Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Elçin Əlibəyli: “Televiziyada çalışan bütün xanımlar kişiləşir...” (MÜSAHİBƏ)

Müəllif:

Bələdçi


Kateqoriya:

Müsahibələr



Qısa Təsvir:

Bu gün televiziyanı ittiham edənlər və ondan yüksək meyarlara cavab verən layihə tələb edirlərsə, bundan əvvəl televiziya mütəxəssisləri yetişdirən akademiyanı tələb etməyi unudurlar. Televiziya XXI əsrin ən böyük mənəvi-psixoloji silahdır. Televiziya mədəniyyət hadisəsidir, insanların tərbiyəçisidir. Bu kimi ali mənəvi prinsipləri "Səs" İnformasiya Agentliyi (SİA) ilə bölüşən Azad Azərbaycan Teleradio yayım şirkətinin bədii rəhbəri və Baş prodüseri Elçin Əlibəyli Azərbaycanda televiziya mədəniyyətinin mövcud vəziyyətini tədqiq edərək, bu sahədə "Aparıcı nə aparır" layihəsininin ilk qonağı olub.


Baxış sayı: 2994
    
    


Azərbaycanda televiziya sənayesi dramaturgiya hesabına yaranır. Dünyada zəngin inkişaf yolu keçən televiziya mədəniyyəti, müstəqil ölkəmizdə də özünəməxsus formada dövrün mədəni ehkamları ilə ayaqlaşmağa çalışır. Bu prosesdə televiziya mütəxəsislərinin yaradıcılıq potensialı, onların mənəvi-əxlaqi dəyərləri, elmi dünyagörüşü sosial və mənəvi ehtiyacların təlabatına hesablanır. Bu, televiziya yaradıcılığında iş fəaliyyətinin ən çətin, həlledici hissəsidir.

 Bir neçə il bundan əvvəl Azərbaycanda televiziya sənayesi ciddi böhran içində yaşayırdı. Televiziya estrada ulduzlarının təqlidinə, sosial əhəmiyyət daşımayan, zövqsüz tele-layihələrin, cəmiyyətin maraq obyektində olmayan proqramlar göstərməyə və sifarişə məcbur idisə, hazırda vəziyyət dəyişib. Əgər işlə bağlı olanların hamısı həqiqətən televiziya mədəniyyətinin inkişafına xidmət etsəydilər, üzdə nə səviyyəsiz tele-layihə, nə hər hansı şou ulduzu, olardı.

Bu gün televiziyanı ittiham edənlər və ondan yüksək meyarlara cavab verən layihə tələb edirlərsə, bundan əvvəl televiziya mütəxəssisləri yetişdirən akademiyanı tələb etməyi unudurlar. Televiziya XXI əsrin ən böyük mənəvi-psixoloji silahdır. Televiziya mədəniyyət hadisəsidir, insanların tərbiyəçisidir. Bu kimi ali mənəvi prinsipləri "Səs" İnformasiya Agentliyi (SİA) ilə bölüşən Azad Azərbaycan Teleradio yayım şirkətinin bədii rəhbəri və Baş prodüseri Elçin Əlibəyli Azərbaycanda televiziya mədəniyyətinin mövcud vəziyyətini tədqiq edərək, bu sahədə "Aparıcı nə aparır" layihəsininin ilk qonağı olub.

 Sosial portret cizgiləri

 Əlibəyli Elçin Vidadi oğlu 5 dekabr 1978-ci ildə İrəvan şəhərində doğulub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub, 2002-ci ildə ADMİU-nun magistraturasını "fərqlənmə" diplomu ilə bitirib.

 2002-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun Aspiranturasında təhsil alıb.

 Kütləvi İnformasiya Vasitələrində iş təcrübəsi: 1995-1998-ci illərdə - "Virtuoz" və "Korifey" kompaniyalarında redaktor, 1998-2005-ci illərdə - "SOY TV"-də Baş redaktor, 2005-2007-ci illərdə - "CNF production"da Baş direktor vəzifəsində çalışıb.

 2007-ci ildən Azad Azərbaycan Teleradio yayım şirkətinin bədii rəhbəri və Baş prodüseridir. Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki sənətşünaslıq namizədidir. Azərbaycanda mövcud olan telekanalların yaradıcı axtarışları, TV-nin ictimai funksiyaları və onların mənzərəsini təhlil edən "Azərbaycan televiziyası"(2005) kitabının müəllifidir. Nəzəri və elmi məcmuələrdə nəşrləri ilə müasir Azərbaycan televiziya mədəniyyətinin tədqiqatçısıdr.

 Yaradıcılıq fəaliyyəti: "Çal-çağır" (1998-2004), "İşdən sonra" (1999, Space), "Qırmızı xətt" (1999, ABA), "Təhlükəli nikah"(2000), "Qırmızılar", "Təriqət toru 1" (2000), "Təriqət toru 2" (2000) "SPİD" (2000), "Qara daşların əfsanəsi" (2001), "Bakı binaları" (2001), "Əsirlər" (2000), "Gözəllik əməliyyatı" (2001), "Pulun o biri üzü" (2001), "Azərbaycana xoş gəlmişsiniz" (2001), "Azərbaycan mətbəxi" (2002), "Azal" (2002), "İxtiyarım olsaydı..."(2004), "Azərbaycan turizmi" (2006), "Sağlığında qiymət verin insanlara" (2006), "Azərbaycan təbiəti" (2007), "Azərbaycan mədəniyyəti" (2007), "Səma altında muzey"(2007), "Azərbaycanda istirahət" (2007) və digər layihələrin, televiziya verilişlərinin, filmlərinin müəllifi, prodüseri və redaktoru olub. "Tanıdım" və "El içində" verilişlərinin müəllifi və aparıcısıdır.

 -Elçin müəllim nə aparırsız?

 Mən aparıcı deyiləm. Mən özümü moderator hesab edirəm. Moderatorun isə funksiyası tamam başqadır. Aparıcı kimi efirə çıxdığım və müəllifi olduğum layihələrdə moderatorluq etmək qarşıya qoyulan mövzunun həllində problemi dərindən bilmək məsuliyyəti daşıyıram.

 Problemi mövzu kimi gündəmə gətirib, onu sosial sifarişin təlabatına çevirmək proqrama ictimai diqqəti artırır. Tok-şou formatında təqdim edilən verilişlərdə qarşıya qoyulan mövzunun sosial əhəmiyyətini nəzərə alıb onun istər estetik həllini, istərsə də dramaturgiyasını, moderator kimi xarakter keyfiyyətinə fikir verməklə yanaşı, əyləncə məqamlarını da unutmuram.

Bəzi hallarda moderator (aparıcı) seyrçini qaba intellektullı ilə bezdirir.

 Cəmiyyətin mənəvi tərbiyəsi yönündən götürəndə televiziyanın birbaşa təsiri ilə yanaşı dolayısı ilə, yəni altşüura təsir etmək imkanları genişdir. Xüsusən də bədii-sənət verilişləri hesabına. Lakin mədəni-mariflənmə işində Azərbaycan televiziyalarında mövcud olan problemlər bu sahənin kifayət qədər kamil olmamasını göstərir ki, bu da yolverilməzdir. Bundan xilas olmaq lazımdır.

 Savadlı, hazırıqlı cəmiyyət görmək arzusundayıqsa maarifçilik işi günümüzün böyük reallığı kimi hər zaman özünün böyük təsir qüvvəsi ilə şüurlarda dəyişikliklər etməsi üçün zəmin yaratmalıyıq. Cəmiyyətin dinamik və sıçrayışlı inkişaf dönəmində mədəni-maarif müəssisələrinə maraq öldüyü və əhalinin daha çox templi və interaktiv vasitələrə (TV, radio, internet) meylindən məharətlə istiafadə edərək dövlətçilik, vətənçilik prinsiplərini təbliğ edib, ona tükənməz sevgi, qürur duyğularını aşılamaqadır.

 - Sizin aparıcılıq etdiyiniz veriliş cəmiyyətin təlabatını ödəyə bilir?

 - Məqsəd o deyil. Heç bir veriliş cəmiyyətin təlabatını ödəyə bilməz. Heç bir veriliş problem həll etmir, nədə o problemi tam işıqlandıra biləcək resurslara malik deyil. Hər bir verilişin öz vəzifəsi var. Mən özüm hər gün hiss edirəm ki, 50 dəqiqəlik efir azdır. Bəzən bizim elə efirlərimiz olub ki, 70-80 dəqiqə çəkib. Çünki mövzü çözümü bitməlidir. Mən bir sıra mövzuları "El içində" müzakirə etmək arzusundayam. Lakin bir məsələ məni çox narahat edir.

 Azərbaycan tamaşaçısı hələ tok-şou formatlı verlişlərə hazır deyil. Bir neçə vaxt əvvəl bizim bir mövzumuz var idi, "28 aprel işğalı". Bizim bununla bağlı çox maraqlı müzakirəmiz oldu. Kommunistlər tərəfindən və onların əlehinə. Çox qaynar müzakirə getdi. Lakin, bu verilişə baxılmadı. Azərbaycan televiziya tamaşaçısı bu tipli verilişlərə qarşı diqqətsiz olduğunu müşahidə edildi. Axı veriliş reytinq verməyəndə gərək bağlana. Məhz elə reytinq üçün biz bəzi mövzuları müzakirəyə qoymuruq.

 - Azərbaycan teleməkanında Sizi qane etməyən məsələlər? Nəyi dəyişmək istərdiniz?

 - Televiziyanı ittiham edənlərlə bağlı bizim bir debatımız olub. Hətta Milli Məclisdə "Televiziya Haqqında Qanun"da dəyişikliklərlə bağlı müzakirə oldu, ekspert kimi, mən də dəvət edildim. Mən orada da, həmişə də öz sözümü demişəm. Televiziyanı ittiham edənlər və ondan yüksək meyarlara cavab verən layihə tələb edirlərsə, bundan əvvəl televiziya mütəxəssisləri yetişdirən akademiyanı tələb etməyi unudulur.

 Televiziya XXI əsrin ən böyük mənəvi-psixoloji silahıdır. Bu Kütləvi İnformasiya Vasitəsidir. Televiziya mədəniyyət hadisəsidir, insanların mənəvi-tərbiyəçisidir. Bu həm də televiziyanın pedaqoji funksiyası kimi tədris, mədəni fəaliyyət sahəsidir. Bunları heç kim dana bilməz. Bütün bunlar çox ciddi və hər bir ölkə üçün, sosial təhlükəsizlik üçün zəruri olan məsələlərdir. Mən çox sevindim ki, Azərbaycanda son illər Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası açıldı. Lakin, Televiziya Akademiyasının açılmamamasını mən anlaya bilmirəm. Sözsüz ki, bu təşəbbüslə kimsə çıxış etməlidir. Lakin, təəsssüf ki, bu fikirlə heç kim çıxış etmir.

 Mən hesab edirəm ki, burada televiziya ictimaiyyəti bərabər çıxış etməlidir. Mən özüm Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvüyəm. Bizim oranın üzvləri ilə ildə bir dəfə müzakirəmiz olur. Bu toplantılara müxtəlif ölkələrdən nümayəndələr gəlir. Hətta elə ölkə var ki, ərazisinə görə Azərbaycandan balacadır. Lakin onların bu sahədə bir neçə peşə müəssisləri və texniki peşə məktəbi var. Azərbaycanda isə bunların heç biri yoxdur. Biz də televiziyadan keyfiyyət gözləyirik.

 Ümumiyyətlə, bu düzgün yanaşma deyil. Birinci növbədə televiziya kadrı hazırlanan tədris müəsisəsi yaradılmalıdır. Mən çox böyük ümid edirəm ki, bu yaxınlarda bu məsələ dövlət səviyyəsində həll olunacaq. Bu isə zaman tələb edir. Açığı, mən Azərbaycan televiziya sənayesində yaxın 10 ildə heç bir dirçəliş və yüksək nəaliyyət gözləmirəm. Çünki mütəxəssislər yetişməlir, yeni dünyagörüş gəlməlidir. Hətta biz jurnalistləri xaricə göndərməliyik. Televiziya tamam başaqa bir sahədir. Bizim bu gün elədiyimiz təbii ki, səviyyəcə aşağı olacaq. Çünki axı hər bir sahədə keyfiyyətli mütəxəssis lazımdır.

Bu mütəxəssislər Azərbaycanda barmaqla sayıla biləcək qədər azdır.

  -Azərbaycan teleməkanında kadr çatışmamazlığı hiss olunur. Sizcə, bu problemin kökü ondan qaynaqlanır ki, Azərbaycanda Jurnalist Akademiyası yoxdur?

 - Qeyd etdiyim kimi, bizdə bu sahədə kadr yetişdirən müəssisə yoxdur. Heç bir universitet yetişdirmir. Bu ayrıca ixtisasdır. Xəbər spikeri, şoumen, moderator, DJ- hər biri ayrı ixtisaslardır. Gəlin görək Azərbaycanda harada DJ yetişdirmək olar? Harada moderator yetişdirmək olar? Yaxşı jurnalist moderatora çevrilə bilər, amma bunlar ayrıca ixtisaslardır.

 İxtisaslaşmış kadrdan söhbət gedirsə, bunun üzərində düşünməyə dəyər.

 - Bəs televiziyanın bundan sonrakı problemləri nədir?

 - Birinci problemi budur. Düşünürəm ki, bu problem həll olunarsa, qalan hər şey düzələcək. Azərbayacan iqtisadiyyatı çox güclüdür. Bu gün Azərbaycanda reklam biznesi, televiziyanın ikişafı üçün tam əsas verir. Ölkədə mövcud olan sosial-iqtisadi resurslar televiziyanın davamlı və qabaqcıl standartlar səviyyəsində inkişafına zəmin yaratmasından mexanizm kimi istifadə edilməlidir. Belə olan halda televiziya kadrının yox səviyyəsində olması, televiziyaların cəmiyyət arasında üzərinə düşən məsuliyyətini zəiflədir. Bu baxımdan ortaya sadə bir məntiq çıxır ki, problem televiziyanın kadr ehtiyyatındadır.

 -Zaman-zaman müəllifi olduğunuz verilişlər müzakirə obyektinə çevrilir. Bu Sizi məyus etmir?

 -Kütlə hər zaman öz qəhrəmanını meydanda görməlidir. Fərqi yoxdur, dar ağacında, yoxsa tribunada. Hamı mütləq onun haqqında danışmalıdır. Əgər o danışılmırsa demək maraqlı deyil. Mütləq müzakirə olunmalıdır. Mən buna çox normal baxıram. Demirəm tənqiddən xoşum gəlir. Mənim tənqidə münasibətim birmənalıdır. Amma çalışıram çox normal yanaşım. Elə olub ki, mən çox ciddi rəylər eşitmişəm. Azərbaycanın istər sadə, istərsə də ziyalı insanları çox fərqli fikirlər söyləyirlər. Təbii ki, olan qüsurlar və çatışmamazlıqlar dərhal aradan qaldırılmalıdır. Biz bu sahədə də iş görürük.

 Bir gerçəklikdə varki, Azərbaycanda həqiqəti görmək istəməyən insanlar da var. Mirzə Ələkbər Sabirin təbirincə desək - "Niyə bəs böyle bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü?!" Özünü əyri görənlər dərhal qıcıqlanırlar. Guya biz bu verilişdə insanları dalaşdırırıq. Xeyir, insanlar azad fikrini söyləyirlər.

Demokratik cəmiyyətdə yaşayırıqsa, polemika, fikir mübadiləsini təbii hesab edilməlidir. Çünki azad cəmiyyət bunu tələb edir. Biz azad cəmiyyət istəyirik. Bu gözəl nümunədir, öz haqqını tələb edən, qışqıra bilər. Burada nə var ki?

 Avropa məktəblərində heç bir müəllim tələb etmir ki, şagird düz otursun və danışmasın. Biz isə məktəbdən uşağa deyirik ki, səsin çıxmasın. Uşağın səsi çıxmayanda nəticədə o heç bir şüurun yiyəsi olmur. Mən anlaya bilmirəm axı niyə hamı televiziydan gözləyir ki, onlar hamısı şagird kimi növbə ilə danışsın. Mən apardığım verilişi tənqid edən daha çox onun tamaşaçı auditoriyasıdır. Ya onlara verlişdə toxunulan hər hansısa məsələ olub, ya onlar özlərini orada görmək istəyiblər, görməyiblər, ya da onları nəsə qıcıqlandırıb.

 - Elçin Əlibəyli tənqid etməyi sevir, yoxsa tənqid edilməyi?

 -Tənqid etməyi. Mənim ixtisasım tənqidçidir. Mən televiziya tənqidçisiyəm. Azərbaycanda ilk peşəkar televiziya tənqidçisi, televiziyaşunasam. 2005-ci ildə elmlər namizədi dərəcəsini almışam, hazırda doktorluq disertasiyamın müdafiəsi ərəfəsindəyəm. Namizədlik dissertasiya mövzum - Televiziya Funksiyalarının Təcəssüm Mənzərəsidir. Doktorluq dissertasiyam isə daha ciddi elmi problemə həsr olunub. Bu Televiziya Təhlilinin Metodologiyasıdır.

 Tənqidçi olduğum üçün də, istər mətbuatda, istərsə də universitetlər üçün hazırladığım dərsliklərdə müəyyən təhlillər, analizlər tənqidlər edirəm. Bu mənim ixtisasımdır və tənqidin olması təbiidir.

 - Aparıcılıq etmək istədiyiniz veriliş var?

 - İstərdim. Mənim bir sıra layihələrim var. Arzum var ki, o layihələri həyata keçirib və aparıcısı olum. Bunun üçün zaman lazımdır. Onuda qeyd edim ki, hər bir aparıcının yaş həddi var. Azərbaycanda cavan aparıcılara üstünlük təşkil edir. Lakin dünyada yaşlı aparıcılar. Çünki bu gün elə mövzular var ki, mənim yaşım onlar haqqda danışmağa imkan vermir. Amma mən hesab edirəm ki, 10-15 ildən sonra mən bu mövzularda danışa bilərəm. Bir neçə aparıcı moderatorlar var ki, onları həmişə izləyirəm və onlardan çox xoşum gəlir.

 Misal üçün ORT telekanalında Qorden və Poznerin layihələri çox xoşuma gəldi. Daha sonra Poznerin yeni bir layihəsi çıxdı - "YA Pozner" adlı, onuda çox bəyəndim. Onun 72 yaşından sonra o cür veriliş aparması gözəldir və bu onun haqqıdır. Onun yaşında buna artıq imkan verir. Bax bu tipdə verilişlərə aparıcılıq etmək istəyərdim.

 - Cəmiyyətdə olan bu günki aparıcı mövqeyinizdən razısız?

 - Mən özümü daha çox elmı adam hesab edirəm. Birinci mənim üçün elmdə olan mövqedir. İkinci mən, Azərbaycanda çox məşhur və baxılan bir kanalda mühüm vəzifəni yerinə yetirirəm. Hesab edirəm ki, bu mənə göstərilən çox böyük etimatdır və mən bütün varlığımla bu etimadı doğrultmağa çalışıram. Nə qədər yaxşı alınmasını isə zaman göstərər. Lakin, mən hesab edirəm ki, bu mövqelər kifayət qədər möhkəmdir və mən aparıcı kimi zəif olsamda heçnə itirmərəm, çünki mənim çalışdığım başqa sahələr var.

 Bir maraqlı faktda deyim, mən bunu öz işçilərimizədə deyirəm. Başqa aparıcıların fanatları qızlar olanda, mənim isə tamaşaçılarım 45-50 yaşından yuxarı nəsilin nümayəndələridir. Mən görürəm ki, onlar mənə daha çox maraq göstərir, ən çoxda ağsaqqalar fikir söyləyir. Bu normal bir hadisədir. Bu verilişin auditariyası seqmenti olmalıdır. Bu ünvanlı auditoriya olmalıdır. Ünvansız olanda tamaşaçı tərəfindən baxılmayacaq.

 Müasir dövrdə televiziyanın təkcə kommunikasiya vasitəsi deyil, həmçinin həyatın istiqamətverici qüvvəsi kimi dəyərləndirilməsi yetişən nəslin mənəvi, psixoloci tərbiyəsində özünün başlıca və danılmaz yer tutur.

 - Azərbaycanda bəyəndiyiniz aparıcı?

 - Murad Dadaşov. Mən onu çox yaxşı şoumen hesab edirəm. Azərbaycanda kifayət qədər yaxşı aparıcılar var. O cümlədən Zauru deyərdim. Bu insan bütün ömrünü televiziyaya həsr edib. O çox istedadlı insandır. O heç zaman öz yolundan dönmür. Hər zaman öz üzərində çalışır. Mən onun zəhmətsevərliyini tükənməz fantaziyasını çox yüksək dəyərləndirirəm.

 Bu gün bizim kanalda Azərbaycanın ən yaxşı aparıcıları toplaşıb. Bu "Çal-çağırın" aparıcısı Dilarə xanımdı. Bir neçə verilişin aparıcısı olan Azər Axşamdı. Bunlar bu gün Azərbaycanın ən yaxşı aparıcılarıdır. Bu fakt danılmazdır.

 - Aparıcıda əsas görünüşə, yoxsa savada üstünlük verirsiz?

 - Baxır hansı verilişdən söhbət gedir. Əgər bu vidjeydisə təbii görünüş ilk öncə lazımdır. Tok-şou aparıcısıdırsa, moderator, şoumendisə, burda artıq savad böyük rol oynayır.

 -Yaxşı, aparıcıda hansı xususiyyətlər olmalıdır?

 - Peşəkarlıq. Peşəkar insanlarda hər şey var. Savad da, dünyagörüşüdə, mütaliyə gücüdə var, təbii ki görünüşdə vacibdir. Görünüşdə gözəllik vacib deyil, əsas onun xarizması olmalıdır. O tamaşaçı ilə ünsiyyətə girməyi bacarmalıdır. Ən vacibi isə aparıcıya etimad olmalıdır. O komunikasiya vasitəsi ilə, vizual şəkildə manipulasiya etməyi bacarmalıdır.

 - Elçin Əlibəyli Azərbaycan teleməkanında kimdir?

 - Elçin Əlibəyli Azərbaycan televiziya məkanında yaxşı prodüseridir. Çünki ATV telekanalının Bədii rəhbəri olaraq birbaşa yeni layihələrin prodüserlik fəaliyyəti ilə məşğulam. Bu mənim əsas vəzifələrimdən biridir.

 - Bəzi kanallar yeni kadr işə götürən zaman yalnız onun iş təcrübəsinə nəzər salırlar. Bəs ATV-də yeni kadr işə götürülən zaman hansı prinsiplər nəzərə alınır?

 - Adını çəkmək istəmirəm. Hal-hazırda bizim kanalda elə aparıcı var ki, mən onu gedim dərs zamanı auditariyadan çıxarmışam və gətirib aparıcı etmişəm. O bu gün işinin öhdəsindən gəlir. Bir aparıcıda var ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil ala-ala gəlib aparıcılıq edib. Bu gündə o bizdə aparıcıdır. Bəyəm bunun bir mənası var? Əgər insanın dünyagörüşü varsa, görünüşü maraqlıdırsa, niyədə yox? Mən niyə axı o tələbəni işə gətirməyim?

Qeyd edim ki, həmin o tələbənin adi bir şeir mənə təsiri oldu. Gördüm ki, o şeiri çox gözəl dedi. Əgər o mənə təsir edə bildisə, demək o tamaşaçıyada təsir edə biləcək.

 Bu yaxınlarda mətbuatda yazmışdılar ki, Elçin Əlibəyli müsabiqə keçirəndə birinə əsəbi şəkilədə deyib ki, "çıx get!". Bəli, olub, insan gəlib, amma bilmir ki, Azərbaycanı ərazisi nə qədərdi. Bu insan bilmir ki, ümumiyyətlə Azərbaycan harada yerləşir. O bilmir ki, Nizami, Füzuli neçənci əsrdə yaşayır. Bilirsiz bu insanların cavabı nə olmalıdır?

 Bir dəfə deyirsən ki, çıx get, bura sənlik deyil. Getmir. Məndə əsəbiləşirəm ki, sən necə Azərbaycanda yaşayırsan ki, bilmirsən ki, Azərbaycan harada yerləşir. Bax bu insan necə televiziyaya gəlir? Hansı məsuliyyətlə? Axı bura mədəniyyət ocağıdır.

 - Mövzudan bir az uzaqlaşaq. Saatdan tez-tez istifadə edirsiz?

 - Xeyir. Mən ümüminiyyətlə saatdan istifadə etmirəm. Mən bilirəm ki, saatdan istifadə edən insanlar çox narahat və məsuliyyətli olur. Mən həddən artıq narahat və məsuliyyətli insanam. Amma buna baxmayaraq, mən saatla işləmirəm. Mən heç yuxudan qalxanda oyadıcıdan da istifadə etmirəm. Çünki istədiyim vaxt yatıb, oyana bilirəm. Yani bu daxili bir tərbiyədir.

 

Saatdan yalnız bir aksesuar kimi istifadə edirəm. Ehtiyacım olmur, çünki mən günün ritmi ilə saatı müəyyən edə bilirəm.

 

- Müsahibinizin insani keyfiyyətləri Sizin üçün önəmlidir, yoxsa onu jurnalist kimi qarşılayırsız?

 

- Sadəcə jurnalist kimi qarşılayıram. Çünki bu bizim peşəmizdir. Hərdən mən deyirəm, amma insanlar məni düzgün anlamır. Televiziya işçisinın əslində cinsiyyəti olmur. O nə qadın kimi qadın nə kişi kimi kişi olur. Çünki iş onun bütün "o" keyfiyyətlərini üzə çıxarır. Mənə elə gəlir ki, televiziyada çalışan bütün xanımlar kişiləşir. Onlar döyüş bölgələrində müsahibə alır.

Yani bu insanların artıq həyat tərzləri dəyişir.

 Bu çox fədakar və təşəkkürsüz bir sənətdir. Kütləvi İnformasiya Vasitəsində çalışan insanlar heç vaxt təşəkkür görmür. Qəzetdə nisbətən yaxşıdır. Çünki orada yazılanlar arxivdə qalır. Neçə ildən sonra bir tədqiqatçı çıxarır və deyir ki, flankəs flan problemə toxundu. Lakin, televiziyaların arxivi bir neçə ildən sonra kasetlərdən pozulur.

 Mən televiziya haqqında elmi iş yazanda, "Dalğa" verilişinin münunələrini tapa bilmədim. Baxmayaraq ki, "Dalğa" verilişi Azərbaycan telejurnalistikasında böyük bir çevriliş idi. Amma mən onu tapa bilmədim. Bu çox təşəkkürsüz bir peşədir. Rusiyada bu problemi hell ediblər. Yaxşı aparıcı və müəlliflərin verilişlərini disk şəklində buraxırlar. Yəqin ki, Azərbaycanda da bunun nə zamansa ənənəsi qoyula bilər.

 - Aparıcılara sözünüz...

 - Bizim bir məqsədimiz bir olub həmişə, özündən sonrakını yetişdir. Hər kəs özündən sonra bircə nəfəri yetişdirə bilsə, bu çox gözəl olar.

 - Vaxt ayırdığınız üçün Sizə təşəkkür edirik.

 - Mən də Sizə yaradıcılıq fəaliyyətinizdə uğurlar arzu edirəm. Sağ olun!