
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Tariximizin Əlimərdan bəy Topçubaşov səhifəsi
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və 23 ay yaşamasında müstəsna xidmətləri olanlardan biri də Əlimərdan bəy Topçubaşovdur (1865-1934). Bu il onun anadan omasından 144 il keçir. Topçubaşovun yaradıcılığını araşdıran Həsən Həsənov (Əzizoğlu) görkəmli siyasi xadimin (1865-1934) ictimai-siyasi fəaliyyətinin 1905-1906, qismən 1907-1908-ci illər dövrünü əks etdirən Azərbaycandilli materiallar əsasında onun obrazını yaratmağa çalışıb.
Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov...
Azərbaycan Xalq Cümhuriyyəti qurucularının keşməkeşli, hər anı təhlükələrlə, mübarizələrlə dolu ömürlərinin müəyyən məqamları hələ də təfərrüatı ilə öyrənilməyib, tarixi gedişat, müasir həyatımız üçün təhlil olunası qənaətlərə gəlinməyib. Hər halda bu, tarixən müstəqillik imkanını dəfələrlə əldən vermiş, şübhəsiz ki, çoxsaylı səhvlər etmiş, son nəticədə isə Güney Azərbaycanından bir neçə dəfə kiçik olan Quzeyində yenidən müstəqilliyini elan edərək hazırda Azərbaycan Respublikası kimi var olan bir ölkənin vətəndaşları dünyanın indiki özündən ayrılan, yenilməz türk ruhunun təsdiqi olan insansevərliyə-millətsevərliyə qarşı səlib yürüşü elan edilən bir məqamda soydaşlarımız bu gedişatı çox gözəl bilməlidirlər. Təəssüf ki, Məhəmməd Əmin Rəsulzadənin və onun mübarizə yoldaşlarının bütün ciddi-cəhdinə baxmayaraq o dövrdə Rusiya imperiyasının yeni bir ruhda davam etdiricisi olan Sovet imperiyası Şərqdə ilk demokratik cümhuriyyəti boğmaq üçün bütün mümkün vasitələrdən istifadə etdi. Müsavatçılar hökuməti tək qura bilmədilər. Nəticədə tədricən fikir ayrılıqları artmağa başladı. Xalqçı qüvvələr soydaşlarımıza bolşevik təhlükəsinin nədən ibarət olduğunu anlada bilmədilər. Azərbaycanda bolşevizm ab-havası gündən-günə artdı; belə bir zamanda ermənilər xüsusən Qarabağda çoxsaylı qanlı olaylar törətdilər. Yüzminlik 11-ci Qızıl ordu demək olar ki, ölkəmizi müqavimətsiz zəbt etdi...
Həsən Həsənov araşdırmasında qeyd edir ki, son illərdə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi həqiqətlərin üzə çıxarılmasına, sənədlərin işıq üzü görməsinə, cümhuriyyət yaradıcılarının həyat və yaradıcılıqlarının öyrənilməsinə, onların irsinin nəşr edilməsinə ciddi fikir verilir: \"Hazırda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri Əlimərdan bəy Topçubaşovun həyatı və ictimai-siyasi fəaliyyəti hərtərəfli şəkildə öyrənilməkdədir. Həmin aspektdən bu görkəmli dövlət xadiminin həyatının müxtəlif məqamları, ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı cəhətləri ilə bağlı bütün faktların toplanılması aktuallıq kəsb edir. Əlimərdan bəy Topçubaşovun fəaliyyətinin mühüm bir hissəsi öz dövrünün milli mətbuatında işıqlandırılıb, çağdaşlarının ona münasibəti qəzet səhifələrində əksini tapıb. Buna görə də çağdaş Azərbaycan tarixinin ən coşğun və maraqlı dövrlərindən birini - 1905-ci il hadisələrini və sonralar 1-ci Dumaya müstəqil Azərbaycan ideyasının çıxmasında müəyyən rol oynayacaq. 1906-cı il seçkiləri dövrünü əhatə edən mətbuat materiallarının izlənilməsi Topçubaşovun şəxsiyyəti və ictimai-siyasi fəaliyyətinin ilk dövrlərində gördüyü işlər barədə mühüm faktların üzə çıxarılmasına xidmət edir\".
Araşdırmaçı daha sonra qeyd edir ki, sovet dövrü tədqiqatlarında və nəşrlərində Azərbaycan Xalq Cümhuriyyəti və onun rəhbərləri haqqında tarixi həqiqətləri əks etdirən heç bir məlumat verilməyib, adları heç bir ensiklopediyada çəkilməyib: \"Buna görə də hazırda Əlmərdan bəy Topçubaşov kimi şəxsiyyətlər haqqında aparılan bütün axtarışların böyük əhəmiyyəti var. Mətbuat materiallarının öyrənilməsi göstərir ki, 1-ci Dumaya millət vəkili seçiləndən sonra \"Həyat\" qəzetinin 1906-cı il 4 iyun tarixli nömrəsində Əlimərdan bəy Topçubaşovun həmin vaxta qədərki tərcümeyi-halı dərc olunmuşdu ki, burada da onun haqqında həmin dövr üçün mövcud olan ən mötəbər məlumatlar təqdim edilmişdi\".
Əlimərdan bə Topçubaşov 1865-ci ildə Tiflis şəhərində anadan olub, ibtidai təhsilini 1-ci Tiflis gimnaziyasında alıb. 19 yaşında gimnaziyanı bitirdikdən sonra Peterburqa gedib, orada müəllimlərinin məsləhəti ilə universitetin tarix-filologiya fakültəsinə daxil olub: \"Maraqlıdır ki, özlərinin sevimli məzununun imperiyanın paytaxtında normal yaşaması və təhsil alması üçün Tiflis gimnaziyasının müəllimləri ona xüsusi müavinət də təyin etmişdilər. Ancaq Topçubaşov hüquq təhsili almaq qərarına gəldiyi üçün birinci kursdan sonra həmin fakültəni tərk edərək sənədlərini Peterburq universitetinin hüquq fakültəsinə verir. 1888-ci ildə bu fakültəni uğurla bitirən Əlimərdan bəy Topçubaşov yazdığı dissertasiyaya görə ədliyyə şöbəsi tərəfindən professor adına layiq görülür və onun həmin universitetə müəllim təyin olunması qərara alınır. Ancaq xristian olmadığı üçün Əlimərdan bəy məqsədinə nail ola bilmir. Bundan sonra o, Qafqaza gəlir, Tiflis Ədliyyə məhkəməsində işləməyə başlayır. Burada o, əsasən Tiflis müsəlmanlarının məhkəmə işləri ilə məşğul olur, eyni zamanda jurnalistlik fəaliyyətinə də girişir. 1895-ci ildə vəkil vəzifəsinə keçəndən bir il sonra Bakıya gəlir, burada da vəkillik məşğuliyyətini davam etdirir, həmin vəzifədəki fəaliyyəti ilə məşhurlaşır. 1897-c ildə \"Kaspi\" qəzetini nəşr etməyə başlayır. Vaxtının çoxunu Bakı şəhərinin ümumi işləri ilə məşğul olmağa sərf edir, şəhər dumasına seçilir\".
Əlimərdan bəy Topçubaşov 1905-ci ilin mayında Bakı şəhərinin idarəsilə birlikdə Peterburqa gedir və Bakıdan dövlət Dumasına nümayəndələr seçilməsinin vacibliyini əsaslandırır. Həmin ildən \"Həyat\" qəzetinin imtiyaz sahibi olur. 1905-ci il hadisələri zamanı Azərbaycan Türklərinin mənafeyinin müdafiəsinə qalxan Ə.Topçubaşov müsəlman nümayəndə heyətinin tərkibində Qafqaz canişini Vorontsov-Daşkovun iqamətgahında keçirilən danışıqlarda fəal iştirak edir, Rusiya müsəlmanlarının Nijni Novqorod şəhərində çağırılmış məclisində və başqa tədbirlərdə iştirak edərək mövqeyini bildirir: \"Bu tərcümeyi-hal yazısı Əlimərdan bəy Topçubaşovun fəaliyyətinin müvafiq dövründə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını, söz sahibi olduğunu və vaxtının böyük hissəsini camaatın işlərinə sərf etdiyini göstərir\".
Topçubaşovun fəaliyyəti mətbuat səhifələrində
Əlimərdan bəy Topçubaşovun yaradıcılığını araşdıran Həsən Həsənov (Əzizoğlu) görkəmli siyasi xadimin (1865-1934) ictimai-siyasi fəaliyyətinin 1905-1906, qismən 1907-1908-ci illər dövrünü əks etdirən Azərbaycan dilində materiallar əsasında onun obrazını yaratmağa çalışıb. O bildirir ki, Əlimərdan bəy Topçubaşovun ictimai-siyasi fəaliyyətini əks etdirən mətbuat yazılarını mahiyyətinə görə iki hissəyə ayırmaq olar: \"Bu materialların bir hissəsi onun gördüyü işləri birbaşa işıqlandıran xəbərlər və teleqramlardan ibarətdirsə, ikinci hissəsi onun ətrafında cərəyan edən və özünün də fəal iştirakçısı olduğu hadisələrin təsvirilə bağlıdır. Daha böyük çoxluq təşkil edən bu materiallar həm də ümumiyyətlə, göstərilən dövrdəki ictimai-siyasi ab-havanı öyrənmək baxımından maraq daşıyır. Ümumiyyətlə, bütün bu mətbu materialların öyrənilməsi Əlimərdan bəy Topçubaşovun ictimai-siyasi dünyagörüşünün təşəkkül tarixinin inkişaf xəttini izləməyə imkan verir. Məsələn, \"Həyat\" qəzetinin 10 iyul 1905-ci il tarixli 25-ci nömrəsində xəbər verilir ki, Rusiyadan gəlmiş mühacir \"mujiklər\" üçün 1899-cu ildə Qazax uyezdinin əhalisindən Qafqaz canişininin zorla aldığı üç min üç yüz desyatin torpaq sahəsinin azərbaycanlılara geri qaytarılması barədə qərar çıxarılıb. İndi torpaqları əlindən alınmış və Osmanlıya hicrət etmiş yerli camaatın öz dədə-baba torpaqlarına qayıtması üçün şərait yaranıb.
Bu teleqrama dair Əlimərdan bəy Topçubaşovun \"Kaspi\" qəzetində yayımlanan məqaləsində deyilirdi: \"Bu xəbər Qafqaz əhalisinə hökumətin tazə bir gözəl əlaqəsinin nişanəsidir. Heç şəkk yoxdur ki, böylə bir şadlıq verən xəbər əhalini məmnun edəcək. Bu adilanə qərar Qafqaz hökumətinin xeyirxahlığının əvvəlinci nişanəsi olub, canişini-Qafqaz qraf Vorontsov-Daşkov həzrətlərinin Qafqaz əhalisinə olan ədalətini göstərir\".
Göründüyü kimi, çarizmin yerli əhaliyə olan münasibətinin yaxşıya doğru dəyişməsi Topçubaşovu sevindirir və o, fürsətdən istifadə edərək yazır ki, əvvəlki canişinin vaxtında əhali hökumətdən heç bir xoş münasibət görməyib, torpaqlarının əllərindən alınmasına etiraz edənlərə hakimiyyət nümayəndələri: \"Öz Osmanlınıza hicrət ediniz\"-deyə cavab vermişlər. Həmin illərdə el-obasını tərk etmək məcburiyyətində qalan camaatın Osmanlı dövlətinə müvəqqəti pənah apardığını, Osmanlıda işləyib pul yığaraq yenidən öz doğma yurduna qayıdacağında, dədə-baba torpaqlarını yenidən pulla satın alacağını düşünürdü. Beləliklə, geriyə qayıdıb, keçmişdə baş vermiş bu hadisəni qəzet səhifəsinə çıxarmaqla mühərrir Topçubaşov onun məhəlli tarixi fakt kimi yaddaşlara həkk edilməsinə nail olmuşdu\".
Topçubaşovun 1906-cı ilin yanvarında \"Ticarət və sənaye\" qəzetinə verdiyi müsahibə də maraq doğurur: \"Belə ki, dövlət dumasının açılması ərəfəsində Birinci Ümumrusiya müsəlmanlarının böyük məclisinin nümayəndələri həmin məclisin təsis edilməsi təklifilə hökumətə müraciət etmiş, daxili işlər naziri buna rədd cavabı verərək demişdi ki, əgər belə bir məclis açılsa, onda Rusiyanın digər xalqları da \"xüsusən yəhudilərlə polyaklar dəxi böylə bir məclis açmaları üçün icazə istəyərlər\". Bundan sonra nümayəndələr baş nazir Vittenin adına bir xahişnamə tərtib etmişdilər. Bu münasibətlə həmin qəzetin müxbirinin suallarına cavab verən Əlimərdan bəy öz məqsədlərində israrlı olduqlarını göstərir, özünün hazırladığı və Nijni Novqoroddakı məclisdə qəbul edilmiş 81 maddədən ibarət proqrama əsasən müsəlmanların ayrıca bir partiya yaradacağına və \"hərgah Vitte dəxi bunların ərizələrini sayaraq qəbul görməzsə, o halda saray vəziri vasitəsilə əlahəzrət imperatora müraciət edəcəklərini\" bildirmişdi. Həmin müsahibəni verdiyi vaxt Topçubaşov artıq ictimai-siyasi xadim kimi kifayət qədər yetişmiş bir şəxsiyyət idi. Bunu qəti söyləmək üçün təkcə belə fakta diqqət yetirmək kifayət edir ki, həmin il yanvarın 18-də toplanmış məclisdə Ümumrusiya müsəlmanları ittifaqının nizamnamə proqramının müəllifi məhz Əlimərdan bəy olmuşdu. Hətta nizamnamənin müzakirəsi zamanı Krımdan gəlmiş İsmayıl bəy Qasprinski və Yusif Əfəndi Akçurin kimi məşhur şəxsiyyətlər də həmin proqramın 34-35-36-ci maddələrindən ehtiyatlanaraq: \"Bu maddələrin Rusiya dövlətində icrası mümkün deyil. Anqliya (İngiltərə-red.) dövlətində də bu qədər geniş muxtariyyət (avtonomiya) yoxdur - demişdilər. Əlimərdan bəy həmin maddələrin mahiyyətini şərh etdikdən və 11 saat çəkən müzakirələrdən sonra məclis \"Əlimərdan bəy Topçubaşov cənablarının himməti-mərifətilə tərtib qılınmış nizamnaməni\" cüzi dəyişiklilərlə qəbul etmişdi\".
Araşdırmaçının fikrincə, Əlimərdan bəyin adının çəkildiyi məqalələrdən məlum olur ki, o dövrün bir sıra ictimai-siyasi hadisələrində fəal iştirak etmiş, yığılmış problemlərin həlli üçün təşkil edilmiş mötəbər heyətlərdə öz sözünü deyib: \"Onun Qafqaz canişini qraf Vorontsov-Daşkovun hüzuruna dəvət edilmiş nümayəndə heyətinin tərkibinə düşməsi, 1906-cı il fevralın 10-da erməni-müsəlman iğtişaşını kəsməkdən ötrü Tiflisdə keçirilən tədbirə vəkil seçilməsi, həmin il fevralın 20-də Tiflisdəki canişin sarayında erməni-müsəlman ixtilafının aradan qaldırılması ilə bağlı məclisə nümayəndə seçilməsi, martın 7-də yenə həmin sarayda keçirilən müvəqqəti erməni-müsəlman şurasına üzv seçilməsi, çox vaxt qatıldığı iclaslara sədrlik etməsi, Tiflisdə politexnik ali məktəbin inşası üçün yığılmış heyətə dəvət olunması, nəhayət, mayda birinci dövlət dumasına seçkilərdə qalib gəlməsi və s. artıq xalq arasında ictimai-siyasi lider kimi tanındığını və etiraf olunduğunu göstərirdi\".
Araşdırmalar əsasında məlum olur ki, Əlimərdan bəyin ictimai-siyasi fəaliyyətinin istiqaməti çoxcəhətli idi: \" Siyasi məclislərdə və mübahisələrdə, xüsusən 1905-ci il erməni-müsəlman iğtişaşının nəticələrinin müzakirə olunduğu iclaslarda onun məntiqli çıxışları, irəli sürdüyü tutarlı müddəalar çox vaxt qarşı tərəfi öz iddialarından əl çəkməyə, geri durmağa məcbur edir, ya da rəqibin mülahizələrindəki dolaşıq və hiyləgər mövqenin ifşa olunmasına gətirib çıxarırdı. Erməni nümayəndələri qanlı hadisələrin səbəbini, təbii ki, azərbaycanlılarda axtarır və cidd-cəhdlə müsəlmanların (Azərbaycan türklərinin-red.) mühakiməsiz cəzalandırılmasını, ermənilərə dəyən zərərin onlar tərəfindən ödənilməsini tələb edir, bu zaman özlərinə xas bir məkrlə azərbaycanlılar arasında sinfi və dini ədavət salmağa, bəylərlə rəiyyətin, sünnilərlə şiələrin arasını vurmağa cəhd göstərirdilər. Belə mübahisələr zamanı Topçubaşov məsləkdaşlarıyla birlikdə onların məqsədini qətiyyətlə ifşa edirdi. Bir hüquqşünas kimi Topçubaşovun Qafqaz müsəlmanlarının hüquqi ixtiyarsızlığı məsələsi haqqında çıxışları da diqqəti çəkir: \"1905-ci il iyunun 10-da onun başçılıq etdiyi müsəlman nümayəndələri tərəfindən hazırlanmış və Qafqaz canişininə təqdim olunmuş ərzi-halda göstərilirdi ki, sabiq canişinin dövründə müsəlmanlar \"rus təbəəsindən sayılmayıb, sözün hərfi mənasında ögey övlad hesab olunurdular. Halbuki imperatorluğun bütün əhalisi kimi müsəlmanlar da eyni haqq və hüquqlara nail olmalıdırlar\".
Topçubaşovun ardıcıl çalışdığı sahələrdən biri də müsəlmanların, soydaşlarımızın təhsil problemlərilə bağlı idi. Hər halda Topçubaşovun ömrünün müəyyən bir kəsiminin ötən yüzilin əvvəllərində Azərbaycan mətbuatında əksini tapmış çoxcəhətli fəaliyyəti onun daim xalqı üçün yaşadığını sübut edən tutarlı amildir.
E-mənbə / link: http://xalqcebhesi.az/news.php?id=7338