Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

POLONEZ (Poema)

Müəllif:

Elxan Zal Qaraxanlı


Kateqoriya:

Yeni ədəbiyyat



Qısa Təsvir:

Elxan Zal Qarxanlı. POLONEZ (Poema)


Baxış sayı: 3101
    
    


qonaq qapısı

piratlar gəmini çox xoşlayırlar,

bağrımın başında yelkən ağarır.
şəhərdən-şəhərə gedir tirenlər,

girmişəm Poloniya torpaqlarına.

zəvvar akasiyalar qar xirqəsində,

yerə qamçı vurur şlyaxtaçı şaxta

maşın motorları antifiristlidi,

səsində ayaz var torağayların.

uyğu qınındadır buz əmzikləri,

kilsə kümbəzində xaç işıqlanır.

ötələr bükülüb perqamentlərə,

döyüşlər boylanır səlnamələrdən.

qonaq qapısını açdı Polonya,

islav gözlərində Tevton qüruru,

burda gözəlliklər bir legiondu,

qədim qəsrlərdən cəngavər baxır.

mən noyon deyiləm Xan Ordasında,

içimdə bir ayrı fəth duyğusu var.

yoluma nur saçan dan ulduzudur,

başımın üstündə eşq ilahəsi.

sevda iksirini səp, Krasapani,

buz şüşə üstündə naxış cücərsin.

qoca bir vağzalın perronlarında,

ilahi bir görüş gözləyir məni.

görüşönü

bayırda şaxta var,

içim ilıqdı,

bilirəm, dayanıb gözləyənim var,

adamlı perrona yanaşır qatar,

mən səni görürəm xəzli mantoda,

havada yellənir üşümüş əlin,

qısa və aydındır jestlərin dili.

donuq ilan kimi sürünür qatar,

bu anlar nə qədər bezdiricidir.

mən bozqır oğluyam, sevirəm hızı,

ələmi qırmızı bu qış səhəri,

dördnala gəlmişəm Bakıdan bəri.

mənzil yapyaxındır, ürək bərkvuran,

anlar yorğalaşıb, dartılır zaman,

gözləmə, ömürdən uzundur, Anna,

yanına gəlirəm, sənin yanına.

aparıq bir dans


kamın gözəl yanır,

görkəmi antik.

yeməklər dadlıdır,

şamlar romantik.

pəncərə ardında

girinc qalıb qış.

toranın gözləri

alacalanmış.

səs ver musiqiyə,

bardaqları düz.

vaxtımız uzundur,

bir az şərab süz.

indi Amerika

dansları dəbdə.

mən polonez sevərdim

orta məktəbdə.

yaxın gəl, Pani Anna,

yubkan yarıqdı.

bu polon qızları,

dansdan arıqdı.

şeir və seviş

şüir oxuyuruq urus ağzında,

sən Mitskeviçdən deyirsən,

mən anlayıram.

onu gəncliyimdə çox oxuyardım,

ürəklərə qapı açar yaxşı şeir.

Füzulidən deyirəm,

bu qəzəldi deyirəm.

musiqisi çox gözəldi, deyirsən

şeir də musiqi kimidir.

çevirməsiz də duyğulandıra bilir qananı,

nə qədər şeir var,

adamlar doymayacaq sevişlərdən,

kim bilir,

sevişmi öncə yaranıb, ya şeirmi?

ilkin ibadət


hər şey sevimlidir, hər şey şirindi,

şərab olan yerdə üzüntü olmaz.

astaca-astaca yayılır müzik,

dodaqlar üstündə öpüş əriyir.

bayırda çovğun var, boran var, Anna,

bəs bu od, bu alov necə yığılıb?

televizorda savannanı göstərirlər,

aslanlar sevgi işlərində asdır.

qara deşik cəzbindədir püskürən istək,

biz duyğuların maqnit sahəsində yarıməsirik.

sevgi ilahəsinin hökmündədir insanlıq,

fərqi yoxdur ona Krasa Pani desinlər, ya

Mehr Banu*

qaranlıq damcı-damcı əriyir şamlarda,

dansımızın vulkan püskürməsi həddindəyik.

biz Nilufər şarkısının həzzində fırlanırıq,

bu sonsuz qucaqlaşma ilkin ibadətimizdi.

*Krasapani qərbi slavyan mifoloqiyasının, Mehr Banu türk mifologiyasının sevgi ilahələridir

məbəd gəzintisi


ümmülxudadı deyirsən,

Yezusun anasıdır,

bizə baxır ikonadan,

və mərhəmət verir insanlara.

mənsə belə deyirəm,-

bu kilsədi, bu ikona,

biz durmuşuq və Madonna,

bu da İzidanın oğlu Qordu.

zikr edirəm, ilahəni zikr edirəm,

onun şərəfinə yandırıram bu şamı,

onun körpəsinin şərəfinə.

sevənlərə mərhəmət ver, Krasapani,

məhəbbətnini əsirgəmə, Mehr Banu.

ormanda ulduz dərimi


qar, qar,

hər yanda qar,

lüt ağaclar,

piyadalar.

petrol tüstüsündə

boğulan monastra baxanda

sənin gülüşünə qonmuş astra

fikrimi əskilərə uçurdu,

gözlərimin önündə

qıpçaq ordası durdu,

Dəşti-qıpçağın

ən uzaq ulusunda,

qıraq obada-Krakovda,

mənim babalarım

tevton cəngavərlərini

atlara tapdadardı,

Poloniya qızlarının

qəmli gülüşlərinə

astra qondurmaq üçün.

buludların nənnisində yellənir gün,

görgülər əriyir meşə qarında,

mən astra dərirəm dodaqlarından,

bu mənim payımdır,

bu da qıpçaq babalarımın,

bu da Reç Pospolitanın payıdır.

bekarçılığın şeiri

məni uyutmuyor uyuşdurucu,

gözümə min cürə görgülər gəlir.

indi xalqın olub kral torpaqları,

hər şey hamınındır, hər şey heç kimin.

orman qar içində, hava müftədir,

vergilər verimli, basqaqlar sivil.

toplumun seçdiyi parlamentolar,

danışıb, danışıb adam yeyirlər.

bu park, bu ağaclar çox üzlər görüb,

nal izi taparsan hayana baxsan.

savaş anıları qəlpə-qəlpədir,

cəngəvərlik eşqi sinemalaşıb.

əskilər bir daha dönməyəcəklər,

ərimiş uruqlar boy verməyəcək.

sevdalar səmadan gəlirdi bir vaxt,

indi bilgisayar proqramlarından.

erkək də, qadın da makinalaşır,

bir az biorobot, bir az android.

səni çağırıram eşq ilahəsi,

insanlıq təzədən doğular, Amin!

monastr məzarlığında

buzlar suya dönür, sular buxara,

torpaqda bir az çox yaşayır kəmik.

bu qoca monastr məzarlığında,

piyalə olası kəllələr yatır.

qəhər yaxalamaz, duyğu ram olmaz,

görən ruhlar bizi görə bilirmi?

torpağa qarışıb bizi doğanlar,

biz də doğulmuşuq doğurmaq üçün.

gün təzə, qar təzə, daşlar bayatdır,

donuqmuş xaçlara yapışır dua.

qüllə zənglərindən doyub hər tərəf,

leş gəzən qarğalar qarıldaşırlar.

ave İsida

bu gün heç nə girmir başıma,

nə Yadviqa,

nə Yaqaylo,

nə Bzejinski,

nə Ohayo.

heç Sultan Sılim də

girmir başıma.

qarşımda orqan çalır,

və məbəd orqazmında

kilsə xorunun rəhbərləri,

beş min ildən bəri

dildən-dilə gəzən bir himni

avazla oxuyurlar,

gələnlərə yanğı,

ilahə İsidanın *

ölən Osirisin şəninə dediyi ağı,

katolik aranjimanında da pis deyil.

hər şey ilahidir,

dan üzündə doğan günəşi salamlayan

mələk xoruna bənzəyir

ütülü və ciddi rahibələrin səsi,

amma bu bəşər kəlməsi

hər halda azan deyil,

azan Allah kəlamıdır,

bu himn,

Kərbəlada şəhid olmuş

həzrəti Hüseyni ağlayan

Fatmeyi-Zəhra naləsi kimi bir şey,

orqan yey, musiqi yey,

adamların baxışlarında çilə,

səhra zəhmindən zəhər yığan

Sfinks belə

kövrəlib sulanar ilahə fəryadını dinlərkən,

bu şərqi, sonsuzdu bəlkə,

bəlkə də sonsuza qədər oxunacaq,

Osiris öləcək, Osiris diriləcək,

İsa zühur edəcək,

qadınlar ərlərini itirəcək,

analar oğullarını,

insanlar sevdiklərini

xaçlara mıxlayacaqlar,

dərisini soyacaqlar,

sonra çəbeh çıxardıb

ağılar demək üçün,

insanlar timsah kimidir, Anna,

ağlamaq üçün öldürürlər,

öldürmək üçün ağlayırlar,

şəhvətlər əriyib yox olur suda,

ave İsida,

ave Mariya,

ave Mehr Banu.

*İsida, Osiris və Qor- qədim Misir allahları.

balıqtut qoşqusu

balıqçılar buzu dəlib balıq tutur,

bu dəlikdən qunduzdumu boylanan?

yaşam bizi buz qılafına salır, Anna,

ömür boyu yer tapmırıq boylanmağa.

kilsə zəngləri çalınır uzaqda,

mən bismillah deyirəm fikrimdə.

havada qarğalar çaxnaşır qar kimi,

və balıqçıların şikar heyrəti səslənir.

sevdim sənin Polonyanı,

sənin gülüşlərin kimi sevdim,

burada sənin kimi, hürr yönümlüdü hər şey,

və sənin kimi çılğındı bu torpaq.

lexlər savaşqan xalqdı deyirlər,

amma biz səninlə savaşmarıq yəqin.

seviş də bir savaşdı bəlkə, pani Anna,

bir fateh doğulur içimdə səninlə olanda.

sevdalı gecənin qoşqusu

elə bilmə ki, gecə yoxsuldu,

elə bilmə ki, gecə yalnızdı.

mutluluq gülüşü pul-puldu,

hayana baxırsan ulduzdu.

gecə soyuq və bayğındı,

kefli cavanlar oxuyur.

hörümçəyə dönmüş əlim,

əlinə əlcək toxuyur.

pəncərələr sönür bir-bir,

isti yuva gəzir pişik.

dünya deyəsən dəyişir,

ya biz dastandan gəlmişik?

mən aypara ümmətiyəm,

sən uduq* bilirsən xaçı.

eşq virusuna yoluxanın,

nə otu var, nə əlacı.

üryan baxan ağacların,

soyuqdan əsir qıçası.

sən Gerta ol, mən Kay olum,

Visla qarlar kraliçası.

qaranlıqlar beyrək baxır,

külək sıxılıb divara.

yaman gəzməli havadı,

sən avara, mən avara.

*uduq- müqəddəs(qəd.türk)

İspan restoranında Bayatlı Oruc bəyi

zikr edərkən oxunmuş qoşqu


sevdalı bir axşam,

yel döyən eyvan.

nə donya Anna var,

nə də Don Juan.

işıq dumanında,

dans eyləyir köşk.

dadlı bir gülüşlə,

naharlanır eşq.

masanın üstünə,

əlcək atır yel.

mən xeyli sakitəm,

dəb deyil duel.

korrida əhvalı,

köç salıb bara.

rapira oynadır,

çılğın gitara.

odlu sığalların,

rəqsləri cöngə.

vüsal yatağına,

gedir bu döngə.

sevənin olursa,

sevmək də asan.

mən türk Don Juanam,

sən lex Annasan.

kotolik seksual bir gecə


Anna Mariya,

amore mia.

bu sel, bu axın,

durmazmı ya?

yatmaz bu şəhər,

dincəlməz bu sokak,

fişəng səpiyor

minlərlə çıraq,

reklam yağışı

alışıb əriməz,

uyqular ovunmaz,

izdiham kiriməz,

havada bəyaz var,

vitrində qızartı,

ruletka fırlayır,

kazino azartı,

diskobar cinlidi,

kabare qarışıq,

dodaqlar rom içir,

paçalar alışır.

yorunuq skripkaçı

havanı key çalır,

bax bunlar geylərdi,

bunlar da geyşadır.

gey dəbi avanqard,

saç uzun, ard açıq,

satanlar bic olur,

alanlar xırdaçı.

para ver, mətah al,

ucuzdur can əti.

burda şik sayılır,

sutenyor sənəti.

İsusluq daş-qalaq,

Maqdalina suçsuz,

sokakın seks işi,

viskidən də ucuz,

üzlərdə məmnunluq,

gözlərdə yox sual,

Krakovda gecələr

katolik-seksual.

baxışlar şprisindən

boylanır kokain,

sifətlər samuray,

məmələr bəhai,

gecə çox uzandı,

gedəkmi, ay quzum,

Anna Mariya,

mənim dan ulduzum.

* fahişə Maqdalinanı kütlə daş-qalaq etmək istəyəndə İsa Məsih dedi: qoy birinçi daşı suçu (günahı) olmayan adam atsın. Və heç kim irəli çıxmadı.


Krakovyak*


yorulubsa da orkestro,

bir krakovyak, pan maestro,

dillənəndə instument,

ruhumuz titrək bir lent,

meydan açıb krakovyak,

sən yax məni, məni yax.

fırlanaq, hərlənək,

göylənək, yerlənək,

qanad açsın əl-ətək,

həzzimizdə yellənək,

yax məni, yax məni,

yananda burax məni,

yax, yax, yax, yax,

ən polonsan, mən qıpçaq,

gəl axına uğraşaq,

yağılarla doğraşaq,

yaraqlar cingildəsin,

məmələr dingildəsin,

ayğır, madyan həvəsi,

dəf səsi, şeypur səsi,

açıq sinə, lüt ayaq

krakovyak, krakovyak.

*krakovyak- polon rəqsi

duet

gecə söhbətlərində şifrəlnmiş sehr var,

gecə köynəklərində yanıqlı bir polonez.

hər kəz sayğac qoşanda sənin çılpaqlığına,

qaranlıqdan don biçir yarasa uçuşları.

süvari pıçıltılar boşaldıb yüyənini,

ehtiras lianları bir-birinə sarmaşır.

ulduz şərqilərinin sırtında susmuş royal,

blüz çalır sığalların isti barmaqlarında.

sevdalar yasasında uyqu bəndləri qayıb,

ikonadan göz qoyur Məryəmin yasaqları.

dualı dodaqların ayəəri bitəndə,

öz solo konsertinə başlayır bizim duet.

qış nağılı


ağ kəpənəklər,

qonur yollara,

çılpaq ağaclar,

bürünür qara.

ağ qar içində

əriyir gecə.

doldur badəni,

bir ağız içək.

bayıda qar var,

bundan bizə nə?

şaxta kar etməz

eşq istisinə.

mey xumarında

vaxt qovur baca.

darıxmaçılıq

yanır astaca.

bu qış gecəsi,

bu tənha otaq,

belə zövq ilə

saldığın yataq,

susuz səhrada

ilğım kimidir,

qurtar söhbəti,

bağla kilidi.

elə qorxuram

ilğım dağıla,

şükürlər olsun

belə nağıla.

şam şöləsinda vida

otel odasında likor və Şopen,

qaranlıq soyunur şam şöləsində.

qızılı güllərin dodaqlarında,

ilahə Öləngin təbəssümü var.

Polonya gözəldi, sən də gözəlsən,

aradan ayrılıq baxır devsayaq.

vida öpüşləri likor tamlıdı,

hər yana musiqi çiləyir Şopen.

asta dans katolik üslubu deyil,

şərqi bitməz olur, sonsuzdu qucaq.

daha polon deyil Roma papası,

otel odası da məbəd kimidir.

sən Əli Ağcanı xatırlayırsan,

o, güllə atmışdı papaya bir vaxt.

papa bağışladı, xristian kimi,

türklər bağışlamır, yavuzdur Yasa.

Babil ətrafında döyüşlər gedir,

qazilər belində bomba partladır.

düzü, politika bezdirib məni,

atlardan danışcaq, bundan kolaydır.

isteplər xışlanıb, oturaqlaşıb,

atlar köşələrə sıxışdırılıb,

zəfər türküsünü oxuyur səlib,

raketə bənzəyir kilsə kümbəzi.

sən çoxmu sevirsən at yarışını,

cıdırda pul-para udubsanmı heç?

gülüşün, baxışın qıpçağa çəkir,

yovşan ətirlidir öpüşlərin də.

kilsəyə gedəndə məndən salam de,

Santa Madonnadan mərhəmət istə,

ikona önünə şam yandırıb qoy,

duanın dadında qımız ver ona.

yovşan cübbəliyəm, yol çəkir məni,

indiki uçaqlar at yürüşlüdür.

vaxt tap Bakıya gəl, sevimli pani,

orada dualar tez çatır göyə.

bizim ulduzumuz səkkiz* qıraqlı,

bizim sevişimiz səkkiz mərtəbə,

eşq ilahəsinin hökmündədir insanlıq,

fərqi yoxdur, oana Krasapani deyirlər,

ya Mehr Banu

* səkkiz qıraqlı ulduz sevgi ilahəsini simvolizə edir.