Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Cəmil Həsənli. "SSRİ-Turkiyə: neytrallıqdan soyuq müharibəyə doğru (1939-1953)". Tariximiz dünyaya çıxır...

Müəllif:

Budaq Budaqov


Kateqoriya:

Tarix. Tarix elmi



Qısa Təsvir:

Bu əsərlər Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənlinin Moskvada rus dilində nəşr olunmuş "SSRİ-Turkiyə: neytrallıqdan soyuq müharibəyə doğru (1939-1953)" və Bakıda Azərbaycan dilində nəşr olunmuş "Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959)" adlı iri həcmli monoqrafiyalarıdır


Baxış sayı: 3374
    
    


  Bu yay Azərbaycan Milli Elmlər Akademiyasının 2008-ci il üçün elmi hesabatı ilə tanış olduqda maraqlı bir faktın şahidi oldum. Eyni ildə bir alimin Bakıda və Moskvada nəşr olunmuş ayrı-ayrı monoqrafiyaları akademiyamızın 2008-ci il üçün elmi nəticələrində yer almişdı. Milli Akademiyada ömrünü keçirən bir alim kimi bu mənim üçün son dərəcə maraqlı idi. Bir qayda olaraq elmimizə təkan verən, onu inkişaf etdirən elmi tədqiqatlar illik nəticələrdə yer aldığından ora düşmək elə də asan iş deyildir. Mən akademiyada işlədiyim müddətdə elə bir halın şahidi olmamışam ki, bir alimin eyni ildə nəşr olunmuş iki sanballı monoqrafiyasının ikisi də akademiyanın illik hesabatında elmi nəticələrə daxil edilsin. Bu əsərlər Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənlinin Moskvada rus dilində nəşr olunmuş "SSRİ-Turkiyə: neytrallıqdan soyuq müharibəyə doğru (1939-1953)" və Bakıda Azərbaycan dilində nəşr olunmuş "Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959)" adlı iri həcmli monoqrafiyaları idi. Bu fakt mənim üçün maraqlı olduğundan hər iki monoqrafiya ilə və alimin hələ çoxdan maraqlandığım elmi yaradıcılığı ilə daha ətraflı tanış olmağa qərar verdim. Tarix bir elm kimi cöğrafiyaya yaxın olduğundan bu mənim üçün elə də çətin deyildi.

   

   Professor Cəmil Həsənli Azərbaycanın XX əsr tarixini dünya oxucusuna çatdıra bildi

   Düzünü deyim ki, SSRİ dövründə yaşamış biz nəsil alimlər üçün Sovet İttifaqının təkcə siyasi mərkəzi deyil, eyni zamanda elmi mərkəzi sayılan Moskvanın elmi mühitinə daxil olmaq böyük hadisə sayılırdı. Bu bir qayda olaraq Moskva jurnallarında yer alan elmi məqalələrdə özünü göstərirdi və bu məqalələrdə daha çox neft sahəsini əhatə edirdi. Azərbaycan alimlərinin kiçik istisnalarla Moskvada nəşr olunan kitabları isə elmimiz üçün əsl hadisə sayılırdı. Mən C.Həsənlinin MEA-nın illik hesabatında adı çəkilən, Rusiyanın çox tanınmış alimlərindən sayılan, Rusiya Elmlər Akademiyasının Beynəlxalq İqtisadi və Siyasi Tədqiqatlar İnstitutunun aparıcı elmi əməkdaşı, Rusiya Dövlət Dumasının milli münasibətlər üzrə eksperti professor A.A.Yazkovanın elmi redaktorluğu və beynəlxalq münasibətlər üzrə Rusiyanın çox tanınmış alimlərindən olan, hazırda ABŞ-ın Filadelfiyada yerləşən Templ Universitetində professor kimi çalışan Vladislav Zubokun rəyi ilə 2008-ci ildə nəşr olunmuş "SSRİ-Turkiyə: neytrallıqdan soyuq müharibəyə doğru (1939-1953)" monoqrafiyası ilə tanış olduqda gördüm ki, bu, müəllifin Moskva kimi böyük elmi mərkəzdə nəşr olunan nə birinci, nə də sonuncu monoqrafiyasıdır. Hələ bundan iki il əvvəl, 2006-cı ildə professor C.Həsənlinin Rusiya EA-nın Şərqşünaslıq İnstitutunun aparıcı mütəxəssisi, Rusiyanın çox tanınmış iranşünaslarından olan bizim həmyerlimiz, bir vaxtlar bizimlə birlikdə Moskvada aspiranturada oxumuş Saleh Əliyevin (Saleh müəllim 2006-cı ilin sonlarında Allahın rəhmətinə qovuşdu) redaktorluğu və Rusiya EA-nın Ümumtarix İnstitutunun uzun müddət elmi işlər üzrə direktor müavini işləmiş, həmin institutda soyuq müharibə mərkəzinin direktoru kimi çalışan professor Nataliya Yeqorovanın rəyi ilə "SSRİ-İran: Azərbaycan böhranı və soyuq müharibənin başlanması (1941-1946)" adlı monoqrafiyası Moskvada nəşr olunmuşdur. 2009-cu ildə isə müəllifin "Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959)" adlı əsəri rus dilinə tərcümə edilərək Rusiya Dövlət Humanitar Universitetinin professoru, həmin institutun nəzdində fəaliyyət göstərən Tarix-Arxiv İnstitutunun direktoru Aleksandr Bezborodovun elmi redaktorluğu, Azərbaycan MEA-nın həqiqi üzvü və Rusiya Federasiyasının prezidenti yanında dövlət xidməti Akademiyasının professoru Əfrand Daşdəmirovun rəyi ilə "Xruşşov "mülayimləşməsi" və Azərbaycanda milli məsələ (1954-1959)" adı ilə "Flinta" nəşriyyatında nəfis şəkildə çap edilmişdir. Həyatını elmdə keçirmiş bir alim olaraq bu üç monoqrafiya ilə tanış olduqca ürəyim iftixar hissi ilə doldu və bir azərbaycanlı alim kimi Cəmil Həsənlinin elmdə qazandığı böyük uğurlar, tarix elmimizi respublikamızın hüdudlarından kənara çıxarmaq bacarığı məni bu yazını yazmağa sövq etdi. Yeri gəlmişkən mən bu gün Rusiya Federasiyası ilə elmi əlaqələrin qorunub saxlanmasına tərəfdaram. O səbəbə ki, bu ölkənin çox böyük elmi potensialı vardır və bizim elmimiz bu potensialdan əhəmiyyətli dərəcədə faydalana bilər. Məhz yuxarıda adını çəkdiyim, Moskvanın nüfuzlu nəşriyyatlarında Rusiyanın tanınmış alimlərinin zəmanəti ilə nəşr olunmuş bu üç monoqrafiya ölkələrimiz arasında elmi əlaqələrin qurulması baxımından çox etibarlı bir körpüdür. Biz yaxşı bilirik ki, bir vaxtlar rus-sovet şərqşünaslığında Türkiyə və İranla bağlı tədqiqatlar bir qayda olaraq ermənilərin nəzarətində idi və tam əsasla demək olar ki, C.Həsənlinin Moskvada nəşr olunmuş birinci iki monoqrafiyası ermənilərin Rusiya elminin bu istiqamətdəki dominantlığına son qoydu.

   Mənə belə gəlir ki, həm MEA-nın, həm BDU-nun rəhbərliyi, həm də bu işdə marağı olan əlaqədar dövlət idarələrimiz bu məsələnin fərqində olmalıdırlar, milli və siyasi maraqlarımıza uyğun olaraq humanitar elmimizin bu istiqamətinin gücləndirilməsinin əlavə yollarını axtarmalıyıq. Əgər biz dünyanın diqqətini öz həqiqətlərimizə cəlb etmək istəyiriksə, ilk növbədə dünya kitabxanalarını dünyanın anladığı dildə yazılmış, tənqidə dözümlü əsərlərimiz ilə doldurmalıyıq. Bu baxımdan C.Həsənlinin milli taleyimiz və yaxın dövr tariximizlə bağlı olan 1945-1946-cı illərin Cənubi Azərbaycan hadisələri haqqında çox sanballı elmi araşdırmalarının yayılma coğrafiyası uğurlu bir başlanğıcdır. Bu araşdırmalar son bir neçə ildə Azərbaycanda, Rusiyada, Amerikada, Türkiyədə, İranda monoqrafiya şəklində, İtaliyada, İsveçdə, Avstriyada, Almaniyada, Gürcüstanda və digər ölkələrdə isə geniş məqalələr şəklində nəşr olundu. Dünyanın tanınmış elmi mərkəzlərindən olan ABŞ-ın Harvard Universiteti kimi məşhur bir elm ocağının 2006-cı ildə ingilis dilində professor C.Həsənlinin "Soyuq müharibənin doğuşu: İran Azərbaycanı üzərində Sovet-Amerika böhranı, 1941-1946" (At the Dawn of the Cold War: The Soviet-american krisis over Iranian Azerbaijan, 1941-1946. Rowmann and Littlefield, Boulder, Lanham, New-York, Toronto, Oxford, 2006) adlı monoqrafiyasının Rouman və Litlfild nəşriyyatı tərəfindən Nyu-York, Oksford, Toronto, Boulder, Lanham kimi şəhərlərdə nəşr edilməsi bu əsərin yayılma coğrafiyasından və mövzuya olan maraqdan xəbər verir. Eyni adli monoqrafiya 2005-ci ildə türk dilinə tərcümə edilərək İstanbulda "Bağlam" yayınevində də nəşr edilmişdir. Yeri gəlmişkən mən ümummilli liderimiz haqqında yazılmış kitabları oxuyanda gördüm ki, Heydər Əliyev ilk öncə Bakıda nəşr olunmuş bu kitabı necə yüksək qiymətləndirib.

   

   Alimin səviyyəsi onun  əsərləri ilə ölçülür

   

   ABŞ-ın Harvard Universitetinin soyuq müharibə araşdırmaları mərkəzinin direktoru professor Mark Kramerin redaktorluğu ilə nəşr olunmuş "Soyuq müharibənin doğuşu: İran Azərbaycanı üzərində Sovet-Amerika böhranı, 1941-1946) adlı əsərə Vaşinqtonda fəaliyyət göstərən Soyuq müharibə mərkəzinin direktoru doktor Kristian Osterman və Cörc Vaşinqton universitetinin professoru, İran üzrə Amerikanın tanınmış mütəxəssislərindən olan Malkolm Börn rəy vermişlər. Amerikanın ən tanınmış sovetoloqlarından olan professor Mark Katz "The Middle East" jurnalında, Valentina Pasquali "Washington Prism" jurnalında, Çexiyanın Brno Universitetində işləyən həmyerlimiz A.Vəliyev Bostonda nəşr olunan "Cold War Studies" jurnalında, Rusiya Elmlər Akademiyasının Ümimtarix İnstitutundan professor Nataliya Yeqorova Londonda çıxan "Cold War History" jurnalında, Yaponiyanın Osako universitetindən doktor Osama Myatu Kembricdə çıxan " Middle East Studies" jurnalında, Almaniyanın Hamburq Universitetindən professor Andreas Hilger "Sehepunkte" jurnalında, kitabın rus variantı haqqında Rusiya EA-nın Ümumtarix İnstitutunun aparıcı elmi işçisi işləyən həmyerlimiz, Rusiyanın çox tanınmış amerikanistlərindən sayılan professor Cahangir Nəcəfov Moskvada nəşr olunan "Oteçestvennaya İstoriya" jurnalında, Rusiya EA-nın soyuq müharibə mərkəzinin əməkdaşı doktor İlya Qayduk Moskvada çıxan "Voprosı istoriya" jurnalında, Vaşinqtonun rus tədqiqatları institutundan Dmitri Babiç "Russia Profile" jurnalında, hətta Novosibirsk universitetindən professor V.Pikun həmin universitetin elmi xəbərlərində bu araşdırma haqqında geniş elmi rəyləri çıxmışdır. Müxtəlif xarici elmi və referativ jurnallarda nəşr olunmuş bu çoxsaylı rəylərlə tanış olduqca elmimizin üfüqlərinin genişliyindən sevincimi bu yazı ilə ifadə edirəm. Eyni zamanda Azərbaycanın elmi idarələrində, universitetlərində elmimizin sərhədlərini genişləndirən bu böyük işə belə biganə münasibəti müşahidə etdikdə qəlbimi kədər hissi bürüyürdü. Mən Azərbaycan elminin böyük nəaliyyəti olan bu araşdırma haqqında elmi rəylərlə maraqlandıqda akademik T.Bünyadovun iki il əvvəl "Zerkalo" qəzetində çıxmış bir qəzet məqaləsindən başqa bir şeyə rast gəlmədim. Doğrudanmı bizim humanitar elmimiz elə vəziyyətə düşüb ki, böyük elmi nəaliyyət sayılan belə hadisələrə heç bir reaksiya vermir? Azərbaycan tarixi ilə bağlı yazılmış neçə əsərimiz vardır ki, Harvard Universiteti və həmin səviyyədə olan elmi mərkəzlərdə nəşr olunsun? Bir vaxtlar elmimizə uğur gətirən əsərlər nəşr olunanda Akademiyada, Universitetdə və digər elmi mərkəzlərdə onun müzakirəsi təşkil olunur, həmin əsərin elmə gətirdiyi yeniliklər, ictimai fikrin inkişafına təsiri və sair tərəfləri, hətta əsər haqqında obyektiv tənqidi mülahizələr bu müzakirələrdə səsləndirilirdi. İndi elm ocaqlarımızda bir qayda olaraq belə müzakirələrin olmaması, yeni çıxan əhəmiyyətli əsərlərə elmi rəylərin yazılmaması, onların təbliğ edilməməsi təəssüf hissi doğurur.

   

   Bir alim üçün xarici nəşrlərdə 50 məqalə dərc etdirmək böyük elmi uğurdur

   

   Ona görə də mən bir neçə kəlmə də professor C.Həsənlinin xaricdə nəşr olunmuş məqalələri haqqında danışmaq istəyirəm. Məsələn, onun Cənubi Azərbaycan və Türkiyə ilə bağlı Moskvada nəşr olunmuş elmi monoqrafiyalarının iki çap vərəqindən ibarət qısa xülasəsi italyan dilinə tərcümə edilərək beynəlxalq münasibətlər üzrə Romada nəşr olunan nüfuzlu "Ventunessimo Secolo" jurnalının 2007-ci il 13-cü nömrəsində və 2009-cu ilin 19-cu nömrəsində, habelə ingilis dilinə tərcümə edilərək İsveçdə nəşr olunan "Caucasus & Globalization" jurnalının 2008-2009-cu il nömrələrində dərc olunub. Mən bizim elmi ictimaiyyəti böyük məmnuniyyətlə məlumatlandırmaq istəyirəm ki, xaricdə çıxmış 8 kitab və monoqrafiyalarından başqa son illərdə professor C.Həsənlinin Rusiya, Amerika, Türkiyə, İran, İtaliya, Almaniya, Avstriya, İsveç, Polşa, Gürcüstan kimi xarici ölkələrdə rus, türk, ingilis, alman, italyan, fars, polyak dillərində 50-dən artıq ümumiləşdirici elmi məqaləsi nəşr olunub. Mənim bildiyim qədər bu nəaliyyət nəinki humanitar elmlər sahəsində, eləcə də bütövlükdə bizim elmimizin tarixində ən yaxşı göstəricidir. Ayrı-ayrı jurnallardan başqa onun məqalələri xarici ölkələrdə nəşr olunan kollektiv monoqrafiyalarda da yer alır. Bu yaxınlarda alman dilində Berlində nəşr olunan "Avropaya hücum. Sovet İttifaqı 1941-ci ildə hücum xarakterli müharibə planlaşdırırdımı? Doqquz rus tarixçisi Stalini ittiham edir" adlı maraqlı monoqrafiyaya məqalələr məhz seçmə üsulu ilə daxil edilmişdir. Bu monoqrafiyada "Stalinin Qara dəniz boğazlarına həmləsi" adlı məqalələ C.Həsənliyə məxsusdur. Bu onun göstəricisidir ki, artıq beynəlxalq aləmdə bizim alimlərin əsərləri ilə, fikir və mülahizələri ilə razılaşırlar, onu xaricdə yayırlar. Fikrimin təsdiqi kimi 2008-ci ildə 1968-ci il Çexoslavakiya hadisələrinin 40 illiyi ilə bağlı hazırlanmış "Praqa baharı" (Prager Frühling) adlı iri həcimli sənədlər toplusunun redaksiya şurasını gözdən keçirib tanış olmaq kifayətdir. Redaksiya şurasında ABŞ, Rusiya, Almaniya, Fransa, Avstria, İtaliya və digər Qərb ölkələrinin alimləri ilə yanaşı Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli də təmsil olunmuşdur. Fikrimizcə bu beynəlxalq aləmdə bizim elmimizə olan çox böyük etimaddır və alimlərimiz belə beynəlxalq layihələrdə nə qədər çox iştirak etsələr, bu, Azərbaycan elminin hüdudlarının uğurla genişlənməsinə bir o qədər xidmət etmiş olar.

   

   Soyuq müharibə tarixinə aydınlıq və yenilik gətirən tədqiqatçı

   

   Mən professor C.Həsənlinin əsərləri və bu əsərlər haqqında yazılmış xarici rəylərlə tanış olduqda çıxardığım ilk nəticə onun soyuq müharibə tarixi üzrə tanınmış bir mütəxəssis kimi qəbul edilməsindən ibarətdir. Tam əsasla demək olar ki, azərbaycanlı alim soyuq müharibə erasının başlanma tarixi və onun hansı coğrafi məkandan başlanması haqqında dünya siyasətşünaslığına yeni konseptual istiqamət təqdim edib. Əslində onun əsərlərinin belə geniş yayılması, bu əsərlərə verilən obyektiv qiymət və onlara olan beynəlxalq maraq məhz bu yeniliklərlə bağlıdır. Təcrübəli bir elmi işçi kimi mən C.Həsənlinin problemlərimizi dünyaya təqdim etmək üçün seçdiyi elm yolunu yüksək dəyərləndirirəm. Mən belə hesab edirəm ki, bizim tariximizin dünyaya təqdim olunmasından çox şey asılıdır. Əgər 1945-1946-cı illərin Cənubi Azərbaycan hadisələrı, yaxud İkinci Dünya müharibəsindən sonra azərbaycanlıların Ermənistandan deportasiya edilməsi sadəcə bir tarix hadisəsi kimi təqdim olunsaydı, bunu dünyaya qəbul etdirmək çox da asan olmazdı. Lakin bu hadislərin 50 il dünyanı gərginlikdə saxlayan soyuq müharibə fonunda təqdim edilməsi, bu hadislərin məhz soyuq müharibə siyasətinin bir hissəsi kimi əsaslandırılması vəziyyəti köklü şəkildə dəyişdirir. C.Həsənlinin ikinci dünya müharibəsindən sonra Cənubi Azərbaycanda cərəyan edən hadisələri soyuq müharibənin ilk qarşıdurması fonunda təqdim etməsi bu hadisələrə olan beynəlxalq marağı müstəsna dərəcədə artırdı, tək tariximiz üçün deyil, eyni zamanda taleyimiz üçün də əhəmiyyətli olan bu məsələni ictimai müzakirələrin mərkəzinə gətirdi. Yaxud götürək azərbaycanlıların Ermənistandan deportasiya edilməsi məsələsini. Bu məsələ həmişə SSRİ-nin daxili məsələsi kimi təqdim edilirdi. Halbuki, mən C.Həsənlinin "SSRİ-Turkiyə: neytrallıqdan soyuq müharibəyə doğru (1939-1953)" monoqrafiyası ilə tanış olduqda bu problemin daxili məsələ deyil, məhz həmin dövrün beynəlxalq siyasətinin tərkib hissəsi olduğuna, Sovet İttifaqının Türkiyəyə qarşı irəli sürdüyü ərazi iddialarının, İkinci Dünya müharibəsindən sonra İ.Stalinin planı üzrə xaricdə yaşayan ermənilərin repatriasiya (vətənə dönüş) siyasətinin tərkib hissəsi olduğuna tam əmin oldum. Müəllif Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə arxivlərindən əldə etdiyi nadir materiallar əsasında müharibə və müharibədən sonrakı dövrdə (1944-1953-cü illərdə) 200 minə yaxın türkün Krımdan, 100 minə yaxın türkün Gürcüstandan, 100 min Azərbaycan türkünün Ermənistandan deportasiya olunmasının dərin elmi və geniş siyasi mənzərəsini yarada bilib. C.Həsənli zəngin arxiv mənbələrinə istinadən silsilə xarakteri daşıyan bu deportasiyaların müharibədən sonra kəskinləşən soyuq müharibənin, SSRİ-Türkiyə münasibətlərinin bilavasitə tərkib hissəsi olduğunu ortaya qoyub. Müəllifin bu nəticəsini mən tarix elmimizin mühüm uğuru hesab edirəm və əminliklə deyə bilərəm ki, professor C.Həsənlinin azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı elmi dövriyyəyə gətirdiyi sənədlər siyasi baxımdan bu məsələnin beynəlxalq təşkilatlarda deportasiya kimi tanıdılması, 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlının Stalin rejiminin qurbanları sırasına daxil edilməsi üçün kifayətdir.

   

   Tarixi araşdırmalarda elmi qaynaqların rolu

   

   Tarixi əsərlərin mütaliəsindən əldə etdiyim nəticələrdən biri budur ki, bır sıra tarixçilər öz əsərlərini məhz ilk mənbələr, arxiv sənədləri əsasında, bəzi tarixçilər isə öz əsərlərini mövcud ədəbiyyat əsasında hazırlayırlar. C.Həsənlinin əsərləri bilavasitə elmi tədqiqat xarakteri daşıdığından o, arxiv materialları əsasında tədqiqat aparan alimlərdəndir. Onun elmimizi zənginləşdirən əsərlərinin dəyəri, həmin əsərlərin bilavasitə indiyə qədər elmi ictimaiyyətə məlum olmayan arxiv sənədləri əsasında yazılmasındadır. Xüsusilə bu sənədlərin dairəsinin geniş olması, eyni mövzuya aid sənədlərin müxtəlif ölkələrin arxivlərindən toplanması alimə geniş müqayisə imkanları verir, onun əsərlərində həqiqət anı da məhz bu müqayisənin gedişində canlı şəkildə üzə çıxır. Onun əsərlərinə əlavə edilmiş ədəbiyyat siyahıları da çox dəyərli bir elmi məxəzdir. Bu baxımdan biz XX əsr tariximizin həlledici dövrləri ilə bağlı C.Həsənlinin yazdığı sanballı monoqrafiyalarda Azərbaycan, Rusiya, Türkiyə, Amerika, İngiltərə, Fransa, Gürcüstan, Ermənistan və digər ölkələrin öyrənilən mövzü ilə bağlı arxiv sənədlərinin müqayisəli təhlilini görürük. Bu bir tərəfdən tarixçinin müqayisə imkanlarını artırır, onun tədqiqatçılıq bacarığını ortaya qoyursa, digər tərəfdən elmimizə olan etimadı artırır, taleyüklü problemlərimizə olan inamı artırır, dəlillərimizi hər hansı tənqidə dözümlü edir. Məncə bu, elmimizin dünyaya çıxması üçün mühüm şərtlərdən biridir.

   

   Tarixi əsərlərimizdə dil problemi

   

   Bir neçə kəlmə də mən tarixi əsərlərin dili haqqında demək istəyirəm. Tariximizin kütləviləşməsində, onun xalqımıza yetişməsində dil mühüm amildir. Hər halda mənə belə gəlir ki, Azərbaycan tarixinin, Azərbaycan xalqından uzaq düşməsində dil amili böyük rol oynayır və biz bu məsələnin üzərində əməlli-başlı düşünməliyk. Bəzən ən yaxşı tədqiqatlar o qədər kobud dildə oxucuya çatdırılır ki, bu oxucunu diksindirir. C.Həsənlinin kitablarını oxuyanda onun necə axıcı dildə yazıldığının şahidi oldum. Onun əsərləri elmi akademik əsərlər olmaqla yanaşı, eyni zamanda tarixi publisistikanın imkanlarından bu əsərlərdə geniş istifadə edilmişdir. Bu yol da bilavasitə oxucunu kitaba bağlayır. Elə bu səbəbdən də oxucu bu kitabları oxumaq istəyir. Mən ötən əsrin 50-ci illərində Azərbaycanda gedən milli proseslə bağlı C.Həsənlinin kitabını çox maraqla oxudum. İlk baxışda içində olduğumuz hadisələrdır, kiçik istisnalarla kitabda adı keçən adamların mən hamısını tanıyıram, hətta bəziləri ilə şəxsı tanışlığım da olub. Lakin onların belə həyat yolu keçdiklərini, xalqımız üçün, dilimiz üçün, mədəniyyətimiz üçün belə fədakarlığlar göstərdiklərini düzünü deyim ki, bu cür təsəvvür etmirdim. İçində olduğumuz yaxın tariximizin şirin hekayətlərini C.Həsənlinin kitabından oxuduqca milli ideyanın inkişafı baxımından keçdiyimiz düzgün yol məndə böyük iftixar hissi oyatdı və bu yolu gedənlərin ruhuna bir daha rəhmət oxudum. Mən yaxşı tanıdığım Mirzə İbrahimovu bu əsərdən özüm üçün yenidən kəşf etdim. Müəllif haqlı olaraq bu əsərin nəticə hissəsində belə qənaətə gəlir ki, ötən əsrin 70-ci illərində Azərbaycan dili haqqında yazılmış bir sıra əsərlər Heydər Əliyev tərəfindən dövlət mükafatına təqdim edildi və Heydər Əliyev N.Nərimanovun Bakıda heykəlinin qoyulması ilə bağlı, ümumilikdə N.Nərimanova münasibətdə Moskvanın, xüsusilə fitnəkar ermənilərin müqavimətini mətanətlə sındıra bildi. Yeri gəlmişkən bu əsərlə bağlı tanınmış publisist və yazıçı Elmira Axundovanın bu ilin iyul ayında "Zerkalo" qəzetində dərc olunmuş geniş yazısını böyük maraqla oxudum.

   

   Cümhuriyyət diplomatiyamızın elmi səlnaməsi

   

   Professor C.Həsənlinin əlimizdə olan sonuncu kitabı "Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918-1920)" adlı monoqrafiyasıdır. Bu əsər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sifarişi ilə yazılıb və nazirliyin planlaşdırdırdığı 3 cıldlik "Azərbaycan Respublikamızın diplomatiya tarixinin" birinci cildini təşkil edir. İlk növbədə mən tarixi yaddaşımızı möhkəmləndirən belə əhəmiyyətli işə başladığına görə Xarici İşlər Nazirliyimizə öz razılığımı bildirirəm. İkincisi isə qeyd etmək istəyirəm ki, diplomatiya tariximizin 1918-1920-ci illərini əhatə edən birinci cild C.Həsənlinin qələmində çox uğurlu çıxmışdır. Bu əsər bizim yeni bir millət olduğumuzun deyil, hələ 1918-1920-ci illərdə imzamızı dünya xalqlarının imzaları içərisinə qoyduğumuzun, 1920-ci ilin yanvarında dövlətimizin istiqlalının dünyanın taleyini həll edən Paris Sülh konfransı tərəfindən tanınmasının təsdiqidir. 1918-1920-ci illərin keşməkeşli hadisələrinin, Bakının yadellilərdən azad olunması uğrunda aparılan diplomatik mübarizənin, ölkəmizin paytaxtının düşməndən qurtuluşunda türk ordusunun qəhrəmanlığının, ən çətin məqamlarda belə cümhuriyyət liderlərinin Azərbaycanın istiqlaliyyətini qoruyub saxlamaq bacarığının və bu istiqlaliyyətin Versal Ali Şurası tərəfindən tanınmasına nail olunmasını bu kitabda ətraflı elmi və siyasi mənzərəsi yaradılmışdır. Kitabın hazırlanmasında Azərbaycan, Rusiya, Fransa, Amerika, İngiltərə, Türkiyənin arxiv fondlarında Xalq Cümhuriyyətinin diplomatiyası ilə bağlı uzun illər ərzində saxlanılan son dərəcə nadir sənədlər ilk dəfə oxucularımızın istifadəsinə verilib. Fransa Xarici İşlər Nazirliyinin diplomatik arxivinin Azərbaycana aid olan materiallarının ilk dəfə məhz bu əsərdə geniş şəkildə dövriyyəyə gətirilməsi Cümhuriyyət diplomatiyamızın tam mənzərəsini yaratmağa imkan verib. Müəllif əsərin giriş hissəsində ümummilli liderimiz Heydər Əliyevin Xalq Cümhuriyyətinin irsinə nə qədər yüksək qiymət verdiyini və Cümhuriyyətin 80 illiyi haqqında 1998-ci ildə verilmiş prezident sərəncamının bu irsin qaldırılmasında müstəsna rol oynadığını ətraflı şəkildə şərh etmişdir. Mənim aləmimdə bu kitab cümhuriyyət liderlərinin xatirəsinə ucaldılmış böyük bir ədəbi abidədir.

   Mən qısa müddətdə belə zəngin yaradıcılıq yolu keçmiş, XX əsr tariximizin dərin elmi mənzərəsini yaratmış tanınmış tarixçi, dəyərli alim professor C.Həsənlini təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayır, elmi idarələrimizi təfəkkürümüzü zənginləşdirən bu əsərlərin əsl elmi müzakirəsini keçirməyə, xalqımızı, o cümlədən gənc nəsli bu maraqlı əsərləri oxuyub dərk etməyə səsləyirəm.

   
Budaq BUDAQOV, akademik

E-mənbə / link: http://www.525.az/new/2009/09/19/read=47646