ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Əziz ədəbiyyatsevərlər!
Nobel mükafatın layiq görülmüş tanınmış türk yazıçısı Orxan Pamukun İsveçin paytaxtı Stokholmda Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışının sizin üçün maraqlı ola biləcəyini nəzərə Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırdım. Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsinin bir-birinə olduqca yaxın olduğunu, eyni zamanda Orxan Pamukun fərdi üslubunu nəzərə alaraq çıxışın orijinallığına xələl gətirməməyə səy göstərməklə, onu Azərbaycan oxucusunun oxuyub tam başa düşə biləcəyəi şəklə salmağa çalışdım.
Hazırlayanı və azəricə işləyəni: Nadir Qocabəyli
Orxan Pamukun Nobel mukafatının təqdimetmə mərasimindəki çıxışı
1 dekabr 2006-cı il
ATAMIN ÇANTASI
Ölümündən iki il öncə atam öz yazıları, əlyazmaları və dəftərləriylə dolu kiçik bir çanta verdi mənə. Həmişəki kimi zarafat və lağlağı havasına girərək ondan sonra, yəni ölümündən sonra onları oxumamı istədiyini söylədi.
«Baxarsan», dedi xəfifcə utanaraq, «Bəlkə içərisində işə yarayan bir şey var, məndən sonra seçib nəşr etdirərsən».
Mənim yazı otağımda, kitabların arasındaydıq. Atam ona əzab verən çox özəl bir yükdən qurtulmaq istəyən biri kimi çantasını haraya qoyacağını bilmədən yazı otağımda o tərəf-bu tərəfə baxaraq var-gəl etdi. Sonra əlindəki şeyi ehtiyatla diqqət çəkməyən bir küncə qoydu. İkimizi də utandıran bu unudulmaz an bitər-bitməz ikimiz də həmişəki rollarımıza, həyatı daha yüngül qəbul edən zarafatcıl və lağlağıçı qılaflarımıza qayıdaraq rahatladıq. Həmişəki kimi havadan, sudan, həyatdan, Türkiyənin bitib-tükənməyən siyasi dərdlərindən və atamın çox zaman uğursuzluqla nəticələnən işlərindən, çox da kədərlənmədən söhbət etdik.
Atam getdikdən sonra bir neçə gün çantaya toxunmadan onun ətrafında vurnuxduğumu yaxşı xatırlayıram. Balaca, qara rəngli dəri çantanı, onun cəftəsini, maili kənarlarını ta cocuqluğumdan tanıyırdım. Atam qısamüddətli səfərlərə çıxarkən və bəzən də evdən iş yerinə nəsə aparanda ondan istifadə edirdi. Uşaqkən bu kiçik çantanı açıb səfərdən qayıdan atamın əşyalarını qarışdırdığımı, içindən çıxan odekolon və yad ölkə qoxusundan xoşlandığımı xatırlayıram. Bu çanta mənim üçün keçmişdən və uşaqlıq xatirələrimdən çox şeylər daşıyan tanış və cəlbedici bir əşya idi, amma indi ona toxunmağa belə cürət etmirdim. Niyə? Əlbəttə ki, çantanın içərisindəki gizli yükün əsrarəngiz ağırılığı üzündən.
İndi bu ağırlığın anlamından söz edəcəyəm. Bir hücrəyə çəkilib, bir masanın arxasında oturub, bir küncə çəkilib kağız və qələmlə özünü ifadə edən insanın gördüyü işin, yəni ədəbiyyatın anlamı deməkdir bu.
Atamın çantasına toxunub onu açmağa qərar verə bilmirdim, amma içindəki dəftərlərin bəzilərindən xəbərim vardı. Atamı bəzi adamlara nəsə yazarkən görmüşdüm. Çantanın içindəki yük ilk dəfə duyduğum bir şey değildi. Atamın böyük bir kitabxanası vardı, gənclik illərində, 1940-cı illərin sonunda İstanbulda şair olmaq istəmiş, «Valeriya»nı Türkcəyə çevirmiş, ancaq oxucusu az, yoxsul bir ölkədə şeir yazıb ədəbi həyatın zorluqlarını yaşamaq istəməmişdi. Atamın atası, yəni babam zəngin bir iş adamıydı, atamın uşaqlığı və gəncliyi firavan keçmişdi, ona görə də ədəbiyyat naminə, yazı-pozu naminə özünü çətinliyə salmaq istəmirdi. Həyatı bütün gözəllikləriylə sevirdi, onu anlayırdım.
Məni atamın çantasının içindəkilərdən uzaq tutan birinci əndişə, təbii ki, oxuduqlarımı bəyənməmək qorxusuydu. Atam da bunu bildiyi üçün qabaqcadan tədbir görmüş, özünü elə aparmışdı ki, guya çantanın içindəkiləri ciddi qəbul etmir. İyirmi beş illik yazıçılıq həyatından sonra bunu görmək məni üzürdü. Amma ədəbiyyata yetərincə ciddi yanaşmadığına görə atama acığım belə tutmurdu... Əsas qorxum, bilmək, öyrənmək istəmədiyim əsas şey isə atamın yaxşı bir yazar olması ehtimalı idi. Atamın çantasını bundan qorxduğum üçün aça bilmirdim. Üstəlik bu səbəbi öz-özümə açıq şəkildə etiraf da edə bilmirdim. Çünki atamın çantasından gerçək, böyük bir ədəbiyyat çıxacağı təqdirdə onun içində bambaşqa bir adam olduğunu qəbul etmək lazım gələcəkdi. Bu, qorxunc bir şey idi. Çünki mən artıq yaşa dolsam belə, atamın yalnız atam olaraq qalmasını istəyirdim; yazar olmasını yox.
Mənə görə yazıçı olmaq insanın daxilində gizli şəkildə mövcud olan ikinci insanı və həmin insanı formalaşdıran aləmi illər uzunu səbrlə çalışaraq kəşf etməsidir. Yazı deyəndə hər şeydən öncə romanlar, şeirlər, ədəbiyyat ənənəsi deyil, bir hücrəyə çəkilib, masanın arxasına keçib, təkbaşına özünə qapılan və bunun sayəsində sözlərdən yeni bir aləm yaradan insan gəlir gözümün önünə. Bu adam yazı makinasından da istifadə edə bilər, kompüterin üstünlüklərindən də faydalana bilər, ya da mənim kimi otuz il sərasər diyircəkli qələmlə kağız üzərində əllə yaza bilər. Yazdıqca qəhvə, çay içə, siqaret çəkə bilər. Bəzən masanın arxasından qalxıb pəncərədən eşiyə, küçədə oynayan uşaqlara, qismətidirsə ağaclara və ya bir mənzərəyə, ya da qaranlıq bir divara baxa bilər. Şeir, pyes, ya da mənim kimi roman yaza bilər. Bütün bu fərqliliklər əsas fəaliyyətdən, masanın arxasına keçib səbrlə özünə qapılmaqdan sonra gəlir. Yazı yazmaq, bu özünə qapılmanı sözlərlə ifadə etmək, insanın öz içindən keçərək yeni bir aləmi səbrlə, inadla və həvəslə araşdırmasıdır. Mən boş səhifəyə yavaş-yavaş yeni sözlər yazaraq masamın ətrafında oturduqca, günlər, aylar, illər keçdikcə özümə yeni bir aləm qurduğumu, içimdəki başqa bir insanı eynilə körpü tikən, ya da daşları bir-birinin üzərinə qoymaqla günbəz ucaldan biri kimi meydana çıxardığımı hiss edirəm. Biz yazarların daşları sözlərdir. Onlara əlimizlə toxunaraq, bir-biriləriylə uyğunluqlarını hiss edərək, bəzən uzaqdan baxıb seyr edərək, bəzən barmaqlarımızla və qələmimizin ucuyla sanki onları oxşayaraq və çəkilərini yoxlayaraq yerləşdirə-yerləşdirə, illər uzunu inadkarcasına, səbrlə və ümidlə yeni dünyalar qururuq.
Mənə görə, yazıçılığın sirri haradan gəldiyi qətiyyən bəlli olmayan ilhamda deyil, inad və səbrdədir. Türkcədəki o gözəl ifadə - iynəylə quyu qazmaq mənə sanki yazarlar üçün söylənmiş kimi gəlir. Qədim nağıllarda məhəbbəti uğrunda dağları dələn Fərhadın səbrini sevir və anlayıram. «Mənim adım qırmızı» adlı romanımda illər boyu eyni atı ehtirasla çəkə-çəkə əzbərləyən, hətta gözəl bir atı gözüyumulu çəkə bilən qədim İran nəqqaşlarından söhbət açarkən yazıçılıq peşəsindən, öz həyatımdan bəhs etdiyimi də bilirdim. Öz həyatını başqalarının başına gələnlər kimi yavaş-yavaş söyləyə bilmək, bu gücü daxilində hiss edə bilmək üçün, mənə elə gəlir ki, yazıçı ömrünü masa arxasında səbrlə bu sənətə və bu işə həsr etməli, nikbin olmalıdır. Kiminə heç gəlməyən, kiminə də tez-tez baş çəkən ilham pərisi bu rahatlığı və nikbinliyi sevir və yazıçının özünü lap yalnız hiss etdiyi, səylərindən, xəyallarından və yazdıqlarından ən çox şübhələndiyi anda, yəni macərasının yalnız öz hekayəsi olduğunu sandığı zamanda, sanki ona içindən çıxdığı dünya ilə qurmaq istədiyi aləmi birləşdirən hekayələri, rəsmləri, xəyalları vəhy edir. Bütün həyatımı həsr etdiyim yazıçılıq işində məni həddindən artıq xoşbəxt edən və mənim üçün ən təsirli duyğu cümlələri, xəyalları, səhifələri özümün deyil, başqa bir qüvvənin tapıb səxavətlə mənə gətirməsini zənn etməyim olmuşdur.
Atamın çantasını açıb dəftərlərini oxumaqdan qorxurdum, çünki mənim girdiyim sıxıntılara onun əsla girməyəcəyini, tənhalığı deyil, dostları, qələbəlikləri, salonları, zarafatları, camaatla qaynayıb-qarışmağı sevdiyini bilirdim. Amma sonra başqa bir fikir yürüdürdüm: bu düşüncələr, cəfakeşlik və səbr xəyalları mənim öz həyat və yazıçılıq təcrübəmdən qazandığım mühakimələrim də ola bilərdi. Qələbəliyin, ailə həyatının, camaatın parıltısı içində və xoşbəxt qəhqəhələr arasında yazmış xeyli parlaq yazar da vardı. Üstəlik, atam biz uşaq olarkən ailə həyatının yeknəsəqliyindən bezərək bizi atmış, Parisə getmiş, bir çox başqa yazarlar kimi otel otaqlarında dəftərlər yazıb-doldurmuşdu. Çantanın içərisində o dəftərlərdən bir qisminin olduğunu da bilirdim, çünki çantanı gətirməzdən öncə atam artıq həyatının o dövrü barədə mənə danışmağa başlamışdı. Mən uşaq olarkən də o illərdən söz salardı, amma öz dəymədüşərliyindən, şair-yazıçı olmaq istəyindən, otel otaqlarında kimliyi ilə bağlı keçirdiyi sıxıntılardan danışmazdı. Parisin küçələrində tez-tez Sartre'ı gördüyünü deyir, oxuduğu kitablar və baxdığı filmlər haqqında çox mühüm xəbər verirmiş kimi həyəcanla, ürəkdən danışardı. Yazıçı olmağımda paşalardan və din xadimlərindən çox evdə dünya yazarlarından danışan atamın rolunun olduğunu, əlbəttə, heç vaxt unutmazdım. Bəlkə də bunu düşünərək, böyük kitabxanasına nə qədər borclu olduğumu xatırlayaraq atamın dəftərlərini oxumalıydım. Bizimlə birlikdə yaşayarkən atamın eynilə mənim kimi otaqda təkbaşına qalıb kitablarla, düşüncələrlə əlləşib-vuruşmasına yazılarının ədəbi xüsussiyyətinə çox önəm vermədən dikkət etməliydim.
Ancaq atamın çantasına narahat-narahat baxarkən məhz bunu edə bilməyəcəyimi hiss edirdim. Atam bəzən kitabxanasının önündəki divana uzanır, əlindəki kitabı, ya da jurnalı bir kənara ataraq dərin düşüncələrə və xəyallara dalardı. Üzündə zarafatlaşmalar, ilişmələr və kiçik dava-dalaşlarla müşayiət olunan ailə həyatı zamanı gördüyümdən fərqli, bambaşqa bir ifadə, gözlərində iç dünyasına tuşlanmış bir baxış vardı. Hələ uşaq və yeniyetmə yaşlarımda atamın narahatlıqlarını görür, rahatsız olurdum. İndi aradan uzun illər keçəndən sonra bu narahatlığın insanı yazıçı edən əsas səbəblərdən biri olduğunu bilirəm. Yazıçı olmaq üçün səbr və əzab-əziyyətdən öncə içimizdə səs-küydən, camaatdan, gündəlik həyatın yeknəsəqliyindən, hamının yaşadığı şeylərdən qaçıb bir hücrəyə çəkilmə yanğısı olmalıdır. Səbr və ümidi yazımızla özümüzə dərin bir dünya qurmaq üçün istəyirik. Amma bir otağa, kitablarla dolu bir hücrəyə çəkilmə arzusu bizi hərəkətə gətirən ilk amildir. Bu kitabları kefi istədiyi qədər oxuyan, yalnız öz vicdanının səsinə qulaq asaraq başqalarının sözləriylə mübahisə edən və kitablarla danışa-danışa öz düşüncələrini və öz aləmini yaradan azad, müstəqil yazıçılar üçün ən böyük örnək, əlbəttə, modernist ədəbiyyatın əsasını qoyan Montaigne-dir. Montaigne atamın da dönə-dönə oxuduğu, mənə də oxumağı tövsiyə etdiyi bir yazardır. Dünyanın harasında olursa-olsun, istər Şərqdə, istərsə də Qərbdə özümü insanlardan uzaqlaşaraq özlərini kitablarla birlikdə tənha bir hücrəyə çəkilən yazıçılar nəslinin bir hissəsi kimi görmək istəyirəm. Mənim üçün həqiqi ədəbiyyatın başlandığı yer kitablarla birlikdə tənha bir hücrəyə çəkilən adamdır.
Amma çəkildiyimiz hücrədə o qədər də tənha deyilik. Bizə öncə başqalarının sözü, başqalarının hekayələri, başqalarının kitabları, yəni ənənə dediyimiz şey yoldaşlıq edir. Ədəbiyyatın insan oğlunun yaratdığı ən qiymətli xəzinə olduğuna inanıram. İnsan cəmiyyətləri, qəbilələri, millətlər öz ədəbiyyatlarına nə qədr əhəmiyyət verirlərsə, yazarlarına qulaq asırlarsa, bir o qədər zəkalı olur, zənginləşir və yüksəlirlər. Hamımızın bildiyi kimi, kitabları yandırmaq, yazarları alçaltmaq millətlərin qaranlıq və ağılsız dövrlərindən xəbər verir. Amma ədəbiyyat heç bir zaman milli mövzu ola bilməz. Kitablarıyla bir hücrəyə çəkilən və öz daxilinə səyahət edən yazar zaman keçdikcə orada əsl ədəbiyyatın dəyişməz qanunlarını da kəşf edəcək. Öz macəralarımızdan başqalarının macəraları kimi və başqalarının macəralarından öz macəralarımız kimi bəhs etmə hünəridir ədəbiyyat. Bunu bacarmaq üçün başqalarının hekayələrinə və kitablarına istinad edirik.
Atamın hər bir yazıçıya artıqlamasıya bəs edən min beş yüz kitabdan ibarət yaxşı kitabxanası vardı. İyirmi yaşımda ikən bu kitabxanadakı kitabların hamısını bəlkə də oxumamışdım, amma bütün kitabları tanıyır, hansının mühüm, hansının yüngül, amma oxunaqlı, hansının klassik, hansının dünyanın əvəzsiz bir parçası, hansının yerli tarixin unudulacaq, amma əyləncələi bir şahidi, hansının da atamın çox sevdiyi bir fransız yazarının kitabı olduğunu bilirdim. Bəzən bu kitabxanaya uzaqdan baxır, vaxt gələcək mənim də ayrı bir evdə belə bir kitabxanamın, hətta bundan daha yaxşısının olacağını, kitablardan özümə bir dünya quracağımı xəyal edərdim. Uzaqdan baxanda atamın kitabxanası mənə dünyanın kiçik rəsmi kimi görünürdü. Ancaq bu bizim yuvamızdan, İstanbuldan baxdığımız bir dünyaydı. Kitabxana da bunu göstərirdi. Atam bu kitabxananı xarici səfərlərdən, xüsusilə də Parisdən, Amerikadan aldığı kitablarla, gəncliyində - 1940-cı və 50-ci illərdə İstanbulda xarici dildə kitab satan dükanlardan aldıqlarıyla və hər birini mənim də tanıdığım İstanbulun köhnə və yeni kitabçılarından əldə etdikləriylə yaratmışdı. Yerli, milli bir dünya ilə Qərb dünyasının qarışığından ibarətdir mənim dünyam. 1970-ci illərdən başlayaraq mən də iddialı şəkildə özümə kitabxana yaratmağa başladım. Hələ yazıçı olmağa tam qərar verməmişdim, «İstanbul» adlı kitabımda bəhs etdiyim kimi, artıq rəssam olmayacağımı sezmişdim, ancaq hansı yolla gedəcəyimi dəqiqləşdirməmişdim. Bir yandan içimdə hər şeyə qarşı qarşısıalınmaz bir maraq və həddindən artıq oxuyub-öyrənmək ehtirası vardı; o biri yandan da həyatımın müəyyən mənada «əksik» bir həyat olacağını, başqaları kimi yaşamayacağımı hiss edirdim. Bu duyğunun bir qismi eynilə atamın kitabxanasına baxarkən hiss etdiyim kimi, mərkəzdən uzaq olma fikriylə, o illərdə əyalətdə yaşamağımızla bağlıydı. Başqa bir əksik məqamsa, təbii ki, istər rəssamlıq olsun, istərsə də ədəbiyyat, sənətkara qayğı göstərməyən və ümid verməyən bir ölkədə yaşadığımı artıqlamasıyla dərk etməyim idi. 1970-ci illlərdə sanki həyatımdakı bu əksikliklərin yerini doldurmaq üçün ifrat bir ehtirasla İstanbulun köhnə kitabçılarından atamın verdiyi pulla solmuş, oxunmuş, tozlu kitablar alarkən bu kağız dükanlarının, yol kənarlarında, məscid həyətlərində, uçuq-sökük divarların dibində özünə yer etmiş kitabçıların yoxsul, dağınıq və çox zaman insana ümidsizlik verən pərişan halları mənə oxuyacağım kitablar qədər təsir edərdi.
Dünyadakı yerimlə bağlı həyatda olduğu kimi, ədəbiyyatda da o zamanlar məni qayğılandıran əsas fikir «mərkəzdə olmamaq» duyğusuydu. Dünyanın mərkəzində bizim yaşadığımızdan daha zəngin və cazibədar bir həyat vardı və mən bütün İstanbullular və bütün Türkiyə ilə birlikdə bundan kənardaydım. Bu gün bu duyğunun dünyanın böyük əksəriyyətinin duyğusu olduğunu düşünürəm. Eyni şəkildə mərkəzi məndən çox uzaqlarda olan bir dünya ədəbiyyatı da vardı. Əslində haqqında düşündüyüm dünya ədəbiyyatı deyil, Qərb ədəbiyyatıydı və biz türklər bundan da kənardaydıq. Bir yanda bizim bir çox yönlərini sevdiyim, sevməkdən doymadığım yerli dünyamız, İstanbulun kitabları və ədəbiyyatı vardı, bir də ona heç bənzəməyən, bənzəməməsi bizə həm əzab, həm də ümid verən Qərb dünyasının kitabları. Yazmaq və oxumaq sanki bir dünyadan çıxıb başqa bir dünyanın fərqliliyi, qəribəliyi və əsrarəngizliyi ilə təsəlli tapmaq idi. Bəzən atamın da eynilə mənim sonralar etdiyim kimi, yaşadığı həyatdan bezərək Qərbə qaçmaq üçün roman oxuduğunu hiss edirdim. Ya da o zamanlar kitablar mənə bir növ mədəni natamamlıq duyğusunu özümdən uzaqlaşdırmaq üçün müraciət etdiyim şeylər kimi kimi gəlirdi. Yalnız oxumaq deyil, yazmaq da İstanbuldakı həyatımızdan Qərbə gedib-gəlmək kimi bir şey idi. Atam çantasındakı dəftərlərin çoxunu doldura bilmək üçün Parisə getmiş, orada otel hücrələrinə çəkilmiş, sonra isə yazdıqlarını Türkiyəyə gətirmişdi. Atamın çantasına baxarkən bunun da məni rahatsız etdiyini hiss edirdim. Atamın çantasına baxarkən Türkiyədə iyirmi beş il yazar olaraq ayaq üstə qala bilmək üçün bir hücrəyə çəkildikdən sonra yazıçılığın, daxilimizdən gəldiyi kimi yazmağın, cəmiyyətdən, dövlətdən, millətdən gizlicə görülməsi zəruri olan bir iş olmasına artıq üsyan edirdim. Bəlkə də ən çox buna görə, yazıçılığı mənim qədər ciddi bir iş saymadığına görə ona acığım tuturdu.
E-mənbə / link: http://www.mia.az/news/1941.html