Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Heyvanıstan" (roman, orijinaldan tərcümə və tanıtım məqaləsi)

Müəllif:

Corc Oruell


Kateqoriya:

Böyük Britaniya - İngiltərə



Qısa Təsvir:

CORC ORUELL. "Heyvanıstan" (roman, orijinaldan tərcümə və tanıtım məqaləsi)


Baxış sayı: 80
    
    


CORC ORUELL. "Heyvanıstan" əsəri

 İngilis dilindən çevirən: Vilayət QULIYEV

İngilis yazıçısı Corc Oruellin adı azsaylı Azərbaycan intellektuallarına daha çox "1984" romanından tanışdır. Lakin Oruell "1984"-dən o qədər də az populyar olmayan başqa bir satirik antiutopiyanın - "Animal farm" - "Heyvanıstan"(roman rus dilinə "Skotskiy xutor", "Skotnıy dvor", "Ferma "Enimal" və s., türk dilinə "Heyvanat ciftliyi", fars dilinə "Qəleyi-heyvanat" şəklində tərcümə edilib. Azərbaycan dilinə tərcümə za¬ma¬nı əsərin satirik-qrotesk ruhuna uyğun gələn "Heyvanıstan" adı üzə¬rində dayanmaq daha məqsədəuyğun sayılmışdır-V.Q.) romanının müəl¬lifidir. Bu əsəri müəyyən mənada həm də yazıçının avtokratiya və totalitar sistemin ümumiləşdirilmiş obrazını yaradan çoxlaylı və monumental "1984" romanı üçün hazırlıq mərhələsi hesab etmək mümkündür. Həcmcə o qədər də böyük olmayan "Animal farm" romanı ilə Oruell bütünlükdə to¬talitar siyasi təfəkkürün, daha konkret mənada isə, keçmiş Sovet İttifa¬qının tarixini və əsas mövcudluq prinsiplərini bədii cəhətdən uğurla modelləşdirə bilmişdi.
Əvvəlcə bir neçə kəlmə məşhur romanlar müəllifinin həyat yolu haqqında.

Bütün dünyanın Corc Oruell kimi tanıdığı ingilis yazıçısının əsl adı Erix Artur Bleyer idi. O, 1903-cü ildə Hindistanın Benqal əyalətində, sonralar "aşağı səviyyəli orta təbəqə" kimi təqdim etdiyi qarışıq ingilis-hind ailəsində doğulmuşdu. Ailənin başçısı Riçard Bleyer Hindistan mülki xidmətində çalışırdı. Erix Artur bir yaşında ikən anası ilə birlikdə İngiltərəyə köçmüş, uşaqlıq və ilk gənclik illərini burada keçirmişdi.

Bleyer 1917-1921-ci illərdə Britaniyanın nüfuzlu təhsil müəssisələrindən sayılan İton kollecində təhsil almışdır. Kolleci bitirdikdən sonra universitetdə oxumağa maddi imkanı olmadığından sonrakı altı il ərzində Britaniya İmperiya polisinin tərkibində Birmada (indiki Myanma-V.Q.) xidmət etmişdi. 1927-ci ildə özünü tamamilə ədəbiyyata həsr etmək qərarına gəldiyindən dövlət xidmətindən ayrılmışdı.

Birmada çalışdığı illərdə müşahidə etdiyi insan tipləri və şahidi olduğu həyat hadisələri onun ilk əsərlərinin başlıca mövzusuna çevrilmişdi. 1928-1929-cu illərdə Bleyer "gerçəkliyi öyrənmək məqsədi" ilə Parisdə yaşamış, Maksim Qorki kimi burada sözün həqiqi mənasında "həyat universitetləri" keçmişdi. Ardınca Birma və Paris təəssüratlarını əks etdirən "Edam" (1931), "Paris və Londonla aşağı-yuxarı" (1933), "Birma günləri" (1934), "Fil ovu" (1936) kitablarını yazmışdı. İkinci kitabından başlayaraq bütün əsərlərini Corc Oruell təxəllüsü ilə çap etdirmişdi.

İngilis müstəmləkə məmurunun ailəsində doğulsa da, Bleyer-Oruell gənclik illərindən müstəmləkəçilik və imperializmə kəskin, barışmaz münasibəti ilə fərqlənmişdi. Bu baxımdan Böyük Britaniya əsarəti altında olan Birmada çalışdığı illər onun siyasi rəğbət və nifrətinin formalaşmasına xüsusilə ciddi təsir göstərmişdi. Mühafizəkarlığı həyat prinsipinə çevirən ingilis həmvətənlərindən fərqli olaraq, sosial-demokrat dəyərlərə daha çox üstünlük vermişdi. Bu, yazıçının ilk əsərlərində də özünü göstərmiş, sonrakı illərdə isə Oruellin dünya şöhrətli siyasi antiutopiyalarının meydana çıxmasında əsas rol oynamışdı. O, 1946-cı ildə etiraf edirdi ki, "1936-cı ildən bəri yazdığım ciddi əsərlərin hər sətri totalitarizm əleyhinə və özümün başa düşdüyüm mənada demokratik sosializmin müdafiəsi məqsədi ilə qələmə alınmışdır".

Ötən əsrin 30-cu illərinin ortalarında "Solçu Kitab Klubu"nun (Left Book Club) üzvü olan Corc Oruell Ingiltərənin şimal əyalətlərindəki məhrumiyyət bölgələrini - səfalət və yoxsulluğun hökm sürdüyü fəhlə rayonlarını az qala ev-ev gəzmiş və sadə xalqla bu səmimi təmas nəticəsində "Viqan Perə yol" kitabını yazmışdı. Iki hissədən ibarət olan bu kitab bədii əsərdən daha çox sosioloji tədqiqat adlandırıla bilər. Kitabın Corc Oruellin siyasi baxış və düşüncələrinin daha geniş əks olunduğu ikinci hissəsi Avropanı bürüməkdə olan faşizm və kommunizm təhlükəsi nəticəsində işıq üzü görməmişdi.

Məhz siyasi baxışları 1936-cı ilin dekabrında onu Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmişdi. Qələm dostu, "New English Weekly" məcmuəsinin redaktoru Filipp Maretə məktubunda "Bu faşizmi kimsə durdurmalıdır!"-yazan Oruell Ispaniyaya qələm əhlindən daha çox döyüşçü və əsgər kimi getmişdi. Başqa bir yaxın tanışı-Con Mak-Neir onun sözlərini xatırlayırdı: "Deyirdi ki, kitab yazmaq ikinci dərəcəli işdir, məni Ispaniyaya gətirən əsas səbəb faşizmə qarşı döyüşməkdir". O, Ispaniya torpağına tək getməmişdi. Xanımı Elian O`Saqnessi də Corc Oruell ilə birlikdə idi. Onlar Marksist Fəhlə Partiyasının hərbi dəstələrinin tərkibində vuruşurdular. Döyüşlərin birində boynundan ağır yaralanan yazıçı ölümdən qayıtmışdı. Sovet Ittifaqının təşkilatçılığı ilə formalaşan Beynəlmiləl briqadaların Ispaniyada faşizmin kökünü kəsib yerində ondan heç də az qorxulu olmayan kommunizm ideologiyasını yaymağa çalışdığını görən Oruell 1937-ci ilin iyununda bu ölkəni qatı antikommunist və antistalinist kimi tərk etmişdi. Ispaniyadakı gərgin, həyəcanlı günlərdən sonra yarım il ərzində Mərakeşdə yaşayan yazıçı burada bir tərəfdən aldığı yaradan müalicə olunmuş, o biri tərəfdən isə ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən "Kataloniyaya məhəbbətlə" kitabını qələmə almışdı.

Ispaniyada üzləşdiyi ağır sınaqlardan sonra Oruell macəralardan əl çəkmiş və əgər belə demək mümkündürsə, ədəbiyyatın sakit limanına qayıtmışdı. 1940-cı ildə o, həyatının sonrakı illərinin bağlı olduğu Londonda məskunlaşmış və burada "New English Weekly", "New Statesman", "Time and Tide" kimi məcmuələrdə əməkdaşlıq etmişdi. Ikinci Dünya müharibəsinin geniş vüsət aldığı 1941-ci ildə Corc Oruell bir tərəfdən könüllü kimi Londonun hava hücumundan müdafiə batalyonuna qoşulmuş, o biri tərəfdən isə BBC-nin Şərq xidmətində fəaliyyətə başlamışdı. BBC-də onun Tomas Eliot, Edvard Forster, Mülk Rac Anand, Uilyam Empson kimi görkəmli ədəbi şəxsiyyətlərlə tanışlığı və əməkdaşlığı başlanmışdı. BBC radiostansiyasının da tərkibinə daxil olduğu Informasiya Nazirliyi isə sonralar "1984" romanında təsvir edilən dörd Ostaziya nazirliyindən birinin prototipinə çevrilmişdi. Yeri gəlmişkən, yazılış prosesində müəllif əsəri "Avropada sonuncu insan" adlandırmağı düşünürdü. Lakin sonradan fikrini dəyişmişdi. Roman üzərində iş 1948-ci ildə başa çatdırıldığından, sadəcə, bu tarixdəki 8 və 4 rəqəmlərinin yerini dəyişmiş və beləliklə də simvola çevrilən 1984 alınmışdı. Bütövlükdə isə BBC-dəki fəaliyyəti Corc Oruellin yaradıcılığının yeni mövzular, kəskin ictimai ruh və güclü tənqidi çalarlarla zənginləşməsinə təkan verişdi.

Lakin, buna baxmayaraq o, 1943-cü ildə məşhur radiostansiyanı tərk etmiş və "Tribune" qəzetinin ədəbi redaktoru, müharibənin son aylarında isə Fransa və Almaniyada hərbi müxbir kimi müstəqil qəzetçilik fəaliyyəti ilə məşğul olmağı daha üstün tutmuşdu. Radiodan getməyinin əsas səbəbi burada ürəyinə yatmayan təbliğati fəaliyyətə cəlb olunması idi. Corc Oruell sonralar yazırdı ki, hər dəfə belə materiallar hazırlayan zaman "özünü çox çirkli çəkmə ilə təpiklənən portağal kimi hiss edirdi".

Ikinci Dünya müharibəsinin Sovet Ittifaqının və antifaşist koalisiyasının qələbəsi ilə başa çatdığı ərəfədə-1945-ci ilin avqustunda Oruellin ilk antistalinist əsəri-"Animal farm"-"Heyvanıstan" romanı eyni vaxtda Böyük Britaniyada və ABŞ-da çap olundu. Bu kitab oxucular ın başı üzərində qəfil partlayan bomba effekti yaratmış və qısa müddət ərzində hər iki ölkədə bestsellerə çevrilmişdi. Həm də diqqətəlayiq haldır ki, Corc Oruell istər "Heyvanıstan", istərsə də "1984" romanlarını SSRI öz apogeyində olduğu, Avropa və Amerika liderlərinin bir vaxtlar saymazyana yanaşdıqları sovet rəhbərliyi ilə əlaqələr yaratmağa can atdıqları bir zamanda qələmə almışdı.

Siyasi baxışlarına görə özünü "demokratik sosialist" sayan Oruell leyboristlər partiyasının üzvü olsa da, trotskiçilərin və anarxistlərin müəyyən təsirindən çıxa bilməmişdi. Xüsusilə onun sovet rejiminə qarşı çevrilmiş sərt, hətta amansız tənqidində anarxistlərin və L.Trotskinin ciddi təsiri duyulmaqdadır. Corc Oruell yazırdı: "Mən anarxist nəzəriyyəsinə əsaslanaraq iddia edirdim ki, hər bir hökumət pislik təcəssümüdür, cəza həmişə cinayətdən daha çox ziyan gətirir və insanlar tamamilə tənha qalsalar, özlərini daha yaxşı hiss edərlər". Eyni zamanda, onun fikrincə, "sadə adamları özbaşınalıqlardan qorumaq zəruridir. Cinayətin gəlir mənbəyinə çevrildiyi istənilən cəmiyyətdə bunun əsasında sərt qanunlar və qəddar idarəçilik üsulu dayanır".

"Heyvanıstan" romanında Oruell bu qəddar idarəçilik üsulunu Sovet Ittifaqının timsalında göstərmişdi. Təbii ki, o, təbliğati broşüra deyil, bədii əsər yazmaq niyyətində olduğundan, öz ideyasını alleqorik ümumiləş¬dirmələr vasitəsi ilə ifadə etməyə üstünlük vermişdi. Bu alleqoriyaları daha yaxşı başa düşmək üçün onların arxasında hansı siyasi şəxsiyyətlərin, ideya cərəyanlarının, qurumların dayandığını dəqiqləşdirməyə lüzum var.
Heyvanıstana rəhbərlik edən ətlik donuz Napoleon (əsərin fransız dilinə tərcüməsində bu ad Sezarla əvəz olunmuşdur-V.Q.) Stalinin ümumiləşdirilmiş obrazıdır. Napoleonun rəqibi olan digər lider-donuz Snouboll isə Trotskinin təcəssümüdür. Üsyan (Oktyabr inqilabı) zamanı o, Napoleondan daha fəaldır. Gözəl natiqdir, intellektualdır, yalnız zora əsaslanan Napoleonla müqayisədə daha ziyalı və demokrat təsiri bağışlayır. Inqilabın gələcəyinə münasibəti də tamamilə fərqlidir. Stalin Trotskini SSRI-dən qovduğu kimi Napoleon da Snoubollu fermadan-Heyvanıstandan didərgin salır. Heyvanıstandakı bütün repressiyalar da Trotskinin-Snoubollun tərəfdarlarına qarşı aparılır.

Çığırğan (ingilis mətnində Squealer) Molotovu və "Pravda" qəzetini tə¬cəs¬süm etdirir. O, Napoleonun - Stalinin əsas ruporudur. Məharətli təb¬li¬ğat qurur, ustalıqla ağı qara, qaranı isə ağ kimi təqdim edə bilir, heyvanları (fəhlə-kəndli sinfi) statistika ilə doyurmağı bacarır, bəd ayaqda isə hər dəfə onları Consun geri qayıtma təhlükəsi ilə qorxudur. Əsərdə epizodik şəkildə adı çəkilən şair Minimusun Maksim Qorki olduğu ehtimal edilir. Oruellin Qoca Mayor adı altında kimi nəzərdə tutduğu bir qədər mübahisəlidir. Əsərin alleqorik qatını araşdıranların bir qisminin fikrincə, bu ad altında Karl Marks, başqa qisminin fikrincə, Lenin təsvir olunmuşdur.

Oruell özünü "demokratik sosialist" hesab etdiyindən, marksizm-leni¬niz¬min hər iki banisinə müəyyən hörmətlə yanaşırdı. O da müasirləri arasında geniş yayılımış belə bir fikri bölüşürdü ki, sosializmin bütün qüsurları üçün Marksın və Leninin təlimini təhrif edən bolşeviklər məsuliyyət daşıyırlar. Son iki onillikdə aşkar olunan çoxsaylı sənədlər Leninin özünün də bu məsuliyyətdən kənarda qalmadığını göstərir. Lakin istənilən halda "Heyvanıstan"dakı satira və sarkazmın marksizm əleyhinə çevrildiyini söyləmək düzgün olmazdı. Əksinə, qoca Mayorun ağıllı, atəşin nitqi və ədalətin təntənəsinə çağırışı ilk marksistlərin nəcib niyyətlərindən xəbər verməkdədir.
Napoleonun heyvanlara qurduğu qanlı məhkəmə 1937-ci ildə geniş vüsət alan "böyük terrora" işarədir. Hakim zümrənin nümayəndələri olduqları halda, Napoleona qarşı çıxan dörd narazı donuz isə Nikolay Buxarin, Aleksey Rıkov, Qriqori Zinovyev və Lev Kamenev kimi repressiyaya uğramış bolşevik liderlərinə alleqoriyadır.

Heyvanlarla birlikdə əsərdə arxasında konkret tarixi şəxsiyyətlərin dayandıqları insanlar da təsvir olunmuşdur. Malikanə fermasının sahibi Cons sonuncu Rusiya imperatoru II Nikolaydır. Lakin bu geniş yayılmış fikirlə bir sırada əsərdəki hadisələri XVIII əsr Fransa mühitinə köçürənlər və Consun timsalında kral XVI Lüdoviki görənlər də var. Ümumiyyətlə, romanın mifoloji-tarixi ümumiləşdirmə gücü nəticəsində burada öz əksini tapan hadisələr inqilabların baş verdiyi, daha sonra inqilab ideallarına xəyanət olunduğu istənilən olkəyə aid edilə bilər. Lakin özünün bir sıra məqalə və müsahibələrində, təbii ki, Corc Oruell hər iki antiutopiyasını yaradarkən insan hüquq və azadlıqlarının pozulduğu Sovet Ittifaqını və Stalin totalitarizmini nəzərdə tutduğunu heç vaxt gizlətməmişdi. Bunu Böyük Britaniyanın xüsusi xidmət orqanları da dərhal sezmişdilər. Maraqlıdır ki, romanın ilk xarici nəşrlərindən biri-1947-ci ildə ukraynalı mühacirlər üçün nəzərdə tutulan Ukrayna dilindəki nəşrinin böyük bir hissəsi sovet və Britaniya təhlükəsizlik xidmətlərinin birgə səyi ilə müsadirə olumuşdu.

Pincfild ferması və mister Frederik adları altında faşist Almaniyası və onun füreri Adolf Hitler nəzərdə tutulmuşdur. Napoleonla mister Frederikin yaxınlaşması Molotov-Ribbentrop paktına, Frederiklə adamlarının Heyvanıstana hücumu isə faşist Almaniyasının SSRI ilə bağladığı qarşılıqlı hücum etməmə haqqında on illik müqavilənin şərtlərini pozaraq qəflətən Sovet Ittifaqı ərazisinə soxulmasına işarədir.
Foksvud fermasının sahibi mister Pilkinqtonun timsalında qərb siyasi qüvvələri, ilk növbədə ABŞ və Böyük Britaniya liderləri təsvir olunmuşdur. Uzun illərin düşmənçiliyindən sonra Napoleonla Pilkinqtonun bir masa ətrafında əyləşməsi və onların qarşılıqlı şəkildə bir-birlərinin keyfiyyət və xüsusiyyətlərini mənimsəmələri Tehran konfransına işarədir. Ziyafətdəki kart oyunu zamanı həm Napoleonun, həm də mister Pilkinqtonun eyni anda tuz çıxarmaları ilə Oruell SSRI ilə Qərb arasında zidiyyətlərin davam edəcəyini və soyuq müharibəni nəzərdə tuturdu.
Heyvanıstanla qalan dünya arasında əlaqə yaradan mister Uimper isə geniş yayılmış fikrə görə Stalinin totalitar rejimini Qərbdə hər vasitə ilə müdafiə və təbliğ edən Bernard Şou, Anri Barbüs, Leon Feyxtvanger, Anatol Frans, Linkoln Steffens və s. kimi məşhur Avropa intellektuallarının ümumiləşdirilmiş obrazıdır.

Romandakı digər heyvan personajların daşıdıqları alleqorik yük də maraqlıdır. Üç at-Bokser, Klover və Molli müvafiq olaraq aşağı, orta və yuxarı təbəqənin təmsilçiləridir. Proletariatı təmsil edən, ən çox istismara məruz qalan və "Mən daha çox işləyəcəyəm" sözlərini öz həyat şüarına çevirən Bokserin eyni zamanda Staxanov hərəkatına işarə olduğu düşünülür. Klover (orta təbəqə) Bokserə daim rəğbətlə yanaşsa da, əlindən heç bir iş gəlmir. Rahat həyat, bəzək-düzək aşiqi olan və tezliklə Heyvanıstandakı ağır şəraitə dözməyərək qaçan Molli inqilabı qəbul etməyən və mühacirətin əzab-əziyyətlərini yadlaşmış vətəndə qalmaqdan üstün tutan rus aristokratiyasının rəmzi obrazıdır.
Hər şeyi kifayət qədər yaxşı bilən, lakin heç nəyə qarışmamağa çalışan uzunqulaq Bencamin isə, araşdırıcıların fikrincə, yəhudilərə işarədir. Napoleonun və digər donuzların yalançı və riyakar olduğunu bildikləri halda toxunmadıqları, şirin nağılları ilə heyvanların başını qatmağa imkan verdikləri əl qarğası Moses ortodoks rus kilsəsinin təcəssümüdür. Kohnə sahib Consla Napoleonun Mosesə münasibətlərinin yaxınlığı isə kilsənin istənilən hakimiyyətlə asanlıqla dil tapmasının göstəricisidir.

Ağ keçi Müriel ziyalıların, toyuqlar qolçomaqların (onların öz yumurtalarını vermək istəməmələri kollektivləşməyə qarşı mübarizəyə işarədir), daim Napoleonun yanında olan köpəklər gizli xidmət və cəza orqanlarının, pişik qanuni oğruların, qoyunlar geniş xalq kütlələrinin, göyərçinlər sovet təbliğatının rəmzləridir. Adı qalsa da, məzmunu donuzların iradəsinə uyğun şəkildə mütəmadi dəyişdirilən Yeddi Prinsip isə hər dəfə siyasi elitanın tələblərinə uyğunlaşdırılan sovet konstitusiyasının təcəssümüdür.

Romanda "Heyvanıstan"la SSRI-ni eyniləşdirməyə əsas verən digər çoxsaylı simvollar da mövcuddur. Məsələn, qoca Mayorun ölümündən sonra kəllə sümüyünün meydanda ağacdan asılması və heyvanların onun qarşısından keçməsi Lenin mavzoleyinə və Qırmızı meydandakı hərbi paradlara, Heyvanıstan buynuz-dırnaqlı bayrağı SSRI-nin oraq-çəkicli bayrağına, Snoubollun təklifi ilə dəyirman tikilməsi QOELRO ideyasına, ilk beşilliklərə və SSRI-nin sənayeləşdirilməsi planına, analogiyalar çoxdur və SSRI-nin siyasi tarixi ilə ümumi tanışlığı olan hər bir oxucu onları asanlıqla tapıb müəyyənləşdirə bilər.
Corc Oruellin "Heyvanıstan" və "1984" romanları SSRI-də və sosializm düşərgəsi ölkələrində rəsmi şəkildə qadağan idi. Məsələn, Qərblə nisbətən daha açıq əlaqələrin movcudluğuna baxmayaraq, "Heyvanıstan"ın polyak dilində ilk nəşri yalnız 1988-ci ildə işıq üzü görmüşdü. Əsərin rus dilinə tərcüməsini və çapını isə, yalnız Sovet Ittifaqının tarix səhnəsindən silinməsindən sonra gerçəkləşdirmək mümkün olmuşdur.
Orta əsrlər Avropasında utopik romanlar dəbdə idi. Gələcək cəmiyyətin son dərəcə parlaq, cəlbedici, lakin xəyali görüntülərini yaradan Tomas Moru ("Utopiya") və Tomazo Kampanellanı ("Günəş şəhəri") xatırlamaq kifayətdir. Sərt feodalizm qanunlarının, cəhalətin, inkivizisiya və kilsə ağalığının hökm sürdüyü qaranlıq orta əsrlərdə insanlar birlik, bərabəlik və qardaşlıq prinsiplərinə əsaslanan cəmiyyətin, "zəka səltənətinin" qurulması arzusu ilə yaşayır və xəyallarında cızdıqları ideal gələcəyin nə zamansa həqiqətə çevriləcəyinə inanırdılar. Əsrlər ərzində utopik sosializmdən elmi kommunizmə qədər yeni cəmiyyət quruculuğu, yeni insani münasibətlərlə bağlı böyük bir yol keçilmişdi. Lakin təəssüf ki, mahiyyət etibarı ilə nəcib və humanist olan ideya XX yüzilliyin başlan¬ğıcında nəciblikləri ilə seçilməyən siyasi avantüristlər tərəfindən həmin ideyanı qəbul etmək və gerçəkləşdirmək baxımından ən az hazırlıqlı olan bir olkədə - çar Rusiyasında "həyata keçirildi".

Nəticəsi nə oldu? Utopiya antiutopiyaya çevrildi. Inqilab öz balalarını yedi. Nəcib ideyalar bayağılaşdı. Ümumi bərabərlik əksəriyyətin lap az, kiçik bir qismin isə daha çox bərabər olması prinsipi ilə əvəzləndi. Böyük həmvətəni Tomas Mordan dörd yüz il sonra Corc Oruell özünün "Heyvanıstan" və "1984" romanları ilə utopiyanın antiutopiyaya çevrilməsinin parlaq nümunəsini yaratdı. Xəbərdarlıq mahiyyəti daşıyan bu kitablar rəmzlər, simvollar, ümumiləşdirmələr vasitəsi ilə min illər boyu bəşəriyyətin başlıca iztirab mənbələrindən biri olan totalitar təfəkkürün və onun ən acı bəhrələrindən sayılan stalinizmin (eləcə də digər izmlərin) mahiyyətini hər hansı elmi araşdırmadan daha dəqiq və yaddaqalan şəkildə dünyaya və insanlara göstərdi.