Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Rübailər (farscadan poetik tərcümələr)

Müəllif:

Ömər Xəyyam


Kateqoriya:

Fars



Qısa Təsvir:

Ömər Xəyyam. Rübailər (farscadan poetik tərcümələr). Bu rübailər təxminən 55 il bundan əvvəl tərcümə olunub. Tərcüməçinin dediyinə görə, bu zəhmətli işi 30 ilə tamamlayıb. İlk dəfə yayınlanır...


Baxış sayı: 66
    
    


Tərcümə edən: Cabbar Bağçaban, Təbriz...

Birinci Fəsil

Nə sən bilirsən nə də mən

1
Sirri əzəli nə sən bilirsən nə də mən,
Bu biləməcəyi nə sən oxursan nə də mən,
Biz pərdənin arxasında söyləşmədəyiz,
Ta pərdə düşür nə sən qalırsan nə də mən.

2
Fəzlü ədəbə mühit olan alimlər,
Ətrafı ki rövşən etdilər misli qəmər,
Yol bulmadılar bu leyləyi müzləmdə,
Əfsanə deyib də yatdılar ən axır.

3
Əvvəl mənə iztirar ilə verdi vücud,
Dirlikdə mənə nə oldu cüz heyrət sud?
Getdik dəxi ikrah ilə biz anlamadıq,
Kim böylə gediş-gəlişlə nəymiş məqsud?

4
Boş sözlər ilə bir iddə məğrur olmuş,
Hur eşqinə də bir iddə rəncur olmuş,
Qalxsaydı şu pərdələr olardı məlum,
Onlar sən olan məhəlldən dur olmuş.

5
Bir tayifə dinü məzhəb içün düşünür,
Bir dəstə dəxi şəkkü yəqin düşgünüdür,
Nagah münadi o tərəfdən bağırar,
Ey gümrah olanlar nə odur yol nə budur.

6
Biz xeyli dolaşdıq bu çölü, şəhri, köyü,
Gəzdik bütün afaqdə illər uzunu,
Bu yoldan eşitmədik ki gəldi birisi,
Hərgiz geri dönmədi gedənlər bu yolu.

7
Bir kasə ki tərkib bulub oldu dürüst,
Qıymaz onu qırsın birisi olsa da məst
Bu qədr gözəl sinə, topuq, baş, əl, ayaq,
Nə içün belə qayrıldı niçün buldu şikəst?

8
Saldı ki təbayii bu şəklə yaradan,
Nə içün yenidən götürdü nəzmi aradan?
Gər qabil imiş bu şəkli qırmaq nə içün,
Naqabil imiş əgər, kimindir nöqsan?

9
Hərçənd mənim gözəl qoxum, rəngim var,
Həm sərvqədəm, simtənəm gülruxsar,
Mən bilmədim aləmdə bu nəqqaşi əzəl,
Nə içün məni eylədi belə nəqşü nigar?

10
Olsaydı könül sirri-həyatə dana,
Anlardı nədir ölümdəki sirri-xuda,
Heç şey ki bugün özündə sən anlamadın,
Getdikdə özündən nə qanırsan fərda?

11
Axır bu gəlib-getməmizin sudu hanı?
Ümmidi həyatın təlinin pudu hanı,
Bu çənbəri çərxdə yanıb, topraq olan -
Pakizələrin canlarının dudu hanı?

12
Bir kasədir bu ki əql onu alqışlar,
Yüz busə onun sevinclə alnından alar,
Çömləkçi fələk böylə gözəl bir kasə,
Əldən çıqarıb sonra onu daşə çalar.

13
Düşmüş nə zamanda işə bu zərrin tas,
Viran olacaq nə dəmdə bu şanlı əsas,
Məlum edə bilməz onu meyari üqul,
Təyin edə bilməz onu miqyasi qiyas.

14
Bu çarxda böylə parlayan yıldızlar,
Aqilləri kim tərəddüdə salmışlar,
Sən aqil ol onları müdəbbir sanma,
Biəzm dönüb, iradəsiz fırlarlar.

15
Çarxın nə imiş qazancı mən gəlmişkən,
Həm artmaz onun gözəlliyi ölsəm mən,
Həm də qulağım eşitmədi bir kəsdən,
Çarxın nə imiş qəsdi bu gəldən, getdən.

16
Ey dil açamazsan bu müəmmayı sən,
Dana dediyi nüktəyi də bilməzsən,
Sən qırmızı meylə burda yap bir cənnət,
Məlummu behiştə gedəsən getməyəsən?

17
Madam ki yox həqiqəti əmrə yəqin,
Məqul deyil əsiri olmaq şəkkin,
Doldur içəlim ki bir xəbərsiz şəxsə,
Heç fərq eləməz ki içməsin ya içsin.

18
Sən bil ki bu can ayrılacaqdır səndən,
Sirri ədəm eylər səni pünhan gözdən,
Mey iç haradan gəldiyini duymursan,
Şad ol haraya getməlisən, bilmirsən.

19
Cənnətlə cəhənnəmi görən yox ey dil,
Ordan bu cəhanə bir gələn yox ey dil,
Biz xövfü ümid etdiyimiz ol şeyin,
Cüz nam, nişanını bilən yox ey dil.

20
Bu pərdəyi-əsrardə yox kimsəyə yol,
Bu qurğuyu kəşfə yoxdur imkani vüsul!
Yox torpağın altdan özgə bir mənzilimiz,
Dinlə ki bu cür fəsanələr var bol bol.

21
Onlar ki ümuri əqldə fikr eylər,
Əfsus öküzü sağıb süd almaq istər.
Şayistə odur libasi cəhli geyələr,
Çün əqlə bugün bir ot belə verməzlər.

22
Dəhri bəzəyən sitarələr şamü səhər
Daim ki dönüb gəlib və getməkdədirlər,
Göy altda, yerin üstə də var bir məxluq,
Allah diri olduqca doğub bəslərlər.

23
Bu çarxı-fələk ki onda biz fırlanırız,
Fanusi xəyal kimi bir şey sanınız.
Xurşidi çıraq, aləmi fanus bil,
Biz onda olan süvər kimi heyranız.

24
Təhqiq ağacından olmadı mivə dərən,
Zira bu yolu olmadı bir doğru gedən,
Hərkəs bu ağacda tutdu bir vecsiz dal,
Bil bugünü dün, həm dünü bugün kimi sən.

25
Heç vaxt bilikdən olmadım mən məhrum,
Əsrardan az qaldı mənə naməfhum,
Yetmiş iki il mən yaşadım gecə-günüz,
Bildim bunu kim olmadı heç şey məlum.

26
Bu dairə kim biz onda get-gəl ediriz,
Nə əvvəli nə sonu bilinməz hərgiz.
Yoq doğru deyən birisi ki bu aləmdə,
Gəldik haraya biz, gedirik ya hara biz.

İkinci Fəsil
Həyat təsvirləri

27
İstərsən əgər təriqi şəhvət gedəsən,
Məlumun ola bir əliboş bədbəxtsən.
Baq gör kimsən sən haradan gəlmişsən,
Bir qan nə edirsən haraya getməlisən.

28
Bu qəsr ki baş çəkmiş idi əflakə,
Şəhrlər döşənirdi dərgəhində xakə,
Gördüm ki oturmuş başına bir qumru,
Baqdıqca ötür bu aləmi qəmnakə.

29
Bu köhnə səra ki ad qoyublar dünya,
Şamın, səhərin atına olmuş məva,
Bir bəzmdir yadigarı yüz Cəmşidin,
Bir evdir yatıb yüz ilə Bəhram orda.

30
Ol qəsr ki mey içərdi Bəhram orda,
Ceyran bala qoydu tülkülər etdi yuva.
Bəhram bütün ömrünü gor ovlarkən,
Gördün necə ovladı onu gor amma?

31
Bu xalq bizi qəbrə qoyar öldükdə,
Örtərlər o qəbri bir iki kərpiclə,
Həm sonra bizim toprağımızdan onlar,
Kərpic kəsəcəklər genə ayrı qəbrə.

32
Üstündə bu toprağın yatanlar görürəm,
Altında dəxi gizli qalanlar görürəm.
Hər qədr bu dəşti ədəmə kim baqıram,
Daim gedərək qayıtmayanlar görürəm.

33
Gördüm ki qonub hisari tusə bir quş,
Keykavusun kəlləsin əlində tutmuş,
Söylərdi o kəlləyə ki əfsus, əfsus,
Zəngin səsi gəlməyir döhüllər susmuş.

34
Küzə yapılan məhəldə keçən gecə mən,
Gördüm iki min küzəyi dinməz və dinən.
Derlərdi mənə zəbani-hal ilə hanı
Küzə qayıran, küzə alan, küzə verən?

35
Bir küzəgəri işlər ikən gördüm mən,
Salmışdı işə çarxını ol mərdi kühən.
Cürətlə boğaz qulp qayırardı küzəyə
Şahlar başı həm dilənçilər dəstindən.

36
Ey küzəgər ağlın var isə fikr elə sən,
Xaki təni insanə bu təhqir nədən?
Xusrov başıdır, Firidunun barmağıdır,
Bu çarxa qoyubsan nə güman eylərsən?

37
Bir küzəgəri dünən bazarda gördüm,
Bir az çamıra təpik vururdu hərdən.
Palçıq dedi ki: məni yavaş döy usta,
Xar etmə məni, ki mən də sən kimi idim.

38
Bu əlləri palçıqda olan küzəçilər,
Öz işlərinə qılsalar huş ilə nəzər,
Təhqir ilə döydükləri bu palçıqlar,
Həp xaki bədəndir bunu bilməzlər məgər?

39
Usta uşağa bir az acıqlan axır,
Danla degilən yavaşca etsin qəlbir,
Çox məğzi Qubadü çəşmi Pərvizdir ol -
Topraq ki töküb qəlbirə öylə ələyir.

40
Bu kuzə ki mən tək aşiqi zar imiş,
Zülfi siyəhi yarə giriftar imiş.
Bu qulp ki görürsən sən onun boynunda,
Bir qoldur o kim həmayili yar imiş.

41
Bizdən irəli var idi bu leylü nəhar,
Həm bir iş içün işlər imiş bu dəvvar.
Bu toprağa ahəstə götür qoy ayağın,
Bir mahruxun göz bəbəyidir zinhar.

42
Hər çöldə ki bir lalə göyərmiş, bitmiş,
Ol laləyi bir şahın qanı surx etmiş.
Bağlarda bitən bənövşənin hər birisi,
Bir mahvəşin yüzündə bir xal imiş.

43
Hər ot ki ləbi cuydə baş göstərmiş,
Guya dodağında bir pərinin bitmiş.
Təhqir ilə etməyin o növü pamal,
Bir laləruxun xaki onu səbz etmiş.

44
Hər bir gülü etmədi bu dövran pürbar,
Kim axır onu salmaya topraqlara xar.
Topraqları qaldırsa sular kimi bulud,
Həşrə qədər istəklilərin qanı yağar.

45
Etdi çəməni göz yaşı əbrin parlaq.
Gülrəng şərab olmasa olmaz yaşamaq.
Bu səbzələrə bugün ki bizlər baqarız,
Bizlər ot olan zamanda kimlər baqacaq?

46
Çaldım daşa bir küzəyi keçən gecə mən.
Çox kefli idim verdi bu iş baş məndən.
Ol küzə dedi ki: mən də sən kimi idim
Bir gün də mənim kimi olursan dəxi sən.

47
Çıqdı əlimizdən ol vəfalı dostlar,
Payi əzəl onları əzib etdi xar.
Bir meydən içirdik dirilik bəzmində,
Bizdən iki dövrə tez yıqıldı onlar.

48
Tumari şəbabımız oqundu bitdi,
Eyşin də gözəl kitabı başa yetdi.
Eyşin quşu kim adı cavanlıq idi,
Bilməm nə zaman gəldi nə dəmlər getdi.

49
Bizlər həp oyuncağız fələk bazigər.
Sanma sözümü məcaz, ciddən belədir.
Biz oynardıq səhnəyi dirlikdə sora,
Dolduq ədəmin sandığına birbir biz.

50
Bu əhli qübur oldu həp xakü qubar,
Zərratı bütün bibirinə durdu kənar.
Ah bu necə badədir tamam içməzdən,
Mədhuşu xəbərsiz yıqılıb qalmışlar.

E-mənbə: http://adyazar.az/qezet/index.php?newsid=691