Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Heydər Hüseynov və Martin Heydəgər (orijinalda - Heidegger)"

Müəllif:

Səlahəddin Xəllilov


Kateqoriya:

Fəlsəfə, fəlsəfi mətnlər



Qısa Təsvir:

Söhbət XX əsrin iki görkəmli filosofundan, azərbaycanlı Heydər Hüseynovdan (1908-1950) və alman Martin Heydəgərdən, orijinalda - Heidegger (1889-1976) gedir.


Baxış sayı: 3729
    
    


Söhbət XX əsrin iki görkəmli filosofundan, azərbaycanlı Heydər Hüseynovdan (1908-1950) və alman Martin Heydəgərdən, orijinalda - Heidegger (1889-1976) gedir.

   Yaşadıqları əsrdən və adlarındakı bənzəyişdən başqa bu iki filosofu nə birləşdirir, görəsən? Amma bizi bu müqayisəni aparmağa vadar edən Azərbaycanın bəzi gənc fəlsəfə tədqiqatçılarının öz mədəni-mənəvi irsimizə, elmi-fəlsəfi fikir tariximizə pessimist və hətta inkarçı münasibət bəsləməsidir. Bu, həm də ona görə önəmlidir ki, belə əhval-ruhiyyə təkcə ayrı-ayrı şəxslərdən deyil, bütövlükdə fəlsəfi mühitimizdə, hətta ümumiyyətlə, düşüncə tərzimizdə qərarlaşmış olan müəyyən tendensiyadan xəbər verir.

   
   "Dahilərin divanı" 
 

Artıq bir ildir ki, Azərbaycanda prezidentin sərəncamı ilə akademik Heydər Hüseynovun 100 illik yubileyi qeyd edilir və bu münasibətlə müxtəlif konfranslar, müzakirələr keçirilir. ANS TV-də də "Dahilərin divanı" verilişinin növbəti buraxılışı Heydər Hüseynova həsr olunmuşdu.

   Heydər Hüseynov irsinə kifayət qədər bələd olduğuma görə, mən bu verilişə onun haqqında hansı isə əlavə bilgi almaqdan daha çox, sadəcə müasirlərimizin onu nə dərəcədə mənimsəyə və dəyərləndirə bildiklərini öyrənmək üçün baxdım. Baxdım və xeyli məyus oldum. Çünki mütəxəssis qismində dəvət olunmuş şəxslər Heydər Hüseynovun xidmətlərindən bu dərəcədə bixəbərdirlərsə, deməli, geniş ictimaiyyət daha çox xəbərsizdir.

   Yeri gəlmişkən, "Dahilərin divanı" barədə. Xalqımızın mədəniyyət, fikir və qəhrəmanlıq tarixindən, böyük şəxsiyyətlərindən söhbət açan bu veriliş efiri bürüyən şoular kontekstində, heç şübhəsiz, müsbət təsir bağışlayır. Daha doğrusu, ideya özü müsbətdir. Amma təəssüf ki, bu ideyanın realizasiyası yenə də şou elementlərinə söykənir. Əlbəttə, "həqiqət mübahisələrdə üzə çıxır", dialoq monoloqdan daha effektlidir. Bunları mən də qəbul edirəm. Efirdə geniş yayılmış yeknəsəq düşüncəni, hər şeyin ancaq çəhrayı rəngdə təqdimatını, monotonluğu bir tamaşaçı kimi mən də sevmirəm. Amma söhbət görkəmli şəxslərdən gedəndə fikir müstəvisində hərrac elementləri xoş təsir bağışlamır. Yəni bir ifratdan uzaqlaşıb başqa ifrata keçmək də arzuolunmazdır. Mübahisələr, əlbəttə, olmalıdır, lakin sanki ssenari üzrə quraşdırılmış şəkildə, həm də səthi yanaşmaların sayəsində deyil, dərinə getdikcə üzə çıxan fərqlərdən doğmalıdır.

   Görünür, tamaşaçıların səviyyəsi haqqında pessimist münasibət o dərəcədə kök atmışdır ki, qarşıdurma, intriqa, dedi-qodu olmasa tamaşaçı baxmaz, - deyə ehtiyatlanmaq üzündən bu veriliş mahiyyətinə uyğun gəlməyən bir formada təqdim olunur. Buraya aparıcı diktatını, onun söhbətləri məhz öz istədiyi səmtə çəkmək və dəvət etdiyi şəxslərdən bir baş yuxarı olduğunu göstərmək cəhdlərini də əlavə etsək, bu gözəl ideyanın əslində bir qədər təhrif olunduğu daha çox nəzərə çarpar. Düzdür, haqqında bəhs etdiyimiz verilişdə aparıcı həqiqətən dəvətlilərdən daha hazırlıqlı idi, lakin bu, aparıcınınmı üstünlüyündən, yoxsa dəvətlilərinmi hazırlıqsız gəlməsindən doğurdu, - deyə bilmərəm. Bircə şey aydın idi ki, Heydər Hüseynov nəinki dahi, heç ümumiyyətlə ciddi bir tədqiqatçı və təşkilatçı kimi də təqdim oluna bilmədi. Verilişdə onun Heydəgərlə, oxunduğu kimi desək, Haydeggerlə haqsız bir müqayisəsinə isə münasibət bildirməmək mümkün deyil.

   Əgər dünya fəlsəfəsində Aristotel varsa, Dekart varsa, Kant varsa, Haydegger varsa, biz öz görkəmli fəlsəfə tədqiqatçılarımızı aşağılamalıyıqmı, yaxud öz milli fəlsəfi fikrimizə biganəlikmi göstərməliyik? Bu gün Qərb dünyası yeni ideyalardan kasadlıq çəkirsə və üzünü yenidən Şərq fəlsəfəsinə tutursa, bizsə tərsinə, özümüzü öyrənməkdən imtinamı etməliyik? Bu başqa məsələ ki, biz gərək özümüzə qapanmayaq və dünya fəlsəfi fikrini də öyrənək. Elə Haydeggeri də.

   
   Haydegger dühası
  

   Bəli, Haydegger böyük filosofdur. Fəlsəfənin elmi-fəlsəfi sistem kimi formalaşmasında böyük xidmətləri vardır.

   Lakin mən sual edirəm. Haydegger dünya fəlsəfəsi bir yana dursun, alman fəlsəfəsində nəyin başlanğıcını qoyub? Hansı böyük fəlsəfi məktəbin təməlində dayanır? Hansı xalqı qəflət yuxusundan oyatmağa çalışıb? Hansı xalqın öz keçmişi nümunəsində ona milli özünütəsdiq impulsu verib? Yaxud bütövlükdə düşüncə tərzində bir inqilab sayıla biləcək ictimai təbəddülat yaradıbmı? Xalqı fəlsəfi və ictimai-siyasi özünüdərk səviyyəsinə yüksəltmək kimi ağır bir yükün altına giribmi? Öz əqidəsi yolunda ölüm şərbəti içibmi, yoxsa faşizm rejimi ilə rahatca əməkdaşlıqmı edib? Bunları ona görə soruşuram ki, dahilik təkcə fəlsəfə yazmaqla olmur, həm də əqidə qəhrəmanlığı tələb edir.

   Digər tərəfdən, Haydegger Leybnitsi olan, Kantı olan, Hegeli olan bir xalqın nümayəndəsidir. Və adlarını çəkdiyim və çəkmədiyim neçə-neçə böyük filosofun sırasında dursa, heç də həmişə birinci olmayacaq. Hətta öz dövründə də mənsub olduğu fenomenoloji təlimi də o yaratmayıb və öz müasiri E.Husserlin tələbəsi kimi tanınır. Dil fəlsəfəsi, linqvistik analiz, hermenevtika kimi sahələrdə də ya Vitqenşteyndən, ya Şleyermaxerdən sonra gəlir. Hətta ekzistensializmi də Haydegger yaratmamışdır. Burada böyük bir filosoflar dəstəsinin; K.Yaspersin, Q.Marselin, J.P.Sartrın və s.nin birgə səyləri nəzərə alınmalıdır.

   Və nəhayət, Haydegger onu yetişdirən böyük alman xalqının böyük fəlsəfi ənənələrinə söykənməkdən əlavə, onu qiymətləndirə bilən, ona dəstək verən yüzlərcə böyük filosofun əhatəsində və "əlləri üzərində" bu mərtəbəyə qalxmışdır.

   Haydegger ona qədər yüksək səviyyədə qurulmuş olan hazır fəlsəfə mühitində yazıb yaratmış və ancaq yaradıcılıqla məşğul olmuşdur. 87 il ömür sürən həyatının 65 ilini məhz fəlsəfi tədqiqata həsr edə bilmişdir. Heydər Hüseynovun isə belə rahat, məqsədyönlü tədqiqat üçün heç bir ay da sərbəst vaxtı olmamışdır. O, fəlsəfə sahəsində nə yazıbsa, ancaq iki daş arasında yazmışdır.

   Yadımdadır, böyük Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin 75 illiyini qeyd etmək üçün Bakıda bir toplantı keçirilirdi. İştirakçılar onun haqqında ürəklərindən gələn gözəl sözlər dedilər. Mən isə sadəcə bir sual verdim: - Necə düşünürsünüz, əgər o, Amerikaya köçməsə idi, ya Azərbaycanda, ya İranda qalsa idi, Zadə ola bilərdimi? Təbii ki, yox. Onda heç olmazsa, bir onun etnik mənşəyindən danışanda, bir də ona şərait yaradan, onu bu mərtəbəyə qaldıran mühitdən, Amerikadan danışaq.

   Bəli, alimin də öz genetik potensialını reallaşdıra bilməsi üçün münbit mühit lazımdır. Haydegger üçün bu mühiti yarandanlar var idi. Heydər isə mühitin özünü yaradan idi.

       Heydər Hüseynov dühası

       Bəli, 37-ci ildən sonra Azərbaycanda mədəni-mənəvi mühit də, fəlsəfi fikir məkanı da xışlanmış, şumlanmış bir sahəni xatırladırdı. Bu məkanı, bu mühiti Cavidlərdən, Cavadlardan təzəcə "təmizləmiş", başqalarına da görk etmişdilər. Belə bir vaxtda millətə xidmət olsa-olsa, bədii obrazlara, notlara bürünərək, labirintlərdən keçərək, dolayısı ilə söylənə bilərdi. Necə ki, bunu Üzeyir bəylər, Səməd Vurğunlar edirdi. Amma Heydər Hüseynov şair yox, bəstəkar yox, filosof idi. O, fikirlərini daha aşkar şəkildə demək məcburiyyətində idi.

    Bu gün ancaq ictimai-siyasi fikir tarixinin öyrənilməsi ilə və fəlsəfədən sadəcə bir dünyagörüşü kimi bəhs etməklə kifayətlənməyərək, müasir fəlsəfənin mürəkkəb problemlərindən, elmiləşmiş fəlsəfədən yazan tədqiqatçılar da var. Lakin onların heç biri nəyi isə sıfırdan başlayaraq yaratmır. İndiki fəlsəfəçilər nə vaxtsa məhz Heydər Hüseynov tərəfindən əsası qoyulmuş fakültələrdə, institutlarda, az-çox dərəcədə formalaşmış bir mühitdə yazıb-yaradırlar.

   Heydər Hüseynovun dövründə, marksist-leninçi fəlsəfənin hakim olduğu bir şəraitdə və hər hansı bir millətçilik təzahürünə görə insanların təqib edildiyi bir mühitdə milli-fəlsəfi fikirdən danışmaq və onu sanki marksizmə alternativ bir dünyagörüşü kimi təqdim eləmək, təbii ki, Kremlin maraqlarına uyğun ola bilməzdi.

   Heydər Hüseynovun faciəsi nə üçünsə və kimlər tərəfindənsə Şeyx Şamillə, onun apardığı milli-azadlıq hərəkatına münasibətlə əlaqələndirilir. O vaxt bunu Mircəfər Bağırov belə edirdi. Bəs bu gün biz nə üçün bu amilin əsas səbəb kimi göstərilməsi ilə razılaşırıq? Axı, bu, daha çox dərəcədə bəhanə idi. Əsas səbəb isə Heydər Hüseynovun açılmış imkanlardan əlahiddə dərəcədə istifadə etməsi idi. Bəli, Mərkəzin məqsədi şumlanmış, yerlə-yeksan edilmiş bir mədəni-mənəvi məkanda bir millilik görüntüsü yaratmaq naminə üzdən gedən işlər idi. Lakin Heydər Hüseynov verilən fürsətdən "sui-istifadə" edir, millilik görüntüsü yaratmaq, hakim ideologiyanı sadəcə milli rənglərə boyamaqdansa, sözün həqiqi mənasında milli ruhun oyanışına xidmət edirdi. Milli fəlsəfi fikir tarixini önə çəkməklə və üstəlik bu sahədə kadrlar ordusu yaratmaqla milləti özünə qaytarırdı. (Bax, bu, alt qatdakı, ilk baxışda görünməyən səbəbdir.) M.Bağırovun Moskvanı qabaqlaması və xüsusi canfəşanlığı isə əvvəlki fəaliyyətinə və yüksək ideoloji hazırlığına görə Mərkəzin etimadını qazanmış bir şəxsin eyni zamanda millətin etimadını qazanması faktına qısqanclıqla yanaşmasından irəli gəlirdi. Şeyx Şamil əhvalatı çoxdan olub getmiş və həmin dövrdə artıq təhlükə doğurmayan bir söhbət idi. Bu baxımdan, Heydər Hüseynova münasibətin bir epiqrafla bağlanması onun rolunu və çoxşaxəli fəaliyyətinin əhəmiyyətini qat-qat aşağı salır.

   Bu yazıda bizim məqsədimiz Heydər Hüseynovun xalq qarşısında xidmətlərini işıqlandırmaq deyil. Bu barədə öz fikirlərimizi biz əvvəllər də şərh etmişik. Narahatlıq yaradan odur ki, gənclərimiz nə Heydər Hüseynovun öz əsərlərini, nə də onun haqqında yazılmış olanları oxumadan fikir yürüdürlər. Fəlsəfi tədqiqat işi aparmazdan öncə bu fəlsəfə üçün bir məkan və mühit hazırlanması zərurətini, elmin institutlaşmasına olan ehtiyacı, elm təşkilatçılığını dəyərləndirə bilmirlər. Haydeggerləri yetişdirə bilmək üçün əvvəlcə onların mühitini yetişdirmək lazımdır. Elmi-fəlsəfi mühit formalaşdırmaq və milli fəlsəfi düşüncə yolunu işıqlandırmaq isə yeni fəlsəfi təlim yaratmaqdan az iş deyil.

   "İşə başlamaq işin yarısıdır". Heydər Hüseynov işin ən azı yarısını gördü, həm də böyük əzmlə, bir xalqın milli qüruru üçün, özünü dərk etməsi üçün və irəliyə baxa bilməsi üçün nə lazımdırsa, hamısını etdi. Sonrakı işi isə biz görməli idik. Əgər hələ indiyədək Haydeggerlərin fəlsəfəsinə alternativ təlimlər yarada bilmiriksə və hətta onları bütləşdiririksə, buna Heydər Hüseynov neyləsin?!

   Heydər Hüseynovları dəyərləndirməyin və yaşatmağın yeganə yolu isə bu gün ölkəmizdə müasir fəlsəfi fikrin varlığını təmin etməkdir.

 
E-mənbə / link:
http://xariciedebiyyat.azeriblog.com/2009/06/18/sxelilov-heyder-huseynov-ve-martin-heydeger