
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
![]() |
|
|---|
Spinoza ateistdimi? Heç bir halda. Hətta ona \\"Allahla tiryəklənmiş\\" deyirdilər.
Məxsus olduğu yəhudi icması onu qovmuşdu, əbədi əzaba məhkum etmişdi. Kalvinistlər onu kilsədən kənarlaşdırıb (anafema) ömrü boyu təqib edirdi. Ancaq bu, onun ateistliyi anlamına gəlmir.
İnkvizisiya Cordano Brunonu, Yan Qusu yandırıb. Məgər onlar ateistdilər? Yox...
Spinoza panteistdi. Onun nəzərində Yaradanla təbiət eynidir, deməli, Yaradan hər yerdədir.
O, Bibliyanı təftiş etmişdi, Talmuda gülmüşdü. Çünki, bu kitabların ilahiliyinə inanmırdı. Onu mələklərin mövcudluğunu, ruhun əbədiliyini inkar etməkdə suçlayırdılar. Ancaq bütün bunlara baxmayaraq, Spinozanı sırf rasionalist saymaq olmur. Onun təlimində rasionalizm ilə iudaizmin antirasionalizmi çulğaşır. Jil Delez onu liberal və antiklerikal xristian sayanda da yanılmır. Bu keşməkeşli həyat sürmüş, asket, qiyamçı, öz çəlimsiz və xəstə bədənini dövrünün sarsıntı və fırtınalarından keçirmiş şəxsiyyətə birmənalı xarakteristika vermək mümkün deyil.
Vaxtilə Nitsşe özünün \\"Əxlaqın genealogiyası\\"nda filosofların əsas silahından yazmışdı - asketizm, barışqanlıq, yoxsulluq... Bu, o spesifik cəhətlərdir ki, dərindən baxışda qeyri-asketik olduğu anlaşılan spesifik məqsədlərə çatmağın üsullarıdır. Doğrudan da, obıvatel opponent asket mütəfəkkiri nədə qınaya bilər? Şöhrətpərəstlikdə? Hakimiyyət yanğısında? İkiüzlülükdə? Əlbəttə - yox. Və bu, opponenti daha da qeyzləndirir. Konformist üçün asket - satın alınması, sındırılması mümkün olmayan subyektdir. Spinozanın şüurlu şəkildə seçdiyi şəxsi həyatının məşəqqətləri də buradan qaynaqlanır.
Filosof heç bir icmada, cəmiyyətdə özünü doğma saya bilməz. O, hansısa cəmiyyətə olsa-olsa bir kölgə, bir potensial yad kimi daxil ola bilər. Ona görə də xristian Benediktə dönən, yezuit tərəfindən xaç suyuna salınan yəhudi Baruxun (Spinozanın adı) öz icmasına qarşı məhz xristian cəmiyyətinə yol tapmaq üçün çıxdığını zənn edənlər yanılırlar. Bu, nonsensdir.
Düzdür, Spinoza sonralar xaincəsinə öldürülən de Vitt qardaşlarının respublikaçılar partiyasına məxsusdu, 1677-ci ildə edam ediləcək van den Endenin tələbsiydi (hətta onun qızını sevdiyini yazırlar), ancaq son anlamda o, iudaist olmadığı kimi, xristian da deyildi.
İlk olaraq onun həyat yoluna baxaq. 1632-ci ildə Amsterdamda zəngin yəhudinin ailəsində doğulub. O vaxt Hollandiyada İspaniya və Portuqaliyadan qaçmış və qovulmuş yəhudilərin böyük icması vardı. Əlində hakimiyyət rıçaqları olmayan bu icma xeyli kapitala, Vest-İnd kompaniyasında paya malikdi. Onları moranlar da adlandırırlar - zahirdə katolikliyi qəbul edib, içlərində Talmudu öyrənir və iudaist kimi yaşayırdılar. Və inkvizisiyanın dəhşətlərini öz talelərində yaşamış bu insanların öz inkvizisiyası vardı - \\"yolunu azmış yəhudilər\\"ə qarşı.
Spinoza zəngin təhsil alıb. Elmləri, latını və Talmudu öyrənib. Şüşə cilalamağı öyrənməyi isə onu sonralar ac qalmaqdan xilas edib. 22 yaşı olanda atasını itirib və ailə biznesini bacısının əri ilə birlikdə davam etdirib. Ancaq sonra öz payından imtina edib. 24 yaşında isə icmadan qovulub. Müqəddəs kitabların ilahi mənşəyini rədd etdiyi, günahın şərdən yox, cəhalətdən yarandığını söylədiyi, insan dərrakəsinin sirrləri anlamağın yeganə yolu olduğunu, ruhun əbədiliyinə inanmadığı... üçün. Bunların bircəciyi bəsdi ki, əgər İspaniyada yaşasaydı, Suprema (ispan inkvizisiyası) onu bidətçi kimi yandırsın. Ancaq o vaxtın Hollandiyası liberal bir məkandı və məhz bu şərtin hesabına bəşər Spinoza kimi dahini tanıya bildi.
1663-cü ildə 31 yaşlı Spinoza kiçicik Vorburq şəhərinə, sonra isə Haaqaya köçür. Sonuncu yerdəyişmə ilk növbədə siyasi motivlərlə bağlıydı. Bu, onun liberal düşüncəli həmfikirlərinə yaxın olmaq niyyətindən irəli gəlirdi. O vaxtlar Hollandiya iki partiyanın - kalvinistlərlə respublikaçıların çəkişmə səhnəsiydi. Birincilər aqressiv, müharibə təbliğ edən, monarxist, mərkəzləşmiş dövlət tərəfdarlarıydı. Respublikaçılar isə pasifist kommunizmə yaxındı, liberal iqtisadiyyat, sülh və əyalət quruluşu təbliğ edirdi. Kalvinistlərin aqressivliyinə qarşı de Vitt qardaşlarının dəqiq ölçülmüş mötədilliyi dayanırdı. Və Hollandiya respublika kimi ona görə qalmamışdı ki, liberalların mövqeyi zəifdi, ona görə ki, uyğun hökmdar yoxdu. Yəni, bu sırf təsadüfdü və xalq respublikanı qəbul etmək istəmirdi. İnqilabların gətirdiyi fəlakətdən danışanda da Spinoza məhz bu amili nəzərdə tuturdu.
Və həmin reallıq onun 1665-ci ildə yazdığı \\"İlahi-siyasi traktat\\" əsərinin qırmızı xəttini təşkil edir. Kitab anonim çap olunur - üz qabığında Spinozanın adı yoxdu. Ancaq çox tezliklə onun müəllifliyi ümumməlum olur. Və filosof hər tərəfdən hücuma məruz qalır. Ona hətta kartezianlar (Dekartın ardıcılları) da hücum çəkirlər - bu, bir özünüqorunma instikti idi, adlarının Spinoza il bərabər çəkilməsinin qorxusunu yaşayırdılar. Və o vaxtlarda \\"spinozaçı\\" termini təhlükəli ittihamın analoqu idi.
Nə yazırdı o kitabda Spinoza? Təhlükəli suallar qoyurdu. Niyə insanlar köləlik uğrunda elə mübarizə aparırlar ki, sanki azadlıq uğrunda döyüşürlər? Niyə onlar öz məzlum vəziyyətləri ilə fəxr edirlər? Niyə sevgiyə və xoşbəxtliyə çağıran din əslində müharibələri, ölümü, qanı, nifrəti, dözümsüzlüyü təbliğ edir? Üstündən 350 il keçib və suallar yenə arxi-aktualdır.
Məhz de Vitt qardaşlarının proteksiyası Spinozanı ölümdən xilas edir. Ancaq onların 1672-ci ildə xaincəsinə öldürülməsindən və Hollandiyada hakimiyyətə Oran evinin nümayəndələrinin qayıtmasından sonra vəziyyət dəyişir. Spinoza şah əsərini - \\"Etika\\"nı çap etdirə bilməyəcəyini anlayır. Ancaq Vətənini tərk etməyi ağlına belə gətirmir. Ona Heydelberqdə (Almaniya) professor vəzifəsi təklif olunur - o isə imtina edir. Kütlə üçün professor olmaq istəmir.
O, xəstə və tənhadır. Ölüm onu 45-ci yaşında - 1677-ci ilin fevralında tapır. Ağciyər xəstəliyindən vəfat edir. Bu xəstəliyi isə şüşə ilə çox çalışdığından (peşə xəstəliyi), bir də tütün çəkməyi çox xoşladığından tapır.
Bu yoxsulluq içində keçmiş asket həyatın fiziki zəif sahibinin dünya fəlsəfəsinə bu qədər güclü təsirinin sirri nədədir? Bu haqda başqa vaxt...
E-mənbə / link: http://bizimyol.az/index.php?mod=news&act=view&nid=28020