlum külək yelkənlərimi qabardanacan gözləyə-gözləyə bu aləmi kəşf eləyirəm, yaradıram, daha da gözəlləşdirirəm, xəritəyə baxa-baxa fantaziya yürüdürəm, amma bəzən bu dünyanın uşaq sadəlövhlüyü məndən ötrü əlçatmaz olur. Belə şeylər hər bir yazıçının başına gəlir. Bəzən müəyyən epizodda ilişirəm, yaxud romanın hər hansı bir hissəsinə qayıtmaq istəyirəm, amma hiss eləyirəm ki, bunu eləyə bilmərəm. Bu cür hallar tez-tez baş verir, amma yəqin mən onlara görə başqa yazıçılardan az əziyyət çəkirəm - əgər ara verdiyim yerdən davam etdirə bilmirəmsə, onda hər vaxt geri dönə, romana başqa yolla daxil ola, onu başqa fəsildən davam etdirə bilərəm: axı xəritəmə diqqətlə baxıram. Bu o qədər də vacib deyil. Amma ötən payız, bəzi siyasi xarakterli problemlərin həlliylə məşğul olanda yenidən çətin dəqiqələr yaşadım, başa düşdüm ki, yazmağa davam eləyə bilmirəm, hiss elədim ki, romanın yazılmasına da təsir eləyən bir şey tapdım. Aydınlaşdırmağa çalışım.

Mənə qarşı qaldırılan məhkəmə işi, düşdüyüm siyasi vəziyyət məni olduğumdan daha «siyasi cəhətdən fəal», «ciddi», məsuliyyətli elədi. İcazənizlə, bunu təbəssümlə xatırlayım - işlərim bərbadıydı, ruhi vəziyyətim ondan da bərbadıydı, ona görə, özümdə iş üçün zəruri olan uşaq sadəlövhlüyü hiss eləyə bilmədim...

Hər şey aydındı, o qədər də təəccüblənmədim. Hər şey bitəndən sonra, öz-özümə deyirdim, təzədən ötəri «qayğısızlıq» hissi, uşaq kimi oynamaq, uşaq kimi gülmək bacarığı qazanacağam, artıq üç ildən bəri üzərində işlədiyim romanı bitirəcəyəm. Bununla belə, hər səhər İstanbulun on milyonlarla sakini yuxudan oyanmamışdan qabaq massa arxasında otururdum, səhərlə əvəzlənən gecənin sükutunda yarımçıq romana təzədən girməyə çalışırdım. Özümü məcbur eləyirdim, çox sevdiyim gözəl aləmə daxil olmağa cəhd göstərirdim. Nəticədə şüurumdan romanın parçalarını çıxara, onları görə bildim... Amma o üzərində işlədiyim roman deyildi, o tamam başqa hekayənin səhnələriydi. Həmin qüssəli, tutqun günlərdə hər səhər mənə daha çox tamam başqa bir kitabın səhnələri, cümlələri, qəhrəmanları, qəribə təəssüratları baş çəkirdilər... Tezliklə bu yeni romanın parçalarını dəftərimə yazmağa, əvvəllər sezmədiyim təfərrüatları dəftərimə qeyd eləməyə başladım. Bu roman artıq ölmüş müasir rəssamın tablolarından söhbət açmalıydı. Həmin rəssamı təsəvvür elədiyimdən, çəkdiyi tabloları da xəyalımda canlandırırdım. Bir müddətdən sonra o kədərli günlərdə niyə qayğısızlığın uşaq duyğusuna qayıda bilmədiyimi anladım. Mən uşağın duyğularını xatırlaya bilmirdim, yalnız öz uşaqlığımı, rəssam olmağı (Bu barədə «İstanbul» kitabımda söz açmışam) arzuladığım, elə hey rəsm çəkdiyim o günləri xatırlaya bilirdim, sonra mənə qarşı məhkəmə araşdırılmasına xitam verildi, mən də artıq üzərində üç ildən bəri işlədiyim «Məsumiyyət muzeyi» romanına qayıtdım. Hər halda səhnələri bir-birinin dalınca mənə ayan olan həmin romanı nə vaxtsa yazmağı planlaşdırıram. Bu təcrübə roman yazmağın sirli sənətində ruhi mövcudluğun bəzi məqamlarının necə rol oynadığını mənə göstərdi.

Mən böyük ədəbi tənqidçi və ədəbiyyatşünas Volfhanq İzerin dühası sayəsində yaranmış «ehtimal olunan müəllif» anlayışından istifadə eləyib, onu azacıq öz məqsədimə uyğun dəyişdirib bunu izah eləyə bilərəm. İzer oxucuyla bağlı parlaq nəzəriyyə işləyib hazırladı. O, dedi ki, oxuduğumuz romanın mənası mətnin özündə, yazı mühitində yox, bir aralıq ölçüsündədi. İzerə görə, kitabın mənası onu oxuyanda yaranır, «ehtimal olunan oxucu» barədə danışıb, bu vacib funksiyanı məhz onun ayağına yazır.

Mən üzərində işi davam etdirdiyim kitab əvəzinə tamamilə başqa kitabın səhnələrini, cümlələrini, təfərrüatlarını xəyalımda canlandıranda məhz bunu xatırladım, düşündüm ki, hələ yazılmamış, amma artıq düşünülmüş planlaşdırılmış kitabın (mənim yarımçıq kitabım da daxil olmaqla) ehtimal olunan müəllifi olmalıdı. Beləliklə, kitabı yalnız ehtimal olunan müəllif olanda bitirə bilərdim! Amma siyasi problemlərin, məişət məsələlərinin həlliylə məşğul olduğum bir vaxtda fikirləşdiyim kitabın nəzərdə tutduğu yazıçı ola bilmirdim. Məhkəmə araşdırmasının getdiyi o qarışıq, kədərli günlərdə mən də çox yazmaq istədiyim kitabımın nəzərdə tutduğu müəllif ola bilmirdim. Sonra hər şey bitdi, mən öz romanıma - 1975-ci illə bu günümüz arasında varlı İstanbul ailəsində, yaxud qəzetlərin ifadə elədiyi kimi, «kübar İstanbul ailəsində» baş verən əhvalata, təzədən dönməyi çox arzuladığım əvvəlki hala qayıtdım. Həmin romanı tezliklə bitirəcəyim barədə fikirləşəndə özümü çox xoşbəxt hiss eləyirəm. Amma çox vacib təcrübə qazanıb başa düşdüm ki, əslində bütün bu otuz il ərzində özümü yazmaq istədiyim kitabın ehtimal olunan müəllifi olmağa həsr eləmişəm. Ola bilsin, həmişə qalın, ciddi, iddialı kitablar yazmaq istədiyimdən və ləng yazdığımdan, mənim vəziyyətimdə bu xüsusilə vacibdi. Kitabı təsəvvür eləmək çətin deyil. Mən bunu tez-tez eləyirəm, tez-tez özümü başqa adam kimi təsəvvürümdə canlandırırıam. Xəyalınızda canlandırdığınız kitabın ehtimal olunan müəllifi olmaq çətindi.

Amma şikayətlənmək istəmirəm. Bir halda ki, yeddi roman yazıb çap etdirmişəm, bundan ötrü də müəyyən səy göstərmək lazımıydı, xəyalımın kitabının müəllifi ola biləcəyimi inamla deməyə hazıram. Artıq yazdığım kitabları keçmişdə qoyduğum kimi, onları yaza biləcək müəlliflərin kabuslarını da keçmişdə qoymuşam. Yeddi «ehtimal olunan müəllifin» hamısı mənə çox oxşayırlar, otuz il ərzində dünyanın və həyatın necə göründüyünü öyrəniblər, onlara İstanbuldan, mənim pəncərəmə oxşayan pəncərədən baxanda bu həyatı içəridən tanıyırlar, ona inanırlar, onun haqqında uşaq ciddiyyətiylə, məsuliyyətilə söz aça bilirlər.

Çox ümid eləyirəm ki, hələ otuz il də roman yaza bilərəm, bu bəhanəylə başqa adamların maskası altında başqa həyatlar yaşamağı bacararam.

Çevirəni Nəriman Ədülrəhmanlı


E-mənbə / link: http://kultaz.com/2009/01/10/orxan-pamuk-guman-olunan-muellif/