Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Canlanma. Metaroman (Son vaxtlar gənc intellektuallar arasında geniş müzakirə olunan əsər)

Müəllif:

Taleh Şahsuvarlı


Kateqoriya:

Yeni ədəbiyyat



Qısa Təsvir:

Çağdaş Azərbaycan nəsrində mübahisələrə səbəb olmuş bir roman... "Canlanma" Taleh Şahsuvarlının fərqli roman texnologiyasıyla qələmə aldığı həyat və tarix şərqisi...


Baxış sayı: 121
    
    


Kənan Hacı. Ümummilli sakitlikdən sonra "Canlanma"

Kənan Hacı

Azərbaycan ədəbi mühitində sözün əsl mənasında canlanma yaradan  bir roman  tufanqabağı sakitlikdə doğuldu. Özü də gözlənilməz bir imza. Əlbəttə, Taleh Şahsuvarlı imzası jurnalistika ilə məşğul olan hər kəsə tanış olmalıdır. Amma onun  içində vurnuxan yazıçılıq potensialından heç birimizin xəbəri olmayıb.

Ortada  fərqli fikirlərə, geniş müzakirələrə meydan açan bir mətn var. Bu mətnin ideya qatında nə dayanır?  Özündə bütün zamanları ehtiva edən, intertekstuallıq prinsiplərini əsas götürən bu mətnin qeyri- xətti istiqamət marşrutlarında daxili bir nizam var. Oxu prosesində nəzərə çarpan dağınıqlıq, pərakəndəlik müəllifin öz qəsdidir, çünki  əsərdə təsvir olunan zaman və məkanın özündə də sürüşkən bir aura hökm sürür.

Sırf realistik üslubda yazılmış Azərbaycan gerçəklikləri hər səhifədə adamın gözünü deşir. Palıd meşələrinə qənim kəsilmiş Qurban kişi elə həmin o "Tütək səsi"ndəki Qurban kişinin varisidir. Keçmiş zamanın üzərində qurulan proyeksiyalar  uğurlu alınıb. "Ümummilli sakitlik"  fonunda təsvir edilən qovğalar  az sonra Azərbaycan  üçün daha böyük fəsadlara yol açdı və yazıçı əsərin baş qəhrəmanı Azin Kürəçinin dilindən son dərəcə acı həqiqətləri bir qədər ironik tərzdə təqdim edir, fəsadların birbaşa mənbəyini göstərir.

Metaromanın  heç bir struktura tabe olmayan və tez- tez qırıqlığa uğrayan süjet xəttini izləmək bir qədər çətindir. Əsər ancaq səbirli oxucuya öz sirrini  verir. Unutmayaq ki,  "Canlanma"  ideya- mündəricə baxımından tamamilə müasir romandır, tarix isə bu günə dekonstruksiya üçündür. Xürrəmilərin başçısı Babəkin ruhu Azin Kürəçinin cismində  təcəlla  edir və müasir dövrün dəliqanlısı olan bu qoçaq müasir Azərbaycan cəmiyyətində baş verən hadisələrin burulğanına düşsə də zərrə qədər özünü itirmir, Babəkliyini sübut edir.

Əsas odur ki, metaroman nəşrindən dərhal sonra rezonansa səbəb oldu, əsəri qəbul edənlər də, birmənalı şəkildə inkar edənlər də, tənqid atəşinə tutanlar  və təqdir edənlər də tapıldı. Bununla da qızğın müzakirələrə start verildi, əvvəldə qeyd etdiyim kimi,  ədəbi mühitdə canlanma müşahidə olundu. Bir sözlə, Taleh bəy istəyinə nail oldu.

Bir nüansı da qeyd edim ki,  "Canlanma"  bir qədər satirik ruhda yazılıb. Müəllif bizdən hadisələrə düzgün qiymət verməyimizi istəyir. Seyid Əhmədin öz nəvəsinə boz keçinin şeirini deməsinə fikir verin: "Yalqız gəzib dolanma, tək olma, təşəbbüskar olma... Dağa-daşa dırmanma, etiraz eləməyə, dağa çıxmağa qorx, çobansız hərəkət eləmə, sürüdən aralanma, qoyunların qabağında get, qabaqcıl qoyun ol, qıllan, sənə ev verək, eşik verək, orden verək, medal verək, deputat seçək... Ay uşaq, əzbərlə, böyü, adam olma, keçi ol, ziyalı olma, kozyol ol!" (səh. 146)  Və yaxud, " ...indiki zamanda ev tikmək üçün ev yıxmaq lazımdır," (səh. 144) Sərrast və məqamında işlədilmiş ifadədir! Bu cür ironik duz qatılmış aforizmlər romanda kifayət qədərdir və onlar oxucunun işini bir qədər asanlaşdırır, çaş qaldığı məqamda ona ipucu verir.

Müəllif kifayət qədər ağrılı və kəskin suallar  qoyur, bu sualların cavabını əsər boyu araşdırır və oxucunu da bu işə sövq edir. "Daqqa"  Kazım  beş -on manata aldanıb səsini xalqın malını talayan mafiozlara verən seçicilərin ümumiləşdirilmiş obrazıdır. "Daqqa Kazımın Azinə səs verməməsi qəribə deyildi. Qəribə olan Həsən bəyin ötən əsrin əvvəllərində tənqid etdiyi, aydınlığa, azadlığa çağıran millətin eyni məişətdə yaşamasıydı. Görəsən niyə dəyişə bilmədi Mirzə Fətəli, Mirzə Cəlil, Mirzə Ələkbər, Üzeyir bəy, Əbdürrəhman bəy sevgili millətimizi? Kitablarını oxudular, tamaşalarına getdilər, kinolarına baxdılar, güldülər, əl çaldılar, amma dəyişmədilər..." (səh.156)  "...nədən biz milli istiqlalımızı qazansaq da, azad ola bilmədik?" (səh. 157)

Taleh bəyi ən çox əsərin dilindəki "qüsurlar"a görə tənqid atəşinə tuturlar. Amma tənqid obyektinə səthi yanaşma göz önündədir. Nəzərə alınmalıydı ki, metaroman postmodern üslubda yazılıb və bu üslub hər cür hoqqabazlığı məqbul sayır. Fərqli dialektlər mətni yüngülləşdirir,  rəngarənglik yaradır.Roman çoxplanlı olmasına baxmayaraq çox rahat oxunur, oxucunu yormur. Bütövlükdə götürdükdə  "Canlanma"  xəbərdarlıqdır, cəmiyyətə mesajdır.

Xürrəmiləri aşağılayanlara,  onları əyyaş, zinakar kimi qələmə verənlərə mətndə sərt təpgi var: "Qalsın qulluğunuzda, quqqulular!"  Müəllifin bədii priyomları məncə, uğurlu alınıb, tarixə və ədəbiyyata az- çox bələd olan məlumatlı oxucu məqsəd və məramı anlayır. Amma gəlin, heç  nəyi izah etməyə çalışmayaq. Sadəcə, Rolan Bartrın dedikləriylə razılaşaq: "Heç kimin, hətta ən "nümunəvi"  oxucunun da mətnin bütün mənalarını tuta bilməsi qeyri- mümkündür, çünki mətn sonsuz dərəcədə  sonsuzluğa açıqdır."
Gəlin mətni oxuyaq və anlayaq.

kenan731@rambler.ru