Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Azərbaycanın - Qəbələnin bətnindəki Amazon Dünyası

Müəllif:

Nuridə Atəşi


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

"Əgər sən bu tarixi, bu coğrafiyanı və bu arxeoloji faktları dünyaya sübut edə bilsən, bu, tarixi dəyişmək, həm də yalnız AZƏRBAYCAN, QAFQAZ TARİXİNƏ DEYİL, BÜTÜN DÜNYA TARİXİNƏ, MƏDƏNİYYƏTİNƏ TƏSİR ETMƏK OLAR".


Baxış sayı: 693
    
    


Qəbələnin bətnindəki Amazon Dünyası

DOĞMA TORPAQLAR ALTINDA GİZLİ QALAN BU QƏDİM VƏ ƏSRARƏNGİZ DÜNYA ONU İŞIQLI ALƏMƏ ÇIXARMAĞIMIZI GÖZLƏYİR

 

 Qəbələ dünya tarixinin silinməz bir parçası, şərqin ən son nöqtəsində xristianlığın beşiklərindən biri, Qafqaz Albaniyasının ilkin vətəni və tarixi cəngavər qadınlar olan amazonların doğma torpağıdır. Bəlkə də mən bu dağların qızı olmasaydım, Azərbaycanın ilk arxeoloqlarından biri Saleh Qazıyevin həmyerlisi olub onu tanımasaydım və 17 yaşıma qədər at belində bu dağları, meşələri, qayalıqları gecə gündüz dolaşmasaydım, indi bu dağların, dərələrin və aşırımların sirlərini belə rahatca çözə və aça bilməzdim. 13 ildən artıq səssizcə məşğul olduğum Qafqaz amazonlarına aid tədqiqatımda amerikan və avropalı tədqiqatçılar məni nə qədər çaşdırmağa, azdırmağa çalışsalar da, amazonları gah yunan, gah monqol qadınlarına bağlasalar da, ya da "amazonlar tarix deyil, sadəcə bir mifologiyadır" deyib dursalar da, antik yazarların - yunan, roma mənbələri, Çin kitabələrinin ilkin mənbələri və öz ölkəmdə son illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində tapılmış yeni kəşflər və daxili bir inam məni öz Qafqazıma, öz vətənimə çəkirdi. Ən sonda gəldiyim nəticələri, etdiyim kəşfləri avropalı alimlərə danışdığım zaman mənim arxeoloq və tarixçi olmadan belə nəticələr əldə edə bilməmə şübhə ilə yanaşsalar da, faktlarımın qarşısında dura bilməyərək heyrətlə bir az da qısqanclıqla əlavə etmişdilər: "Əgər sən bu tarixi, bu coğrafiyanı və bu arxeoloji faktları dünyaya sübut edə bilsən, bu, tarixi dəyişmək, həm də yalnız AZƏRBAYCAN, QAFQAZ TARİXİNƏ DEYİL, BÜTÜN DÜNYA TARİXİNƏ, MƏDƏNİYYƏTİNƏ TƏSİR ETMƏK OLAR". Avropalılarda qəribə bir özündən razılıq var. Onlara elə gəlir ki, Şərqin bütün yeni kəşflərini özləri ixtira ediblər və yalnız onlar bunu edə bilərlər. 13 il bu tədqiqatımı üzə çıxarmamağımın, gizli saxlamağımın səbəbi buydu ki, ilk öncə gördüyüm işə özüm inanmalı, tədqiqatın Azərbaycan üçün, eləcə də dünya tarixi və mədəniyyəti üçün əhəmiyyətini özüm dərk etməli və bu proyekti dünya səviyyəsinə çıxara biləcək biliyə, təcrübəyə və əzmə malik olduğuma əmin olmalı idim. Tədqiqatımda açdığım yeni səhifə, etdiyim kəşflər nəinki avropalıları, hətta özümüzün ən dəyərli alimlərimizi, tarixçilərimizi, arxeoloqlarımızı, albanşünaslarımızı heyrətləndirmiş, təəccübləndirmiş, əməlli-başlı silkələmişdi. Vətənimizin ilk yazılı nümunəsi - Moisey Kalankaytuklunun "Alban tarixi" kitabında Azərbaycanın qədim adlarını çəkərkən Atropatena, Albaniya ilə yanaşı, Amazoniya da deməsinə indiyə qədər heç kimsə diqqət yetirməmiş, Azərbaycanda tapılan qadın dəbilqəsinə, ox-yaylara, Qobustanın "Ana Zağa" və "7 gözəl" mağaralarının amazon mağarası ola biləcəyinə, dünyada öküzün ilk Qobustan qadınlarının əhliləşdirməsinə və hətta Azərbaycanın tarix muzeyində qorunan ikitəkərli arabanın Herodotun və Strabonun söylədiyi üstübağlı əsl amazon arabası ola biləcəyinə heç bir tarixçi əhəmiyət verməmiş, yəqin bu onların ağlına belə gəlməmişdi.

   Özümdə yetəri qədər bilik və təcrübə hiss etdiyim və həmçinin Qafqaza olan beynəlxalq marağın artdığı zamanda bu proyekti dünya ictimaiyyətinə təqdim etməyin vaxtının yetişmiş olduğunu hiss edərək, vətənimə gəlib, inanıb, etibar etdiyim tarixçilərə, arxeoloqlara, alimlərlə yeni kəşflərimi və konsepsiyamı anlatdığım zaman hamısı: - Nuridə, bu, elmdə, tarixdə bir inqilab ola bilər, sən ilk öncə bir mətbuat konfransı keçirib, bütün bu yenilikləri elmə, mətbuata və ictimaiyyətə açıqlamalısan - dedilər.

   Çox sevindirici hal oldu ki, Azərbaycan Milli Elmlər Akademiyasında rəhbərlik səviyyəsində bu tədqiqatın elm və mədəniyyət üçün əhəmiyyətini anladılar, mənə konfransın hazırlanması və keçirilməsində ən yüksək səviyyədə böyük dəstək oldular (Bu, şəxsən MEA-nın prezidenti Mahmud Kərimovun mənə çox böyük bir etimadı idi). Almaniya Bundestaqından, Xarici İşlər Nazirliyindən proyektə dəstək verən rəsmilər, eyni zamanda öz Milli Məclisimizin üzvləri, bir çox sanballı tarixçilər, arxeoloqlar, sənətşünas alimlər, ictimaiyyətin görkəmli təmsilçiləri (yay istirahəti zamanı olduğundan hələ çoxlarını şəhərdə tapa bilmədim) və aparıcı mətbuatın rəhbərlərinin bilavasitə konfransa şəxsən qatılmaları proyektin əhəmiyyətini daha da ciddiləşdirdi. Çox hörmət etdiyim, əsl və dəyərli elm xadimlərinin, təcrübəli tarixçi və arxeoloqların qarşısına cəsarətlə çıxaraq, uzun illər apardığım tədqiqatların nəticələrini açıqladım.

   Mənim yeniliklərim və sübut etmək istədiyim əsas məqamlar bunlar idi:

   -Azərbaycan Qafqaz amazonlarının əsl vətəni, bugünkü Azərbaycan qadınları amazonların birbaşa varisləridir.

   - Qobustanın "Ana Zağa" və "7 gözəl" mağaraları Amazon mağaraları olub. (Sübut - mağaralardakı arxeoloji qazıntılar və qaya rəsmləri).

   -Öküzü dünyada ilk dəfə Qobustan qadınları əhliləşdirib (Sübut - qayada başına ip salınmış öküz təsviri, e.ə. 6 minillik. və qayalarda açılmış, ip bağlamaq üçün dəliklər).

   - Olimpiadanın beşiyi Yunanıstan deyil, Qobustandır (Sübut - qayaüstü təsvirlər: Yallı, Qavaldaş və s.).

   Novruz bayramı Amazonların bizə birbaşa mirasıdır. (Sübut - amazonların hər yay Keravn dağından (bugünkü Qərvənd) enərək qonşu Qarqar qəbiləsinin kişiləriylə nəsil artırmaq üçün görüşmələri, Qarqar düzündə (Mil düzü) tonqal qalamaları, buğda bişirmələri, səməni cücərtmələri).

   Qax, Şəki, Mingəçevir, İsmayıllı, Qəbələ, Oğuz - amazonların yaşadıqları doğma torpaqlar olub. (Sübut - arxeoloji qazıntılar əsasında bu ərazilərdən çıxarılmış dəbilqə, ikitərəfli balta (təbərzin), ox, yay, qadın silahları və massiv bəzək əşyaları. Bu ikitərəfli balta Ermənistanda tapılsa da (elə Ermənistan da bizim olmayıbmı), onun düzəldildiyi qəlib məhz Şəmkirdə aşkarlanıb.

   Tapıntılarımı antik yazarların qeyd etdiyi tarixi faktlarla göstərib, bu faktların əyani sübutunun dünyanın heç bir ölkəsində deyil, məhz Azərbaycanda olduğunu açıqladığım zaman bütün konfrans iştirakçıları, dəyərli alimlərimiz, Avropanın qısqanc alimlərindən fərqli olaraq, hamısı qürurla və iftixarla, eyni zamanda böyük bir inamla mənə dəstək verdilər. Dəyərli albanşünas alim Fəridə Məmmədova Alban salnaməçisi Moisey Kalankaytuklunun "Albaniya tarixi" kitabının birinci fəslində Azərbaycanın qədim adlarını çəkərkən, Albaniya, Atropatena ilə bərabər Amazoniya olduğunu yazması faktının hətta onun da diqqətindən qaçdığını etiraf etdi. O bunun çox böyük tarixi bir fakt kimi qəbul edilməli olması və bu tədqiqatın Azərbaycan tarixində işlənilməmiş bir mövzu, yeni bir səhifə açacağına inanması və bu tədqiqatdan daha çox yeniliklər gözləməsi barədə inamlı fikirlər söylədi. Həmçinin fəxrlə 2 il bundan qabaq mənə "Qobustana get, sən amazonları orada tapacaqsan" deyə yol göstərdiyini də fəxrlə qeyd etdi. 50 ildən artıq Qobustanda tədqiqat aparan arxeoloq Firuzə Muradova da bu yeniliklərin onu son dərəcə inandırdığı və sevindirdiyini, öz onilliklərin təcrübəsi ilə bu əhəmiyyətli tədqiqata hər cürə dəstək verməyə hazır olduğunu bəyan etdi.

   Proyektə dəstək verən Bundestaq üzvü Eduard Lintner və Almaniya Xarici İşlər Nazirliyinin son 3 ildə Qafqaz üzrə şöbə müdiri olan cənab Volfqanq Dikin bu layihənin Almaniya-Azərbaycan münasibətlərində əhəmiyyətli yer tutmasını, Qafqaza olan beynəlxalq marağı daha da artıracağını, lakin avropalı alimlərin bəzi şübhələri olduqlarını da göz önündə tutmamızı bildirdilər.

   Millət vəkilləri Sabir Rüstəmxanlı və Nizami Cəfərov da ətraflı çıxış etdilər. N.Cəfərov proyekti dəstəkləmək lazım olduğunu, amma bu məsələni daha çox Azərbaycanın mənəvi irsi kimi işləməyin mümkünlüyünü, çox elmiliyə getməyin mümkün olmayacağını söyləyəndə etiraz əlaməti olaraq söz istədiyimdə konfransı aparan Akademiyanın 1-ci vitse-prezidenti akademik Arif Həşimov ehtiyatla "Siz Nizami Cəfərova etiraz edə bilərsiniz?" deyəndə, "Niyə edə bilmərəm ki" deyib mikrofonu açdım və antik yazarların əsərlərində, mifologiyada, ədəbiyyatda və tarix kitablarında söylənənlərin hamısının əyani, elmi və arxeoloji sübutunun dünyanın heç bir yerində deyil, məhz Azərbaycanda olduğunu bir-bir faktlarla açıqladım. Bu zaman professor N.Cəfərov mənimlə tam razılaşdığını qeyd etdi. O məndən bu etirazım üçün nəinki incidi, hətta sabahısı "Şərq" qəzetinə böyük bir müsahibə verərək, bu proyektin Azərbaycan və eləcə də bütün dünya üçün son dərəcə beynəlxalq əhəmiyyəti olduğuna görə hamı tərəfindən ən yüksək səviyyədə dəstəklənməli olduğunu söylədi. İki gün sonra isə məni Atatürk Mərkəzinə dəvət edərək, bu tədqiqatımı tarix üzrə doktorluq işim kimi müdafiə etməyimi, bu əhəmiyyətli işdə son dərəcə ciddi və möhkəm olmağımı məsləhət gördü, eyni zamanda gələcək tədqiqatımda ehtiyacım olacaq bir çox dəyərli tövsiyələrini verdi. Ayrılanda isə zarafatla: - Səni indiyə qədər bilə-bilə sıxırdıq ki, bax, belə möhkəm olasan! - dedi. Mən də gülümsəyərək: - Hamınıza çox minnətdaram, amma əsl amazon olmasaydım, bu sıxılmalara çətin tab gətirə bilərdim - deyərək səmimi sağollaşdım.

   Medianın və ictimaiyyətin diqqətindən ruhlanaraq (hətta erməni və gürcü mətbuatı belə, bu tədbiri əhatəli işıqlandırmışdı), amazonların ulu torpaqlarına, vətənimizin Şimal bölgəsinə ilk "Ekspedisiya" təşkil etməyə qərar verdim.

   Bu cür tədqiqatlar dünyanın hər yerində xüsusi ayrılmış büdcə hesabına aparılır və böyük bir institutun, geniş kollektivin illərlə görülən gərgin işi, sanballı vəzifəsi olur. İndiyə qədər "Tənha savaşçı" olan canım! Yenə etibarlı, mənə inanan, güvənən dostlarımın şəxsi köməyinə ümid bağlayaraq ərklə onlara səsləndim. Biri maşın, sürücü ayırdı, biri Qax rayonunda Sarıbaşa səfəri öz boynuna götürdü, biri Qəbələdə istədiyim şəraiti yaratdı, fotoqraf dostum Mirnaib isə həmişəki sadiqliklə, təmənnasız məni müşayiət etməyə razılıq verdi...

   Azərbaycanın dünya şöhrətli yazarı Məhəmməd Əsəd bəy əsərlərinin birində Azərbaycanın şimalında bir kənd olduğunu, bu kənddə bu gün də əsl amazonların yaşadığını, bu kəndin qadınlarının sarı, qızılı saçlı, göy gözlü olduqları, bütün kişi işləri gördüyünü, at belində, tarlalarda olduğunu yazmışdı. Düz on il bu kəndi axtardıqdan sonra onun Qax rayonunun Sarıbaş kəndi olduğunu tapmışdım. Sarıbaşda gördüklərim, eşitdiklərim, kəşf etdiklərim ayrıca bir məqalənin deyil, tam bir doktorluq işinin mövzusudur. Bu haqda gələn məqaləmdə.

   Qaxdan keçib Şəkiyə, ordan da Qəbələyə giririk. Oğuzun tarixi, doğma Xaçmaz kəndimə burulan yola həsrətlə boylansam da, vaxtın darlığından girə bilməyib, Qəbələyə yol alırıq. Gecənin qaranlığında Nic kəndini keçərkən hər şənbə günü atamla atın tərkində bazarlığa gəldiyim Nic bütün uşaqlıq, ilk gənclik çağlarımı gözümün önünə gətirdi. Yeni salınmış istirahət mərkəzlərini, parkları, çoxmərtəbəli binaları, beşulduzlu otelləri görərkən Qəbələni, doğrudan da, tanımadım. Dostlarım "Qəbələni görüb tanımayacaqsan. Xariqələr yaradılıb" - demişdilər. Burada öz gözlərimlə şahidlik etdim ki, Qəbələnin altında Pompey, Qafqaz Albaniyası çarlarının kurqanları, Amazon mağaraları yatır, üstündə isə istirahət guşələri, çoxmərtəbəli evlər, beşulduzlu otellər tikilir. Birdən-birə Qafqazın qədim paytaxtında deyil, Avropanın və ya Almaniyanın adi bir şəhərinə girər kimi oldum. Maşın şəhərin bizi sehrləməyə, təəccübləndirməyə, sevindirməyə əmin görkəminin gözqamaşdırıcı çilçıraqlarını, üstümüzə qıcanmış kimi rəngbərəng sifətini, geniş asfalt küçələrini keçib qumlu, daş yollarla Soltan-Nuxa kənd yoluna burulanda gözlərimin önündə tarixin - toxunulmamış, hələ korlanmamış əzəmətli dağların, sıx meşələrin, qayalıqların ecazkar mənzərəsi açıldı. Qədim Qafqazımı, doğma Qəbələmi tanıdım...

   30 illik rəfiqəm və tələbə yoldaşım, qəbələli Nargilə elə o vaxtdan əsl amazon idi. Sarı saçlı, qırmızı yanaqlı, ataman (indi Qəbələdə amazonlara "At Balaxanım, Erkək Fatma, Ataşpara" deyirlər) Nargiləylə institutda bir oxuyurduq. Əvvəl komsomol, sonra partiya təşkilat katibiydi, bir çox ictimai işlərin başında gedirdi. Böyük təşkilatçılıq və nitq qabiliyyəti vardı. Yeməyə yalnız Qəbələnin pencər qovurmasını arzulasam da, masada olan min bir nemətin hamısından heç dadmamış, Nargilə mənim nəyə ac olduğumu bilərək, heç əməllicə dincəlməyə də qoymadan üzü sıx meşəliyə açılan iş otağına gətirib, böyük kitabxanasını göstərdi, heç bir yerdə tapmadığım, ehtiyacım olan tarixi kitablarını bir-bir rəflərdən çıxarıb qabağıma tökdü. Gecə yarıdan keçirdi. "Sən bilsən, nə boyda gərəkli və ehtiyacımız olan bir işə girişmisən" - deyən nargilə Qəbələ Şəhər Mədəniyyət Evində şöbə müdiri işləyir. O həmin günlərdə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalından danışır, Qəbələnin inkişafından, oraya göstərilən diqqət və qayğıdan dil boğaza qoymadan danışır, şəhərin bütün inkişaf yolunun tarixini mənə izah edərək, hamının ünvanına təşəkkürlər göndərirdi. Ona diqqətlə qulaq asıb dedim: "Nargiləcan, bütün bunlar hamısı çox gözəldir, sevindiricidir, amma indi dünya yenidən şəkillənir axı. Hamı öz qədim mədəniyyətini axtarır, tarixinə, kökünə qayıdır. Arayır, tarixin sirlərini tapıb, ortaya çıxarır, ölkəsini dünyaya olduğu kimi tanıtmağa çalışır. Başqa millətlər tarixi saxtalaşdırır, bilə-bilə özgənin tarix və mədəniyyətinə sahib çıxır. Biz isə bəzən olanımızı da unuduruq. Qafqazın vaxtiylə paytaxtı olmuş bu Qəbələnin minilliklərlə ölçülən tarixini yerin altından çıxarmaq, burada beynəlxalq musiqi festivalı ilə bərabər, Qafqaz Albaniyasına həsr edilmiş beynəlxalq konfranslar, simpoziumlar, Qafqaz amazonlarına aid sərgilər də keçirməklə, yeni arxeoloji qazıntılar aparmaq, yüzlərlə yeni tarixi faktı ortaya qoymaq vacibdir. Biz bununla tariximizin açılmamış səhifələrini üzə çıxarar və Qəbələni dünyaya bu yolla da tanıda bilərik, əzizim! Qafqaz Albaniyasının alban dilində yazılmış əlyazmaları Sinay dağında tapılıb və Gürcüstanda saxlanır. Gürcüstanın Əlyazmalar İnstitutunda özüm bunu görmüşəm. Bizim mədəniyyətimiz, ədəbiyyatımız, şeirimiz ilk dəfə alban dilində yazılıb. Öz pul vahidimiz olub. Ermənilər alban əlifbasını sonra saxtalaşdıraraq onun əsasında erməni əlifbası yaradıblar, qədim alban kilsələrini məhv edərək qriqoryanlaşdırıblar. Qafqaz Albaniyası Qarabağın açarıdır, əzizim! Bütün Qafqazı tam min il idarə edən bu nəhəng imperatorluq sənin vətənində, sənin Qəbələndə yaranıb. Sənin hər gün üstündə gəzdiyin bu torpağın altında ata-babalarımız olan albanların açılmamış min bir sirləri yatır, bacım! Biz bununla dünyanı heyrətləndirə, lərzəyə gətirə, bütün kainatın diqqətini Qəbələyə cəlb edə bilərik!"

   Nargilə mənə diqqətlə qulaq asır, sözlərim ağlına batırdı. Səhəri gün, bazar günü olmasına rəğmən, Qəbələ Tarix Muzeyini mənim üçün açdırdı. Qafqaz Albaniyasının baş şəhəri olan Qəbələyə aid Muzey məni çox təəccübləndirdi və məyus etdi. Muzeyi başdan-başa dolaşsam da, Qəbələnin tarixinə aid, eradan 300-500 il qabağa gedən nə bir eksponat, nə bir tarixi sübut, nə bir iz tapa bildim. Evlərdən, kənd camaatından yığılmış, daha çox sovetlər dönəminin eksponatları idi tarixi Qəbələnin tarix muzeyində saxlanılanlar. Muzeyin direktoruna Qəbələnin "Tarixi yaşı nə qədərdir" deyə sorduğumda ondan "2500 il! Eradan qabaq 300-500 illik yaşı var" cavabını alaraq, təəccübümü gizlədə bilmədim: "Qafqaz Albaniyasının paytaxtı qədim Kabalaka belə cavan imiş yəni? Alban dövlətinin qurulmasından qabaq burada heç bir həyat yox imiş? İnsanlar buraya uçaraqmı, birdən-birəmi gəlib töküldülər? Necə olur, qonşuluğunuzdakı Mingəçevirin ən azı 5000 il yaşı olduğu halda, Qəbələ cəmi 2500 illlikdir? Qəbələdə eradan öncə 3000 il yaşı olan kurqanların varlığından sizin heçmi xəbəriniz yoxdur?" deyərək, Saleh Qaziyevin əlimdəki "Qədim Mingəçevir" kitabını ona göstərib, Mingəçevirdə tapılan, eradan əvvəl ən azı 3 min il yaşı olan amazonların savaş silahı - ikitərəfli baltanı (təbərzin) ona göstərərək, bu kitabı oxumasını rica etdim. Muzeydə nə bir kataloq, nə bir buklet var idi. Mədəniyyət evinə gəlib, şikayətlərimi və iradlarımı Nargiləyə bildirdim, bunları üzə vurmamağımı xahiş edib, mənimlə bərabər şəhərin qədim xarabalıqları olan Çuxur-Qəbələ kəndi yaxınlığındakı yerə gəldik. Qədim şəhərin uçub dağılmış bir parça qala divarı Albaniya dövlətinin əzəmətini apaçıq göstərirdi. Xarabalığın kənarında olan açılmamış kurqanlara gözlərim sataşdı. Sakitcə yaxınlaşdım. Qulaqlarımda tarixin qəfəsi yırtıb çıxmaq istəyən şir kimi nəriltisi guruldayırdı. Niyə qazmırlar, açmırlar bu kurqanları? Niyə indiyə qədər Alban çarlarının kurqanları, məzarları bu torpaqlarda üzə çıxarılmayıb? Kurqanın üstündə oturub anlamadığım min bir sualın cavabı öz-özünə gün işığı kimi aydınlığa çıxırdı. Elə həmin an Bakıdan gənc arxeoloq Lətif Osmanov telefon açıb, arxeoloq İdris bəyin Qəbələdə hazırda arxeloji qazıntılar apararkən qadın savaş dəbilqəsi tapdığını söylədi. Nargilənin üzünə baxıb: "Görürsən? Hələ bu dağların altında nə sirlər, nə mağaralar, nə kurqanlar yatır və öz kəşfini səbrsizliklə gözləyir..." - dedim. İlk qadın dəbilqəsini isə Lətif bəyin atası Fazil bəy tam 44 il bundan qabaq Nüydü kəndində tapmışı. Dəbilqənin qadın məzarından çıxarıldığını çox tarixçilər üzə vurmamış, kişi dəbilqəsi olduğunu ehtimal etmişdilər. Elə həmin an beynimdə aylardan bəri gəzdirdiyim fikri - Qafqaz Amazonları Muzeyi yaratmaq ideyasını mütləq gerçəkləşdirməyə qərar verdim. Amma təkbaşına bu mümkünmü? Fikrimi Nargiləyə danışdım: "Xaricilər üçün Turizm maqniti - "Turizm highlight", bax, bu olar, əzizim, - dedim. - Ermənistanda, Gürcüstanda, Türkiyədə, Rusiyada, Dağıstanda hansı eksponatın harada olduğunu əzbər bilirəm. Avropa Parlamentinin, Bundestaqın, Avropa Şurasının, beynəlxalq siyasi fondların, təşkilatların dəstəyi ilə bütün bunları toplayıb Azərbaycana gətirmək, Kalankaytuklunun, Herodotun, Strabonun yazdığı Amazonlar ölkəsini dünyaya yenidən kəşf etdirmək!!! Bu gərəkli və tarixi missiya müasir dünyanın Qafqaza olan marağını birəmin artırar, həm də bölgədə sülh, əmin-amanlıq yaratmaq üçün bundan gözəl bir fürsət ələ düşməz. Mədəniyyət siyasətin açarıdır, əzizim, inan!"

   Qəbələyə axşam düşürdü. Nargilə ilə Çaqqallı kəndinin altında uyuyan qədim alban şəhərinin üzərində sakitcə, bir ruh kimi dolaşırdıq. Buradan tapıllan gil qadın heykəlcikləri bir çox tarixçiləri, arxeoloqları dərindən düşündürsə də, ulu əcdadlarımız olan cəngavər amazonlar minbir sirlərini indiyəcən bu dağlarda möhkəmcə qoruyub saxlaya bilmişdilər.

   Savalan keçidinin şərqində, dağın zirvəsində yerləşən "Qaçaq evləri"... Divarlarda öküz və Qobustan qayalarından məlum olan bir çox yay-ox rəsmi. "Bunlar "Qaçaq evləri" ola bilməz, Nargilə, inan, hələ doğru-dürüst araşdırılmayıb. Qala və yeraltı mağaralar da, bir çox tarixi abidələr də heç ətraflı öyrənilməyib. Antik tarixçilərin mənbələrinin izləri məni Qəbələdə bir çox yeni kəşflərə çıxarmaqda idi. Hamısının yerini müəyyən edib, əsl kəşfiyyatı gələn dəfəyə saxladım.

   Ayrılanda Nargilə qapını açıb, məni bir daha qucaqladı: "Sevil Azərbaycan qadınının cismi üzərindən çadranı götürdü, sən isə Azərbaycan qadınının ruhu üzərindən götürdün qara çadranı. Zaman gələcək, Oğuz, Qəbələ əhalisi və bütün Azərbaycan səninlə fəxr edəcək" - dedi. Əlimlə sakitcə Zalam kəndi istiqamətində dağların başındakı "Qızlar qalası"nı göstərib: "Zaman gələcək, bütün Avropa, dünya bizimlə fəxr edəcək, əgər biz hamılıqla bir yerdə cəngavər amazonların bu dağlarımızdan, torpağımızdan çıxdıqlarını dünyaya sübut edə bilsək!.."

   Beləcə, gözəl Qəbələni tərk edərək Bakıya yollandım. İndiyə qədər görmədiyim, yaşamadığım bir sevgi, bir dəstək seli məni qəfil bürüyərək əməlli-başlı çaşdırmışdı. Həm rəsmi səviyyədə, həm elm, sənət, film sahələrindən müxtəlif insanlar öz dəstəklərini vəd edir, muzey açmaqda, film çəkməkdə ortaqlıq təkliflərini dolu kimi üstümə yağdırırdılar. Bir çoxu səmimi olsa da, bəziləri gur qaynayacaq bu qazanda əslində öz şorbalarını bişirmək istəyirdilər. Əlqərəz, hərə məni bir tərəfə dartırdı. Heç bir cəbhəyə qoşulmaq istəmədiyimi, heç kəsi özümdən rəncidə etmək istəmədiyimi, hamı ilə eyni bərabərdə işləmək arzusunda olduğumu açıqca bəyan etdim. Düz 15 ildir ki, gözlədiyim bu sevgiyə, bu dəstəyə nə qədər ehtiyacım olsa belə, hələlik Tənha savaşçı olaraq qalmağın ən məsləhətli iş olduğuna qərar verərək, amazonların Odlar Yurdundan alemanların Buzlar Ölkəsinə geri döndüm.

       Qəbələ- Bakı- Berlin.   avqust, 2009