Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Müasir dünyanın bestselleri: Paulo Koelyonun "Kimyagər" qüvvəsi

Müəllif:

Bələdçi


Kateqoriya:

Kulturoloji



Qısa Təsvir:

Paulo Koelyo bir çox alleqorik roman və povestlərin müəllifidir ki, bu əsərlər milyonlarla insan tərəfindən dönə-dönə oxunub və qəbul edilib. Dünyanın 150 ölkəsində əsərləri tərcümə edilən və bəyənilən Paulo yaradıcılığı Fəxri Legion ordeni kavaleri, 2003-cü ildə isə planetin ən məşhur 3 yazıçısından biri statusunu qazanır. Onun yaradıcılığının şedevrlərini "On bir dəqiqə" və "Kimyagər" əsərləri təşkil edir.


Baxış sayı: 3608
    
    


  Sizcə, hər şey bir şeydirmi, yoxsa bir şey hər şeydir?
   Paulo Koelyo yaradıcılığı ilə tanışlığım onun "Kimyagər" əsəri ilə başladığı gündən məndə onun yaradıcılığına böyük bir məhəbbət yarandı. Əvvəlcə Koelyonun özü ilə yaxından tanış olaq. Paulo Koelyo 1947-ci ildə Rio-de-Janeyro şəhərində mühəndis ailəsində anadan olub. Ədəbi yaradıcılığa Paulo gənc yaşlarından başlayıb. Onun yazıçı olmaq istəyini ailəsi qəbul etmədiyinə görə, Paulo Rio-de-Janeyro Universitetinin hüquq fakültəsinə daxil olur, ancaq təhsilini yarımçıq buraxıb, jurnalistliklə məşğul olur. Onun bu məşğuliyyətini qəbul etməyən ailə Paulonu bir neçə dəfə ruhi xəstəxanada yatırsalar da, sonda bu işdən əl çəkməyəcəyini görüb onu azad buraxırlar. 1970-ci ildə Koelyo səyahətə çıxaraq, Meksikanı, Perunu, Avropanı, Bolivyanı, Çilini və Şimali Amerikanı gəzir. Onun bu səfərlər və səyahət zamanı gördükləri şühbəsiz ki, əsərlərinə də sirayət edib.
   Paulo Koelyo bir çox alleqorik roman və povestlərin müəllifidir ki, bu əsərlər milyonlarla insan tərəfindən dönə-dönə oxunub və qəbul edilib. Dünyanın 150 ölkəsində əsərləri tərcümə edilən və bəyənilən Paulo yaradıcılığı Fəxri Legion ordeni kavaleri, 2003-cü ildə isə planetin ən məşhur 3 yazıçısından biri statusunu qazanır. Onun yaradıcılığının şedevrlərini "On bir dəqiqə" və "Kimyagər" əsərləri təşkil edir. Qələmə aldığı "Maqanın gündəliyi" əsəri də bu seriyadandır.
   Kimdir kimyagər? Bizim hər birimizin təsəvvüründəki Molla İbrahimxəlil kimyagərin qohumudurmu, yoxsa? Yoxsa başqa bir ölkəni təmsil etdiyinə görə bu kimyagər daha ədalətli və ya daha hiyləgərdir? Axı kimdir bütün dünyanı lərzəyə gətirən bu məxluq? Əslində sadə bir insan. Hansı ki, həqiqəti söyləməsinə baxmayaraq, gözüaçıq avropalı onu məsxərə yerinə qoyur. Bizim avam camaat isə İbrahimxəlil kimyagərin yalanlarını o saat həzm edib, ona səcdə də etdiklərindən sonda da kimyagərin fırıldağı nəticəsində lüt qaldılar. Ancaq avropalıları belə şeylərə inandırmaq üçün gərək əlində qeyri-adi sehrli qüvvə olmalıdır.
   Əsərin qəhrəmanı sadə çoban, qoyunlarından təbiətin sirlərini öyrənmiş Santyaqodur. O, dünyanı dolaşmaq, insanları tanımaq istəyir. Ömrü boyu bu arzu ilə yaşayan və məqsədini həyata keçirmək üçün əlindən gələni edən bu gəncin macəra dolu yolçuluğu maraqlıdır, sehrli və təhlükəli olsa da! Atasına dünyanı dolaşmaq istəyini bildirən Santyaqo onun icazəsini alır. Əlavə qoyun almaq üçün hələ obasından pul da qopardır. Çobanların hər yanı gəzdiyinə bildiyinə görə bu işdən yapışır. Qoyunları qabağına qatır, gəzir, axtarır. Onun hər bir hərəkətində nəsə maraqlı məqamlar var o axtarır, tapır, yenə axtarır...
    Siz yuxuya inanırsınız? Həmin bu əsərdə hər şey sadə bir yuxudan başlayır. Yuxuda Misir ehramlarında böyük var-dövlətin olduğunu və həmin xəzinənin ona aid olduğunu iki gecə dalbadal görür. Özünə də maraqlı gələn bu yuxunun sirrini öyrənmək istəyən Santyaqo qaraçı qadının yanına yollanır, cavabı da bu olur: Xəzinəni tapanda mənim payımı unutma! Qarının yanından çıxan Sanyaqo qoyunlarını qırxdırmaq üçün şəhərə gəlir. Burda daha bir hadisəylə üzləşir. Qoca kral onun yuxusu barədə, özü də gözləmədiyi halda, ona məlumat verərək, ora getməsini məsləhət görür və bunun müqabilində ondan altı qoyun alır. Tam çaşbaş qalmışdı Santyaqo. Axı nə sirdir ki, yuxunun bir tək mənası var: o da Misirə getmək. Getsinmi, yoxsa yuxudur deyib, vaz keçsin? Heç özü də bilmir, ancaq macəra axtaran bir insan üçün bu maraqlı gəlməyə bilməzdi. Sizcə, o nə etdi? Getdimi, yoxsa...? Getdi! Başına bu yolda hər şey gələ bilərdi, bunları isə o heç nəzərə də almadı, yola düşdü.
   Bir ispan üçün maraqlı idi bütün olanlar. Qoyunları satıb, pulunu cibinə qoyan macəraçı Afrikaya yollanır. Çox keçmir ki, başına ilk macəra gəlir. Kafedə ona qoşulan bir afrikalıya pullarını etibar edir, lüt qalır. Çarəsizlikdən nə edəcəyini düşünür. Axı pullarını tamamilə itirmişdi. Gəzə-gəzə yoxuş yuxarı qalxanda sol tərəfdə gözünə büllur dükanı sataşdı, hansı ki, nadir hallarda bura alıcı ayağı dəyərdi. Bir tikə çörək müqabilində bütün büllurları silməyə hazır olduğunu dedi və büllurları əvvəlkindən də parlaq etdi. Mağazanın sahibinə ilk gəlişindən uğur gətirən Santyaqonu müdir işə dəvət etdi. Mağazada fəaliyyətə başladığı gündən işlər çox yaxşı gedir. Düz on bir ay bu mağazada çalışıb yüz iyirmi qoyunun pulunu və bundan əlavə nəsnələr üçün də pul toplayıb, yoluna davam edir. Ancaq onun taleyini yazan ƏL ondan asanlıqla əl çəkmir. Hər şey işarələrdə cəm olub, bu belədirmi? Nədənsə, onun qarşısına çıxan bütün hər bir işarə ona Misiri xatırladır. Yola düşmək üçün karvana qoşulur. Burda bir ingilislə qarşılaşır. Bu ingilis isə kimyagər axtarışına çıxıb, daha doğrusu, bu işin sirlərini öyrənmək üçün asan yol axtarır, uzun yol səyahətinə çıxsa da. Hər kəs nəyisə axtarır... biri digərini tamamlayan bu axtarışda hər kəs var-dövlətin asan bir yolla ələ keçməsini istəyir. Bu isə ən azından mümkün deyil. Ac toyuq yuxuda darı görən kimi, bu iki gənc də var-dövləti quru bir diyarda axtarmağa çıxıblar. Yolboyu müxtəlif söhbətlər edən və hər nəsnənin başında işarələrin olduğunu vurğulayan bu söhbətlə də tale, alın yazısına istinad edilir, bəlkə, həqiqətən də belədir, bilmirəm. Buna əmin olmaq üçün Santyaqo olmaq gərək!
   Yolda karvanları saxladılır və müharibə getdiyi söylənilir. Bir çeşmə başında qərar verib dayanır bu iki gənc: ingilis və ispan! Axtarırlar! İngilis buralarda bir kimyagərin olduğunu söyləyir və xəbər almaq üçün bir qadına müraciət edirlər. İstədikləri cavabı ala bilmirlər. Birdən Santyaqonun gözünə Fatimə adlı gözəl bir qız dəyir. Ondan xəbər alırlar, o, kimyagərin yerini göstərir, əvəzində də Santyaqonun ürəyini əlindən alır. Onsuz da başı az qovğa çəkməyən Santyaqo indi də eşq odunda alovlanır.
   İngilis kimyagəri tapır, ancaq istədiklərinin əvəzinə kimyagər ona özünün öyrənməsini məsləhət görərək, heç nə başa salmır. Misirə yollanmaq istəyən Santyaqonu isə yanına qəbul edərək, ona bu yolda kömək etmək istədiyni bildirir. Pul üçünmü? Əsla! Sadəcə olaraq o, bu gəncin daxili dünasının zənginliyini, onun alın yazısını oxuya bilir. Müharibə getməsinə baxmayaraq, onlar Misirə yol alırlar. Gedirlər, müəyyən bir sahəyə kimi. Orda bunların qarşısını kəsən əsgərlər hər iki yolçunu casus adlandırıb, böyüklərinin yanına aparırlar. Kimyagər cavan oğlanın on bir ayda qazandığı pulu başçıya verib, onlara pul gətirdiklərini bildirərək, özlərinin küləyin gücü ilə orduları yerlə-yeksan etmə qüvvətinə malik olduqlarını söyləyir. Bunu görmək istəyən başçıdan üç gün möhlət alır. Santyaqo mat-məəttəldir. Axı niyə belə etdin mən ki, bunu edə bilmərəm, o zaman məhv olacaqsan, -deyə kimyagər cavab verir, özüsə sağ qalacaqdı, küləyə çevrilə bildiyi üçün. Gəncin pullarının əlindən çıxması bəs deyil, indi də küləyə çevrilməsə, öləcəkdi. Nə etməli? Vaxt tamam olur, üçüncü gün hamı meydana yığılır, Santyaqo nə edəcəyinə əmin deyil. Bu anda o küləkdən, günəşdən, ümumən təbiətdən kömək diləyir. Daxilindəki böyük qüvvə ona bu işə də yardımçı olur! O, küləyin səmtini dəyişməyi, özündən asılı etməyə müvəffəq olur, külək aləmi bir-birinə qatır. Qələbə! Başçı onları buraxır, pullarını da qaytarır. Yola düzələn kimyagərlə Santyaqo bir kilsəyə gəlirlər, orda kimyagər qızıl düzəldərək, keşişin də, gəncin də payını verir, Santyaqoya indi yolu tək getməyi tövsiyə edərək ondan ayrılır, çünki ehramlar lap yaxınlıqdaydı. Santyaqo gəlir ehramlara sarı, qazır, qazır, qazır... Yoldan keçən quldurlar onu görüb, döyüb əlində olanları alırlar, Santyaqo heç nəyə məhəl qoymadan qazır... və istədiyi həmin qızıl dolu sandığı əldə edir. İnandırıcı olmasa da, bu belədir. İnam və ümid dolu səyahət öz nəticəsini vermişdi. O, indi yuxularının ona verdiyi bu bəxşişə sahib olmuşdu. Qalırdı geriyə qayıdıb, Fatiməyə qovuşmaq. Görəsən, qovuşacaqmı? İşarələr birləşmədən nişan verir, amma ayırmayacaqlarına da tam təminat vermir.
   Axtarın və inanın, siz də tapacaqsınız. Nəyi? Onu işarələr sizə deyəcək.
  
   Tamilla YAĞMUR,
   teatrşünas

E-mənbə / link: http://medeniyyet.az/site/?name=content&content=3339