Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Əlif Şəfəq - tanıdığımız və tanıtdığımız türk yazıçısı

Müəllif:

Qəmər Alxanova


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Türkiyənin O.Pamukdan sonra ən ünlü nasiri sayılan və ona qədər romanın müəllifi olan Əlif Şəfəqin "Eşq" romanı bu il Türkiyədə ən çox oxunan roman olub və iyirmiyə qədər dilə çevrilib.


Baxış sayı: 127
    
    



Yazımı avqust ayının son günlərindən birində yazmağı qərarlaşdırdım. Təsadüf hissəsi də orasındadır ki, bu sətirləri oxuduğum gecə qonşu Türkiyədə qeyd olunan Zəfər bayramı təntənələri sona çatmaq üzrə idi. Tarix boyu haqq haqsızlıqla mübarizə aparıb. Və sonda hər zaman haqq üstün gəlib. Elə Zəfər bayramı da haqqla nahaqqın mübarizə meydanından çıxan nəticədir. Yəqin fikirləşəcəksiniz ki, ay müəllif, yazdığın yazı ədəbi əsaslara əsaslanır, Zəfər bayramı ilə əlaqəsi nədir?..

   Axı, mövzu əsrlərdir, illərdir tarixi, mədəniyyəti və ədəbiyyatı ilə ölkəmizdə bir araşdırılıb bir tutulan, eyni minvalda sevilən Türkiyədən bəhs edir....

   "525-ci qəzet" çoxları kimi mənim də Azərbaycan publisistika aləmində ən çox bəyəndiyim qəzetdir. Müntəzəm olaraq bu qəzeti oxumağa çalışıram. Qəzetin 29 avqust 2009-cu il tarixli sayında dərc olunan Əsəd Cahangirin yazısındakı cəmi bir abzas həmin gecə yuxumu lap ərşə çəkdi. Çox hörmətli Əsəd bəy qəribə bir iddianı ortaya atmışdı. İstərdim, həmin abzası təqdim edərək, həm müəllif hüquqlarına toxunmayım, həm də özümün keçirdiyim gülməli və ağlamalı hissi yaşamağınıza tam mənası ilə şərait yaradım:

   "Türkiyənin O.Pamukdan sonra ən ünlü nasiri sayılan və ona qədər romanın müəllifi olan Əlif Şəfəqin "Eşq" romanı bu il Türkiyədə ən çox oxunan roman olub və iyirmiyə qədər dilə çevrilib. Bu yaxınlarda Türkiyədə olanda romanın necə böyük ajiotaj doğurduğunun canlı şahidi oldum. Oxucularımız isə qardaş respublikanın artıq 15 ildən bəri (!) dərc olunan bu məşhur nasirinin on romanından heç olmasa biriylə nəinki tanış deyil, bəlkə də yazıçının adını belə eşitməyənlər var. Hər halda Azərbaycan mətbuatında Əlif xanımla ilgili nəinki hər hansı məqaləyə, hətta hər hansı ciddi bir informasiyaya rast gəlməmişəm. Odur ki, "Eşq" romanının "Xəzər"də dərciylə bağlı arzumu bu günlərdə dərginin əməkdaşlarından birinə bildirəndə eşitdiyim xəbərdən, ən yüngül desək, heyrətə gəldim. Sən demə, maliyyə çətinlikləri o həddə çatıb ki, dərginin nəşri ümumən dayana bilər! Və dərginin rəhbərliyi yeganə çıxış yolunu yeni saydan etibarən materialları internet saytına yerləşdirməkdə görür. "Xəzər" virtuallaşır!!! Həm də bu, Elçin müəlllimin dəqiq müşahidə etdiyi kimi, dərginin nömrədən- nömrəyə gücləndiyi, artıq bədii tərcümə məktəbinə çevrilməyə başladığı bir dönəmdə baş verir! Təəssüf (bir daha təəssüf ki) bu karnavalda mənim gücüm həyəcan təbilini danqıldatmaqdan o yana keçmir!"

   Mən yazımda "Eşq"in hansı səbəblə Azərbaycanda nəşr edilmədiyindən danışmayacağam. Çünki fikrimcə, bu məsələ hələ bir az abstrakt əhəmiyyət kəsb edir. Niyə? Çünki hələ nəşr edilməyib. Daha çox Əsəd bəyin toxunduğu digər məsələdən - Əlif Şəfəqdən yazan həmyerlilərimizdən bəhs etmək istəyirəm. Yəni dərc olunanlardan.

   Çox hörmətli Əsəd bəy, sizin ifadənizlə desək, Türkiyənin Orxan Pamukdan sonra ən ünlü nasiri (bu, şəxsi baxışdır. Mənim fikrimcə, Əlif Şəfəq Orxan Pamukdan daha çox oxunur hal-hazırda. Başqalarına görə isə, tamamilə başqa biri də hesab edilə bilər) Əlif Şəfəq haqqında bizim həmyerlilərimiz gözəl yazılar yazıblar. Bunlar araşdırma tipli yazılar və müsahibələrdir. Yəni Əlif Şəfəq Azərbaycan oxucusuna və elm aləminə heç də kosmosdangəlmə bir yazıçı deyil. Buna görə tədqiqatçı və jurnalistlərimizə borcluyuq. Görkəmli yazıçının Türkiyə və türk dünyasında böyük qalmaqala səbəb olan, özünün də Cinayət Məcəlləsinin məlum 301-ci maddəsinə görə təqsirləndirildiyi məşhur romanı "Ata və Bic" Türkiyə türkcəsində 2006-cı ilin mart ayında ilk dəfə "Metis" nəşriyyatı tərəfindən nəşr edilmişdir. Türkiyədə bu əsər hələ çeynənilib udulmadan bizim dəyərli jurnalistimiz Rəşad Məcid "Yazıçının bicliyi. Əlif Şəfəqin qalmaqallı "Baba və Pic" romanı haqqında qeydlər" ("525-ci qəzet", 26 oktyabr 2006) başlıqlı, sonradan mənim da imdadıma çatan, oxuyub qidalandığım yazısı ilə yüzlərlə oxucumuzda həm yazıçı, həm də roman haqqında, eyni zamanda romandakı süjet xətti və sitatlar barəsində geniş təsəvvür yaratdı.

   Bundan sonra Tofiq Abdin Əlif Şəfəqlə müsahibəsini Azərbaycan oxucusuna çatdırdı.

   Əsəd bəy, sizin Azərbaycan ədəbi-bədii mühitinə naməlum hesab etdiyiniz Əlif Şəfəqi "Ədəbiyyat naminə" qəzeti də xalqa təqdim etdi və bundan cəmi bir həftə sonra adıçəkilən qəzet mənim ustadım, dəyərli Əsgər Rəsulun yazıçının "Eşq" əsəri haqqında fikirlərini oxucu kütləsinə çatdırdı. Ustadlarımızdan bəhs etdim. Qeyd etmək istəyirəm ki, mənim özümün də 2009-cu il may ayının 30-da "Filologiya məsələləri" jurnalının 5-ci sayında "Əlif Şəfəqin "Ata və Bic" romanında psixoloji alt qatlar" adlı 12 səhifəlik məqaləm nəşr olunub.

   Güman edirəm ki, Əlif Şəfəqdən və onun yaradıcılığından bəhs edən, bizim də xəbərimiz olmayan yazılar yazılıb və yazılmaqda da davam edəcək. Siz də bəhs edilən məqalələrlə tanış olsanız, inanıram ki, çox xoş olar. Bu təqdirdə mübarək günlərdə nə qul haqqı yemiş olarıq, nə də cəmiyyətə yalnış informasiya təqdim edərik.

E-mənbə / link: http://www.525.az/new/2009/09/01/read=46750